Qasim haciyev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix03.02.2017
ölçüsü1,62 Mb.
#7295
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
3.3. Bərdə  Sacilərin və Salarilərin hakimiyyəti 
dövründə. 
 
IX əsrin ikinci yarısından Xilafətin zəifləməsi ilə əlaqədar 
inzibati-siyasi dəyişikliklərlə bağlı olaraq Azərbaycanın, o 
cümlədən Bərdənin də siyasi həyatında yeniliklər göründü. 
Ərəblərin yaratdığı inzibati-ərazi bölgü sistemi pozuldu. Yeni 
feodal dövlətləri yarandı ki, onların da hər birinin ayrıca mərkəzi 
şəhəri var idi (169, s.90). Ona görə  də, Bərdə  tədricən inzibati 
mərkəz rolunu itirirdi. Lakin Xilafətin Azərbaycandakı sonuncu 
canişini – Məzyədilər sülaləsindən olan Məhəmməd ibn Xalid 
Bərdə  şəhərində  qərarlaşdı. Məzyədilər  Şirvan  ərazisinə 
köçdükdən sonrada, bütün Arran onların hakimiyyəti altında ol-
du. Lakin sonra – IX əsrin 70-ci illərində  Bərdə  Məzyədilərin 
tabeçiliyindən çıxdı (90, s.39; 169, s.60). 
«Albaniya tarixi»ndə bildirilir ki, 870-ci ildə  Məhəmməd 
ibn Yəmən Bərdəyə hakim təyin olundu. O, Arranın hakimi ol-
maq fikrinə düşdü və bu məqsədlə yerli hakimləri  ələ aldı; 
məktublar göndərdi ki, onu hakim təyin etməsi üçün xəlifədən 
xahiş etsinlər. Lakin xəlifə onu deyil, Məhəmməd ibn Xalidi 
təyin etdi (136, k.2I, f.18). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
111
IX  əsrin sonlarından başlayaraq, Xilafətin  şimal 
ölkələrində  və digər ucqarlarında mərkəzdən ayrılma meylləri 
daha da gücləndi (15, s.176; 169). Müstəqilliyə marağı olan yer-
li canişin və hakimlər Xilafət mərkəzinə tabe olmaqdan və hətta 
vergi verməkdən imtina etdilər (15; 169, s.88). Xilafətin 
tərkibində ona tabe olmayan müstəqil feodal dövlətləri yarandı. 
Həmin dövlətlərdən biri də Sacilər dövləti idi (15, s.196; 169, 
s.89). Sacilər dövlətinin mövcudluğu dövründə  Bərdə  şəhəri 
əvvəlki kimi yenə  də mühüm şəhər olaraq böyük rol oynadı. 
Bərdənin yarım  əsrə yaxın siyasi tarixi həmin dövlətin daxili 
həyatı və bu dövlətdə baş vermiş siyasi hadisələrlə bağlıdır. 
Xilafətin parçalanmağa başladığı bir dövrdə yaranmış 
müstəqil Sacilər dövlətini türk mənşəli Sacilər sülaləsindən olan 
hakimlər və onların  əmirləri idarə edirdilər. Dövlətin başçısı 
«afşin» titullu, türk əmirləri nəslindən olan adlı-sanlı  sərkərdə 
Məhəmməd ibn Əbu Sac idi (15, s.198-199; 169, s.89). 
Məhəmməd ibn Əbu Sacın dövründə Bərdə şəhəri ölkənin inzi-
bati mərkəzi olaraq inkişaf edirdi (169, s.89). Feodalizm 
cəmiyyətinin inkişafı  şəhərləri kənd təsərüfatından tamamilə 
ayıraraq, yalnız sənətkarlıq və ticarət mərkəzi kimi fəaliyyət 
göstərməyə vadar etdi. Bu isə, Bərdənin qədim sənətkarlıq və 
ticarət mərkəzi olması xarakterinə uyğun şəkildə daha da inkişaf 
etməsinə səbəb oldu. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş, 
həmin dövrə aid çoxsaylı sənətkarlıq məmulatı və pullar da bunu 
sübut edir (149; 150; 205; 335; 366). 
Sacilər dövləti Xilafətə qarşı mübarizə şəraitində meydana 
çıxıb fəaliyyət göstərsə  də Xilafətə vergi verməyi öhdəsinə 
götürən yarımmüstəqil dövlət olduğundan Abbasilərin qoyduğu 
qayda-qanunlardan kənara çıxmaq üçün gərgin mübarizə 
aparmalı olmuşdur. Məhəmməd ibn Əbu Sacın dövründə Bərdə 
şəhərində zərb edilmiş, üzərində  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
112
«Afşin» yazılmış pulların aşkar edilməsi göstərir ki, ərəblərin 
hakimiyyətinin siyasi baxımdan ciddi təsirlərə  məruz qalması 
dövrü başlanmışdır (169, s.90). 
Mənbələrə  və  tədqiqat  əsərlərinə görə, artıq 1X əsrin 
axırlarında Azərbaycanda Sacilər sülaləsi hakimiyyətinin əsasını 
qoymuş  Məhəmməd ibn Əbu Sac dövlətin  ərazisini xeyli 
genişləndirmiş, müstəqil Sacilər dövləti yaratmışdı (8, s.94; 
174). 
Azərbaycanda Sacilərin hakimiyyətə  gəldiyi dövr 
Abbasilər sülaləsinin hakimiyyətinin siyasi böhran içərisində 
olduğu vaxta təsadüf edir (8, s.90). Artıq valilərin çoxu 
Xəlifənin imtiyazlarını pozur, ona vergi verməkdən imtina 
edirdilər (169, s.93; 174, s.59). 
«Albaniya tarixi»ndə Sacilər barədə bildirilir ki, «taciklər 
(ərəblər) … gəldilər və  əhali üzərinə vergi qoyub zülm etdilər. 
Onlar ələ keçirdikləri patriarx II Georqu (876-897) dəmir buxov-
la qandallayıb Partava (Bərdəyə) apardılar və zindana 
saldılar…» (136, k.2I, f.18; 169, s.98). 
Müəllifin bu sözləri dini məzhəb tərzindən doğmuş 
qəzəblə deməsi hiss olunur, eyni zamanda Arran ərazisinin 
Sacilərin hakimiyyəti altında olmasını da təsdiq edir (169, s.99; 
174, s.58-59). 
Məhəmməd ibn Əbu Sac dövründə dövlətin paytaxtı 
Ərdəbil  şəhəri olsa da Azərbaycanın böyük şəhərləri olan 
Marağa, Bərdə, Təbriz, Urmu, Xuvey (Xoy), Səlmas, Mərənd, 
Beyləqan çox böyük iqtisadi və siyasi əhəmiyyətə malik idi 
(169, s.101). Maraqlı faktlardan biri də Sacilər dövlətinin 
hökmdarlarının adına zərb olunmuş pullardır. Məhəmməd ibn 
Əbu Sacın dövründə  Bərdədə üzərində «allah» kəlamı  və Saci 
hökmdarlarının adı yazılmış dirhəmlər zərb olunmuşdur (169, 
s.90). 
Sacilər Xilafətə qarşı mübarizəni gücləndirmək üçün 
mühüm siyasi və hərbi tədbirlərə əl atırdılar. Məhəmməd  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
113
ibn Əbu Sacın əmirlərindən olan Vasif Bərdədən qaçaraq Mala-
tyaya getmiş və xəlifə Mötəziddən Suriya ilə Bizans sərhədində 
(Suqurda) hakim təyin olunmasını xahiş etmişdi (169, s.94). 
Mənbə məlumatına görə, Vasif oraya Məhəmməd ibn Əbu Sacın 
məsləhəti ilə getmişdi. Vasif orada yerləşdikdən sonra 
Məhəmməd ibn Əbu Sac özü də oraya getməli, xəlifəyə qarşı 
birlikdə mübarizə aparmalı idi. Vasif orada xəlifə  tərəfindən 
həbs olunduğundan onların bu planı baş tutmamışdı (100, s.97). 
Sacilər dövlətinin banisi Məhəmməd ibn Əbu Sac Ani və 
Dvindən tutmuş Tiflisə  qədər olan və digər  əraziləri də özünə 
tabe edərək bir müddət hökmranlıq etdikdən sonra Bərdə 
şəhərində taun xəstəliyindən vəfat etdi (15, s.201; 100, s.144; 
169, s.37-38). 
Əl-Əsir qeyd edir ki, «Azərbaycanda yayılmış taun 
xəstəliyindən çoxlu insan tələf olmuşdu. Hətta ölənləri dəfn 
etmək və onlara kəfən tapmaq belə mümkün deyildi» (100, 
s.144). 901-ci ildə baş vermiş həmin dəhşətli xəstəlik haqqında 
«Albaniya tarixi»ndə də məlumat verilir (136, k.2I, f.18). 
Məhəmməd ibn Əbu Sacın yerinə hakimiyyətə  gəlmiş 
qardaşı Yusif ibn Əbu Sac dövlətin ərazisini xeyli genişləndirdi. 
O, 913-cü ildə Azərbaycandan qərbdə yerləşən  əraziləri də 
Sacilər dövlətinin tərkibinə birləşdirdi  (40; 169, s.95-98; 174, 
s.59; 382, s.41). 
M.Şərifli Yusif ibn Əbu Sacın dövründə  Şirvanşah 
Məzyədilərin Sacilər dövlətinin vassalı halına salınmasından 
yazır və  qeyd edir ki,  bu səbəblərdən də  əl-Yaqubi Bərdə, 
Beyləqan və digər Arran şəhərlərini Azərbaycan  şəhərləri 
sırasında qeyd etmişdir (169, s.100). 
Azərbaycan (Cənubi Azərbaycan) və Arranda öz 
mövqelərini möhkəmləndirmiş Sacilər Ani və Dvindən Xəzər 
dənizinədək, Zəncandan Dərbəndədək olan böyük  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
114
bir  ərazini özlərinə tabe etmişdilər (169, s.99; 181, s.19; 284, 
s.109). 
Əl-Bəlazuri bu ərazini iki tərkibdə göstərir: birinci, Arran 
və Sisacandan (Sünik) ibarətdir. Onun ikinci versiyası isə  İbn 
Xordadbehin qeydləri (eləcə  də  İbn  əl-Fakihin) ilə üst-üstə 
düşür, ancaq bunun hüdudlarına Arrandan başqa Sisacan və Tif-
lis, eləcə də əl-Bəlazuridə olmayan Bərdə, Beyləqan, Qəbələ və 
Şirvan daxil edilir. Balazuridə Tiflis, Bərdə, Beyləqan, Qəbələ 
və  Şirvanın olmaması, yəqin ki, onları, Arranla bərabər, 
Xilafətin Cənubi Qafqaz vilayətindəki həmin  şəhər və 
məskənlərin adlarının təkrarən işlətməyi artıq hesab etməsi ilə 
izah olunur (269, s.49). 
M.Fəxrəddin Kırızoğlunun araşdırmalarına görə, 
sacoğullarının kökü saklara gedib çıxır. Bu bəylik Qafqazı uzun 
müddət Bizans və  İran axınlarından, habelə  Şərqi Anadoluda 
dağınıq halda yaşayan və erməni soylu bizans kralları tərəfindən 
zaman-zaman təşkil edilən erməni üsyanlarından qorumuşdur 
(119, s.26). 
Bütün bunlar göstərir ki, ərəblərəqədərki Cənubi Qafqaz 
əhalisinin «kilsə birliyi»ndə» olan dövründən fərqli olaraq 
Xilafət dövründə buradakı vilayətlərin birliyi təmiz inzibati qay-
dada idi  və onlar bir xilafət canişini tərəfindən idarə olunurdu 
(273, s.57) 
Burada bir məsəlyə  də toxunmaq lazımdır. Xalqımızın 
tarixinə qara hərflərlə yazılmış  səhifələrdən biri də  vətənimizə
xalqımıza qarşı özlərini erməni adlandıran hayların irəli sürdüyü 
torpaq iddiaları  və bunun ağır nəticələridir. Ermənilər bu 
iddaları “tarixi faktlar əsasında” irəli sürdüklərini bildirir, 
Azərbaycanın Qarabağ bölgəsininin onlara məxsus olmasını 
“sübut etməyə” çalışırlar. Azərbaycanın qədim torpaqları 
haqqında Strabondan başlayan Kür çayına qədər erməni abori-
genliyi uydurmasını  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
115
Azərbaycan  ərazilərinin “Ərməniyyə” adlı inzibati-ərazi 
bölgüsünə daxil etmiş  ərəb mənbələri ilə davam edən “faktlar” 
bu gün də ermənilərin istifadə etdiyi mənbələrdən biridir. İndi 
həmin «mənbələr» erməni «tədqiqatçıları»nın müxtəlif  şəkildə 
«tarixi əsərlər» yazmasına xidmət edir. Məsələn, «Ərməniyə»ni 
Ermənistan dövlətinin qədim ərazisi (?) hesab edən Ter Gevon-
dyan («Ərəb xilafəti və Ermənistan» əsərində») Bərdə şəhərinin 
adını çox az halda çəksə  də  Bərdə  şəhərini, onun yerləşdiyi 
ərazini də Ermənistan torpaqlarının sərhədi daxilində  təsəvvür 
edir (360). Bundan istifadə edən digər erməni tədqiqatçıları da 
bu  ənənəni davam etdirir. Bu yalanlar əsasında yazılmış 
əsərlərin hesabına bu gün ermənilərin xarici ölkələrə yaydığı 
Cənubi Qafqazın tarixi coğrafiyasına aid xəritələrdə ərazinin əsl 
sakinlərinə – türklərə «yer qalmır». 
