1997-2009
DOĞMA YERLƏRDƏ
316
TƏBRİZİN YOLLARI DOLANBADOLAN...
1991-ci il, fevralın onu... Ömrümüzə yazılacaq bir günün unudulmaz axşamı. Saat
on radələri - Təbrizin dolanbadolan yollarını qarış-qarış, fərsəq-fərsəq, kilometr-kilometr
udduqca ürəklərimiz atlanıb köksümüzdən çıxmaq istəyir...
Gündüz ikidə Tehrandan ayrıldıq. Şofer dostumuz Bəhruzun ustalıqla sürdüyü
«Mersedes» maşını şüşə kimi dümdüz, hamar, ən müasir, ən abad dünya yolları
səviyyəsində Tehran -Təbriz magistralıyla irəlilədikcə qarşımıza çıxan Azərbaycan
şəhərləri - elə bil yuxularımızdan, röyalarımızdan boylanır, uzun, həsrətli illərin xülyaları,
ilğımları, sirablarıdır - birdən-birə gerçəkləşir - qübbəli, abı günbəzli Qəzvin, çinarlı,
bayram çılçırağıyla süslənmiş Zəncan, uzaq işıqları sayrışan Miyana... Ancaq ən şirin
yuxumuz hələ qarşıdadır - Təbriz. Təbrizin dolanbadolan yollarıyla sanki bütün həyatımız
boyu addımlamış, amma bu şəhərə çata bilməmişik və ömrümüzün bu axşam çağında hansı
möcüzəyləsə arzumuz həqiqətə çevrilir, niyyətimiz qismət olur. Təbrizin işıqları görünür.
Elə maşının içindəcə Yaşar Qarayevlə əl verib bir-birimizi təbrik edirik.
On bir gündür İrandayıq - Tehranı küçə-küçə, meydan-meydan dolaşmışıq, Məşhədə
uçmuşuq, İmam Rzanın qəbrini ziyarət etmişik, Tusa getmişik, böyük Firdovsinin
məzarına baş əymişik. Amma 20 günlük səfərimizin ən ülvi məqsədi, ən böyük istəyi, ən
səbirsiz həsrəti - Təbriz olub. Altı gün də keçəcək - Şəbüstərə, Marağaya baş çəkəndən
sonra, Təbrizin küçələrini qarış-qarış gəzəndən sonra, Ərk qalasını, Göy məscidi, Şəhidlər
qəbiristanını ziyarət edəndən sonra, Eynal-Zeynal dağından dumanlı Təbrizi
doyumsuzluqla seyr edib Tərlan bulağından su içəndən sonra bu şəhərlə vidalaşacayıq. Şah
İsmayılın paytaxtından, Səttarxanın, Xiyabaninin, Firudin İbrahiminin faciəli
mübarizələrinin şahidi olmuş şəhərdən, Qətranın, Saibin, Şəhriyarın yurdundan
ayrılacayıq.
Ərdəbildə Şeyx Səfi məqbərəsini, Xətainin qəbri üstündəki günbəzin başında
çatılmış beş qılıncı - şair şahın beş qələbəsinin rəmzini görəcəyik, sonra Cənubdan Şimala,
Azərbaycandan Azərbaycana, Astaradan Astaraya, Vətəndən Vətənə keçəcəyik.
