XX əsrdə “qəhrəmanlıq” nəzəriyyəsinin məşhur nümayəndələri (T.Karlayl, E.Cenninqs, C.Daud
və başqaları) “irsən keçən” və “kütlənin vurğunluğunu şərtləndirən” keyfiyyətləri tədqiq etməyə
çalışmışlar. Sonra “qəhrəmanlıq” nəzəriyyəsinin ardınca, xassələr nəzəriyyəsi, fəaliyyətin xüsusi
subyekti kimi lider hansı xüsusiyyətlərə malik olmalıdır sualına cavab verməyə cəhd etdi. Onun
tərəfdarları hesab edirdilər ki, insanı məhz müəyyən psixoloji keyfiyyət və xüsusiyyətlər
(“xassələr”) liderə çevirir. Bu nəzəriyyə tərəfdarlarının lider üçün zəruri hesab etdikləri əsas
keyfiyyətləri ayırd edək:
1) məsuliyyətli olmağa və işi bitirməyə güclü səy etmək;
2) məqsədə nail olmaq üçün enerji və inadkarlıq, problem həllində risk etmək
bacarığı və orijinallıq;
3) təşəbbüskarlıq;
4) özünəinam;
5) ətrafdakıların davranışına təsir etmək, sosial qarşıqlı münasibətləri qurmaq
qabiliyyəti;
6) hərəkət və qərarların bütün nəticələrini öz üzərinə götürmək arzusu;
7) frustrasiya və qrupun tənəzzülünə qarşı durmaq qabiliyyəti.
Bu cür baxışlara fərqli şəkildə yanaşmaq olar. 1979-cu ildə ABŞ-ın dövlət
departamentinin sifarişi ilə tətbiqi məqsədlərlə keçirilən, lider davranışı ilə əlaqədar kompleks
tədqiqatdan əldə edilən maraqlı nəticələrə diqqət yetirək. Bu tədqiqat göstərdi ki, müasir siyasi
liderin ən vacib keyfiyyətlərinə aiddir: qeyri-formal təşkilati vərdişlər, bürokratik yanaşmalardan
qaçış, frustrasiyaya qarşı dözümlülük, mühakimələrin düzgünlüyü, özgə fikri dinləmək
qabiliyyəti, enerjililik, inkişaf və yumor resursları. Razılaşaq ki, illər keçir amma liderə aid edilən
keyfiyyətlər dəyişməz qalır. Həm də çox maraqlıdır ki, intellektual keyfiyyətlər hələ də lider üçün
mütləq hesab edilmir.
“Qəhrəmanlar” və “keyfiyyətlər” nəzəriyyələri çox məşhur olmalarına baxmayaraq, elmi
cəhətdən az produktivdirlər. Onlar fenomeni gözəl şəkildə təsvir etməyə imkan versələr də,
onun mahiyyətinə varmağa yaxınlaşmırlar. Buna baxmayaraq, bu tipli nəzəriyyələr öz
tərəfdarlarının saynı artırmaqda və zəruri liderlik keyfiyyətlərinin yeni siyahısını yaratmaqda
davam edirlər.
Dostları ilə paylaş: