DİL VƏ NİTQ ANLAYIŞLARI
Dil və nitq hər bir xalqın milli dəyəri və milli sərvətidir. Onların sintezi milli
mədəniyyətin yaranmasına xidmət edir. Bu proses dil vasitəsi ilə gerçəkləşdiyi
üçün ilk növbədə məhz dildə öz əksini tapır. Milli dil daim zənginləşir, yetkinləşir
və dolğunlaşır. Lakin dil özlüyündə nə inkişaf edir, nə də zənginləşir. Bu proses
nitq vasitəsilə reallaşır.
Dil –fonetika,leksika,morfologiya sintaksis və üslublardan ibarət mürəkkəb
bir sistemdir. Nitq isə dilin fəaliyyət formasıdır. Dil nitqin zənginliyini təmin
edir.Bununla bərabər,nitq də öz növbəsində dili daima zənginləşdirir, onun ifadə
imkanlarını artırır və genişləndirir. Odur ki, dil və nitq dialektik vəhdət təşkil edir.
6
Azərbaycan dili insan fəaliyyətinin ictimai sahələrinə uyğun beş üslubda
təzahür edir və danışıq-məişət, rəsmi-işgüzar, elmi, mətbuat və bədii üslublarda
çıxış edərək nüfuz dairəsini gündən-günə genişləndirməkdədir.
Nitq mədəniyyəti üslublarla bağlı olduğuna görə, o, üslubiyyat elmi və
natiqlik sənəti üzərində qurulur. Bu sahə psixologiya, fəlsəfə, məntiq, etika,
estetika və pedaqogika kimi elmləri də əhatə edir.
Nitq mədəniyyəti şifahi nitqlə bilavasitə bağlı olmasına baxmayaraq, ona
yazı mədəniyyəti də daxildir. Nitq mədəniyyəti özünəməxsus prinsiplər əsasında
qurulur.Onlar
düzgünlük, dəqiqlik, məntiqilik, aydınlıq, rəngarənglik, münasiblik
və
məqsədlilik prinsipləridir. Fikrin tam və aydın şəkildə ifadəsi üçün bu prinsiplərin
vəhdəti vacibdir. Ən vacibi isə məhz düzgünlük prinsipidir. Nitq düzgün olmasa,
ünsiyyət yarana bilməz. Düzgün nitqin əsasını isə ədəbi tələffüz və qrammatik
normalar təşkil edir. Bu normalar şivə ünsürlərinin ədəbi dilə keçməsinə imkan
vermir.
Antik dövrün alimləri hesab edirdilər ki, nitq dəqiq olmalıdır ki, öz
məqsədinə nail olsun. Məhz ilk dəfə o dövrün alimləri nitqin dəqiqliyini fikrin
dəqiqliyi, ardıcıllığı ilə əlaqələndirmişlər. Bu işdə əsas yük sinonimlər üzərinə
düşür. Sinonim cərgələr bu və ya digər məqsəd və şəraitə müvafiq zəruri leksik
vahidin seçilib işlənməsi üçün imkan yaradaraq nitqin dəqiq olmasını təmin edir.
Müasir Azərbaycan dili sinonimlərlə zəngindir. Lakin nitqdə hər bir sinonimik
leksik vahidin üslubi rənginə və çalarına görə istifadə məqamı var. “Sinonim
cərgədən sözün üslubi məqama müvafiq və yerli-yerində istifadəsi nitqin dəqiqlik
keyfiyyətini təmin edən ən vacib şərtdir”.
1
Klassik bir nümunə təqdim edək:
Vaqif:A qızım, üzündən götür duvağı, Qoy,açıq
görünsün ayın qabağı...
1
A.Quliyeva. Üslublar arasındakı qarşılıqlı əlaqələr, Bakı, Elm, 2002, s. 79
7
Camalın dünyadır, qucağın cənnət Utansın
hüsnündən o kor şəriət!
Üz-qabaq-camal-hüsn sözləri sinonimdir: bunlar eyni məfhumu
bildirmələrinə baxmayaraq, hər birinin daşıdığı incə məna çalarına müvafiq gələn
istifadə məqamı var. Bu yanaşma nitqin dəqiqliyini təmin edə bilmişdir. Əgər
sənətkar birinci misrada neytral mənalı üz sözünü gözəllik ekspressiyası daşıyan
camal sözü ilə əvəz etsəydi, fikrini dəqiq şəkildə ifadə edə bilməzdi. Çünki bu
sinonim cərgədə dominant, yəni, əsas məna üz sözüdür, onun ardınca gələn
sinonimlər həmin mənanı müxtəlif ekspressiv boyalarla ifadə edir.
Nitqin məntiqilik kimi keyfiyyəti də böyük əhəmiyyət daşıyır. Bu keyfiyyət
dəqiqlik ilə sıx şəkildə bağlıdır. Dəqiq olmayan nitq məntiqli ola bilməz. Lakin
dəqiqlik keyfiyyətindən fərqli olaraq məntiqilik keyfiyyəti dilin həm leksik, həm
sintaktik sistemi əsasında əmələ gəlir. Mətnin məntiqliliyini təmin etmək üçün
cümlədə, mətndə söz sırası pozulmamalıdır, köməkçi nitq hissələri və ara sözlər
yerində işlənməli, sözlər və cümlələr arasında fikir əlaqəsi olmalı, mətn abzaslara
parçalanmalı, əsərin kompozisiyası mükəmməl quruluşa malik olmalıdır. Elmi
üslub üçün məntiqilik daha vacib və zəruridir. Çünki, elmi üslubun əsas məqsədi
həqiqəti təsdiq etməkdir. Təbii ki, başqa üslublara da bu keyfiyyət məxsusdur;
çünki məntiqsiz fikir ola bilməz. Lakin digər üslublarda, xüsusilə də bədii üslubda,
məntiqilik tamamilə ayrı, son dərəcə səciyyəvi bir xarakter daşıyır. Belə
ki, bir qədər şərti xarakterə malik bədii nitqdə məntiqilik əsərin məzmunu, ideya
istiqaməti, sözlərin həqiqi mənaları ilə yanaşı məcazi mənalarda da işlənməsi və
s. bu kimi məqamlarla əlaqəlidir. Elmi üslub isə açıq məntiq və əsasən də
təkmənalı leksik vahidlər – terminlər üzərində qurulur.
Nitqin digər vacib keyfiyyəti onun aydınlığıdır.
Bu keyfiyyət təmizlik məfhumu ilə bağlı olub, daima filoloqları düşündürmüşdür.
Nitqin aydınlığı, təmizliyi, saflığı üçün ən birinci şərt ədəbi dildə şivə
ünsürlərinin, əcnəbi sözlərin, arqo və jarqonların işlənməsini qadağan etmək,
8
onlara yol verməməkdir. Həmin tipli leksik vahidlərə yalnız bədii üslubda rast
gəlmək olur. Burada onlar personajların nitqinin fərdiləşdirilməsi, yerli və milli
koloritin yaradılması üçün istifadə olunur.
Nitqin ifadəliliyi nitq mədəniyyətinin əsas əlamətlərindən biridir. İfadəlilik
çox geniş diapazona malik bir anlayışdır. İfadəliliyin əmələ gəlməsində dilin
bütün yarusları: fonetik, leksik, semantik, qrammatik, üslubiyyat, və intonasiya
iştirak edir. Əlbəttə, ifadəliliyin meydana çıxmasında aparıcı vəzifə leksika ilə
semantikanın üzərinə düşür. Lakin leksika ilə yanaşı bu keyfiyyətin əmələ
gəlməsində sintaksisin də rolu az deyil. .
İfadəliliyin dildə təzahüretmə yolları dilin yazılı və şifahi formalarda çıxış
etməsi ilə əlaqədardır. Düzdür, bunların hər ikisində ifadəlilik dilin bütün
sistemlərinin iştirakı ilə mümkünləşir. Lakin yazılı nitqdə fərqli olaraq, dialoq və
monoloqlardan ibarət olan şifahi ifadəliliyin əmələ gəlməsi üçün daha geniş
imkanlar vardır. Çünki şifahi nitqdə dil vahidləri ilə yanaşı, insanın
psixolojifizioloji sistemi də iştirak edir. Səs tonu, vurğu, pauza, tələffüz, temp,
ritm, tembr, mimika, hərəkət kimi anlayışlar birləşərək nitqin texnikasını təşkil
edir. Nitqin texnikası təlim-tərbiyə və təhsil prosesində, xüsusilə aktyor sənətində
böyük əhəmiyyət daşıyır.
Nitqin rəngarənglik keyfiyyəti də böyük əhəmiyyət daşıyır. Həmin
keyfiyyətin yaranması ən əvvəl dilin söz xəzinəsi, semantikası ilə sıx şəkildə
bağlıdır. Məsələn, qəzet nitqi ilə görkəmli yazıçının nitqini fərqləndirən başlıca
cəhət bədii əsərdəki dil vahidlərinin zənginliyidir. Şübhəsiz, burada aparıcı rol
çoxmənalılığın,yəni,məcazların üzərinə düşür. Görkəmli yazıçılar və şairlər
sözdən, onun semantikasının dərinliklərində gizlənən məna boyaları və
rənglərindən böyük ustalıqla istifadə edərək, onları üzə çıxarır, bədii əsərin dilini
çeşidli, müxtəlif ruhlu edə bilirlər. Məşhur söz sənətkarlarının əsərlərində
müxtəlif quruluşlu, rəngarəng dinamikaya, ritmikaya malik olan nitq növləri ilə
rastlaşırıq. Bura leksik-semantik zənginlik də daxil olduqda əsər qeyri-adi bir
estetik təsir bağışlayır.
9
Nitqin aparıcı keyfiyyətlərindən danışanda münasiblik keyfiyyətini də qeyd
etmək lazımdır. Nitqin münasibliyi deyəndə onun elə bir təşkili nəzərdə tutulur ki,
o, ünsiyyətin məqsəd və vəzifələrinə, mövzuya, onun məntiqi və emosional
məzmununa, dinləyici və oxucuların səviyyəsinə, yəni auditoriyaya, yazılı və
şifahi nitqin tərbiyəedici və estetik məqsədlərinə uyğun olsun. Əks təqdirdə, nitq
qəbul olunmaz və anlaşılmaz olar. Məsələn, filologiya elmində müəyyən bir
mövzu, yaxud bir bədii əsərin ideya və məzmunu barəsində, və ya oradakı tarixi
hadisələr haqqında məlumat verməyə çalışan məruzəçi öz çıxışını elə qurmalıdır
ki, dinləyicilərin səviyyəsinə uyğun olsun. Həmin nitq (çıxış) orta məktəb
şagirdləri üçün bir cür, ali məktəb tələbələri üçün başqa cür, alimlər üçün
tamamilə başqa məzmunda və istiqamətdə təşkil edilməlidir. Yalnız bu zaman
ünsiyyət baş tuta bilər.
Nitqin məqsədliliyi ədəbi dil normalarının danışıq dilinə tətbiq
olunmasından,dil normaları haqqında sistemli bilik verməkdən,nitq üslublarının
işlədilmə səviyyəsini gözləməkdən,mədəni nitqin keyfiyyətini mənimsəməkdən
ibarətdir.
Qeyd etdiyimiz bütün bu keyfiyyətlər nitqə aid edilən tələblərdir ki, bunlara
əməl olunmazsa, nitq mədəniyyətinə yiyələnmək də olmaz. Digər komponentlər
– səliqəli və zövqlü geyim, mülayim davranış, dünya hadisələrindən xəbərdarlıq,
yüksək bilik, intellekt və s. bu kimi cəhətlər ona əlavədir. İnsanda hər şey gərək
mədəni və gözəl olsun. Mədəniyyət gözəlliklə, gözəllik də mədəniyyətlə bağlıdır.
Bunları istiqamətləndirən isə dil və nitqdir.
“Mədəniyyətin istiqamətvericisi kimi dil daima özünə qayğı, baxım tələb
edir”
2
. Ədəbi dilin milli dəyərlərini mühafizə etmək, tələffüz və imla qaydalarının
pozulmasına yol verməmək, cürbəcür və mürəkkəb fikirləri ifadə etmək
imkanlarını qorumaq və onların tərəqqisinə çalışmaq, təkmilləşməsinə yardım
göstərmək dilçiliyin xüsusilə sahəsi olan nitq mədəniyyətinin qarşısında duran
2
A.Quliyeva.
Üslublar arasındakı qarşılıqlı əlaqələr, Bakı, Elm, 2002, s.48
10
mühüm vəzifələrdir. Bu istiqamətdə tərtib olunan çalışmalarda yalnız bir məqsəd
güdülməlidir: dilin ümumi mədəniyyətdə daşıdığı istiqamətverici funksiyasını
təmin etmək. Çünki dil son dərəcə mükəmməl bir hadisə olmaqla bərabər, həm də
olduqca nəfis, incə bir anlamdır.
Dostları ilə paylaş: |