271
ULDUZLU ZİYA - ZİYALI ULDUZ
Əsrlərdən bəri «ulduz» sözü, «ulduz» anlayışı səma cismi anlamından əlavə bir çox
başqa mənalar da daşıyır. Neçə bucaqlı ulduzlar dövlət rəmzlərinə çevrilmiş, milli
bayraqları bəzəmişdir. İnsanlar bəxt ulduzuna inanırlar, «ulduzu parladı», «ya ulduzu
batdı» deyirlər. Bəşəriyyətin ulduz saatlarından söz açılır. Siyasət, elm, ədəbiyyat, sənət,
səhnə ulduzları var.
«Ulduz» sözünün bir çox anlayışları böyük alim, vətəndaş, döyüşkənlik və cəsarət
rəmzi olan akademik Ziya Bünyadova yaraşır. İlk öncə onu «ulduzlu Ziya» adlandırmağa
haqqımız var. Çünki ikinci Dünya müharibəsinin odunda-alovunda igidliyi, rəşadəti
sayəsində və halal qanıyla qazandığı ulduzu - Sovet İttifaqı Qəhrəmanı ulduzunu - Ziya
müəllim bütün dəyişən dövrlərdə eyni iftixar və qürur hissiylə sinəsində gəzdirirdi. Bu
ulduz hər hansı sistemin, quruluşun, ideologiyanın nişanəsi deyildi, şücaətin, qoçaqlığın,
hünərin rəmzi idi.
Müharibə illərinin ölüm-dirim sınağından qəhrəman adıyla çıxmış Ziya Bünyadov
bütün qalan ömrünü döşündəki bu ulduzun işığıyla, şöhrətiylə, adı-sanıyla yaşaya bilərdi.
Amma o, bu asan yolu seçmədi. Elmin, biliyin fədaisi oldu, ərəb dilinin mükəmməl
mütəxəssisi kimi orta əsrlərin həqiqi Azərbaycan tarixini möhkəm təməllər üzərində
ucaltdı. Və «ulduz» sözünün bu mənası da ona şamil edilə bildi: «Tarix elminin ulduzu»,
«Şərqşünaslığımızın ulduzu», «Mənbəşünaslığımızın ulduzu».
Ancaq vətəndaş qeyrəti, ziyalı təəssübkeşliyi, narahat vicdanı Ziya Bünyadovu daha
bir sahəyə çəkdi. O, Stalin repressiyalarının qurbanları haqqında yorulmaz araşdırmalar
apardı, qaranlıq qalmış faktları, itkin düşmüş adları, ağ ləkələri üzə çıxardı. Bu işi hər kəs
deyil, işığı, nüfuzu cəmiyyətdə təsdiq olunmuş bir ziyalı və hər ziyalı da deyil, «Ziyalı
ulduz» görə bilərdi. Məhz bu mənada mən yazımın adını «Ulduzlu Ziya - ziyalı ulduz»
qoydum. Ziya müəllimin 37-ci il şəhidlərindən olan Mədinə xanım Qiyasbəyli haqqında
yazısını oxuyandan sonra ona dedim ki, repressiya qurbanları arasında başqa bir ziyalı
qadın - Köylü qızı Gülarə də olub. Onun haqqında materiallara rast gəlsə, bu nakam
272
qadının taleyi haqqında da yazması yaxşı olardı. Bir müddət sonra Ziya Bünyadovun «Şərq
qadını» jurnalının ilk redaktoru Gülarə Köylü qızı haqqında yazısını oxuyanda böyük
alimin həm diqqətcilliyinə, həm də araşdırıcı inadına qibtə etdim.
Ziya Bünyadovu yeniyetməlik illərimdən tanıyır və onun ömür yoluna, cəmiyyətdə
özünü tutmasına, davranışına gənclik çılğınlığıyla pərəstiş edirdim. Çox gənc yaşlarımda
«Ulduz» jurnalının bir anketində qoyulmuş suallara cavab verərkən və yaradıcılıq
niyyətlərimdən danışarkən, xalqımızın böyük oğlu Ziya Bünyadov haqqında oçerk yazmaq
istədiyimi bildirmişdim. Təəssüf ki, indiyə qədər bu arzumu həyata keçirə bilməmişəm,
amma bir gün bunu mütləq gerçəkləşdirəcəyimə inanıram. Ziya Bünyadov haqqındakı o
vaxtkı niyyətimin bu qədər - bir ömür - yubanmasına kiçik bir bəraətim ondadır ki, mənim
təklifimlə Moskva teatrşünası Lyubov Lebedina məhz Ziya Bünyadovla tanış olmaq və
onun haqqında yazmaq üçün Bakıya gəldi, alimlə ətraflı söhbətdən sonra «Teatralnaya
cizn» curnalında onun haqqında maraqlı oçerk yazdı.
Ziya müəllim haqqında ötəri bir yazı yazmaq istəmirdim, onun barəsində layiqli bir
mətn meydana çıxartmaq üçün bioqrafiyasına da, xasiyyətinə də daha yaxından bələd
olmağa çalışırdım.
Bibim oğlu tarixçi Oqtay Əfəndiyevlə dostluq edən Ziyanı Oqtaygilin məclislərində
müşahidə etdim, atamın evinə qonaq gəldiyində daha yaxından tanıdım və nəhayət,
sonralar özüm də dəfələrlə bu təkrarsız insanla ünsiyyətdə oldum. Tənqidlərə məruz
qaldığı vaxtlarda onu «Qobustan» toplusunun redaksiyasına dəvət etdik, haqqında material
verdik, iki saata qədər ən müxtəlif məsələlər barəsində çox maraqlı söhbətlərini dinlədim.
Bərabər səfərlərdə olduq - Türkiyədə, İranda, Göyçayda. Eyni seçkilərdə Milli
Məclisə deputat seçildik və həftədə iki dəfə iclaslarda görüşməyə başladıq. Ziya Bünyadov
haqqında yazmaq barədə gənclik niyyətimi unutmamışdım, mütləq bir gün bunu
edəcəyimə əmin idim. Amma deyir, sən saydığını say, gör, fələk nə sayır... Nə biləydim ki,
Ziya müəllimin dəfnində danışmalı olacam, onun haqqında ölümündən sonra yazmalı
olacam... Milli Məclisdə arxa tərəfdə bir sırada yan-yana otururduq: Əli Ansuxski, onun
yanında Ziya Bünyadov, sonra Yusif Səmədoğlu və mən... İndi bu məşum sıra haqqında
273
düşünəndə hətta bir qədər xoflanıram. Ansuxski və Ziya Bünyadov müəmmalı şəkildə
qətlə yetirildilər. Yusif Səmədoğlunu çox erkən itirdik. Ziyadan və Yusifdən sonra tək biz
oturduğumuz sırada deyil, ümumiyyətlə, Məclisdə yaranmış boşluğu hər an hiss edirəm.
Ziya Bünyadovu məclisdə gördüyüm son gün - demə onun həyatının son günüymüş.
Axşam toplantısının sonuna on-on beş dəqiqə qalmış məndən o günkü qəzetləri istədi,
verdim, baxdı, qaytardı.
İki saat sonra isə evdə qara xəbəri eşitdim. Müharibənin bütün dəhşətlərindən
keçmiş, milli müstəqilliyimiz uğrunda mübarizənin ön sıralarında mətanətlə addımlamış,
heç vaxt fikrini, sözünü açıq deməkdən qorxub çəkinməmiş Ziya Bünyadov öz evinin
pilləkənlərində namərd əliylə,namərd əllərlə, namərd niyyətlərlə qətlə yetirilib.
Bir təsəllimiz odur ki, tarixçi Ziya özü də tarixin malı olmuşdur. Hər xalqın tarixində
Ziya Bünyadov kimi şəxslərin adı ən şərəfli səhifələrdə yazılır.
Deyirlər, çoxdan sönmüş ulduzların işığı hələ də bizə gəlib çatmaqdadır. Ziya
Bünyadovun ulduzu heç zaman sönməyəcək və bu işıq - bu ziyalı ulduzun işığı - ulduzlu
Ziyanın işığı hər zaman Azərbaycan xalqının inam və ümid nöqtəsi olacaqdır.