4.4. Yabanı meyvələrdən səmərəli istifadə
Yuxarıdan göründüyü kimi, Azərbaycan yabanı meyvə-giləmeyvə ilə
zəngindir və bunlar sənaye üçün qiymətli xammal hesab edilir. Lakin yabanı
meyvə-giləmeyvələrdən istifadə olunması lazımi səviyyədə deyildir. Bu sahədə
çatışmazlıqlar, əsasən aşağıdakılardan ibarətdir.
Əvvəla, Azərbaycanın iqtisadi rayonları və eləcə də ayrı-ayrı rayonlar üzrə
yabanı meyvə-giləmeyvələrin real ehtiyatı bu vaxta qədər dəqiq öyrənilib müəyyən
edilməmişdir. Yabanı meyvə-giləmeyvələrdən səmərəli istifadə olunmasının əsas
mərhələsi buradan başlanmalıdır. Bu və ya digər meyvə-giləmeyvə üzrə təbii
ehtiyat müəyyən edilərsə, qalan məsələlər buna əsasən planlaşdırılar və yerinə
yetirilər.
Yabanı meyvə-giləmeyvələrin vaxtlı-vaxtında tədarükünü təşkil etmək vacib
məsələlərdən biridir. Bu sahədə ayrı-ayrı meyvə-giləmeyvələrin yetişmə müddətini
düzgün bilmək lazımdır. Tədarük üçün yerli əhali (əsasən bu və ya digər təşkilatda
işləməyən) və məktəblilər cəlb edilməlidir. Şübhə yoxdur ki, məktəblilərin yabanı
168
meyvə-giləmeyvə tədarükü işinə müəllimlər (əsasən təbiət-botanika müəllimləri)
rəhbərlik etməlidirlər.
Toplanılmış meyvələr vaxtında tədarük müəssisələrinə və ya da uyğun emal
müəssisələrinə təhvil verilməlidir. Tədarük edilən meyvələr yuxarıda qeyd
etdiyimiz bir çox yeyinti məhsullarının istehsalına sərf edilir. Əgər bu və ya digər
meyvə-giləmeyvənin ayrı-ayrı illərdə məhsulu az olarsa, onların sənaye üçün
tədarükü iqtisadi cəhətdən səmərəli olmayacaqdır. Lakin Azərbaycanın
meşələrində, dağətəyi sahələrdə, çay kənarlarında çoxlu yabanı meyvə-giləmeyvə
bitdiyindən hər il müxtəlif növ meyvə toplamaq olar.
Azərbaycanda yabanı meyvələrdən ən çox ehtiyatı olanı meşə alması, meşə
armudu, əzgil, yemişan, böyürtkən, zirinc, alça, göyəm, zoğal, itburnu, tut, xırnik,
çaytikanı, meşə çiyələyi, yabanı nar, fındıq, qoz, şabalıd, fıstıq və başqalarıdır.
Bunlar yerli sənaye müəssisələri üçün qiymətli xammaldır. Bu meyvə-
giləmeyvələrin tədarükünü planlı təşkil etməklə bərabər, onlardan istifadə də
səmərəli təşkil olunmalıdır. Bu sahədə dərin elmi-tədqiqat işləri aparılmalıdır.
Məhsulların müvafiq emalı, bu zaman baş verən kəmiyyət və keyfiyyət
dəyişmələri, yeni-yeni məhsul çeşidinin alınması texnologiyasının işlənib
hazırlanması və nəhayət xammal mənbələrinin aşkar edilməsi məsələləri elmi
cəhətdən əsaslandırılmalıdır. Bütün bunları həyata keçirmək üçün yabanı meyvə-
giləmeyvələr hərtərəfli öyrənilməli və onlardan səmərəli istifadə yolları
göstərilməlidir. Eyni zamanda çalışmaq lazımdır ki, tədarük edilən meyvə-
giləmeyvələrdən tam istifadə edilsin. Məsələn, almadan şirə alındıqdan sonra yerdə
qalan qabıq və tumlardan texniki məqsədlər üçün istifadə etmək olar. Bu məqsədlə
meyvələrin çəyirdəyindən yağ, qabığından pektinli maddə və başqa texniki məhsul
alınması təşkil edilməlidir.
Yabanı meyvə-giləmeyvələrdən səmərəli və kompleks istifadə etməklə
onların emalından alınan yeyinti məhsullarının çeşidini və miqdarını artırmaq olar.
Ona görə də yabanı meyvə-giləmeyvələrin tədarükü və emalı işi planlı və
məqsədəuyğun şəkildə aparılmalıdır.
169
Bu sahədə əsas məsələlərdən biri də mövcud meyvə-giləmeyvə sahələrinin
genişləndirilməsindən ibarətdir. Yeni meşəliklər salarkən yabanı meyvə-giləmeyvə
ağac və kollarını daha çox əkmək lazımdır. Kürqırağı tuqay meşələrində isə yabanı
meyvə ağaclarına mədəni sortları calaq etməklə yüksək keyfiyyətli məhsul əldə
etmək mümkündür. Yabanı meyvə-giləmeyvələr seleksiya işi üçün çox qiymətli
hesab edilir. Məhz onlardan seleksiyaçılar çətin işləri yerinə yetirmək üçün istifadə
edirlər. Məsələn, bəzi meyvələrin şimalda və ya cənubda iqlimləşdirilməsi,
müxtəlif xəstəliklərə və ziyanvericilərə davamlı sortlar yaradılması və s.
Ümumiyyələ, Azərbaycan ərazisində yetişən yabanı meyvə-giləmeyvələr
hərtərəfli öyrənilməli, onlardan səmərəli istifadənin yolları aşkara çıxarılmalı,
həmin meyvələrdən alınan yeyinti məhsullarının çeşidi genişləndirilməli və
keyfiyyəti yaxşılaşdırılmalıdır.
174
V FƏSIL. MEYVƏ VƏ TƏRƏVƏZIN YIĞILMASI,
ƏMTƏƏ EMALI VƏ DAŞINMASI
5.1. Meyvə və tərəvəzin yetişməsi
Meyvə və tərəvəzin yetişməsi zamanı onların tərkibində dərin biokimyəvi
proseslər gedir. Bu proseslər nəticəsində meyvənin kimyəvi tərkibi və fiziki
xassələri dəyişir, botaniki sorta uyğun forma, ölçü, rəng, konsistensiya, dad və ətir
kəsb edir. Yetişmə dövründə baş verən biokimyəvi dəyişikliklər meyvə-tərəvəzin
keyfiyyətinə yaxşı və ya pis təsir göstərə bilər.
Yetişmə zamanı meyvənin kütləsi artır, ölçüsü iriləşir. Bu proses bioloji
hadisədir. Çünki yetişmə dövründə hüceyrələr bölünür, artır və hüceyrəarası
boşluqlarda qida maddələri toplanır. Ayrı-aryı meyvə və tərəvəz növlərində
yetişmə bir neçə gündən (xiyar, çiyələk, moruq) bir neçə aya qədər (alma, armud,
üzüm, qabaq) davam edir. Bəzi növlər (gilas, albalı, badımcan, xiyar) yalnız
ağacda (və ya tağda) yetişir. Bunlar dərildikdən sonra yetişmə prosesi dayanır. Bir
çox meyvə və tərəvəzlər isə (pomidor, qovun, alma və armudun gec yetişən
sortları) dərildikdən sonra saxlanılma zamanı da yetişə bilirlər.
Müəyyən edilmişdir ki, qış alması ağacda yetişdikdə onun karbohidratları
5%-dən 12%-ə qədər artır, turşuluğu isə 1%-dən 0,3%-ə qədər azalır. Yetişmə
dövründə nişastanın miqdarı əvvəlcə 4,8%-dən 5,8%-ə qədər yüksəlib yetişmənin
sonuna doğru 1,5-2,0%-ə düşür.
Yetişmə dövründə aşı maddələri miqdarca azalır. Bu, meyvələrin
büzüşdürücü xassəsini də azaldır. Həll olunmayan protopektin həll olunan pektinə
çevrilir. Yetişmənin ilk dövründə meyvənin tərkibində olan suyun miqdarı artır,
son mərhələdə isə bir qədər azalır. Suyun azalması qidalı maddələrin maksimum
miqdara çatması ilə müşayiət olunur.
Renklod gavalısında aparılmış tədqiqat göstərmişdir ki, yetişmənin ilk
dövründə meyvədə fruktoza və qlükozanın, ikinci mərhələdə isə saxarozanın
miqdarı artır. Həmin dövrdə üzvi turşular və protopektin miqdarca azalır.
175
Yetişmənin ilk dövründə meyvə iriləşir, lakin sonradan onun tərkibində keyfiyyət
dəyişiklikləri gedir. Yetişmənin ikinci mərhələsində meyvənin həcmi çox az
dəyişir və yaxud heç dəyişmir, lakin kütləsi artır.
Üzümün yetişməsinin ilk mərhələsində gilələr iriləşir, ikinci mərhələdə isə
onların ölçüsü dəyişmir, lakin kütləsi (şəkərin toplanması hesabına) artır.
Yetişməmiş üzümdə 1%-ə qədər şəkər olur. Yetişmənin sonunda isə şəkərin
miqdarı 21-25%-ə çatır. Eyni zamanda fruktoza və qlükozanın miqdarı
bərabərləşir. Üzümün turşuluğu əvvəlcə 2,6%-dən 3,36%-ə artır, yetişmənin
sonunda isə 0,65%-ə qədər azalır. Turşuların keyfiyyət tərkibində də dəyişikliklər
gedir.
Köküyumruların və kökümeyvəlilərin tərkibində yetişmə zamanı suyun
miqdarı azalır. Yerkökünün tərkibində şəkər 1,2%-dən 7,4%-ə qədər, karotin 2,0
mq%-dən 11,4 mq%-ə qədər artır.
Yetişmə dövründə kartofda nişasta və C vitamini artır.
Yetişmə dövründə boya maddələrinin keyfiyyət tərkibi dəyişir. Pomidorda
karotin və likopinin miqdarı artır. Bəzi növlərdə xlorofil piqmenti azalır. Bu proses
meyvə-tərəvəzlərdə karotinoidlərin, antosianların, flavanoidlərin sintezi ilə yanaşı
gedir. Yetişmənin son dövründə (ədviyyəli bitkilərdə isə çiçəkləmə dövründə)
onlarda ətirverici maddələrin miqdarı maksimuma çatır.
Meyvə-tərəvəzin yetişməsi zamanı kimyəvi tərkibində gedən dəyişikliklərin
öyrənilməsi, məhsulun yığımının, saxlanılması və eləcə də emalının optimal
müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir.
176
5.2. Meyvə və tərəvəzin yığılması
Müasir kənd təsərrüfatı istehsalında meyvə və tərəvəz məhsullarını, əsasən
maşınla yığırlar. Həmin maşınların miqdarı ilbəil artır və iş rejimi təkmilləşdirilir.
Lakin hələlik meyvə-tərəvəzin əl ilə yığılıb çeşidlənməsi geniş tətbiq edilir.
Yığım və emal maşınlarının quruluşu yığılacaq məhsulun bioloji xassələrinə
görə müəyyən edilir. Bu zaman meyvə-tərəvəzin mexaniki quruluş xassələri,
toxumaların sıxlığı, meyvə-tərəvəzin sıxılmaya müqaviməti, sürtünmə və s. nəzərə
alınır.
Qeyd etmək lazımdır ki, maşınla yığımda mexaniki zədələnmə halları
çoxalır. Ona görə də mövcud maşınların yeniləşdirilməsinin, maşınla yığmaq üçün
yeni perspektiv meyvə-tərəvəz sortlarının seçilib becərilməsinin və eləcə də yeni
konstruksiyalı maşınlar yaradılmasının böyük əhəmiyyəti vardır.
Yığım və çeşidləmə zamanı məhsulun keyfiyyətinə təsir edən əsas amillər
tətbiq olunan maşının quruluşu və optimal yararlılığı, temperatur, çeşidləmə
müddəti və eləcə də yığımın dövrü və müddətidir.
Meyvə və tərəvəz məhsulları tarlada, həm də xüsusi məntəqələrdə çeşidlənir.
Bu işin vaxtlı-vaxtında və düzgün texnoloji qaydada aparılması mühüm
əhəmiyyətə malikdir. Məsələn, kartofu yığdıqdan sonra çeşidlədikdə, əgər
temperatur 10-15
0
C olarsa, başqa şərtlər eyni olduqda 0
0
C-də çeşidləməyə nisbətən
yumruların zədələnməsi 2-3 dəfə artır.
Yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü
müəyyənləşdirilərkən dərildikdən sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə
alınmalıdır.
Meyvə-tərəvəzçilikdə 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bitkilərin
məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım
(yetişmə) dövrləri aşağıdakılardır:
177
1. Istehlak üçün yığım dövrü. Bu dövrdə yığılan meyvə və tərəvəz xarici
görünüşünə, ətrinə, dadına və konsistensiyasına görə maksimum keyfiyyətə malik
olmalı, həmçinin forması, rəngi və ölçüsü sorta uyğun olmalıdır. Bu dövrdə
dərildikdən sonra yetişə bilməyən meyvələri və yeyilməyə yararlı tərəvəzi yığırlar.
2. Adi yığım dövrü. Bu dövrdə yığılan meyvə-tərəvəzin tərkibində qidalı və
dadlı maddələrin əksəriyyəti toplanır. Barın forma və ölçüsü müvafiq sorta uyğun
olur. Lakin meyvənin keyfiyyəti (dadı, iyi, onun tərkibində şəkərlərin miqdarı,
konsistensiyası və s.) tamamilə formalaşmır. Bu dövrdə alma və armudun payız və
qış sortları, sitrus meyvələri, pomidor, qovun və s. meyvə-tərəvəz məhsulları
yığılır. Saxlanılma zamanı bu meyvələrdə yetişmə davam edir və istehlak dəyərinə
malik olurlar. Bununla yanaşı, qeyd etməliyik ki, istər toxumlu meyvələr və istərsə
də sitrus meyvələri ağacda nə qədər çox yetişib dərilərsə, bir o qədər keyfiyyətli
sayılır.
3. Texniki yığım dövründə emal üçün istifadə olunacaq meyvə-tərəvəzlər
yığılır. Kompot hazırlamaq üçün istifadə olunacaq ərik dərilən zaman öz formasını
və rəngini tam almaqla, həm də sıx ətlikli olmalıdır. Duza qoymaq üçün
pomidorun ağımtıl, boz və çəhrayı rəngliləri, tomat şirəsi hazırlamaq üçün isə tam
yetişmiş (qırmızı) pomidorlar yararlıdır.
4. Fizioloji yığım dövründə toxumluq üçün istifadə ediləcək məhsul yığılır.
Bu dövrdə meyvə-tərəvəzin toxumu (tumu) ətlikdən asanlıqla ayrılır.
5.3. Standartlaşdırma və əmtəə emalı
Yığımdan sonra məhsul keyfiyyətindən asılı olaraq çeşidlənir. Eyni
keyfiyyətli kartof, tərəvəz və meyvələrin standartın tələbinə uyğun olaraq
formalaşdırırlar.
