Şakir Musayev
170
Şübhəli (təqsirləndirilən)
şəxsə verilən başqa suallar
zərərçəkmişin hadisədən əvvəl və sonrakı davranışına aid ola bilər - o
müqavimət göstərmişdirmi, sərbəst hərəkətlər etmişdirmi,
zərərçəkmişə kömək göstərilmişdirmi və konkret olaraq bu kömək
nədən ibarət idi, orqanizmin bu və ya digər funksiyalarının
pozulmasına, ölüm prosesinin gedişinə və ölümün baş vermə tempinə
dəlalət edən vəziyyətlər, yerişində, hərəkət aktivliyində, bədənin dəri
örtüyünün rəngində dəyişiklik, qanaxma, qusma, iradəsiz sidik
buraxma müşahidə edilmişdirmi. Şübhəli şəxsin dindirilməsi yolu ilə
cinayətin törənmə şəraiti və şərtləri, izlərin gizlədilmə üsulu və
yerinin xüsusiyyətləri dəqiqləşdirilə bilər. Qoyulan suallara cavab
üçün ekspertə dindirilən şəxsin peşəsi, məişət və istehsalatda onun
hansı təcrübi bacarıqlara malik olması, sağlamlıq vəziyyəti və normal
fiziki inkişafında hər-hansı qüsurların olması haqda məlumatlar və s.
lazım ola bilər.
Məhkəmə-tibb eksperti bilməlidir ki, ifadənin verilməsi
prosessual hüquqdur və şübhəli şəxsin vəzifəsi deyil. Şübhəli şəxs
ifadə verməkdən imtina etməyə görə və ya yalan ifadə verməsinə
görə məsuliyyət daşımır. Ekspert göstərilən halları şübhəli şəxsin
ifadəsinin qiymətləndirilməsində nəzərə almalıdır.
İlkin tədqiqat və məhkəmə istintaqı, bir qayda olaraq, hadisələri
və onun nəticələrini görən - şahidlərin dindirilməsi olmadan ötüşmür.
Cinayət prosesi iştirakçılarının bu kateqoriyası dindirilmədə
məhkəmə-tibb eksperti üçün vacib olan aşağıdakı məlumatları verir:
-- zərərçəkmişin, meyitin və ya digər izlərin aşkar olunma şəraiti
və şərtləri haqqında - aşkar olunmanın tarixi və vaxtı, yerin
xarakteristikası (yaşayış evi, meşə, iş yeri və s.), aşkar olunma anında
hava şəraiti (temperatur, yağıntı, rütubət, günəş şüalarının düşməsinə
imkan və s.), zərərçəkmişin və meyitin pozası və vəziyyəti, digər
izlərin yerləşməsi (əgər əməliyyat-istintaq qrupu gəlməmişdən qabaq
onlar dəyişdirilməmişdirsə), izlərin və əşyaların, o cümlədən, güman
olunan cinayət alətinin qarşılıqlı vəziyyəti, aşkar olunan yerdə
şəraitin dəyişməsi (kim tərəfindən, nə vaxt, nə məqsədlə
dəyişdirilmişdir);
|