317
Bu iyirmi günlük səfər indi xatirəyə, nağıla, əfsanəyə çevrilib. Gördüklərimizdən
yalnız heyranlıqla danışmaq istəmirəm. Təzadlar, ziddiyyətlər, qəlbimizi ağrıdan, bizi
həyəcanlandıran, təşvişə salan şeylər də gördük. Abad yollardan keçərkən, dolu bazarları,
dükanları, uca, müasir binaları seyr edərkən, çağdaş səviyyəli Kompüter mərkəziylə tanış
olarkən - sabahla qarşılaşırdıqsa, dünənə, srağagünə, Mirzə Fətəli, Cəlil Məmmədquluzadə,
Sabir, Möcüz dövrünə qayıtdığımız məqamlar da vardı. Tehranda 4 milyon
azərbaycanlının yaşadığını, İranda azərbaycanlıların sayının gün-gündən artdığını bilməklə
bərabər şah dövründə Azərbaycan türkcəsində heç bir mətbuatın olmadığı, bu gün də bu
mətbuatın hələlik, təəssüf ki, dörd-beş qəzet və jurnalla kifayətlənməsi bizi, əlbəttə,
kədərləndirirdi. «Varlıq», «Yol» ]urnallarının, «Keyxani həvayi»də Azərbaycan
türkcəsiylə çıxan səhifənin, «İslami Birlik» və «Füruği Azadi» qəzetlərinin öz oxucusu
olmasıyçün onların ibtidai, orta və ali məktəblərdə yetişməsiyçün ana dilində tədris də
olmalıdır. Dil hər bir mədəniyyətin təməlidir. Keçmişin mədəni irsinə, mənəvi dəyərlərinə,
sənət, ədəbiyyat sərvətlərinə qayğı - ilk növbədə dilə hörmət, dilin qorunması, yaşadılması
və inkişaf etməsidir.İranda yaşayan xalqların bir-biriylə qaynayıb-qarışması, bir-birinə
mehriban münasibəti - hər xalqın öz dilinə sevgisiylə, hörmətiylə bağlıdır. Tehranda,
Təbrizdə, Marağada, Ərdəbildə, başqa şəhərlərdə Azərbaycan dilini yaşadan, bu dildə
yazıb-yaradan neçə-neçə dəyərli insanlarla tanış olduq. Onların arasında yazıçılar, şairlər,
alimlər, jurnalistlər, müəllimlər, siyasi xadimlər vardı.
İranın rəhbəri, azərbaycanlı Ayətulla Xomeyni Şeyx Məhəmməd Xiyabaninin bibisi
oğlu, Şəhriyar poeziyasının pərəstişkarıdır. İran inqilabının ildönümü - Dəhiyi Fəcr
bayramı münasibətiylə dünyanın bir çox ölkələrindən gəlmiş qonaqlarla bərabər, biz də
ağayi Xomeyninin qəbulunda olduq. Xarici işlər naziri ağayi Vilayəti, mədəniyyət və
İslami-irşad naziri ağayi Xatəmi isə yalnız bizi - dörd nəfər Azərbaycan nümayəndəsini -
ədəbiyyatşünas, tənqidçi Yaşar Qarayevi, şərqşünas professor Rüstəm Əliyevi, onun həyat
yoldaşı ədəbiyyatçı Ruqiyyə Qəmbər qızını və məni qəbul etdilər, ətraflı söhbətlərimiz
oldu. Şəbüstərdə Şeyx Mahmud Şəbüstərinin, Marağada Əhvədinin məzarlarını ziyarət
etdik. Tufarqan (Azərşəhr) yaxınlığındakı qədim qəbiristanlıqda Aşıq Abbasın qəbrini
318
axtardıq. Marağada hülakü dövrünün memarlıq abidələriylə, Nəsirəddin Tusi
observatoriyasının qalıqlarıyla tanış olduq, şeir gecəsində çıxış etdik, Təbrizdə ustad
Şəhriyarın da dəfn olunduğu möhtəşəm Şairlər məqbərəsinin qonaqlar dəftərinə ürək
sözlərimizi yazdıq. Tehranda Şəhriyarın qardaşı Xoşkinabi Bakı Televiziyonunda «Heydər
babaya salam» tamaşasını seyr etdiyini (rejissor Vaqif Həsənovun qoyduğu tamaşanı)
söylədi. Təbrizdə ustadın evinə getdik, oğlu Hadi bizi mehribanlıqla qarşıladı, gəlini böyük
şairin son günlərində ona şəfqət bacısı kimi xidmət etdiyindən və Şəhriyarın vəsiyyətindən
söz açdı. Son nəfəsində, ölüm ayağında ustad Azərbaycan türkcəsini qorumağı, sevməyi,
yaşatmağı vəsiyyət edib. Hadinin, gəlinin səslərini, bu son dərəcə qiymətli şəhadəti lentə
yazdıq. Ümumiyyətlə, Tehranda, Təbrizdə, başqa şəhərlərdə görüşdüyümüz onlarla adamın
səslərini lentə yazdıq, qələm sahiblərinin şeirlərini, məqalələrini, kitablarını, şəkillərini
aldıq. Dost kimi görüşdük, yoldaş kimi mübahisələr etdik, qardaş kimi ayrıldıq.
Mübahisələrimiz ən çox əlifba məsələsi üstündə idi. Demək olar ki, bütün
görüşdüklərimiz latın əlifbasına deyil, ərəb əlifbasına (onlar islami əlifba deyirlər)
keçməyimizi arzulayırdılar. Bunun qeyri-real olduğunu izah etməyə çalışırdıq, onu da qeyd
etdik ki, məktəblərimizdə əski əlifba da öyrədilir, latın əlifbası isə (İranda bütun ziyalılar
latın əlifbasını sərbəst oxuyur) bizi bütün cənublu qardaşlarımızla da daha artıq
yaxınlaşdıracaq. Hərə öz fikrində qalırdı, amma o taylı qardaşlarımıza boyun olduq ki, hər
halda onların rəyini ictimaiyyətimizə çatdıracayıq. «Ədəbiyyat qəzeti»nin bu nömrəsində
dərc edilən iki yazı - körkəmli alim, qeyrətli ziyalı Cavad Heyyətin məqaləsi və şair
Sönməzin şeiri - verdiyimiz sözə əməl etdiyimizin sübutudur. Əlbəttə, bu yazıların çap
olunması ordakı fikirlərlə razılaşmağımız demək deyil. Keçmişimizdən üz çevirməməliyik,
amma bu günümüzü və xüsusən gələcəyimizi də düşünməliyik. «Cümhuri İslami»
qəzetində dərc olunmuş müsahibəmdə dediyim sözləri, burda da təkrar edirəm: «Biz
keçmişimizə də sədaqətli olmalıyıq, gələcəyimizə də...».
«Latın əlifbası sizi bizdən ayıracaq» fikrinə gəlincə isə, deyirdik ki, əgər 50 il
ərzində kirill əlifbası bizi bir-birimizdən ayıra bilməyibsə, latın əlifbası niyə ayırmalıdır.
Bəzən mübahisələr də qızışır: «Latına keçməkdənsə, elə kirilli saxlasanız yaxşı olar» fikri
319
də səslənirdi. Bu fikrin içində isə latın əlifbasının bizi Türkiyə türkcəsiylə yaxınlaşdırıb
Cənubi Azərbaycandan uzaqlaşdıracağı ehtimalı və qorxusu vardı. «Onlar sizin əminiz
oğlu, biz qardaşınızıq» deyirdilər. «Doğrudur, - deyirdik, - amma biz həm əmioğlumuzla,
həm qardaşımızla mehriban olmaq istəyirik və istəyirik ki, əmioğlumuzla qardaşımız özləri
də bir-biriylə mehriban olsun».
İran səfərimizdən doğan müşahidələrim, mülahizə və qeydlərim çoxdur - imkan
tapıb onları səliqəyə salmaq, geniş bir yazıyla çıxış etmək istəyirəm. Hələlik isə bizə
göstərilən böyük diqqət, qayğı, qonaqsevərlik üçün dərin minnətdarlığımızı bildirmək, çox
maraqlı səfər haqqında ilk təəssüratımı, Təbrizi görməyimizin dünyaya sığmayan sevincini
oxucalarla bölüşmək istədim.
«Ədəbiyyat qəzet»nin bütünlüklə Gənubi Azərbaycana həsr olunmuş bu misilsiz
nömrəsi - Azərbaycanımızın mənəvi, mədəni, ədəbi bütövlüyünü göstərən, iki tay arasında
söz,sənət körpülərini möhkəmləndirən mühüm addım,son dərəcə əhəmiyyətli
təşəbbüsdür.Sərhədləri dövlətlər yaradır,mədəniyyət isə aradan götürür.Bu nömrənin
çıxması münasibətilə həm o taylı,həm bu taylı oxucuları ürəkdən təbrik edir və
salamlayıram. İnanıram ki,qəzetimizin bu nömrəsi ədəbi,ictimai fikir tariximizə,milli
vəhdət və birlik tariximizə düşəcək və orada həmişəlik qalacaqdır.
Dostları ilə paylaş: |