Şəhidlər ağasına doğru hidayəti
Seyid Əli Şücayi
Bizim gənclik çağımız birlikdə keçdi. O vaxt İbrahim
bazarda işləyirdi, axşamlar da bir yerdə məscidə gedirdik.
Bir gün ona dedim: "İbrahim, görürsən məhəlləmizin
gənclərindən nə qədəri fəsada qurşanıb?! Çoxu araq içir və
əxlaqsız işlər görür". İbrahim başı ilə təsdiqləyib dedi:
"Gəl belə bir iş görək: bir heyət yaradıb uşaqları bir yerə
toplayaq".
Başqa bir neçə nəfərlə də danışdı və heyəti yaratdı. İlk
məclislər çərşənbə axşamı günləri onların Təcəlla
küçəsindəki evlərində keçirildi.
Orada iç-içə iki otaqdan və kiçik həyətdən ibarət bir
evləri var idi. Atası qapının ağzında oturub çay hazırlayır,
heyət uşaqlarına xidmət edirdi. Bir nəfər dini söhbət
edirdi, sonra da İbrahimlə mən oxumağa başlayırdıq. O
vaxt İbrahimin yaşı az olsa da, məddahlığı yaxşı idi.
Əvvəlcə özü bəzi şeirlər oxuyub ağlayırdı. Onun halı
heyətin digər üzvlərinə də təsir edirdi.
Məclisdən sonra İbrahim dostlara şam hazırlayırdı.
Yavaş-yavaş əxlaqsız yola düşmüş bəzi gənclər həmin
məclislərə gəlməyə başladılar.
Üç aydan sonra ona "Mehdiçi gənclər heyəti" adını
qoyduq. İştirakçıların artdığına görə daha İbrahimgilin evi
bəs eləmirdi. Artıq qırx sabit üzvümüz vardı.
Heyətin məclisləri növbə ilə dostların evlərində
keçirilirdi. Hamı İbrahimi heyətin böyüyü kimi qəbul
edirdi. Dini söhbət eləməyə adam tapmayanda İbrahimin
özü İmam Hüseynlə (ə) dostluq barədə danışırdı.
29
Heyətin məclisləri çox təsirli oldu. Məhəllədəki
dostlarımızın çoxu idmana və işə həvəsləndilər. İbrahim
onların vaxtını doldurmağa çalışırdı. Yadımdadır, həmin
günlərdə onların bir qismilə Məşhədə getdik. Mən o
səfərdə İbrahimi daha yaxından tanıdım. O, məqbərədə
bizə ziyarətnamə oxuyurdu. Bir dəfə dönüb gördüm ki,
ağlamaqdan bütün üzü islanıb. İmam Rzanın (ə)
məqbərəsində onun Əhli-beytə hədsiz eşqinə şahid oldum.
İllər ötdü, İslam inqilabı qələbə çaldı və İbrahimin
yaratdığı heyət məhəllənin məşhur heyətlərindən biri ilə
birləşdi. Bu heyətin indi də həftəlik məclisləri keçirilir. O
zaman əxlaqsız işlərə qurşanmaq ərəfəsində olan, ancaq
Allahın köməyi və İbrahimin vasitəsi ilə təhlükədən
qurtulanların çoxu sonralar məhəlləmizin aparıcı
möminlərindən oldular. Onların bir neçəsi müqəddəs
müdafiə dövründə şəhadətə qovuşdu.
İbrahim şəhid oldu, amma məhəllədə yadigar qoyduğu
heyət yaşadı.
Müqəddəs müdafiə günlərində bir dəfə İbrahimi yuxuda
gördüm. Gözəl bir bağda idi, bəzi dostları da yanında.
Yaxınlaşıb salam verdim. Heyətdə çəkdiyi zəhmətlərin
qarşılığında nə aldığını soruşmaq istəyəndə özü dilləndi:
"Seyid Əli, şəhid olub yerə yıxılan anda İmam Hüseyn (ə)
gəlib məni qucaqladı".
|