F. Hersberqin motivasiya nəzəriyyəsi. Frederik Hersberq insanın təmin olunmaması ilə məmnun olmasının prinsipial olaraq iki qrup müxtəlif amillər üzrə müəyyən olunduğunu iddia edən ikiamilli motivasiya nəzəriy-yəsinin müəllifidir.7 Alışın baş verməsi üçün məmnunluq duyğusunun olması kifayət deyil, məmnun qalma amilinin fəal mövcudluğu da tələb olunur. Məsələn, kompüter üzrə zəmanətin olmaması qeyri-məmnunluq amili kimi çıxış edə bilər. Əldə edilmiş texnikanın təmiri üzrə öhdəliklərin olması istehlakçını alışa sövq edəcək məmnunluq amili və motivi kimi çıxış etmir, belə ki, bu zaman zəmanət məmnun qalmanın əsas mənbəyi deyildir. Burada belə amil rolunda kompüterin istifadə zamanı sadəliyi çıxış edə bilər. Təcrübədə «iki amil» nəzəriyyəsi ikili formada tətbiq edilir. Birincisi, satıcı qeyri-məmnunluq amillərinin ortaya çıxmasının qarşısını almalıdır (məsələn, kompüter üzrə anlaşılmaz təlimat və ya pis xidmət). Belə səhvlər, nəinki satışın artmasına kömək etmir, həm də ona mane olur. İkincisi, istehsalçı məmnunluğun və ya əmtəənin alınmasına motivasiyanın əsas amillərini müəyyən etməli və bu cəhətlərin istehlakçıların diqqətindən yayınmasına yol verməməlidir. Məhz bu amillər alıcı tərəfindən bu və ya digər ticarət markasının seçilməsini müəyyən edirlər.