Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Tədris məşğələləri 195. Tədris məşğələlərində və təlimlərdə alayın (briqadanın) bütün şəxsi heyəti
iştirak etməlidir. Məşğələlərdən yalnız alay (briqada) üzrə verilən əmrə və sərəncama
əsasən xidmət naryadında olanlar azad edilirlər.
Xəstə olduqlarına görə bayır məşğələlərindən azad olunmuş əsgər və çavuşlarla
bölük komandirinin və ya başçavuşunun sərəncamı ilə sinif məşğələsi təşkil olunur.
196. Məşğələlər günün nizam qaydaları ilə müəyyən edilmiş saatlarda siqnalla
başlayır və qurtarır.
Məşğələlərə getməzdən əvvəl manqa komandirləri və taqım komandiri
müavinləri tabeliklərində olanların formaya uyğun geyindiklərini, ləvazimatı düzgün
uyğunlaşdırmalarını və silahlarının dolu olmamasını yoxlayırlar.
Məşğələlər, atışlar və təlimlər qurtardıqdan sonra bölmə komandirləri silahların,
döyüş maşınlarının və digər maşınların yerində olmasını və komplektliliyini, həmçinin
atıcı silahların, hərbi sursatın və tədris cihazlarının sayını şəxsən yoxlayırlar. Silahlar və
patron maqazinləri çantasını manqa komandirləri yoxlayırlar. Yoxlamanın nəticələri
haqqında komanda üzrə məlumat verilir.
İstifadə olunmamış döyüş sursatı və gilizlər müəyyən edilmiş qaydada təhvil
verilir.
Məşğələlər, atışlar və təlimlər qurtardıqdan sonra silahlar və qazıma alətləri
təmizlənir, maşınlara texniki xidmət edilir.
197. Alay (briqada) üzrə verilən əmrlə müəyyən edilmiş günlərdə bölmələrin
məşğələlərə getməsi və qayıtması orkestr ilə müşayiət edilir.
198. Alayda (briqadada) hər həftə silahlara, döyüş texnikasına və digər texnikaya,
döyüş sursatına xidmət etmək məqsədilə parkları və maddi tədris bazası obyektlərini
avadanlıqla təchiz etmək və abadlaşdırmaq, hərbi şəhərcikləri sahmana salmaq və
digər işlər üçün park-təsərrüfat günləri keçirilir. Həmin gün bütün yaşayış və qeyri-
yaşayış binalarının ümumi yığışdırılması, həmçinin şəxsi heyətin hamamda çimməsi
keçirilir.
Park-təsərrüfat günləri alay (briqada) qərargahının işləyib hazırladığı və alay
(briqada) komandirinin təsdiq etdiyi plana müvafiq surətdə həyata keçirilir. Plandan
çıxarışlar bölmələrə çatdırılır.
İş vaxtı şəxsi heyətə rəhbərlik etmək üçün zəruri miqdarda zabitlər və gizirlər
təyin edilirlər.