MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar


Azərbaycan dilinin tarixində funksional



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   2   3   4   5   6   7   8   9   10   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

Azərbaycan dilinin tarixində funksional 
üslubların yaranmasi və inkişafi  
Bütün dünya dillərində olduğu kimi Azərbaycan ədəbi dilində də funksional 
üslublar mövcuddur. XX əsrin II yarısından başlayaraq Azərbaycan ədəbi dilində
funksional üslubların aşağıdakı növlərini yaranmağa və formalaşmağa 
başlamışdır: ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi üslub, publisistik 
üslub və epistolyar üslub.
Azərbaycan ədəbi dili təqribən V-XI əsrlər arasında formalaşmağa başlayır.
Bunun üçün təbii ki, o dövrdə tarixi şərait mövcud idi.Dövrün istismara qarşı 
aparılan müharibə və mübarizələri, ticarətin və sənətçiliyin (xüsusilə də memarlıq, 


17 
xalçaçılıq, nəqqaşlıq və s.) inkişafı, məscidlərin tikilməsi, mədrəsələrin açılması, 
təhsilin qüvvətlənməsi və digər mədəni hadisələr bu prosesə təsir 
edirdi.Unutmayaq ki, bu proses yad dillər əhatəsində əsrlər boyu davam etmişdir.
Xalq dilini dastanlar, bayatılar, qoşmalar, əfsanələr, nağıllar, tapmacalar
zərbiməsəllər, atalar sözləri və s. folklor nümunələri yaşatmışdır. Bu yolla inkişaf 
edərək və qorunaraq şifahi ədəbi dil onun yazılı qolunun yaranması üçün zəmin 
təşkil etmişdir. Qədim şifahi dilimizin zənginliyinin ən bariz nümunəsi “Dədə
Qorqud kitabı”dır. Şübhəsiz, belə bir ədəbi dil artıq yazılı dilin meydana çıxması 
üçün əsas amil olmuşdur. “Şifahi folklor üslubu əsasında ədəbi dilin bədii üslubu 
əmələ gəlir və uzun müddət ədəbi dilimiz bu üslub vasitəsilə inkişaf edir, 
təkmilləşir”
7
. Azərbaycan ədəbi dili hər inkişaf mərhələsində müəyyən dərəcədə 
məşhur şəxsiyyətlərin, söz sənətkarlarının adları ilə bağlıdır: XIII-XIV əsrlər 
Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi şeirləri, XV-XVI əsrlər 
Cahanşah Həqiqi, Həbibi, Şah İsmayıl Xətai, Qurbani, Füzuli sənəti, XVII-XVIII 
əsrlər Vidadi və Vaqif qoşmaları, XIX əsr böyük materialist- filosof Mirzə Fətəli 
Axundovun yaradıcılığı sayəsində zənginləşmişdir. Onlar ədəbi dilin təşəkkülü və 
normalara salınmasında böyük rol oynamışlar. Lakin bu məqam yeganə amil 
olaraq dəyərləndirilə bilməz. Çünki norma ədəbi dilin təşəkkül səviyyəsini 
göstərən ən əsas amildir.
Tədqiqatçılar ədəbi dilin inkişaf tarixində iki əsas dövrü fərqləndirmişlər: 1. 
Azərbaycan ədəbi dilinin təşəkkül dövrü 2. Azərbaycan ədəbi dilinin sabitləşmə 
dövrü.
VIII-X əsrlərdən XVII əsrə qədər davam edən təşəkkül dövründə 
tədqiqatçılar iki ülsubun mövcudluğunu qeyd edirlər: klassik-kitab üslubu və 
danışıq-folklor üslubunu. Bu dövr iki mərhələyə ayrılır:
1. Qədimlərdən XIII əsrə qədər 2. XIII əsrdən XVII əsrin əvvəlinə qədər. 
Birinci mərhələdə ədəbi yazı dilinin təşəkkül prosesi güclənir, Azərbaycan xalq 
7
T.Əfəndiyeva. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, Elm, 2001, s.38 


18 
dili ünsürlərindən geniş istifadə edilir. Bu dövrün ikinci mərhələsində, təxminən 
XIII-XVII əsrlər arasında Azərbaycan şifahi dil nümunələri geniş ölçüdə yazılı 
ədəbi dilə daxil olur. Qazi Bürhanəddin, İmadəddin Nəsimi, daha sonra Şah
İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcılığı sayəsində canlı xalq dili üçün 
səciyyəvi qrammatik quruluş elementləri yazılı ədəbi dilə gətirilir. Yazı 
tələblərinə uyğunlaşır, seçmə prosesi fəallaşır, xalq kəlmələri və ifadələri hesabına 
ədəbi dilin söz ehtiyatı zənginləşir. Artıq XV əsrin sonu və XVI əsrin 
əvvəllərindən etibarən ədəbi dilin klassik üslubu tam olaraq yüksəlir və aparıcı rol 
oynayır. Həmin mərhələdə Nəsimi fəlsəfi şeirləri ilə şeir dili üzərində elmi 
üslubun ilk təməl daşı qoyulur və bununla da funksional üslubun parçalanma 
zamanı başlayır.
XVII əsrin ortalarından başlayaraq isə ədəbi dil sabitləşmə dövrünə qədəm 
qoyur. Bu mərhələdə ümumxalq meyilləri güclənir. Əcnəbi kəlmələr, qrammatik 
elementlər məhdudlaşır, onların istifadə sahəsi daralır; XVIII əsrdən başlayaraq 
şifahi-folklor, yaxud xalq dili üslub xətti klassik-kitab üslub xəttindən daha irəli 
keçir, yeni epitetlər, məcazi mənalar, emosional-ekspressiv kəlmələr, hikmətli 
xalq ifadələri, zərbi-məsəlləri ilə zənginləşir. Hətta bu dövrə rəsmi kağızların əsas 
hissəsi ərəb və fars dillərində deyil, Azəri türkcəsində yazılır.
XIX 
əsrin sonu XX əsrin əvvəllərində ədəbi dilin milli dövrü başlayır. Bu 
dövr tarixi şəraitlə əlaqədar neft sənayesinin meydana çıxması, kapitalizmin 
sürətlə inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, təhsilin güclənməsi, kənd 
təsərrüfatının və xüsusilə də heyvandarlığın yeni üsullar üzərində tərəqqisi və 
bu kimi siyasi-ictimai təşəbbüslər nəticəsində ədəbi dilin ictimai funksiyası 
daha da genişlənir.Belə bir şəraitdə publisistik üslub inkişaf etməyə başlayır. 
Həsən bəy Zərdabinin fəaliyyəti nəticəsində “Əkinçi” qəzeti, daha sonra Cəlil
Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı nəşr edilir və digər qəzetlər də 
fəaliyyətə başlayır. Bu dövr lüğət tərkibindən ərəb və fars ünsürləri sıxışdırılır və 


19 
rus dili vasitəsilə terminlər dilimizə daxil olmağa davam edir ki, bu da, əsasən, 
elmi və publisistik üslublarda özünü göstərir. XX əsrin əvvəllərində milli dil tam 
formalaşır, bütün üslublar fəallaşır.
XX 
əsrin 30-cu illərdən bu günə qədər milli ədəbi dil dövrüdür. Bu 
dövrdə imla və tələffüz qaydaları sabitləşir.
Beləliklə, qədim dövrlərdən tərəqqi etməyə başlamış, dünyanın qədim 
dillərindən olan Azərbaycan dili böyük və uzun təkamül yolu keçərək, nəticədə 
zəngin lüğət tərkibi, mürəkkəb qrammatik quruluşu, yetkin semantikası, çeşidli 
intonasiyası, çoxşaxəli üslubları olan dillərdən birinə çevrilir. Belə ədəbi dilləri 
akademik V.V.Vinoqradov “sistemlər sistemi” adlandırmışdır. Belə dilin hər bir 
üslubu öz-özlüyündə xüsusi və mürəkkəb bir sistem təşkil edir. Bu mürəkkəbliyin 
səbəbi hər üslubun janr və nitq növlərinə ayrılması və bununla əlaqədar dildən 
istifadəetmə qaydaları, xüsusilə də onun söz xəzinəsi ilə bağlıdır. Çünki dil 
vahidlərinin üslubi ayrıntıları və ekspressiv rəngləri sözlərdə özünü daha qabarıq 
şəkildə göstərir. Ona görə də, funksional üslublar arasındakı fərq, onların yazılı 
və şifahi şəkildə çıxış etməsindən asılı olmayaraq, ən əvvəl lüğət tərkibindən necə 
istifadə edilməsi ilə təyin olunur.
Funkional üslubların əsasını ədəbi dilin ümumişlək kəlmələri təşkil edir. 
Lakin bununla belə, bu üslubların hər biri öz ictimai vəzifəsi ilə əlaqədar müəyyən 
qrup sözlərdən daha çox istifadə edir. Yüksək ifadəliliyə malik canlı danışıqməişət 
üslubunda xeyli miqdarda həyəcan məzmunlu, qiymətverici mənaya malik olan 
kəlmələr, rəsmi-işgüzar üslubda əsasən hər cür ifadə qüvvətindən azad, standart, 
klişe xarakteri alınmış söz və tərkiblər, məntiqi-qavrama səciyyəsinə malik olan 
və kommunikativ-təşviqat funksiyası daşıyan publisistik üslubda isə, bir tərəfdən 
ictimai-siyasi terminlər, digər tərəfdən də yüksək ifadə qüvvəsinə malik sözlər və 
söz birləşmələri işlənir. Beləliklə də, hər üslub ictimai funksiyasına müvafiq 
olaraq dilin söz xəzinəsindən istifadə edib lüğət ehtiyatı düzəldir ki, həmin 
kəlmələr bu və ya digər funksional üslubun səciyyəvi leksik elementləri hesab 


20 
edilir. Üslublar arasında qəti sərhəddin olmadığına görə bir üslubun elementləri 
başqa bir üslubda da istifadə edilə bilər, lakin başqa bir vəzifədə.
Ədəbi dildə digər funksional üslublardan fərqli olaraq dildən bütünlüklə 
ancaq bədii üslubda istifadə edilir. Burada dilin hər cür elementləri ilə rastlaşırıq: 
ədəbi norma və ədəbi normadan kənar dil vahidləri (məs. şivə elementləri ilə), 
yeni və köhnəlmiş sözlər, geniş istifadədən çıxmış sözlər (yəni neologizmlər və 
arxaizmlər), yüksək ifadəliliyə malik sözlər həmçinin sadə-xalq ifadələri, 
danışıqməişət və hətta başqa üslubların elementləri. Bədii üslubun dildən belə bir 
şəkildə istifadəsinə müasir ədəbiyyatın mövzu genişliyi imkan verir; çünki müasir 
bədii ədəbiyyat bizi əhatə edən gerçəkliyi,varlığı hərtərəfli əks etdirir, insan 
fəaliyyətinin hər bir sahəsini təsvir edə bildiyinə görə dildən bütünlüklə istifadə 
edə bilir.
Bununla belə, başqa funksional üslublar kimi, bədii üslubun da öz səciyyəvi 
elementləri vardır: bədii üslub məcazlar sistemi, yüksək ifadə qüvvəsinə malik 
olan kəlmələri ilə fərqlənir. Bundan əlavə, dilin ən zəruri və ifadəli vasitələri 
sayılan sinonim cərgələr bütün zənginliyi və rəngarəngliyi ilə bədii əsərlərin 
dilində fəaliyyət göstərir. Bədii üsluba xas olan bir mühüm cəhət isə ədəbi 
dilimizin təşəkkülü və tərəqqisinin,onun formalaşmasının bütün tarix boyu həmin 
üslub vasitəsiylə gerçəkləşməsidir. Bədii üslub fərdi üslublar sayəsində inkişaf 
edərək ədəbi dilin tərəqqisinə və zənginləşməsinə, yeni normalarla təmin 
olunmasına xidmət edir. Odur ki, bədii üslub ədəbi dilin funksional üslubları 
sistemində mərkəzi yer tutur.O, ədəbi dilin bir növ özəyidir.Bədii dil ümumxalq 
dilinin ən gözəl nümunəsi, onun daxili imkanlarının təcəssümüdür.
Xalq bədii ədəbiyyat dilini milli dilin yüksək mədəniyyətə malik və 
təkmilləşmiş, həm də ifadəli və mənalı bir dil kimi qəbul edir, yeni nəsillər məhz 
onun vasitəsilə ana dilinə yiyələnir. Beləliklə, ədəbi dil üslublar üzrə parçalanan 
bir sistemdir ki, onun üslubları bir-biri ilə sıx əlaqədə və qarşılıqlı təsirdədir. Bu 
üslublar sistemində bədii üslub öz səciyyəsinə görə aparıcı yer tutur.


21 
Dilçilik üslubiyyatında ədəbi dilin üslubları müxtəlif terminlər vasitəsilə 
adlandırılır: dil üslubları, nitq üslubları, funksional üslublar. Belə termin 
müxtəlifliyinin əsas səbəbi,uzun illər dilnitq terminlərinin eyni mənada 
işlənməsidir. Halbuki, bir-biri ilə sıx əlaqədə olan bu iki söz eyni zamanda 
müxtəlif anlayışlar bildirir. Dil sistemdir. Səslər, işarələr, şəkillər, kəlmələr 
sistemidir. Bu sistemi işə salan, fəaliyyətə gətirən isə nitqdir. Dil statik durumda 
olan bir kateqoriyadır, nitq isə onun dinamikası, hərəkəti və yaradıcısıdır. Bu 
hərəkət zamanı nitq dilin inkişafına yardım göstərir, onun üslublara
parçalanmasına xidmət edir. Ədəbi dilin bir parçası kimi üslub da nitq vasitəsiylə 
inkişaf edir. Çünki “sistemlər sistemi” olan dilin bir hissəsi kimi üslub da 
sistemdir. O, çeşidli janr növlərindən ibarət olan bir sistemdir. Ona görə də, 
üslubun içərisində parçalanma prosesi davam edir. Üslub müxtəlif janr tiplərinə 
xidmət göstərən ayrı-ayrı nitq növlərinə bölünür. Məsələn, elmi üslub 
monoqrafiya, məqalə, tezis, məruzə, xülasə və s.; rəsmi-işgüzar üslub dəftərxana 
kağızları, akt, protokol, ərizə, diplomatik yazışmalar, vəkillərin çıxışları, müxtəlif 
hüquqi kağızlar və sənədlər və s.; publisistik üslub qəzet və jurnal məqaləsi, 
reportaj, intervü, elan, bildiriş və s; bədii üslub roman, novella, hekayə, poema, 
şeir, epiqraf, satira və s. janrlarla bağlıdır. Müvafiq surətdə nitq növlərindən ibarət 
olan hər üslub həmin nitq növləri nəticəsində öz ictimai funksiyasını yerinə yetirir. 
Ona görə də funksional üslub termininin işlənməsi daha məqsədəuyğundur.
Funksional üslublar bir vəziyyətdə qalmır, inkişaf edir, dəyişir. Ədəbi dilin 
inkişafı, nüfuz dairəsinin genişlənməsi və yüksəlməsi ilə əlaqədar üslubi 
parçalanma davam edir. Məsələn, son zamanlar elmi-publisistik janrın elmi 
üslubdan ayrılması və onun müstəqil funksional üsluba çevrilməsi hadisəsi özünü 
göstərməkdədir. Publisistik üslubda da üslubi parçalanma meyilləri özünü büruzə 
verir. Sovet dövründə rəsmi-işgüzar üslubdan istifadə məhdud xarakter daşıyırdı. 
Çünki, rəsmi sənədlər, əsasən, rus dilində yazılırdı, yaxud rus dilindən hərfən 
tərcümə şəklində meydana çıxırdı. Lakin zamanla bu üslub geniş tərzdə 
istifadədədir, inkişaf etməkdədir.


22 
Araşdırmalar göstərir ki, funksional üslub məsələsi dilçilik üslubiyyatının 
əsas problemlərindən biri olaraq qalır və ona maraq azalmır. Ədəbi dilin 
funksional üslubları, hər birinin çeşidli janr və nitq növləri hal-hazırda dilçi 
alimlərin diqqət mərkəzində olmaqla, müntəzəm şəkildə tədqiq edilir.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin