Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   2   3   4   5   6   7   8   9   ...   22

GENERAL QRAF QUDOVİÇİN QAFQAZ 
TORPAĞINDA SƏRDARLIĞI VƏ 
BU DÖVRDƏKİ HADİSƏLƏR BARƏSİNDƏ 
 
General qraf Qudoviç 1222 (1806)-ci il iyun ayında Gürcüstanın sərdarı, 
general Bulqakov isə Qafqazda ordu başçısı təyin olundu. 
Qraf Tiflisə  gəldikdən sonra Türkiyə sultanı ilə müharibəyə başladı. Çoxlu 
(hazırlıq) hərbi ləvazimat, qoşunla Axalkalaki tərəfə yollandı. General Bulqakov 
isə Bakını  və Qubanı tutmaq üçün Dağıstanın cənubuna hərəkət etdi və  həmin 
yerləri öz əlinə aldı. General-mayor Qlazian Dərbəndi zəbt etdi, sonra qoşununu 
götürüb Qarabağa getdi. Yerlilərlə vuruşaraq onları  məğlub etdi, əhalini öz 
itaətinə gətirdi. General-mayor Nesvetayev Gömrü tərəfinə canişin təyin olundu. 
O zaman Axalsixi hakimi Xümşizadə  Səlim paşa bu xəbəri eşidib olduqca 
qorxuya və təşvişə düşdü. 
O, müzəffər rus qoşunlarının zərbələrini dəf edərək, Axalkalakini mühafizə 
etmək üçün oraya qoşun göndərdi. Cənab qraf atlı qoşunları ilə heç yerdə 
dayanmadan və heç yerdə yubanmadan ayın axırlarında Axalkalaki açıqlığına 
gəlib orada çadırlar qurdurdu. O, böyük qələbə  həvəsilə qalanı dörd tərəfdən 
mühasirəyə aldı, qalanın içərisinə girmək üçün nərdivanlar hazırladı, bir həftədən 
sonra sübhə iki saat qalmış şəhərə yürüş etdi və günortaya yaxın müharibə odunu 
alovlandırdı, lakin murad güzgüsündə fəth və zəfərin surəti görünmədi. Orada bir 
neçə gün qaldıqdan sonra o biri gün Gürcüstana qayıtdı. 
Qraf Tiflisə gəldikdən sonra eşitdi ki, Yusif paşa ordu başçısı təyin edilib və 
müharibə etmək niyyətilə Karsa gəlmişdir. 1222 (1807)-ci il iyunun 18-də sərdar 
müharibəyə hazırlıq görüb Gömrünün yaxınlığında - Arpaçayın kənarında - indi 
Aleksandropol adlanan yerdə  hər iki tərəfin qoşunu bir-birinə rast gəldi. Çayın 
hər iki tərəfində dava başlandı. Atılan top və tüfənglər getdikcə döyüş meydanını 
kiçiltdi, bir azdan sonra türklərin qoşunu məğlub olub qaçmağa üz qoydu. 
Türklərdən saysız qənimət və çoxlu toplar ələ  gətirdilər. Sərdar məqsədə 
çatmamış Tiflisə gəldi. 1808-ci il qışın şiddətli vaxtında lazımi tədarük görərək 
öz zəfər bayrağı ilə  İrəvan tərəfə  hərəkət etdi. Əvvəl qızılbaş qoşunu ilə 
Qarababada dava edib, onu 
 
  
 64

məğlub etdi. Ondan sonra İrəvana gəlib oranı mühasirəyə aldı və bir azdan sonra 
şəhərə yürüş etdi, amma bir iş görə bilmədi. Bu çəkişmədə çoxlu adam həlak 
oldu. Nəhayət, İrəvanı tutmaqda aciz qaldı. Məqsədə yetişmədən geriyə dönmə 
təbilini vurdurub, yenidən Tiflisə gəldi. 
 
SÜVARİ GENERALI TORMASOVUN 
QAFQAZDA SƏRDARLIĞI VƏ 
ONUN DÖVRÜNDƏKİ HADİSƏLƏR 
 
1224 (1809)-cü ildə Rusiyanın dövlət başçıları  və  rəisləri tərəfındən süvari 
generalı Tormasov Gürcüstanın sərdarlığına təyin olundu, qraf Qudoviç isə 
Rusiyaya geri çağırıldı. Sərdar Tormasov türklərlə barışıb, çox vaxtlar 
qızılbaşlarla vuruşurdu. O zaman qızılbaşlar Rusiya dövlətinin başçılarını hiylə 
ilə sakit etdilər. 1224 (1809)-cü ildə Məhəmmədəli Mirzə Borçalını çapıb qarət 
etməyə göndərildi. Qızılbaş  sərbazları borçalılara böyük zərər vurub, saysız-
hesabsız qarət  ələ  gətirdilər. Haman ildə  İrəvan sərdarı  Ağa Hüseyn xanı 
valizadələrlə birlikdə Axalsixidən Gürcüstana keçirmək, yenidən fıtnəkarlığı işə 
salmaq məqsədilə onları Gürcüstana göndərdi. Tormasov işdən xəbərdar olan 
kimi Şəmkirdən keçib Sədra körpüsündə dayandı və general-leytenant Pauluççi 
və general Lisaneviçə qoşun verib Ağa Hüseyn xanın müqabilinə - Axalsixiyə 
göndərdi. Bu generallar müzəffər  əsgərləri ilə yola düşdülər. Gecəyarısı zil 
qaranlıqdan istifadə edərək qəflətən qızılbaşlara hücum edib həddən artıq qətl və 
qarət etdilər. Qızılbaşların çoxunu öldürdülər. Qalanlar isə özlərini çox çətinliklə 
fəlakət uçurumundan qurtardılar. Piyadalardan bir hissəsi öz yurdlarına qayıtdı. 
Yolda osmanlı qoşunları onların çoxunu soydu. Çılpaq, ürəkləri, ciyərləri yanmış 
qızılbaşlar çox əzab-əziyyətdən sonra özlərini  İran sərhədinə yetirdilər. Ağa 
Hüseyn xan bu məğlubiyyətdən sonra Qızılbaş dövlətindən utanıb qorxuya düşdü 
və Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu inandırıb öz yerinə 
gətirdilər. Həmin il noyabr ayında general-mayor knyaz Orbeliani osmanlı 
əsgərlərini dağıdıb, onun ürəyinə yatan Budi qalasını tutdu. 
 
  
 65

1225(1810)-ci il yanvar ayında həmin qalanı  məzkur Orbelianinin ixtiyarına 
verdilər. Həmin ildə bütün Gürcüstan İmeretiya vilayətləri ilə bir yerdə Rus 
dövlətinə tabe olub, bac verməyə başladı. 
Orbeliani 1226 (181l)-cı ildə  İmeretiyada divanxana qoyub, buranı 
İmeretinski oblastı adlandırdı. Bu işlərdən sonra general Tomasov Gürcüstan 
sərdarlığına general-leytenant markiz Pauluççini təyin etdi. Özü isə Rusiyaya 
qayıtdı. 
 
QAFQAZ HÜDUDUNDA (VİLAYƏTİNDƏ) 
GENERAL-LEYTENANT MARKİZ PAULUÇÇİNİN 
SƏRDARLIĞI VƏ BU DÖVRDƏ OLAN 
HADİSƏLƏRİN ƏHƏMİYYƏTİ 
 
