TOFİQ İSMAYILOVUN XATİRƏSİNƏ
Budur bax - bir il də keçdi. 1991-ci il noyabrın mənhus 20-sində Qarabağ göylərində
görünməmiş qəddarlıqla, məkrlə bir dikuçar (helikopter, vertolyot) məhv edildi. İndiyəcən
açılmamış bu cinayətin nəticəsində insanlar həlak oldu: onların çoxusuyla uzun illərin
dostluğu bağlayırdı məni və bu dostların içində ən yaxını Tofiq İsmayılov idi.
Dostlar müxtəlif türlü olur - uşaqlıq dostları, gənclik dostları, ömrün qısa, ya uzun
müddətlik dostları. Əlbəttə, ömür boyu sürən dostluq da var. Tofiq mənim sinli çağımın
dostu idi, bu yaşda dostları xüsusi tələbkarlıqla seçirsən. Biz öz ömrümüzün və xalqımızın
ömrünün ən ağır, ən çətin illərində - son illərdə dostlaşdıq. Bu çətin və ağır illəri həm də
sınaq illəri adlandırmaq olar - insan münasibətlərinin, etibarın və etibarsızlığın sınanıb üzə
çıxdığı illər, sözlə hərəkətin bir-birindən dəqiq ayrılıb seçildiyi illər. Bu yaşda adətən
dostları tapmırlar, itirirlər.
İtkilərimin qəmli siyahısı var, o cümlədən dost itkilərimin də. Biri öldü, belə erkən,
belə tez getdi aramızdan. Biri uzaqlara getdi. Üçüncüsü satdı - sakitcə, səssiz-səmirsizcə
xəyanət etdi.
Ömrün bu sərt aşırımında tale mənə Tofiqlə dostluğu bəxş etdi, bu dostluq gec gəldi
həyatıma və əfsus ki, çox qısa oldu.
Tofiq İsmayılov haqqında 1989-cu ilə qədər nə bilirdim? Bilirdim ki, görkəmli
alimdir və Akademiyamız onu öz üzvü seçmək şərəfinə layiq görməyib. Bilirdim ki, ziyalı,
mədəni, nəzakətli adamdır, görüşəndə bir-birimizə iki-üç kəlmə xoş söz deyərdik, ya elə-
belə gülümsünərək salamlaşıb ötərdik.
Gərək ki, 1987-ci ilin payızında Yazıçılar İttifaqında Xəzərin problemlərinə həsr
edilmiş Dəyirmi stol ətrafında toplaşmışdıq. Moskvadan publisistlər, bizim Azərbaycan
yazıçıları, jurnalistləri, alimləri dəvət olunmuşdu. Onların sırasında «Xəzər» Kosmik
Tədqiqatlar İnstitutunun müdiri Tofiq İsmayılov da vardı. Onun çıxışına heyran qaldım.
Xəzərin ekologiyası üzrə mütəxəssis olmasa da ətraflı, səriştəli çıxışında bu problemləri
yerli-yataqlı, müfəssəl bilməsi açıq-aydın görünürdü.
287
Elə bütün bunlar kifayət idi ki, mən Tofiqin dikuçarda həlak olmasını xalqımız,
cəmiyyətimiz, elmimiz üçün böyük itki kimi qəbul edim. Amma İttifaq deputatlığının
məşəqqətli illərində bizi bağlayan əlaqələr mənəvi aləmimin elə bir vacib hissəsinə
çevrilmişdi ki, Tofiqin ölümü mənimçün ağır şəxsi dərd oldu, yeri heç nəylə
doldurulmayacaq bir itki oldu. Bu keçən il ərzində elə gün olmayıb ki, Tofiqi
xatırlamayım, onun yoxluğunun acısını duymayım, ictimai-siyasi həyatımızın ciddi dönüş
məqamlarında onun olmamasını düşünməyim. Axı o olsaydı, qalsaydı çox şey ayrı cür
yönələ bilərdi. Tarixdə də, taledə olduğu kimi fərziyyələrə, gümanlara «əgər belə
olmasaydı, elə olsaydı» ehtimallarına yer yoxdur. Tariximizin ağır olayları Tofiqin qəlbini
acılarla doldururdu. O xalqının dərdlərini mərd-mərdana, kişi kimi çəkirdi, bu dərdi
çəkdiyini nümayiş etdirmək üçün yox. 90-cı ilin qanlı Yanvar gecəsinə görə Tofiqin ürəyi
param-parça olmuşdu, amma Xocalı müsibətini, Şuşa faciəsini bilmədən getdi bu
dünyadan. Bəlkə bu qəribə səslənəcək, amma bəzən mənə elə gəlir ki, ölənlər hardasa diri
qalanlardan daha bəxtiyardırlar, çünki ölümlərindən sonra baş vermiş dəhşətlərdən
bixəbərdirlər. Ölənlərin matəm hüznünü, kədərini də axı onların özləri yox, onların dalınca
ağlayanlar çəkir.
Deputatlıq illərimizdə Tofiqi yalnız etibarlı dost kimi deyil, həm də nadir bir
şəxsiyyət kimi tanıdım. Məncə bu şəxsiyyət milli xarakterimizin ən gözəl cəhətlərini
özündə toplamışdı - ağıl və ehtiras, əqidələrində sabitlik və ardıcıllıq, işinə, əməlinə
fədakarlıqla xidmət göstərmək, təmənnasızlıq və qorxmazlıq, inad və iradə möhkəmliyi -
bütün bünlar vardı Tofiqdə və bütün bunlar qəribə bir nazikliklə, nəcibliklə, təvazöylə
uyuşurdu. Heç vaxt özünü gözə soxmağa çalışmazdı. Hər kəsə yardım əlini uzatmağa hazır
idi. Başqasının dərdini öz dərdi kimi çəkirdi, xislətində bir mərdlik, səxavət, ürək genişliyi
vardı. Həyatsevər idi, dünyanın kefini çəkməyi də bacarırdı, amma ağır zəhmətə
qatlaşmağına, işgüzarlığına, işdə sərt nizam-intizamına da söz ola bilməzdi. Zəngin daxili
aləmi vardı, fəqət öz içinə qapanmamışdı, insanlarla asan təmas qururdu, çox ünsiyyətli idi,
yapışıqlı idi, sadə idi, özünü dartmağı sevməzdi. İnsanlara sözdə yox, əməli işdə qayğı
göstərərdi, kiməsə yardım əli uzatmaq üçün bir himə bənddi. Neçə-neçə adamı işə düzəltdi,
288
talelərinin uğursuz anlarında dadlarına çatdı, xırda məişət sorunlarına qədər maraqlandı.
Neçəsinin sözün məcazi yox, hərfi mənasında həyatlarını xilas etdi. Ona müraciət edənlər
bilirdi ki, Tofiq əlindən gələni də edəcək və hətta əlindən gəlməyəni də. Saysız-hesabsız
deputat müraciətləri, sorğularıyla, məktublarla, inadlı telefon danışıqlarıyla, bilavasitə
ünsiyyətlə, rütbəli şəxslərin kabinetlərinə ayaq döyməklə Tofiq qarşısına qoyduğu
məqsədlərə hökmən çatırdı, Amma məsələ tək bu fərdi, şəxsi xeyirxahlıq addımlarında
deyil. Doğrudur, onlar da vacibdir, kimsə belə işlərə rişxənd eləsə də, insanların həyatları
çox vaxt bu sayaq xırda məsələlərdən də asılı olur. Amma dediyim kimi, məsələ yalnız
bunlarla məhdudlaşmır. Daha önəmli işi Tofiq İsmayılovun bir deputat kimi öz xalqı, öz
respublikası üçün elədikləridir. Bu elədikləri üçün quru bir «çox sağ ol» da gözləmirdi.
Çünki tamamilə haqlı olaraq belə düşünürdü ki, ancaq öz borcunu yerinə yetirir -
azərbaycanlı, ziyalı, vətəndaş, deputat borcunu. Nəinki «çox sağ ol» gözləmirdi, hətta
elədiklərinin doğru-düzgün, ədalətli qiymətləndiriləcəyinə də ümidi az idi. Yadımdadır, bir
dəfə - Parlamentdə çox qızğın mübahisələrdən, kəskin etirazlardan, yorucu danışıqlardan
sonra ən yüksək məqamlarda biz xalqımızın taleyi üçün faciəvi ola biləcək hadisələrin
qarşısını aldıq. Tofiq isə bu fəaliyyətin canı, qəlbi idi, bizim deputat korpusunun düşünən
beyni, vuran ürəyi idi. Bundan bir qədər sonra isə Tofiq yüngül bir zarafatla (amma bu
zarafatın içində xəfif bir kədər də vardı) mənə danışırdı ki, Bakıda qaynam-qaynam
qaynayan izdihamlı bir görüşdə ağzından süd iyi gələn yeniyetmə Tofiqə: - Axı sən bu xalq
üçün neyləmisən? - deyib.
Qızdırmalı çıxışlardan məst-xumar olmuş belə novcavanın nadan sualı adama yer
eləmir. Adama yer eləyən odur ki, Tofiqə və başqa deputatlarımıza - Vəli Məmmədova,
Vaqif Cəfərova - mən ancaq rəhmətə getmişlərin adını çəkirəm - mənfi münasibət qəsdən,
bilərəkdən yaradılırdı. Özü də deputatlarımızın son dərəcə əhəmiyyətli fəaliyyətindən yaxşı
xəbərdar olan, agah olan adamlar tərəfindən qısqırdılırdı.
Bütün bu illər ərzində mən Bakı meydanlarını çuğlayan və halal hiddətlə kükrəyən
Xalq hərəkatının əhəmiyyətini qeyd etmişəm. Məhz bu qəzəbli və güzəştsiz axın bizim
deputat korpusumuza da güc verirdi, biz sözlərimizin, tələblərimizin, təkliflərimizin
289
arxasında real qüvvə dayandığına güvənirdik... Qoy o mitinq natiqləri də ədalət naminə bir
həqiqəti etiraf etsinlər: o illərin siyasi vuruşlarının ön cəbhə xətti Ümumittifaq
Parlamentindən keçirdi və laqeyd, biganə, bəzən bizi bəyənməyən, bəzənsə açıq düşmən
kimi baxan Ali Sovet auditoriyası qarşısında çıxış edib Azərbaycanımızın mövqeyini
müdafiə etmək, Bakıda, həmvətənlərin qarşısında odlu-alovlu çıxışlar etməkdən qat-qat
daha çətin məsələ idi. Həm də axı Bakıdakı auditoriya natiqin məhz o sözlərini alqışlayırdı
ki, onları eşitmək arzusunda idi. Bu sözlərin gerçəklikdən nə qədər uzaq olub-olmaması,
xalqın taleyi üçün nə qədər xeyirli, ya ziyanlı olması kimsənin vecinə deyildi.
Mən indi özümün də necə deyərlər yaralı yerim olan bu məsələyə toxunmaq
istəməzdim, amma diş ağrısı kimi heç zaman məni rahat buraxmayan bir qəlb sızıltısı bu
sözləri yazmağı məcbur edir: bu mübarizələrdə xidmətləri olmuş və son nəticədə öz
həyatlarını belə qurban vermiş adamları necə unutmaq olar?
Bu günlər 88-ci il noyabr mitinqlərinin ildönümü Milli Dirçəliş bayramı kimi qeyd
olunur (mitinqlər daha əvvəl, 88-ci ilin fevralında başlamışdısa da). Və haqlı olaraq
Meydanda odlu-alovlu çıxışlar edənlərin xidmətlərini xatırlarkən Azərbaycanın səsini
haçansa SSRİ adlanan ölkənin ən yüksək kürsüsündən - Ali Sovet kürsüsündən ucaldanlar
unudulur. Amma orada ucalan səslər - çox vaxt səhrada tək qalıb haray çəkənin sədası idi.
Bu sədaların içində ən gur səslənən Tofiq İsmayılovun harayı idi. Get-gedə bu səsləri
dinləməyə, eşitməyə başladılar. Tofiqə müxtəlif millətlərə və müxtəlif siyasi əqidələrə
mənsub olan adamlar da ehtiram bəsləyirdilər. Ona görə də düşmənlər ona bu qədər nifrət
edir və ondan qorxurdular. Onun iti zehnindən, iradəsindən, məntiqindən, inadından
qorxurdular. Onun bəyan etdiyi həqiqətlərdən qorxurdular.
Ali Sovetin iclaslarından birində Tofiq mikrofona növbəyə dayanmışdı. Onun
arxasında Ermənistan deputatı Lidiya Arutunyan durmuşdu. Onlar bir-birini yalnız
Parlamentdən deyil, həm də eyni deputat heyəti tərkibində Amerikaya birgə səfərlərindən
tanıyırdılar. Tofiq tam bir centlmen idi və ona görə də Arutunyan: - Tofiq Kazımoviç,
icazə verin, mən sizdən irəli keçim, deyəndə nəzakətlə qadını qabağa buraxmışdı.
290
Mikrofonu ələ keçirən kimi Lidiya Arutunyan sədrdən tələb etmişdi ki, Tofiq İsmayılova
söz verilməsin.
Tofiq şaqqanaq çəkib gülmüş və söz də almışdı. Amma bu epizod çox şey deyir -
ümumiyyətlə, milli xarakter haqqında da, şəxsən Tofiq İsmayılovun xarakteri haqqında da.
Ciddi alim və fəal deputat, mehriban, qayğıkeş ailə başçısı və etibarlı dost -- Tofiq
İsmayılov xatirəmdə belə yaşayır. Bir də ki,mənim üçün o, müstəqil Azərbaycanın ilk Milli
qəhrəmanlarındandır.
Bunun rəsmi fərmanla təsdiq olunub-olunmamasının isə məncə bir o qədər də
əhəmiyyəti yoxdur…
Dostları ilə paylaş: |