ZƏFƏR NEMƏTOV
(12.O7.1915- 19.11.1971)
Milli professional rejissura sənətimizin inkişaf edib formalaşmasında böyük xidmətləri olan
görkəmli səhnə xadimləri arasında əməkdar incəsənət xadimi Zəfər Nemətovun öz ləyaqətli yeri, öz
xidmətləri, öz dəsti-xətti var. Xüsusən Gənc Tamaşaçılar Teatrına böyük bir aktyor nəslinin yetişib
formalaşmasında, kollektivin yaradıcılıq simasının təkamülündə, repertuar üçün seçilən dramaların
meyarlarını genişləndirib oraya yeniyetmələr və gənclər üçün pyeslər, milli və tərcümə klassik
əsərlər daxil edilməsində o, baş rejissor kimi misilsiz işlər görüb.
Zəfər Paşa oğlu Nemətov 12 iyul 1915-ci ildə Bakıda mühəndis ailəsində anadan olub.
Uşaqlıqda mütaliəyə, ədəbiyyat və mədəniyyətə maraq göstərib. O, 37 saylı məktəbdə oxuyub. 1928
- 1929-cu illərdə Türk İşçi Uşaq Teatrı (bugünkü Gənc Tamaşaçılar Teatrı) həmin məktəbin üçüncü
mərtəbəsində yerləşirdi. Məktəbli Zəfər də öz fəaliyyətinə Lətif Kərimovun "Fırtına" pyesinin
tamaşası ilə başlamış teatrın səhnə əsərlərinə maraqla baxanlardan biri idi.
1929-cu ilin dekabrında aktyor Fazil Dadaşov Akademik Milli Dram Teatrının kütləvi
səhnələrində və epizod uşaq rollarında çıxışa cəlb etmək üçün 37 saylı məktəbə gəlmişdi. Seçilən
məktəblilərdən biri də Zəfər Nemətov oldu və o, həmin vaxtda yeddinci sinifdə oxuyurdu. Zəfər
Nemətov dərsdən sonra Fazil Dadaşovla Akademik teatra gəldi. O, bu məşhur sənət ocağında
səhnəyə ilk dəfə teatrın rejissoru Əlihüseyn Rzayevin quruluş verdiyi və premyerası 16 dekabr
1929-cu ildə göstərilən "Namus" (Aleksandr Şirvanzadə) tamaşasında çıxıb. Bununla da taleyini
ömürlük səhnəyə bağlayıb.
Milli Dram Teatrının bir neçə tamaşasında kütləvi səhnələrdə iştirak edən gənc 1931-ci ildə
Gənc Tamaşaçılar Teatrına (bu ad Türk İşçi Uşaq Teatrına 18 iyun 1936-cı ildə verilib) dəvət olunub
və aktyor truppasının yardım heyətinə qəbul edilib. Həmin ilin sentyabrında Mirzə Fətəli Axundzadə
adına Azərbaycan Dövlət Teatr Məktəbinin (Texnikumunun) aktyorluq fakültəsində təhsil almağa
başlayıb. Səhnə danışığı müəllimi Abbasmirzə Şərifzadə ilə ata-bala münasibətləri yaranıb.
Təhsillə bağlı müvəqqəti olaraq teatrdan aralanan Zəfər Nemətov 1933-cü ildə atası Paşa
bəyi itirdiyinə görə ailənin böyük övladı kimi bütün ağırlıq onun üzərinə düşüb. Onda kiçik qardaşı
Hacıağa musiqi məktəbində oxuyurdu və anası Mirxanım xanım evdar qadın idi. Hər cür ağırlığa və
məhrumiyyətlərə sinə gərərək gənc Zəfər həm başqa işdə çalışıb, həm oxuyub, həm də Gənc
Tamaşaçılar Teatrında (GTT) səhnəyə çıxmağa macal tapıb. Onun işgüzarlığını, iti ağlını, məntiqi
düşüncə tərzini, obrazlı fikirləşmək qabiliyyətini görən teatrın rejissorları Aleksandr Tuqanov və
Məhərrəm Haşımov 1930-cu illərin ikinci yarısından başlayaraq gənc aktyoru rejissor assistenti kimi
də işə cəlb ediblər. Zəfər Paşa oğlu Jan Batist Molyerin "Zorən təbib", Abdulla Şaiqin "E1 oğlu",
Fridrix Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" əsərlərinin tamaşalarının hazırlanmasında
müəyyən rejissorluq təcrübəsi toplayıb.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda könüllü şəkildə faşist işğalçıları ilə döyüşə
yollanıb. Bir il sonra ağır yara alaraq ordudan tərxis olunub və yenidən doğma kollektivdə səhnənin
sehrli və cazibəli qoynuna atılıb, böyük eh-tiras və məhəbbətlə rejissorluq sənəti yollarında
axtarışlara başlayıb. 1943-cü ilin yanvar ayında Zəfər Nemətovun ilk müstəqil quruluşu "Məlik
Məmməd" (Əyyub Abbasov) nağıl-tamaşasının premyerası göstərilib. Tamaşanın bədii tərtibatını
rəssam Həsən Mustafayev vermişdi və musiqisini bəstəkar Cahangir Cahangirov yazmışdı.
Zəfər Nemətov 1948-ci ildə altı ay Moskvada və 1950-ci ildə Leninqradda (indiki Peterburq)
Gənc Tamaşaçılar Teatrında xüsusi rejissor təcrübəsi keçib. Bundan sonra o, quruluş verdiyi
tamaşalarda peşəkarlıq səviyyəsinə, janr əlvanlığına xüsusi diqqət yetirib və doğma teatrda cəsarətlə,
zəngin fantaziya, qanadlı təxəyyül ilə yeni rejissor üslubunu formalaşdırmağa başlayıb.
Aktyor kimi fəaliyyət göstərdiyi, hətta rejissor assissenti işlədiyi ilk illərdə Zəfər Nemətov
bir sıra kiçik, epizod və iri həcmli rollarda səhnəyə çıxmışdır. Onun ifa etdiyi obrazları arasında
Petra Andropov ("Seryoja Streltsov", Valentina Lyubimova), Moqileviç ("Çelyuskinçilər",
Əliməmməd Atayev və Əli Həsənov), Pioner ("Küçələrdə", Cəfər Cəfərov və Şamil Məlikyeqanov),
kiçik zabit və İsmayıl ("Partizan Məmməd", Sabit Rəhman və Ədil İsgəndərov), Mürsəl ("Xasay",
Abdulla Şaiq), Vəfa ("Arsenal", Qurban Musayev), Fuad ("Ramiz", Əbil Yusifov), Tapdıq ("Azad",
Əyyub Abbasov) rolları bədii dəyərinə, aktyor oyununun peşəkarlıq səviyyələrinə görə daha
yaddaqalandır.
Sözsüz ki, Zəfər Nemətovun adı milli teatr tariximizdə ilk növbədə rejissor kimi əbədiləşib,
rejissor-pedaqoq kimi şöhrətlənib. Eyni zamanda o, məşhur teatr xadimi olub, ömrünün sonuna kimi
Azərbaycan Teatr Cəmiyyəti (bugünkü Te-atr Xadimləri İttifaqı) sədri Mustafa Mərdanovun
müavini işləyib. Hazırda ATXİ-nin və Aktyor Evinin yerləşdiyi dörd-mərtəbəli bina məhz Mustafa
Mərdanovla Zəfər Nemətovun fədakarlıqları ilə tikilib.
Zəfər Nemətov 1945 - 1948-ci illərdə səriştəli rejissor kimi vaxtaşırı Qaryagin (indiki
Füzuli), Şamaxı, Şəmkir, Göyçay dövlət teatrlarına yaradıcılıq yardımı göstərməyə göndərilib.
1954-cü ildə o, Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin olunub və 1970-ci ilə kimi həmin
vəzifədə çalışıb. Baş rejissorluq dövründə həm bütövlükdə sənət ocağının fəaliyyət istiqamətini
müəyyənləşdirmək, yeni aktyor nəsilini yetişdi-mək, repertuar siyasətini çağdaş estetik tələblərə
uyğun qurmaq yolunda böyük işlər görüb, səmərəli islahatlar aparıb, həm də orijinal və maraqlı
tamaşalar hazırlayıb. Özü də teatrın hər iki bölməsində quruluşlar verib.
Gənc Tamaşaçılar Teatrının Azərbaycan bölməsində Zəfər Nemətovun hazırladığı tamaşalar.
1947. "Xüsusi tapşırıq", Sergey Mixalkov. Tərcümə edənləri Yusif Əzimzadə və
Məmmədsadıq Allahverdiyev. "Odlar içində", Əbil Yusifov.
1948. "Kə1ək1ə gələn küləklə gedər", Boris Qamrekeli və Georgi Naxutsrişvili. "Bahar
nəğməsi", Əyyub Abbasov.
1949. "Qaraca qız", Abdulla Şaiq, Süleyman Sani Axundovun eyniadlı povesti əsasında.
"Yaşıl sandıqca", İvan Vasilenko. Tərcümə edəni Abdulla Şaiq.
1950. "Polad necə bərkidi", Nikolay Ostrovski. "Düşmənlər içində", Novruz Gəncəli.
1951. "Qarlar Kraliçası", Yevgeni Şvarts.
1952. "Tamahkar", Süleyman Sani Axundov və "Qastello", İsidor Ştok. Tərcümə edəni
Mehdi Məmmədov. "Turp", Pavel Malyarevski. Tərcümə edəni Mustafa Mərdanov.
1953. "Gülşən", Əli Vəliyevin eyniadlı romanı əsasında səhnələşdirəni Ağəli Dadaşov.
"Meşə gölünün sahilində", Sezar Solodar. Tərcümə edəni Ələsgər Şərifov.
1954. "Yaşar", Cəfər Cabbarlı.
1957. "Anacan", Yusif Əzimzadə. Rejissor Kərim Həsənovla birlikdə hazırlayıb. "Gülən
gözlər", Məmmədhüseyn Təhmasib. Rejissor Ulduz Rəfili ilə birlikdə hazırlayıb.
1958. "Bir saat xəlifəlik", Abdulla Şaiq.
1959. "Göyərçinlər", Tələt Əyyubov.
1960. "İki həyat", Rauf İsmayılov.
1961. 21 mart. "Komsomol poeması", İsgəndər Coşqun.
1963, 2 mart. "Əlvida, Hindistan!", Qeybulla Rəsulov.
1963, 11 mart. "Tü1kü məhkəməyə gedir", İsgəndər Coşqun.
1964, 1 fevral. "Ürək yanarsa...", Teymur Məmmədov.
1966, 3 noyabr. "Romeo və Cülyetta", Vilyam Şekspir. Tərcümə edəni Tələt Əyyubov.
1967, 25 iyun. "Nəsillər", Qeybulla Rəsulov.
1969, 19 oktyabr. "Oğlum Volodya", Yuri Yakovlev.
1971, 28 dekabr. "Tülkü məhkəməyə gedir", İsgəndər Coşqun.
Sənətkar "Tülkü məhkəməyə gedir" pyesini tamaşaya hazırladı, ancaq əsərin tamaşasının
premyerasını görmək ona nəsib olmadı.
Zəfər Nemətovun Gənc Tamaşaçılar Teatrının rus bölməsində quruluş verdiyi daha maraqlı
tamaşalar: "Müfəttiş", (Nikolay Qoqol), "Sənin evin", (Valentina Lyubimova), "Qürur məktəbi",
(Valentina Lyubimova), "Yaşıl sandıqça", (İvan Vasilenko), "Qarlar Kraliçası", (Yevgeni Şvarts),
"Meşə kənarında göl", (Sezar Solodar), "İyirmi ildən sonra", (Mixail Svetlov), "Polad Üzük",
(Konstantin Paustovski), "Qırmızı şeytan balaları", (V.Serebyakov), "Zorən təbib", (Jan Batist
Molyer), "Kasıblıq eyib deyil", (Aleksandr Ostrovski), "Afrikadan gələn zərf", (Lyubomir Qarabin),
"Bütün bunlar sadəcə işlər deyil", (Gennadi Şmelyov), "Dəhşətli bir gün", (Yuri Sotnik), "Onlar və
biz", (Nina Dolinina), "Zoluşka", (Qabbe), "Alyonanın çiçəkləri", (M. Kornouxov və L.Brasueviç).
Azərbaycan teatr tarixinin inkişafındakı xidmətlərinə və rejissor yaradıcılığında əldə etdiyi
nailiyyətlərə görə Zəfər Paşa oğlu Nemətov 1954-cü il fevral ayının 27-də Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Görkəmli sənətkar 1971-ci il noyabr ayının 19-da Bakı-da vəfat edib. Məzarı ikinci Fəxri
xiyabandadır.
Zəfər Nemətov rejissorluq fəaliyyəti ilə yanaşı, 1951-ci ildən Asəf Zeynallı adına musiqi
məktəbinin o vaxt mövcud olan opera sinifində rejissorluqdan dərs demişdir. Onun buraxılış kursu
tələbələri ilə hazırladığı "Arşın mal alan" operettası Opera və Balet Teatrı binasında böyük uğurla
oynanmışdır.
Zəfər Nemətovun rəngarəng yaradıcılığının başlıca xüsusiyyətlərini rənglər palitrasma
düzsək aşağıdakı səciyyələr daha parlaq və daha aydın görünər.
Zəfər Nemətovun tamaşaları janr etibarilə son dərəcə əlvandır.
Zəfər Nemətovun quruluş verdiyi tamaşalarda əyləncə, tərbiyə, sevinc, bayram ovqatı,
düşüncə dərinliyi, nağıl sehrli... peşəkarlıqla səhnə təcəssümü tapır, poetik ahəngdarlıqla vəhdətdə
olurdu.
Zəfər Nemətov komediyanı necə təravətlə, qəhrəmanlıq dramını necə poetik vüsətlə, çağdaş
əsərləri necə psixoloji dərinliklə tamaşaya hazırlayırdısa, eyni təravətlə və monumental
cazibədarlıqla da klassiklərə səhnə təcəssümü verirdi.
Zəfər Nemətov teatra yeni-yeni dramaturqların cəlb olunmasında səylə çalışır, cəsarətlə
sınaqlar aparınaqdan çəkınınirdi.
Zəfər Nemətov həm uşaqların maraq dairəsmi dərindən bilir, həm yeniyetmələrin zövq və
psixoloji dəyişmələrini həssaslıqla duyur, həm də gənclərin və orta nəsilin nəzəri-estetik
görüşlərinin formalaşmasını, zövq və tələblərini psixoloq həssaslığı ilə duyurdu.
Zəfər Nemətov mətin xarakterli olduğu qədər də səmimi və mehriban idi. Bu səmimiyyət
onun quruluş verdiyi bütün tamaşaların ruhuna hopmuşdu.
Zəfər Nemətov tamaşalarının obrazlı həllinə xüsusi fikir verirdi. Bu baxımdan onun
rəssamlardan Sadıq Şərifzadə, Altay Səidov, Fuad Xəlilov və Nikolay Ovçinnikovla işləri bədii
bütövlüyü ilə seçilirdi.
Zəfər Nemətov öz tamaşalarında musiqidən geniş istifadə edir və bəstəkar işini səhnə
əsərinin ayrılmaz, "obrazı" kimi həll edirdi. Xüsusilə Cahangir Cahangirovla, Tofiq Quliyevlə, Zakir
Bağırovla müştərək işləri daha ritmık, coşqun və dərin mənalı idi...
Dostları ilə paylaş: |