4.3.2. Çəyirdəkli meyvələr
Yabanı albalı. Qızılgülçiçəklilər fəsiləsindəndir. Albalı cinsinin 140 növü
var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır:
- mərmərik albalı;
- mahaleb albalısı;
- çöl albalısı.
Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii
hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur.
Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə
uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd
qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur, hər
3-4 ildən-bir bol məhsul verir.
Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (alma və
limon), karotin, C, B
1
, PP vitaminləri, fol turşusu (B
c
), aşılayıcı və pektinli
maddələr vardır.
Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və spirtsiz içkilər
istehsalında işlədilir.
Albalının yarpaqları tərəvəzləri duza və sirkəyə qoyduqda istifadə edilir.
Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində, bəzi sabunların ətirləndirilməsində tətbiq
olunur.
Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış ekstraktdan,
yarpaqlarından və meyvə saplağından istifadə edilir. Yarpaqlarından alınmış sulu
tinktura sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq
olunur.
140
Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xalq təbabətində albalının
südlə birlikdə sustavların iltihabı zamanı qəbul edirlər. Həmçinin nəfəs yollarının
iltihabında bəlğəmgətirici kimi tətbiq edilir.
Albalı həm də balverən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq
bal hasil edə bilirlər.
Yabanı gilas. Qızılgülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda
Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları
çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı
formalara çox təsadüf edilir.
Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun
saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda
yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı
rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də
ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır. Acı gilaslar
isə şərab istehsalı üçün yararlıdır.
Yabanı gilasın tərkibində şəkər, üzvi turşular, karotin, C və P vitaminləri
vardır. Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər
üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli
miqdarda qətran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.
Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq edilir. Xalq təbabətində
qəbz olmağa qarşı da istifadə olunur. Oduncağı bərk, sarı-qırmızı rəngdədir.
Gilasın oduncağından xarrat məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları
hazırlanır.
Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1 hektar çiçəkləyən
gilas sahəsindən arılar 36-40 kq bal hasil edə bilirlər.
Adi ərik. Qızılgülçiçəklilər fəsiləsindəndir. Ərik cinsinin 10 müxtəlif yabanı
forması vardır ki, bunun da 3 növü – adi, Sidir və Mancuriya əriyi daha çox
yayılmışdır. Bu növlərdən adi ərik daha çox yayılmış və təcrübəvi əhəmiyyətə
malikdir. Adi yabanı ərik Orta Asiyada və Qafqazda bitir.
141
Adi ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır,
yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-
avqustda yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı
olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya
turşa-şirindir.
Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən saxaroza), 2,6% üzvi turşu
(alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B
1
və B
2
vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar
qurumayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda
bitən əriklərin çəyirdək ləpəsində 1-3% miqdarında acı amiqdalin qlükozidi olur.
Ona görə də qida məqsədləri üçün işlədilmir.
Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem,
marmelad, pat, pastila, jele, povidlo, sukat, karamel üçün içlik və şərab hazırlanır,
həmçinin qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv
qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır.
Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə
olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi
qətranlardan isə kley hazırlanır. Balverən bitki kimi az məşhurdur. Çünki çox qısa
müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni
sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır.
Yabanı alça. Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox
növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş yayılmışdır.
Azərbaycanda ən çox Quba və Xaçmaz rayonlarında, Dağlıq Qarabağda bitir.
Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri
ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına
qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömür sürür.
Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları
da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri
142
sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin
ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənirlər.
Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox
limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır.
Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mürəbbə, povidlo, pastila
hazırlanmasında istifadə edilir. Şirəsindən spirtsiz içkilər üçün cövhər hazırlanır.
Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri
(həmçinin kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki,
nəticədə hazır xörək turşməzə dadlı olur. Çəyirdəyində yağ vardır, lakin ondan
təcrübi olaraq hələlik istifadə edilmir.
Xalq təbabətində alça lavaşı sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça
ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qətran öskürəyi
zəiflətmək məqsədi ilə işlədilir.
Adi zoğal. Zoğal fəsiləsinin zoğal cinsindəndir. Zoğal cinsinin 4 növü
məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda
Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada
bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ
döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə
ağacları arasında da tək-tək bitir.
Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir
yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir.
Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur. Meyvəsinin rəngi qırmızı,
tünd qırmızı, qara qırmızı və bəzi formaları açıq sarı olur. Adi zoğal meyvəsi
iriliyinə, formasına və rənginə görə çox müxtəlifdir. Yabanı zoğal xırda olmaqla 2-
6 qr, mədəni halda bağlarda becərilənlər isə 20-22 qr çəkisində olur. Ətliyi
çəyirdəyindən ayrılan və ayrılmayan formaları da vardır. Ətliyi bərkdir, lakin
yetişib ötdükdə və dərildikdən bir müddət sonra yumşalır. Bu zaman biokimyəvi
proseslərin təsirindən zoğalın dadı şirinləşir. Dadı turş, turşaşirin və müxtəlif
143
dərəcədə şirin olur. Tam yetişməmiş meyvələrdə aşılayıcı maddələrin miqdarı çox
olduğundan ağız büzüşdürücüdür. Çəyirdəyi çox bərkdir, ucları şiş və ya küt olur.
Zoğalın tərkibində 10%-ə qədər şəkər (əsasən invert şəkəri), 2-3,5% üzvi
turşu, 0,62-1,6% pektinli maddə, 1,14% azotlu maddə, 1,03% sellüloza, 1,18%
minerallı maddə, 0,71-1,24% aşılayıcı və rəngləyici maddə vardır. Zoğalın
tərkibində 55 mq%-ə qədər C vitamini olduğundan sinqa əleyhinə tətbiq edilir.
Zoğalın ətri onun tərkibindəki efir yağının miqdarından asılıdır. Çəyirdəyində 30%
yağ olur.
Zoğaldan şirə, mürəbbə, kompot, povidlo, jele, pastila, şərbət, spirtli içkilər
(likör, nalivka, punş, şərab, araq), sirkə, sərinləşdirici içkilər, lavaşana hazırlanır.
Zoğal çəyirdəkli və çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal
ekstraktı (məti) aşpazlıqda işlədilir.
Zoğal texniki yetişmə dövründə dərilir. Lavaşana, sirkə və şirə hazırlamaq
üçün dərilmiş meyvələr saxlanılır və yumşaldılır (lalıxlayır).
Zoğalın büzüşdürücü xassəsi və tərkibində fitonsidlərin olması, ondan
müalicəvi məqsədlə mədə-bağırsaq xəstəliklərində istifadə olunmasına imkan
verir. Ishala qarşı zoğalın sulu məhlulundan istifadə edilir, uşaqlara isə zoğal kiseli
verilir. Zoğal mürəbbəsini qarın ağrısına və soyuqdəyməyə qarşı tətbiq edirlər.
Maddələr mübadiləsinin pozulmasında, qan azlığında və dəri xəstəliklərində
zoğaldan istifadə olunur.
Zoğalın yarpaqlarından və cavan budaqlarından alınan sulu məhlul öd və
sidikqovucu vasitə kimi istifadə edilir. Zoğalın kökləri və oduncağının qabığı xinin
əvəzində isitməyə qarşı tətbiq edilir. Bəzi yerlərdə cavan yarpaqlarını qurudub çay
əvəzinə işlədirlər.
Zoğal bütün meyvələrdən əvvəl çiçəkləyir. Çiçəkləri ətirli və çox nektarlı
olduğundan arılar sarı tozcuqlarla birlikdə zoğal nektarını çox həvəslə toplayırlar.
Oduncağı sarı rəngdə, olduqca möhkəmdir. Şəmşid ağacı kimi bərk
olduğundan toxuculuq alətləri (eşmə aləti, məkik, masura, mil) hazırlamaq üçün
işlədilir.
