komandirinə məlumat vermək, həmçinin təhlükə baş verə biləcək otaqlardan şəxsi
heyətin, silahların və əmlakın çıxarılması üçün tədbir görmək;
gün növbətçilərini vaxtında dəyişmək; bölük başçavuşunun göstərişi ilə işləmək
üçün təyin edilmiş bölmələri və digər komandaları göndərmək, həmçinin bütün
xəstələri və həkim müayinəsinə ehtiyacı olanları tibb məntəqəsinə göndərmək;
bölüyün şəxsi heyətini ümumi «Qalx» komandası ilə yuxudan oyatmaq;
alayın (briqadanın) yerləşdiyi ərazidən buraxılanları müəyyən olunmuş saatda
sıraya düzmək, bu barədə bölük başçavuşuna məlumat vermək və bölük başçavuşunun
göstərişi ilə onları alay (briqada) növbətçisinə
təqdim etmək;
xidməti ilə əlaqədar bölüyün yerləşdiyi binadan çıxıb getdikdə,
həmçinin istirahət
etdikdə öz vəzifələrinin icrasını növbədə durmayan gün növbətçilərindən birinə həvalə
etmək;
alay (briqada) növbətçisinə təqdim etmək üçün axşam yoxlanışından sonra
yerində olmayanlar haqqında məlumatı və özbaşına gedənlər olduqda, onların
soyadlarını bölük başçavuşundan almaq və alay (briqada) növbətçisinə raport vermək.
Məsələn: «Yoldaş kapitan. 1-ci tank bölüyündə axşam yoxlanışı aparıldı,
məzuniyyətdə olan iki nəfərdən və növbədə olan üç nəfərdən başqa qalanları
yerindədir. Bölük növbətçisi çavuş Səlimov»;
səhər baxışından sonra bölük şəxsi heyətinin sayı və harada olması, gecə vaxtı baş
vermiş hadisələr haqqında raportla alay (briqada) növbətçisinin yanına gəlmək,
buraxılanlardan gecikənlərin və özbaşına gedənlərin siyahısını ona təqdim etmək;
həyəcan siqnalı və ya toplanış elan olunduqda, şəxsi heyəti ayağa qaldırmaq,
zabitləri, gizirləri, həmçinin bölüyün müddətindən artıq xidmət çavuşlarını xəbərdar
etmək, onlar bölüyə gələnə qədər alay (briqada) növbətçisinin göstərişlərini yerinə
yetirmək;
bölük otaqlarının səliqə ilə təmizlənməsinə və saxlanmasına, müəyyən olunmuş
hava temperaturunun, işıqlanmanın, istiliyin saxlanması, otaqların havasının
dəyişdirilməsi qaydalarına riayət edilməsinə, baklarda içməli suyun, əlüzyuyanlarda
suyun olmasına, həmçinin bölüyə təhkim edilmiş ərazi sahələrinin təmizlənməsinə
diqqət yetirmək;
bölüyün şəxsi heyəti qida qəbul edən zaman orada olmaq və qayda-qanuna
diqqət yetirmək; bölük başçavuşunun göstərişi ilə növbədə olanlar və ya başqa xidməti
işlə əlaqədar olmayanlara xörək saxlamaq üçün yeməkxana növbətçisinə vaxtında
sifarişlər vermək;
bölük komandiri və ondan yüksək vəzifəli rəislər, alay (briqada) növbətçisi,
həmçinin təftiş aparan (yoxlayan) şəxslər bölüyə gəldikdə «Farağat» komandası
vermək, onlara raport verərək bölüyün ərazisində müşayiət etmək.
Məsələn: «Yoldaş kapitan. Mənim növbətçiliyim zamanı heç bir hadisə baş
verməmişdir (və ya baş verib filan-filan). Bölük atış meydanı rayonunda təlimdədir.
Bölük növbətçisi çavuş Kazımov».
Başqa hərbi qulluqçular olmadıqda «Farağat» komandası verilmir, ancaq raport
verilir.
Bölüyün başqa zabitlərinə, gizirlərinə və bölük başçavuşuna növbətçi raport
vermir, ancaq özünü təqdim edir.
Məsələn: «Yoldaş leytenant. Bölük növbətçisi kiçik çavuş İsmayılov».
Öz bölüyündən olmayan zabitlər gəldikdə, bölük növbətçisi özünü təqdim edir
və onları bölük komandirinin yanına müşayiət edir.
Gəlmiş komandiri (rəisi) bölük komandiri qarşıladıqda və ona raport verdikdə,
iştirak edən bölük növbətçisi raport vermir və ancaq özünü təqdim edir.
258. Bölük növbətçisində bölük növbətçisi və gün növbətçisi üçün təlimat,
həmçinin həyəcan siqnalı, toplanış və yanğın təhlükəsizliyi tədbirləri üçün təlimatlar;
günün nizam qaydaları; bölüyün kazarmadan kənarda yaşayan hərbi qulluqçularının
telefonları, ünvanları və çağırılma qaydaları göstərilən siyahısı; bölüyə
təmizlənməkdən ötrü təhkim olunmuş sahənin sxemi; səhər idman gimnastikası üçün
geyim forması nümunələri; növbətçiliyin qəbulu və təhvili, silahların və döyüş
sursatının verilməsi, xəstələrin və buraxılanların qeydiyyatı kitabları; nizamnamələr;
yanğınsöndürmə komandasının və alay (briqada) növbətçisinin telefon nömrələri
olmalıdır.
259. Yaşayış məntəqəsində yerləşdikdə, bölük növbətçisi bunlardan əlavə,
əsgərlərin və çavuşların bölüyün yerləşdiyi ərazidən çıxmamalarına və qadağan
olunmuş yerlərə getməmələrinə, küçələrdə olduqda müəyyən edilmiş geyim
formasında olmalarına və ictimai asayişə riayət etmələrinə nəzarət edir. Göstərilən
qaydaları pozanları bölük növbətçisi saxlayır və bölük başçavuşunun yanına göndərir.
Dostları ilə paylaş: