Şakir Musayev
294
Nümunələr təmiz şüşə bankalara yığılır, ağzı qapanır. Tətbiq olunan
məqsəd və metodlara görə torpaq çox və ya az götürülə bilər.
Torpaq və bitki nümunələrinin, meyit və onun tapıldığı yerin
faunası ilə birlikdə yığılması ölümün baş vermə müddətinin, meyitin
göstərildiyi yerdə qalma müddətinin təyini üçün birlikdə entomoloji
müayinəsi məqsədəuyğundur. Torpaq nümunəsi meyitin tonqalda
tapıldığı və külün götürülməsi zamanı da götürülə bilər. Bu zaman
torpaq səthindən 2-3 nümunə və tonqalın ətrafından torpaq nümunəsi
götürülür.
Meyitin yandırılması üçün istifadə olunan yanacaq qalmışsa,
onun hər növündən (benzin, mazut, odun, kömür, torf və s.) 100 q-
dan az olmayaraq götürülməlidir.
Eksperimental nümunələr ekspert eksperimenti zamanı məhkəmə
tibbi ekspertizanın icra olunması gedişində alınır. Məhkəmə tibbi
ekspertiza obyektlərinin müqayisə olunması, onların identifikasiyası,
o cümlədən eksperimental nümunələrin alınıb istifadə olunmasının
ümumi prosessual təşkili və nəzəri qaydaları xüsusi rəhbərliklərdə öz
əksini tapmışdır («İti alətlərlə zədələnmələrin məhkəmə tibbi
trassoloji məsələləri», 1998; «İti alətlərlə zədələnmələrin tibbi
kriminalistik aspektləri», 1999; «Zədələrin morfoloji əlamətlərinin
qrafik kodlaşdırılması», 1999; «Məhkəmə təbabəti», dərslik, 2006
Ş.M.Musayev;).
Eksperimental nümunələrin alınmasının əsas qaydası obyektin
özünün alınmasına maksimal uyğun olan izin qoyulmasını
yaratmaqdır. Ekspert tərəfindən müqayisə nümunələrinin alınması
tədqiq olunan cinayətlərdə iz qoyma mexanizmini həmişə təmin
etmir. Bu daha çox dinamik izlərə aiddir. Çünki bunlar zədə alətinin
quruluşunu əks etdirməklə bərabər həmçinin cinayətkarın vərdişlərini
də göstərə bilər. Bu mənada hərəkətin dinamik sterotipini nəzərə
almaqla şübhəli şəxsin (təqsirləndirilən şəxsin) eksperimental
zədələrin alınmasında iştirakı tələb oluna bilər. Prosessual normalara
görə bu istintaq eksperimenti zamanı mümkündür. Əlbəttə, bu halda
şübhəli şəxs və ya təqsirləndirilən şəxsə qarşı məcburi hərəkətlər
etmək olmaz. Belə hal eksperimentin nəticəsinə mənfi təsir göstərə
bilər. Məhkəmə tibb ekspertinin əsas rolu əvvəl aparılmış ekspert
|