MEYDAN OYUNÇULARI
Müxtəlif tipli meydan tamaşalarının oyunçularına ayrı-ayrı dövrlərdə başqa-başqa da adlar
verilib. Deyimləri fərqli olsa da, həmin sözlər daşıdıqları məna yükünə və bədii-estetik səciyyələrinə
görə aktyor peşəsinin ayrı-ayrı məziyyətlərinə uyğundur. Meydan aktyoru gözəl rəqs edir, mürəkkəb
akrobatik hərəkətlər göstərir, gözbağlayıcılığı bacarır, aydın tələffüzlə danışır, him-cim ustası olur,
az sözlə və mənalı "xəsis" hərəkətlə çox mətləbləri açıqlaya bilirdi.
Şamaxı, Təbriz, Qarabağ, Makul, Naxçıvan, Şəki bəyləri aktyor və rəqqas dəstələri
saxlayıblar. Şahlıq dövründə saray aktyorlarına yaşlı sənətçilər rəhbərlik ediblər. XII əsrdə
Azərbaycanda Şeyx Kərim adlı məşhur gülüş ustası olub.
Meydan oyunçularına (aktyorlarına) verilmiş adlardan bir neçəsini ayrıca qeyd etmək
lazımdır.
* * *
Mütrüb. Bu söz məna və mahiyyətcə əyləndirən, könülaçan kimi yozulur. Ərəb dilində
"çalğıçı, sazəndə, rəqs edə-edə mahnı oxuyan, qız paltarında toylarda oynayan oğlan" mənaları var.
Xalq deyimlərində həmin sözün mütrib, mütrüf, mütrüp tələffüzləri də var.
Mütrüb sözü lap qədim dövrlərdə Azərbaycan ərazisindəki dini məbədlərdə lüt, əksər
hallarda yarımçılpaq görkəmdə rəqs edənlərin adları ilə bağlıdır. Eyni zamanda lal oyunu
(pantomima) ifaçısının adı ilə də əlaqəlidir. Eramızın XXI əsrlərindən başlayaraq, təxminən beş yüz
il sözü rəqs edə-edə oxuyan şərqiçilərə, həmçinin çalğıçılara, aşıqlara, nəqqallara (nağıl danışan
ifaçılara) da mütrüb deyilib.
XIX əsrdən etibarən toylarda, el şənliklərində, qapalı əyləncə mərasimlərində incə, zərif
bədənlərinə qadın paltarı geyinib rəqqaslıq edən oğlanlar mütrüb adı ilə çağırılıblar.
Rəqqas mütrüb uzun saç buraxır, dırnaqlarına xına yaxır, gümüşdən belbağı, sinəbənd taxır,
boynundan həmayil asır, dikdaban ayaqqabı geyinirdi. Barmaqlarına taxdığı mis halqalarla
musiqinin ritmini tutan mütrüb tamaşaçılara işvə, naz atır, danışmadan erotik ruhlu qaş-göz
oynadırdı.
Mütrüb oynatmaq daha çox Bakı-Şamaxı bölgəsi üçün xarakterikdir.
Lotu. Çox işlənən bu sozu lut, üryan, çılpaq mənasını daşıyır. Bəzi mülahizələrə görə Lüt
peyğəmbərin adı ilə bağlıdır.
Üç əsr bundan əvvəldən başlayaraq, qədim məsxərə xalq tamaşalarını göstərən meydan
oyunçularına lotu deyilib. Lotu toy məclislərində, el şənliklərində tək, çox vaxtlar isə mütrüblər
dəstəsi ilə birgə çıxış edib. O, adəti üzrə un və yumurtanın qatışığından hazırlanmış qatı yaxına ilə
qrimlənirdi. Əsasən, tamaşaçılar qarşısında qaravəlli, məsxərə, bədyə, meyxana söyləyir, hoqqa
oyunu (gözbağlayıcı) çıxarır, parodiyalar edir, gülməcələr danışırdı.
Lotu özü ilə əhliləşmiş meymun, ayı, tutuquşu da gəzdirib. Bəzi hallarda özü danışdığı
qaravəlliyə uyğun heyvanların cildinə girib. Him-cimlə gözəl rəqs etmək, oxumaq, komizm
elementlərinə malik olmaq lotu üçün vacib yaradıcılıq vərdiş və xüsusiyyətləri sayılırdı.
Lotu adlanan komik ifaçıya el arasında t əl x ə k, l o t u-b a m b ı l ı da deyilib.
Hansısa məclisdə tək deyil, bir neçə lotu dəstə halında iştirak edirdisə, onların başçısı
lotubaşı adlanırdı. L o t u b a ş ı Azərbaycanın bəzi bölgələrində x ə l f ə kimi də çağırılıb.
Məclisdə lotuya yardımçı olan, ona bir növ assistentlik edən və ustadının yanında şəyird
duran yeniyetmə cavana l o t u b e ç ə deyilirdi.
Son üç yüz ildə Azərbaycanda Lotuoğlu, Lotu Məstalı, Lotu Kərim, Lotu İbrahim Təbrizi,
Lotu Cabbar, Lotu Qulu, Abdal Qasım kimi şöhrətli oyunçular olmuşlar. XX əsrdə Lənkəranda
Xudadad, Əjdər, Qarabağda Məmmədqulu, Kərim, Rizvan, İsmayıl adlı istedadlı və hörmətli lotular
fəaliyyət gostərmışlər.
Bakıda yaşamış Lotu Məşədi Cabbar təkbaşına irihəcimli komediyaları, çox personajı olan
məsxərələri məharətlə oynayıb. Tamaşa zamanı hadisələrə uyğun olaraq müxtəlif quş və heyvan
səsləri çıxara bilib. O, dəfələrlə bütün Qafqazda, Orta Asiyanın Aşqabad, Mərv, Səmərqənd
şəhərlərində, İran və Türkiyədə hörmət tapmış, dəfələrlə oralara qastrola, toylara getmiş Cabbar
Qaryağdıoğlu (Qaryağdı) ilə tez-tez həmməclis olub. 1914-1915-ci illərdə Varşavanın "Ekstafon"
firması Lotu Cabbarın ifasında "Mirzə oyunu", "Qaravəlli", "Hey-anacat danışığı", "Ceyranı",
"Qatıq satmaq" oyunlarını vala yazıb. Həmin vallar kütləvi tirajla satılıb.
Lotular arasında ad-san qazanmış, səriştəli istedadı olan oyunçuya (aktyora) m e y d a n
l o t u s u deyilib.
Təlxək. Neçə-neçə yüz illər boyu adamı, tamaşaçıları "acılayan" məna anlamında təlxək
deyimi işlənib. Təlxək XXI əsrlərdə Soltan Mahmud Qəznəvinin sarayında özünün duzlu, koloritli,
yumorlu, məzəli, əyləncəli və cazibəli oyunları ilə tanınmış, çoxlu gülməcələr, lətifələr yaratmış
şəxsin adıdır. Sonraki dövrlərdə Azərbaycanın başqa-başqa xanlıqlarında hökmdarları, saray
əyanlarını məzhəkəli sözlərlə, yumorlu hərəkətlərlə, kəskin deyimlərlə əyləndirən yumor, gülüş
ustaları da t ə l x ə k adı ilə çağırılıblar.
Təlxək hazırcavab olur, ritmık, ancaq məzəli rəqs edir, bir neçə musiqi alətində məharətlə
çalır, mürəkkəb him-cim (pantomima) ifadə vasitələrini sərbəstcə bacarır, çoxlu hərzə-hədyan ibarə,
ifadə və sözlər bilir, yumorun, satiranın ən müxtəlif növlərindən, qroteskdən məharətlə bəhrələnir,
hətta təmiz akrobatik hərəkətlərdə əsil ustalıq göstərirdi. Təlxəyin əsas funksiyası əyləndirmək olsa
da, həmin peşə sahibləri özlərinin hazırcavablıqları, ötkəmlikləri, iti ağılları, işıqlı dərrakələri, düz
sözü zarafat donuna büküb şax, üzə demələri ilə seçilmiş və hər yerdə sadə camaatın rəğbətini
qazanmışlar.
