www.vivo-book.com
246
onda baronun yanında necə gülməli görünürdün; mən
oturacaqdan ikinizə də baxırdım; o vaxt səni göndərəndə
necə də getmək istəmirdin. Onda necə güldüm, onda necə
güldüm, – qəhqəhə çəkə-çəkə əlavə elədi.
Gözlənilmədən də yenə məni öpür, qucaqlayırdı, yenə
üzünü ehtiras və navəzişlə üzümə söykəyirdi. Artıq heç nə
fikirləşmir, heç nə eşitmirdim. Başım hərlənirdi…
Məncə, özümə gələndə, səhər saat yeddiyə qalırdı;
günəş işığı otağa düşürdü; Polina böyrümdə oturmuşdu elə
bil anlaşılmaz zülmətdən çıxa-çıxa, xatirələrini bir yerə
yığa-yığa qəribə tərzdə ətrafa baxırdı. O da indicə ayılmışdı,
diqqətlə masaya, pullara baxırdı. Başım ağırlaşmışdı,
ağrıyırdı. Polinanın əlindən tutmaq istədim; qəfildən məni
itələdi və divandan sıçrayıb qalxdı. Başlayan gün aydın
havalıydı, dan yeri sökülməmişdən qabaq yağış yağmışdı. O,
pəncərəyə yaxınlaşıb açdı, dirsəklərini pəncərənin altlığına
qoyub əllərinə söykəndi, başını və sinəsini çölə çıxartdı,
üzünü mənə sarı çevirmədən, ona nə dediyimi eşitmədən üç
dəqiqə beləcə durdu. Dəhşət içində ağlıma gəldi: indi nə
olacaq, bunun axırı nəylə qurtaracaq.
www.vivo-book.com
247
Qəfildən o, pəncərədən qalxdı, masaya yaxınlaşdı,
mənə hədsiz nifrətlə baxa-baxa, qəzəbdən titrəyən
dodaqlarıyla dilləndi:
– Yaxşı, indisə əlli min frankımı mənə ver!
– Polina, yenə, yenə! – təzədən başlamaq istədim.
– Yoxsa fikrindən dönübsən? Ha, ha, ha! Yoxsa daha
heyfin gəlir?
Hələ axşam sayılmış iyirmi beş min florin masanın
üstündə dururdu; pulu götürüb ona verdim.
– Deməli, artıq bu pullar mənimdi? Belədi, hə? Belədi?
– pulu əlində tutub hiddətlə soruşurdu.
– Hə, o pullar həmişə sənin olub, – dedim.
– Yaxşı al, bu da sənin əlli min frankın! – O qolaylanıb,
pulları mənə atdı. Dəstə zərblə sifətimə dəyib döşəməyə
səpələndi. Polina bunu eləyib, qaça-qaça otaqdan çıxdı.
Bilirəm, əlbəttə, həmin dəqiqə onun ağlı başında
deyildi, bununla belə, həmin müvəqqəti ağılsızlığı da başa
düşmürəm. Düzdü, o, hələ indiyə qədər, üstündən bir ay
keçəndən sonra da xəstədi. Amma bu vəziyyətin, başlıcasısa,
bu hərəkətin səbəbi nəydi? Təhqir olunmuş vüqarıydımı?
|