Şimali Azərbaycanda milli partiyaların yaradılması. XX
əsrin əvvəllərində Azərbaycanda müxtəlif təşkilat və partiyalar
yaradılmışdı:
1.1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə ilk gizli təş-
kilat olan “Müsəlman gənclik təşkilatı” yaradıldı.
2.1904-cü ilin payızında Mir Həsən Mövsümov, Məmməd
Həsən Hacınski və Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə
“Hümmət” təşkilatı yaradıldı. Bu təşkilat RSDFP Bakı Kömitəsinin
nəzdində fəaliyyət göstərirdi. 1904-1905-ci iilərdə “Hümmət” təşki-
latının “Hümmət” adlı qəzeti nəşrə başladı. Tədricən bolşeviklərin
təsiri altına keçən bu təşkilat əvvəlki qayəsini itirdi. M.Ə.Rəsulzadə
və onun ideya dostları tədricən bu təşkilatdan uzaqlaşdılar.
M.Ə.Rəsulzadə Rusiyanın müstəmləkə idarə üsuluna qarşı Azər-
baycan istiqlal hərəkatının təməlini qoydu.
3.1906-ci ildə Əhməd bəy Ağayev vahid milli təşkilat-“Difai”
(“Müdafiə”) Partiyasını yaratdı (77). Partiyanın yaradılmasında əsas
məqsəd azərbaycanlılara qarşı törədilən milli qırğınların qarşısını
225
almaq, maarifçiliyi genişləndirmək və s. idi. “Difai”nin Qarabağ
şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi (97, v. 81-110).
4.1907-ci ildə Gəncədə İsmayıl xan Ziyadxanlının rəhbərliyi
ilə yaradılan “Müdafifə” təşkilatının (122) qarşısında duran əsas
məqsəd əhali içərisində maarifi yaymaq, onların hüquq və məna-
felərini qorumaq idi (5, s. 157).
5.1907-ci ildə Bakıda Şərifzadə və Cuvarlinskinin rəhbərliyi
ilə yaradılan “İttifaq” təşkilatının qarşıya qoyduğu əsas məqsəd
müsəlman əhalini erməni-rus silahlı birləşmələrinin soyqırımından
qorumaq idi.
6.1911-ci ildə “Müsavat” (“Bərabərlik”) Partiyası yaradıldı.
Onun 1912-ci ildə çap edilmiş proqramında müsəlman xalqlarının
birliyinə, müstəqilliyinə və dövlətçiliyinin bərpasına nail olmaq əsas
vəzifə kimi irəli sürülürdü. Partiyanın əsas şüarı “türkləşmək,
islamlaşmaq və müasirləşmək” idi (12, s. 39). 1913-cü ildə fəaliy-
yətini dayandıran bu siyasi təşkilat 1917-ci ildə fəaliyyətini bərpa
etdi. “Müsavat” Partiyası Azərbaycan Cümhuriyyətinin yaranma-
sında mühüm rol oynadı.
Fəhlələrin ağır vəziyyəti 1910-1911-ci illərdə Bakida bir sıra
pərakəndə çıxışların baş verməsinə səbəb oldu. 1912-ci il aprelin 4-
də Sibirdə Lena mədənlərində fəhlələrin dinc nümayişinin güllə-
bəran edilməsi Azərbaycanda tətil hərəkatına təkan verdi. Mayın 7-
də Nuxada başlayan tətil ayın 12-də ümumi xarakter aldı. Bu tətil
mayın 15-də sahibkarlarla fəhlələr arasında müştərək müqavilənin
bağlanması ilə nəticələndi. Müqaviləyə görə, iş günü qısaldıldı,
əmək haqqı qismən artırıldı.
1913-1914-cü illərdə tətil və nümayişlərin sayı çoxaldı. 1911-
1912-ci illərdə Azərbaycan qəzalarında çıxışlar da genişləndi,
silahlı qaçaq dəstələri təşkil etmiş kəndlilər mülkədar, qolçomaq
malikanələrinə basqınlar edirdilər. Yelizavetpol qəzasında bu hərə-
kat daha güclü idi. Burada Qatır Məmmədin silahlı qaçaq dəstəsi
fəaliyyət göstərirdi. O, 1909-cu ildə Goranboy-Əhmədli kəndli-
lərinin çıxışına başçılıq edirdi. Bu çıxış tezliklə silah gücünə yatı-
rıldı. 1910-cu ildə Rusiyada, o cümlədən Azərbaycanda fəhlə hərə-
226
katı, kəndli çıxışları genişləndi. 1910-cu ildə Yelizavetpol quber-
niyasında kəndli çıxışlarından birinə başçılıq edən Kərbəlayi Əs-
gərin silahlı dəstəsi çar hakimiyyət orqanları və mülkədarlara qarşı
amansız idi. Digər qaçaq dəstəsinə Məşədi Yolçu başçılıq edirdi.
1912-ci ilin sentyabr-oktyabr aylarında, ölkədə inqilabi yük-
səliş dövründə IV Dövlət Dumasına seçkilər keçirildi. Gərgin
mübarizədən sonra azərbaycanlı əhali üçün ayrılmış yeganə yerə
kadet partiyasının üzvü, hüquqsünas Məmmədyusif Cəfərov deputat
seçildi.
1913-cü ilin iyulunda Bakıda tətil hərəkatı xeyli genişlənərək
iyulun 25-də ümumi tətilə çevrildi. 1914-cü il iyunun əvvəlində
artıq 40 min fəhlə tətilə qoşulmuşdu. Yeni inqilabi yüksəliş illərində
Azərbaycanda milli azadlıq hərəkatı da xeyli genişlənmişdi.
Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəs-
sisələrin meydana çıxması, doğma dildə qəzet və jurnalların nəşri və
s. xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclən-
məsinə, milli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu.
Azərbaycan burjuaziyası Rusiyanın hakim sinifləri ilə bərabər hü-
quqlar, müxtəlif məhdudiyyətlərin ləğv olunmasını, ana dilində
ibtidai təhsilin hər yerdə həyata keçirilməsini, Zemstvo sistemi
yaradılması və şəhər özünüidarəsində islahat keçirilməsi qanunu
verilməsini və s. tələb edirdi. İri torpaq sahibləri-bəylər də öz sinfi
hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan
burjuaziyasının milli azadlıq ideyaları “Yeni füyuzat”, “Şəlalə”
jurnallarında, “İqbal”, “Günəş”, “Yeni Həyat” və b. qəzetlərdə geniş
təbdiğ olunurdu. M.Ə.Rəsulzadənin, Q.R.Şərifzadənin, A.K.Kazım-
zadənin və b. 1911-ci ilin sonunda təsis etdiyi müsəlman demokrat
partiyası “Müsavat” yaranandan sonra burjuaziyanı öz ətrafında
cəmləşdirmiş bu partiyanın başçılığı altında milli azadlıq hərəkatını
istiqamətləndirməyə səy göstərirdi. Bu istiqamətdə “Molla
Nəsrəddin” jurnalı və onun naşirləri C.Məmmədquluzadə, M.S.Or-
dubadi, N.B.Vəzirov, Ə.Haqverdiyev, Ə.Rəhimzadə, F.Köçərli,
həmçinin M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b. mühüm
rol oynayırdılar, demokratik ziyalı nümayəndələrindən Q.Mina-
227
sazovu, Ə.Sultanovu, R.Məlikovu və b. qeyd etmək olar. Q.Mina-
sazov yazırdı ki, “Rus bürokratiyası həmişə müsəlman kütlələrinin
əsarətdə olmasını rus dövlətinin məqsədləri üçün sərfəli hesab et-
mişdir”.
3. Cənubi Azərbaycanda demokratik
və milli-azadlıq hərəkatı
1905-1911-ci illər Məşrutə inqilabı. XX əsrin başlanğıcında
kəndlərdə feodal istismarının şiddətlənməsi, o cümlədən vergilərin
çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə
çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin
baş alıb getməsi, maliyyə sisteminin böhranı və s. İranda, o cüm-
lədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siya-
sətindən narazı qüvvələrin sayını xeyli artırmışdı. Ticarət-sənaye
sahələrində fəaliyyət göstərən burjuaziya ölkədə qayda-qanun
yaradılmasını, xüsusi mülkiyyətin toxunulmazlığın təmin olun-ma-
sını tələb edirdi. Burjuaziya eyni zamanda yerli sənayenin inkişafına
mane olan xarici kapitala, xaricdən sənaye mallarının axınına qarşı
mübarizə aparırdı. Təbrizdə yaranan bir sıra gizli təşkilatlar əhalini
şah üsuli-idarəsinə qarşı mübarizəyə çağırırdı. 1905-1911-ci illər
Məşrutə inqilabı gedişində Cənubi Azərbaycanda sosial zid-
diyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quru-
luş yaradılmasını tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi
altında 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında
şah fərmanı elan olundu (24, s. 127).
1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri
tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş “İctimaiyyune-
amiyyun”, yəni sosial-demokrat partiyası yarandı (24, s. 132). Öz
mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran Təbriz
sosial-demokratik təşkilatının başında Əli Müsyö dururdu. 1906-cı
il sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında əsasnamə
imzalandı. Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə
saraydan müsbət cavab aldılar. Bu uğur xalqı daha da ruhlandırdı.
228
Hərəkat başçıları içərisindən 20 nəfər ilk rəsmi siyasi əncümənin
(şura) əsasını qoydu və həmin əncümən rəsmən “Azərbaycan
əyalət əncüməni” adlandırıldı. 1906-cı ilin noyabr-dekabr aylarında
əyalət əncüməninin rəhbərliyi ilə Azərbaycanın başqa şəhərlərində
vilayət əncümənləri yaradılmağa başladı. 1907-ci ilin fevral ayının
8-də Azərbaycan nümayəndələri Tehrana gəldilər və əyalət
əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı
möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq əldə
etməyə nail oldular. Bu qələbə şahı qorxuya saldı. Feodalların silah-
lı dəstələri ölkənin hər tərəfindən əhaliyə qarşı basqınlar etməyə
başladılar. Bunun qarşısını almağa çalışan demokratik qüvvələr
məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu “Kons-
titusiyaya əlavələr”in qəbul edilməsini tələb etdilər.
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə
silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi,
bu təcrübə Tehranda da tətbiq olunmağa başladı. 1907-ci ilin
oktyabrında Konstitusiyaya “Əlavələr” qəbul edildi. 1907-ci ilin
noyabrında demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə
Tehranda “Fetovvat” və “Səadət”, eyni zamanda Təbrizdə “İsla-
miyyə” adlı irticaçı əncümənlər təşkil edildi. Şah və onun tərəf-
daşları tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazır-
lanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata
keçirildi (24, s. 148). Əksinqilab bütün İranda hücuma keçdi. Lakin
Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, inqilabi mübarizənin
mərkəzi Tehrandan Təbrizə keçdi.
İrticaçılar Əmiraxiz məhəlləsi istisna olmaqla Təbrizin
şimali-şərq hissəsini tutdular. Əmiraxiz məhəlləsini Təbriz üsya-
nının görkəmli rəhbəri Səttar xanın dəstəsi, şəhərin cənub-şərqində
yerləşən Xiyaban məhəlləsini isə Bağır xanın başçılıq etdiyi
hissələr müdafiə edirdilər. Buna görə də 1908-ci ilin avqustunda
buraya 40 min nəfərdən artıq silahlı qüvvə göndərildi. Sentyabrın
25-dən Təbriz üzərinə 2 günə qədər davam edən hücum başlandı,
lakin irtica qüvvələri heç bir uğur qazana bilməyərək, oktyabrın 12-
də şəhəri tərk edib qaçmağa məcbur oldular. Xalq Səttar xanı
229
“Sərdare-milli”, Bağır xanı “Salare-milli” adlandırdı, sonra isə
Azərbaycan əyalət əncüməni bu adları rəsmiləşdirmək üçün qərar
qəbul etdi. 1909-cu ilin fevralına qədər Cənubi Azərbaycanın bütün
qərb vilayətləri Maku istisna olmaqla inqilabçıların əlinə keçdi.
1908-ci ilin dekabrında əksinqilab yenidən 40 min silahlı adam
toplamışdı (24, s. 161). 1909-cu il yanvarın axırlarında Təbriz şə-
həri yenidən mühasirəyə alındı. Fevral-mart aylarında Təbriz üzə-
rinə əksinqilabın hücumu başladı, lakin bu hücumlar da inqilab-
çıların qələbəsilə nəticələndi. Aprelin 14-də uzun müddət Marağa
şəhərinin qubernatoru olmuş Səməd xanın qoşunları Təbrizə hücum
etdilər və məğlub oldular. Bu halda ingilis və çar Rusiyası açıq
müdaxiləyə əl atdılar. Çar Rusiyası xarici konsulluqları və təbəələri
müdafiə etmək və guya Təbrizə ərzaq daşınmasını təmin etmək
bəhanəsilə 1909-cu il aprelin 29-da öz qoşunlarını Təbrizə yeritdi və
Təbriz üsyanı yatırıldı. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların
uğurla başa çatmasına, üsyançıların Tehrana yürüşünə, eyni zaman-
da Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-
cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu.
Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri
tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta
dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxma-
yaraq, Səttar xan və onun ətrafındakılarına Tehranda xaincəsinə
basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o
cümlədən Səttar xan yaralandı (24, s. 178). Səttar xan və Bağır xana
Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqını
hiddətləndirdi, çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndər-
məklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar
(24, s. 183). Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə
divan tutuldu. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə
başladı. İnqilab mərkəzləri və vilayət şüarları dağıdıldı.
Beləliklə, 1905-1911-ci illər İran İngilabı xarici müdaxiləçi-
lərin ordusu tərəfindən yatırıldı. Bu inqilabın Azərbaycan xalqının
ictimai-siyasi və milli şüurunun inkişafına böyük təsiri oldu.
230
XIV FƏSİL
I DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCANDA
İCTİMAİ-SİYASİ PROSESLƏR
Plan:
1. Azərbaycan I Dünya müharibəsi illərində.
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət.
Azərbaycanlıların soyqırımı.
3. Bakı Xalq Komissarları Soveti və onun antiazərbaycan siyasəti.
4. XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti. Maarif və elm.
5. Cənubi Azərbaycanda Ş.M.Xiyabani başçılığı ilə demokratik və
milli-azadlıq hərəkatı.
1. Azərbaycan I Dünya müharibəsi illərində
Dünyanı yenidən bölüşdürmək istəyən “Üçlər ittifaqı” və
“Antanta” hərbi-siyasi blokları arasında qarşıdurma I Dünya müha-
ribəsinə gətirib çıxartdı. 1914-cü il iyunun 19-da I Dünya mühari-
bəsi başlandı. Müharibəyə qoşulmuş ölkələrin Azərbaycana müna-
sibətdə də planları var idi. Alman imperializmi Qafqaza can atır,
Bakı neftini ələ keçirmək istəyirdi. Almaniya öz məqsədinə çatmaq
üçün Türkiyənin iştirakı ilə Qafqazı və Ön Asiyanı nüfuz dairəsinə
almaq, türk ordusunun köməyi ilə Hindistana və Əfqanıstana yol
açmaqla Rusiyanın və İngiltərənin mövqelərinə zərbə vurmaq niy-
yətində idi. Almaniyanın Qafqaza dair işğalçılıq planına görə,
Rusiyanın müharibədə məğlubiyyətindən sonra Qafqazda Rusiya ilə
Türkiyə arasında xristian bufer dövləti, habelə Türkiyə sərhədi
yaxınlığında bitərəf Qafqaz müsəlman dövləti yaradılmalı idi. Ru-
siyanın bu müharibədə əsas məqsədi boğazlara sahib olmaq və Tür-
kiyəni bölüşdürmək idi. Ona görə də Rusiyaya qarşı müharibədə
Türkiyənin Almaniya ilə yaxınlaşması təbii idi.
Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi (5, s.
179). Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanan
231
Qafqaz cəbhəsi yarandı. Ənvər paşanın və qərargahının hazırladığı
hərbi plana görə, Qafqaz cəbhəsində rus qoşunlarına əsas zərbə
Sarıqamış əməliyyatında endirilməli idi. Əməliyyata Ənvər paşanın
özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-də
başlandı və 1915-ci il yanvarın 18-nə kimi davam etdi (12, s. 53).
Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin Cənubi
Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin canlı
qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların hazırladığı
əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. Bu
döyüşdən sonra Təbrizi tutan çar qoşunları 1916-cı ildə onları sıxış-
dırdı.
Rusiyada yaşayan müsəlman türkləri orduya çağırılmırdılar.
Bundan başqa, çar hökuməti Azərbaycan turklərinin cəbhədə Os-
manlı ordusuna qarşı vuruşmayacağından, silahı müstəmləkəçilərin
özünə qarşı çevrilməyəcəklərindən ehtiyat edərək I Dünya mühari-
bəsi dövründə onları orduya çağırmamışdı. Rus ordusunda xidmətə
yalnız ali müsəlman silkinə məxsus olanlar qəbul edilirdi. Rus
ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit–Teymur Novruzov,
Fərrux ağa Qayıbov, Tərlan Əliyarbəyov, Səməd bəy Mehmanda-
rov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Vəkilov
qulluq edirdi. I Dünya müharibəsi dövründə azərbaycanlılardan
təşkil olunmuş əlahiddə “tatar süvari alayı” çar generalları tara-
findən “vəhşi diviziya” adlandırılırdı (5, s. 184). Sonralar bu alay
Azərbaycan milli ordusunun təşkilində böyük rol oynadı.
I Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını
yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə səna-
yesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft səna-
yesi mühüm rol oynayırdı. Müharibə illərində çıxarılan neftin hamı-
sını-80%-ni hökumət alırdı. Neft sənayesinin texniki geriliyə məruz
qalması çıxarılan neftin yalnız yarıdan bir qədər çoxunu emal
etməyə imkan verirdi. Ümumi təsərrüfat düşgünlüyü xalq təsər-
rüfatının digər sahələrinə: dağ-mədən, ipəkçilik və s. təsir etmişdi.
Gədəbəydə mis çıxarılması 1913 ildə 1,8 mln. puddan 1915 ildə 105
min puda, mis emalı 49,2 min puddan 2,5 min puda endi (5, s. 196).
232
Gədəbəydəki misəritmə zavodu hərbi sifarişlər yerinə yetirməyə
cəlb olunduğuna görə müharibə vaxtı orada çalışan qeyri-müsəlman
fəhlələrə möhlət verilmişdi və onlar orduya çağırılmırdı. Ölkədə
istehsal olunan strateji məhsullardan biri pambıq idi. Cəbhə üçün
1915-ci ildə işləyən pambıq-parça fabriklərini xammalla təchiz
etmək üçün dövlət komitəsi yaradılmışdı. Müharibə yeyinti, tikinti
və b. sənaye sahələrinə də təsir etmişdi.
Müharibə ərəfəsində Bakıda 1897-ci ildə fəhlələrin sayı 100
mindən, bütün Azərbaycanda isə 242 minə çatırdı. Kənd təsərrüfatı
fəhlələri də nəzərə alınsa, onların ümumi sayı yarım mln.-a çatırdı.
Çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya
çağırmasada, müharibə zamanı 1915-ci il iyunun 25-də “Özgə
xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin (50 mindən
çox) müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında
fərman verildi (12, s. 56). Bu tədbir Qafqazın müsəlman əhalisinin
güclü müqavimətinə rast gəldi. Ümumi narazılıqdan ehtiyat edən
Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv
edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə
məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq
verdi. “Könüllü” səfərbərlik “məcburi”dən heç də fərqlənmirdi.
“Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın əmək qabiliyyətli
kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə
arxasında, xüsusən cəbhə və cəbhəyə yaxın yerlərdə istehkam tik-
mək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi. İmpe-
rialist müharibəsi Azərbaycan kəndini təsərrüfat pozğunluğu və
iqtisadi fəlakət həddinə çatdırmışdı. Fəhlələrin iş, məişət şəraiti
daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu.
Bu tətillər 1916-cı ilin payızında geniş inqilabi vüsət alaraq 1917-ci
ilin yanvarında daha da genişləndi. “Proqressiv blok” bütün gücünü
mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayən-
dələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz
mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində
məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkrar
edirdilər.
233
2. 1917-1918-ci ilin əvvəlində Azərbaycanda
ictimai-siyasi vəziyyət.
Azərbaycanlıların soyqırımı
1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi
şərait yetişdi. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları
nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı
üsyana çağırırdılar. Petroqrad fəhlələrinin üsyanı fevralın 27-də
qələbə çaldı, çar hökuməti devrildi. Çarizmin yıxılması xəbəri Ba-
kıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli
mitinqlər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti
yaradıldı, çoxluğu menşeviklər və eserlər təşkil edirdilər. Martın 17-
də Müvəqqəti hökumətin orqanı olan İctimai Təşkilatların İcrayə
Komitəsi təşkil edildi. Tərkibi burjuaziyadan ibarət idi. Bu orqan
1917-ci ilin martında Müvəqqəti hökumətin yaratdığı Xüsusi
Cənubi Qafqaz Komitəsinə tabe edildi. Beləliklə, Bakıda 2 haki-
miyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər
tərəfdən isə Ictimai Təşkilatların Icraiyyə Komitəsi. Azərbaycanın
qəza və şəhərlərinin bir çoxunda ikihakimiyyətlilik meydana çıxsa
da, bəzilərində fəhlə və əsgər deputatları Sovetləri yaradıldı. 1917-
ci il martın 9-da RSDFP-nin 5 nəfərdən ibarət Xüsusi Cənubi
Qafqaz Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in
müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşki-
latlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin
müvəqqəti Komitəsi təşkil edildi (neft sənayeçisi Ş.Əsədullayev,
müsavatçıların rəhbərlərindən M.Ə.Rəsulzadə və b.). Cənubi Qaf-
qazdakı milli şuralar içərisində ən nüfuzlusu Bakı Müsəlman Milli
Şurası idi.
Fevral inqilabından sonra Azərbaycanda başlanan milli-
azadlıq hərəkatının əsas cəhətləri:
1)
milli hərəkatın daha kütləvi səciyyə alması,
2)
hərakata milli ziyalıların rəhbərlik etməsi;
234
3)
əhalinin bütün təbəqələrinin milli dövlətçilik ideyası
ətrafında birləşməsi (5, s. 311).
1917-ci il aprelin 15-20-də Bakıda keçirilən Qafqaz
müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının birləşdirilməsi
şüarı altında keçdi. Bu qurultayda yaranmış zəmin əsasında 1917-ci
ilin iyun ayının ikinci yarısında federalistlər (Türk Ədəmi
Mərkəziyyət Partiyası) Müsavatla birləşdi və Türk Federalist Müsa-
vat Partiyası adlandı. 1917-ci il mayın 1-də Ümumrusiya müsəl-
manlarının qurultayı Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi və
müsəlmanların sərəncamına verdiyi binada açıldı. Qurultayın gün-
dəliyinə milli-məhəlli muxtariyyət, maarif, mədəniyyət, müəssislər
məclisi, siyasi təşkilatlar və s. məsələlər daxil edilmişdi (44). 1917-
ci ilin martında Bakıda bolşeviklərin “Ədalət” təşkilatı yaradıldı. Bu
təşkilat Azərbaycanın cənubundan şimala kəsbkarlığa gəlmiş
fəhlələr arasında inqilabi iş görmək və İranın inqilabi-demokratik
qüvvələri ilə əlaqə yaratmaq məramına xidmət edirdi. 1917-ci ilin
avqustunda “Birlik” təşkilatı yaradıldı. 1917-ci il oktyabrın 26-da
Müsavat Partiyasının I qurultayı oldu. 1917-ci ildə Azərbaycanda
milli-azadlıq uğrunda mübarizə 3 istiqamətdə aparılırdı:
1) müvəqqəti hökumətin əsarət altında olan xalqlar barəsində
yeritdiyi müstəmləkəçilik siyasətinə qarşı;
2) Sovetlərə qarşı;
3)ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın
qarşısının alınması.
1917-ci il oktyabrın 25-də Petroqradda bolşevik çevrilişi nəti-
cəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da V.İ.Lenin
başda olmaqla sovet diktaturasının əsası qoyuldu (5, s. 312).
Bundan sonra Azərbaycanda başlayan istiqlaliyyət uğrunda mü-
barizə 1918-ci ilin may ayında milli dövlətçiliyin bərpası ilə nəti-
cələndi.
Dostları ilə paylaş: |