İnsulininnəinki kimyəvi tərkibi, hətta quruluşu da bizə məlumdur. Hazırda o sintez də edilmişdir. Müxtəlif heyvanların insulini 21 aminturşusundan ibarət polipeptid zəncirində (A) 8-10- cu aminturşularına görə fərqlənir. Belə ki, qaramalda və qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda, atda, itdə, ada dovşanında izoleysindir.
Deməli, insulin növ xüsusiyyətinə malikdir. İnsulin karbohidratların mübadiləsində iştirak edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqdarını azaldır. Heksokinazanın fəallığını artırır, qlükozanın qlikogenə çevrilməsini sürətləndirir.
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələrində əmələ gəlir, tərkibində 29 aminturşusunun qalığı vardır.
Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun birincili quruluşu bir-birindən fərqlənmir (hindquşundan başqa). Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da sintez olunur. Bu hormon qlükogenolitik təsirinə görə adrenalinə bənzəyir lakin qlükaqon adrenalindən fərqli olaraq arterial təzyiqi yüksəltmir. Onun təsir obyekti qaraciyər, miokard və piy toxuması hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə adenilatsiklaza frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir.
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən piy toxumasından qliserinin və yağ turşularının azad olaraq qana keçməsi sürətlənir. Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza, fruktoza və sirkə turşusunun yağ turşularına və xolesterinə çevrilməsinə mane olur. Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı təlabatı yüksəlir.
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epitelisində əmələ gəlir. Lipokain yağ turşularının oksidləşməsinin, fosfastidlərin mübadiləsini sürətləndirir, lipotrop amillərin (xolin, metionin) təsirini stimullaşdırır. Onun çatışmamazlığı insan və heyvanlarda qaraciyərin piylənməsinə səbəb olur.
Bunlardan əlavə mədəaltı vəzdə daha 4 hormonun sintez olunduğu aşkar edilmişdir – somatostatin, vaqotonin, sentropnein və pankreatik polipeptid. Bu hormonların hər birinin özünün funksyaları var.