QATİL UŞAQ
Otuz-qırx il bundan əvvəl, bəlkə indi də Azərbaycanın çox yerlərində
müsəlman əkinçiləri arasında xeyli təəccüblü, hər kəsin nəzərini özünə cəlb edən
və əkinçilik sənətinə əsla yaraşmayan bir hal vardı. O da əkinçilərimizin öz
zəhmətilə becərilmiş taxılı biçməkdə aciz qalaraq, iranlı biçinçilərinə möhtac
olmaqları idi.
Yayın isti günləri idi. İran biçinçiləri eyinlərində cındır paltar, ayaqlarında
çarıq, qabarlı əllərində oraq, arxalarında mitil yorğan, Araz çayını keçərək,
Azərbaycana sel kimi axırdı. Bu zəhmətkeşlər arasında başı əmmaməli və qurşaqlı,
boynu yoğun seyid dəstəsi də görünürdü. Zənn olunmasın ki, bu müftəxorlar da
Azərbaycana iş aramağa gəlirdilər. Xeyr, onlar xırmanları gəzib: "Cəddimin payını
ver" deyə kəndlilərdən "seyid vergisi" tələb edərdilər. Dini və adəti - mövhumata
qərq olmuş sadədil məzlum kəndlilər, hər bir vergidən əvvəl bu müftəxorların
torbalarını doldurardılar və heç biri cürət edib onların tələbini rədd edə bilməzdi.
* * *
Zəmili kəndi dağ ətəyində, meşə qırağında düşmüşdü. Bu kəndin əhli əkinçilik
və maldarlıqla məşğul olardı. Tarlaları yüksək yerlərdə olduğu üçün dağlar
arasından axan çaylardan istifadə edə bilməzdilər. Ona görə yağmur az yağan ili
əkinləri yanıb zəhmətləri hədər gedərdi.
Bu kəndin qurtaracağında, meşənin başlanğıcında əski və ufaq daxmada
Qızxanım adlı bir qadın on iki yaşlı oğlu ilə yaşayırdı. Bu qadın beş il idi ki, dul
qalmışdı. Əri Mehdiqulunu artıq dərəcədə sevərdi və sevməyə də haqlı idi, çünki
Mehdiqulu həlim təbiətli, gülər üzlü, rəhmdil bir şəxs idi. Ölənə kimi bir dəfə də
olsa, Qızxanımı incidib əziyyət verməmişdi. Bundan əlavə Mehdiqulu kənd əhli ilə
də gözəl rəftar edərdi.
Tarlasını hamıdan qabaq şumlayıb qurtarardı və sonra dul qadınların, xəstə
düşmüş kəndli qardaşların yerlərini pulsuz-parasız öz öküzləri ilə sürərdi; buna
görə kəndlilər onu çox istərdilər. Bu yaxşılıqların əvəzi idi ki, indi dul qalmış
Qızxanımın tarlasını "ho" edib əkərdilər və biçin zamanında kömək edərdilər. Bir
tərəfdən də oğlu Mərdanı
Milli Kitabxana
263
özlərinə çoban tutub, pul verməklə Qızxanıma kömək əllərini uzadırlar. Qızxanım
bu qeyrətli kəndlilərin sayəsində öz oğlu ilə yaxşı güzəran edərdi.
Qızxanım əri kimi işlək, xoş xasiyyətli, namuslu bir qadın idi. Bir ittifaq
kəndlilərin məhəbbətini ona daha da artırmışdı: cavan Qızxanım dul qaldıqdan
sonra dübarə ərə getməmişdi. Elçilərə belə cavab verərdi:
- Sevgili ərimdən sonra kimsəyə arvad olmaq həvəsində deyiləm və oğlum
Mərdanın da qəlbini yaratmaq istəmirəm. O qeyrətli uşaq böyüyüb məni hamıdan
yaxşı saxlayacaqdır.
Bu fikir yanlış deyildi. Mərdan sağlam, cəsur bir uşaq idi. Anası ilə mehriban
rəftar edib itaətindən boyun qaçırmazdı.
Atası Mehdiqulu asudə vaxtlarını ovda keçirərdi. Bəzi vaxt Mərdanı da özü ilə
ova aparardı. Bu isə uşaqda ovçuluq həvəsini artırardı. Atası öləndən sonra uşaq
onun ov tüfəngini də özü ilə götürərdi. Anası mane olmaq istədikdə deyərdi:
- Ana can, qorxma, tüfəngdən mənə xata gəlməz, bəlkə, məni yırtıcı heyvandan
mühafizə edər. Atmaqda da ustayam.
Günəş ahəstə-ahəstə dağ başından enirdi. Getdikcə gözə batıcı şöləsi zəifləşirdi.
Dünyaya buraxmış zərrələrini geri çəkərək sanki deyirdi: - Siz də bir qədər rahat
olun, balalarım.
Bir azdan sonra günəş dağın dalına enərək gözdən qaib oldu. Kəndə qaranlıq
çökməyə başladı. Aradan bir on dəqiqə kecdikdən sonra dağın arxasından qara
buludlar qalxaraq, kəndin üstünü aldı.
Qızxanım daxmadan çıxıb darvazaya gəldi. Qara buludları gördükdə yazıq
qadının ürəyi iztiraba düşdü.
Mərdan hər gün günəş batdıqda malları kəndə gətirərdi. Qəflətən şimşək qızıl
ilan kimi göyün üzündə oynayaraq dağlara dəhşətli bir səda buraxdı. Bu səsdən
diksinərək, Qızxanım ürəyində dua etməyə başladı.
Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.
Qızxanım daxmaya girib köhnə, yamaqlı şalına büründü və yenə qapıya çıxdı. Bu
vaxt qısaboylu, qaraqaş, pırtlaqgöz bir cavan
|