4.3.4. Qərzəkli meyvələr
Yunan qozu. Qozkimilər fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin 50
növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və
becərilən qozlar adi qoz növünə aiddir. Orta Asiya və Qafqazda yabanı formada
bitir. Uzaq Şərqdə isə Mancuriya qozu yayılmışdır.
Çox qədim zamanlardan Azərbaycanda böyük qoz sahələri Şəki-Zaqatala və
Quba-Xaçmaz zonalarındadır. Hazırda Lerik, Ordubad, Dağlıq Qarabağ, Laçın,
Kəlbəcərdə və Gəncənin dağlıq rayonlarının meşələrində yabanı bitən qozlara
təsadüf edilir.
Qoz, adətən may ayında yarpaqlar əmələ gələn vaxt çiçəkləyir. Bəzən
iyunda ikinci dəfə çiçəkləyir. Qozun meyvələri sentyabr-oktyabrda yetişir.
Meyvəsi ölçüsünə, formasına, qabığının bərkliyinə, ləpə arasındakı pərdənin
yumşaq və ya sərt olmasına, dadına, kimyəvi tərkibinə və s. göstəricilərə görə
fərqlənir. Qozun üzəri yaşıl qərzəklə örtülüdür. Qoz yetişdikcə qərzək qaralır,
partlayır və içindən oduncaqlaşmış qabıqlı qoz çıxır. Ləpəsi açıq sarı və ya tünd
darçını rəngdədir. Bir qozun çəkisi 5-17 qr, ləpəsinin çıxarı 40-58%-dir.
Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali maddə, B qrupu
vitaminləri və karotin vardır. Yaşıl sütül qozlarda 3000 mq% C vitamini vardır. Bu
qozlardan yüksək keyfiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində
müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Qoz yağı rəssamlıqda
işlədilir. Yağı çıxarılmış qoz cecəsinin tərkibində 34% azotlu maddə və 12% yağ
olduğundan qənnadı məmulatı hazırlamaq və ev heyvanları üçün ən qidalı
məhsuldur. Qozun qərzəyi, yarpaqları, qabıqları və kök hissələri tanin ilə
zəngindir. Bunlardan parçaların boyanmasında istifadə edilir. Qozun oduncağı bərk
və gözəl naxışlı olduğundan qiymətli faner və mebel hazırlamaq üçün işlədilir.
Adi badam. Qızılgülçiçəklilər fəsiləsindəndir. Badam cinsinin 40 növə
qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı
157
halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq
hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. «Badamlı» adını
daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu
halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır.
Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır
və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər.
Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Çiçəkləri tək-tək və ya 2-4 ədəd bir yerdə toplanmış olur. Çiçəkləri iri beşləçəkli,
rəngi ağ və ya ağımtıl-çəhrayıdır.
Badamın meyvələri iyul-avqustda yetişir. 4-5 yaşından məhsul verir, 130 il
və daha çox yaşayır. Meyvəsinin uzunluğu 2,5-3 sm-dir. Mədəni sortlar nisbətən iri
olur. Meyvəsi yumurtavari, yanlarından basılmış, təpəsi küt və ya şişmər, çox vaxt
əyri olur. Meyvənin üzəri çəyirdək ətrafı ətli hissə ilə örtülmüşdür. Bu, yaşılımtıl,
üzəri tüklü olub, yetişəndə yarılır və içindən çəyirdəyi çıxır. Qabığı qalın, bərk və
ya nazik olur. Rəngi boz-sarıdan tünd qəhvəyiyədək dəyişir. Badamın bir və ya iki
ləpəsi olur. Ləpəsi ağımtıldır, sarı-qəhvəyi pərdə ilə örtülmüşdür. Islandıqda bu
qabıq asanlıqla ayrılır. Dadı xoş, yağlı və şirindir.
Badamın tərkibində 40-60% yağ (qurumayan), 20-30% zülali maddə, 13%
karbohidrat, 3,6% sellüloza, 2,3% minerallı maddə, 15 mq% B
1
vitamini vardır.
Yabanı halda bitən badamın əksəriyyəti acı olur. Onların tərkibində 2,5-3,5%
amiqdalin qlükozidi vardır. Bu qlükozid orqanizmdə qlükozaya və sinil turşusuna
parçalanır. Sinil turşusu isə qüvvətli zəhərdir. Ona görə də acı badam qida üçün
sərf edilməməlidir.
Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində
istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar.
Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı
üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının
ətirləndirilməsi üçün istifadə edilir. Badamın qabığı konyak, likör və bəzi
158
şərabların ətirləndirilməsi və rənginin yaxşılaşdırılması üçün işlədilir. Ondan,
həmçinin aktivləşdirilmiş kömür də alırlar.
Həqiqi püstə. Sumaqçiçəklilər fəsiləsinin püstə cinsinə mənsubdur. 10 ağac
və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, Iran Azərbaycanında, Iranda,
Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən
becərilir və iki yabanı nğvü yetişdirilır.
Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında
enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2-3 gün tez
açılır. Çiçəkləmə 20-25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7-
8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu
çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Çəkisi 0,9-2,5 qr-dır. Meyvələr yetişdikdə çiçək
yanlığı bürüşür, quruyur, partlayır və meyvədən asanlıqla ayrılır. Ləpəsi açıq yaşıl,
yaşıl rəngli, yanları bənövşəyi olur. Dadı xoşagələn şirin və yağlıdır.
Püstə ləpəsinin tərkibində 68% yağ, 18-22% zülali maddə, 9,5-17%-ə qədər
karbohidrat, 4,6% sellüloza, 3,1% kül vardır. Dadlı, lətif, yağlı və faydalı
olduğundan çox qiymətlidir.
Püstənin meyvəsindən təzə, qovrulmuş və duzlanmış halda istifadə edirlər.
Ləpəsi qənnadı məmulatı (tort, pirojna, şokolad, Şərq şirniyyatı) istehsalında
işlədilir, eləcə də bəzi kolbasa məhsullarına və pendirə qatılır. Püstənin yağı
qurumayan yağ qrupuna aiddir, əczaçılıqda, ətriyyatda və lakların hazırlanmasında
geniş istifadə olunur. Püstənin yarpaqlarında, meyvələrində, qabığında və
oduncağında 10-12%-ə qədər aşılayıcı maddə vardır. Müxtəlif növ mənənələr
yarpaqlarda fır şişləri (buzqunç) əmələ gətirir ki, bunun tərkibində 30-50% tanin
olur. Bu, toxuculuq və yüngül sənayedə aşılayıcı və boyaq maddəsi almaq üçün
qiymətli xammaldır.
Püstənin ağacından iyul-avqust aylarında çəkilən qətrandan yüksək
keyfiyyətli lak hazırlanır.
Müasir xalq təbabətində püstə qanazlığında, arıqlamada, vərəm xəstəliyində,
qaraciyər ağrılarında tətbiq edilir.
159
Adi şabalıd. Fıstıqçiçəklilər fəsiləsinin şabalıd cinsinə mənsubdur.
Şabalıd cinsinin 14 növündən respublikada birinə rast gəlinir. Şabalıd
Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində
yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz
dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd
bağları ilə məşhurdur.
Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək
və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun
sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-
35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların
qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir. Şabalıdın meyvəsi
oktyabr-noyabrda yetişir. Meyvəsi tikanlı qərzəkdir. Yetişəndə qərzək
ayrılır və içində iki və üç ədəd şabalıd olur. Bunlar yarpaq və ya oval
şəklindədir. Yumru formada olanları çox azdır. Meyvənin üst qabığı
tünd və ya açıq darçını, şabalıdı rəngdədir. Şabalıd meyvəsinin üst
qabığının altında nazik, pənbəli yumşaq örtük vardır. Bunun altında ağ,
şirin, iki hissəli ləpə yerləşir.
Şabalıd 20-25 yaşından meyvə verir. 100-150 il ömür sürür. 1000
illik şabalıd ağacları mövcuddur. Yüksək məhsul 2-3 ildən-bir olur.
Azərbaycanın meşələrində və bağlarında bitən şabalıdın bir çox mütəlif
formaları vardır.
Şabalıdın tərkibində 60%-ə qədər nişasta, 15% şəkər, 6% zülal,
2%-ə qədər yağ olur. Yetişməmiş meyvələrdə 1500 mq% C, 0,18 mq%
B
1
vitamini vardır.
160
Şabalıd təzə halda yeyilir. Onu qovurduqda dadı və ətri yaxşılaşır.
Azərbaycanda şabalıd müxtəlif xörəklərdə işlədilir. Şabalıddan qənnadı
sənayesində (marsipan, tort, pirojna, şokolad və s. hazırlanmasında),
aşpazlıqda (toyuqları içləmək, plov bişirmək və s.) geniş istifadə olunur.
Qurudulmuş şabalıddan alınan un, başqa ölkələrdə çörəyə və qənnadı
məmulatına qatılır. Ondan qəhvə əvəzediciləri və spirt də istehsal
edirlər.
Şabalıd ağacının yarpaqlarında qlükozidlər, pektin və aşılayıcı
maddə (9%-ə qədər) və K vitamini vardır. Ona görə də yarpaqlarından
çay dəmləyib daxili qanaxmalara qarşı tətbiq edirlər.
Pekan. Qoz ailəsinin kariya cinsinə mənsubdur. Vətəni Şimali
Amerikadır. Burada pekan yabanı və mədəni halda bitir.
Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə
Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan
plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və
Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli
meyvədir. 6-8 yaşından məhsul verir.
Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza
bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir. 3-10
ədəd olmaqla bir salxımda bitir. Tam yetişdikdə qərzəyi partlayır.
Qəhvəyi rəngli, silindrik formalı nazik və hamar qabıqlıdır. Uc tərəfi bir
qədər şiş olur. Daxilində şirin qırmızı-qəhvəyi rəngli ləpəsi yerləşir.
Ləpə meyvənin 38-50%-ni təşkil edir.
Pekanın tərkibində 70% yağ, 8-19% zülal, 14,3% karbohidrat və
başqa maddələr vardır. Meyvələri təzə və qurudulmuş halda yeyilir.
161
Qənnadı sənayesində, aşpazlıqda və yağ almaq (zeytun yağına oxşar)
üçün sərf edilir. Pekanın oduncağı açıq qəhvəyi rəngdə, bərk, ağır
olduğundan kənd təsərrüfatı maşınları üçün müxtəlif hissələr
hazırlanmasında işlədilir.
Şərq fıstığı. Fıstıqçiçəklilər fəsiləsinin fıstıq cinsinə aiddir. 9 növ
ağacdan 2 növü yayılmışdır. Qafqazda dəniz səviyyəsindən 2300 m
yüksəklikdə subalp qurşağına qədər meşəliklərdə bitir. Fıstıq meşələri
Qafqaz meşələrinin 25%-ni təşkil edir.
Fıstıq aprel-mayda çiçəkləyir və eyni zamanda yarpaqları əmələ
gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və çatlamış tikanlı qərzəkdən
ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq qəhvəyi rəngdədir. Içərisində açıq
bozumtul-qəhvəyi rəngli ləpəsi vardır.
Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul verir,
500 ildən çox ömür sürür.
Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. Onu təzə
və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin tərkibində zəhərli
qlükozid olduğundan, onu çox yemək məsləhət görülmür. Fıstıq
ləpəsindən yarımquruyan yağ alınır. Həmin yağ qida üçün, həm də
texnikada istifadə edilir.
Fıstığın oduncağı bərkliyinə görə şabalıd və palıd oduncağından
geri qalır. Xüsusi mebel və parket hazırlanmasında istifadə edilir.
Meşə fındığı. Tozağacı fəsiləsinin fındıq cinsinə mənsubdur.
Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Meşə fındığı yabanı
halda Avropada, Qərbi Asiyada və Şimali Amerikada bitir.
Azərbaycanda meşə fındığı Şəki-Zaqatala zonasının dağətəyi
162
meşələrində geniş sahələrdə bitir. Dağlıq Qarabağ, Quba-Xaçmaz
zonalarının meşələrində də yabanı fındıq vardır.
Fındıq 7-9 m hündürlüyündə bitən koldur, bəzən ağac şəklində boy
atır. Mart ayında çiçəkləyir. Erkək və dişi çiçəkləri ayrı-ayrı eyni ağacda
yerləşir. Fındığın meyvəsi avqust-sentyabrda yetişir. 1 hektar sahədən
40-500 kq məhsul yığmaq olar. Meyvələri yetişənə qədər yaşıl qalır və
qərzəklidir. Qərzək fındığı ya tamamilə, ya meyvənin dib hissəsini, ya
da Ki, yarısını bürüyür. Meyvəsi yumru, oval-silindrik və əksərən
uzunsov olur. Qabığı sarı-qəhvəyi və ya tünd darçınıdır. Fındığın ləpəsi
ağdır, yağlı və dadlıdır, qırmızı və ya tünd sarı rəngli pərdə ilə örtülüdür.
Meşə fındığı 5-10 yaşından bara girir, 60-80 il ömür sürür.
Təbiətdə vegetativ yolla çoxalır.
Meşə fındığının tərkibində 58-71% yağ, 14-18% asan həllolunan
zülal, 2-5% saxaroza, B
1
və E vitaminləri, dəmir duzları vardır. Meşə
fındığı təzə, qurudulmuş və qovrulmuş halda yeyilir. Ondan qənnadı
sənayesində tort-pirojna, konfet və karamel üçün içlik, Şərq şirniyyatı
hazırlanmasında daha çox istifadə edilir. Təzə meyvələrini narın
sürtgəcdən keçirib, su ilə qarışdıraraq yüksək qidalı sayılan «süd» və
«qaymaq» hazırlayırlar ki, bu da zəif düşmüş xəstələr üçün məsləhət
görülür. Meşə fındığının ləpəsindən əczaçılıqda və ətriyyatda işlədilən
yağ çıxarılır, qabığından təbabətdə işlədilən kömür hazırlanır, cavan
şivlərindən təsərrüfatda zənbil və səbət toxunur.
163
4.3.5. Subtropik meyvələr
Yabanı nar. Nar fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta
Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkəran, Zaqatala, Şəki, Ağsu,
Ismayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın
çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talışdadır. Azərbaycanda
mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-avqustda çiçəkləyir.
Çiçəyin kasa yarpaqları qalın ətli və qırmızıdır. Ləçəkləri 5-8 ədəd zərif, tünd
qırmızıdır. Meyvəsi sentyabrda yetişir. Narın meyvəsi qeyri-həqiqi giləmeyvədir,
forması girdə kürəşəkilli, bəzən uzunsov olur. Gül kasacığı meyvənin baş
hissəsində qalır. Yabanı narın meyvəsi mədəni sortlara nisbətən xırda olur. Narın
meyvəsi şirəlidir, nazik arakəsmələri (pərdələri) olan 6-9 yuvası olur. Hər meyvədə
200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və içərisi şirə ilə
dolmuş zərif pərdədən ibarətdir. Yabanı narın meyvəsinin qabığı yaşıl, açıq çəhrayı
və müxtəlif çalarlı qırmızı rəngdə, gilələri ağ, açıq çəhrayı, qırmızı və tünd qırmızı
olur. Dadı turş və ya meyxoşdur.
Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu),
pektinli maddə, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman və
həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və
balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir.
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal edilir. 33 ton
nardan 1 ton limon turşusu almaq olur.
Nar meyvəsinin təzə qabığının tərkibində 22-35%-ə qədər aşılayıcı maddə
vardır. Bu, gön-dəri istehsalında ən yaxşı aşı maddələrindən biri hesab olunur.
Bundan, həmçinin yun və kətan parçaları boyamaq üçün bitki boyağı kimi də
istifadə edirlər.
164
Narın qabığından hazırlanan həlim mədə pozulmaları zamanı istifadə
olunur. Qurudulmuş meyvə qabığından hazırlanan nar poroşoku şiddətli yanıqları
müalicə etmək üçün işlədilir. Bu zaman yanığa əvvəlcə duru nar şirəsi yaxır və
üstündən həmin poroşokdan səpirlər.
Xırnik. Abnos fəsiləsinin xırnik cinsinə mənsubdur. Iki növü yayılmışdır.
Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. Subtropik xırnik yapon xurması da
adlanır və mədəni halda becərilir.
Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu
xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-
Zaqatala zonasında çoxdur.
Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən sonra çiçəkləyir.
Çiçəkləmə dövrü 10-20 gün davam edir. Meyvələri yarpaqları töküldükdən sonra
oktyabrın ortalarından başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri
yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetişdikdə qaralır. Içərisində
2-5 ədəd yastı çəyirdəkli olur. Çəyirdəksiz formalarına Zaqatala rayonunun
bağlarında rast gəlinir, həm də bunlar xırda olur. Meyvəsi şirin və
ağızbüzüşdürücüdür.
Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pektinli və aşılayıcı
maddə, limon turşusu, karotin (provitamin A) və 3-53 mq% C vitamini vardır.
Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz (doşab) bişirilir.
Şərbət, cem, jele, likör və kvas da hazırlanır.
Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan toxuculuq sənayesi
üçün məkik hazırlanır. Xalq təbabətində xırnik müxtəlif mədə xəstəliklərində
tətbiq edilir. Öz xassələrinə görə həzm pozğunluqlarında pəhrizi məhsul kimi
işlədilir.
Innab. Murdarça fəsiləsinin innab cinsinə mənsubdur. 100 növ kol və ya
meyvə ağaclarından bir növü yayılmışdır. Yabanı halda Orta Asiyada, Krımda və
Zaqafqaziyada rast gəlinir. Azərbaycanda qədim zamandan becərilir. Innab
165
Abşeron yarımadasında, Göyçay, Ucar və Ağdaş rayonlarında becərilir. Başqa
rayonlarda isə bunlara tək-tək qrup şəklində təsadüf olunur.
Azərbaycanda innab bitkisinin hündürlüyü 4-12 m-ə çatır. Innab iyun-iyulda
çiçəkləyir. Çiçəkləri bir yerdən top kimi çıxır. Çiçəyi ulduzşəkilli, beşləçəkli,
sarıdır. Meyvəsi yumru, yumurtavari, uzunsov-girdədən armudabənzər formayadək
dəyişir. Meyvəsinin hamar parlaq qəhvəyi və ya qırmızı-qonur rəngli qabığı altında
şirin, turşməzə və yumşaq sarımtıl ətliyi vardır. Çəyirdəyi bərk, təpəsi sivri, enli-
yumurtavari və ya uzunsov-oval formalı, uzunluğu 1,2-1,5 sm-dir. Azərbaycanda
olan innablar qırmızı qabıqlıdır.
Innabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu
(alma və kəhrəba turşusu), 2,5% pektinli maddə, 2% qətran, 1,2% aşılayıcı maddə,
880 mq% C vitamini vardır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə çatır. P
vitamininin miqdarı limon qabığındakından çoxdur. Minerallı maddələrdən kalium,
kalsium, fosfor, maqnezium və dəmir vardır.
Innab təzə və qurudulmuş halda yeyilir. Ondan konserv və qənnadı
məmulatı hazırlanmasında istifadə edilir. Bir çox ölkələrdə quru meyvələrindən un
alırlar. Bu un qənnadı məmulatı istehsalında istifadə olunur.
Xalq təbabətində innabın yarpağından, qabığından və meyvəsindən istifadə
edilir. Innab meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicəsində,
eləcə də yumşaldıcı, tonizəedici və sidikqovucu kimi tətbiq olunur. O, həmçinin
həzm orqanlarının işini yaxşılaşdırır. Innab meyvəsi həm də qan təzyiqini
nizamlayır. Nəticədə baş və ürək nahiyələrində ağrı kəsilir və qanda xolesterinin
miqdarı azalır. Hipertoniya xəstəliyində gündə 3 dəfə yeməkdən sonra 20 innab
meyvəsi yemək və müalicəni 3 ay davam etdirmək məsləhət görülür.
Innab yarpaqlarında 1020 mq% C vitamini, həm də şirin və acı dadı hiss
edən resseptorları keyləşdirən maddə vardır.
Tut. Tut fəsiləsinə mənsubdur. Meyvəsi üçün becərilən tut 2 əsas növə
bölünür: ağ və xartut. Yaxın Şərq ölkələrində çox yayılmışdır. Azərbaycanda və
Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növmüxtəliflikləri vardır. Yabanı
166
halda Azərbaycanın meşələrində, çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı
tutun bir çox formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zamanlardan
bəri becərilməkdədir.
Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər
xırda olur. Ağacı çox yavaş böyüyür.
Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yarpaqlarla eyni
vaxtda əmələ gələn kiçik meyvəciklərin üzərində açılır. Çiçəklər gödək saplaqla
salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır.
Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklər 4 kasacıq
yarpaqlarından ibarətdir, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək balaca meyvələr
əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil
edirlər. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların
ərafında olan sulu, şirin ətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır.
Tutun meyvəsi mürəkkəb giləmeyvədir.
Ağ tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Meyvələrin yetişməsi
tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və
ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Xartutun meyvəsi tünd qara, qırmızı və ya
tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartutdan başqa adi qara
tut da vardır. Lakin bunların əksəriyyəti dadsız və yaxud kəmşirin olur. Qida üçün
yararsızdır. Bunların yarpaqları barama qurdu üçün qida hesab edilir.
Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər
iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar. Xartutun saplağı
ağaca bərk yapışdığından əl ilə yığılır. Xartutun meyvəsi şüşə və emallanmış
qablarda saxlanılmalıdır, mis qablarda saxlanması qorxuludur.
Ağ tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir.
Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və
rəngləyici maddələr, vitaminlər və dəmir vardır. Xartutda dəmir ağ tuta nisbətən
çoxdur.
167
Xartutun meyvələri meyxoş, dadlı və vitaminlidir. Tərkibində 9% şəkər,
1,86% üzvi turşu, 2,03% zülal, 0,36% qeyri-zülali azotlu maddələr, 0,55% pektinli
maddələr vardır.
Ağ tut qurusu olduqca qidalıdır. Tutdan bəkməz (doşab), riçal, sirkə
hazırlanır və bir çox yerlərdə tut arağı çəkilir. Ağ tut qarın xəstəliklərində, ümumi
zəifliyə və ürək xəstəliklərinə qarşı müalicəvi vasitədir.
Xartutdan mürəbbə, şirə və jele hazırlanır. Bir qədər kal yığıb qurudur və
sumaq əvəzinə işlədirlər. Təzə halda yeyilir. Qarın və boğaz xəstəliklərinə qarşı
tətbiq edilir.
Tutun xalq təsərrüfatında əhəmiyyəti, əsasən ondan ibarətdir ki, onun
yarpaqları ilə bəslənilən baramadan yüksək keyfiyyətli ipək lif alınır və bu da
toxuculuq sənayesi üçün qiymətli xammal hesab edilir.
Dostları ilə paylaş: |