Milli Kitabxana
302
Belə sözlər ilə anası oğlunu sakit etməyə çalışırdı. Rəşid anasının dedikləri
sözdə həqiqəti hiss edirdi. Doğrudan da, atası zamanı bütün ailənin günü qara idi,
həmişə qorxu altında yaşayırdılar. Onun özü məktəbli bir uşaq olduğu halda,
atasının əmrilə belinə tapança bağlamağa məcbur idi. Bacısının günü daha qara idi.
O, atasının qorxusundan ki, sənə naməhrəmin gözü sataşar - otağından kənara çıxa
bilməzdi. Anası onu da doğru deyirdi ki, o indi Şura hökuməti zamanı gəzə bilir.
Lakin sabiqdən irs qalmış tərbiyənin təsiri onda dərin kök salmışdı. Qadınların açıq
və azadə gəzməyinə o razı ola bilmirdi, çünki nadan atasından və cəmi qohum-
əqrəbasından aldığı yanlış tərbiyə üzündən: "Açıq gəzən qadında qeyrət, namus
olmaz" kimi sözlərə möhkəm inanmışdı.
Anası oğluna etdiyi nəsihətin təsirini görüb dedi:
- Oğlum, heç vaxt unutma ki, düşmənlərimiz atam güdaza verən kimi səni də
vermək istəyirlər. Onların vəsvəsəsinə inanma, böyük bir ailədən bir kişi sən
qalmısan, sən də tələf olsan, mən küçələrə düşərəm. - Dur oğlum, gedək, xörəyin
soyuyur.
Anasının səyi ilə Rəşid bir qədər sakit olub yemək otağına keçdi.
* * *
Rəşidi yoldan çıxaranlar atasının düşmənləri idi anası Gülsüm bunu yaxşı
bilirdi. Onlar köhnə ədavəti unutmamışdılar. Lakin Şura hökumətindən çəkinərək
aşkar çıxış edə bilmirdilər. Hiylə ilə Rəşidi tələf etmək istəyirdilər. Onun bacısını
əllərində intiqam aləti etmişdilər.
Anasının nəsihətindən sonra Rəşid sakit olub bacısına əziyyət vermirdi. Bir
ittifaq da buna daha artıq səbəb olmuşdu. Belə ki, Rəşid son zamanları tibb
fakültəsində təhsil alan bir yəhudi qızına məhəbbət bağlamışdı. Liya adında bu
gənc qız, qoca anası ilə Leyla olan həyətdə yaşayırdılar. Bu kasıb ailə, ancaq bu iki
nəfərdən ibarət idi. Liya özü oxuduğu halda müəllimlik edib, xüsusi dərs verməklə,
həm özünü və həm də anasını saxlayırdı. Liya Leyla kimi qaraqaş, qaragöz bir qız
idi. Onların bədənləri, boyları da bir biçimdə idi. Liya, Azərbaycan dilini gözəlcə
bilirdi. Liya Leylaya rusca dərs verirdi.
Rəşid Liya ilə görüşmək qəsdilə bacısıgilə tez-tez gəlib-gedərdi. Leyla buna
artıqca şad idi ki, qardaşı ona Liya ilə gəzməyə mane olmurdu.
Milli Kitabxana
303
* * *
Rəşidin düşmənləri rahat olmurdular. Onlar Gülsümün evini sahibsiz qoymaq
fikrində idilər. Rəşidi tələf etmək üçün yeni planlar çəkirdilər. Leylanın dalınca
pusquçular salıb, onun hara getdiyindən və nə iş tutduğundan məlumat toplayaraq,
Rəşidə adsız məktublar yazırdılar, min dürlü iftiralar düzəldirdilər. Liyanı da
əllərində alət etmişdilər. Onu müsamirələrə dəvət edib Leylanı oraya çəkmək
istəyirdilər. Lakin Leyla ya getmir, ya da gedəndə Kamil ilə gedirdi. Bu isə onların
planlarını pozurdu.
Axırda bir hadisədən istifadə edərək düşmənlər Rəşidi tələyə salıb məramlarına
nail oldular. Belə ki, bir qış gecəsi klubda kostyumlu və rəqsli müsamirə verilirdi.
Kiyev şəhərindən gəlmiş Liyanın nişanlısı bu müsamirəyə, namizədilə bərabər
Leylanı da təklif etdi, lakin o razılıq edib, gedə bilməyəcəyinə üzr istədi. Liya
müsamirəyə hazırlanaraq əntiq kostyum arayırdı, Leyla, cehiz getirdiyi əski
Azərbaycan biçimi ilə tikilmiş ipək libasını ona göstərib sordu:
- Liya, bu paltar yararmı?
Liya, bu əski çəpgən, kürdü katibi, büzmə darayı tumanı və qeyrilərini
gördükdə gözləri parlayaraq dedi:
- Ah, nə gözəl paltardır, mən ömrümdə belə şeylər görməmişəm.
Yəqinimdir ki, müsamirədə hamının gözə məndə olacaqdır.
Liya şadlığından Leylanı qucaqlayıb öpməyə başladı.
- İndi, gey görüm, əyninə necə gələcəkdir? - Leyla paltarı ona uzatdı.
Liya geydi, sanki bu libas onun boyuna biçilmişdi. Bu paltarda Liya Leylaya o
qədər bənzəyirdi ki, seçmək belə olmurdu.
- Bəs başıma nə örtüm? - deyə Liya soruşdu.
- Bu saat onu da düzəldərəm, - deyə Leyla başqa sandıqdan bir əski İran tirmə
şalı çıxarıb onun başına saldı.
Saat doqquz yarımda Liya nişanlısı ilə müsamirəyə getdi. Düşmənlərin
adamlarından birisi orada hazır idi. O, Liyanın tanışı idi. Onu belə libasda
gördükdə əvvəl tanımadı. Sonra onun paltarını tərif edib belə gözəl libasın kim
verdiyini soruşdu. Liya nağıl etdi və əfsus etdi ki, Leyla gələ bilmədi. O, bir qədər
Liya ilə söhbət etdi. Sonra klubdan çıxıb getdi.
|