Ter Gevondyan yazır ki, «İbn Havqəl tamamilə aydın 
şəkildə Armeniyanı «ermənilərin ölkəsini» ayırır»(?). O, belə 
hesab edir ki, ərəb müəllifi  İbn Havqəl Baqratilərin erməni  
çarlığının sərhədlərini aydın təsvir edir və göstərir ki, o şərqdən 
Bərdəyə, qərbdən isə Feodospola və «ermənilərin ölkəsi»nə 
çatır»dı (360, s.154). O, fikrini əsaslandırmaq üçün «maraqlı» 
ideya irəli sürür: «Ermənistan  Ərməniyə  tərkibində öz inzibati 
müstəqilliyini itirmədi. Xilafət dövründə Ermənistan 
vilayətlərini  əhatə edən  ərazilər sonradan Baqratilərin erməni 
çarlığına daxil oldu» (360, s.166). Güya İstəxri erməni çarlığı 
(məmləkət  əl-Ərmən) barədə bildirir ki, «o, bir tərəfdən Bərdə 
şəhəri, digər tərəfdən Cəzirə, üçüncüsü – Azərbaycan ilə 
sərhədlənir» (360, s.166). Müəllif öz fikrini ərəb mənbələrinə 
istinadən «dəqiqləşdirir»: «Əl-İstəxri Ermənistan dövlətinin 
sərhədlərini belə  təsvir edir: Ərməniyə Rumla (Bizansla)  da 
sərhədlənir. Onun sərhəddi Bərdəyə  qədər, Cəzirəyə  qədər və 
Azərbaycana qədərdir. Ermənistanın Rum tərəfində yerləşən  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
116
sərhəd müdafiə istehkamı Xalxaldır». Müəllif fikrini davam 
etdirərək misal gətirir ki, eləcə də ibn Havqəl erməni çarlığından 
(?) danışarkən həmin sərhəddi təsvir edir: «Onun sərhəddi 
məlumdur – şimalda Bərdəyə  qədər, qərbdə  Cəzirəyə  qədər, 
cənubda Azərbaycana qədər, Xalxal tərəfdə Rum torpaqlarına 
qədər» (360, s.239). Bir-birini təkrar edən erməni 
«tədqiqatçıları» 
ərəb mənbələrindəki bu məlumatları 
«məharətlə» öz uydurma tarixləri üçün mənbəyə çevirirlər. İndi 
əli qələm tutan hər bir erməni bu barədə  cızmaqaralarla 
məşğuldur. 
Maraqlı  məsələlərdən biri ərəb müəlliflərinin IX əsrin 
sonlarında Azərbaycan və Arran haqqında vahid inzibati birlik 
halında danışmaqlarıdır. Görünür, bu, Sacilər dövlətinin 
yaranması  və  həmin  ərazidə öz hakimiyyətini genişləndirməsi 
ilə  əlaqədardır (269, s.291). Əl-Yaqubi Arranın baş  şəhərini – 
Bərdəni Azərbaycan hüduduna daxil edir (189; 269, s.291). 
Qudamə hətta bu iki vilayəti birləşdirərək Bərdəni Azərbaycanın 
paytaxtı adlandırır (264; 269, s.291). 
N.M.Vəlixanlı  İbn Xordadbehin «Kitab al-məsalik və  əl-
məmalik» əsərinə aid şərhində qeyd edir ki, IX əsrin axırlarında 
Bərdənin qərbindəki torpaqlar Baqratilər hakimiyyətinə daxil 
olmamışdır, bu xristian vilayəti kimi ancaq nüfuz dairəsinə aid 
ola bilərdi. Müəllif bildirir ki, buna görə də müsəlman müəlliflər 
(İbn Havqəl) Bərdəni Cənubi Qafqazın digər vilayətləri ilə 
əlaqələndirən ticarət yollarını I Smbatın hakimiyyəti dövründə 
Bərdə-Dəbil traktına daxil olan torpaqlarına aid edirdilər (264). 
Qeyd etmək lazımdır ki, Yusiflə Smbatın münasibətinə aid İbn 
Havqəlin fikri (onu «Fatimilərin cəsusu» adlandırır- (290, IV, 
202-204) siyasi xarakter daşıyırdı. Bu İbn Havqəlin öz subyektiv 
münasibəti və yaxud 913-cü ildə Yusif ibn Əbu-Sacın müstəqil 
Sacilər dövləti yaratması ilə əlaqədar ola  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
117
bilərdi. X əsrin 80-ci illərinin axırlarında – İbn Havqəldən bir 
neçə il sonra yazan Müqəddəsinin məlumatı ilə  də  Bərdənin 
qərbindəki torpaqların Arrana məxsus olması  təsdiqlənir (269, 
s.299). 
Sacilər  şimaldan gözlənilən hücumlardan narahat 
olduqlarına görə, Dərbənd keçidinin möhkəmləndirilməsinə da-
ha çox diqqət yetirirdilər. Lakin Xəzər dənizindən olan hücum, 
dövrün müəlliflərinin yazdığına görə, gözlənilmədən baş 
vermişdi (265, s.28; 302, s.40). 
Bu barədə Məsudi geniş məlumat verir: «Azərbaycan, Ar-
ran, Beyləqan, Bərdə vilayətinin və digər  şəhərlərin, habelə 
Deyləm, Cibəl və  Təbəristanın  əhalisi bu sahillərdən qaçdılar, 
belə ki, onlar keçmiş zamanlarda heç vaxt görməmişdilər ki, 
düşmən onlara həmin tərəfdən gələ bilər, belə bir hadisə heç 
qədim vaxtlardan bəri məlum deyildi» (302, s.40). 
Məsudi hücum edən ruslardan bəhs edərək yazır: «… 300 
(912-914)-cü ildə təxminən 500 rus gəmisi, hərəsində 100 nəfər 
olmaqla Xəzər dənizi ilə birləşən Mitas dənizinin kanalına girdi.  
Onlar Curcan sahilində yerləşən Abasquna hücum etdilər və nef-
tli vilayət olan Azərbaycana yaxınlaşdılar; … ruslar çoxlu qan 
tökdülər, dağıtdılar və yandırdılar, qadınları  və  uşaqları qula 
çevirdilər və özləri ilə  qənimət apardılar. Xalq arasında böyük 
vahimə yarandı, ona görə ki, uzaq keçmişdən bəri düşmənin 
dəniz tərəfdən gəldiyi olmamışdı, onlara buradan yalnız tacir və 
balıqçı  gəmiləri gələrdi. Rusların Cil və Deyləmlə müharibəsi 
xeyli davam etdi və  İbn Sacın hərbi rəislərindən biri ilə onlar 
neftli sahilə, «Bakı» adı ilə  məşhur olan Şirvan şahlığına gəlib 
çıxdılar. Qayıdan zaman ruslar dənizin sahilində neftli yerdən 
cəmisi bir neçə mil olan adada düşərgə saldılar; …. onda Şirvan 
şahı  Əli ibn əl-Heysəm idi; o, ordusunu silahlandırdı, xırda 
ticarət gəmilərinə oturub adaya yollandılar.  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
118
Ruslar onların üzərinə hücum etdilər və 1000 müsəlman 
öldürüldü və batırıldı» (302, s.41). Əl-Məsudi sonra qeyd edir 
ki, «Ruslar bu dənizdə bir neçə ay qaldılar, biz təsvir etdiyimiz 
kimi, heç kim bu dənizlə ölkədən-ölkəyə keçib gedə bilmədi « 
(302, s.42). 
Məsudiyə görə, sonra müsəlmanlar hücum edərək onların  
çoxunu  qırmış, sağ qalanları isə  Xəzərin  şimalında Burtaslar 
tərəfindən öldürülmüşdü (302, s.55). 
Sacilər dövləti güclü olduğundan rusların hücumları siyasi 
cəhətdən ciddi təsir göstərə bilmədi (169, s.89). Azərbaycan 
torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirmiş Yu-
sif ibn Əbu Sacın müstəqil hakimiyyəti başa çatdı. Bundan sonra 
bir müddət dövləti Sacilərin qulamları idarə etdilər (5, s.292; 
169, s.89). Bunu Bərdədən tapılmış, Müflihin adına 931-932-ci 
illərdə kəsilmiş pullar sübut edir (169, s.89, 101; 205; 366). 
A.A.Bakıxanov Məsudiyə və əl-Əsirə əsaslanaraq rusların 
Xəzər sahillərinə ilk hücumunu təhlil edir, hücumların səbəbi, 
gedişi, rusların miqdarı, hücumun nəticələri haqqında məlumat 
verir (208, s.60-61). 
932-ci ildə Azərbaycanda Müflih ilə Yusifin başqa  əmiri 
Deysəm ibn İbrahim ibn Şadluyə (Balduyə) arasında hakimiyyət 
uğrunda güclənən mübarizə 941-ci ilədək dövləti idarə etmiş 
Deysəmin qələbəsi ilə nəticələndi (302, s.56). Bərdə, Ərdəbil və 
Dəbil şəhərində onun adına zərb olunmuş sikkələr bunu bir daha  
təsdiq edir (335). 
İlk mənbələrə  və  tədqiqat  əsərlərinə  əsaslanaraq belə 
nəticəyə gəlmək olur ki, Sacilər sülaləsi Xilafət hakimiyyətinin 
zəifləməyə başladığı dövrdə, həmin sülaləyə  mənsub olan 
hakimlər IX əsrin axırlarından X əsrin 40-41-ci illərinə  qədər, 
yarım  əsrdən artıq bir dövrdə Azərbaycanda hökm sürmüşlər. 
Xilafətin  əsrlərlə davam edən zülm və  əsarətinə qarşı xalqın 
apardığı mübarizə və müstəqillik  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
119
meyllərindən Sacilər sülaləsinə mənsub olan hökmdarlar istifadə 
edirdilər. Ona görə  də Sacilərin hakimiyyəti dövründə 
Azərbaycan gah müstəqil olur, gah da yarımasılı  vəziyyətə 
düşürdü (169, s.120). 
Sacilər dövründə Azərbaycandan toplanan vergilər 
haqqında ərəb müəllifi Kudamənin qeydlərindən məlum olur ki, 
Sacilər topladığı vergiləri xəlifə  xəzinəsinə verirdilər. 
Mənbələrdə bəzən həmin vergiləri Xilafət xəzinəsinə verməkdən 
imtina etmək halları da vurğulanır (264, s.27). 
Əslində, Sacilər bilavasitə vergi toplanması  və maliyyə 
işləri ilə deyil, əsasən hərbi məsələlərlə  məşğul olurdular. 
Maliyyə işi, vergilərin toplanması və xərclənməsi ilə hökmdarın 
təyin etdiyi katiblər və maliyyə müdirləri məşğul olurdular (264, 
s.27). 
Bərdə 
şəhərinin Sacilər dövründə mövqeyini 
müəyyənləşdirmək üçün tutarlı  dəlillər arxeoloji qazıntılar 
zamanı aşkar edilmiş və Azərbaycan tarixi muzeyinin numizma-
tika fondunda saxlanılan pullardır ki, onların içərisində Bərdədə 
hicri tarixi ilə 285-ci ildə Məhəmməd Afşinin adına zərb edilmiş 
gümüş pullar, 294-cü və 303-cü illərdə Yusif ibn Divdadın, 319-
cu ildə Müflih əl-Yusifin, 341-ci ildə Deysəm ibn İbrahimin 
adına sikkələr xüsusilə fərqlənir (265; 334). 
Ərəb səyyah və coğrafiyaşünaslarının diqqətini cəlb etdiyi 
kimi, Bərdə, Marağa,  Ərdəbil və s. şəhərlərdə  zərbxanaların 
olması, IX əsrin axırları – X əsrin ortalarında həmin şəhərlərin 
həqiqətən iqtisadi, ictimai və siyasi əhəmiyyətə malik olduğunu 
göstərir (169, s.120; 231, s.129). 
Sacilərin hakimiyyəti dövründə Xilafət asılılığından azad 
olmağa çalışan Azərbaycan  şəhərlərində böyük oyanış dövrü  
başlanmışdı (169, s.124). 
Sacilər tərəfindən Azərbaycan torpaqlarının vahid dövlət 
halında birləşdirilməsi şəhərlərin, sənətkarlığın,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
120
ticarətin və mədəniyyətin inkişaf etməsinə səbəb olmuşdur (169, 
s.124). 
Sacilər dövlətinin maliyyə, vergi sahəsində nisbətən 
yumşaq siyasət yeritməsi iqtisadiyyatın və əhalinin dirçəlməsinə 
səbəb oldu (169, s.124). 
Sacilərin siyasi fəaliyyəti əsasən Xilafətin Azərbaycandakı 
mövqelərini qorumağa və xaricdən gələn təhlükəni aradan 
qaldırmağa yönəldilmişdi (169, s.105). 
Yuxarıda deyilənlərdən belə  nəticə  çıxarmaq olur ki, 
Bərdə  şəhəri Sacilərin hakimiyyəti dövründə öz əzəmətini 
saxlamış, siyasi, iqtisadi və mədəniyyət cəhətdən inkişaf etmiş, 
iri sənət və ticarət mərkəzi olmuşdur. 
 
 
 
3.4. Bərdənin ruslar tərəfindən dağıdılması, tənəzzül 
dövrü. 
 
X  əsrin ortalarında Yaxın və Orta Şərqdə siyasi vəziyyət 
mürəkkəbləşmiş, hərc-mərclik artmış, hakimiyyət dəyişmələri 
sürətlənmişdi (169; 175; 328; 339; 341). Hakimiyyət uğrunda 
siyasi-hərbi çəkişmələr davam edirdi. 941-ci ildə Salar Mərzban 
ibn Məhəmməd Sacilərin torpaqlarına hücum edərək 
hakimiyyəti Deysəmdən aldı. Sacilərin 50 illik hakimiyyətinə 
son qoyuldu. 942-ci ildən etibarən Sacilər sülaləsinin 
hakimiyyətini Salarilər sülaləsi əvəz etdi (169, s.124 – 125; 283; 
395). 
«Albaniya tarixi»ndə bildirilir ki, «bu müddət ərzində ərəb 
xalqı zəiflədi, onun yerinə yeni gələn meki (deyləm) xalqı mey-
dana çıxdı, onların rəisi Salar Ağvaniyanı (Albaniyanı – Q.H.), 
… tutdu və öz hakimiyyəti altına aldı. O, Partava (Bərdəyə) 
gəldi, onu zəbt etdi» (136, k.2I, f.18). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
121
Kəsrəvi Təbrizinin yazdığına görə Salarilər dövlətinin ilk 
hakimi və yaradıcısı Salar Mərzban öz dövrünün böyük 
hökmdarı olmuşdur. Müəllif Salar Mərzbanı çox bacarıqlı, 
cəsur, düşüncəli, mərd bir sərkərdə, mövcud şəraitdən məharətlə 
istifadə etməyi bacaran bir hökmdar kimi təqdim edir (395). 
