Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ



Yüklə 1,06 Mb.
səhifə2/13
tarix02.12.2016
ölçüsü1,06 Mb.
#616
1   2   3   4   5   6   7   8   9   ...   13

MÜŞFİQ POEZİYASININ

FOLKLOR QAYNAQLARI
Böyük Arximed “mənə istinad nöqtəsi verin, Yer kürə­sini yerindən oynadım” demişdir.

Uluları ulu edən məhz onun istinad etdiyi nöqtədir. Kökü torpaqda olmayan ağac boy ata bilməz. Yazılı ədəbiyyatın kökü, dayaq nöqtəsi məhz insan nəslinin əsrlər boyu yaradıb cilaladığı, yüzilliklərin sınağından çıxardığı folklordur. Bu xəzinədən yerli-yerində bəhrələnən sənətkarların yaradıcılıq taleyi həmişə uğurlu olmuşdur.

Azərbaycan poeziyasının əvəzsiz simalarından biri, iste­dadı ilə taleyi arasında böyük uçurum olan ölməz M.Müşfiq poezi­yasının istinad nöqtəsi birinci növbədə onun parlaq istedadı idi­sə, bunun ikinci qanadı şairin klassik poeziyamıza aşinalığı ilə bərabər, xalqının əsrlər boyu yaradıb cilaladığı, yüzilliklərin sı­na­ğından çıxartdığı folkloruna bələdliyi idi.

Mikayıl Müşfiq poeziyasının folklor qaynaqlarına müra­ciətin özü əlvandır. Bu əlvanlıq bir tərəfdən folklor nümu­nə­lərini şairin özünəməxsus ifadə tərzi ilə əsərlərinə daxil etməsi, canlı xalq dilindən gərəyincə faydalanması ilə bağlıdırsa, digər tərəfdən də onun poeziyasının forma və vəzninin xalq ədəbiy­yatına yaxınlığı ilə bağlıdır.

Şifahi poeziyamızın ən dərin, incə hisslərini ifadə edən bayatıdan istər formaca, istərsə də məzmunca təsirlənmə yolu ilə Müşfiq poeziyasında klassik nümunələr yaranmışdır.

Xalqda məşhur bir bayatı var:


Göy üzü damar-damar,

Göydən yerə nur damar.

Könül var ki, şüşədir,

Sən sındırsan, kim yamar?


Bu bayatının M.Müşfiq şeirinə necə qida verdiyinə diqqət yetirək:

Bir od düşdü buluduna,

Yandı könlüm eşq oduna.

Qaldın hicran umuduna,

Ey qırılan şişə könül.
Məlum bayatı örnəyində könül rübabını kökləyən Müş­fiqin yaratdığı bu poetik nümunə qarşıdakı bayatının təkrarı olmayıb ondakı bədii sirlərin şeirə köçməsidir.

Canlı xalq dilində, el arasında “qurban olum”, “dərdin alım”, “başına dönüm” kimi şirin münasibət bildirən ifadələr çox işlənir. M.Müşfiq poeziyasında bu ifadə olduqca poetik mənalandırılır, fikir və emosiya ilə yüklənir, şair nəfəsi ilə cana gəlir. Şair xəlqi ruhlu tək bir ifadə ilə köklənib, öz sözünün bədii-poetik aləmini yaradır:

Bilməm neyçün məni atmış, unutmuş,

Əhdi-peymanına qurban olduğum.

Yoxsa,özgəsinə üzünü tutmuş,

Yeni sevdasına qurban olduğum.


Milli bədii zəminə əsaslanan Müşfiq poeziyasında xalq əf­sa­nələri, rəvayətləri, süjet və əhvalatlar, nağıl, dastan, aşıq sə­nətinin cizgiləri güclü və qabarıqdır. Onun poeziyasındakı xəl­qilik də məhz bununla bağlıdır. Qədim Səbayel şəhəri haq­qında elmi məlumatlarda bu şəhər “Qala”, “Karvansara” ad­landırılır və Səbayelin dəniz altında qalmasının səbəbləri izah olunur.

Azərbaycanda  Abşeron yarımadasında Səbayel adlı bir şəhərin olması, sonradan isə suların altında qalması haqqında xalq əfsanəlri də mövcuddur. M.Müşfiqin “Çoban” poeması qədim Səbayellə bağlı əfsanədən istifadə ilə yazılmışdır.

Bu əfsanədə deyilir ki, çox qədim zamanlarda Abşeron civarında Səbayel adlı bir şəhər varmış. Bu şəhərin ən səfalı bir yerində Xəzərə baxan gözəl bir mənzərəli sarayda Quş xan adlı bir hökmdar yaşayırmış. Hökmdar Quş xan bir gün sarayı tikən ustanı yanında oturtmuş və ondan soruşmuş ki, bu saraydan daha gözəl, daha mükəmməlini yarada bilərsənmi? Ömrünü, gününü sənət yolunda fəda etmiş qoca memar deyir ki, bu saraydan daha gözəlini, daha mükəmməlini də yarada bilərəm.

Qoca memarın cavabından darılan xan cəllada əmr edir ki, memarın boynu vurulsun. Qısqanc xan düşünür ki, memar ətraf xanlara mənimkindən daha yüksək görünən saray tikəcək. Bu səbəbdən də memarın ölümünə hökm verir.

Quş xanın Mərcan adında gözəlliyi dillərə dastan bir qızı varmış. Quş xan qızına gələn bütün elçilərdən qızın neçə xalı olduğunu soruşar, heç kəs cavab verə bilməz. Xan qızı Mərcanın gəzdiyi dağ-dərələrdə Dəmirdaş adlı bir çoban da varmış. Bir gün Mərcan öz dəstəsi ilə gəzməyə çıxır və uzaq­dan qaval səsi eşidir. Əmr edir ki, o qavalı kim çalırsa, onu tapıb gətirsinlər. Çobanı tapıb gətirdilər.

Mərcan Dəmirdaşı görüncə onun simsiyah gözlərindən atəş çıxır. Çobanın yamaqlı üst-başına baxır və qaval çalmağı kimdən öyrəndiyini soruşur. Niyə qəmli nəğmələr çalır? Onun qavalında nəşə yoxdurmu?

Çoban deyir ki, qəmli nəğmələr Səbayel mahalının el nəğ­məsidir. Dəmirdaş xatırlayır ki, bu yerlərin namərd xanı ova çıxarkən şikarı Qorxmaz adlı çoban olur, məsum, yetim qızları qaçırır, çox günahlar işlədir. Bu qəmli şikəstələr də bəlkə bu səbəbdəndir.