1226(181 l)-cı il sentyabr ayında cənab general-leytenant markiz Pauluççi 
Gürcüstan sərdarlığına təyin olub Tiflisə  gəldi, polkovnik Kotlyarevski isə 
Axalkələyə təyin olundu. Polkovnik dekabr ayında Axalkələyə yürüş edib oranı 
tutdu. Beləliklə, oranın  əhalisi də Rusiya dövlətinin təbəəliyinə keçdi. General 
markiz Bakıya getmək üçün lazımi qədər qoşunla Gəncə vilayətinə yollandı. 
Cavad xanın dustaq edilmiş arvad-uşağını və digər bir neçə qızılbaş xanlarını 
dustaqdan azad edib Bakıya gəldi. Bu əsnada Kaxetiya və  Qısıq  əhli üsyana 
qalxıb, inad göstərdi və itaət eləmək istəmədi. General-mayor Semyonoviç 
Kaxetiya üsyanını yatırıb, camaatı özünə tabe etdi. Belə bir vəziyyətdə, yəni 
1227 (1812)-ci ildə qarabağlı  İbrahim xanın nəvəsi Cəfərqulu ağa qızılbaşların 
yanına qaçmışdı. Naibüssəltənə Abbas Mirzə  gəlib Qırcıda olan batalyonu 
darmadağın etdi. Bu məsələ belədir: Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu ağa 
və  əmisi Mehdiqulu xanla bəzi səbəblərə görə yaxşı  rəftar etmirdi, onların 
arasında kin və ədavət var idi. Buna görə də Mehdiqulu xanın təhriki və işarəsi 
ilə dövlət başçıları onu Tiflisdən Rusiyaya çağırdılar. Tərtər körpüsündən 
keçərkən, o, faytonla çaydan keçməkdən qorxduğunu bildirib, gözətçi başçısı 
zabitdən çaydan keçmək üçün ona bir at verilməsini xahiş etdi. Bu bəhanə ilə ata 
minib oradan qaçdı və öz adamlarından toplayıb qızılbaşlar tərəfə keçdi. Abbas 
Mirzə öz qoşunu ilə Araz kənarında olan Aslandüzdə dayanmışdı. Abbas Mirzə 
həmin ilin qışında top və sərbaz götürüb Mehdiqulu xanın üzərinə hücum etdi. 
Mehdiqulu xan da Qırcıda olan türk- 
 
  
 66

mənləri və başqa elləri özünə tabe etmək üçün bir batalyon əsgər götürüb oraya 
gəldi. İki gün gecəbəgündüz aralarında şiddətli vuruşma oldu. Qızılbaşlardan bir 
çoxu tələf edildi. 
Müsəlman tayfalarının arvad-uşaqları rus qoşununun içərisinə daxil olduqdan 
sonra onların arasında nizam-intizam pozuldu. Bu ellərin  əhalisinin bir hissəsi 
rus qoşunlarının önündə, digər bir hissəsi isə arxasında gedirdi. Beləliklə, bu 
ellərin köçləri tamamilə dağıldı, onlardan bir hissəsi çarəsiz qalıb aman istədi və 
bir çoxu da qırıldı. 
Mehdiqulu xan oradan qaçıb Şuşa qalasına gəldi və Cəfərqulu ağa da öz tayfa 
və adamlarından bir çoxunu oradan köçürtdü. Bunların hamısını  həmin ilin 
qışında qızılbaşlar tərəfinə apardı, özü də gedib orada qaldı. Bir ildən sonra 
barışdılar və yenə oradan qayıdıb Qarabağa gəldi. General markiz bu xəbəri 
eşidəndən sonra Bakıdan  Şirvana qayıdıb Mustafa xanın yanına getdi. Markiz 
Pauluççi Qırcıda olan hadisəni eşidəndən sonra Şirvandan Qarabağa yola düşdü 
və oradan da Şuşa qalasına gəldi. General markiz Pauluççi Qırcıda əmələ gəlmiş 
vəziyyətə görə  əsəbiləşib bəzi adamlara qəzəbi tutur. O zaman gürcülərin 
Kaxetdə olan üsyanı barəsində arvadından məktub alır. Ona görə  də  tələsik 
Tiflisə yola düşür. Sərdar Qazax tayfasından ehtiyat edirdi. Bununla belə 
qazaxlılar yolda onun qarşısına çıxıb böyük ehtiramla Tiflisə apardılar. Bu dəfə 
gürcüləri açıqca dönə-dönə soyub qarət etdilər. 
Bu zaman, yəni 1227 (1812)-ci ildə fransızların Rusiyaya gəlməsi xəbəri xalq 
arasında danışılırdı
1*
. Bu vaxt general markiz də sərdarlıqdan əl çəkib Rusiyaya 
getdi. 
 
GENERAL-LEYTENANT RTİŞŞEVİN SƏRDARLIĞI, 
QAFQAZDA QIZILBAŞLARLA SÜLH ETMƏSİ 
 
1227 (1812)-ci ilin fevralında general-leytenant Rtişşev Qafqaz və Gürcüstan 
sərdarlığına təyin olub Tiflisə  gəldi. Bu yerlərdə  işləri qanun-qaydaya salmağa 
başladı. Həmin ilin oktyabrında Ağzıpara adı ilə  məşhur olan general-mayor 
Kotlyarevski gecə  Ağoğlandan Aslandüzə Abbas Mirzənin üzərinə hücuma 
keçib, onun qoşununu dağıtdı. 
 
 
 
 
 
                                                 
*
 
1
 Söhbət fransızlara qarşı 1812-ci il Vətən müharibəsindən gedir. 
 
 67

Bu işin təfsili belədir: həmin general şam vaxtı bir batalyon qaniçən qoşunla 
Qazax atlılarından və bir dəstə Qarabağın igidlərindən ekspedisiya düzəldib 
Ağoğlandan, Muradxan adlı bir adamın bələdçiliyi və  çıraq işığı ilə Arazdan 
keçib, Abbas Mirzənin ordusunun üzərinə hücum etdi. Gün çıxan vaxt ona 
yetişdi, top səslərini eşidən qızılbaşlar yuxudan sərsəm oyandılar. Çadır və 
orduya lazım olan şeyləri atıb, Aslandüz təpəsində tikdikləri qalaya tərəf getdilər. 
General ordugahı tutub burada qaldı. 
İkinci gecə Aslandüz qalasının üzərinə yürüş etdilər. Səhərə yaxın  əsgərlər 
hər iki tərəfdən qalanın üzərinə hücuma keçdilər. Gecənin qaranlığından istifadə 
edərək rus əsgərləri bir yaylım atəşi açıb öz yerlərində durdular. Qızılbaş 
əsgərləri rus əsgərlərinin qalada olmalarını  zənn edərək öz adamlarını 
tanımadıqlarından səhərə kimi bir-birlərini qırırdılar. O gecə hamısı başlı-başına, 
dağınıq halda qaladan çıxdı. Bunlardan çoxu ruslara əsir oldu və bir çoxu da 
öldürüldü. Abbas Mirzə qaçan vaxt bir xəndəyin içinə, ölənlərin nəşələri arasına 
düşdü. Bir nəfər qabaqda gedən cilovdardan birisi Abbas Mirzəni görüb, 
ölənlərdən birinin atını ona yetirdi. Abbas Mirzə xəndəkdən çıxıb ata mindi və 
Təbrizə qaçdı. General Kotlyarevski fəth və  zəfərlə çoxlu qəniməti  ələ keçirib 
Qarabağa gəldi. Bir müddət orada qaldı. General həmin il qışın şiddətli vaxtında, 
yəni 1228 (1813)-ci ilin yanvarında yenə qoşun götürüb Lənkəran və Talış tərəfə 
üz tutdu. Həmin ilin qışı olduqca şiddətliydi və  dənizin suyu hər tərəfdə çoxlu 
qalın buz bağlamışdı. General qorxusuz-hürküsüz Şuşa qalasından çıxıb Ərkvan 
qalasının üzərinə yürüş etdi. Bu arada böyük vuruşma və davalar oldu. Həm 
soyuqdan və həm də vuruşmadan hərçənd çoxlu adamlar tələf olub, general özü 
də bir neçə yerdən yaralandısa da, bununla belə qalanı  və Talış mahalının xan 
oturan yerlərini zəbt edib öz ixtiyarına keçirtdi. Bundan sonra oradan geri 
qayıtdı. 1229 (1813)-cu ilin oktyabrında general Rtişşev qızılbaşlarla sülhə 
başladı. Sülh barəsində danışıqlar üçün İran tərəfindən Mirzə  Əbdülhəsən xan 
gəldi. Burada əhali ilə danışıq aparıb “Gülüstan” adlı sülhün binasını qoydular. 
Fitnə və iğtişaşla dolu dünya bir az aramlıq tapdı. Bir neçə vaxtdan sonra general 
Rtişşevi xaric edib onun yerinə Yermolovu sərdar təyin etdilər. 
  
 68

GENERAL-LEYTENANT YERMOLOVUN 
SƏRDARLIĞI VƏ QIZILBAŞLARLA SÜLHÜ 
 
1232 (1816)-ci ilin oktyabrında cənab general-leytenant Yermolov Qafqaz 
dairəsinə  və Gürcüstan sərdarlığına təyin olunub Tiflisə  gəldi. Buranın işlərini 
qaydaya saldıqdan sonra 1233 (1817)-cü ilin aprelində hazırlıq görüb bir neçə 
inanılmış generallarla Sultaniyyəyə getdi, burada Fətəli  şah və  Qızılbaş dövlət 
başçıları ilə görüşdü. Rtişşevin sülh sazişi imperatorun arzusu və onun mübarək 
rəyi üzrə imzalanmışdı. Yəni Qaplanguhu sərhəd təyin etmişdilər, amma 
Yermolov işin  əhəmiyyətini nəzərə alaraq, Araz çayını  sərhəd təyin edib, geri 
qayıtdı  və vilayətlərin nizam və intizam işlərinə başladı. Bütün işləri özünün 
tərtib etdiyi plan və nizam üzrə qurdu. Bəzi yerlərdə yerli şəraitə görə yeni 
qanunlar qoydu. Bu dövrdə Qarabağ  və  Şirvanın aşağıda göstərilən xanlarını 
qızılbaşların yanına çağırdı. 1238 (1822)-ci ildə  əvvəlcə Mustafa xan, 1239 
(1823)-cu ildə Mehdiqulu xan qızılbaşların tərəfinə keçdilər. Şəki xanı da həmin 
il vəfat etdi. Bu üç xanın vilayətləri Rusiya dövlətinin idarəsi altına keçdi. Cənab 
Yermolov bu vilayətlərdə divanxanalar açıb, komendantlar təyin etdi. 
Dairə  rəislərinin iqamətgahı Qarabağ xanlarının mərkəzi  Şuşa qalası idi. 
İşlərin icrası Yermolovun özünün tərtib etdiyi qanun üzrə olurdu. 
O, 1238 (1822)-ci ildə bütün görülən işləri toplayıb, hamısını  dəftərə qeyd 
etdirdi. Cənabi Yermolov 1235 (1819)-ci ildə Dağıstan tərəfə hərəkət edib orada 
böyük vuruşlara girişərək, böyük fəthlərə nail oldu. Neçə il Dağıstanda arası 
kəsilmədən müharibələr etdi. Bunların hamısı geniş surətdə ayrıca bir kitabda 
qeyd edilmişdir. 
1241 (1825)-ci ildə  Şirvan və Qarabağ xanları qaçandan sonra Kumık 
ölkəsinin hakim və qazısı Surxay xan öz oğlu Nuhxan və nəvəsi Məhəmmədxan 
ilə Dağıstandan qaçıb qızılbaşların yanına getdilər. Bu neçə ildə  qızılbaşlarla 
sülh dövrü olduğu üçün heç bir yerdə dostluğun ziddinə hadisə üz vermirdi. 
Cənab Yermolov vilayətlərin işlərini yaxşılıqla və düşüncə ilə aparırdı. Eləcə də 
general-mayor knyaz Mədətov dairə rəisi kimi Talış mahalında qərar tutmuşdu. 
Mədətovun rəşadəti, igidliyi, cəsarəti və  şücaəti hər yerdə məşhur idi. Dinc 
yaşayış, səmimiyyət, dostluq, birlik hər iki dövlət arasında mövcud idi. Həmişə 
Mədətovla Qızılbaş dövlətinin başçıları arasındakı yazışmalar dostluğun 
artmasına səbəb olurdu. 
 
  
 69

GENERAL MƏDƏTOVUN 
ABBAS MİRZƏ İLƏ GÖRÜŞMƏSİ 
 
Cənab general Mədətov çox məğrur, alicənab bir şəxs idi. Böyük adamların 
hamısı ilə özünü bir əqidə və bir fıkirdə bilirdi. Vəliəhd şahzadə Abbas Mirzə o 
zaman qış  fəslində  gəzmək və  şikara çıxmaq məqsədilə Muğana, Araz çayının 
kənarına gəlmişdi. General Mədətov bu dövlətin başçılarının izin və icazəsi ilə 
şahzadə ilə görüşmək arzusunu bildirdi. Buna görə  də öz ölkəsinin məşhur 
bəylərindən, Qazax atlılarından bir neçəsini götürüb Xudafərin körpüsünün o 
tayına, Abbas Mirzənin yanına getdi. Şahzadə Abbas Mirzə  Mədətovun 
barəsində lazım olan ehtiramı  və izzəti göstərdi. General Mədətov  şahzadənin 
ordusunun içərisində rus adətilə atəşfəşanlıq və bayram keçirilmək üçün ona 
icazə verilməsini xahiş etdi. Abbas Mirzənin icazəsilə yaxşı atəşfəşanlıq 
tədarükü görüldü. Bir gecə elə atəşfəşanlıq göstərdilər ki, Abbas Mirzə ordusu 
atlarının çoxu cilovlarını qırıb ordu içərisinə qaçdılar. Sübhə kimi çox adamlar 
öz atlarını tapa bilmədilər. Qızılbaşlar bu atəşfəşanlığa, onun ustalıqla 
düzəlməsinə, təşkil edənlərinə heyrət edib afərin dedilər. Bir dəfə  Mədətov 
şahzadə ilə olan söhbət və danışıq zamanında ona demişdi: “Siz gərək Göyçə və 
Sədərəkdən  əl çəkib bizim ixtiyarımıza verəsiniz ki, Tiflis və Gürcüstan 
xalqlarının otlaq yerləri geniş olsun”. Şahzadə Abbas Mirzə  Mədətovun belə 
cəsarət və ədəb qaydalarına riayət etməməsinə təəccüb edərək qəzəblənir. İkinci 
gün general Mədətovun dayısı Bidrus bəy şahzadənin yanına gedir. 
Şahzadə Abbas Mirzə ona şikayət edib deyir: 
- Sənin bu bacıoğlun çox cahildir. Heç sözünə həd və ölçü bilmir, o bir nəfər 
generaldır, Rusiya şahının onun kimi minlərlə generalı var, heç kəsin bu cür 
söhbətlər eləməyə ixtiyarı yoxdur. Şah babam Tehranda, rus padşahı da 
Peterburqda oturmuşdur. Ancaq onlar belə sərhəd və vilayətlər barəsində danışıb 
bir-birinə bağışlaya bilərlər. Mənə  və ona bu cür söhbətlərdən danışmaq 
yaraşmaz. Siz ki qoca və böyüksünüz, ona nəsihət ediniz. Burada yaxşı demişlər: 
“Elə ki cavanın cavanlığı cuşa gəldi, təqsir qocadadır ki, onu aram etməyir”. 
Bidrus bəy o saat cavabında deyir: 
- Cavanın cavanlığı cuşa gələndə qocanın məsləhəti onun qulağına girməz. 
Abbas Mirzə Bidrus bəyin bu hazırcavablığından xoşu gəlib onu tərif etdi. 
 
  
 70

QIZILBAŞLARLA RUSLAR ARASINDAKI 
SÜLHÜN POZULMASI, ABBAS MİRZƏNİN 
QARABAĞDA MƏĞLUB OLMASI 
 
Qızılbaşlarla ruslar arasında olan sülhün müddəti on bir ildən bir az əskik 
çəkdi. Bu neçə ilin müddətində əhali və İran qoşunu asudə, rahat yaşayırdı, heç 
bir güclü düşmən, güclü qoşun tərəfindən bir hadisə üz vermirdi. Ölkə içərisində 
kiçik toqquşma və ya iğtişaş baş verdikdə onu bir dəstə qoşunla sakit etmək 
mümkün olurdu. Abbas Mirzə özünü qüdrətli, istedadlı, mətanətli və qürurlu 
hesab etdiyi üçün və bir də digər səbəblərə görə Rusiya ilə sülh və dostluğun əsa-
sını pozdu. Dostluğunu yüksək Rus dövləti ilə vuruşma və dava ilə  əvəz etdi. 
Bunun birinci səbəbi ingilislərin hər il İrana müntəzəm olaraq top, tüfəng və 
başqa hərbi ləvazimat verməsi idi. 
İngilislərin bunda əsas məqsədi rusların qurudan ingilis torpaqlarına olan 
yolunun qarşısını almaq idi. Fətəli  şahın böyük oğlu və onun vəliəhdi olan 
naibüssəltənə Abbas Mirzə  tədricən Azərbaycan vilayətində ingilis hərbi 
mütəxəssisi vasitəsilə qoşun üçün əsgər və topçu hazırlamağa başladı.  İngilis 
dövləti həmin illərdə osmanlı, türkmən və qeyriləri ilə bir neçə vuruşmalarda 
oldu və həmişə onlara qalib gəldi. İranlılar belə xəyal etdilər ki, ruslarla olacaq 
müharibə həmin ordular arasındakı müharibələr kimi keçəcəkdir. Bəzi cahillərin 
başına ruslarla müharibə etmək düşdü. Lakin onu bilmirdilər ki, pişik siçan 
tutanda şirdir, pələnglə vuruşanda isə özü bir siçandır. 
İkinci səbəb: neçə ildir ki, Göyçə  və  Sədərək sərhədləri barəsində bu iki 
dövlət arasında danışıqlar və mübahisələr gedirdi. Hər iki tərəf heç bir razılığa 
gəlməyib fürsət gözləyirdi. 
Üçüncü səbəb: Mollalar Dağıstan vilayətində  şəriət və din adından tüğyan 
edərək müqəddəs dini müharibəyə çağırırdılar. Hiylə  və fitnəkarlıqla məşğul 
idilər. Rus qoşunlarının sərkərdələri ilə dağıstanlılar arasında ixtilaf əmələ gəldi. 
Bu məqsədlə də mollalar və müctəhidlər müqəddəs müharibə və cihad haqqında 
kitablar yazıb onu şirin sözlər ilə  təbliğ edirdilər. Ətabətdə yaşayan Ağa Seyid 
Əli müctəhid Fətəli şaha belə bir məktub yazır: “Ruslarla olan müharibəni dini 
və müqəddəs müharibə hesab etmək olar. Mənə yuxuda xəbər veriblər ki,filan 
ayda fəth və qələbə sizinlədir. Əgər qoşunlarınız bu vaxt Rusiya üzərinə hücum 
edərsə, qalibiyyət sizinlə olacaqdır”. 
 
  
 71

Xalq arasında belə bir danışıq gedirdi: “Ağa deyib ki, rusların top gülləsini əl ilə 
tutub onların üzərinə geri atacağam”. Bəllidir ki, xalq da bu kimi sözlərə tez 
inanırdı... 
Dördüncü səbəb: Gürcüstan valizadəsi Aleksandr Mirzə neçə il idi ki, 
Gürcüstandan gedib İran dövlətinin çörəyini yeyirdi. Xanlardan bir dəstəsi 
şirvanlı Mustafa, qarabağlı Mehdiqulu xan, gəncəli Uğurlu xan Ziyadoğlu və 
şəkili Səlim xanın oğlanları böyük rus dövlətindən üz çevirib İran məmləkətinə 
getmişdilər. Bunların hər birisi yenidən öz vilayətlərinə sahib olmaq üçün fürsət 
gözləyirdi. Fətəli  şah müharibəyə hazırlaşdığı üçün 1242 (1826)-ci ildə  oğlu 
vəliəhd Abbas Mirzəni Tehrana çağırıb məsələni ona dedi və onu ruslarla 
müharibəyə göndərdi. Abbas Mirzə də atasının əmrini yerinə yetirərək dava və 
müharibəyə lazım olan qoşun və  hərbi ləvazimat toplamaq məqsədilə 
Azərbaycana gəldi. Bu şəraitdə Rusiya şahı böyük imperator əlahəzrət Birinci 
Aleksandr Pavloviç vəfat etdi. Onun şahlıq taxtını  əlahəzrət imperator Nikolay 
Pavloviç tutdu. Bu dəyişiklik hər  şeydən artıq dostluq əlaqəsinin kəsilməsi və 
sülh müqavilənaməsinin pozulmasına bəhanə oldu. Vəliəhd Abbas Mirzə dövlət 
başçılarını və inanılmış işbilən adamlarını çağırıb onlarla müşavirə etdi. Dövlət 
başçılarının bəziləri işin axırını pis görərək, ruslarla müharibəyə girişməmək və 
şahı müharibə  əzmindən uzaqlaşdırmaq istəyirdilər. Buna görə  də müharibəyə 
tərəfdar olmayanlar çox anlaqlı  və adlı-sanlı, söz söyləməkdə  məşhur olan 
xəzinəçi Heydərəli xanı Tehrandan pul gətirmək bəhanəsilə və hərbə lazım olan 
şeyləri tədarük etmək məqsədilə Tehrana yola saldılar. 
Bu niyyətlə ki, şahın yanına gedib onu iradə və əzmdən döndərsin. Heydərəli 
xan Tehrana gələndən sonra şahın hüzuruna getdi. Şahla danışan zaman şah 
ondan qoşunun vəziyyətini soruşdu. Heydərəli xan dedi: “Şahənşahın  əmrinə 
görə  vəliəhd ruslarla dava etmək məqsədilə qoşun və  hərbə lazım olan 
ləvazimatın toplanması ilə  məşğul olub ürəkdən  şahın buyruqlarını yerinə 
yetirməkdədir. Yaxşı olardı ki, müharibə elan edilməyəydi. Müharibənin olması 
bir növ xəyanət kimi səslənərdi. Hərgah qibleyi-aləm icazə verərsə, ona bir neçə 
kəlmə deməyə sözüm var”. Şah icazə verdikdən sonra o belə deyir: “Hərçənd 
indi  şahın zəfər qoşununun qabağında heç kəsdə müqavimət üçün qüvvə 
tapılmaz. Müzəffər qoşun hər tərəfə hücum edərsə, fəth və  zəfər su kimi axar, 
qarşıda fəth və qalibiyyət aydın görünər. Heç kəs  əlahəzrətin qüvvəsinin 
qabağında dura bilməz. 
 
  
 72

“Özgəyə  xəyanət etmiş adam özünə  xəyanət etmiş olur”. Lakin sülh 
müqavilənaməsinin Rusiya ilə belə bir vaxtda pozulmasının gələcəyi xoş deyil. 
Dövlət üçün də yaxşı olmaz, çünki rus dövləti qədim bir dövlətdir, davada 
möhkəm olduğu kimi, dostluğu da möhkəm və yumşaqdır, heç kəsin adətilə, 
dinilə, məzhəbilə  işi yoxdur. Heç kəsə  əziyyət və  əzab vermək üçün onu təqib 
etmir. Məxsusən bu vəziyyətdə sülhü pozmaq üçün heç vaxt dostluğa zidd 
hərəkətlər onlardan baş verməmişdir.  Şahları  vəfat etmiş  və yeni şah yerində 
əyləşmişdir. Bu vəziyyəti nəzərə almalıyıq və bundan vaxtın tələbinə görə  iş 
görməliyik, əgər belə bir zamanda bizdən onlara qarşı dostluq münasibətinə zidd 
bir iş baş verərsə, xalq bunu vaxtsız və müvəffəqiyyətsiz bir əməl hesab edər. Bu 
isə  şahlıq məfkurəsinə  və adətinə zidd olan bir qaydadır”. Fətəli  şah bu sözü 
eşidən kimi haman saat özündən çıxıb qəzəbləndi. 
Kiçik oğlu Qoçəli xan həmişə  əlində qaşdaşla bəzənmiş  qılıncla atasının 
yanında durardı. Şah öz rəyinin əksinə məsləhət verən, ona xain çıxan Heydərəli 
xanın boynunu vurmağı oğluna əmr etdi. 
Böyüklər bu barədə belə demişlər: “Sultanın rəyinin ziddinə  rəy demək, öz 
qanınla öz əlini yumaq deməkdir”. 
Qoçəli xan Heydərəli xanın boynunu vurmaq istərkən  şah tamahkar 
olduğundan onu öldürməyə qoymayıb dedi: 
- Əgər Heydərəli xan ölümdən xilas olmaq istəsə, öz qanı bahasını verib xilas 
ola bilər. 
Heydərəli xan şahın xasiyyətinə bələd idi, bilirdi ki, çox pulgirdir. Ona görə 
də  əvvəlcədən yüz dənə  əşrəfi hazırlamışdı. Cəld onları  şaha rüşvət verib azad 
oldu. Ondan sonra Heydərəli xan şahın arzusuna və meylinə müvafiq söhbətə 
başlayıb dedi: “Hər cür siz məsləhət görsəniz düzü də odur, qüsursuzu da. İkinci 
dəfə vəliəhd Abbas Mirzəyə fərman verildi ki, şahın rəyinə və əmrinə əsasən tez-
liklə  sərbaz, atlı, top və  zənburəkxanadan ibarət qoşun hazırlayıb Qarabağa 
ruslarla dava etmək məqsədilə yola düşsün. Fərmanda qeyd edilmişdi: “Bu illər 
müddətində bizim sülh müqavilənaməsində bir çox səhvlər olmuşdur. Bu fasilə 
zamanında biz bir çox ölkələri tuta bilərdik, Qafqaz sərhədinə kimi fəth edə 
bilərdik”. 
 
F ə r d: 
 
Əqlimizin sözünə baxdıqda bir şey əldə etmədik. 
Hanı o eşq ki, biz onun vasitəsilə şah olaq. 
 
  
 73

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin