İnsert metodu: İşarələr sistemindən istifadə edib mətni başa düşmək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsullarıdır.
Yeni dərsi oxumazdan əvvəl müəllim şagirdləri cütlərə ayırır. 5 dəqiqə ərzində onlardan xahiş edir ki, məsələn, Hindistan haqqında nə bilirsə, təsəvvürlərinə gələnləri qısa şəklində yazsınlar. Müəllim bildirir ki, ola bilsin, sizin yazdıqlarınız dəqiq olmasın, buna bir o qədər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Mövzu haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cütlərlə iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Mövzu haqqında məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bundan sonra mətn paylanılır və oxutdurulur, şagirdlərə müraciət edərək müəllim deyir: “Oxuduqca səhifənin kənarında işarələr qoyacaqsınız, işarələr aşağıdakı kimi olmalıdır”:
1.Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qarşısında (V) işarəsini qoy.
2.Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işarəsi qoy.
3.Rast gəldiyini informasiya sənin üçün təzədirsə (+) işarə et.
4.Haqqında əlavə məlumat almaq istədiyin nəsə varsa, qarşısında (?) işarəsi qoy.
Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə aşağıdakı kimi ayırırlar.
Məsələn: Müəllim coğrafiyadan Hindistan mövzusunu keçərkən alınan cavabları aşağıdakıdakı kimi qruplaşdıra bilər:
V + _ ?
------------------------------------------------------------------------------------------------
Bu cədvəl müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını orada qeyd edir.
Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumat, yəni Hindistan haqqında bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini müqayisə və müzakirə edirlər. Bu metod çox vaxt tələb etdiyindən 2 dərsi bu strategiyaya həsr etmək olar.
Klaster(şaxələndirmə): Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər yaranmasına, şagirdlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait yaradan metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yönəlmə, həm də düşünmə mərhələsində istifadə etmək olar. Dərsin əvvəlində mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fikri müəyyənləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna bilər. Bu metodun tətbiqi zamanı mövzudan mövzu doğur, yeni assosiasiyaların yaranmasına imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün:
İri ağ kağıza götürülür.
Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.
Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır. Məsələn: aşağıdakı klasterdə olduğu kimi.
Düşünməyə yönəltmə zamanı şagirdlərin mövzu ilə əlaqədar bildiklərini yadlarına saldıq. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim etdi. Sonra isə konkret mövzu verilir, şagirdlər həmin mövzu ilə tanış olurlar.
Ola bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mərhələsində də klaster metodundan istifadə etsin. Mətndən aldığı yeni bilikləri şagirdlər klasterdə qeyd etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə etsinlər. (Əvvəlki bilikləri yeni aldığı bilikdən ayırmaq məqsədi ilə). Bu metoddan istənilən fənnin tədrisi zamanı istifadə etmək əlverişlidir.