MOLLA QASIM
Molla Qasım öz arvadı Zeynəb ilə Güllücə kəndində ömür sürürdülər. Bunların
İrandan Azərbaycana haçan keçməsi kəndin ancaq bir neçə qocalarının xatirində
idi. Yerdə qalanları isə gözlərini açıb onları Güllücədə görmüşdülər.
Molla Qasım İrandan gəldiyi zaman bir çox böyük-kiçik kəndlərdə dolaşaraq
nağıl etdiyimiz Güllücə kəndini bəyənib seçmişdi. Bunda da bir sirr vardı.
Mərkəzdən uzaq, qışlaqdan yaylağa uzanan yolun bir cığırımında, kol-koslu,
ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olmuşdu. Əhalisi isə nəhayət dərəcədə
avam, dini-mövhumat və bütpərəstlikdən qalma adətlər ağuşunda boğularaq,
həkimsiz, dərmansız yaşayırdılar.
Molla Qasım anladı ki, belə camaatın içində hər nə ki, kələyi varsa, işlədə
biləcəkdir. O idi ki, hərif bu kəndi və onun camaatını bəyənmişdi. Molla Qasımın
fikri yanlış çıxmadı, az bir zamanda o, kəndin həm ticarət, həm mollalıq, həm də
həkimlik, ağsaqqallıq və qeyri vəzifələrini əlinə keçirərək rahat yaşamağa başladı.
Molla Qasımın ticarət mənbəyi olan balaca dükanına universal adı versək, səhv
etmərik, çünki bu dünyada əttar, baqqal, bəzzaz, davacat və qeyri ticarət şeyləri
mövcud idi.
Molla Qasımın bu "məta" mallarının qızğın alış-verişi el dağa köçən zaman və
dağdan enən zaman olardı. Bu vaxt Molla Qasım dükanın mallarını artırardı, çünki
böyük təcrübəsindən bilirdi ki, kəndlilər taxıllarını biçib, döymüş, ev üçün azuqə
saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər, coluq-çocuqlarına, gəlin-qızlarına
tuman, köynək, yaylıq, şal və qeyri paltarlıq alacaqlar.
Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi. Molla Qasım
borcunu tələb edəndə, borcluları deyərdilər;
- A Molla Qasım, özün bilirsən ki, bu zaman bizdə pul olmaz.
- Pul yoxdur, toyuq, ördək, qax, qoz ki vardır. Arvadlarınız da corab, şal, palaz
toxuyurlar. Bunlardan gətirin borclarınıza hesab edək, - deyə Molla Qasım onları
məzəmmət edərdi.
Molla Qasım Güllücə kəndinə kim tərəfindən molla təyin edilmişdi, bilən yox
idi. Əslinə baxsan, heç kəs tərəfindən. Başqa vəzifələri kimi bunu da o özü qəsb
etmişdi və bu mətləbi də qaldıran bir
Milli Kitabxana
269
adam yox idi. Molla Qasımın qəsdi avam və nadan kəndlilərə şəriət öyrətmək,
xeyir-şərlərini anlatmaq deyildi və özünün də bu barədə artıq məlumatı yox idi.
Onun məqsədi yene də pul qazanmaq idi. Hətta kəndlilər bir məktəb açmaq fikrinə
düşdükdə Molla Qasım mane olub demişdi:
- Canım, siz kəndlilərə məktəb nə lazımdır? Uşaqlarınızı oxutsanız, öz əkinçilik
sənətini atıb şəhərlərə qaçarlar, sizi də köməksiz qoyarlar. Bu fikirdən daşının,
ağrımaz başınızı bəlaya salmayın.
Molla Qasımın həkimliyinə gəldikdə ondan-bundan bir neçə dərman adı
öyrənib hər cür azar olursa-olsun o bildiyi dərmanın birini imtahan edərdi. Xəstə
şəfa tapmayıb öləndə deyərdi: əcəli yetən adam öləcəkdir, istər həkimi loğman da
ola. Öldürmək, diriltmək xudavəndi-aləmin əlindədir. Aciz bəndə burada bir şey
edə bilməz.
Molla Qasımın arvadı Zeynəb qarı da azarlılara zəli yapışdırmaqda böyük
ixtisas sahibi olub, kəndin bir erkəyi, qadını, cavanı, qocası, uşağı yox idi ki,
Zeynəb qarının həcəmət və zəlisini görməmiş olaydı. Uşaqlar onu gördükdə
qorxub qaçardılar. Kənd əhli bu qarıya "həcəmət" Zeynəb ləqəbini vermişdi.
Zeynəb yırtıcı quş gözlü, qoyduğu həcəmət kimi beli əyilmiş, dilavar, kimsədən
qorxmaz və çəkinməz bir qarı idi. Əri xəstə üstə getdikdə, ya ölü üstə aparıldıqda,
o, dükanda oturub alış-veriş edərdi. Bundan əlavə körpə uşaqların həkimliyi,
kəndin mamaça və elçiliyi bunun öhdəsində idi. Bir sözlə, Molla Qasım Güllücə
kəndini inək kimi sağıb yeyərdi.
Hər bir xəsis adamda olduğu kimi, bunda da təbiət böyük qorxaqlıq yaratmışdı.
Hərgah gecə vaxtı həyətdə bir qaraltı, bir səs gəlsəydi, dışarı çıxmaqdansa, qapıları
bərkidib Zeynəb qarını göndərərdi ki, görsün nə var. Biləks, Zeynəb qarı çox qoçaq
bir qadın idi, ərinə deyərdi:
- Bilməyirəm, mən olmasaydım, sən bu vəhşi camaatın içində, necə yaşaya
bilərdin?
Molla Qasımın bir sifətini də söyləməliyik. O da avam kəndlilər kimi
mövhumata inanıb qorxmağı idi. Ələlxüsus, dostu Zeynal kişi keçən cümə ona bu
hadisəni nağıl etməklə cinlərə etiqadını möhkəmləşdirmişdi.
- Molla Qasım, xəstə olduğum cəhətə bu yay xırmanını hamıdan geriyə
qalmışdı. Arvad-uşağı yaylağa köçürüb, özüm aranda qalmış-
|