Mərcan bütün varlığı ilə çoban Dəmirdaşı sevir, elçi gəlmə­sini istəyir. O, xallarının sayını Dəmirdaşa dediyi üçün Quş xana Dəmirdaş xalların sayını deyir. Quş xan qızını çoba­na vermək istəmir, ona tələ qurur. Dəmirdaşla Mərcan qaçır. Quş xandan na­razı olan insanlar Quş xanı öldürürlər, amma nə qədər ax­tar­salar da çoban Dəmirdaşla Mərcanı tapa bilmirlər. Dənizin üzə­rində bir tutam saçın üzdüyünü görüncə məsələdən agah olur­lar. Quş xanın törətdiyi haqsızlığa Xəzər də dözmür. Bir gün qabarıb qanadlarını açır, Quş xanın məskənini silmək üçün co­şur, dalğalanır, köpürüb Səbayeli boğur. Səbayel sular altında qalır.

Bu bir əfsanədir, nağıldır, fəqət,

Tarixdə azmıdır böylə həqiqət.

Tarixdə dağılan saraylar azmı?

Döyüşdə pozulan alaylar azmı?

Azmı yoxsulların çəkdiyi səflər,

Basılan tərəflər, basan tərəflər?

Bağışla, oxucum, sual olarmı?

Həqiqət olmasa, xəyal olarmı?

(M.Müşfiq. Əsərləri. II c.

Bakı, 1970, səh. 173)

Folklordan əfsanə, rəvayət, nağıl süjetlərinin əxz edilməsi ədəbiyyatda isifadə olunan yaradıcılıq xüsusiyyətidir. Bu Niza­mi Gəncəvidən bu günə qədər davam edən xalq şifahi bə­dii sözü ilə ənənəvi bağlılıqdır. M.Müşfiqin folklor motivləri əsa­sında belə bir poemanı yazması şairin yaradıcılığındakı xəlqilik prob­lemi ilə, bu problemə təsir göstərən əsas qaynaqlardan biridir. Mikayl Müşfiq xalqdan eşitdiyi bir rəvayət vasitəsilə tarixi can­landırır, əfsanəvi Səbayel şəhəri haqqında fikir ya­radır. M.Müş­fiqin poemasının süjetinə daxil etdiyi əfsanə Səba­­yel şəhəri haqqındakı əfsanələrdən biridir.

1920-ci ildə “Qurtuluş” (1920, №2) jurnalında Mirzəbala Məmmədzadə Səbayel şəhəri haqqında bir əfsanə toplayıb çap etdirmişdi. Əfsanədə deyilir ki, Bakı xanı qonşu Səbayel xanın­dan çox çəkirdi. O dövrdə Səbayel şəhəri bir tərəfdən Ba­yıl, o biri tərəfydən Nargin, bu yandan isə Zığı birləşdirirdi. Səbayel xaqanına tabe olan adamlar qorxu nə olduğunu bilməyən cən­ga­vərlər idi. Onlar tez-tez Bakı xanlığına hücum edir, onun əhali­sinin var-yoxunu talayıb gedərlərmiş. Bakı xanı bu əzabdan ya­xa qurtarmaq üçün adlı-sanlı, bilikli adamları bir yerə toplayıb, onlardan məsləhət istəyir. Uzun məşvərətdən sonra belə qərara gəlirlər ki, Bakı xanı Səbayel xan ilə qohum olsun. Onun qızını öz oğluna almaq məqsədilə Bakı xanı bir neçə adamı qiymətli sovqatlarla Səbayel xanının yanına elçi göndərir. Səbayel xanı bu gözlənilməz söhbətdən sonra əsəbi halda cavab verir ki, Narginlə Bayıl, onlarla bir yerdə Zığ adası yox ola bilər, ancaq bu iş düzələ bilməz. Elçilər geri dönür. Qızğın Xəzər dənizi lərzəyə gəlir. Zığla Bayıl və Nargin adasını su basır, Səbayel şəhəri öz əhalisi ilə su altında qalır, çox az adam xilas ola bilir. Səbayel xaqanı bu hadisədən sonra Bakı xanına pənah gətirir.

M.Müşfiq Səbayel şəhəri haqqındakı xalq arasında dolaşan qədim əfsanələrdən birindən istifadə edərək şəhər və onun insan­­ları haqqında “Çoban” adlanan bir poetik nümunə yarat­mışdır.

Poemada M.Müşfiq Səbayel haqqındakı əfsanələrdə ön plana çıxan ictimai əsarət və haqsızlıqları da nəzmə çəkmiş, folklor süjetinin poemada ictimai ideyanın ifadəsinə xidmət etməsinə nail olmuşdur. O, əsərində folklordan özünəməxsus şəkildə faydalanmış, əsərini məzmun, ideya, fikir və obrazlarla zənginləşdirmişdir.

Nağıllar M.Müşfiqin bəhrələndiyi, ilham və fikir əxz etdiyi folklor aləmindən biridir.

Azərbaycan nağılları adətən “biri varmış, biri yoxmuş” nağıl açarı, nağıl yaraşığı, nağıl təkərləməsi ilə başlayır. M.Müş­fiqin xalqdan alıb onu poeziyanın dilinə çevirdiyi “Şəngül, Şüngül, Məngül” nağılı xalq nağıl ifadə tərzini müasir ifadə for­masına çevirməyin nümunəsi olmaqla, xalqımızın yaratdığı na­ğıldan istifadə, bunu yenidən işləmə yolu ilə milli özünəməx­sus­luğu qoruyub saxlamağın nümunəsidir:


Biri varmış, biri yoxmuş,

Məzlumların dərdi çoxmuş.

Saqqallı bir keçi varmış,

Gəzdiyi yer qayalarmış.

…Onun üç yavrusu varmış:

Biri Şəngül, biri Şüngül,

Biri də balaca Məngül.
M.Müşfiqin “Kəndli və ilan” poemasınında da xalq nağı­lın­dan süjet əxz edilmişdir. Bu poemada qədim Azərbaycan na­ğıllarındakı ideya, humanizm ənənələri, hadisə və epik süjet önə alınmış, nağıl motivi poemanın əsas ana xəttini təşkil etmişdir. M.Müşfiqin xalq nağılının süjetinə əsaslanaraq yazdığı bu poe­ma şairin folklordan bəhrələnməyində yüksək sənətkarlıq ifa­dəsidir.

M.Müşfiq poeziyası xalqımızın əsrlər boyu işlətdiyi milli vəzn və şəkil əsasında yüksəlmiş, təşəkkül tapmışdır. Onun poeziyası məhz milli şeirin ənənələrini dərindən mənim­sə­məklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibətlə boy atıb in­kişaf etmişdir. Onun aşıq poeziyasının qoşma, gəraylı və b. forma­larına müraciəti bu baxımdan qanuni və təbii haldır.

“Koroğlu” dastanına məxsus bir gəraylının M.Müşfiq poe­ziyasına gətirdiyi hərarətə diqqət yetirək:
Budu, gəldi havadarım,

Dur, başına dolan, könül.

Zimistanda dövr eylədin,

Yaz, bahara boyan, könül.

(“Koroğlu” dastanından.)
M.Müşfiqdə:
Ah, bu uzun sevda yolu,

Vurulurmu başa, könül.

Nişal aldım, kaman atdım,

Dəydi oxum daşa, könül.


Vaxt olub ki, müasirlik forma yeniliyində görülüb, ənə­nəvi xalq şeiri formalarından istifadə etmək köhnəlik əlaməti sayılıb. Belə fərz edilirdi ki, köhnə forma köhnə məzmuna gətirib çıxarır. Ona görə də mütləq yeni forma yaratmaq la­zım­dır. Yeni inqilabi mədəniyyət üçün xalq şeiri ənənələri lüzum­suz hesab edilirdi. Milli heca vəzninin doğmalığını qoruyub saxlayan bir sıra müasirləri kimi M.Müşfiqin də heca vəznli şeirləri bir daha sübut etdi ki, milli zəmindən, milli bədii ənənədən ayrılmaqla bö­yük poeziya yaratmaq qeyri-müm­kün­dür. Müşfiqin heca vəzn­li şeirləri göstərdi ki, müasir məzmunu ənənəvi formalarla da vermək mümkündür. Bu formanın özü də duz-çörək qədər müqəddəsdir. Hüseyn Arifin dediyi kimi “Min yenilik yatır köhnə ürəkdə, yenilik axtarma duzda-çörəkdə”.

M.Müşfiq poeziyasında yaranan neçə-neçə yaddaqalan şeir nümunələri xalq poeziyasının qoşma, gərayı forması üs­tün­də köklənmişdir, daha doğrusu, bu şeirlər şifahi poe­ziyamızın ov­qatından doğmuşdur. Şairin “Məhəbbət”, “Maral”, “Söylə”, “Neçin gəlmədin?”, “Küsmərəm”, “Yaşa könül!”, “Ürək”, “Sənə qurban” və b. şeirləri nümunə gətirilə bilər.

AZƏRBAYCAN ŞAİRİ

NİZAMİ” ADLI KİTAB HAQQINDA*
XII əsrdə yaşamış, dünyada məşhur olan Azərbaycan şairi Nizami Gəncəvinin söylədiyi “Türk gözəldir” ifadəsini XX əsrdə Azərbaycanın siyasi tarixində böyük rolu olan “insanlara hürriyyət, millətlərə istiqlal”, “bir kərə yüksələn bayraq bir daha enməz” kimi milli inanc dolu sözlərin sahibi, 1918-1920-ci illər arasında müstəqil Azərbaycan dövlətinin qurucularından olan Məmməd Əmin Rəsulzadə incələmişdir.

M.Ə.Rəsulzadə böyük siyasət adamı olmaqla bərabər, həm də ədəbiyyatçı idi. O, “M.Ə.Rəsulzadə”, “Yalvacoğlu”, “M.Emin”, “M.Emin Rəsulzadə” imzaları ilə şeir, hekayə və məqalələr yazmış, dini və siyasi həyatı ilə əlaqədar bir çox kitablar yazmışdır. Onun “Çağ­daş Azərbaycan ədəbiyyatı” (1950), “Çağdaş Azərbaycan tarixi” (1951), “Azərbaycan Res­pub­likasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” (1928), “Əsrimizin Siyavuşu” (1928), “Azərbay­can şairi Nizami” (1951) əsərləri bir-birindən qiymətli əsərlərdir. Onun 1948-ci ildə qələmə aldığı “Azərbaycan şairi Nizami” əsəri da­­hi Azər­baycan şairi Nizami Gəncəvinin 800 illiyinə həsr olun­muş­­dur. Bu qiymətli əsər 1951-ci ildə Ankarada nəşr edilmiş, 1991-ci ildə isə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevri­lərək Bakıda nəşr edilmişdir. Kitabı Türkiyə türkcəsindən Azər­bay­can türkcəsinə prof. Rüstəm Əliyev çevirmişdir (Bakı, Azərnəşr, 1991).

M.Ə.Rəsulzadə mükəmməl ədəbiyyat araşdırmalarından olan “Azərbaycan şairi Nizami” əsərində Nizami haqqında bunları yazır: “Nizami Azərbaycanın qədim şəhərlərindən olan Gəncədə doğulub, yaşayıb və dəfn edildiyi üçün Gəncəli Ni­zami mənasında işlədilən Nizamiyi-Gəncəvi adıyla tanın­mışdır”.

“Şairi eyni dövrdə yaşamış olan başqa Nizamilərdən ayır­maq üçün müzkirələr onu həmişə “Nizamiyi-Gəncəvi” deyə yad etmişlər” (bax: M.Ə.Rəsulzadə A.k.ə. səh. 351).

-------------------------------

* Məqalə 1996-cı ildə Türkiyə türkcəsi ilə Türkiyədə nəşr edilmişdir. Bax: “Gizli çiçək”. Samsun 1996, səh. 59-65.

M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərinin lap ilk səhifəsində Nizaminin:
Şairlikdəki əsrar pərdəsi,

Peyğəmbərlikdir bir kölgəsi.

Tanrı hüzurunda sıra tutmuşlar,

İkinci şairlər, ilkin peyğəmbərlər –


misralarını epiqraf kimi verərək, islam dünyasında pey­ğəm­bərlərdən sonra söz ustadları olan şairlərin ən nüfuzlu insanlar olaraq Tanrı qarşısında sırasının göstərildiyini ifadə edir. Niza­minin yaşadığı XII əsrdə Gəncə və Şamaxı şəhər­lərinin Yaxın Şərqin böyük mədəniyyət mərkəzləri olduğunu qeyd edir və Azərbaycanın o zamankı ədəbi mənzərəsi haq­qında tam təsəvvür yaratmaq üçün bir çox şairlərin, o cümlədən Əbulla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beylaqani, Seyid Zülfüqar Şirvani, Kəmaləddin Naxçıvani və b. adlarını çəkir. Dörd fəsildən ibarət olan kitabda “Nizami kimdir?”, “Nizaminin beş kitabı”, “Nizaminin mövzuları”, “Nizamidə sənət və ideologiya” məsələləri dərindən-dərinə təhlil edilir.

“Azərbaycan şairi Nizami” əsərinin başlanğıcında M.Ə.Rə­sulzadə Şərq islam mədəniyyəti haqqında məlumat verərək, bu mövzu ilə bağlı “Başlanğıc”, “Şərq-İslam mədə­niyyətində Azər­baycanın rolu”, “Türk hakimiyyəti altında fars mədəniyyəti” kimi bölümlərdə açıqlamalar verir:

“Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni, kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və qar­pışmalarının səhnəsi olmuşdur. Tarixi hadisələrin təsirilə baş ve­rən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yata­ğı olan bu yerlərdə yeni bir mədəniyyət meydana gəl­mişdir: Şərq islam mədəniyyəti (A.k.ə., səh. 5).

Müəllif islam mədəniyyətinin şərqə yayılmasında ərəb dili ilə bərabər türkcə və farscanın da əhəmiyyətli rolu ol­du­ğu­nu gös­tərir və bunları “Şərq islam mədəniyyətinin üç ortağı” adlan­dırır.

M.Ə.Rəsulzadə “Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yeri olduğu kimi bir Şərq İslam məmləkəti olmaq üzrə də Azərbaycanın bu işdə mühüm rolu olduğunu yazır” (səh. 8).

“Türk hakimiyyəti altında fars ədəbiyyatı” bölümündə təd­qiqatçı türk saraylarında yazılan fars ədəbi abidələrinə işarə edə­rək yazır: “İslamdan sonrakı yeni fars dilinin ən böyük abi­dəsi olan “Şahnamə”ni Firdovsi Sultan Mahmud Qəznəvinin sara­yında yazmışdır: “Dünyaca məşhur olan rübailəri ilə Ömər Xəy­yam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidə­sinin məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədə­biyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hü­seyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşlar… Türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayət­lən­məyib, bir çoxları farsca yazmışlar (səh. 16-17).

M.Ə.Rəsulzadə Şərq İslam mədəniyyətinə mənsub olan İbn-Sina, Firdovsi, Əlişir Nəvai kimi şəxsiyyətlər haqqında fikrini aşağıdakı şəkildə ifadə edərək yazır:

“Ərəblərə görə, İbn-Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir iranlı alimlər kimi şeirlərini ərəbcə yazsa da, İbn-Sina bir farsdır, hətta farsca şeirləri belə vardır. Türklərə görə, Türküstanın Əfşanə (Buxara) şəhərində doğulmuş Sina oğlu bir türkdür, farsca şeir yazması türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türk­lər olduğu kimi farsca yazmış türklər də az deyildir” (A.k.ə., səh. 7).

M.Ə.Rəsulzadəyə görə, “Fars ənənəsini fars dilində can­landıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır və “Mühakimətül lüğəteyin” adlı tanınmış əsəri ilə türk dilinin fars dilindən üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cağatay türkcəsi ilə əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və “türk oğlu türkdür” (A.k.ə., səh. 7).

Dünyada tanınmış əsərlərini farsca yazan Gəncəli Nizami Şərq tədqiqatçıları tərəfindən çox vaxt İran ədəbiyyatı təmsilçisi kimi, Avropa və rus mənbələrində isə Azərbaycan şairi olduğu göstərilir.

Bu gün Nizaminin Azərbaycan şairi olduğu dünya elm adam­ları tərəfindən qəbul edilmiş bir həqiqət olsa da, M.Ə.Rə­sulzadə Nizami Gəncəvinin 800 illiyi münasibətilə qələ­mə aldığı əsərinə verdiyi “Azərbaycan şairi” adının onu İran şairi kimi tanıyanların bir qismində etiraz doğurmasa da, onların adət et­diklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuraca­ğına münasibətini də bildirərək yazır:

“Fəqət nə etməli, dünya böyüklərinin adları ətrafında mil­lətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də baş­qalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?” (səh. 7-8).

M.Ə.Rəsulzadə müsəlman şərqində fars dilində əsərlər ya­zılmasına bir açıqlama verərək yazır ki, XVIII əsrdə fransız dili Avropanın böyük bir bölümündə elm və ədəbiyyat dili olduğu kimi, müsəlman şərqində də X-XII əsrlərdə farsca ədəbiyyat dili olmuşdur. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar. Əsərlərini fars dilində yazmağın nəticəsidir ki, başda Nizami Gəncəvi olmaqla Azərbaycan İran ədəbiyyatına Xaqani Şirvani, Müciri Beylaqani, Əbulla Gəncəvi (XII əsr), Qətran Təbrizi (XI əsr) sonrakı əsrlərdə də Əhməd İbn-Məhəmməd Təbrizi (XIV əsr), Qasım Ənvər (XV əsr), Sadıq Əfşar (XVI əsr), Saib Təbrizi (XVII əsr) kimi məşhur qələm ustaları qazan­dırmışdır.

M.Ə.Rəsulzadə əsərinin III fəslində Nizami Gəncəvinin möv­zularını incələyərkən onun əsərlərindəki farslıq, türklük düşüncələrinə toxunaraq əsərəlrində ruslar haqqında təsəv­vü­rünə də yer ayırmışdır. Kitabın bu fəslində “İsgəndərnamə” əsərindən Duvalinin İsgəndərə dediyi


Adamlıq gözləməz bir kimsə rusdan,

Ki bənzər insana yalnız baxışdan (səh. 160) –


misralarını incələyərək, oxucuda rusların Azərbaycana tarixi bas­­qınlarını, Xəzər dənizi sahillərinin zaman-zaman ruslar tərə­findən basqına məruz qalması, burada yaşayan insan­ların qədim rus vəhşilikləri barədə qanlı xatirələrinin yaddaşlarda yaşadığına səbəb olduğunu xatırladaraq yazır:

“Nizami dövründə acı xatirələrin yeni qüvvə ilə təzə­lən­məsini ehtimal etmək yerinə düşərdi. Məlum olduğu üzrə, Şah Axsitanın dövründə Şirvanlılar rus basqınçıları ilə şid­dətli dö­yüşmüş, Dərbənd və Şabranlı onların qəsbindən qurtardığı kimi Bakı limanında və Lənkəranda Sari limanında 73 gəmidən iba­rət rus gəmisini məhv etmişlər. Şirvan sarayının rəsmi şairi Xa­qani tərəfindən yazılan tarixi bir qəsidədə təsvir olunan bu döyüş şüb­həsiz qədim rus vəhşilikləri barədə qanlı xatirələrin yad­daşlarda yenidən canlanmasına səbəb olmuşdur” (səh. 160-161).

M.Ə.Rəsulzadə göstərir ki, Nizaminin əsərlərini yazdığı dil fars dili olsa da, şairin daşıdığı hisslər və işlətdiyi mövzular Azərbaycan türklərinin duyğularından doğmuşdur. Nizaminin yaradıcılığı, onun duyğu və düşüncələri onun yetişdiyi milli mühitlə bağlı olduğu üçün o, Azərbaycan türklərinin milli duy­ğularını əsərlərində qabarıq şəkildə əks etdirən bir şəxsiyyətdir. Bu şəxsiyyətlə yalnız Azərbaycan türkləri deyil, bütün türklər öyünməlidir. Çünki dilinin farsca olmasına baxmayaraq, heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb. Niza­mi fars millətçiliyindən çox-çox uzaq olub türk sevgisi ilə, yur­dunun tarixi müqəddəratı ilə bağlıdır. Bu bağlılıq, heç şübhəsiz, onun Azərbaycan türklərinin şairi olduğuna dəlalət edir. “Gözəl və böyüyə”  “türk”, gözəllik ilə böyüklüyə  “türklük”, “gözəl və böyük sözə”  “türkcə”, “gözəllik və böyük­lük diyarı”na “Tür­küstan” deyən bir şairə hansı ağız o, türk de­yildir deyə bilər?” (səh. 31).

Kitabın başqa səhifələrində də M.Ə.Rəsulzadə böyük Niza­minin türklük düşüncələrini iftixarla ifadə edir. Nizami türk de­yir – gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, ər, rəhbər və baş­çı nəzərdə tutur. “Türklük” deyir – gözəllik, yaxşılıq, təmiz­lik, doğ­ruluq, mərdlik, qəhrəmanlıq, sərkərdəlik, başçılıq demək istəyir. “Türküstan” - deyir – vəfa, doğruluq, istə­nilən yerə qo­vuş­maq (vüsal) nəzərdə tutur. “Dilbər” deməli olduğu yerdə şair sa­dəcə olaraq “türk” deyir. “Torke-delsetan”, “torke-tennaz”, “tor­ke na­zənin əndam” kimi ifadələrə Ni­za­midə tez-tez rast gəlinir.

Gözəl gözdən bəhs etmək istərkən Nizami “Türk gözü” (“çesm-e torki”) deyir, onu ahu gözü ilə müqayisə edir. Hər hansı gülüşün şirinliyini ifadə etmək üçün ona “türk gülüşü” deyir. Bu gülüş Nizaminin nəzərində o qədər şirindir ki, “şəkər belə ona həsəd aparır (“Xəstədel əz xəndeye torkan şəkər”). Bəh­ram Gura hekayə danışan gözəlləri də, hekayələrdəki dilbər­ləri də “türk” deyə vəsf edir. Məcnunun sevgilisi Leylinin ətra­fındakı ərəb qızlarına “Ərəbistanda yaşayan türklər” deyir. Hətta ədalət üzərində qurulmuş bir dövləti idealizə edərkən bu idealını türk dövləti tipində tapır (A.k.ə., səh. 142-145).

Kitabın dördüncü bölümü “Nizamidə sənət və ideo­lo­giya” adlanır. Bu fəsildə Nizami sənətinin həyata, insana mü­nasibəti, Nizamidə eşq fəlsəfəsi, onun din, dövlət haqqında gö­rüşləri, ideal hökmdar məsələsi, şairin şeir anlayışındakı özünəməx­sus­luq ələ alınıb incələnir.

Göründüyü kimi, böyük qələm ustadı, dövlət və siyasət adamı, XX əsrin yetirdiyi böyük şəxsiyyət M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı tədqiqat əsəri XII əsr Şərq ədəbiyyatında zirvə sayılan əsərləri ilə zirvəyə yüksələn böyük söz ustadı Nizami Gəncəvinin həyatı, sənəti, dövrü haqqında ən layiqli araşdırmalardan biridir.

MİLLİ ŞEİR ƏNƏNƏSİ*
Azərbaycan şeirinin xalq poeziyası ilə əlaqəsinin öz ənə­nəsi və inkişaf xüsusiyyətləri vardır. Poeziyamız bütün inkişaf tarixi ərzində xalq bədii və poetik təfəkkürü ilə qırılmaz əlaqədə ol­muşdur. Ədəbi dilimizin müəyyən tarixi amillər nəticəsində ərəb və fars dillərinin təsirinə məruz qaldığı dövr­lərdə belə klassik poeziyamızın Nəsimi, Füzuli, Xətai kimi böyük simalarının xalq şeiri üslub və poetikasına yaxınlığını görmək mümkündür.

XVIII əsrdə Vaqif, Vidadi, XIX əsrdə Qasım bəy Zakir xalq şeiri poetikasını klassik şeirə gətirməklə bu ənənəni davam etdir­mişlər. Onların xalq poeziyası formasında yazdıqları qoşma, gəraylı və bayatılar realist şeir üslubunun təşəkkülündə əhəmiy­yət­li rol oynamışdır. Böyük satirik M.Ə.Sabirin yaradıcılığında da klassik poeziya xalq şeirinin üslubi ünsürləri üzvi şəkildə bir­lə­şərək tənqidi realist poeziyanı yaratdı və bu poeziya xalq həya­tının ən canlı məsələlərini sadə və inandırıcı şəkildə ifadə etdi.

Göründüyü kimi, müasir Azərbaycan şeirinin folklora, xalq şeirinə bağlılığının qiymətli ənənələri vardır. Müasir Azərbaycan poeziyası məhz milli şeirin ənənələrini dərindən mənimsəməklə, bu ənənələrə yaradıcı, cəsarətli münasibət bəsləməklə boy atıb möhkəm poetik ənənələr üzərində inkişaf etməyə başlamışdı.

Çoxəsrlik tarixi olan şifahi ədəbiyyatımızın ən güclü qolla­­rından birini aşıq poeziyası təşkil edir. Aşıq poeziyası isə həm janr, həm də forma cəhətdən çox zəngin və əlvandır. Xalq da­nışıq dili ifadələrindən geniş şəkildə istifadə olunması bu şeirin dilini daha da xəlqiləşdirmiş, onun milli koloritini qüvvət­lən­dirmişdir. Dilin inkişaf mərhələlərini tədqiq edən alimlərin daha çox şifahi xalq ədəbiyyatına, xalq poeziyasına müraciət etmələri bu baxımdan qanuni və təbii haldır. Şair H.Arif yazır: “Biz ana dilimizin, mili təfəkkürümüzün yad təsirlərindən qorunması üçün saza borcluyuq”. Saz deyəndə şair, şübhəsiz ki, xalqımızın

-------------------------------

* Məqalə Azərbaycan EA-nın xəbərlərində yayınlanmışdır. “Dil, ədəbiyyat və incəsənət” 1988, №4.

həyatını, milli təfəkkürünü, yaşa­yış tərzini, adət və ənənəsini özündə əks etdirən, qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarını özündə yaşadan, şifahi xalq poeziyasının bir qolu olan aşıq poeziyasını nəzərdə tutur. Aşıq poeziyası sintetik bədii sənətdir: musiqi, poeziya və ifaçılıq bu sənəti təşkil edən əsas komponentlərdir. Azərbaycan şeiri bir çox xəlqilik xüsusiy­yət­ləri üçün aşıq şeirinin ənə­nələrinə borcludur.

Azərbaycan poeziyasında çox işlənən şeir formalarından bi­ri gəraylıdır. Özünəməxsus qafiyələnmə prinsipi olan, hecaları­n sayı 8-dən artıq olmayan gəraylıların yaranma tarixi qə­dim­lə­rə gedib çıxır. Prof. V.Vəliyev yazır: “Azər­baycan xalq poe­zi­ya­sında sək­kizhecalı şeirin tarixi eramızdan əvvəlki dövrlə səsləşir”.

Xəstə Qasımın, A.Tufarqanlının nəsildən-nəslə keçən gə­ray­lıları da bu şeir şəklinin şifahi poeziyamızda çox işlək bir forma olduğunu göstərir. Yüksək, təmiz bəşəri hissləri ifadə edən gəraylı yazılı poeziyamızda da mövcuddur. Azərbaycan şei­rinin janr sistemində bu lirik xalq şeiri forması yaşamaqdadır.

Lakonik, yığcam lirik şeir forması olan gəraylılarda artıq kəlmə işlətmək, mətləbsiz olaraq şeiri uzatmaq hallarına az təsa­düf edilir. Bu yığcamlıq S.Vurğunun “Gülə-gülə”, “Dağlar”, S.Rüstəmin “Gəlin gəlsin”, “Bahar ürəyimdədir”, B.Vahab­za­dənin “Bir gül ilə yaz açılmaz”, “Bu gecə”, “Neçin?”, “Do­daq­da gəz”, B.Azəroğlunun “Kimdən öyrədin”, M.Gülgünün “Yora bilməz yollar məni”, H.Arifin “İnsan”, “Tələsirəm”, “Yetişmə­miş”, “Könül deyir yaşa hələ”, F.Meh­di­nin “Səni gözləyirəm”, M.Aslanın “Ürəyimdə”, “Ürəyim yar yanında” kimi gəray­lıla­rına xas olan məziy­yət­lərdəndir.

Azərbaycan şairlərinin tez-tez müraciət etdikləri digər şeir forması isə dördlükdən ibarətdir. Dördlüyün çox vaxt rübainin təsiri ilə yaranan şeir şəkli olduğu iddia edilir. Prof. Ə.Cəfər “Sabir şeirində kiçik şəkillər” məqaləsində “müəyyən vəzn və şəklə malik dörd misradan ibarət xüsusi şeir növü” olduğuna və “dörd misrada onun mövzu və ideyası ifadə edil­diyinə” görə rübai “bizim bayatılara çox bənzəyir” qənaə­tinə gəlir. Başqa bir məqaləsində Ə.Cəfər yazır: “Şeirin rübai şək­linin vəzni mənşə etibarilə əruz vəzni sisteminə daxil deyildir”.

Prof. A.Axundov isə “Şeir sənəti və dil” tədqiqatında belə hesab edir: “a-b-a bənd növünün, Şərq poetikası termini ilə desək, rübainin mənşəyi, müəyyən mənada mübahisəlidir”. A.Axundov Polşa şərqşünası Tadeuş Kovalskinin bu haqdakı fikrini də xatırlayır: “Bu vaxtadək orijinal fars yaradıcılıq məhsulu sayılan rübainin mənşəyi barəsində mötəbər bir şey yoxdur. O, ədəbiy­yata başqa formalarla (qəsidə, qəzəl) bir zamanda IX əsrdə kifayət qədər gözlənilmədən, özündən əvvəlki ədəbiyyatda nə ərəb, nə də ki fars ədəbiyyatında heç bir bənzəri olmadan gəlib. Güman etmək lazımdır ki, ərəb ədəbiyyatında ilk mənbələrin məhz bu yoxluğu belə ehtimala yol verir ki, rübai farslarda özünəməxsus bir hadisədir. Ərəb təsirindən başqa digər təsirlər də göstərilirdi. Lakin nə üçün türk dördlükləri ilə fars rübailərinin qarşılıqlı əlaqələri məsələsi qoyulmasın”. Bu fikirdən sonra prof. A.Axun­dov fikrini belə tamamlayır: “A-a-b-a bənd növünün istər Azər­baycan, istərsə də digər türk xalqlarının şifahi ədəbiyyatında geniş yayılması və dərin izlər buraxması onun türk xalqlarına məxsus orijinal bir forma və şeir növü olduğunu göstərir”.

Lakin bu fikirlərlə yanaşı ehtimal etmək olar ki, həm klas­sik, həm də xalq poeziyasında istifadə edilən a-a-b-a bənd növü xalq poeziyasının geniş yayılan janrı olan bayatı formalı dörd­lüklərlə də bağlıdır. Həmin dördlüklərin bayatıdan fərqli cəhəti ancaq hecaların sayından ibarətdir. Bayatılarda hecaların sayı 7, dördlüklərdə isə 8-11 olur. Qafiyələnmə tərzinə görə də çox vaxt dördlüklər bayatılardan bir o qədər fərqlənmir. Məsələn, xalq şairi M.Rahimin dördlüklərində vəziyyət belədir:

Aşıq gördüyünü dastan eyləyər,

Gəzər əlində saz, cövlan eylər.

Səadət yurdudur bizim yurdumuz,

Qocanı döndərib cavan eyləyər.

Müasir poeziyada bu cür şeirlər bir qayda olaraq rübai sa­yılır. Ancaq bu rübailərdə bayatı təsiri də yox deyildir. Başqa sözlə, bu dördlüklər bəlkə də şifahi poeziyamızın bayatı ovqa­tın­dan doğmuşdur. Belə ki, müasir şeirimizdə bu dörd­lüklər rü­bailərlə bayatıların qəribə sintezini xatırladır. Şeirin ruhundakı həzinlik bayatını, hecaların sayı isə klassik poe­ziya­dakı rübaini yada salır. Prof. A.Axundov M.Rahimin dörd­lük­ləri haqqında yazır: “M.Rahim öz rübailərini dördləmələr adlandırmış və bununla onların milli zəmin ilə bağlılığını gös­tərmək istəmişdir”.

Poeziyamızda qafiyələnmə şəklinə görə dördlüyün müx­təlif şəkilləri vardır. Prof. A.Axundov Azərbaycan şeirində dördlü­yün səkkiz növünü göstərir. O, belə nəticəyə gəlir ki, “dördlü­yün a-a-b-a növü bilavasitə xalq şeiri ilə bağlıdır. A-a-a-b qafiyə sistemli bənd aşıq poeziyasında qoşma, gəraylı, təcnis kimi şeir şəkillərinin strofik vahidini təşkil edir”.

Müəllif həmçinin yarımçarpaz dördlüyün də (a-b-b-a) el ədəbiyyatı ənənəsi olduğunu, qoşma şeir şəklinin birinci bən­di­nin daha çox yarımçarpaz dördlük növündə olduğunu göstərir.

Azərbaycan şeirinin lirik janrlar sistemində xalq lirikası janrları mühüm yer tutur. Şairlər bu janrlardan istifadə etmək yolu ilə yeni məzmunu məharətlə ifadə etməyə nail olmuşlar. Bu nöqteyi-nəzərdən qoşma xüsusilə şairlərimizin yara­dıcı­lığında maraqlı, zəngin bir inkişaf mərhələsi keçmişdir. Azər­baycan şairləri qoşma vasitəsi ilə ən müasir, canlı məsələləri ifadə et­məyi bacarmışlar. Buna görə də qoşmanı Azərbaycan şerinin əsas formalarından biri hesab edə bilərik. Şifahi poeziyamızda qoşma aparıcı və əsas janrdır. Prof. V.Vəliyev “Qaynar söz çeşməsi” kitabında bu məsələni çox gözəl in­cə­ləmiş, qoşayarpaq (daxili qafiyəli) qoşma, təkrar mis­ralı qoşma (varsağı), ayaqlı qoşma, dodaqdəyməz qoşma haq­qında ətraflı söhbət açmışdır. Demək, qoşma daxili zən­ginliyə malik poetik formadır.

Qoşma heca vəznində yaranır. Heca və qoşma ayrılmaz poe­tik vahidlərdir. Azərbaycan poeziyasında heca vəzninin bu formasında daha çox əsərlər yaranmışdır. S.Vurğun, S.Rüstəm, O.Sarıvəlli, R.Rza, M.Rahim və Ə.Cəmilin əsərəlrində bu for­maya tez-tez müraciət edilmiş, B.Vahabzadə, N.Xəzri, M.Araz, H.Arif, C.Novruz, N.Həsənzadə, M.Gülgün, F.Mehdi, M.Aslan və başqalarının yaradıcılığında bu lirik janr müvəf­fə­qiy­yətlə inkişaf etmişdir. Ümumiyyətlə, qoşma formasına mü­raciət et­məyən müasir şairə az rast gəlmək olur.

Aşıq poeziyasında qoşma fikir və məzmunca əlvan lirik janr­dır. Bu formadan istifadə etmək yolu ilə məhəbbət və məişət hisslərini ifadə edən qoşmalar yazmaq mümkün olduğu kimi, ic­timai-siyasi, fəlsəfi və qəhrəmanlıq motivləri ifadə edən qoşmalar da yazmaq mümkündür. Vaqif, Zakir, Ələsgər kimi şairlərin qoş­maları bu nöqteyi-nəzərdən diqqətəlayiqdir. Şairlərimiz qoşma­dan istifadə edərkən lirik janrın bu ənənəsini qoruyub saxlamış, onu yeni məzmun hesabına daha da qüv­vət­lən­dirmişlər. Bu cə­hətdən böyük şairimiz S.Vurğunun poe­zi­yasında qoşmanın yeri və funksiyası çox ibrətamizdir. S.Vur­ğun klassik qoşmanı təkrar etmədən onun böyük, qiy­mətli ənənələri ruhunda lirik, ictimai-siyasi və fəlsəfi qoşmaların misilsiz nümunələrini yaratmışdır.

Prof. C.Abdullayev “Səməd Vuğunun poetikası” monoq­ra­fi­ya­sında şairin qoşmalarından danışarkən onun bu formalı şeir­lərində “Vurğunun nikbin və hərarətli lirikasının xalq poe­ziyası ilə uyuşaraq bir “zümrüd quşu kimi adamın qəlbini oxşamağını”, “bu qoşmalarda ictimai-siyasi motivlərin, dövrün aktual məsələlərinin bədii əksini tapdığını, onlarda vətən­pər­vərlik, qəhrəmanlıq, müba­rizəyə, əməyə, həyata çağırış və s. motivlər” olduğunu yazır.

Qoşma S.Rüstəmin də yaradıcılığında ən çox istifadə olu­nan lirik janrlardandır. Hətta deyə bilərik ki, qoşma S.Rüstəm lirikasında bir növ sabitləşmiş formadır. S.Rüstəm qoşmaya yeni məzmun, yeni ideya keyfiyyəti aşılayıb, onu siyasi lirik şeir janrı səviyyəsinə qaldırıb. Vətənpərvərlik, qəhrəmanlıq motivləri S.Rüs­təm qoşmalarının xüsusiyyətidir. Buna uyğun olaraq şairin qoşmaları üslub və intonasiya cəhətdən də yeni və təravətlidir. Lirik-publisist intonasiya, coşğun siyasi və emo­sional təfəkkür bu qoşmaların aydın, bariz üslubi məziy­yətidir. Qoşmanın bu poetik özünəməxsusluğunu biz S.Rüstəmin məşhur Cənub şeirlərində, o cümlədən “Deyilmi?”, “Gəlir”, “Ağladı”, “Vüsal həsrəti”, “Dinlə” kimi qoşmalarında görə bilərik.

Şairlərimizin qoşmalarına xas sadəlik və səmimiyyət onları klassik aşıq qoşmalarına yaxınlaşdırır. Məsələn, M.Ara­zın “Əl­vi­da, dağlar” şeiri təkcə formaca deyil, səmi­mi­liyinə görə də klassik qoşmaların bir çox məziyyətlərini özündə da­şıyır. Burada vəznlə bərabər, şeirin kökləndiyi ritmin özü folklordan yoğrulmuşdur:


Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal.


Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə,

Ey qaragöz pəri, dalımca sən də,

Boylan, salamat qal, bax, salamat qal.


Gəldim qarşıladı güllər, çiçəklər,

Gedirəm əl edir, boz biçənəklər.

Nidamı çaylara dedi küləklər,

Bulaq, salamat qal, ax, salamat qal.


Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən-

Çoban, salamat qal, sağ-salamat qal.


Aşıq poeziyasının janr sistemində tərbiyəvi-didaktik məz­mun ifadə edən xüsusi şeir vardır. Ona ustadnamə deyirlər. Atalar sözünü xatırladan ustadnamələr ibrətli, müdrik nəsi­hət­lər ifadə edir, dinləyiciyə ibrətamiz fikirlər aşılayır. Əlbəttə, us­tad­namələr əlahiddə şeir forması sayıla bilməz. Bunlar əsasən qoşma kimi qafiyələnsələr də, didaktik məzmuna görə ustad­namə adlanır. Ustadnamələr məzmuna uyğun olaraq dastanın əvvəlində ifaçı tərəfindən söylənilir.

Aşıqların ənənəyə görə, xalq dastanlarının əvvəlində söylə­dikləri ustadnamələrin bir çox ünsürləri yazılı poeziyamıza da sirayət edibdir. Bu, daha çox poema janrında özünü göstərir. Bu cəhətdən bir sıra poemaların əvvəlində verilən proloqların das­tanlarımızdakı ustadnamələri xatırlatdığını iqrar edə bilərik. Çünki dastanların əvvəlində üç ustadnamə söyləmək ənənəsi vardır. B.Vahabzadənin “İztirabın sonu”, “Yollar-oğullar”, “416”, “Etiraf”, “Şəbi-hicran” poemalarının proloqları öz poe­tik xarakteri cəhətdən ustadnamənin müəyyən ünsürlərini daşıyırlar.


Adam var, yanında olsan bir qədər,

Tamam unudular dərdin, məlalın.

Adam var, bir kəlmə danışsa əgər,

Dəymişin durmuşkən tökülər kalın.


Adam var, tor qurar, danışar yalan,

Utanmaz, gözünü gözünə dikər.

Adam var, yanında yalan danışsan,

Sənin əvəzinə xəcalət çəkər.

(“İztirabın sonu” poemasının proloqundan)
Bəzən də didaktik məzmun daşıyan elə müstəqil şeirlərə rast gəlmək olur ki, bunlar nəsihət xarakterli şeirlərin sonradan aşıqların ustadnaməsinə çevrildiyini aydınlaşdırır. Şah İsmayıl Xətainin “Kərəm eylə” rədifli gəraylısının aşıqların ustadna­mə­sinə çevrilməsi buna yaxşı misaldır. Müasir şeirimizdə də belə nümunələr vardır. Xalq şairi S.Rüstəmin “Duz-çörəyi itirmə”, “Oğul”, “Ey qızım” kimi nəsihətamiz şeirləri bir tərəfdən klas­sik­lərin yaradıcılığında rast gəldiyimiz övlada öyüd for­masını xatırladırsa, digər tərəfdən də müəyyən mənada xalq poeziya­mızdakı ustadnamələri yada salır.

Göründüyü kimi, müasir dövrün Azərbaycan poeziyası aşıq şeirinin zəngin imkanlarından faydalanmış və buna görə onun aşıq şeiri ilə əlaqəsi çoxcəhətli olmuşdur. Bu əlaqə yalnız forma ilə məhdudlaşmır. Burada aşıq şeirinin ifadə üsulu və tərzi də müəyyən rol oynayır. Aşıq şeiri üçün səciyyəvi sayılan ayrı-ayrı ifadələrdən şairlərimizin özünəməxsus ustalıqla istifadə etmələri də bunu təsdiq edir. Məlumdur ki, “Dedim-dedi” forması xalq şeirində və bunun təsiri ilə klassik şeirimizdə dəfələrlə işlən­miş­dir. Xalq ədəbiyyatında, aşıq şeirində bu ifadə tərzinin özünə­məx­sus fərdi çalarları vardır.

Azərbaycan şairləri bu formadan da ustalıqla istifadə edə bilmişlər. Xalq şairi S.Vurğun özünün “Gülə-gülə”, “Partizan Babaş” kimi şeirlərində bu poetik formaya müraciət etmişdir.
Dedim: “Ay qız, nədir adın?”

Dedi: “Mənəm, gözün aydın”.

Dedim: “Bizə dost olaydın”,

Dönüb baxdı gülə-gülə.


N.Həsənzadənin yaradıcılığında da bu forma yeni poetik biçimlə tətbiq olunmuşdur. Şairin “dedim-dedi”lərini xalq poe­ziyasından fərqləndirən cəhət onun hər misrada “dedim-dedi”ni təkrar etməsidir:
Dedim: mən sevirəm, dedi: sevginən,

Dedim: qoşa gəzək, dedi: tələsmə.

Dedim: bağ içidi, dedi: seyr elə,

Dedim: bir gül üzək, dedi: tələsmə.


Dastanlarımızda, aşıq deyişmələrində, xalq poeziyasına xas olan digər xüsusiyyət iki aşığın deyişməsi zamanı deyilən “aldı görək nə dedi” ifadəsidir. Yeri gəlmişkən qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında “Söyləmə” zamanı “Görəyin dəxi nə söylədi” ibarəsindən istifadə yolları çoxdur. Xalq poe­tikasından gələn bu ifadə neçə-neçə sənətkarın şeirində işlən­miş, əsərin poetik sığalını daha cilalı göstərmişdir:

Aldı görək,

nə söyləyir

kövrək ürək

qırxdan sonra.

Topa-topa buludum, hey,

Dağ havası - bir udum, hey,

Bir gülüm hey, bir odum hey,

qırxdan sonra…

(Ramiz Məmmədzadə)


Müasir poeziyamızın dilində işlənən “hey”, “ay haray” ni­dası “Dədə Qorqud”, “Koroğlu” poetikasından süzülüb gəlir.
Axır əcəl gəldi, yetdi hay, haray…

Çəkdiyim qovğalar bitdi, hay, haray…

Tüfəng çıxdı, mərdlik getdi, hay, haray…

Mənmi qocalmışam, ya zəmanəmi?

(“Koroğlu” dastanından)
Nümunə gətirdiyimiz şeirlərə xas sadəlik və səmimiyyəti eyni zamanda xalq şeiri poetikasının təsiri ilə izah etməliyik. Şairlərin müraciət etdikləri folklor deyim tərzi (“Döşə hey”, “buludum hey”, “bir udum hey”), müasir və xalq şeiri poeti­ka­sının qarşılıqlı əlaqəsini izah etmək baxımından maraqlıdır.

Azərbaycan poeziyasının xalq şeiri ilə əlaqələri, əlbəttə, bu deyilənlərlə məhdudlaşmır. Bu əlaqələr əslində geniş və əhatəli bir mövzudur. Biz burada onun ancaq bəzi cəhətlərinə toxuna bildik, xalq şeiri poetikasından istifadə nəticəsində müasir poe­ziyanın mənimsədiyi keyfiyyətləri göstərməyə çalışdıq. Bu de­yilənlər, şübhəsiz, Azərbaycan şeirinin inki­şa­fında, milli xüsu­siy­yətlərinin kamilləşməsində xalq şeiri ənə­nələrinin, aşıq poeziyası poetikasının rolunu tam izah etmir, ancaq bu müşahidələr belə bir həqiqəti təsdiqləyir ki, xalqın bədii və estetik təfəkkürü həqiqi bəşəri poeziyanın bitib-tükən­məyən qaynağıdır.



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin