Bölmələrin (komandaların) yola salınması və getməsi
227. Xidməti ezamiyyətlərə bölmələr, bir qayda olaraq, öz komandirlərinin
başçılığı altında göndərilirlər. Müxtəlif bölmələrdən əsgər və çavuşlar bir yerdə
ezamiyyətə göndərildikdə, onlardan komanda yaradılır və komandaya çavuşlar,
gizirlər, yaxud zabitlərdən rəis təyin olunur. Bölmə komandirinə (komanda rəisinə)
ezamiyyət vəsiqəsi və bölmənin (komandanın) şəxsi heyətinin silahının növü və
nömrəsi göstərilməklə alay (briqada) qərargahı rəisi tərəfindən imzalanmış və möhürlə
təsdiqlənmiş siyahı verilir. Bölmə komandirinə (komanda rəisinə) bundan əlavə yolda
getmək və qidalanmaq qaydaları, bölmənin (komandanın) nə vaxt, hara və kimin
sərəncamına getməsi, həmçinin bölmənin (komandanın) xidməti ilə əlaqədar digər
göstərişlər verilir.
228. Bölmənin (komandanın) hazır olması barədə bölmə komandiri alay (briqada)
qərargahı rəisinə, komanda rəisi isə alay (briqada) qərargahı rəisinə, yaxud alay
(briqada) növbətçisinə məlumat verir.
Qərargah rəisi şəxsi heyəti nəzərdən keçirib onun təminatını yoxladıqdan və
bölmə komandirinə (komanda rəisinə) təlimat verdikdən sonra alay (briqada)
komandirinə məlumat verir və onun icazəsi ilə bölməni (komandanı) yola salır.
229. Bölmə komandiri (komanda rəisi) şəxsi heyətin hərbi intizamına, tapşırığın
vaxtında yerinə yetirilməsinə, qayda-qanuna riayət edilməsinə, həmçinin silahların,
döyüş sursatının və əmlakın qorunub saxlanılmasına tam məsuliyyət daşıyır.
230. Bölmə (komanda) təyin olunan yerə gələn kimi bölmə komandiri (komanda
rəisi), sərəncamına göndərildiyi şəxsə, geri qayıdan kimi isə alay (briqada) qərargahı
rəisinə məlumat verməlidir.
231. Bölmə (komanda) maşınlarla gedərkən bölmə komandirləri (komanda
rəisləri) və maşın böyükləri şəxsi heyətin hərbi intizama riayət etməsinə, həmçinin
maşınlardakı adamların sayının, yüklərin miqdarının və maşınların sürətinin müəyyən
edilmiş normadan artıq olmamasına, şəxsi heyətin maşınlara minib düşməsi və yol
hərəkəti qaydalarını pozmamasına diqqət yetirməlidirlər.
Zəruri avadanlıqla təchiz edilməmiş maşınlarda şəxsi heyətin daşınması
qadağandır.
Dəmiryolu, hava və su nəqliyyatı ilə gedərkən, bu Nizamnamənin XII fəslinin
göstərişlərini rəhbər tutmaq lazımdır.
232. Bölüyün qarnizon daxilində xidməti tapşırıqları yerinə yetirməyə, həmçinin
ekskursiyaya, kinoya, teatra və digər ictimai yerlərə gedən əsgər və çavuşları komanda
tərkibində, bölük komandirinin zabitlərdən, gizirlərdən, yaxud çavuşlardan təyin
etdiyi böyüyün başçılığı altında gedirlər.
Zabit və ya gizirlərdən olan komanda böyüyü komandanın şəxsi heyətini yığıb
düzür, onu yoxlayır, siyahı tərtib edir, komandanın hazır olması barədə bölük
komandirinə və ya onu əvəz edən şəxsə məlumat verir. O, icazə aldıqdan sonra
komandanı təyin olunmuş yerə aparır.
Müddətli xidmət çavuşlarından olan komanda böyüyü komandanı yığıb onu
başçavuşun və ya onu əvəz edən şəxsin yoxlaması üçün təqdim edir, özü üçün
buraxılma vərəqəsini və şəxsi heyətin bölük komandiri imzaladığı siyahını alır.
Buraxılma vərəqəsində böyüklə birlikdə gedənlərin ümumi sayı da göstərilir. Daha
sonra komanda böyüyü komandanı alay (briqada) növbətçisinə təqdim edir.
233. Bölmədən iki və daha çox hərbi qulluqçu gedəndə həmişə onlardan biri
böyük təyin edilir. Tərkibi üç nəfərdən ibarət və daha çox olan komandalar təyin edilən
yerə böyüyün komandası altında sıra ilə gedirlər.
Bədbəxt hadisələr baş verməməsi üçün gecə vaxtı komandalar kolonunun
başında və sonunda siqnal fənərləri, gündüz isə kiçik siqnal bayraqcıqları olmalıdır.
Dostları ilə paylaş: |