Salarilər dövlətin  ərazisini genişləndirmək və möhkəm 
hakimiyyət yaratmaq uğrunda ciddi mübarizə aparırdılar. Onlar 
Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan 
torpaqlarına sahib olaraq yaratdıqları yeni dövləti 
möhkəmləndirməyə çalışırdılar. Lakin ruslar əsrin  əvvəllərində 
(912-ci il) Xəzər sahillərinə hücum etdikləri zaman gördükləri 
var-dövləti unutmamışdılar. Ona görə  də yenidən Xəzərboyu 
ölkələrə yürüş etdilər. Salarilər dövlətinin yenicə yaranıb 
hakimiyyətini möhkəmləndirməyə başladığı bir vaxtda rusların 
Bərdəyə yürüşü baş verdi (100, s. 98-120; 114; 169, s.134; 265; 
283; 395). 
Bu, Bərdə şəhərinin tarixində ən dəhşətli hadisələrdən biri 
oldu. Bu hadisə həmdövr tarixçilərin və eləcə də tədqiqatçıların 
diqqətini cəlb etmiş, onlar bu hadisənin geniş şərhini vermişlər.
 
Rusların Bərdəyə hücumu X əsrin ortalarında – 944/45-ci 
ildə baş verdi. Bərdə talan edildi, dağıdıldı  və bir əsrdən artıq 
xarabalıqlar içərisində qaldı. Tənəzzülə  uğramış  şəhər ölkənin 
siyasi həyatındakı aparıcı mövqeyini itirdi, əhalisi azaldı, aclıq 
və  səfalətə düçar oldu. 
Rusların Bərdəyə hücumu haqqında xeyli mənbə 
məlumatlarının olmasına və  tədqiqatlar aparılmasına bax-
mayaraq onun tarixi xarakteri və mahiyyəti hələ  də tam 
açılmamışdır. Tədqiqatçıların hamısı  həmin hadisənin  şərhinə 
eyni nöqteyi-nəzərdən yanaşmırlar. Bu səbəbdən, hadisənin elmi 
ədəbiyyatda müxtəlif  şəkildə  şərhi ilə qarşılaşırıq (169, s.134; 
197; 210, I; 211, s.15-40; 239, s.250; 255,  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
122
s.210; 256, s.215; 265, s.28-34; 310; 332, s.81; 355; 381, s.71; 
395). 
Bərdəyə rusların gəlişi haqqında  ən mötəbər məlumat 
verən  ərəb müəllifi ibn Miskaveyh bildirir ki, «mənbələrdə 
«rus» adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə, 
Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər» 
(265, s.28-34). İbn Miskaveyh həmin hadisəni təfsilatı ilə belə 
nəql edir: «332 (943/44). Bu ildə Azərbaycana «ər-Rus» adı ilə 
tanınan bir xalqın ordusu hücum etdi, Bərdəyə gəldi, onu işğal 
etdi və onun sakinlərini  əsir aldı». Sonra müəllif onların 
xüsusiyyət və davranışları haqqında yazır: «Ruslar 
döyüşkəndirlər. Onlarda hər kəsin silah gəzdirməsi adətdir və öz 
üzərlərində  sənət alətlərinin çoxunu gəzdirirlər – balta, mişar, 
çəkic və digərlərini. Onlar döyüşdə nizə  və qalxandan istifadə 
edirlər, ehtiyat üçün qılınc,  əmud, xəncərə oxşayan silahlar da 
götürürlər. Onlar piyada döyüşürlər,  əsasən də bunlar 
(Azərbaycana gələnlər)» (265, s.28). 
İbn Misgaveyh məlumat verir ki, «onlar öz ölkələri 
tərəfdən dənizlə üzərək Azərbaycan  ərazisindən axıb həmin 
dənizə tökülən, Kür adı ilə tanınan böyük çaya qədər gəldilər. 
Bu çay Bərdə çayıdır, onu pələnglə müqayisə edirlər. Onlar 
Kürdən çıxan kimi, onları  Mərzbanın yerli idarəçilik üzrə 
nümayəndəsi Bərdə hakimi qarşıladı. Onunla üç yüz nəfərə 
qədər adam var idi. O, sadə xalqa çağırışla müraciət etdi və beş 
min nəfər könüllü ilə onlarla (ruslarla) inamla döyüşə girdi. La-
kin yaxşı silahlanmış ruslar şəhərə girdilər və ona sahib oldu-
lar…. onlar car çəkib elan etdilər: «Şəhər  əhalisindən heç kim 
şəhərdə qalmamalıdır». Onlara elan olunan gündən sayılmaqla 3 
gün möhlət verdilər. Dördüncü gün  ruslar qılıncı  işə saldılar, 
saysız miqdarda adam qırdılar və bundan sonra bir neçə min əsir 
götürdülər. Qadın və oğlanları ruslar şəhər içərisində, onların  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
123
yerləşdiyi  şəhristanda olan qalada yerləşdirib, onların 
möhkəmləndiyi düşərgəni dağıtdılar. Bundan sonra, onlar (rus-
lar) kişiləri məscidə topladılar, qorxu altında saxladılar və 
dedilər: «Özünüzü satın alın. Ruslarla yerli əhali arasında 
vasitəçilik edən ibn Samun adlı bir xristianın əldə etdiyi razılığa 
görə, hər bir adam 20 dirhəm verməklə canını qurtara bilərdi. 
Pulu ödəyənlərə möhürlü gil parçası verirdilər. Xristian Samun-
dan şübhələndikləri üçün bu danışıqlarla razılaşmadılar. Bundan 
sonra, pulu ödəyənlərdən və  məscidin su arxı ilə qaçıb canını 
qurtaranlardan başqa hamını  qılıncdan keçirdilər» (265, s.28-
30). 
İbn Miskaveyh yazır ki, «Beləliklə, (ruslar) bu (şəhərdən) 
ölçüsü və qiyməti çox böyük olan, külli miqdarda sərvət  əldə 
etdilər. Bundan sonra (Bərdədə – Q.H) yoxsulluq həddini aşdı 
və onlar haqqında müxtəlif ölkələrin müsəlmanları  eşidib, bir-
birini ümumi hərəkata çağırdılar» (265, s.30). 
İbn Miskaveyh bildirir ki, «Mərzban ibn Məhəmməd öz 
qoşununu yığıb əhaliyə çağırışla müraciət etdi və onların yanına 
bütün ucqarlardan könüllülər gəlməyə başladılar. O, otuz min 
adamla hərəkət etdi, lakin xeyli qüvvə toplanmasına baxmaya-
raq, rusların qarşısında dura bilmədi. Onlara az-çox təsir edə də 
bilmədilər. Onlarla səhər və axşam vuruşdular, ancaq hər dəfə 
əzilərək qaytarıldılar. Onlar arasında müharibə bu qaydada xeyli 
davam etdi və qırılanlar həmişə müsəlmanlar oldu» (265, s.30). 
İbn Miskaveyhin məlumatında bildirilir ki, «Ruslar 
Bərdəyə yiyələndikdən sonra, orada çoxlu növ meyvələrdən 
yeyib xəstələndilər. Onların arasında epidemiya əmələ gəldi, ona 
görə ki, onların ölkəsi çox soyuqdur və orada meyvə  ağacları 
bitmir, onlara az miqdarda meyvə yalnız başqa ölkələrdən 
gətirilir. Onların sayı azaldı» (265, s.32). 
  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
124
Rusların Bərdəyə basqını barədə digər müəlliflər də 
məlumat verir. Əl-Hüseyninin «Zinət-ül məcalis» əsərində bildi-
rilir ki, «ruslar Xəzər dənizindən Kür çayına keçib Bərdə 
şəhərinə  gəldilər. Orada çoxlu meyvə yeyib diş  xəstəliyinə 
düşdülər. Buna görə  şəhəri tərk etdilər» (90, s.53; 265, s.33). 
Xəstəliklərin ruslara təsir etməsinə baxmayaraq onların 
müqaviməti səngimirdi. Onlara qarşı mübarizə  də getdikcə 
güclənirdi. İbn Miskaveyh bildirir ki, «Mərzbanın qoşunu ruslar-
la müharibəni onları mühasirədə saxlayıb gücdən salanadək da-
vam etdirdi» (265, s.33). Mərzbanın qoşunu tərəfindən uzun 
müddət mühasirədə saxlanması rusların vəziyyətini 
ağırlaşdırmış, yerli əhalinin köməkliyi ilə davam etdirilən ardıcıl 
döyüşlər onların müqavimətini zəiflətmişdi (265, s.33). 
İbn Miskaveyh yazır: «Mərzban danışırmış ki, deyləmlər 
onlarla kişi kimi vuruşdular və onlardan 700 nəfərini, o 
cümlədən onların rəisini öldürdülər. Sağ qalanlar yalnız şəhərdə 
yerləşib yığdıqları böyük miqdarda var-dövləti, ehtiyatları  və 
əsirləri saxladıqları  Şəhristan adlı  şəhər qalasında gizlədənlər 
oldular» (265, s.33). 
İbn Miskaveyh göstərir ki, «rusların sayı azaldığından, bir 
gün gecə ikən qiymətli əşyaları, özlərinə məxsus olan paltarları, 
nəyi vardısa, hamısını götürüb arxalarına bağladılar, yerdə 
qalanını yandırdılar və yerləşdikləri qalanı  tərk etdilər. Kürə 
tərəf yola düşdülər. Orada hazır qayıqlar dayanmışdı, onlar öz 
ölkələrindən onlarla gəlmişdilər; qayıqlarda matroslar və 
qənimətin bir hissəsini böldükləri üç yüzə  qədər rus adamı var 
idi. Onlar qayıqlara minib, üzüb getdilər …» (95, s.34). 
İbn Miskaveyh  həmin hadisəni qısa, yığcam şəkildə təkrar 
edir: «(944/45). Həmin ildə  xəbər yayıldı ki, Xəzər ölkəsinin 
arxasında yaşayan, «rus» adı ilə tanınan xalq Azərbaycana sox-
ulub və Bərdəni ələ keçirib. Bu xalqın dini  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
125
yoxdur, ancaq hakimiyyət axtarır; o qaçmaq nə olduğunu bilmir; 
onun silahı  və xarici görkəmi deyləmlərə (olduğu kimi) 
oxşayır… Bir neçə vaxt keçdikdən sonra, müsəlmanlar onların 
üzərinə hücum etdilər və onlardan heç kimi (sağ) qoymadılar» 
(265, s.34). 
Mənbələr göstərir ki, ruslar Bərdə  şəhərini elə 
dağıtmışdılar ki, yerində yalnız xarabalıqlar qalmışdı (40, s.86; 
181, s.20; 359, s.65). 
Bəzi mənbələrdə rusların hücumunun 943/44-cü ildə baş 
verdiyi göstərilir. Həm mənbələrdə, həm də tədqiqat əsərlərində  
onların kim olduğu, gəldikləri yol və hücumun hansı ayda 
edilməsi haqqında fikir ayrılıqları vardır. Tədqiqatçılar həmin 
rusların slavyanlardan və yaxud tamamilə başqa tayfalardan – 
bulqar, türk və yaxud Skandinaviya tərəfdən gəlmiş varyaqlar-
dan və ya Qərbi Avropadan gəlmiş normanlardan ibarət 
olduğunu güman edirlər (29; 114; 120; 197; 210, c. I; 239, 
s.250; 256, s.215; 265, s.28-34; 296; 310; 329, s.81; 395). 
Mənbələrdə rusların sözügedən hücumuna aid vaxt 
göstəriciləri üst-üstə düşmür. İbn Miskaveyh əsərinin bir yerində 
rusların Bərdəyə  gəlməsi tarixini 332(943)-ci il (265, s.28), 
başqa yerində isə 333(944)-cü il kimi qeyd edir (265, s.35). 
Digər müəllif həmin hücumun tarixini 944-cü il  hesab edir 
(264, s.27). Tədqiqatçıların əsərlərində də bu səbəbdən müxtəlif 
tarixlər göstərilir. V.Bartold (210, c. I), V.Mavrodina (256, 
s.13), M.Şərifli (169, s.134), Ə.Haqverdiyev (90, s.56-57) və 
başqaları rusların qayıtmalarını 944-cü ilin yayına, B.Dorn (256, 
s.12), A.Yakubovski (381, s.38), N.Polevoy (342, s.43.) rusların 
Bərdəyə hücumunu 943-cü ilin payızına, geri qayıtmalarını isə 
944-cü ilin yazına aid edirlər. 
«Albaniya tarixi»nin verdiyi məlumata görə, rusların 
Bərdədə altı ay, həmin hadisələrin həmdövrü olan Məsudinin   

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
126
məlumatına görə, bir il qaldığını  və digər mülahizələri nəzərə 
alaraq rusların Bərdəyə hücum tarixini müəyyənləşdirmək 
mümkündür (136, k.3, f.18; 265, s.34). Birincisi, rusların, 
mənbədə qeyd olunduğu kimi, şimalda, soyuq iqlimə malik olan 
ölkələrdə, buradakı meyvələrdən bitməyən torpaqlarda 
yaşadıqlarına görə, onlarda olmayan meyvələrdən yeyib 
xəstələndiklərini və bu, tezliklə taun kimi geniş yayılan xəstəliyə 
düçar olduqlarını, onların çoxunun məhv olduğunu nəzərə alsaq, 
həmin meyvələrin Bərdədə yazın axırı – yayın  əvvəllərində 
yetişən giləmeyvələr olduğu güman edilir (265, s.34). İkincisi 
şimaldan gələnlərin Qarabağın yay günlərində, mənbədə qeyd 
edildiyi  şəkildə,  cəsarətli döyüşlər apara bilməsi qeyri 
mümkündür. Kür çayının və  Xəzər dənizinin cənub hissəsinin 
donmadığını da nəzərə alsaq, hücumun şimallıların əl-qol açdığı 
qış  fəslində olduğu ehtimal edilə bilər. Beləliklə, hücum tarixi 
də iki cür – 943/44 və  944/45-ci illər kimi göstərilir (169, s.156; 
265, s.28, 34). 
Hesab edirik, ruslar Bərdəyə 943/44-cü ilin payız və ya qış 
aylarında hücum etmiş, soyğunçuluq və talanlarla məşğul olmuş,  
yazı orada keçirmiş, yerlilərin müqavimətinə davam 
gətirmədiklərinə görə ərazini 944/45-ci ilin yayında tərk etməyə 
məcbur olmuşlar. 
Rusların Bərdəyə hücumuna aid tədqiqatçıların da maraqlı 
mülahizələri vardır. Məsələn, A.A.Bakıxanov  əl-Məsudiyə,  əl-
Əsirə  əsaslanaraq rusların Xəzər sahillərinə birinci yürüşü və 
Bərdəyə hücumunu təhlil edir, hücumların səbəbi və  nəticələri 
barədə məlumat verir. Ancaq o, yanlışlığa yol verərək hücumun 
vaxtı barədə  hər iki müəllifin məlumatını, yəni həmin 
müəlliflərin eyni hücumdan bəhs etdiyini bildirir (208, s.61). 
Rusların Bərdəyə hücumuna izahat vermiş N.Karaulov 
göstərir ki, Bərdəyə gəlmiş ruslar Rus knyazı İqorun  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
127
qoşununun bir hissəsi ola bilərdi ki, onların Bərdəyə 
müsəlmanları öz tərəfinə çəkmək məqsədi ilə gəldiyi təxmin edi-
lir (359, s.31-32). Guya orada (Bərdədə) onları zəhərlədiklərinə 
görə  qəzəblənərək,  əhali üzərinə ödənclər qoyub, sonra da 
cəzalandırmışlar (136, k.3, f.18; 169, s.134). Bu fikir həqiqətdən 
çox uzaq görünür. Döyüşçülər İqorun xırda bir dəstəsi olsa idi, 
bu qədər müqavimətə duruş gətirə bilməzdi. İkincisi, çox güman 
ki, uzun bir məsafəni keçərək Bərdəyə gələn dəstələri var-dövlət 
qazanmaq həvəsi gətirmişdi. Yeri gəlmişkən, tarixi faktları 
saxtalaşdırmaqla və  qərəzli yanaşmalarla yazılmış  tədqiqat 
əsərlərində, hətta orta məktəb üçün tarix dərsliklərində rusların 
Bərdəyə  gəlişinin güya xeyirxah niyyətli olduğunu beyinlərə 
yeritməyə cəhd göstərmişlər. 
Bu baxımdan A.Yakubovskinin şərhləri də diqqəti cəlb 
edir. O da, bu hücumları  İqorla  əlaqələndirir. Burada maraqlı 
cəhət bir də odur ki, müəllif həmin hücumları  xəzərlərlə 
bağlayır. Müəllifin fikrincə, xəzərlərə  məğlub olmuş Kiyev 
rusları  xəzərlərin təkidi ilə  əvvəl Konstantinopola, sonra isə 
Salarilərə doğru hücumlar təşkil etmişdilər ki, onlardan biri də 
Bərdə hücumu olmuşdur (169, s.146). Kiyev şəhərində arxeoloji 
qazıntılar zamanı tapılmış, üzərində  bərdəli ustanın (zərgərin) 
adı  və yeri yazılmış  məmulat və  qəlibin tapılması da bununla 
əlaqədar ola bilərdi (26). 
Bərdəyə  gəlmiş qoşunun, yuxarıda qeyd etdiyimiz kimi, 
normanlar və yaxud skandinaviyalılar olması barədə  də 
məlumatlar verilir (169, s.124). Ərəb mənbələrində verilən 
məlumatlardan aydın olur ki, xəzərlər həmin dövrdə böyük 
qoşuna, Xəzər dənizinin şimalında böyük üstünlüyə malik idilər. 
Xəzərlərin razılığı olmadan həmin  ərazilərə daxil olmağın 
mümkünlüyü  şübhə doğurur.  Demək olar ki, Bərdəyə hücum 
etmiş ruslar müəyyən şərtlər əsasında  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
128
xəzərlərlə razılığa gələrək, Xəzər dənizinə  çıxıb oradan Kür 
çayına keçməklə, Bərdəyə  gələ bilərdilər.  Şəhəri soyub-
talamağın asan başa gəlmədiyini gördükdə isə  əhalini qırmış, 
şəhəri talan edib, dağıtmışlar. 
Araşdırmalar göstərir ki, cənubdan və  şimaldan 
yadellilərin yürüşləri, soyğunçuluq, dağıntılar  şəhərin ahəngdar 
inkişafını pozmuş, eyni zamanda şimallıların kasad təbiətlərinin 
və acgöz niyyətlərinin ucbatından edilmiş qarətçi hücumlar 
Azərbaycanda müstəqil siyasi quruluşa və dövlətçiliyə güclü 
zərbə vurmuşdur (265; 358). 
Ruslar tərəfindən dağıdılmış  Bərdəni bərpa etmək, onu 
əvvəlki vəziyyətinə qaytarmaq Salari hakimlərini 
maraqlandırmamış, Salarilər dövlətin paytaxtı olan Ərdəbilin 
inkişafı ilə daha çox məşğul olmuşlar (169, s.156). 
Nəhayət, Bərdə  şəhəri Salarilər dövründə  nəinki inkişaf 
etməmiş, hətta hakimiyyət uğrunda gedən çəkişmələr, ara 
müharibələri, soyğunçu hücumlar, yerli hakimiyyət orqanlarının 
fərasətsizliyi nəticəsində dağılmış, əvvəlki şəhərdən əsər-əlamət 
qalmamışdır. 
Bərdə  şəhəri ruslar tərəfindən dağıdıldıqdan sonra uzun 
müddət xarabalıqlar içərisində qalmışdır.  Əl-Müqəddəsi xəbər 
verir ki, Bərdənin «ətrafları artıq dağılmış,  əhalisi azalmışdır. 
Bərdənin qalası indi nizamsız haldadır» (173, s.131; 316, s.7). 
Yaqut 
əl-Həməvi özündən 
əvvəlki müəlliflərin 
yazdıqlarına istinad edərək bildirir: «Bərdənin çox böyük şəhər 
olduğunu qeyd edirlər. Bu, köhnə  məlumatdır.  İndi  həmin 
şəhərdə heç bir şey qalmamışdır. Azərbaycanda gördüyüm 
Bərdə  şəhəri tamamilə dağılmış,  əhalisi azalmış, kiçik kəndə 
çevrilmişdir. Orada vəziyyət dözülməzdir, aclıq və yoxsulluq-
dur» (40, s.87; 370, s.25). 
Bərdənin tamamilə  bərbad hala düşməsində yerli 
hakimlərin laqeydliyi də öz təsirini göstərdi. «Ruslarla  

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
129
müharibə zamanı hakim dairələrin təzyiqi ilə (ölkəni) ağılsız 
adamların idarə etməsi nəticəsində vaxtaşırı baş verən və bu 
günədək davam edən  basqınların törətdiyi dağıntılara baxmaya-
raq…» bu dağıntını aradan qaldırmağa maraq göstərilmədi (268, 
s.86). 
Ərəb xilafətinin zəifləməsi, ayrı-ayrı dövlətlərin yaranması 
ilə yeni paytaxtlar olan Ərdəbil, Təbriz, Gəncə,  Şamaxı kimi 
şəhərlər inkişaf etməyə başladı. Bərdə  həmin dövrdən ölkənin 
siyasi-inzibati mərkəzi hüququnu itirdi. Bərdənin böyük iqtisadi 
rolu tənəzzülə uğradı (169, s.156). O, yalnız din və mədəniyyət 
mərkəzi kimi qaldı (169; 211, s.44; 231, s.35). Həmin vaxtdan 
etibarən  şimaldan gələn ticarət yolunun üstündə yerləşən 
Gəncənin nüfuzu artdı. X əsrin 60-cı illərində Arran valisinin 
iqamətgahı artıq Bərdədə deyil, Gəncədə yerləşirdi. V.Bartold 
yazır: «Gəncə şəhəri Şəddadilərin əlinə keçərək onların paytaxtı 
oldu. Bundan sonra Gəncə Qafqazın  əsas  şəhəri hesab edilirdi. 
Bərdə isə artıq özünə gələ bilmədi» (211, s.44). 
Şəddadilər sülaləsinin banisi Məhəmməd ibn Şəddad 
Salariləri məğlub etdikdən sonra, onun oğlu Əli Ləşkəri 971-ci 
ildə hakimiyyəti ələ keçirdi və Gəncə əmirliyinin əsasını qoydu. 
Həmin vaxtdan etibarən Gəncə  şəhəri  Şəddadilər dövlətinin 
(971-1075) paytaxtına çevrildi (48, s.10). Bütün Arran 
Şəddadilər tərəfindən  ələ keçirildiyi üçün Bərdə  də  həmin 
dövlətin tərkibində qaldı. Çox keçməmiş  Şəddadilərin 
zəifləməsindən istifadə edən  Şirvanşah Məzyədilər Bərdəni  ələ 
keçirdilər (982-ci ildə). Şirvanşah Məhəmməd ibn Əhməd (981-
991) Bərdəni idarə etməyi Əli ibn Musaya tapşırdı. İbn Musa isə 
bir müddətdən sonra özünü müstəqil hakim elan etdi. Lakin bu 
da çox çəkmədi. Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd 993-cü 
ildə  Bərdəni yenidən  Şəddadilər dövlətinə tabe etdi (5, s.132; 
90, s.20). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
130
XI  əsrin 50-ci illərində Azərbaycana gəlmiş  Səlcuqlar 
Şəddadiləri də asılı vəziyyətə saldılar. Bərdə də səlcuqların əlinə 
keçdi. Həmin dövrdə davam edən hücumların arası  kəsilmirdi. 
İ.Artamanova görə, 1062-ci və 1065-ci illərdə alanlar iki dəfə 
Bərdəyə hücum edib onun ətrafını qarət etmiş, saysız-hesabsız 
əsir aparmışlar (90, s.61; 198, s.22). 
Əl-Hüseyni bildirir ki, «h.460-cı ildə (m.1068-ci ildə) Ba-
qrat adlı Abxaz (söhbət Gürcüstandan gedir – Q.H.) çarı Bərdə 
üzərinə hücum etdi, bu, müsəlman ölkələrindən biri idi. Onda 
sultan (Alp Arslan – Q.H.) planlaşdırdığı kimi möhkəmləndi və 
Abxaz ölkəsinə tələsdi…» (182, s.54). Müəllif yazır ki, «sultan 
sonra Abxazın çarı Baqrata qarşı mübarizəni davam etdirdi» 
(182, s.56). 
Mənbələrə  əsaslanan tədqiqatlarda bildirilir ki, 1068-ci 
ildə  səlcuq sultanı Alp Arslan Arrana daxil oldu. Bu zaman 
ətrafda olan hökmdarlar ona öz münasibətini bildirməyə 
çalışırdı. Şirvanşah Fəribürz qiymətli hədiyyələrlə Alp Arslanın 
yanına gəldi, öz xidmətini ona təklif etdi (309, s.60). Gürcüstan 
səfərindən sonra Gəncədən keçib Bərdəyə gələn sultana, Bab əl-
Əbvab  şəhərinin nümayəndələri  şəhərin bir neçə  rəisinin 
şirvanşah Fəribürz tərəfindən həbs edilməsi barədə şikayət etdi. 
Sultan onların azad edilməsini tələb etdi və onların azadlığa 
buraxılmasını  təmin etdikdən sonra şirvanşahın özünü 
həbsxanaya saldı. Sonra onu həbsdən azad etdi və ondan böyük 
miqdarda illik xərac verməyi tələb etdi (309, s.61). 
Əl-Hüseyni yazır ki, «Sultan Gürcüstanda beş ay qaldı. 
Sonra ona xəbər verdilər ki, türk sultanı ölmüşdür, həmin 
vilayətin işlərində  və hakimiyyətdə qarışıqlıq yaranmışdır. Sul-
tan Gəncəyə qayıtdı, sonra Bərdəyə yola düşdü və ar-Raz (Araz) 
çayını gəmisiz və matrossuz keçdi» (182, s.56). 

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
131
Fəzlullah Rəşidəddin (1247-1318) Oğuzun Arran və 
Muğan tərəfə yürüşü barədə məlumat verərək bildirir ki, «Oğuz 
həmin yayı Aladağdakı yaylaqda keçirdi. Oradan Bağdad, 
Gürcüstan, Diyarbəkr və Rakka (Suriyanın  şimalında  şəhər – 
Q.H.) tərəfə elçilər göndərib xəbər verdi ki, oralara gələcək…. 
Bu ölkələrə elçi göndərəndən sonra qışlamaq üçün Arran və 
Muğan tərəfə yollandı. Kür və Araz çayları arasında özünə yurd 
və qərargah seçdi və qışı orada keçirdi (47, s.22). 
Əl-İdrisi bildirir ki, «Bayandur xan Gürcüstandan vergiləri 
yığmaq üçün bütün bəyləri toplamışdı. O, qəmgin idi, çünki heç 
kim sərhəddi keçmək istəmirdi. Nəhayət, Qorqud Begil adında 
bəyi razı saldı, özü ona qılınc verdi, barmağına qolçaq taxdı, 
əmr etdi cəsur at gətirdilər, onun yurtunu çıxardı və bəyi Bərdə 
və Gəncəyə göndərdi ki, oğuz ilini qorusun» (əl-İdrisi izah edir 
ki, oğuzların torpağını qorumaq üçün onların hökmdarı 
tərəfindən təyin edilmiş xüsusi adamlar olurdu) (181, s.365). 
Mənbələrdə  və  tədqiqatlarda səlcuqların gəldiyi ilk 
dövrlərdə Arran şəhərlərinin böhranlı  vəziyyətdə olması 
haqqında məlumat verilir (182; 217; 301; 309, s.60-61). 
Beləliklə, Bərdə  şəhəri X əsrdə keçirdiyi ağır böhrandan 
sonra uzun müddət bərpa olunmadı. O, əsrin sonlarında ölkənin  
siyasi, iqtisadi və mədəni  həyatında heç  bir  roly olmayan şəhər 
kimi qaldı. 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin