19.3.2. İnsanın bioloji müxtəlifliyə təsiri
Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində həyat başlanandan bəri beş dəfə bioloji növlərin möhtəşəm
məhv olması baş vermişdir. Hər dəfə belə hadisə planetimizdə təkamülün tənəzzülü və həyatın yoxsullaşması ilə
nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln il əvvəl, Yerin asteroidlə toqquşması zamanı baş vermişdir.
Bu vaxt Yerin atmosferinə olduqca çoxlu miqdarda toz və daş qırıntıları atılmışdır. Bunun nəticəsində XVI
fəsildə qeyd edildiyi kimi başlayan kəskin soyuqlaşma dinozavrların məhvinə və o zaman mövcud olan
canlıların beşdə birinin yoxa çıxmasına səbəb olmuşdur.
Bioloji zənginliyin bərpa olunması üçün hər dəfə təxminən 10 mln il vaxt lazım olmuşdur.
Hazırda biz növlərin möhtəşəm məhv olmasının altıncı mərhələsində yaşayırıq. Əvvəlki beş təbii
kataklizmlərin (məhvedici çevrilişlər) yaratdığı məhv olma hadisəsindən fərqli olaraq növlərin bugünkü məhv
olmasını insan özü yaradır. Yerin uzun müddətli tarixində ilk dəfə olaraq bir növün canlı orqanizmi digər
növlərin bir çox canlı orqanizmlərini məhv etmək dərəcəsinə gətirib çıxarmışdır.
Yer üzərində BM-in itməsi əsasən yaşayış mühitinin dağılması, təbii landşaftların parçalanması
(fraqmentasiyası) və dəyişməsi, kənd təsərrüfatı və bioloji resursların hədsiz istismarı, ətraf mühitin çirklənməsi,
introduksiya olunmuş bitki və heyvan növlərinin gətirilməsi, nəzarətsiz ov, əhalinin miqrasiyasının yüksəlməsi,
beynəlxalq ticarətin və turizmin artması və digər səbəblərin nəticəsidir.
BM-yə meşədən əlavə istifadə növləri (meyvə, giləmeyvə və dərman bitkilərinin toplanması, mal-qara
otarılması, ot biçini və s.) də təsir göstərir. Nizamlanmayan ov nəticəsində növmüxtəlifliyi azala bilər, hətta
ayrı-ayrı populyasiyalar sıradan çıxar, gen müxtəlifliyi kasatlaşar. Dərman bitkilərinin icazəsiz, nizama
salınmadan toplanması onların fitosenozda sayını azaldır, fitosenoz kasatlaşır, hətta populyasiyanın yoxa
çıxması baş verə bilər. Nizama salınmamış rekreasiya da BM-ə mənfi təsir göstərir. Məsələn, taptanma
nəticəsində biosenoz, hətta landşaft daxilində bəzi növlər sıradan çıxa bilər.
BM-ə göstərilən təsir növlərindən ən təhlükəlisi təbii yşayış yerlərinin dağıdılması hesab olunur. Bu
baxımdan tropik meşələrin yandırılması, məhv edilməsini xüsusi qeyd etmək lazımdır. Məsələn, Amazonkanın
tropik meşələrini yandırmaqla biz, planetimizin möhtəşəm genetik xəzinəsini yandırmış oluruq.
Dostları ilə paylaş: |