İBRAHiM HÜSEYNOV (20.10.1906 - 18.9.1961)
Təxəllüsü "Şünasi" olan İbrahim Hüseynovun yaradıcılığının əsas dövrü Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı ilə bağlıdır. Şirin və dadlı, yumorla yoğrulmuş səsi aktyorluq imkanlarını
daha da təravətləndirirdi. Bu keyfiyyət onun operetta teatrının xarakterik aktyoru kimi
formalaşmasını təminatlandırdı. Bütövlükdə isə İbrahim Şünasinin yaradıcılığının şəhdi-şirəsi milli
meydan teatrının qaravəlli oyun estetikası ilə süslənmişdi. Plastik, yumşaq, ancaq çevik səhnə
hərəkətlərinin mənalı ifadə vasitələri kimi cazibəli görünməsi ibrahim Şünasinin hələ uşaq
vaxtlarında "Zorxana" və "Hoqqa" oyunlarında iştirak etməsi ilə bağlıdır.
İbrahim Ağahüseyn oğlu Hüseynov 20 oktyabr 1906-cı ildə Bakıda doğulub. səkkiz yaşında
orta məktəbin birinci sinifinə gedib. Zirək və diribaş olan İbrahim orta məktəbin yuxarı siniflərində
oxuyanda Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinə üzv olub. 1929-cu ildə BTİT-yə aktyor
götürülüb. Teatrın ansamblında üçillik fəaliyyəti dövründə əlvan rollar oynayıb. 1933-cü il yanvar
ayının 4-də və 5-də teatrın bütün kollektivi, o cümlədən də Şünasi Gəncəyə gəliblər. İki il burada
işləyəndən sonra aktyor 1935-ci ilin iyun ayında Bakıya qayıdıb və Bakı Teatr Məktəbinə qəbul
olunub. Üç il təhsil müddətində Milli Dram Teatrının və bəzən opera teatrının tamaşalarında epizod
rollarda səhnəyə çıxıb.
1938-ci ildə müstəqil fəaliyyətə başlayan Musiqili komediya Teatrının truppasına qəbul
edilib. Musiqi yaddaşı güclü olan, rəqqaslığı bacaran, hərəkətlə oyun tərzini xoşlayan, xarakterik,
yapışıqlı, lirik tenor səsindən məharətlə istifadə edən İbrahim Şünasi operetta teatrının janr
estetikasının prinsiplərinə həssaslıqla yiyələnib. 1949-cu ilin əvvəllərində MKT fəaliyyətini
dayandırmalı olanda İbrahim Şünasi (Hüseynov) bir müddət Milli Dram Teatrının truppasında
çalışıb. Filarmoniyanın nəzdindəki operetta truppasında işləyib. 1956-cı ildə Musiqili Komediya
Teatrı bərpa olunanda yenə doğma kollektivinə qayıdıb.
Xalq yumor xəzinəsindən, karnaval estetikasının gülüş ifadə vasitələrindən bəhrələnən
İbrahim Şünasi (Hüseynov) aktyor işlədiyi MKT-nin səhnəsində Çiko ("Keto və kote" Vladimir
Dolidze), Mehman ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Mərcan bəy və
Səfi, Həsən bəy, Vəli ("Ər və arvad", "Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov),
Xacə Məsud ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə və Niyazi), Qiyas ("Beş manatlıq
gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Etibar və Azay ("Qızılgül", Məhərrəm Əlizadə
və Soltan Hacıbəyov), Məşədi Səfi, Şulu, Sandro ("Evliykən subay", "Əlli yaşında cavan" və "Aşıq
Qərib", Zülfüqar bəy Hacıbəyov), Hatəmxan ağa və Şahbaz bəy ("Dərviş Məstəli şah", Mirzə Fətəli
Axundzadə və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Fantanov, Səlyanski və Poçtalyon Tellon
("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Napoleon ("Bayadera", İmre Kalman),
Dursun ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Qoşun və Uzun ("Toy kimindir?",
Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələs-
gərov), Əmin ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi ("Rəisin arvadı",
Məhərrəm Əlizadə və Səid Rüstəmov) rollarından ibarət rəngarəng obrazlar silsiləsi yaradıb.
İbrahim Hüseynov 1943-cü il iyun ayının 17-də Azərbaycan Respublikasının əməkdar artisti
fəxri adına layiq görülüb.
Milli musiqili teatr tariximizin Dövlət mədəniyyət ocağı kimi fəaliyyətinin ilkin dövrlərində
ciddi yaradıcılıq uğurları qazanmış İbrahim Şünasi (Hüseynov) 18 sentyabr 1961-ci ildə bir neçə
günlük xəstəlikdən sonra vəfat etmişdir.
Dostları ilə paylaş: |