MDB-də standartların təsnifatının vahid sistemi qəbul edilmişdir. Bu sistemə
əsasən, kənd təsərrüfatı məhsulları C bölməsinə aid edilir. Bu bölmə daxilində C3
sinfinə meyvə və giləmeyvə bitkiləri, C4 snfinə tərəvəz bitkiləri aiddir. C3 sinfinə
178
uyğun olaraq aşağıdakı standartlar daxildir: C30 – təsnifat, nomenklatura və
ümumi normalar, C32 – toxumlu meyvələr, C33 – çəyirdəkli meyvələr, C35 –
giləmeyvələr, C36 – qərzəkli meyvələr, C39 – sınaq üsulları. Qablaşdırma.
Markalanma.
C4 sinfinə aşağıdakı standartlar aiddir: C40 – təsnifat, nomenklatura və
ümumi normalar, C42 – tərəvəzlər, C43 – kökümeyvəlilər və köküyumrular, C44 –
bostan tərəvəzləri, C49 – sınaq üsulları. Qablaşdırma. Markalanma.
Meyvə və tərəvəz məhsullarının keyfiyyəti üzərində nəzarət və onların
keyfiyyətinin müəyyən olunmuş səviyyəsini müəyyən etmək üçün standartların
böyük əhəmiyyəti vardır. Qüvvədə olan standartlara uyğun olaraq, istehsal olunan
və satılan meyvə-tərəvəz məhsullarının keyfiyyəti normalaşdırılır. Bəzi meyvə və
tərəvəzlərin keyfiyyəti respublika standartları (RST), xaricdən alınan və xaricə
göndərilən meyvə-tərəvəz məhsullarının keyfiyyəti müvafiq müqavilələrdə
yazılmış texniki tələblər əsasında müəyyənləşdirilir. Xaricdən alınan məhsulların
keyfiyyətini Ticarət Palatasının və ya onun yerlərdəki şöbələrinin ekspertləri
yoxlayır.
Standartların tələbinə müvafiq olaraq meyvə və tərəvəzləri əmtəə emalından
keçirirlər. Emaldan keçirilmiş məhsuldan keyfiyyətcə eynicinsli partiyalar
düzəldilir və həmin məhsullar müvafiq optimal şəraitdə saxlanılır.
Meyvə və tərəvəzlərin əmtəə emalı tədarük məntəqələrində meyvəçilik və
tərəvəzçilik təsərrüfatlarında, meyvə-tərəvəz ticarəti bazalarında,
soyuducuxanalarda və həmçinin satışqabağı pərakəndə ticarət müəssisələrində
aparılır. Meyvə və tərəvəzlərin əmtəə emalı onların keyfiyyətinə və ölçüsünə görə
çeşidlənməsindən, qablaşdırılmasından ibarətdir. Satışa hazırladıqda əlavə olaraq
meyvə və tərəvəzləri çəkib-bükür, kartofu və kökümeyvəliləri isə yuyurlar.
179
5.4. Keyfiyyətə görə çeşidləmə
Meyvə və tərəvəzləri keyfiyyətinə görə çeşidlədikdə standart üzrə nəzərdə
tutulan əsas göstəricilər müəyyən edilir. Bunlar meyvə-tərəvəzin keyfiyyət
göstəricilərinin formalaşması ilə bağlıdır. Meyvə-tərəvəzin əsas əmtəə
göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin
vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən sapmalar, daha doğrusu,
qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk,
fizioloji), həmçinin emalın xarakteri aid edilir. Ümumi göstəricilərlə yanaşı, bir
çox meyvə və tərəvəz məhsulları üçün xüsusi göstəricilər də nəzərə alınır.
Məsələn, bostan və paxlalı tərəvəz məhsulları, badımcan, çuğundur və müxtəlif
turplar üçün kütlə və daxili quruluş; qıtıqotu, şirin və acı istiot üçün dad; baş soğan
üçün saplağın uzunluğu və quruması; emal üçün nəzərdə tutulmuş kartofda
nişastanın miqdarı; ağbaş kələmin sıxlığı və səthinin təmizliyi, baş sarımsağın
vəziyyəti, qərzəkli meyvə ləpələrinin dadı, ətri və nəmliyi, banan və ananasın
ətliyinin konsistensiyası və s.
Forma – meyvə-tərəvəzin sort əlamətlərindən asılı olaraq, onların botaniki
sortunun müəyyənləşdirilməsinə imkan verir. Meyvə və tərəvəzlərin forması
müvafiq pomoloji və təsərrüfat-botaniki sort üçün tipik olmalıdır. Tipik formadan
kənarlaşma məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Forması düzgün
olmayanların əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınma və saxlanılmağa
pis davam edir. Alma, armud, ərik, şaftalı, gavalı, sitrus meyvələri və meyvəli
tərəvəzlərin keyfiyyəti üçün forma mühüm əhəmiyyət kəsb edir. Aşxana
çuğunduru, yerkökü, qarpız, xiyar və pomidor düz və qeyri-düz formada (hamar və
kələ-kötür) ola bilər, lakin eybəcər olmamalıdır. 2-ci əmtəə sortuna aid edilən alma
və armudun forması düzgün olmaya bilər. Aşxana çuğunduru, qırmızıbaş və ağbaş
kələm üçün standartda forma normalaşdırılmır.
180
Rəng meyvə və tərəvəzin sortuna müvafiq, normal və dərilmə yetişkənliyi
dövrü üçün tipik olmalıdır. Bir qayda olaraq, meyvə-tərəvəzlər yaşılı rəngdə və
müxtəlif çalarlı sarı, narıncı, qırmızı, bənövşəyi olurlar. Çiyələk, moruq və qara
qarağat öz tipik rənglərini almamış satışa buraxılmamalıdır. Pomidor yalnız
qırmızı rəngdə olduqda satılır. Ağbaş və gül kələm ağ, xiyar yaşıl, aşxana
çuğundurun ətliyi tünd qırmızı rəngdə olmalıdır. II pomoloji qrup üçün narıngi,
portağal və limon qabığının rəngi açıq narıncıdan narıncıya, I qrup limonlar üçün
isə açıq yaşıldan sarı rəngə qədər olur.
Təzəlik meyvə və tərəvəzlərin kimyəvi tərkibi, suyun normallığı, toxumların
vəziyyəti ilə bağlıdır. Saxlanılan zaman suyun azalması toxumlarda osmotik
təzyiqi azaldır və məhsul bürüşür. Eyni zamanda, parçalayıcı fermentlər aktivləşir.
Bəzi meyvə-tərəvəzlər üçün bürüşmüş məhsulun miqdarı standart üzrə
normalaşdırılır.
Səthinin vəziyyəti (quru, təmiz) bir çox meyvə-tərəvəzlər üçün nəzərə alınan
göstəricidir. Meyvə-tərəvəzin səthində su damlalarının olması fitopatogen
mikroorqanizmlərin inkişafını asanlaşdırır. Ona görə də kartofun və başqa
tərəvəzlərin səthi quru olmalıdır.
Meyvə və tərəvəzlər üçün səthin təmiz olması da nəzərə alınır.
Giləmeyvələrin, pomidorun, kələmin və xiyarın səthi təmiz olmalıdır. Kartof və
kökümeyvəlilər üçün çirklənmə dərəcəsi müəyyən edilir. Məsələn, kartofun və
yerkökünün səthinə yapışmış torpağın miqdarı 1%-dən çox olmamalıdır.
Daxili quruluş – keyfiyyət göstəricisi kimi qarpız, xiyar, qovun, qabaq,
badımcan, tərəvəz lobyası, çuğundur, turp və başqa tərəvəzlərin sortlaşdırılması
zamanı nəzərə alınır. Daxili quruluş müəyyən edilərkən ətliyin yetişməsinə,
şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə, toxumun vəziyyətinə
(badımcan və xiyarda) fikir verilir. Meyvələrin daxili quruluşunu müəyyən edərkən
ətliyin konsistensiyası, rəngi, tumun rəngi və onun ətlikdən tam ayrılması nəzərə
alınır.
181
Yetişmə dərəcəsi – alma, armud, pomidor və dərildikdən sonra yetişə bilən
başqa meyvə-tərəvəzlər əsas göstərici hesab edilir. Bunlar adi yığım dövründə
toplanır və saxlanılma zamanı yetişib istehlak dəyərinə malik olurlar. Bu göstərici
meyvə-tərəvəzlərin yığım dövrü ilə bağlıdır və standart üzrə normalaşdırılır.
Irilik (həcm) – meyvə-tərəvəzlərin ən böyük en kəsiyinin diametrinə və ya
kütləyə görə müəyyən edilir. Alma, armud, heyva, ərik, şaftalı, gilas, sitrus
meyvələri, qoz, kartof, baş soğan, sarımsaq, gül kələm, pomidor, xiyar, qarpız,
qovun, qabaq, badımcan çeşidləndikdə ölçü nəzərə alınır. Ağbaş kələmin (0,3-0,8
kq-dan az olmamalı) və qırmızıbaş kələmin (0,6 kq) bir başın çəkisi, eləcə də
sıxlığı (saxlanılmağa davamlılığı üçün) nəzərə alınır.
Meyvələr və əksər tərəvəzlər üçün ən qısa və ən uzun diametr müəyyən
edilir. Məsələn, aşxana çuğundurunda bu göstəricilər ən azı 5 və ən çoxu 14 sm,
yerkökündə 2,5 və 6,0 sm ola bilər.
Ölçüyə görə çeşidləmə məhsulun qablaşdırılmasını asanlaşdırır.
5.5. Ölçüyə görə çeşidləmə
Meyvə və tərəvəzlər keyfiyyətinə görə çeşidləndikdən sonra ölçüyə görə
çeşidləmə aparılır, yəni məhsul kalibrləşdirilir. Alma, armud, limon, narıngi,
portağal, çəyirdəkli meyvələr (alça və gavalıdan başqa) ölçüsünə görə çeşidlənir.
Meyvələri əl ilə şablon üzrə və ya gözəyarı kalibrləşdirirlər. Bəzən
kalibrləşdirici maşınlardan istifadə edilir. Cənub rayonlarında alma və armudun
kalibrləşdirilməsi 1 sm dəqiqliklə aparılır. Qalan rayonlarda isə iri, orta və xırda
olmaqla ən azı 3 ölçüdə çeşidlənir. Əriklər ölçüsünə görə iri (40 mm-dən çox), orta
(30-40 mm) və xırda (30 mm-ə qədər) qruplara bölünür.
Meyvə və tərəvəzlərin əmtəə etimalına onların qəbulu, çeşidlənməsi,
qablaşdırılması və markalanması aid edilir. Meyvələrin əmtəə emalının 4 üsulu
vardır. Adi üsulda əməliyyatlar (çeşidləmə, kalibrləşdirmə, qablaşdırma) ayrıca
aparılır. M.I.Lvov üsulunda meyvələr əvvəlcə kalibrləşdirilir, çeşidləmə ilə
182
qablaşdırılma eyni vaxtda aparılır. Krım üsulunda meyvələri əvvəlcə çeşidləyirlər,
kalibrləşdirmə ilə qablaşdırmanı eyni vaxtda aparırlar. Kombinələşmiş üsulda
meyvələr eyni vaxtda çeşidlənir, kalibrləşdirilir və qablaşdırılır.
Meyvə qablaşdırılan fabriklərdə, iri meyvə-tərəvəz baza və
soyuducuxanalarda meyvələrin əmtəə emalı mexanikləşdirilmişdir. Bu məqsədlə
mexanikləşdirilmiş axın xətlərindən (məsələn, LTO-3) istifadə edilir. Bir çox
ölkələrdə meyvələri yetişmə dərəcəsinə və rənginə görə çeşidləyən avtomat
qurğular hazırlanmışdır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, transportyora
verilmiş meyvələri işıqlandırıb fotoelementin köməyi ilə onun fosforessensiya
gücünü yoxlayır və beləliklə tərkibində xlorofil çox olan kal meyvələri seçib kənar
edirlər.
Kartofun və tərəvəzlərin çeşidlənib qablaşdırılması üçün axın xətlərindən
geniş miqyasda istifadə edilir. Məhsullar paketlərə, polietilen kisələrə və torlu
taralara qablaşdırılır.
Son illər meyvələr yığıldıqdan sonra birbaşa bazalara və soyuducuxanalara
göndərilir. Orada satışa verildikcə (tədricən) çeşidlənir.
Standarta əsasən alma, armud və üzüm keyfiyyətindən asılı olaraq 1-ci və 2-
ci əmtəə sortlarına bölünür. Qalan bütün meyvə və tərəvəzlər üzrə belə bölgü
aparılmır. Bunlar standartın tələbinə cavab verən – standart və cavab verməyən –
qeyri-standart qruplarına bölünür. Qeyri-standart qrupuna aid olan meyvə və
tərəvəz ya sənaye emalına, ya da mal-qaraya yem kimi verilməlidir. Çürümüş
meyvə-tərəvəz tullantı kimi atılmalıdır.
Tərəvəzlər yığıldıqdan sonra təxmini olaraq yoxlanılır və müvafiq standart
əsasında sortlaşdırılır. Bu məqsədlə üzərində olan torpağı təmizləmək məqsədilə
kartof qurudulur.Bəzən bir neçə saatlığa gün altında saxlamaq da tətbiq olunur.
Kökümeyvəlilər torpaqdan təmizlənir, havada qurudulur və kötük hissəsi 1 sm
qalmaq şərtilə kəsilir.
Baş soğan saplağı ilə birlikdə qurudulur. Saplaq hissənin yaxşı quruması
mikroorqanizmlərin daxil olmasının qarşısını alır. Hava yaxşı olduqda soğanı
183
tarlada 7-12 gün saxlayırlar. Bəzən kartofu tarlada, yığım vaxtı çeşidləyirlər.
Bunun üçün iki zənbil yan-yana qoyulub birinə standarta uyğun, o brinə isə xırda
və çürük kartoflar yığılır.
Kökümeyvəlilər həm tarlada (yığılan vaxt) həm də kötük hissə kəsilən
zaman standarta görə sortlara ayrılır. Bürüşməsin deyə, saman və ya ağac kəpəyi
ilə qablaşdırılır.
Soğanı tam qurutduqdan sonra keyfiyyətinə və ölçüsünə görə çeşidləyirlər.
Bəzən RTŞ-yə görə çeşidlənmiş soğanlar uzun müddət saxlamaq üçün 7-10 gün
ərzində 30-35
0
C temperaturda qurudulur. Soğan qabığının vəziyyətinə, ölçüsünə
(oval formada olanların diametri 3 sm, qalanları 4 sm), rənginə görə çeşidlənir.
Sarımsaq çeşidlənərkən üzəri çılpaq - dişləri görünənlər seçilib ayrılmalıdır,
çünki belə sarımsaq uzun müddət saxlanıla bilməz.
Ağbaş kələmi əvvəlcə soyuqda saxlayıb sonra RTŞ-yə görə çeşidlər üzrə
ayırırlar. Soyuqda saxladıqda kələmin iç yarpaqları ağarır və kələm bərkiyir. Qış
üçün saxlanılan kələmin üzərində 2-3 yapışmayan yarpağın olmasına icazə verilir.
Qarpız, qovun və qabaq ölçüyə və keyfiyyətə görə çeşidlənir. Diametri 15
sm-dən az olan qarpız standarta uyğun deyildir. RTŞ-yə görə kartof və tərəvəzlər
standart və qeyri-standart sortlara ayrılır, əmtəə sortlarına bölünmürlər.
|