Şakir Musayev
174
8.5. Dindirilmədə ekspertin (mütəxəssisin)
fəaliyyətinin təşkili və məzmunu.
Dindirilmənin vaxtı, yeri və keçirilmə qaydası müstəntiq
tərəfindən müəyyən edilir və ekspertin istintaq hərəkətində iştirakı
nəzərdə tutulursa, bütün sualları onunla razılaşdırır. Hər bir konkret
halda müstəntiq istintaq edilən cinayətin növünə, prosessual hərəkətin
məqsədinə və mütəxəssisin vəzifələrinə, güman edilən istintaq
variantlarına, dindirilən şəxsin mövqeyinə və s. əsaslanır.
Dindirilmədən əvvəl müstəntiq mütəxəssisin şəxsiyyətini və
səlahiyyətliliyini təyin etməli, onun dindirilənə qarşı şəxsi
münasibətini aydınlaşdırmalı, dindirilmədə işin bütün halları və
dindirilmənin predmeti haqda məlumatlandırılmış ekspertin iştirakını
dindirilən şəxsə açıqlamalıdır. Mütəxəssisə isə onun hüquqları,
vəzifələri və onları yerinə yetirməkdən imtina etməsinə görə
məsuliyyət daşıması izah edilir və dindirilmə protokolunda müvafiq
qeydlər edilir.
Dindirilmə bir qayda olaraq, şəxsin hadisənin ona məlum olan
halları barədə, törədilməsində şübhəli bilindiyi cinayət haqda, yaxud
ona irəli sürülən ittihamnamənin mahiyyəti üzrə sərbəst məlumat
verməyi ilə başlayır. Zərurət yarandıqda, müstəntiq şərh olunmuş
məlumatlara aid və dindirilənin verdiyi ifadələrdə aydın olmayan
hallar barədə bir sıra dəqiqləşdirici, əlavə və yoxlayıcı suallar verir.
Dindirilmədə iştirak edən məhkəmə-tibbi ekspertinə bu
taktikadan istifadə etmək məsləhətdir - əvvəlcə ifadələri dinləmək,
sonra onları dəqiqləşdirmək və ya konkretləşdirmək üçün əlavə
suallar verməyə cəhd etmək. Dindirilmənin gedişində dindirilən şəxsə
dəqiqləşdirici suallar verməyə və ya bəzi halların işin mahiyyətinə
aid olmamasını başa salmağa yol verilir.
Ekspert dindirilən şəxsə sualları ancaq müstəntiq, məhkəmə
vasitəsi ilə və ya onların icazəsi ilə verə bilər. Müstəntiqin icazəsi
olmadan dindirilmənin gedişinə müdaxilə etmək ciddi taktiki səhv
kimi baxılmalıdır.
|