lənmir. Lakin türk dilinin ağızlarında bu sözlərə təsadüf olunur:
bildir sözünə “keçən il” mənasında Afyon ağzında; Bolu ağzında;
Qars ağzında; Adana ağzında (120); sancaq sözünə isə “başa sanc-
maq üçün adi və ya qiymətli metaldan düzələn müxtəlif ölçülü və
formalı qadın bəzəyi” mənasında Qars ağzında təsadüf olunur: İki üç sancah al, başıma sancajam (125). A.B.Ercilasun Qars bölgəsi
ağızlarını həm etnik, həm də dialektik baxımdan Azərbaycanı Tür-
kiyəyə bağlayan halqa adlandırır. Bu halqanın bir ucunun Ərzurum,
Çoruh və Orta Anadoluya, digər ucunun Bakı, Naxçıvan, İrəvan, Ağ-
baba, Axılkələk, Tibilisi, Qazax, Borçalı və Axısqaya qədər uzandı-
ğını qeyd edir (76, 145).
Azərbaycan dili dialektlərini tədqiq etdiyimiz zaman dilimiz-
də mövcud olan türk mənşəli və alınma sözlərin bəzilərinə müasir
türk ədəbi dilində gördüyümüz kimi eyni və ya fərqli mənalarda bu
gün də təsadüf olunur. Ortaq türkcə sözlərə isə ümumi kontekstdən
yanaşmaq daha məqsədə uyğundur. Fikrimizcə, oğuz-səlcuq mən-
şəli bu sözləri Azərbaycan və ya türk dillərinə xas sözlər adlandıra
bilmərik. Necə ki, K.M.Musayev qeyd edir: “Əsl türk dialekt leksika-
sında, ümumxalq və ədəbi dildə olmayan sözlərin bir qismi mənşə
etibarı ilə milli söz ehtiyatlarından təşkil olunur, bunlar da ya leksi-
kanın qədim qatlarına aiddir, ya dialektin özündə müstəqil şəkildə
əmələ gəlmiş, ya da qonşu-qohum dillərin alınmalarından ibarətdir”
(113, 39). Müəllifin fikrincə, belə sözlərin ayırd edilməsi müəyyən
çətinliklər yaradır. Belə ki, bu dialekt leksikasının digər hissəsini bir
qayda olaraq alınmalar təşkil edir. Bu sözlər ya qohum olmayan
qonşu dillər, ya da qonşu olan qohum dillər vasitəsi ilə bu dilə keç-
mişdir (113, 39). Müəllif daha sonra qeyd edir ki, bir çox hallarda
türk dillərinin qarşılıqlı təsir imkanlarının müəyyən edilməsində
dialekt daşıyıcılarının bir-birilə əlaqələndirilməsinin konkret tari-
xi faktlarını təsbit etmək çox çətindir (və ya mümkün deyildir). Bu
da mövcud əlaqələrin xronoloji sərhədlərini müəyyənləşdirməyə
və əlaqəyə girmiş dillərin qarşılıqlı təsir prosesini təqib etməyə im-
kan vermir. Bu səbəbdən mütəxəssislər tarixən bir-birlərilə qar-
şılıqlı əlaqədə olan dillərdə yalnız ortaq elementlərin mövcudluğu
faktlarını təsdiq etmək məcburiyyətində qalırlar (113, 40).