El arasında şit, bayağı zarafat, dolamaq, sataşmaq tərzli oyunlar təlxək oyunu adlanıb. Həmin
oyun-tamaşalarda ifaçılar təlxəkliyi peşə seçən bacarıq, səriştə və istedad sahibləri olmuşlar.
XIX əsrin sonlarında və XX əsrin əvvəlində Cənubi Azərbaycanda və Qarabağda Təlxək
Qasım adlı məşhur komik oyunçu olub. O, son dərəcə yüksək aktyorluq məharəti ilə şöhrətlənib.
Müxtəlif vaxtlarda və Azərbaycanın müxtəlif bölgələrində təlxəklərə aşağıdakı adlar da
verilib.
Orta əsrlərdə hökmdarların hüzurunda məsxərə oyunları çıxarmağa, qaravəlli söyləməyə
icazəsi olan təlxək: köşk (hüzur) məsxərəbazı.
Müntəzəm oyun-tamaşalar göstərən təlxəklər: nay, dünbal, ağcadaban, axşumdal, güldürmən.
Liliput, bəstəboy saray təlxəkləri: cücə, altıqarış, qarış-saqqal, tösmərək.
Qadın paltarı geyinib oyun çıxaran təlxəklər: ayqax. Ayqax təlxəklər daha çox Naxçıvan
üçün səciyyəvidir.
Toyxanalarda, müxtəlif mərasim şənliklərinin zarafat məclislərində çıxış edən lotusayağı
oyunçu-təlxəklər: bambılı, həzal, dolabçı, yerbaz, dalqovuğ.
İnsanların fiziki eybəcərlikləri (qozbel, pəltək, taytaq və sairə) ilə oyun çıxaran təlxəklər:
kəkə (kəkov), cürə, həqqə-dağ.
Lağlağı söyləyib məsxərə çıxaran təlxəklər: alayçı, şivədar, tənnaz, şəbədəbaz, dübbə.
Küçə və meydanlarda təkbaşına oyun çıxaran, əsasən, him-cim ifaçısı olan təlxək: dəbbaz.
Bayram şənliklərində tamaşaçıları əyləndirən təlxəklər: törənçi.
Muğ və sehrbaz sənəti ilə məşğul olanlar qadaqçı adlanıblar. Sonralar peşəkar komiklər və
təlxəklər də həmin adla çağırılıblar.
Lağbaz. Ən qədim dövrlərdə yaranan, yazın gəlişi ilə bağlı olan mərasim oyunlarından biri
"Kosa-kosa"dır. Ələ salmaq, lağa qoymaq, məsxərə hədəfinə çevirmək, təhqir etmək üçün icra
olunan belə oyunların bəzisinə l a ğ o yu n u deyilib.
Orta əsrlərdə ölümə məhkum caninin, əsir alınmış düşmənin eybəcər müqəvvası düzəldilir,
tərsinə ulağın belinə qoyulur, söyüş-təhqirlərlə şəhərin gur yerlərində oyun çıxarılırdı. Mərasim hay-
küylü olur və göstərildiyi şəhərin baş meydanında tamamlanırdı. Bəzi müqəvvaları özünü görkəmcə
təhqir olunanlara bənzədən aktyor-oyunçu əvəzləyirdi. Onlara və lağ oyununun ifaçılarına da
l a ğ b a zı deyilirdi.
Lağbazın gözəl səsi, aydın diksiyası, plastik hərəkətləri ustalıqla ifa etmək bacarığı, şirin-
şəkər, duzlu, cazibəli yumor qabiliyyəti, improvizə istedadı, zəngin müşahidə duyumu olmalı idi. O,
eyni məqamda həm hönkürtü ilə ağlamağı, həm də şaqqanaq çəkib gülməyi bacaran və bu
qabiliyyətini ustalıqla tamaşaçılara çatdırmağa qabil sənətçiydi.
Hər bir oyunun mövzusuna, hadisələrin məzmununa və oyun-tamaşaların göstərildiyi ərazi-
məkana, yerli əhalinin danışıq şivəsinə uyğun olaraq lağbazı bu kimi adlarla da çağırırdılar: ş i v ə d
a r, ş i v ə b a z, a l a y ç ı, ş ə n g ü l, p a r ç a ç ı.
Dostları ilə paylaş: |