TUFARQANLI ABBAS*
Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgər haqqında yazdığı “Qüdrətli aşıq, ustad sənətkar” adlı kitabında Azərbaycan aşıq məktəbləri haqqında fikri belə idi: “Müxtəlif dövrlərdə və mahallarda çalıb-çağıran aşıqlar az olmamışdır. Lakin aşıq sənəti tarixində müxtəlif dövrlərdə yaranmış əsasən iki güclü aşıq məktəbi olmuşdur. Onlardan biri Arazın o tayında yetişən və Aşıq Qurbani ilə tanınan, sonralar Abbas Tufarqanlı kimi qüdrətli sənətkarın adı ilə məşhurların aşıq məktəbi, digəri, Göyçə mahalında Aşıq Alının adı ilə tanınan, nəhayət, fövqəladə istedada malik olan Aşıq Ələsgərin simasında böyük şöhrət qazanmış Göyçə aşıq məktəbi olmuşdur (“Qüdrətli şair, ustad sənətkar”. Bakı: Gənclik, 1976, səh.10).
Arazın o tayında yaranan güclü Təbriz aşıq məktəbinin yetişdirməsi Tufarqanlı Abbas (1585-1650) XVII əsr Azərbaycan aşıq poeziyasının özünəməxsus mövqeyi, sözü olan ustad sənətkarıdır.
Onun I Şah Abbasın zamanında (1587-1628) yaşadığı, 1585-ci ildə Azərbaycanın qədim Təbriz şəhərinin yaxınlığında olan Tufarqanlı kəndində anadan olduğu, mükəmməl təhsil aldığı söylənilir. Aşığın şeirlərindən də onun Tufarqanlı olduğu anlaşılır.
Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna, mənim kimi yan.
Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.
M.Mahmudbəyov 1892-ci ildə “Kaspi” qəzetində rus dilində “Abbas və Gülgəz” dastanı haqqında ilk dəfə olaraq A.Tufarqanlı haqqında məlumat verib.
----------------------------
*Məqalə 2012-ci ilin oktyabr ayında Azərbaycan Televiziyasının “Əbədi abidələr” proqramına hazırladığım “Aşıq Abbas Tufarqanlı” verilişində çıxışımda səslənmişdir.
XX əsrin əvvəllərində Hümmət Əlizadə onun 80 şeirini ortaya çıxarmışdı. 1932-ci ildə Türkiyədə onun haqqında məlumat verən Əhməd Cəfəroğlu olmuşdur.
Əhməd Cəfəroğlu aşığın doğulduğu yerin Təbriz ilə Marağa arasındakı “Dihkaraqan” kəndi olduğunu, sonralar bu kəndin adının fonetik dəyişiklik nəticəsində Dihkarqan “Deharkan”, “Divarqan” şəklinə düşməsini və nəhayət, Azərbaycan danışıq dilində “divar” sözü “tufar” şəklində tələffüz olunduğu üçün kəndin adının “Tufarqan” şəklinə düşdüyünü yazır (A.Caferoğlu. Azeri saz şairlerinden Tufarqanlı Abbas. Azerbaycan Yurd bilgisi. 1932, № 3, səh. 97).
Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Mirzə İbrahimovun, Mirəli Seyidovun tədqiqatlarında Abbas Tufarqanlıya yer verilmişdir. 1972-ci ildə Araz Dadaşzadə Abbas Tufarqanlının 55 şeirini kitabça halında nəşr etdirmişdi.
Aşıq Abbasın şeir dünyasını araşdıran alimlər onun Gülgəzpəri adlı gözəl bir sevgilisi olduğunu, Gülgəzpərinin Aşıq Abbasın şeirlərində tərənnüm edildiyini, sonralar bu şeirlər əsasında “Abbas və Gülgəz” adlı bir məhəbbət dastanının yarandığını yazırlar.
“Aşıq Abbas”, “Qul Abbas” “Şikəstə Abbas” təxəllüsü ilə şeir söyləyən, aşıq ədəbiyyatında Tufarqanlı Abbas kimi tanınan ustad şair-aşığın qoşma, gəraylı, divani, təcnis, cığalı təcnis, ustadnamələrinin mövzusu sevgi, təbiət, əxlaqi dəyərlərlə bağlıdır.
Onun hər misrası bir ata sözü çəkisində olan ustadnamələri öz tərbiyəvi-didaktik məziyyətləri ilə seçilir.
Abbas deyər bu sözləri sərindən,
Arxı vurun, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
Dörd misralıq bir bənd şeirin üç misrasının hər biri bir müdrik ata sözü çəkisindədir.
Başqa bəndlərində də bu sənətkarlıq açıq-aydın görünür:
“Özündən böyüyün saxla yolunu”
“Zalım bəndə, uyma bunca qeybətə,
Qeybət edən tez düşəcək zillətə”.
“Özündən kiçiyi işə buyurma,
Sözün yerə düşər, heç miqdar olmaz”.
“Mərd ilə eylə ülfəti,
Çəkmə namərddən minnəti” –
misraları və bəndləri fikrimizə bir nümunədir.
Şeirlərində gəzdiyi yerlər: Əcəm, Dərbənd, Osman, Misir, Şam, İstanbulun adı çəkilir.
Aradım Osmanı, gəzdim Əcəmi,
Misri, İstanbulu, Şamı görmüşəm –
deyərək gəzdiyi yerlərin coğrafi xəritəsini çəkir.
Abbas Tufarqanlı şeirlərinin məziyyəti, canlı danışıq dilinin gözəlliyi, üslubu, fəlsəfi zənginliyi ilə bağlıdır.
Ay həzərat, bir zamana gəlibdi,
Yoxsul üzün sürtür var ayağına.
Varlı varın verib canın qurtarır,
Yoxsulu çəkirlər dar ayağına.
Abbas Tufarqanlının ədəbi irsi çox zəngindir. Bu zənginlik içərisində onun şeirlərinin dili ilə bərabər, bu şeirlərin fəlsəfi dərinliyi, üslubu, təcnislərindəki cinaslar mükəmməlliyi ilə seçilir.
Kitabda oxunan sina yaxşıdır,
Seyraqıb gərdəni sına yaxşıdır.
Mən dedim öpməyə sinə yaxşıdır,
Könül ha yalvarır buxağından öp.
Beytin birinci misrasındakı sina, “sin” hərfinin adı “bismillah” sözünün ixtisarıdır. İkinci misradakı cinas söz sına, “sınmaq, əyilmək, yox olmaq” mənasındadır. Üçüncü misradakı sinə gözəlin sinəsi mənasındadır.
Aşıq şeirinin sənətkarlıq baxımından, aşığın dastan repertuarını mənalandıran, məzmunlandıran Təbriz aşıq məktəbi sələflərə və xələflərə bağlı milli zəmində yaranan aşıq məktəbidir. Bu məktəbin ustadlarından aşıq Abbas Tufarqanlının milli zəmində yetişən şeirləri alıq şeirinin həm sələf, həm də xələflərinə bağlıdır. Ozan-aşıq sənətinin yetişdiyi tarixi coğrafiyada bu bağlılığı görmək mümkündür. Onun məşhur “bəyənməz” rədifli şeirinə diqqət yetirsək, milli-mənəvi dəyərlərə əsaslanan bu tərbiyəvi-didaktik şeirin Abbas Tufarqanlının özündən əvvəl yaranan poeziya üzərində köklədiyini görürük.
Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.
Burada aşığın etirazı milli zəminə dayanan ənənələrə məhəl qoymayan eqoizmə qarşıdır. Bu düşüncə tərzini biz XV əsrdə yaşamış Türk aşıqları Kazak Abdalın, XIX əsrdə yaşamış Aşıq Seyraninin də yaradıcılığında görürük.
Dostları ilə paylaş: |