Maddə 262. İstintaq eksperimenti
262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər
tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək
məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə
müstəntiq istintaq eksperimenti apara bilər.
262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan
istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək
hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə
müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq
eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə,
müstəntiq onun bu hüququnu təmin etməlidir.
262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin
aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər
şəxslər iştirak edirlər.
|