BƏXTİYAR VAHABZADƏNİN ŞAİR
HALİSTİN KUKULA MƏKTUBLARI
“Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim”.
Əhməd Şmide
B.Vahabzadənin 70 illik yubileyi münasibətilə yazdığım bir məqalədə onun yaradıcılığına münasibətimi aşağıdakı şəkildə ifadə etmişəm: “B.Vahabzadənin hər bir əsəri əks-səda doğurmuş, şıdırğı bir sürətlə oxucular arasında yayılmışdır. Çünki bu poeziya Azərbaycan adlı Ananın halal südündən, isti nəfəsindən yoğrulmuş müdrik poeziyadır” (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 140).
B.Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi anlayış, onun xalqımızın milli varlığını, milli-mənəvi dəyərlərini, dilini, tarixini əks etdirən ədəbi, elmi-publisistik yazıları, poeziyasındakı fəlsəfə dünyanın bir çox siyasətçilərinin, elm, ədəbiyyat xadimlərinin fikrini məşğul etmiş, haqqında fikir söyləməyə vadar etmişdir.
Azərbaycanda və onun hüdudlarından kənarda yaşayanlar, onun yaradıcılığını izləyənlər B.Vahabzadə haqqında bir-birindən maraqlı fikirlər söyləmişlər.
Türk dünyasının böyük qələm ustası Çingiz Aytmatov yazırdı: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan” (Ç.Aytmatov. “Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh.189).
Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir” adlandırmış, prof. Dursun Yıldırım onu “Azərbaycan türklərinin olduğu qədər müasir dünya türklərinin də böyük şeir ustadı” hesab etmiş, prof. Əhməd Bican Ercilasunun “Vahabzadə bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vicdanıdır” konsepsiyası, onun şeirini “insanın içində yanan bir atəşə” bənzədən Əli Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bülənd Bakilərin “Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazil nə isə Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan yeni Azərbaycan Cümhuriyyətinin yaradılmasında onun haykıran yaradıcılığının mühüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının ictimai-bədii və siyasi məziyyətlərini göz qabağına gətirməkdədir.
B.Vahabzadə haqqında yazılanlar, deyilənlər böyük bir tədqiqata möhtacdır. Biz bu yazımızda türk dünyasının milli düşüncələrini, türk dünyasına, o cümlədən Azərbaycan türklərinə böyük məhəbbətini şeir və yazılarında ifadə edən Samsunlu şair Halistin Kukul və Bəxtiyar Vahabzadə münasibətlərindəki mülahizələrimizi ifadə etməyə, onların məktub və düşüncələrini əlimizdə olan məktub və yazılara istinad etməklə şərh etməyə çalışdıq.
Vaxtilə Türkiyənin On Doqquz Mayıs Universitetinin fransız dili müəllimi indi təqaüdə ayrılmış, elmi-publisistik yazıları, şeir və nəsr əsərləri ilə tanınan Halistin Kukul Sovetlər Birliyinin dağılması ərəfəsində türk dünyasına, Azərbaycana münasibətini ifadə edən “Salam” şeirində türk dünyasına olan həsrətini ürək yanğısı ilə belə ifadə edirdi:
Salam sənə, ey xorlanan Türk eli,
Salam sənə, Türk deyilən sevgili,
Dədəm Qorqud, Yunus Əmrə, Nəsimi,
Həsrətiniz könlümdə buram-buram,
Salamün əleyküm, əleyküm salam.
Qırğız, Qazax, Özbək, Türkmən, Azəri,
Türk atanın cövhərindən, cövhəri,
Görünməli bu gecənin səhəri,
Duysun bizə bütün cahan ehtiram,
Salamün əleyküm, əleyküm salam.
Halistin Kukul 1992-ci ildə yazdığı “Qarabağ acıları” şeirində Qarabağda ermənilərin törətdikləri vəhşilikləri “Yaban ellər aldı yavrularımı”, “qırdılar o canım cavanlarımı”, “əm, ey qara torpaq acılarımı” şəklində ifadə edərək Sovetlər Birliyindən qopan türk dünyasının zəncirlərini qırdığını alqışlayır, lakin Azərbaycanın bir parçası Qarabağın düşmən tapdağından xilası üçün Allaha dualar edərək yazırdı:
Cümlə aləm bilir Qarabağ bizim,
Zəncirləri qırdıq, yeni çağ bizim,
Yamyaşıl vadilər, qarlı dağ bizim,
Qəbul eylə Rəbbim, dualarımı…
Türk milli düşüncəsi ilə yaşayan şair Halistin Kukul, şübhəsiz ki, türk dünyasına səs salmış Azərbaycan şairi B.Vahabzadənin yaradıcılığından xəbərdar idi. Şairin özü ilə ilk dəfə 1992-ci ildə görüşməsini isə Halistin bəy “Vahabzadəni dinlərkən” adlı məqaləsində belə ifadə edirdi: “Şeirlərini illərdir zövq və həyəcanla oxuduğum Azərbaycan şairi Bəxtiyar Vahabzadə ilə “Türk Dünyası Yazarlar Qurultayı”nda çox məsud və həyəcanlı bir halda qarşılaşdıq. Onunla görüşüm təxminən on iki dəqiqə çəkdi. 70 il deyil, sanki min illik həsrətlilər kimi görüşdük. Onu professor Məhmət Kaplanın “Türk Ədəbiyyatı” dərgisində yayınlanan “Pırlanta kimi bir şeir” məqaləsi ilə daha çox sevdiyimi söyləyincə, “Rəhmətlik Məhmət Kaplan başqaydı. O, çox möhtərəmdi” - dedi. “Mənim bu yazımda məqsədim B.Vahabzadənin bu Qurultayda etdiyi məruzə və bu məruzədə onun davranışıdır. Çəkilən bunca cəfaya, bu vüsal günündə yenilərinin əlavəsini istəmir. Etidal, təmkin və sürət istəyir. Laf deyil, iş istəyir. Mum deyil, günəş istəyir. Öz ifadələrilə “Yumruq kimi birləşmək istəyir” (Bax: “Türk Ədəbiyyatı” jurnalı, dekabr 1992, səh. 42).
Halistin Kukul “Bəxtiyar Vahabzadə Ağabəimə” epiqrafı ilə yazdığı “Yumruq kimi birləşməli” şeirində
Eyni dağın gülləriyik,
Tomur-tomur dərləşməli.
Dərdləri də, sevinci də,
Həp birlikdə üləşməli!
Düz edib qarlı dağları,
Aşıb üstündən çağları,
Yandıraraq çıraqları,
İztirabları deşməli!
Dün və bu gün, həm də yarın,
Gözü doymaz canavarın,
Bizə tələ quranların,
Çuxurlarını eşməli.
Çox az qaldı, yol qısaldı,
Qaf dağımı? Bir masaldı,
Bəxtiyar bir haray saldı,
“Yumruq kimi birləşməli!”
1990-cı illərdə B.Vahabzadənin Türkiyədə bir neçə kitabı, o cümlədən “Sonbahar düşüncələri”, “Ürəkdədir sözün kökü”, “Gün var min aya dəyər”, “Yücəlikdə tənhalıq”, “Tavşana kaç, tazıya tut”, “Açılan sabahlara salam”, “Nerəyə gediyor bu dünya”, “Şehitlər” kitabları yayınlandı.
Bu sətirlərin müəllifi o illərdə (1992-1998) şair Halistin Kukulun müəllimlik etdiyi Samsun On Doqquz Mayıs Universitetində professor kimi fəaliyyət göstərirdi. B.Vahabzadənin Türkiyədə çap olunmuş kitablarının necə sürətlə yayılıb-oxunduğunun mən də şahidi olmuşam. 1993-cü ildə B.Vahabzadə mənə və Halistin bəyə məktub göndərmişdi. Halistin bəyə yazdığı məktubu ona çatdırmağımı xahiş edirdi. Bəxtiyar müəllim yazırdı: “Hörmətli Maarifə xanım. Sizə telefonla dediyim, M.Halistin Kukula yazdığım məktubu ona çatdırmağınızı xahiş edirəm.
Mən sizdən xahiş edirəm, tapşırdığım işlərin taleyi barədə mənə yazasınız. Ələlxüsus Fırat Kızıltuqla telefonla danışa bildinizmi?
Diynət Vakfı mənim yeni kitabımı nəşr etmişdir (“Ürəkdədir sözün kökü”). Ondan da nümunə üçün sizə bir nüsxə göndərirəm.
Müfəssəl məktubunu gözləyirəm. Məndən oradakı dostların hamısına salam söyləyin.
Hörmətlə: B.Vahabzadə. 4.03.1993”.
Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayınlanan, demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qəzet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” kitabındakı “Örümçək ağ bağladı” (“Hörümçək tor bağladı”) şeirini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örümçək ağ bağladı” şeirinin təhlili” adlı məqaləsində yazırdı: “Örümçək ağ bağladı” insanı hədəf alan və bütün cəhətləri ilə bir cəmiyyəti çökdürmək istəyən bir diktatorluq rejiminə qarşı baş qaldırış və üsyandır.
…Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi məsələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziyyətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq lazımdır. Budur 70 illik ponorama”.
Sonrakı məqalələrimin birində yenə bu şeir üzərində təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya Kamal, Nevcip Fazılın ümumi fikir anlayışlarının təməlində din (islamiyyət), milli tarix (türk tarixi) və dil (türkcə) ən mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə 1968-ci ildə yazdığı “Örümçək ağ bağladı” adlı şeirində bu üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin hafizəsi yoxdur (“Erciyes”, 2010, mart, səh. 1).
H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qürub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gursəsli, üfüqlü, alim-şairi adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qürub düşüncələri”ni oxusunlar (bax: “Türk ədəbiyyatı” jurnalı, 1986, sayı 276, ekim, səh. 48-49).
Halistin bəy “Bəxtiyar Vahabzadənin türkcə sevdası” (“Türk ədəbiyyatı”, 2004, iyul) “Vahabzadə eşqi” (“Erciyes” jurnalı 2007, iyun), “Gün var min aya dəyər” (“Türk ədəbiyyatı”, 1993, fevral), “Bəxtiyar Vahabzadənin “Allahü-Əkbər” şeirinin təhlili” (“Erciyes” 2001, mart), Bəxtiyar Vahabzadənin “Haqqı yox” şeiri haqqında” (“Erciyes” 2008, oktyabr), “Yücəlikdə tənhalıq kitabı haqqında” (“Çağrı” jurnalı, 2004, dekabr) məqalələrində ustad B.Vahabzadənin sənət dünyasına girdiyi gündən Azərbaycan üçün haykıran milli şair olduğunu dönə-dönə qeyd edir.
2009-cu ilin 13 fevralında Azərbaycanın böyük şairi və alimi, siyasətçisi B.Vahabzadənin dünyasını dəyişməsindən sonra Halistin Kukul şairin ölüm xəbərindən sarsılmış “Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin ardından” (“Erciyes”, 2009, aprel), “Bəxtiyar Vahabzadəsiz dörd il” (“Çağrı” dərgisi, 2013, fevral) məqalələri ilə B.Vahabzadənin əziz xatirəsini yad edirdi.
Mən 2013-cü ilin oktyabr ayında Samsunda bir simpoziumda iştirak edirdim. Simpoziumda Halistin Kukul da çox maraqlı bir mövzuda məruzə etdi. Biz köhnə tanışlar kimi görüşdük, səmimi söhbət etdik. Şübhəsiz ki, B.Vahabzadə söhbətimizdə birinci yerdə idi. Halistin bəy B.Vahabzadənin ona yazdığı məktubların kopyasını mənə verdi, «lazım olar” dedi. “Əlbəttə, dedim, bunlar tarix üçün çox önəmlidir”.
Şair Halistin Kukula Bəxtiyar Vahabzadənin yazdığı ona qədər məktubdan məlum olur ki, onların arasında əqidə dostluğu, qardaşlıq və milli düşüncə sevgisi birinci yerdədir.
Məktubların bir qismində B.Vahabzadə çox böyük təvazökarlıqla Halistin bəyin onun haqqında yazdığı məqalələrə görə ona təşəkkür edir, yazılara münasibət bildirirdi.
B.Vahabzadənin şair Halistin Kukula yazdığı məktubların ikisinin foto-şəklini verməyi lazım bildim. Bu məktublardan biri B.Vahabzadənin öz xətti ilə yazılmışdır, makinada yazılmış digər məktubda isə şairin imzası vardır.
YENƏ ŞƏHRİYAR*
Ürəyimdən xəbər alsan: -Necə keçdi ömrün?
Göz yaşımla yazacaq: - Mən günüm ağlar keçdi.
M.Şəhriyar
O taylı-bu taylı Azərbaycanın XX əsrdə yetişdirdiyi ustad şair Məmmədhüseyn Şəhriyar (1906-1988), o Şəhriyar ki, onun haqqında “Əvvəli sultani-eşq, axırı ustadi-şeir Şəhriyar” deyə ədəbi nəticəyə gəlinmişdir.
XX əsr farsdilli və azərbaycandilli İran poeziyasının qüdrətli qələm ustası M.Şəhriyar farsdilli İran şeirinin ən mükəmməl nümunələri ilə bərabər, “Türkün dili tək sevgili, istəkli dil olmaz” deyərək ana dilində yazdığı şeirləri ilə Azərbaycan dilli poeziyanın ən xəlqi, ən milli nümunələrini də yaratmışdır. “Elinin dərdini farsicə də söyləyən dili” olsa belə yenə də
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı- kənd içrə məsəldir – mitil olmaz –
deyərək ana dilinin üstünlüyünü, gözəlliyini bər-bəzəkli xan yorğanına bənzətmişdir.
XX əsr fars şeirini, bütövlükdə İran ədəbiyyatını yeni pilləyə qaldırmış Şəhriyar yaradıcılığı Orta Asiya, Türkiyə, Qafqaz, Pakistan, Əfqanıstan, Hindistan və b. ölkələrdə ədəbi prosesə ciddi təsir etmiş, saysız-hesabsız insanlar onun saf şeir çeşməsindən faydalanmış, mənəvi zövq almışlar.
İranın dini lideri Ayətullah Xomneyi “Şəhriyar İran tarixinin bütöv dövrlərinin ən böyük şairlərindəndir. “Heydərbabaya salam” poeması onun böyüklüyünün göstəricisidir. Şəhriyarın şeirlərinin bütün gözəllikləri bu poemada görünməkdədir” – deyərək Şəhriyar yaradıcılığına münasibətini bildirmişdir.
--------------------------------
* 2006-cı ildə Təbrizdə Şəhriyarın yubiley tədbirlərində iştirak etdiyim günlərin birində əziz Şəhriyarın qəbrini ziyarət etmək mənə də nəsib oldu.
Əsas mayası canlı xalq dili, xalq mənəviyyatı, xalqın milli-mənəvi dəyərləri olan “Heydərbabaya salam” mənzuməsi sözün tam mənasında folklordan, xalqın əsrlərin süzgəcindən keçmiş canlı ünsiyyət dilindən yaradıcı şəkildə bəhrələnməyin ən parlaq nümunəsi, Şəhriyar yaradıcılığının təkamülü, möcüzəsidir. Bu mənada Şəhriyarın anadilli şeirləri üçün ona “Heydərbaba şairi” deyənlər haqlıdırlar.
“Heydərbabaya salam” poemasının yazılmasından sonra Şimali Azərbaycanda daha çox tanınan və sevilən Məmmədhüseyn Şəhriyar ədəbi ictimaiyyətin daha çox diqqət mərkəzinə çevrilməyə başladı. “Dərya elədim” şeirində özünün ifadə etdiyi kimi bir çeşmə olan türkcəni dərya eləmiş və ümid edir ki, bu çeşmə okean olacaq:
Türkinin canını almışdı həyasız tağut,
Mən həyat aldım ona, haqq üçün əhya elədim.
…Bax ki, “Heydərbaba” əfsanətək olmuş bir Qaf,
Mən kiçik bir dağı sərmənzili-ənqa elədim.
…Nə tək İranda vəlvələ salmış qələmim,
Bax ki, Türkiyədə, Qafqazda nə qövğa elədim.
…Aci dillərdə şirin türki olurdu hənzəl,
Mən şirin dillərə qatdım onu həlva elədim.
…Hər nə qalmış keçənlərdən ona bal pətəyi,
Əridib mumlu balın, şəhdi-müsəvva elədim.
(“Divani-türki”. Bakı, 1993, səh. 210-211)
Şəhriyarın ana dilində yazdığı şeirlərin, o cümlədən “Heydərbabaya salam” poemasının Azərbaycanda yayınlanmasından bu günə qədər onun yaradıcılığına olan sonsuz sevgim bu ali qələm ustasının dilinə, dininə, torpağına bağlı insanın haqqında bir neçə məqaləmin ərsəyə gəlməsinə səbəb olmuşdur. 1964-cü ildə şairin Azərbaycanda nəşr olunan “Heydərbabaya salam” poemasından və bir müdət sonra Şəhriyarın öz səsi ilə “Heydərbabaya salam”ın kasetdə yazılan və əldən-ələ, evdən-evə gəzən dəfələrlə dinləyib göz yaşı tökdüyüm səsindən sonra mən “Heydərbaba şairi” adlı məqalə yazdım və bu məqaləni 1984-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən yayınlanan “Müdriklik çeşməsi” kitabıma daxil etdim. 1988-1990-cı ildə Azərbaycan televiziyasında Şəhriyar haqqında hazırlanan bir verilişdə onun haqqında danışıb səsinin də verilişdə səsləndirilməsi şərəfinə nail oldum. 1994-cü ildə Türkiyənin On Doqquz Mayıs Universitetində müəllifi olduğum “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyində Şəhriyarın da həyat və yaradıcılığına ayrıca fəsil ayırdım.
Onun ana dilli poeziyası, bu poeziyadakı folklor qaynaqlarına olan marağım “Heydərbabaya salam” poemasında folklor ünsürləri”, “Heydərbabaya salam” mənzuməsində təbiət”, “Məmmədhüseyn Şəhriyarın türkdilli şeirlərində folklor motivləri” kimi məqalələr yazmağıma səbəb oldu. Bu sonuncu məqaləm İranda “Varlıq” dərgisində və başqa dərgilərdə yayınlandı.
2006-cı ildə İranda Tehran və Təbriz şəhərlərində Şəhriyarın anadan olmasının yüz illiyi münasibətilə keçirilən Beynəlxalq yubiley tədbirlərində Azərbaycandan İrana gedən 17 nəfərin içərisində mən də məruzə ilə çıxış etmək şərəfinə nail oldum. Bu tədbirdə ulu Şəhriyarın səsi yazılan bir kaset də yubiley iştirakçılarına hədiyyə edildi.
10 il boyunca Şəhriyarın müxtəlif məqamlarda səsi yazılmış bu gözəl ərməğanı dinləməyim məni “Yenə Şəhriyar” adlı məqalə yazmağa vadar etdi. Şəhriyar haqqında öz səsindən eşitdiyim həqiqətlər haqqında doğru fikirlər söyləməyə səbəb oldu.
Şəhriyarın öz səsi ilə dediyindən aydın olur ki, o şəmsi təqvimi ilə 1386-cı ildə, hicri-qəməri təqvimi ilə 1325-ci ildə (yəni 1906-cıildə) Təbrizin Çay qırağında Seyid İsmayıl Musəvinin ailəsində dünyaya gəlib. Atası mükəmməl təhsil almış bir vəkil və xəttat imiş. Özünün ifadə etdiyi kimi, Azərbaycanda (Cənubi Azərbaycanda – M.H.) olan iki mükəmməl vəkildən biri onun atası Hacı Mirzə Qədir Xoşginabi və ikincisi Molla Qədirdir.
Ulu babalarının İraqdan Nəcəfə gəldiklərini, özlərinin Seyid İmam Rza nəslindən olduğunu deyir. Anadan olduğu il Səttar xan illərinə təsadüf edir. O, qundaqda imiş. Evləri səngərə yaxın olduğu üçün oradan getməyi məsləhət bilmişlər. Atası ailəsini hadisələrdən qorumaq üçün Kəvköşənə – öz doğma yerləri Xoşginaba, Heydərbaba dağının ətəklərinə köçürür.
Şəhriyar:
Mənim ilham ilə qonuşub dil-dodağım,
Qurana, Hafizə burda açılıb dil-dodağım.
Burda kəşf oldu ki, Həqdən nə kəramət olacaq,
Neçə şətrənc ki, şahlar hamısı mat olacaq- deyir.
6 yaşından əlifbanı öyrəndiyini, İranda Səttar xan inqilabı yatırıldıqdan, məşrutə şölələri söndürüldükdən sonra kənddən Təbrizə köçdüklərini söyləyir. Təbrizdə onu fransızca öyrənmək üçün bir fransız dili müəlliminə tapşırırlar. Fransız dilini və nəstəliq xəttini öyrənir. Aşağıdakı beyti də o zaman yazır:
Ruqiyyə bacı, başımın tacı,
Əti at itə, mənə ver kətə.
Altı yaşından əlifbanı öyrənib, Quranı və Hafizi oxuyan Şəhriyar etiraf edir ki, sonra ona çox şeylər adi gəlirdi.
Təbrizə onun yaşadığı evə böyük şairlər gəlirdi. Özü Həbib Sahir, Mirzə Əbdülqasim Şiva kimi gənc şairlərlə dostluq edirdi. Məşrutə şairi Mir Əbdül Qazinin Mirağa adlı bir oğlu olduğunu, “Onun bir səsi var idi ki, dünyada belə şey olmaz” deyən Şəhriyar şair Qazinin “Ayaqdan düşmüşəm, saqi, əlimdən tut, ayaq eylə” şeirini və “Yazıq İranlılar” şeirindəki
Nə şahdan çarə var biz millətə, ya rəbbi, nə məclisdən,
Bizə hər kim yar olsa, ona Allah pənah olsun –
misralarını söylərkən səsi titrəyən Şəhriyar şair İqbal Azərin münacatını, gurultulu zənguləsini xatırlayaraq belə bir Təbriz mühitində böyüdüyünü söyləyir.
Özünün də dediyi kimi, şeirlərini o zaman “Behcat” təxəllüsü ilə yazırmış.
Adı Məmmədhüseyn olan şair “Şəhriyar” təxəllüsünü Hafizdən hədiyyə aldığını söyləyir. Deyir ki, 2 dəfə çərx açdıq, “Şəhriyar” gəldi. “Dedilər, bu təxəllüsü dərbaridən almalısan. Dedim ki, bunu mənə Hafiz verib. Dörd il bu imza ilə şeir yazdım, amma Şəhriyar adını dilə gətirmədim. Sonra imzam bilindi. O Şəhriyarlar getdi, indi məruf Şəhriyar mənəm”- deyir.
14 yaşında ailəsi ilə Tehrana gələn Şəhriyar tibb mədrəsəsinə daxil olur, üçillik təhsildən sonra Universitetə daxil olub tibb təhsilini başa vurur. Bir eşq macərası üzündən dostlarından ayrı düşməyə məcbur olan Şəhriyarın şeirlərinin “Behcətabad xatirəsi” dövrü başlayır. Şəhriyarın sevgilisi ilə evlənən Rza şahın əmisi oğlu Çıraqəli xan Pəhləvi (Əmir Əkrəm) Şəhriyarı Tehrandan çıxmağa məcbur edir (bu barədə bax: “Divani-Türki”. Bakı, s. 86). Şəhriyarı zindana atırlar və o, Xorasana getməyə məcbur olur. 6 il sürən Xorasan həyatı dövründə atasını itirir, başı çox bəlalar çəkən Şəhriyar ailəni dolandırmaq məcburiyyətində qalır.
Bir müddət sonra Tehrana dönən şair fars ədəbiyyatının qızıl səhifələri olan, bütün İranı ovsunlayan əsərlərini yazır.
Özünün dediyi kimi, o dövrdə onun ana dili ilə o qədər ünsiyyəti yox idi. Deyir ki, dilimizi əvvəldən açmağa qoymadılar. Tehrana gələndə anası deyəndən sonra ana dilində bir şeir yazır. Anası həmişə Seyid Əzim Şirvaninin qəzəlindən aşağıdakı iki beyti zümzümə edirmiş:
Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Yapışım dəmənüvə mən də kəlisayə gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim eylə, mən məzhəbi-İsayə gəlim.
(Bu barədə bax: “Divani-türki”, səh. 90).
O zaman Şəhriyar Seyid Əzimin qəzəlinin hamısını tapa bilmədiyi üçün anasının zümzümə etdiyi o iki beytə nəzirə olaraq “Getmə, tərsa balası” adlı qəzəlini yazır. Qəzəlin bir neçə beyti belədir:
…Mən cəhənnəmdə də baş yastığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qarnında da sənlə əkiz olsaydım əgər,
İstəməzdim doğulub bir də bu dünyayə gəlim.
…Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.
Yox, sənəm, anlamadım, anlamadım,
Buraxıb məscidimi, sənlə kəmkayə gəlim?
(“Divani-türkü”, səh. 90-91).
Eşq macərasından uzun illər keçdikdən sonra o, Əzizə Əbdülxaliki adlı bir müəllimə ilə evlənir. Bu evlilikdən onun Məryəm və Şəhrzad adlı iki qızı, Hadi adlı bir oğlu dünyaya gəlir. O, Əzizə xanıma yazdığı “Əzizəcan”, “Əzizə”, “Yar qasidi”, “Bəlalı baş”, “Toy yas ol” kimi şeirlərində sevgisini, ona olan sədaqətini
“Eşqimin bülbülü səni tutmuş,
Hər nə dünyada gül var, atmışdı”-
şəklində ifadə edirdi. Şairi rahatladan ailə həyatı da onun üzünə gülmür. Əzizə xanım 40 yaşına çatmadan dünyasını dəyişir. O zaman Şəhriyarın 67 yaşı vardı. “Əzizə” adlı şeirində
Qırxa sən yetmədin, cavan getdin,
Mən gedəydim ki, yeddim altmışdı – deyir.
(“Divani-türkü”, səh. 152).
“Yar qasidi” şeirində isə ağrı-acını bir mərsiyəyə çevirir:
…Sən yatalı, mən gözümə,
“Ulduzları say” – demişəm.
…Səndən sonra mən həyata,
Şirindisə, zay demişəm.
Sənin güntək batmağıvı,
Ay batana tay demişəm.
İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyuvu yada salıb,
Mən dəli “nay-nay” demişəm.
Sonra yenə yasa batıb,
Ağları hay-hay demişəm.
Ömrə sürən mən qərəgün,
Ax demişəm, vay demişəm.
(“Divani-türkü”, səh. 153-154).
Əzizə xanımın vəfatından sonra qız övladlarını da itirən Şəhriyar “Bir uşaqlıqda xoş oldum, o da yel kimi qaçdı” deyib ömrünün başıbəlalı günlərini yaşayır. Özü də deyir ki, hər bir şah əsərimi yazarkən əvəzində sevimli istəklilərimi itirmişəm. “Heydərbaba” anamı əlimdən aldı, “Səhəndiyyə” Əzizəni. Arvadım öldü, qızlarım bu dünyadan köçdü. Qocalıq məni kor quş kimi qəfəsə salıb.
Bir müddət Tehranda yaşayan Məmmədhüseyn Şəhriyar Tehrandan ayrılıb doğma Təbrizə köçür:
Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,
Qaçmışam Təbrizə qoy yaxşıyla, yaman bəllənsin –
deyir və bir də Tehrana Səhəndin ölümündə gəlir. “Mən Therandan incimişdim, Səhənd məni buraya gətirdi” deyir.
Təbrizə köç edən ustad Şəhriyar burada bir çox şah əsərlərini, qəzəllərini yazır. Alim və şair dostları xaric, ata yurdu Təbrizdəki evinin qapısını özünün ifadə etdiyi kimi, “Allahdan qeyri-hamıya bağlayır. Təbrizdə “Heydərbabaya salam” poemasının II hissəsini ayrı ruh, ayrı əhval-ruhiyyə və ayrı bəyanatlarla yazır. O, bir daha Heydərbabaya gedərək kənddə kənd uşaqlarının yerini boş, buradakı o əski bildiyi insanların gedər-gəlməz yollara getdiyini görür, köhnə xatirələr çözələnib dil açır: “Ahılları yetmiş kəfən çürüdən, cahillərini dünya qəmi kiridən” Heydərbabaya mürəciətlə:
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib baş götürüb gəlmişdim.
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş –
deyir.
İki hissədən ibarət olan “Heydərbabaya salam” poeması bütövlükdə o qədər sadə, əsil, nəcib bir Azərbaycan dilində yazılmışdır ki, Şəhriyarın özü etiraf edir ki, onu fars dilinə tərcümə etmək mümkün olmur. Şəhriyar onu da qeyd edir ki, fars şairləri onu oxumaq üçün Azərbaycan dilini öyrənməyə çalışırdılar. Ömrünün təxminən son qırx ilini Təbrizdə yaşayan Şəhriyar Arazın o tayı olan Şimali Azərbaycan şairləri ilə şeirləşərək Azərbaycan dilində yazdığı şeirləri ilə “Həsrət ədəbiyyatı”nı yazmağa başlayır.
Şəhriyarın səsi olan diskdə Cənubi Azərbaycanın böyük milli şairi Səhəndə Azərbaycan dilində həsr etdiyi “Səhəndiyyə” poemasını da oxuyar və Səhəndə müraciətlə:
Dərdimiz sanma ki, bir Təbrizü Tehrandır, əzizim,
Ya ki, biz türkə cəhənnəm olan İrandır, əzizim.
…Amma məndən sarı sən arxayın ol, şanlı Sədəndim,
Dəli ceyranlı Cəhəndim.
Mən daha ərşi-əla kölgəsitək başda tacım var,
Əldə Firona qənim bir ağacım var.
…Başda sınmaz sipərim, əldə kütəlməz qılıncım var –
deyir və Azərbaycan haqqında “Bizim iftixarımız budur ki, azərbaycanlıyıq. Azərbaycan milləti ölməzdir. Ölməz bir millətin məgər qabağını ala bilərlər? 50 il qabağını aldılar. Yenə şişdi, “Heydərbaba”, “Səhəndiyyə” kimi nəhənglər yaratdı. Bunlar məhv olmaz. Mən İranı mülki-Azərbaycan bilirəm. Şah İsmayıl İranı məmləkət eyləyib verdi xalqına. Azərbaycan olmasaydı, İran olmazdı. Azərbaycan olmasaydı, İranda Məşruyə olmazdı. Azərbaycan olmasaydı, İranda dini-islam olmazdı. İran bir peykərdir, bu peykərin kəlləsi, başı Azərbaycandır. Səttar xan kim idi? Azərbaycanlıların əzizi, rəşidi, sərdarı. “Heç zaman istəməzdim ki, daxili inqilab düşsün”.
Danışıqlarından ayrı-ayrı alınmış bu fikirlər Şəhriyarın milli ruhunu ifadə etməkdədir.
Şəhriyarın II diskdən ibarət olan və aparıcının ifadə etdiyi kimi 10 il ərzində qeydə alınmış hər iki diskdə şairin öz səsi ilə oxuduğu “Heydərbabaya salam”, “Səhəndiyyə”, “Azan səsi”, “Getmə, tərsa qızı”, “Demişəm”, “Eyləmisən”, “Yeri boş” şeirlərini Şəhriyar səlis ana dilində söyləmişdir. Bu kasset “Ömrümün axırıdı, qoy səs qalsın” deyərək ürəyindən keçənləri söyləyən şairin tarixi bir səs yadigarıdır.
1988-ci ildə dünyasını dəyişən Məmmədhüseyn Şəhriyar öz vəsiyyətinə görə Təbrizin Surxab məhəlləsində “Məqbəreyi-Şüara” qəbiristanlığında dəfn edilmişdir.
Dostları ilə paylaş: |