144
Göyəm. Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. Şimali
Qafqazda, Zaqafqaziyada, Krımda bitir. Ukrayna, Belorusiya və
Latviyada da rast gəlinir.
Göyəm, yarpaqları əmələ gəlməmiş, erkən yazda – aprel-mayda
çiçəkləyir. Meyvələri iyul-avqustda yetişir. Qışa qədər budaqlardan
tökülmür. Meyvə saplaqları qısa və tüksüzdür. Meyvələri yumru, tünd,
qara-bənövşəyi rəngdə olur. Üzəri qalın, ağ mum tozu ilə örtülüdür.
Ətliyi yaşıl rəngdə turşaşirin və gərdir (büzüşdürücüdür). Azərbaycanda
meyvələri çox iri, şirin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el
arasında Xangöyəm deyilir.
Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5%
üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə,
vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə
halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, «ternovka» adlı
spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda
işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.
Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək
üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı
amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəzedicisi kimi
işlədilir. Həm də bundan sidikqovucu və maddələr mübadiləsini
yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə göyəm şirəsi ishala qarşı,
qatılaşdırılmış isə qanlı ishala qarşı təsiredici vasitədir. Göyəm
çiçəklərindən alınan sulu məhlul isə işlətmə dərmanı kimi tətbiq olunur.
145
Göyəm həm də balverən və bəzək bitkisidir. Mədəni gavalı
göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir.
Daryarpaq iydə. Iydəçiçəklilər fəsiləsinin iydə cinsinə mənsubdur.
45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. Iydə
yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və
Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı
mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur.
Iydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol
halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır.
Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.
May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd yarpaq
qoltuğunda açılır. Dördləçəklidirlər. Ləçəyin xarici hissəsi parlaq
gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır.
Iydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdəyinin üzərini
meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi
şirin və azacıq turşumtuldur. Yabanı iydələrin meyvələri dadsız və gər
olur. Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur. Unlu
ətliyə yapışmır, yeyiləndə kənar edilir.
Iydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa
davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər,
o cümlədən 20% fruktoza, 10% üzvi turşu, rəngləyici maddələr, kalium
və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq
qabığında və çəyirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda
yeyilir, ondan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə
146
qatırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt
almaq olar.
Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra olduqca
xeyirlidir.
Iydə həm də balverən bitkidir.
4.3.3. Giləmeyvələr
Meşə üzümü. Üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70
növündən bir növünə – meşə üzümünə Azərbaycanda daha çox rast gəlinir.
Yabanı meşə üzümü Qafqazda və Orta Asiyada da yayılmışdır. Yabanı meşə
üzümünün müxtəlif formaları olduğundan bəzən ayrı-ayrı formalar növmüxtəlifliyi
kimi təsvir olunur. Meşə üzümü üzümçülük rayonlarının meşələrində bitir. Lakin
Amur üzüm isə mədəni üzümçülüyü olmayan Uzaq Şərqdə yayılmışdır.
Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabrda yetişir. Meşə
üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, yaşıl rəngdə olur. Salxımları balaca
olmaqla, çəkisi 40-60 qr-a qədərdir. Dadı turş və ya turşa-şirindir. Aşılayıcı
maddəsi çox olduğundan gərdir. Tərkibində 10-13% şəkər, 1,2-2%-ə qədər üzvi
turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20% yeməyə yararlı yağ olur.
Qovurduqda qəhvə əvəzedicisi kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir,
ondan şirə, şərab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə hazırlanır. Meşə
üzümünü qurudurlar, bəzən qışa saxlamaq üçün şorbaya da qoyulur.
Xalq təbabətində meşə üzümündən ağ ciyər sətəlcəmində, öd kisəsində daş
olduqda və mədənin selikli qişasının xroniki iltihabında istifadə edilir.
Firəng üzümü. Daşdələnkimilər fəsiləsinə mənsub olub, 50-dən çox növü
vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Yabanı halda Qərbi Avropada və
Qafqazda yayılmışdır. O, çoxbudaqlı koldur.
Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək
saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval
formalıdır. Meyvələrinin rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı
147
şirin, turşməzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları vardır.
Hazırda firəng üzümünün bir çox mədəni sortları yetişdirilmişdir.
Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli
maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vitaminləri və karotin vardır. 0,2-0,7%
mineral maddə vardır ki, bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium,
kalsium və maqnezium təşkil edir.
Firəng üzümü təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele,
marmelad, konfet və karamel üçün içlik və şərab hazırlamaq üçün sərf edilir. Qış
üçün firəng üzümünü qurudur, sirkəyə qoyur və əzişdirib şəkərlə 1:2 nisbətinə
qarışdırırlar.
Firəng üzümündən maddələr mübadiləsi pozulduqda və piylənməyə qarşı
istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində öd və
sidikqovucu vasitə kimi işlədilir. Qan azlığında, dəri xəstəliklərində firəng üzümü
yemək məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi kimi də
istifadə olunur.
Adi zirinc(Berberis vulgaris L.). Zirinckimilər fəsiləsinin zirinc cinsinə
mənsubdur. 450 növündən – adi zirinc, Şərq zirinci, Amur zirinci və uzunsov
zirinc daha çox yayılmışdır.
Adi zirinc yabanı halda Krımda və Qafqazda dəniz səviyyəsindən 200 metr
yüksəklikdə bitir. Azərbaycanın dağ-meşə rayonlarında, Xızıda və Altıağacda daha
çox yayılmışdır. Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha çox
təsadüf edilir.
Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli
ətirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı olur. Meyvələri
avqust-sentyabrda yetişir. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 qr-
dır. Toxumu meyvəsinin 24-30%-ni təşkil edir, silindr və ya oval şəklindədir.
Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə qara, sarı və çəhrayı rəngdə olur.
Meyvəsi turşdur və uc hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə
yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır.
148
Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu (əsasən alma
turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə, 0,4-0,6% pektinli maddə, 4,9%
sellüloza, 0,95% kül və 150-170 mq% C vitamini vardır. Iyun ayında toplanmış
yarpaqlarında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yarpaqlarında 40
mq% E vitamini vardır.
Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə, şərab, jele,
mürəbbə, şirə, spirtsiz içki, konfet və karamel içliyi və tamlı qatqı hazırlayır və
qurudurlar. Bir qədər kal yığılmış meyvələrini qurudur və sumaq əvəzinə tamlı
qatqı kimi istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvəsindən alınmış
cövhərdən likör və qazlı içkilər hazırlanır.
Zirinc meyvəsindən xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-
bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Zirinc mürəbbəsi sarılığın
müalicəsində tətbiq edilir. Zirincin yarpaqlarında berberin alkaloidi vardır. Ona
görə də yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanaxmalarda müalicəvi
vasitə kimi istifadə edilir. Yarpaqlarında, həmçinin A və C (130 mq%) vitaminləri
vardır. Zirinc çiçəklərindən dəmlənmiş çay öskürəyə qarşı içilir. Zirinc balverən
bitki kimi də məşhurdur. Hər çiçək 0,121-0,611 mq şəkəri olan nektar verir. 1
hektar sahədən 230 kq-a qədər bal əldə etmək mümkündür. Zirinc balı qızılı-sarı
rəngdə və ətirli olur.
Itburnu. Qızılgülçiçəklilər fəsiləsinin qızılgül cinsinə mənsubdur. Bu cinsin
300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı
yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq
itburnulardır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü
olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin
miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur.
Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin
bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona
qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. Itburnu may-iyunda çiçəkləyir.
149
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda
yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr
dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C
vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq
saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-100
0
S temperaturda qurudulur
və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq
şəraitdə 2 ilə qədər saxlanıla bilər.
Itburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox
əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı
tətbiq edilirdi. Itburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun
tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B
1
, 30-73 mkq% B
2
, 1,5-9,7% P, 0,1
mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin
(provitamin A) və 0,1-0,19 mq% B
c
vitamini (fol\ turşusu) vardır.
Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə,
1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr
və 4,5% mineral maddələr vardır.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir
stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını
açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya
yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-
3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar.
Itburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra
mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan
poroşok, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq
edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır.
Itburnu xalq təbabətində qədimdən istifadə edilir. Itburnu soyuqdəyməyə,
böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. Itburnu
çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.
150
Itburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına
və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir.
Qarağat. Daşdələnkimilər fəsiləsinə mənsub olub qırmızı, qara və ağ
qarağat qrupuna ayrılır. Qarağatın 140 növündən ən əhəmiyyətlisi qara və qırmızı
qarağatdır.
Qara qarağat yabanı halda şimalda və cənubun dağlıq meşələrində geniş
sahələrdə bitir. Qara qarağat may-iyunda çiçəkləyir. Çiçəkləri ağ-çəhrayı və ya
boz-çəhrayıdır. Meyvələri iyul-avqustda yetişir. Meyvələri yumru, tünd qara,
bəzən boz-qara rəngli, qabığı bərk və içində balaca toxumları vardır. Yetişib ötmüş
meyvələr yerə tökülür. Dadı turş, ətirli olur.
Tərkibində 10-16% şəkər, 2,6-3,9% turşu (alma, limon, şərab), 1% pektinli
maddə, aşılayıcı və rəngləyici maddələr, karotin, P, B
1
və C vitaminləri vardır. C
vitamini 400 mq%-dir. C vitamininin miqdarına görə yalnız itburnudan geni qalır.
Minerallı maddəsinin tərkibində kalium, kalsium, natrium, maqnezium, dəmir,
fosfor, manqan və s. vardır.
Qırmızı qarağatın çiçəkləri xırdadır. Mayda çiçəkləyir. Əvvəlcə çiçək açır,
sonra isə yarpaq. Qara qarağatda isə əksinədir. Meyvələri iyun-avqustda yetişir.
Meyvəsi yumru olub, rəngi qırmızıdır. Qara qarağatdan fərqli olaraq kiçik
salxımlarla dərilir. Daxilindəki toxumları və qabıq damarları görünür. Turş,
xoşməzə dadı vardır.
Qırmızı qarağatın tərkibində 4-11% şəkər, 3,8% üzvi turşu, 0,43-2,38%
pektinli maddə, 0,11% aşılayıcı və rəngləyici maddə, 3,88% sellüloza, 0,91%-ə
qədər azotlu maddə, 0,41% pentozanlar vardır. C vitamininin miqdarı nisbətən az
olub, 60 mq%-ə, P vitamini isə 0,4 mq%-ə qədərdir.
Qara və qırmızı qarağatdan şirə, mors (meyvə şərbəti), kompot, mürəbbə,
povidlo, cem, jele, likör, şərab və bir çox aşpazlıq və qənnadı məmulatı hazırlanır.
Qışa saxlamaq üçün şəkərlə, şəkər şərbətində və şəkərsiz dondururlar. Uşaq və
pəhriz qidasında geniş tətbiq edilir. Qara qarağatın yarpaqlarından duza və şorbaya
151
qoyduqda istifadə edirlər. Yarpaqlarındakı fitonsidlər tərəvəzlərin yaxşı qalmasına
kömək edir.
Qarağatdan avitaminozda çay kimi dəmləyib istifadə edirlər. Ondan
vitaminli preparat da hazırlanır. Bunun üçün 1 hissə qara qarağat 2 hissə şəkərlə
qarışdırılır, ətçəkən maşından keçirilir. Həmin qarışıq ateroskleroz və hipertoniya
xəstəliyinə qarşı tətbiq olunur. Yarpaqlarından xalq təbabətində çay kimi dəmləyib
sarılıq xəstəliyinə qarşı istifadə edirlər.
Çaytikanı(Hippophae rhamnoides). Iydəçiçəklilər fəsiləsinin çaytikanı
cinsinə mənsubdur. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı
Orta Asiyada, Sibirdə, Qafqazda və Rusiyanın avropa hissəsində çay vadilərində,
çəmənliklərdə, meşə yaxınlıqlarında, hündür dağlarda təsadüf edilir.
Azərbaycanın Samur çayı vadisində, Quba-Xaçmaz, Şəki-Zaqatala,
Naxçıvan, Lənkəran zonalarında dəniz səthindən 2000 m hündürlüyə qədər
yerlərdə kolluqlar və ağac şəklində bitir.
Çaytikanı aprel-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, ətirli və sarı olur.
Meyvələri avqust-sentyabr aylarında yetişir, fevral-mart aylarına kimi kolun
üstündə qalır. Meyvəsi şirəli sarımtıl-narıncı və qırmızı rəngdədir. Meyvələri,
əsasən girdə, oval və uzunsov formada olub, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm
enindədir. Dadı şirin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu
tünd qəhvəyi və parlaqdır.
Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tərkibində 3,5% şəkər,
3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 9% yağ vardır. Toxumunda isə yağın
miqdarı 12,5%-ə çatır. Çaytikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının
tərkibində 16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B
1
, 0,037-0,066
mq% B
2
, 0,79 mq% B
6
, 8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79
mq% fol turşusu (vitamin B
c
) və 1,2 mq% K vitamin vardır. Toxumunda 0,28
mq% B
1
, 0,38 mq% B
2
, 14,3 mq% E vitamin vardır. Toxumundan alınan yağın
tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini və polidoymamış yağ
turşuları (F vitamini aktivliyində) vardır.
152
Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı və
ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay,
spirtli içki, nastoyka və likör hazırlanır. Dondurulmuş halda yaxşı saxlanıla bilər.
Çaytikanından müalicəvi məqsədlə qədimdən istifadə edirlər. Müasir dövrdə
onun meyvəsindən bir çox xəstəliklərə qarşı, o cümlədən avitaminoz, göz, diabet,
qaraciyər, hipertoniya və qanazlığında geniş istifadə olunur. Meyvəsinin yağı
yaraların sağalmasını sürətləndirir, dərini şüa zədələdikdə sağaldıcı təsir göstərir.
Çaytikanı çox qiymətli bitki olduğu üçün onun tədarükünə və istifadəsinə ciddi
fikir verilməlidir.
Sumaq. Sumaqçiçəklilər fəsiləsinin sumaq cinsinə daxildir. 250-ə qədər kol
və ağac növləri məlumdur.
Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın
dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki-
Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda
çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari
süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər
meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri
cəlb edən tünd qırmızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri
qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xörəklərində tamlı qatqı
kimi işlədilir. Sumaq ya isti emal zamanı xörəyə qatılır, ya da nəlbəkidə hazır
xörəyin yanına qoyulur. Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında
süfrəyə verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan irəli gəlir.
Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı və rəngləyici maddələr vardır.
Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən tanin) vardır.
Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün
hissələrindən rəngləyici maddə kimi istifadə edilir. Ipək və yun parçanı onun
yarpaqları qara, qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır.
Böyürtkən. Qızılgülçiçəklilər fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun
250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində
153
geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda
yetişir. Azərbaycanın bütün zonalarında böyürtkən kolluqları vardır.
Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir.
Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və
həm də yetişmiş meyvə olur. Çiçək açdıqdan təxminən 1 ay sonra
meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə
görə qırmızı, qara, al-qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli,
gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali
yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər.
Lakin böyürtkəni yığmaq çox çətindir.
Böyürtkənin tərkibində 7-10% şəkər (qlükoza, fruktoza və azacıq
saxaroza), 1-1,5% üzvi turşu (alma, şərab, limon, salisil), 1,8% pektinli
maddə, karotin, C və B qrupu vitaminləri vardır.
Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli
içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır.
Böyürtkən müalicəvi və pəhrizi əhəmiyyətə də malikdir. Tərgətirici və
sidikqovucu kimi istifadə edilir. Böyürtkən yarpaqlarından dəmlənmiş
çay soyuqdəyməyə qarşı içilir. Böyürtkən həm də balverən bitkidir.
Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. 1
hektar sahədən arılar 20-25 kq bal hasil edə bilirlər.
Adi moruq. Qızılgülçiçəklilər fəsiləsinə mənsub olub, böyürtkən
kimi çoxillik giləmeyvəli bitkidir. Qırmızı moruq yabanı formada
Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların
kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir.
154
Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində
açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək
açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi
tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür.
Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş
və ətirlidir. Iri özək üzərində xırda meyvəciklər yerləşmişdir. Hər
meyvəciyin üzərində isə bir ədəd nazik sarı tük vardır.
Moruğun tərkibində 3-11% şəkər (qlükoza, fruktoza, pentoza), 1-
2% üzvi turşu (salisil, alma, limon, şərab) və onların duzu, 0,5-2,8%
pektinli maddə, 6% sellüloza, 2,7% pentozanlar, 0,1-0,3% aşılayıcı, 0,8-
1,9% azotlu, 0,4-0,8% minerallı maddə vardır. 2-29 mq% C vitamini,
karotin və B qrupu vitaminləri vardır.
Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda yeyilir.
Ondan mürəbbə, kompot, şərbət, kisel, marmelad, pastila, nastoyka,
spirtli içki, likör, şərab, sərinləşdirici içkilər və s. hazırlanır. Moruğu
qurudub dərman kimi istifadə edirlər. Xalq təbabətində moruq
meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi
işlədirlər. Elmi təbabətdə ödqovucu dərman kimi də dəmləmə və
bişirilmələr şəklində istifadə edilir. Təzə dərilmiş moruq meyvəsindən
hazırlanan moruq mürəbbəsi və şərbəti böyrək xəstəliyinin və
soyuqdəymənin yaxşı dərmanıdır.
Moruq həm də balverən bitkidir. 1 hektar moruq sahəsindən arılar
100 kq bal hasil edə bilirlər. Yabanı moruq bir çox mədəni moruq
sortları üçün əcdad hesab edilir.
155
Meşə çiyələyi. Qızılgülçiçəklilər fəsiləsinin çiyələk cinsinə
mənsubdur. Məlum olan 20 növündən bir növü – meşə çiyələyi
Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı
çoxdur.
Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün
yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyun-
avqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması
yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi
olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər
meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir.
Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5%
üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə,
1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və
kalium duzları, efir yağları vardır. Yarpaqlarında 250-380 mq% C
vitamini, aşılayıcı maddə və üzvi turşular vardır. Meşə çiyələyini təzə
halda süd və ya qaymaqla yeyirlər. Ondan mürəbbə, povidlo, şərbət,
marmelad, konfet və karamel üçün içlik, şərab və sərinləşdirici içkilər
hazırlanır. Təzə meyvələr susuzluğu yatırır, iştahanı artırır, qidanın
həzmini yaxşılaşdırır. Tərkibində dəmir çox olduğundan qan azlığında,
sinqa və böyrəklərin xəstəliyində geniş tətbiq edilir. Çiyələyin
qurudulmuş yarpaqlarından moruq meyvəsi ilə birlikdə çay dəmləyib,
soyuqdəymədən baş verən xəstəliklərdə tərlədici və hərarəti aşağı salan
dərman kimi istifadə olunur.
Çiyələyin kökündə 9%-ə qədər tanin vardır. Ishala qarşı çiyələyin
kökündən alınmış sulu məhluldan istifadə edilir.
|