3.Ekologiya müasir qlobal problemlər sistemində. Sənaye inqilabları biri digərini əvəzlədikcə ekologiya müasir qlobal problemlər sistemində mühüm mövqelərə keçir. Bu termini ilk dəfə almaniyalı E.Heggel istifadə edib ki, bu da iki yunan sözünün birləşməsindən ibarət olmaqla oykos – ev, loqos – söz, təlim deməkdir. E. Heggelə görə ekologiya dar mənada heyvanlarla onların yaşadığı mühit arasındakı qarşılıqlı əlaqələri öyrənən biliklər sistemidir. Başqa sözlə, ekologiya problemi təbiətlə insan arasında baş verən ziddiyyətlərdən yaranmışdır. Təbiətə və onu əhatə edən ətraf mühitə münasibət tarix boyu ziddiyyətlərlə xarakterizə olunmuş, insan dağıdıcı bir rol oynayan fenomenə çevrilmişdir.
Miqyasına görə, ekoloji problemləri lokal, regional və qlobal problemlərə bölmək olar. Xarakterinə görə ekoloji problemləri təhdid edən (qarşısının alınması zəruri olanlar: ətraf mühitin çirklənməsi, təbii ehtiyatların tükənməsi və s.) və zəruri (okeanın, yeni planetlərin öyrənilməsi və mənimsənilməsi və s.) kimi ayırmaq mümkündür.
4.Ekoloji mədəniyyət və ekoloji şüur. Hazırki mərhələdə həyat templərinin yüksəlməsi ətraf mühitin deformasiyası ilə müşayət olunur. Yəni, insan artan tələbatlarını təbiətin hesabına ödəyir. Bu isə təbii mühitin korlanmasına, təbiətin axarına kobud və dağıdıcı müdaxilələrə gətirib çıxarır. Bu müdaxilələrin minimuma endirilməsi, təbiətin tarazlığının gözlənilməsi insanlardan yeni növ mədəniyyət-ekoloji mədəniyyət tələb edir. Bu konteksdə ekoloji mədəniyyət və ekoloji şüur planetar miqyasda yeni çağırış kimi diqqəti cəlb edir ki, əslində, bu çağırış yox, həyəcan siqnalıdır.
Müasir dövrdə təbiət insana daha çox və müxtəlif tərəflərdən təsir etməyə başlamışdır. Tələbatlar sisteminin mürəkkəbləşməsi ilə bərabər, bu tələbatların istiqamətləndirici funksiyasının güclənməsi də baş verir. O, təbiətin ictimai şüurda əks olunması prosesini getdikcə daha intensiv nizamlamağa başlayır.
Cəmiyyətlə təbiət arasında əlaqələrin artması və mürəkkəbləşməsi nəticəsində təbiətin şüurun bütün səviyyələrində əks olunması, ekoloji şüur ünsürlərinin ictimai şüurun bütün formalarına daxil olması müasir dövrün xarakterik xüsusiyyətidir. Belə spesifik mövqeyi xarakterizə etmək üçün “ictimai şüurun vəziyyəti” anlayışından istifadə etmək olar. “İctimai şüurun vəziyyəti” elə bir hala deyilir ki, ideya və baxışlar kompleksi ictimai şüurun bütün strukturuna nüfuz edir. Konkret dövrün ekoloji şüurunun təhlilində bu kateqoriyanın tətbiq olunması, şüurun strukturunda onun dəyişkən və dinamik mövqe tutduğunu deməyə imkan verir. Ekoloji problemlərin qlobal miqyas aldığı müasir dövrdə bu problemlər ictimai şüurun bütün səviyyələrinə və sahələrinə daxil olur. Müasir elmi-texniki tərəqqi dövründə ictimai şüurun istiqamətlərini xarakterizə edən elmlərdə “liderlərin dəyişməsi” prosesi gedir. Fizika əsrindən sonra ekoloji əsr gəlir, elm bəşəriyyət qarşısında duran sosial-ekoloji problemlərin həllinə üz tutur.
Hazırkı dövrdə bir çox dəyərlərin və normaların təbiət-cəmiyyət vahid sisteminin yaradılması, onların qarşılıqlı təsirinin harmonikliyinin formalaşdırılması nöqteyi-nəzərindən yenidən nəzərdən keçirilməsi baş verir, “biosfer” kriteriyasının insan fəaliyyətinin bütün aspektlərinə tətbiqi qarşıya çıxır. Bu proseslər ekoloji şüurun ictimai şüurun fəaliyyətində müəyyənedici faktora çevrildiyi, başqa sözlə onun vəziyyətini ifadə etməyə başladığını deməyə imkan verir. Ekoloji şüur insan fəaliyyətinin iki tərəfi arasında: gerçəkliyin əks etdirilməsi prosesi və praktiki maddi fəaliyyət prosesi arasında nizamlayıcı, aralıq elementi kimi çıxış edir. Ekoloji şüur “təbiət-cəmiyyət” sistemi münasibətlərinin optimallaşdırılması üçün insan fəaliyyətinin nizamlanması mexanizmini yaratmağa imkan verir.
Ekoloji bilikləri kütləviləşdirmədən, ekoloji praktikanın dəyişdirilməsi haqqında daimi məlumat olmadan cəmiyyətin ekoloji prosesin nizamlanması üçün zəruri olan istiqaməti tapması mümkün deyildir. Şəraitin pisləşməsi cəmiyyətin fərdi praktiki fəaliyyətin gələcək nəticələrini bilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi ilə əlaqədardır.
Ekoloji problemlərin həlli hazırki şəraitdə ekoloji davranışın nizamlayıcısı ola bilən ekoloji şüurun bərqərar olmasından bilavasitə asılıdır. Ekoloji şüurun formalaşması insanın öz sosial mahiyyətini dərk edib onu idarə edə bilməsini ifadə edir. Bu prosesin əsasını təbiətlə cəmiyyətin bir-birindən ayrı olması barədə metafizik baxışlardan, təbiətlə cəmiyyətin vəhdətinin dərk olunmasına, onun ən ali inkişaf mərhələsinə - üzvi vəhdət təşkil edən sistemə keçid təşkil edir. Ekoloji problem ictimai şüurun bütün formalarına nüfuz edir, bir çox məlum normalar ekoloji ideala nail olmaq baxımından sərf-nəzər edilir. Nəticədə deyə bilərik ki, ekoloji şüur ictimai şüurun dinamikasında həlledici amilə çevrilir, mühitlə qarşılıqlı əlaqədə insanın fəaliyyətinin nizamlanması mexanizmini işləyib hazırlamağa imkan verir. Bu vəziyyət insan fəaliyyətinin iki tərəfi arasında aralıq, nizamlayıcı ünsür rolunu oynayır. Həmin tərəflər real vəziyyətin düzgün əks olunması və praktiki fəaliyyət prosesləridir.
Ekoloji şüur mürəkkəb, dinamik sistemdir. Buna görə də onun inkişaf prosesinin öyrənilməsi və nizamlanması sistemin bütün elementləri arasındakı əlaqələri nəzərə almağı tələb edir. Ekoloji şüurun sturukturunda uzlaşan ünsürlər vardır ki, bunlara təsir edilməsi onun formalaşması və inkişafını idarə etməyə imkan verir.
Ümumi şəkildə götürülmüş ekoloji şüur anlayışı insanların həyatının ekoloji şəraitinin, təbiət-cəmiyyət sisteminin fəaliyyətinin nizamlanması prosesinin ekoloji nəzəriyyələr, ideyalar, təsəvvürlər formasında təzahürüdür. Bu nəzəriyyə və ideyalar müəyyən sosial qruplar üçün ümumi olub, yaşadıqları zaman kəsiyində onların təbiətə münasibətini əks etdirir. Əgər cəmiyyətin təbiətə birbaşa təsiri bu və ya digər ictimai şüurun bütün sistemi ilə həyata keçirilirsə, ekoloji şüurun predmetini “təbiət-cəmiyyət” sistemində birbaşa və əks əlaqələrin kompleksi təşkil edir. Ekoloji şüurun mahiyyətinin təhlili ilə əlaqədar və onun ictimai şüur sistemində yeri məsələsi alimlər arasında xeyli mübahisə yaratmışdır.
Özünün tarixən yaranmış formalarında ictimai şüur cəmiyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi olub ictimai praktikanı əks etdirmişdir.
Cəmiyyətin tarixi inandırıcı surətdə göstərir ki, insanın varlığı, maddi-istehsal münasibətləri dəyişildikdə, onların şüuru da dəyişir. Bəzi ideyalar aradan qalxır və yeni şəraitə və ictimai tələblərə uyğun olaraq yeni ideyalar meydana çıxır. Məsələn, ictimai-iqtisadi formasiyalar dəyişdikcə insanların şüuru da dəyişir və hər dəfə yeni ictimai münasibətlərə uyğun olaraq yeni şüur formaları yaranır və inkişaf edir.
Ümumiyyətlə ictimai şüurun formaları gerçəkliyin mənəvi mənimsənilməsinin müxtəlif üsullarını ifadə edir. İctimai şüur formalarını bir-birindən fərqləndirən xüsusi əlamətlər çox deyildir. Lakin onlar mənəviyyatın konkret sahələrinə aid olduqlarına görə fəlsəfədə konkret ad alırlar.
Müasir dövrdə heç kəs ekoloji şüurun siyasi, hüquqi əxlaqi şüurla əlaqəsinin inkar edə bilməz. Çünki, təbiətin qorunması həm siyası, həm hüquqi, həm də əxlaqi məsələdir. Həmçinin ekoloji şüurun elm, fəlsəfə və incəsənətlə əlaqəsi də inkaredilməzdir.
Y.M. Manin cəmiyyətin ətraf mühitlə qarşılıqlı münasibətini ifadə edən ekoloji şüurun xüsusi bir forma sayıla bilməsi məsələsinə toxunur. Lakin sonrakı mülahizələrində isə ekoloji şüurun ictimai şüurun başqa formalarında əriyib getməsi nəticəsinə gəlir. Fikrimizcə məsələnin bu formada qoyuluşu düzgün deyildir.
Ekoloji şüurun ictimai şüurun müstəqil forması kimi ayrılıb götürülməsinin düzgün olub-olmamasını həll etmək üçün onun məzmununu ictimai şüur formalarının ayrılması üçün vacib olan kriteriyalar baxımından təhlil etmək zəruridir. Qeyd etmək lazımdır ki, belə təhlilə ədəbiyyatlarda demək olar ki, rast gəlinmir. Ayrı-ayrı tədqiqatlarda “ekoloji şüur” kateqoriyasının tətbiq olunmasının zəruriliyinə toxunulmuş və onun nəzərdən keçirilməsinin metodoloji əsasları müzakirə olunmuşdur. İctimai şüurun ekoloji formasının ayrıca götürülə bilinməsinin mümkünlüyü məsələsinin əsaslandırılması isə həllini gözləyən məsələlərdəndir.
İctimai şüurun mənəvi qurum olduğunu nəzərə alsaq spesifik sosial fəaliyyətin yerinə yetirilməsi ilə əlaqədar olan ictimai münasibətlər əsas amil kimi çıxış etməlidir. Sosial fəaliyyət və onun əsasında formalaşmış ictimai münasibətlər və ictimai şüur bütöv vəhdətdə mövcud olur. Spesifik fəaliyyətin təmin olunması ilə əlaqədar olan ictimai münasibət formaları mənəvi üstqurumun ikinci, törəmə strukturlarını – ictimai şüurun formalarını meydana gətirir. İctimai münasibətlər ictimai şüurun inikasının predmeti kimi çıxış edir və onun dinamik quruluşunu ifadə edən element kimi fəaliyyət göstərirlər. İctimai münasibətlərin real daşıyıcıları–ictimai fəaliyyətin subyektləri–ictimai varlığın müxtəlif sistemlərinə daxil edilirlər. İctimai şüur formalarının sosial funksiyaları ictimai münasibətlərin reallaşması ilə sıx bağlıdır və bu da, ictimai şüurun cəmiyyətin ictimai fəaliyyətində iştirakını əks etdirir.
Müasir nəzəri ədəbiyyatda ekoloji şüurun ictimai şüurun quruluşunda spesifik mövqeyə malik olması barədə bir-birinə əks olan iki nöqteyi-nəzər vardır. Bəzi müəlliflər ictimai şüur sistemində “ekoloji şüur” formasında ayrıca strukturun olmasını deyil, onun bütün sahələrində ekoloji problemin “iştirakını” zəruri hesab edirlər.
Müasir ekoloji ziddiyyətlər həqiqətən insanın ictimai varlığının bu və ya digər dərəcədə bütün sahələrinə toxunur. Ekoloji problemlərin kompleks xarakteri, onların ictimai varlığın bütün sisteminə hopması öz əksini bir sıra elmi nəzəriyyələrin diferensiyalaşmasında, həmçinin kompleks elmi nəzəriyyələrin formalaşmasında tapır.
Ekoloji şüurun ictimai şüurun ayrıca forması kimi götürülməsini təklif edən baxışların tərəfdarları, ekoloji şüurun belə özünəməxsus vəziyyətini nəzəri biliyin səviyyəsi ilə bağlayırlar. Belə hallarda ekoloji şüur nəzəri biliyə uyğun olur və ümumən cəmiyyətlə təbiət arasındakı əlaqələri əks etdirən nəzəri biliklərin yaradıcısı və daşıyıcısı kimi çıxış edir. Həqiqətən də təbiətlə cəmiyyətin qarşılıqlı münasibəti prosesi barədə biliklər nəzəri biliklər səviyyəsində çıxış edir. Lakin məsələyə bu cür baxdıqda birincisi ekoloji şüurun məzmunu, funksiyası kasıbaşır. Ikincisi, ekoloji şüurun spesifik məzmunu yox olur ki, bu da onun ictimai şüurun ayrıca forması kimi götürülməsini şübhə altına qoyur.
Ekoloji şüurun tədqiqinə həsr olunmuş müasir ədəbiyyatlarda ekoloji şüurun daxili strukturu məsələsi kifayət qədər araşdırılmamışdır. Qeyd etmək lazımdır ki, ekoloji şüurun ictimai şüur sistemində fəaliyyəti ictimai şüur formalarının varlığının əsas qanunauyğunluqlarına tabedir. Metodoloji cəhətdən ictimai münasibətlər, şüur və fəaliyyət dialektik vəhdətdədir. Təbiət-cəmiyyət qarşılıqlı təsirinin müasir mərhələsində onun mahiyyətinin və xüsusiyyətinin, ictimai şüurun vəziyyətinə təsirini aydınlaşdıran zaman dərkolunma obyektinə uyğun gələn istilahlar tapmaq və ictimai şüurun strukturuda ekoloji şüurun yerini müəyyən edən kriteriyalar şəklində onların rolunu göstərmək lazımdır. Fikrimizcə, daha çox uyğun gələn istilahlar “ekoloji münasibətlər” və “ekoloji fəaliyyətdir”.
“İnsan-təbiət” sistemində öz məzmununa görə obyektiv olan, genetik əlaqələrlə şərtlənən ekoloji münasibətlər mövcuddur. Maddi həyatın strukturunun ayrılmaz elementi olan ekoloji münasibətlər ictimai varlıqda, insanların həyat fəaliyyəti prosesində rolu inkar olunmayan mühüm təbii qanunların fəaliyyəti faktını aşkarlayır. Ekoloji münasibətlər bir tərəfdən canlı varlıq kimi insanla ətraf mühit arasında qarşılıqlı təsir prosesini əks etdirən, digər tərəfdən insan, cəmiyyət və təbiətin vahid sistem çərçivəsində birgə mövcud olması imkanını şərtləndirən, konkret qarşılıqlı təsir mexanizmi olan ictimai mahiyyət kimi başa düşülməlidir.
Qeyd etmək lazımdır ki, insan bioloji varlıq, cəmiyyət isə maddi dünyanın hissəsi kimi, təbiətdə onun qanunlarına uyğun mövcud olmalıdır. Digər tərəfdən bu uyğunluq cəmiyyət tərəfindən öz keyfiyyət müəyyənliyini – sosiallığını saxlamaq üçün daim pozulur. Obyektiv sosial-ekoloji əksikliklər göz qabağındadır, onun həlli praktikada insanların maddi–istehsal fəaliyyətindədir. Bununla əlaqədar praktikada sosial fəaliyyətin xüsusi növü – ekoloji fəaliyyət meydana çıxır. Ekoloji fəaliyyət ekoloji gərginlikləri və böhranları aradan qaldırmaq üçün hazırda mövcud olan, gələcək üçün planlaşdırılan bütün tədbirləri, hərəkətləri bu və ya digər dərəcədə ekoloji problemə aid olan sosial fəaliyyətin bütün növlərini əhatə edir. Bu hər şeydən əvvəl cəmiyyətin maddi substratını istehlak predmeti yaradılması üçün dəyişdirən istehsala bağılıdır. Ekoloji fəaliyyət aşağıdakı sahələrə bölünür:
1) Kompensasiyaedici – onun vəzifəsi ekosistemdəki dəyişiklikləri bərpa etmək; 2) nəzarətedici – təbii obyektlər müxtəlif vasitələrlə qorunmalıdır (inzibati, əxlaqi, hüquqi və s.). O, həmçinin maddi istehsalın ekolojiləşdirilməsi, ekoloji istehsalın (biotexnika, tullantısız istehsal tsikli və s.) yaradılması ilə bağlıdır; 3) proqnozlaşdırıcı – təbii proseslərin gedişinə insanın arzuolunmaz müdaxiləsini qabaqcadan görmək və onun qarşısını almaq (ekosistemin modelləşdirilməsi, nəzəri tədqiqat, monitorinq və s.); 4) Və nəhəyət, ekoloji fəaliyyətin mənəvi sahə ilə bağlı xüsusi növü – ekoloji təhsil və ekoloji tərbiyə.
İctimai fəaliyyətin hər hansı növündə ekoloji aspektin nəzərə alınması üçün məqsədlərin və onların əsasında duran tələbatların şüurlu qiymətləndirilməsi tələb olunur. Buna görə də ekoloji şüur xüsusi yolla cəmiyyətlə təbiət arasındakı mübadilə prosesini nizamlamalı və nəzarətə almalı, cəmiyyətin inkişafı üçün zəruri şərt olan gələcək ekoloji perspektivi nəzərə almaqla insanların fəaliyyətinə fasiləsiz qiymət verməlidir.
Nəticədə ekoloji fəaliyyət sistemi üzərində mənəvi qurum olan, insanın və cəmiyyətin təbii mühitdə fəaliyyətinin nizamlanmasını həyata keçirən ictimai ekoloji şüur yaranır. Ekolji şüurun fəaliyyətlə əlaqəsi ikili xarakter daşıyır: bir tərəfdən şüurlu şəkildə fəaliyyətin ideal momenti kimi çıxış edir, digət tərəfdən o, ekoloji fəaliyyətin müəyyən formasında əmələ gəlir və reallaşır.
İyirminci əsrin ikinci yarısına ictimai şüurun strukturunda ekoloji şüurun yaranmasının təməli kimi baxmaq olar. Ekoloji şüurun aşağıdakı məzmun xarakteri vardır: əvvəla, o təbiət-cəmiyyət qarşılıqlı münasibətlərini, ekoloji varlığı, vahid, tam sistemli mütəşəkkil proses kimi əks etdirir; ikinci özündə ekoloji biliyə yaxın olan normativ qiymətləndirici nəticələr formasında ekoloji aspekti birləşdirir. Onlar birlikdə ekoloji şüuru yaradır.
“İnsan–dünya” münasibətlərində ekoloji kəsim vardır ki, bu da biososial biliklər formasında insanların ekoloji müansibətləri ilə ekoloji fəaliyyətinin birliyini əks etdirən ekoloji şüur nəzəriyyəsinin ümumi, metodoloji əsasını təşkil edir.
Dünyagörüşünün ekoloji aspekti fəaliyyət subyektlərində təbiət-cəmiyyət qarşılıqlı təsirinin bir sıra fundamental prinsiplərini formalaşdırır. Lakin bununla təbii proseslərə zərərli antropogen müdaxilələrin qarşısını almaq, bu müdaxilənin mənfi nəticələrini ləğv etmək mümkün deyildir. Bunun üçün fəaliyyət subyektlərinin orqanizmin ətraf mühitlə qarşılıqlı təsirini insanların fəaliyyəti və onların ictimai əlaqələri kontekstində əks etdirən biososial biliyi mənimsəməsi lazımdır. Başqa sözlə, onlar ekoloji şüurun daşıyıcılarına çevrilməlidirlər.
Ekoloji şüurun praktika ilə əlaqəsinin araşdırılması üçün onun daxili strukturu və ünsürlərinin qarşılıqlı təsirinin aydınlaşdırılması zəruridir. Ekoloji şüurun strukturunu ən ümumi formada iki səviyyəyə ayırmaq olar: nəzəri səviyyə və kütləvi şüur səviyyəsi. Ekoloji bilik sahəsi, elmi ekoloji bilik sahəsindən əhəmiyyətli dərəcədə genişdir, çünki praktiki vərdişlər və emprik araşdırmalar da buraya daxildir.
Ekoloji şüurun nəzəri səviyyəsinin başqa bir formasını onun ideologiya səviyyəsində çıxış etməsində görmək olar. Ekoloji problemlər beynəlxalq münasibətlərdə müşahidə olunur, siyasi və ideoloji münasibətlər sahəsinə yayılmışdır. Hazırda dünyada mövcud olan ekoloji konsepsiyalar, yaşıllar hərəkatı və s. hamıya məlumdur.
Ekoloji şüurun kütləvi və ixtisaslaşdırılmış səviyyələri arasında mürəkkəb, qarşılıqlı təsir sistemi mövcuddur. Öz nisbi fəallığına görə ekoloji şüur adamların təbiətə münasibətini nizamlamağa qabildir və daha yüksək (elmi, ideoloji) səviyyələrin köməyi ilə kütləvi şüuru dəyişdirməyə, ona ekoloji problemlərin elmi dərkini daxil etməyə imkan verir.
Ekoloji tərbiyə dedikdə istənilən yaş qrupundan olan insanlarda ekoloji təfəkkür tərzinin, təbiət və orada insanın yeri və roluna dair zəruri ekoloji, əxlaqı, hüquqi baxışların, təbiətdə düzgün davranışın, onun müqayisə edilməsində və istifadə olunmasında fəal həyat mövqeyinin formalaşdırılması nəzərdə tutulur. Ekoloji tərbiyə və ekoloji təhsil şüura vahid proses kimi təsir göstərməlidir.
İstifadə edilmiş ədəbiyyat
Zeynalov M.B. Fəlsəfə tarixi. Dərslik. Bakı, 1999.