Səlahəddin Xəlilov



Yüklə 2,76 Mb.
səhifə10/51
tarix26.12.2023
ölçüsü2,76 Mb.
#197525
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
242 jmw0lzyycp.....

Ayrıca bir skripkaçı özü özü­nü idarə edir, orkes­tri idarə et­mək üçün isə d­i­ri­jor lazımdır.
K.Marks

Elm ümumbəşəri hadisədir. Yəni hər millətin öz elmi olmur. Habelə hansı isə bir ölkənin, trans­milli şirkətin elmi ola bilməz. Çünki onun hərə­kət­ve­rici qüvvəsi yalnız milli iqtisadi və ya siyasi amil­lərdən asılı olmayıb, həm də və daha çox dərəcədə insanın ma­hiy­yəti, onun şəxsi intellektual ehtiyacları ilə bağlıdır.


Digər tərəfdən, elm ictimai sistemdir; ayrı-ayrı adamlar fərdi və ya qrup miqyasında elmi yara­dı­cılıqla məşğul olsalar da, onların al­dığı nəticələr müəy­yən vasitələrlə mərkəzləşmiş sistemə daxil ol­ma­sa, bu nəticələrin hələ böyük elmə aidiyyəti yox­dur. Bütün bə­şə­riy­yət miqyasında vahid bir elm sistemi vardır ki, hər bir xalq və hər bir alim onun formalaşmasında və inkişafında bu və ya digər də­rəcədə iştirak edir. Amma elmin yekun bir sistem ki­mi idarə olun­ması və yönəldilməsi, onun nəticələ­ri­nin tətbiq edilməsi xeyli də­rəcədə fərqli bir hadi­sədir və bu yönəldicilər sırasında olmaq heç də bütün öl­kə­lərə nəsib olmur. Bax, bu məsələdə siyasi və iqti­sadi güc amili həlledici rol oynayır.
Əlbəttə, nisbi lokal elm sistemləri də ola bilər. Məsələn, keç­miş SSRİ-nin elm sistemi buna bir nü­munə idi. İ.V.Şulqina SSRİ-də elmin təşkilati struk­turu və infrastrukturu ilə əlaqədar tədqiqat işin­də bir ölkə daxilində elmin özünü təşkilatlandıran bir sis­tem ki­mi mövcudluq şərtlərini təhlil edərək yazır ki, bunun üçün mühüm şərtlərdən biri elmin maddi-texniki bazasının təmin olunmasıdır ki, bu isə ancaq böyük dövlətlərin imkanı daxilində ola bilər.1 Bu­rada miq­yas həqiqətən çox böyük olmalıdır; təkcə maddi-texniki baza­nın deyil, həm də elmin öz daxili təşkilatlanmasının təminatı üçün. Be­lə ki, müxtəlif elmi tədqiqatların müəyyən bir elm sahəsini, ən azı müəyyən bir mövzunu əhatə edə bilməsi, işin başa çatdırılması, tət­biq üçün hazır bir hala salınması üçün həm üfüqi, həm də ver­ti­kal müstəvilərdə geniş miqyaslı ictimai sistem yaradılmalıdır.
Əvvəla, hər bir tədqiqatçı üçün ilkin elmi mü­hit tələb olunur. Mü­hitin formalaşması isə müəyyən bir ixtisas və hətta problem üzrə ən azı bir neçə mü­təxəssisin yetişdirilməsi sayəsində əldə edi­lir. Digər tərəfdən, əmək bölgüsünün təmin olunması, birinin baş­­la­dı­ğı işin başqası tərəfindən davam etdirilməsi, arada rabitənin qırıl­ma­sına yol verməmək üçün mər­kəz­ləşmiş əlaqələndirmə və əks-əla­qə sistemləri tə­ləb olunur. Yoxsa, başlanan tədqiqat yarı yolda kə­silər və ictimai həyata vəsiqə ala bilməz. Yaxud təd­qi­qatçı məc­bur olub öz yeniliyini “xarici bazara çı­xar­malı olur və çox vaxt öz məh­sulunu pulsuz təklif edir.
Kiçik ölkələrdə böyük elm sistemi qurmaq müm­­kün ol­ma­dı­ğı­na görə, bu ölkələrdə aparılan lo­kal elmi tədqiqatlar gec-tez bey­nəl­xalq miqyaslı bö­yük elmi tədqiqat zəncirinin bir parçası olur. Baş­­qa sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş­ğul ol­ma­­ğın yeganə yolu böyük elm mərkəzləri ilə rabitə qurmaq, bir növ onların əlavəsinə çevril­mək­dir.
Lakin elmlər tarixən müasir daxili vəhdət sə­viyyəsinə böyük çə­tinliklə gəlib çatmışdır. İlk dövr­lərdə elmi fəaliyyət nəinki ümum­bəşəri, plane­tar miq­­yasda, heç ayrı-ayrı ölkələr miqyasında da əla­qələndirilməmiş, elmi tədqiqatlar pərakəndə xa­rak­ter daşı­mış­dır. Elmi ictimaiyyət bir çox təd­qi­qatlardan xəbərsiz qalmış, ey­ni bir ideya müxtəlif ölkələrdə dönə-dönə yenidən kəşf edilmişdir. Düzdür, tarix hər şeyi sanki yerinə qoymuşdur. Amma alimlərin öz ara­larında bütöv əməkdaşlıq şəbəkəsi yaratması hər ixtisas üzrə öl­kə və dünya miqyasında elmi icti­maiyyətin təmərküzləşməsi hələ va­hid elm siste­mindən danışmaq üçün yetərli sayıla bilməz. XVII–XVIII əsrlərdə elm adamları bir-birini sadəcə olaraq ona görə ta­nıya bilirdilər ki, elmi fəaliyyət geniş miq­yas almamışdı və müəy­yən problem üzrə çalışan tək-tək adamlar bir-birindən çətinliklə də ol­sa, xəbər tuta bilirdi. Bəzən heç bu da mümkün olmurdu. Am­ma elm kütləviləşdikcə, eyni problemlər üzrə daha çox bölgələrdə və da­ha çox adam çalışdıqca, təşki­lat­lan­ma­ya ehtiyac da artırdı.
İlk bey­nəlxalq miqyaslı və yüksək peşə­kar­lıq seçimi ilə fərq­lə­nən belə təş­kilatlardan biri London Kral Cə­miy­yəti (1662-ci il) ol­muşdur. On­dan az sonra 1666-cı ildə Fransa Kral Elmlər Aka­de­mi­yası, 1700-cü ildə isə Berlin Elmlər Akademiyası, 1724-cü ildə Pe­ter­burq Akademiyası yarandı. Bütün elm sahələrini əhatə edən Aka­­de­miyalarla paralel surətdə müəyyən profillər üzrə, habelə elm və sənətin kə­sişdiyi sahələr üzrə yaranmış ictimai birliklərin və təş­ki­­lat­ların da böyük səfərbəredici əhəmiyyəti var idi.
Beləliklə, Ye­ni Dövrdə elmin din­dən, fəlsə­fə­dən və təhsildən ayrı, müstəqil təş­ki­lati formaları əmə­lə gəldi. Biz müstəqillik şər­tini ona görə xüsusi vur­ğulayırıq ki, əvvəllər elm adını çəkdiyimiz bu üç sahədən hər han­sı birinin tər­ki­bin­də təşkilatlan­maq­la, müasir mənada elmin ya­ran­ması və forma­laş­ması üçün baza ola bilmirdi. Belə ki, hələ era­mız­dan əv­vəl qə­dim Yunanıstanda yaradılmış Pla­ton Aka­demi­yası (e.ə. 387-ci il) müasir elm üçün nümunə ola bil­məz­di. XVII əsrdə Av­ropada yaranan yeni Akade­mi­yalar bu qədim elm-fəlsəfə mə­bə­di­nin sanki ancaq adını saxlamışdılar; daha doğ­ru­su, fəlsəfədən fər­qi­ni göstər­mək üçün qarşısına bir elm sözü də əla­və edirdilər: Elm­lər Aka­de­mi­yası. London və Parisdən əv­vəl Aka­demiya ənənəsinin bər­pası Roma və Flo­rensiyada başlanmışdı. 1600-cü ildə Romada və 1651-ci ildə Florensiyada yaranan bir növ sinkretik Aka­de­mi­ya­lar­da müs­təqil elmi fəaliyyət hələ tam kris­­­tal­laş­madığı üçün onların öm­rü də uzun olma­mış­­dı. O dövrdə fəaliy­yət göstərən universi­tet­lər, ya hələ kilsədən tam ayrılmadıqlarına görə və başlıca məq­səd­ləri dini xadim hazırlamaq olduğuna görə, ya da təhsil fun­k­si­ya­sı­nın elmə nisbətən üstünlük təşkil etdiyinə gö­­­rə, elmin təş­ki­lat­lan­ma­sı sahəsində yaran­mış ehtiyacları ödəmək üçün yetərli de­yil­di­lər. Lakin bununla belə, universitetlər bir tam ha­­lında forma­laş­­maq­da olan Avropa elmi üçün əsas kadr bazaları idi.
Avropada ilk universitetlər islam aləmindəki ilk universitet­lər­dən (məsələn, Mərakeşdə Karayin Universiteti – 859-cu il) təq­ri­bən 2-3 əsr sonra ya­ranmışdır; 1088-ci ildə Bolonyada, 1160-cı il­də Pa­risdə, 1167-ci ildə Oksfordda, 1209-cu ildə Kem­bricdə, 1224-cü ildə Neapolda fəaliyyətə başlayan ali məktəblər kilsə ilə əlaqəni tam kəsə bilməsələr də, elmi biliyin yayılması və inkişafında mü­hüm rol oynayırdılar. Lakin onların əsas fəaliyyəti təhsil ol­du­ğun­dan, elmi tədqiqatların təşkili və dəyərlən­di­rilməsi sahəsində tə­lə­batı ödəyə bilmirdilər.
Akademiya və ya Elm Cəmiyyətləri adı altında yaranan yeni tipli təşkilatların isə əsas və yeganə vəzifəsi elmi fəaliyyətlərin sti­mul­laşdırılması və əla­qə­ləndirilməsi, habelə yeni elmi ideyaların ya­yıl­ma­sından ibarət idi. Tarixən elmi biliklərin toplanması və ya­yılmasına xidmət edən ilk böyük elm mərkəzi İskəndəriyyə muzeyi (e.ə. III əsr) hesab olunur ki, onun da əsas sərvətlərindən biri hələ də öz şöh­rə­ti­ni itirməmiş əfsanəvi İskəndəriyyə kitabxanası olmuş­dur. Onun bir növ analoqu olan Kordova Akade­mi­yası (X əsr) da məhz o dövr üçün ən böyük elmi kitabxanası (400 000 nüsxə) ilə məş­hur idi. Lakin tezliklə Avropanın dini-siyasi xəritəsində baş ve­rən dəyişikliklər bu böyük elmi mərkəzin də fəaliyyətinə son qoy­du. XIII əsrdə ərəblərin İspaniyadan sıxış­dırılıb çıxarılması ilə bə­ra­bər, Kordova kitabxanası da yandırıldı.1
İlk dövrlərdə böyük maddi və təşkilati çə­tin­liklər olmasına bax­ma­yaraq, elmin institutlaşması sü­rətlə gedir­di. Bu işə təkan ve­rən o dövr­də böyük nüfuz sahibi olan bir sıra elm adamlarının şəx­si səyləri və entuziazmı idi. Məsələn, London Kral Cəmiyyə­ti­nin ya­ran­masında həmin ərəfədə yaşamış böyük fi­lo­sof F.Bekonun və bö­yük maarifçi Yan Amos Ka­men­ski­nin də ide­ya və təklifləri mü­hüm rol oynamışdı. Bu cəmiyyətin üzvləri ara­sında İ.Nyuton (1703-1727-ci illərdə Cə­miyyətin prezi­denti ol­muşdur), R.Boyl, R.Huk və s. görkəmli elm adam­larının olması onun nüfuzunu və fə­a­­liyyət dairəsini genişləndirirdi. Həmin dövr­də demək olar ki, bü­­tün kəşf və ixtiralar Cəmiyyətin yığıncağında məruzə olu­nur və mü­zakirə edilirdi. Hansı isə ideyanın hə­qiqiliyi və orijinallığı haq­qın­da Cəmiyyətin üzvü olan böyük elm adamları qə­rar çıxarırdı. Baş­qa sözlə desək, Cəmiyyət elmi ekspertiza funk­siyasını da ye­ri­nə yetirirdi.
Bu təşkilat 350 ildən artıqdır ki, dünyanın apa­rıcı elm mər­kəz­lərindən biri kimi fəaliyyət göstərir. Əslində bilavasitə elmi fəa­liy­yətlə məşğul olmasa da, London Kral Cəmiyyəti elmin stimul­laş­dırıl­ma­sında, dəyərləndirilməsində və əlaqələndirilməsin­də bu gün də böyük rol oynayır. Onun sıralarında 1000 nəfərə yaxın gör­kəm­li elm xadimi birləşir. Cəmiy­yətin 1665-ci ildən başlayaraq bu gü­nədək nəşr etdiyi “Kral Cəmiyyətinin fəlsəfi əsərləri” jurnalı mün­­təzəm surətdə çap olunan ən qədim elmi jurnal sayılır. “Fəl­sə­fə” sözünün saxlanması da o dövrlər­dən gələn ənənəni ifadə edir. Tə­­sa­düfi deyil ki, İ.Nyuton da mexanika sahəsində yazdığı məş­hur əsə­­rinin adını “Naturfəlsəfənin əsasları” qoymuşdu. Av­ro­pa­da ən yüksək elmi dərəcənin də “fəlsəfə dok­toru” (Ph.D.) adlan­ma­sı məhz bu ənənənin da­va­mı­dır. London Kral Cəmiyyətinin bu nəş­ri əs­­lində fəl­səfəyə yox, elmə aiddir. Burada “fəl­səfə” sözü na­tur­fəl­sə­fə, yaxud müasir mənada təbiət elmi de­mək­dir.
O dövrdə alimlərin hərtərəfli dəstəyə olan eh­ti­ya­cı getdikcə artır və yeni təşkilati formalar ortaya çıxırdı. Məsələn, 1795-ci ildə tə­sis olunmuş “Fransa texniki sənət və peşə konser­va­to­riya­sı”, 1822-ci ildə yaradılmış “Alman təbiət­şü­nasları yığın­ca­ğı” hə­min dövrdə elmin inkişafında mühüm rol oynamışdır. Bax­ma­­ya­raq ki, London Kral Cə­miy­yəti artıq ya­rım əsrdən çox idi ki, fə­a­liy­yət gös­tərirdi, bu təşkilat Britaniyada və bütövlükdə Avro­pa­da elm adam­la­rı­nın fəaliyyətini əlaqələndir­mək və onlra maddi dəs­tək ver­mək funksiyasını yerinə yetirməkdə çə­tinlik çəkirdi. Həm də bu Cə­miyyət ilk cığır açanlardan ol­duğu üçün onun yara­dıl­ması za­ma­nı bir sıra təşkilati və iqtisadi xa­rak­ter­li amillər nəzərə alınma­mış­dı. Ona görə də, XIX əsrin əvvəllərində Avropa alimləri bütün dün­ya alimlərinin nüfuz və səylərini bir­ləş­di­rən yeni təşkilati formalara eh­tiyac hiss edirdilər. Təsadüfi deyil ki, 1831-ci ildə paralel surətdə baş­qa bir təşkilat – Elmin inkişafı üzrə Britaniya Asso­sia­siyası (BAAS) yaradıldı. Hə­min illərdə digər Qərb ölkələrində də elmin təş­kilatlanması sa­hə­sində ciddi addımlar atılırdı: 1815-ci ildə İs­veç­rədə, 1822-ci ildə Al­maniyada, 1833-cü ildə Fransada, 1839-cu il­də İta­liyada və nə­ha­yət 1848-ci ildə ABŞ-da analoji təş­kilatların ya­ranması heç də tə­sadüfi deyildi. Əslində bu dövr elmin zəfər dövrü adlandırıla bi­lər; çünki XIX əsrdə elm özünün artıq yük­sə­lən­­xətli inkişaf mər­­hə­lə­si­nə keçmişdi və bu dəyişiklikdə elmin icti­mai təş­ki­latlanması da az rol oynamırdı.
C.Pankaldi özünün “Elmin bey­nəl­miləlliyi və Britaniya As­so­siasiyası” əsərində milli elm in­s­ti­tut­larının təhlili haqqında yaz­dıq­larını şərh edir. Burada elmin mil­li çərçivədən çıxması zərurə­tin­dən bəhs edi­lir. Elmin məz­mu­nu­nun universal xarakterinə uy­ğun ola­raq elmi fəaliyyətin də bey­nəl­mi­ləlləşməsinin qaçılmaz olduğu gös­tərilir. Pankaldi buna uyğun ola­raq elmin bütün Avropa miq­ya­sın­da təşkilatlanması ideyasını irəli sürürdü.1
1828-ci ildə Bebbic Avropa Elm Akade­mi­ya­sını yaratmaq pla­nı ilə çıxış edir və onu A.Hum­boldta təqdim edir. Elmi ob­yek­tiv­liyi və kosmo­politizmi qorumaq üçün Akademiyanın maraq dai­rə­sindən əxlaq, siyasət və din məsələlərini çıxarmaq tək­lif olunur. Diq­qət əsasən dəqiq elmlərə yönəldilir. İlk növbədə elmi biliklərin mü­badiləsinin təşkili mə­sələsi önə çəkilir. O dövrün görkəmli alim­lərinin sə­yi nəticəsində Fransa, Prussiya, Danimarka və Ru­siya bu ideyanı dəstəkləyir. Avropada elmi koope­ra­siya prosesi XIX əs­rin ikinci yarısında da davam edir.
1881-ci ildə Yorkda bu təşkilatın altı bölməsi yaranır: riyazi və fiziki elmlər, kim­ya, mineralogiya, geologiya və coğrafiya, zo­o­lo­giya və botanika, me­xa­nika. C.Morell və A.Tekri özlərinin “El­min cent­lmenləri” kitabında bu prosesin xronoloji ardıcıl­lı­ğı­nı ve­rir­­lər. Onların cədvəlinə görə, Yorkda yaranmış təşkilatı struktur 1832-ci ildə Oksfordda (4 böl­mə), 1833-cü ildə Kembricdə (6 böl­mə), 1834 cü ildə Edinburqda (6 bölmə), 1835-ci ildə Dublində (6 böl­mə), 1836-cı ildə Bristolda (7 bölmə) və sonrakı illərdə İn­gil­tə­rə­nin demək olar ki, bütün əsas şə­hər­lərində yayılır və çox ge­niş bir şəbəkəni əhatə edir.1
Elmin təşkili sahəsində XVIII-XIX əsrlərdə for­malaşan ənə­nə­lər XX əsrdə də davam etdiril­miş­dir. Bu dövrdə ən böyük elm mərkəzlərinə misal olaraq SSRİ Elmlər Akademiyasını və Qərbdə Maks Plank Cəmiyyətini göstərmək olar. 1948-ci ildə Qər­bi Alma­ni­ya formalaşdırılarkən həyata keçirilən ilk mü­hüm tədbirlərdən bi­ri elmin mərkəzləşmiş inki­şafı sahəsində atılan addım – Maks Plank Cəmiy­yətinin yaradılması oldu. Hazırda bu böyük elmi mər­­kə­­zin nəzdindəki 80 profildə elmi-tədqiqat insti­tutlarında 15 000 iş­­çi çalışır ki, bunların da 5 200 nəfəri elmi dərəcəyə malik peşəkar alim­­lərdir. Mər­kəzin büdcəsi ildə 1 milyard 300 milyon avrodur ki, onun da 80%-i ictimai mənbələrdən ödənir. Əl­bəttə, Qərb üçün bu cür mərkəzləşmiş elmi təş­ki­lat­lar ən­ənəvi deyil. Orada fundamental təd­qiqatlar əsa­sən uni­versitetlərdə həyata keçirilir. Keçmiş SSRİ EA-nın isə proobrazları Rusiya və bəzi MDB ölkə­lərində (o cüm­lə­dən, Azərbaycanda) saxlansa da, onlar əv­vəlki səmərə ilə işləyə bil­­­­mir. Bu məsələni Rusiyalı ekspertlər dönə-dönə diqqətə çatdırırlar.1
Əslində heç böyük ölkələrdə də tam müstəqil elm sistemləri mümkün deyil. Ona görə də, böyük ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sis­tem­ləri mövcuddur ki, onlar öz aralarında birləşərək pla­netar miqyaslı böyük elm sistemini yaradırlar.
Dövlətlərin və böyük şirkətlərin elmin inki­şa­fında maraqlı olması ilk növbədə onun iqtisadi sə­mə­rə vermək imkanı ilə bağlıdır. Müasir iqtisadi sis­tem­lərin strukturunda bir qayda olaraq elmi fəaliyyət və tətbiq üçün də yer nəzərdə tutulur.
Müasir mərhələdə bir sıra qabaqcıl Qərb ölkələrində fun­da­men­tal və tətbiqi elmlərin, habelə təcrübi konstruktor işlərinin təş­ki­li və idarə olunması dövlət səviyyəsində həyata keçirilir. İqtisa­diy­yatın böyük qisminin özəl sektora aid olması və ona görə də ye­ni elmi-texniki işləmələrinin sifarişçilərinin də əsasən özəl müəs­si­sə­lər olmasına baxmayaraq, elmi-texniki fəaliyyət hökumətin təşki­la­ti strukturuna daxil olan qurumlar vasitəsilə idarə olunur. Mə­sə­lən, İngiltərədə fundamental elmlər sahəsində tədqiqat­la­rın yönlən­di­rilməsi, tənzimlənməsi və maliyyə­ləş­di­ril­məsi Elm və Təhsil Na­zir­liyi tərəfindən, elmi-tex­niki və təcrübi konstruktor işlərinin təş­ki­li isə Tex­ni­ka Nazirliyi tərəfindən həyata keçirilir. Təxminən ey­ni struktur Almaniyada da tətbiq olunur. Burada Elm və Təhsi Na­zir­liyi ilə yanaşı, Tədqiqatlar və Texnologiyalar Nazirliyi fəaliyyət göstərir.1 Hazırda Qazaxstan, Gürcüstan və s. MDB ölkələri də ana­loji təşkilati struktura keçmək üçün mühüm addımlar atmışdır. Ən əsası odur ki, fundamental elmlərin təh-sillə birləşdirilməsi eyni elmi kadrların həm tədqiqat, həm də müəllimlik fəaliyyəti üçün im­kan yaradır. Digər tərəfdən də, universitetlər öz elmi poten­si­a­lı­na ar­xalana bildikləri üçün özlərini daha güvənli hiss edirlər.
İqtisadiyyatın intensiv inkişaf xəttinə keçiril­mə­sinin mühüm şərt­lərindən biri ən müasir tələblərə cavab verən mükəmməl idarə­et­­mə sisteminin yara-dıl­masıdır. Təsərrüfatın bütün sahələrinin iq­ti­sa­di sə-mərəsi getdikcə daha çox dərəcədə idarəetmə for-malarından ası­lı olur. İdarəetmə sisteminin zəru­ri­li­yini və mahiyyətini K.Marks çox gözəl ifadə et­miş­dir: «Hər cür bilavasitə ictimai əmək və ya nisbətən böyük miqyasda sərf edilən birgə əmək çox və ya az də­rə­cədə idarə olunmağa möhtacdır, çünki bu idarəetmə fərdi işlər ara­sında uyğunluq yaradır və is-tehsal orqanizminin müstəqil orqan­la­rının hərəkə­tindən fərqli olaraq, bütün istehsal orqanizminin hə­rə­kətindən doğan ümumi funksiyaları yerinə yetirir. Ayrıca bir skrip­kaçı özü özünü idarə edir, orkestri idarə etmək üçün isə dirijor la­zımdır».1
İstehsalın elmi surətdə idarə olunması elmin is­tehsala tət­bi­qi­nin spesifik formasıdır. Belə ki, el­min inqilabi səmərəsindən, onun bilavasitə məhsul-dar qüvvəyə çevrilməsindən danışarkən bir qay­da ola­raq təbiətşünaslığın tətbiq olunması: yeni enerji mə­n­­bə­lə­ri­nin tapılması, yeni materiallar hazır­lan­ma­sı və ilk növbədə yeni key­fiyyətli əmək alətləri – maşınlar, avtomat sistemlər və s. düzəl­dil­­məsi nə­zərdə tutulur. Halbuki elm idarəetmə nəzəriyyəsi ki­mi is­teh­sala, iqtisadiyyata tətbiq olunarkən heç də az sə­mərə vermir. Bu za­man elmin, xüsusən ictimai elmlərin, kibernetikanın, idarəetmə nə­zəriyyələrinin nailiyyətləri texnikanın yeniləşdirilməsinə, texno­lo­ji prinsiplərin təkmilləşdirilməsinə deyil, istehsal pro­sesinin, Elm–Texnika–İstehsal zəncirinin ən optimal qayda üzrə təşkili mə­sə­lələrinə, maddi istehsalın təş­kilati strukturunun yenidən qurul­ma­sına tətbiq olu­­nur. (Yeri gəlmişkən, burada ictimai elmlərin tət­biqi əhə­­miyyəti, onların böyük iqtisadi səmərə po­ten­sialına malik olma­sı özünü çox aydın büruzə ve­rir).
Elmi-texniki tərəqqinin, elmi-texniki qarşılıqlı əla­qələrin ida­rə olunması problemi, ümumiyyətlə ida­rəetmə işinin xüsusi hal­la­rından biridir. Lakin əgər istehsal sahəsində idarəetmə işi artıq mü­əy­yən tarixi təcrübəyə malikdirsə, elmi-texniki tərəqqi sa­hə­sin­də hətta ən qabaqcıl kapitalist ölkələrinin təcrü­bəsi də çox məh­dud­dur. Belə ki, bu hadisənin özü nisbətən təzədir və üstəlik çox bö­yük sürətlə dəyişir, yeni cəhətlərlə zənginləşir. Ona görə də elmin və bütünlükdə elmi-texniki tərəqqinin elmi surətdə ida­rə olunması çə­tindir. Lakin elmi idarəetmə siste­min­də nəzərə alına bilməyən cə­hətlər praktikada qismən də olsa nəzərə alınmışdır; belə ki, elmi-tex­niki tə­rəq­qi real hadisədir və bilavasitə bu sahədə çalışan adam­lar onun təbii ehtiyaclarını hiss etməyə bil­məz­lər. Ona görə də, elm, texnika və istehsalat sahə­lə­ri­nin idarə olunması praktikasını mə­nimsəyən, bila­vasitə həmin sahələrə rəhbərlik edən işçilər, gör­kəm­li alimlər, ixtiraçılar, habelə hadisələrin real gedişi ilə daha çox kon­taktda olan iqtisadçılar yaranmış situasiyadan baş çıxarmağa ça­lışır və konkret praktik ehtiyaclardan çıxış edərək Elm–Texnika–İs­tehsalat kompleksinin daha səmərəli surətdə idarə olunması üçün təkliflər irəli sürürlər.
Elmi-texniki tərəqqini sürətləndirmək xətti – strateji bir vəzi­fə kimi qarşıya qoyulduqdan sonra bu məsələyə diqqət artdığından el­min və elmdən isteh­salata gələn yolun optimal təşkili sahəsindəki prak­tik çətinliklər, ziddiyyətlər, irəliləyişə mane olan müx­tə­lif amil­lər getdikcə daha çox aşkar olur, elmi-texniki tərəqqinin opti­mal təşkilati formasına uyğun gələn ye­ganə düzgün yola getdikcə da­ha çox işıq düşür. Lakin bu yeganə yola gətirib çıxardan külli miq­dar­da müxtəlif cığırlar var ki, onlar bir-biri ilə çarpaz­laş­dı­ğın­dan labirintdən çıxa bilməmək, yaxud onla­rın ən qısasını seçə bil­mə­mək və son mətləbə uzun-uzadı fırlandıqdan sonra gedib çıx­maq təhlükəsi ya-ranır.
Hər halda bu problemə yönəldilmiş «sağlam fikir» axınının, praktik təkliflərin, məhdud dairələrdə artıq həyata keçirilən konkret təd­­birlərin, sosial eks­perimentlərin vahid bir istiqaməti, yeganə məq­­sədi vardır ki, bu da elm ilə istehsalat arasındakı əlaqəni möh­kəm­­ləndirmək, elmdən istehsalata gedən yolu qısaltmaqdan iba­rət­dir.
Bu tələb həyatın qoyduğu tələbdir, ictimai prak­tikanın qa­nu­nauyğun nəticəsidir.
Hələ 1941-ci ilə böyük sovet alimi P.L.Kapitsa iqtisadi tə­rəq­qinin ən mühüm amilini və bu sahədə ən zəif halqanı çox düz­gün göstərərək yazırdı: «Sovet hakimiyyəti elmə böyük diqqət və qay­ğı göstərir. Nəticədə bizim indi ən qabaqcıl və çətin prob­lem­ləri həll edən elmimiz vardır. Bizim həm də ən incə və mü­rək­kəb me­xa­nizmlər düzəldən səna­yemiz vardır. Lakin elm və texnikanın əla­qəsi bizdə hələ zəifdir, bu isə bizə ölkəmizin yaradıcı qüv­və­lərinin bütün zəngin ehtiyatından istifadə etməkdə mane olur».1
Ayrılıqda elm var, ayrılıqda istehsal var, hər birinin nisbi müs­təqil inkişafı üçün şərait var; bəs çatışmayan nədir? Çatış­ma­yan bu iki tərəfin vəhdəti, üzvi surətdə əlaqələndirilməsi, elmin nai­liyyətlərinin texnikada maddiləşməsi və istehsalata tətbiq olun­ma­sı və tərsinə, texnikanın, mövcud texnoloji prin­sip­lərin elmi təd­qi­qat obyektinə çevrilməsi – texniki elmlərin, ümumiyyətlə, fun­da­men­tal tətbiqi təd­qi­qat­çıların inkişaf etdirilməsidir. Və bütün bun­lar üçün adekvat təşkilati forma tapıla bilməməsidir. Özü də ça­rə­nin təşkilati strukturla bağlı olması təzə kəşf olun­mamışdır. Aka­demik P.L.Kapitsa hələ o vaxt elmi-texniki və iqtisadi tərəqqinin ən zəif halqasını, bu tərəflər ara­sın­da əsaslı körpünün çatışmadığını qeyd edərkən bunun səbəbini də çox düzgün gös­tə­r­mişdi: «Elmin ən geniş miqyasda tətbiq olunması üçün heç yerdə SSRİ-dəki kimi zə­min yoxdur. Ona görə də elm və texnikanın hələ zəif birləş­mə­si­ni yalnız bununla izah edə bilərik ki, bu, əlaqənin ən səmərəli təş­ki­lati forması hələ tapılmamışdır. Şüb­hə­siz ki, elm və texnikanın ar­tıq əldə edilmiş sə­viy­yə­sində, hələ qalmaqda olan qüsurlara bax­ma­yaraq, xeyli böyük texniki yaradıcılıq nailiyyətləri əldə edi-lə bi­lərdi».1 Çətinlik isə yalnız müvafiq təşkilati for­manın tapılmaması və ya yeni təşkilati formalara keç­mək təşəbbüsü göstərilməməsi ilə bağ­lıdır. Niyə? Necə olur ki, çox mü­rək­kəb elmi və texniki məsə­lə­lər həll edildiyi halda təşkilati məsələ yenə də bir problem olaraq qa­lırdı?
Nəzərə almaq lazımdır ki, bu deyilənlər icti­mai-siyasi qu­ru­luş­dan asılı deyil. Kapitalizm, sosia­lizm və postsosializm cəmiy­yət­lərində elm və texni­ka heç də konseptual məzmununa görə de­yil, sosial məzmununa görə fərqlənirlər. Yəni ayrı-ayrı elmi və tex­ni­ki yeniliklərin məzmunu və hətta onların əldə olunması üçün zə­ru­ri olan fərdi yaradıcılıq prose­si­nin məntiqi-qnoseoloji mexanizmi ic­timai-iqtisadi qu­ruluşdan asılı deyil.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, elm və texnika arasında əla­qənin yeni, optimal təşkilati for­masının ta­pı­lıb həyata ke­çiril­mə­si sahəsində hələ də bir süstlük, gerilik vardır. Başlı-başına buraxıl­dıq­da proses yaxınlaşma deyil, ayrılma istiqamətində ge­dir. Doğ­ru­dan da, paradoksal və ziddiyyətli gö­rü­nür. Lakin bu ziddiyyət nə ki­mi bir ziddiyyətdir və onu aradan qaldırmaq üçün nə kimi im­kan­lar vardır?
Elm ilə texnika arasındakı halqanın təşkilati struk­turu mə­sə­lə­si ilk baxışda ənənəvi məsələ kimi görünsə də, mahiyyəti eti­ba­ri­lə yenidir, elm və tex­nikanın inkişafının yeni mərhələsini şərtlən­di­rən ən mühüm problemlərdən biridir. Belə olduğu təqdirdə köhnəni tək­milləşdirməklə heç nəyə nail olmaq mümkün deyil. Məsələnin əsl həlli tamamilə yeni təşkilati formaya keçilməsini tələb edir. Be­lə bir yeniliyə doğru mücərrəd səylər müasir dövrdə hə­qi­qətən var­dır, lakin görünür, köhnəni təkmilləşdirmək cəhdi, ənənəvi yol­lar­dan çıxa bilməmək, ətalətlilik hələ də üstünlük təşkil edir. Be­lə­liklə, yuxarıda da­nış­dığımız ziddiyyətin həll olunması yolu ay­dın­dır: bu yol elmin bir epistemologiya və sosial sistem kimi mahiy­yə­ti­nin müəyyənləşdirilməsini və Elm–Texnika–İstehsalat zəncirinin, elmi-texniki tərəqqi­nin daxili məntiqinə, təbii meyllərinə uyğun olaraq təşkil edilməsini nəzərdə tutur.
Yeni tələblərə uyğun olan təşkilati forma necə olmalıdır? Mə­sələ burasındadır ki, elm və istehsalat arasında əlaqə həmişə möv­cud olmuş, elmin yaran­ma­sında və formalaşmasında iqtisadi tə­ləbat müs­təs­na rol oynamışdır. Lakin müasir dövrdə ikinci bir ha­disə – elmin texnika və istehsalatdan getdikcə da­ha çox ayrılması, da­ha çox müstəqillik kəsb et­məsi hadisəsi baş verir ki, onun ma­hiy­yətinin dərk olun­ması və ona uyğun təşkilati tədbirlər görülməsi is­tər-istəməz ləngimişdir. Doğrudan da, «sağlam fikrə» heç cür ay­dın ola bilməyən paradoksal və­ziy­yətdir. Bir tərəfdən texnika, is­teh­salat getdikcə daha çox də­rəcədə yeni elmi nailiyyətlərin tət­bi­qi­nə ehtiyac hiss edir, o biri tərəfdən də, elm getdikcə konkret texniki tə­ləbatdan irəli gələn mövzulardan uzaqlaşır, öz prob­lemlərini çox vaxt özü qoyur, və daha çox müs­təqil fenomen olmağa «can atır».
İlk baxışda bir-birinə əks görünən bu iki pro­sesin vəhdətini ba­şa düşmək, məsələnin dialektik yo­lunu tapmaq, «sağlam fikrin», hadisələrə ənənəvi mü­nasibətin buxovundan yaxa qurtarmaq – bu gün qarşıda duran vəzifədir, elmi-texniki tərəqqinin yeni tələblərə uy­ğun olaraq yeni formada idarə olunması problemi buradan baş­la­nır. Elmlə istehsalı ən op­ti­mal şəkildə əlaqələndirmək, aradakı mə­sa­fəni mak-si­mum qısaltmaq tələbi qarşıya qoyulduqda «sağlam dü­şün­cə» elm və istehsalın mikrobirliklərini yarat­maq­dan səmərəli heç nə görə bilməz. Belə ki, bir­ləş­dirmənin ən qabarıq və nəzərə­çar­pan forması ərazi birliyi, inzibati birlik və maliyyə birliyidir. La­kin bu cür birləşdirmə hesabına təşkilati və iqtisadi prob­lemlər nəinki həll oluna bilməz, hətta üstəlik yeni problemlər, təkrarçılıq, ar­tıq israf və s. ortaya çıxar.
Ölkəmizdə sovet dövründə elm-istehsalat bir­lik­ləri yaratmaq sahəsində müəyyən addımlar atıl­mışdı. Təcrübə göstərdi ki, bu bir­lik­lərin işi düzgün təşkil edilmədikdə, «birləşdirmə» formal xa­rak­ter daşıdıqda gözlənilən müsbət nəticələr alınmır. Ona görə də elm-is­teh­salat birliklərinin yaradılması sahə­sindəki iş bir çox as­pekt­lər­də ilkin nəzəri tədqiqat aparılmasını tələb edir. Bu sahədə qoyulan təc­rübələr, məhdud miqyaslı tədbirlər də məsələyə bö­yük məsuliy­yət­lə yanaşılmasını, hər şeyin qabaq­ca­dan ölçülüb-biçilməsini tələb edir. Müasir mərhələdə özəlləşmə nəticəsində belə böyük birliklər xü­su­si mül­­kiyyətə çevrildikdə elmin texnikaya və istehsala tət­biqi sa­həsində vahid dövlət siyasəti yeritmək daha da çətinləşir. İndiki mərhələdə bu xüsusiləşmiş bir­liklərin nə dərəcədə elmi əsaslarla idarə olunma­sın­dan çox şey asılıdır.
Hələlik mülkiyyət formasından asılı olmadan mümkün təş­ki­lati formaları təhlil edək. Görək, elm-istehsalat birliklərində elm nə də­rəcədə iştirak edə bilər. Başqa sözlə, istehsal müəssisəsinin kon­kret tə­lə­batını ödəmək üçün hansı xarakterli tədqiqat iş­lərinə eh­ti­yac vardır? Elmi tədqiqatlara, yoxsa mü­həndis-konstruktor fəaliy­yə­tinə? Sözün əsl məna­sın­da elmi tədqiqatlarla mühəndis-kons­truk­tor işi ara­sında, idraki fəaliyyətlə ixtiraçılıq fəaliyyəti arasında əla­və bir halqa, fəaliyyət növü də varmı və əgər var­dırsa onlar han­sı müəssisələrdə həyata keçirilir?
Tədqiqat göstərir ki, sahə institutları və elm-istehsalat bir­lik­lə­rinə daxil olan elmi tədqiqat böl­mələri (onlar çox vaxt elə sahə ins­titutlarının baza­larında yaradılır) akademik elmi institutlardan fərq­li olaraq daha çox dərəcədə fundamental tədqiqatlarla de­yil, ne­cə deyərlər, tətbiqi tədqiqatlarla məşğul olurlar. Tətbiqi tədqi­qat­la­rın sərhədləri çox genişdir. Yeni elmi ideyalardan, onların tətbiq va­riantlarından başlayaraq, ixtiraçılıq, konstruktorluq fəaliyyəti də da­xil olmaqla ilk texniki nümunələrin hazırlan­ma­sına qədər bütün fəaliyyət formaları çox vaxt tətbiqi tədqiqatlar adı altında əhatə olu­nur. Bir sıra hallarda isə tamamilə haqlı olaraq bu fəaliyyət zən­ciri mü­rəkkəb adla – ETTKİ (Elmi Tədqiqat və Təcrübə Kon­s­truk­tor İşləri) ifadə edilir.
Elm-istehsalat birliklərində də elmi bölmələrin işi məhz bu zən­ciri əhatə edir. Burada elmi fəaliy­yətlə yanaşı və daha çox də­rə­cə­də digər fəaliyyət sahələri, elmi-texniki fəaliyyət, ixtiraçılıq fəa­liy­yəti və s. nəzərdə tutulur.
Kiçik miqyaslı elm-istehsalat birlikləri yaradı­larsa, burada əs­lində elmi bölmə deyil, Konstruktor bölməsi (KB) əhatə oluna bi­lər. Zavod daxilində, onun konkret, cari tələbatını ödəmək üçün əsa­sən ix­ti­raçılıq və səmərələşdiricilik işi yeni – daha mü-kəmməl kons­truksiyalar yaradılması işi, həqiqətən əhəmiyyətli ola bilər. Han­sı isə cari tələbləri ödəmək naminə bütövlükdə elmin müəyyən bir sahəsini in­kişaf etdirmək təşəbbüsü yalnız təəccüb doğura bi­lər. Hər bir sahibkar, hər zavod, hər istehsal müəs­si­səsi özü üçün elmi təd­qiqat işi aparsa idi, öz elmi eh­tiyaclarını özü ödəmək fikrinə düş­sə idi, müvəf­fə­qiy­yət qazanmaq əvəzinə tezliklə iflasa uğra­yar­dı; çünki elmin hətta dar bir sahəsinin də inkişafına sərf olunan xərc­lər ayrıca bir müəssisənin gəlirini keçə bilər. Halbuki, elmə sərf olunan məbləğ həmin elm sahəsinin nailiyyətlərindən istifadə edən, bütün müəs­sisələrin hesabına ödənilə bilər və ya bu iş dövlət miq­yasında mərkəzləşdirilə bilər.
Müasir dövrdə elmi tədqiqatların mərkəzləş­di­rilməsi işinin əley­hinə olaraq, bəzən iqtisadiyyatın çox kiçik sahələrinə, ayrı-ayrı ki­çik miqyaslı istehsal müəssisələrinə xidmət edən «elm məntə­qə­lə­ri» ya­ratmaq təşəbbüsü göstərilir ki, bu da elmin ümum­ictimai ma­hiyyətinin nəzərə alınmamasından irəli gəlir.
Elmin son məqsədi hətta yalnız istehsalata tətbiq məsələsi ol­saydı belə, elmin mənafeyi ilə konkret bir istehsal sahəsinin kon­kret bir dövrdəki mənafeyi arasında müəyyən ziddiyyət olmalı idi. Çün­ki hər bir istehsal sahəsi zaman və məkan müəyyənliyinə, məh­dud­luğuna malik olduğu halda, elm belə məhdudluq tanımır, zira tək­cələr arasındakı münasibətləri deyil, ümumilər arasındakı mü­na­si­bətləri öyrənir.
Fundamental elmi tədqiqatların nəticələri bə­şə­riyyətin ümu­mi mədəni fonduna daxil olur. El­min ümumi inkişaf səviyyəsini yük­səltməklə insan-təbiət münasibətində insanların potensial im­kan­larını artır­mış olur. Digər tərəfdən də, elmi sərvət bilavasitə mad­­di sərvətlərdən fərqli olaraq ümumictimai məh­suldar və bütöv­lük­də cəmiyyətə məxsusdur.
Fundamental elmlərlə tətbiqi elmlər sıx su­rət­də bir-biri ilə əla­qədardır. Bundan başqa, yüksək dərəcədə inkişaf etmiş, for­ma­laşmış elmlər həm fun­damental, həm də tətbiqi pillələri əhatə edir. La­kin tətbiqi pilə istehsalatla daha çox bağlı olduğundan biz elmin müs­təqil inkişaf zərurətindən danışarkən əsasən fundamental pil­lə­ni nəzərdə tuturuq. Fun­da­mental elmi yaradıcılıq işi isə xüsusi iste­dad və dərin ixtisaslaşma tələb edir. Belə yaradıcı elmi iş adam­la­rı­nın vaxtını nisbətən aşağı ixtisas səviyyəli əmək tə­ləb edən başqa işə, xüsusən onların bilavasitə mü­təxəssis olmadığı sahələrə sərf et­mək qətiyyən sər­fəli deyil; bir tərəfdən, çox qiymətli vaxt başqa işə sərf olunur və əslində itirilir, digər tərəfdən də, hə­min başqa sahədə görülən işin səmərəsi az olur.
Özü də məsələ heç də təkcə bunda deyil, yük­sək ixtisaslı kad­rın vaxtı hədər gedir; iş orasındadır ki, həmin başqa işin də öz mü­təxəssisləri var və bu mütəxəssislər həmin işi daha tez və daha yax­şı ye­rinə yetirə bilirlər. Məsələnin texniki həllinin ta­pıl­ması ilə adətən tədqiqat iş­lə­ri­nin müəllifləri məşğul olurlar, halbuki onlar texniki yaradıcılıq, ix­ti­raçılıq səriştəsinə malik deyillər.
Beləliklə, elm adamlarının özünün praktik tət­biq məsələləri ilə məşğul olması, texniki problemləri həll etmək məcburiyyətində qal­ması hər iki baxım­dan; həm elmin, həm də praktikanın mə­na­fe­yi ba­xı­mından əlverişli deyil.
Elmi-texniki tərəqqinin elmi surətdə idarə olun­­ması zamanı sa­hələr üzrə bölgü, diferensiasiya getdiyi kimi, vertikal istiqamətdə – işin baş­lan­ğı­cın­dan (fundamental elmlər və ya sadəcə elm) son nə­ticəyədək (praktikada tətbiqini tapmış, maddiləşmiş elm – elmi bi­liklərin tətbiqi hesabına alınan məh­sul­dar, istehlak malları) da­vam edən vahid proses də bö­lünməlidir, başqa sözlə, daxili əmək böl­güsü get­mə­lidir. Belə bir zərurət – iki istiqamətdə əmək böl­güsü bi­la­vasitə maddi istehsal prosesində artıq çox­dan özünü gös­tər­miş­dir. Məsələn, ayaqqabı is­teh­salı sahəsində və kömür sənayesində ça­lışan adamların əmək vərdişləri fərqləndiyi kimi, eyni bir sahədə, mə­sələn ayaqqabı istehsalında daxili əmək bölgüsü gedir: burada işin müxtəlif mərhələlərində çalışan adamların fəaliyyəti, əmək vər­­dişləri bir-birindən cid­di surətdə fərqlənir. Halbuki, tamamilə baş­qa bir is­tehsal sahəsinin elə bir mərhələsi ola bilər ki, bu­radakı iş xarakteri etibarilə ayaqqabı istehsalının mü­vafiq mərhələsindəki işə uyğun gəlsin.
Birinci istiqamətdə – sahəyə görə bölgü daha qədim tarixə ma­lik olduğu halda, ikinci istiqamətdə – eyni bir sahədə daxili əmək bölgüsü nisbətən son­ralar baş vermişdir.
Müasir dövrdə elmin bilavasitə məhsuldar qüv­vəyə çevril­mə­si, bir maddi istehsal prosesinə növ daxil olması istehsal sahə­sin­də daxili əmək bölgü­sü­nü xeyli mürəkkəbləşdirmişdir. İndi el­min nisbi müs­təqil bir fəaliyyət sahəsi kimi idarə olunması is­tehsalın idarə olunması ilə elə əlaqələndirilməlidir ki, bunlar va­hid bir tam təşkil etsinlər. Eyni za­man­da, daxili əmək bölgüsü ciddi su­rət­də nəzərə alın­ma­lıdır və hər kəs yalnız yüksək dərəcədə ixtisas­laş­mış olduğu sahədə çalışmalıdır. Bir adamın başladığı işi axıra qə­dər davam etdirməsi, son məhsula qədər bü­tün mərhələləri özü ic­ra etməsi geriyə qayıtmaq olardı. Zira ölkənin məhsuldar qüv­və­lə­rinin inkişaf səviyyəsi bu ölkədə əmək bölgüsünün nə dərəcədə in­kişaf etdiyindən asılıdır.
Bəs bu gün akademik elmi institutlarda bi­la­va­sitə tətbiq mə­sə­lələri qoyulması, bəzən bunun hətta tələb edilməsi nə ilə bağ­lı­dır? Elmi əməklə elmi-tex­niki əmək arasında mahiyyət fərqinin ki­fa­yət qə­dər ay­dınlaşdırılmaması ilə; elmi fəaliyyətin bəzən hətta ix­ti­raçılıq fəaliyyətindən fərqləndirilməməsi ilə; elm və istehsalat ara­­sında əlaqəni möhkəmləndirməyi «əsas tutaraq» onların hər bi­ri­nə öz imkanları xa­ricində olan yeni funksiyalar verməklə. Hal­bu­ki da­xili əmək bölgüsündə yeni, zəruri aralıq mərhələni – nisbi müs­­təqil elmi-texniki fəaliyyət mərhələsini nə­zərə almaq, onun tə­ləb­­lərinə uyğun təşkilati formalar tapmaq iqtisadiyyatda dönüş ya­ratmağın, elmi-tex­niki tərəqqini sürətləndirməyin ən əsas yoludur.
Elmin nisbi müstəqil tarixi inkişaf yoluna nə­zər salsaq, bu­ra­da da xaosdan sonrakı ilk addım, mürəkkəb struktura keçidin ilk mər­hələsi, ilk qayda, ilk bölgü – sahələrə görə bölgü olmuşdur. Özü də burada, istehsalda olduğu kimi, müxtəlif sahələr eyni adam­ların fəaliyyəti çərçivəsində az-çox dərəcədə for­malaşmış və yal­nız bundan sonra onlar nisbi müstəqil fəaliyyət sahələri kimi ay­rıl­mışlar. Elm hələ müxtəlif sahələrə bölünmədiyi vaxtlarda fəlsəfə müx­təlif sahələrdəki biliklərin sintetik məcmuyunu özündə sax­la­maqla elmlər elmi adlandırılırdı. Antik dövrün görkəmli alimləri, fi­losofları bir deyil, bir neçə bilik sahəsində görkəmli nailiyyətlər əl­də edir­dilər. Orta əsr Şərq filosoflarının (alimlərinin) fəaliy­yəti də çox vaxt belə hərtərəfli olurdu.
Həmin dövrdə müxtəlif bilik sahələri ara­sın­da­kı bölgü hələ adamlar, alimlər arasındakı bölgüyə tam keçmə­miş, sosial bölgü xa­rakteri almamışdır. Lakin hər bir bilik sahəsinin yeni material­lar­la zən­gin­ləş­mə­si, informasiya çoxluğu və digər amillər artıq inti­bah dövründən başlayaraq, xüsusən ka­pi­ta­lizm cə­miy­yətinə keçidlə əla­qədar olaraq elmdə sahələrə görə sosial bölgünü sürətləndirirdi. Bu­­nun­la belə, elm­də sahələr arasındakı bölgünün sosial xa­rak­ter al­ması (adamlar arasındakı bölgü) heç vaxt müt­ləq xarakter daşı­ma­mışdır; müxtəlif vaxtlarda, hətta Yeni Dövrdə də bir sıra alimlər ey­ni za­manda müxtəlif elm sahələrində çalışmış və ciddi nəticələr əl­də etmişlər. (Lakin Aristotel, İbn Sina və ya Leonardo da Vin­çinin çoxsahəli fəaliyyətindən fərqli olaraq, Yeni Dövr alimlərinin, məsələn, Şre­dingerin və s. çoxsahəliliyi artıq yeni keyfiyyətli ha­di­sə­nin – elmlərin inteqrasiyasının nəticəsi olmuşdur).
Sonrakı dövrlərdə inkişaf etmiş alimlərin öz daxilində bölgü get­mişdir ki, bu daha sahəyə görə deyil, funksional bölgüdür. Mə­sə­lən, elm daxilində fundamental və tətbiqi pillələrin ayrılması belə böl­güyə ən yaxşı misaldır. Belə bir bölgü elmdən is­tehsala gedən yol­da da baş vermişdir və bu günün təşkilati xarakterli axtarışları, ba­yaq qeyd etdiyimiz kimi, ən çox bu bölgü ilə bağlıdır.
Göründüyü kimi, təşkilati məsələlərin həlli, əv­vəlcə had­i­sə­lə­rin obyektiv inkişaf qanunauy­ğun­lu­ğunun, təbii meyllərinin öyrə­nil­məsini tələb edir. İndi daha yalnız təcrübi ümumiləşdirmələrlə ki­fa­yətlənmək, empirik metodlarla işləmək olmaz; elmi-texniki tə­rəq­qinin sürətləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafının inten­siv­ləşdirilməsi vəzifəsi yal­nız elmi zəmində, nəzəri cəhətdən əsas­lan­dırılmış su­rətdə həyata keçirilməlidir. Xüsusən, elmin özü­nün ye­nidən təşkilində, elmi-texniki tərəqqinin so­sial strukturunun tək­mil­ləşdirilməsində, Elm–Tex­ni­ka–İstehsal zəncirinin daha səmərəli idarə olun­ma­sın­da «elmə arxalanmaq» ən zəruri şərtdir.
İndi isə ümumi nəzəri təhlildən ölkə miqya­sın­da durum təh­li­linə keçək. Müasir mərhələdə dövlətin və cəmiyyətin qarşısında du­­ran əsas vəzifələrdən biri elmi potensialın qorunub-saxlanması və ondan milli inkişaf naminə mak­si­mum səmərə ilə istifadə olun­ma­sıdır. Əgər bu, Elmlər Akademiyasının ənənəvi struk­turunu sax­la­­maq və buradakı elmi mühiti bərpa etmək hesabına müm­kün­dür­sə, bütün qüvvələri bu istiqamətdə yö­nəltmək, AMEA-nı hər vasitə ilə dir­çəlt­mək və onu işlək mexanizm vəziyyətinə qay­tar­maq la­zım­­dır. Lakin bunun üçün böyük təşkilatçılıq işi və büd­cədən böyük miqdarda vəsait ayrılması tələb olunur.
Əlbəttə, Elmlər Akademiyası qorunub saxla­n­ma­lı­dır. Lakin han­sı formada, hansı fəaliyyət isti­qamə­tlərində və hansı infra­struk­tu­ra daxil olmaqla? Bun­lar irəlicədən müəyyənləşdi­ril­məlidir. Bu gün Aka­­de­miyanın keçmiş SSRİ Elmlər Akademi­ya­sın­dan qopub ay­rılmış və təşkilati forması yeni miq­ya­sın tələb­lə­ri­nə uyğun gəl­mə­yən hazırkı vəziyyətini ey­­nilə qoru­yub sax­lamaqdansa, onu da­ha mobil, da­ha çevik və daha məqsədyönlü bir quruma çe­virmək tə­­ləb olunur. Əgər biz elmi potensialımızın baza­sın­da həqiqətən ren­tabelli, işlək bir elm modeli qura bil­sək, dövlət də bu sahəyə ay­rılan pulun hədər get­mə­yə­cəyinə, “fundamental elm – tətbiqi elm – tex­no­loji ideya – mühəndis-konstruktor layihəsi – isteh­sal” zənci­rin­də hər bir halqaya ayrılan vəsaitin son­ra­kı halqaların hesabına sə­mərə verəcəyinə əmin ola bilər.
“Elm” anlayışı ilə əhatə olunan tədqiqat sa­hə­ləri praqmatik­lik prizmasından, habelə son nəticənin milli və ümumbəşəri də­yər­lər­lə əlaqəliliyi baxı­mın­dan üç qrupa bölünə bilər. Birincisi, tətbiqi elm­­lər­dir ki, onların da real fayda gətirməsi yaxın və uzaq məq­­səd­lə­rə xidmət baxı­mından iki cür olur. Müəy­yən bir əməli fəaliyyət sa­hə­­sinin elmi əsaslarla qu­rulması, konkret bir istehsal müəs­sisə­si­nin texniki təchizatının yeni elmi biliklər əsasında təkmil­ləş­diril­mə­si və ya lokal bir sahədə yeni elmi ideya əsa­sında daha optimal tex­noloji prinsipin həyata keçi­rilməsi sayəsində elm qısa müddətdə fayda verə bi­lər, gəlir gətirə bilər. Bu halda elmi biliyin tət­biqinə çəkilən xərclərlə tətbiqdən alınan gəlir ara­sında müs­bət balans ya­ra­nır ki, bu da xalis gəliri müəyyən edir. Burada çəkilən xərclər ona görə az ola bilər ki, söhbət yeni elmi biliyin kəşfindən deyil, baş­qaları (başqa ölkələrdəki tədqiqatlar) tərəfindən əldə edil­miş ha­zır biliklərin sadəcə tətbiq yollarının araş­dı­rılıb tapılmasından və tət­biq prosesinin texniki ic­ra­sından gedir. Daha doğrusu, deyilənlər el­min özün­dən daha çox, elm ilə istehsal arasındakı əlaqə pro­ses­lərinə aiddir.
“Elm” anlayışına daxil olan tətbiqi elmlər isə, isteh­salın cari tələblərinə cavab olmayıb, daha çox dərəcədə ümumi səciyyə da­şı­yır. Tətbiqi elmlər fun­damental elmlər sahəsində əldə olunmuş bi­lik­lərin üzərində quru­lur. Burada söhbət bu və ya digər kon­kret is­teh­sal müəssisəsinin rekonstruksiyasından de­yil, bütövlükdə müəy­yən tip istehsal müəssisə­lərinin ümumi ehtiyacla­rının yeni tələblər əsa­sında ödənil­məsinə yönəldilmiş fəaliyyətdən gedir. Bu fəaliyyət is­tehsal sahəsində yox, elmin öz hüdudları çərçivə­sində aparılır. Ona görə də, bura­da alınan yeni bi­lik­lərin haradasa hökmən tətbiq olu­­nacağına və gəlir gə­ti­rəcəyinə qarantiya yoxdur. Tətbiqi elm öz bə­h­rə­si­ni verir, lakin bundan faydalanmaq, istifadə etmək və­zifəsi istehsalçıların üzərinə düşür. Sənaye mü­əssisə­lərinin tərkibində bu məqsədlərə xidmət edən layihə-­konstruktor büroları və hətta xüsusi “elm” bölmələri fəaliy­yət göstərir ki, bunlar da bir qayda olaraq “sahə elmləri” adı altında əhatə olu­nur.
Tətbiqi elmlər sahəsində fəaliyyət hətta bila­va­sitə konkret mü­qavilələr, sifarişlər əsasında apa­rıl­masa da, onların hansı isteh­sal sahəsində, hansı tə­sər­rüfat forması üçün istifadə olunacağı irəli­cə­dən mə­lum­dur. Bu baxımdan, tətbiqi elmlərin yerli iqti­sa­diy­yatın istiqamətlərinə və tələblərinə uyğun yö­nəl­dil­məsi prinsipcə müm­kün­dür. Dünyanın bütün öl­­kələrində tətbiqi elmlərin əsas hərə­kət­ve­rici qüv­vəsi yerli iqtisadiyyatın ehtiyaclarıdır. Heç bir öl­kədə bü­tün tətbiqi elm sahələrində fəaliyyət gös­tə­rilmir və bu mümkün də de­yil. Əlbəttə, dünya hökm­ranlığı iddiasında olan super ölkələr öz məh­sulları üçün bü­tün dünya bazarlarını açıq saxlayırlar. Am­ma bu­­nun üçün təkcə elmi-texnoloji rəqabət və iq­tisadi me­xanizmlər kifayət deyil; bu məqsəd üçün siyasi və hətta hərbi-siyasi vasitələr də işə salınır.
İqtisadi müstəqilliyin təmin olunması üçün əsas şərt bundan ibarətdir ki, yerli iqtisadiy­yatın eh­tiyaclarına uyğun olan tətbiqi elm sahələrinin inki­şafına diqqət daha da artırılmalı, bu sahələrdəki işlər həm maddi, həm də mənəvi as­pekt­lərdə stimul­laş­dırıl­malıdır.
Fundamental elmlərdə isə nəinki konkret tət­biqi sa­hə­lər, hət­ta tətbiq istiqamətləri də irəlicədən müəyyən­ləşdirilə bilmir. Bura­da elmi axtarışların si­fa­rişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün­dür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olu­nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el­mi bilik nə vaxtsa, hansı öl­kə­də isə, hansı istehsal sa­həsində isə istifadə olunacaqdır. Lakin ünvan və zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideal­lar­dan daha çox, ümum­bəşəri ideallara xidmət edir. Əlbəttə, bəşər övladı olaraq bi­zim hər birimiz ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün fəxr etməliyik; lakin şüurlu surətdə, yaxın və uzaq məqsədləri an­la­maq­­­la. Belə ki, müasir fizikanın, mə­sələn, elementar zər­rəciklər nə­zəriyyəsinin, kvant elektrodinamika­sı-nın, ifrat keçiriciliyin və s. tədqi­qi ilə bağlı Azər­bay­can­da heç kim fəaliyyət göstərməsə, bu sahələr in­ki­şaf etmiş xarici ölkə­lərdə onsuz da tədqiq olu­na­caq­dır. Bu sahələrdə əldə olu­nan yeni elmi bilik­lərin tət­biqi kiçik ölkələrin tex­niki imkanları şə­raitində on­suz da mümkün deyildir. Fun­da­men­tal elm­­lərin ön cəb­həsində əldə edilən ye­niliklər ancaq çox yüksək tex­nika və texnologiya bazasında isti­fa­də olunmaqla praktik səmə­rə verə bilər. Təsadüfi de-yil ki, Azər­bay­­canda da bu sahələrin an­caq nə­zə­riyyəsi ilə, əs­lin­də nəzəriyyə də çox vaxt operativ ekspe­ri­men­tal dəstək tələb etdiyindən, riya­ziyyatı ilə məş­ğul olur­lar. Bəli, riya­ziyyat yeganə sahədir ki, bu­ra­da eks­peri­mental baza və müva­fiq texnoloji in­kişaf səviy­yə­si olmadan da, elmin ön cəbhəsinə gir­mək müm­kündür. Təki intellekt olsun, istedad olsun. İn­tel­lek­tual im­kan­larına görə isə bizim millət heç kim­dən geri qalmadığından, alimlərimiz məhz nəzə­riyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğur­lar əldə edə­rək dünya elminə layiqli töhfələr verirlər. La­kin bi­zim dünya elminə ver­diyimizlə ondan aldı­ğımız ara­sında optimal ba­lans yara­nırmı? Böyük is­tedad sahi­bi olan alimlərimizin dünyada ge­dən elmi pro­ses­lər­də­ki iştirakı pərakəndə xarakter daşıyır? Elmi təd­qi­qatın, elmi informasiyanın əslində çox qiy­mətli ol­du­ğu bir za­manda biz təd­qiqatlarımızın nəticələrini dünya elminə havayı ba­ğış­layırıq? Əl­bəttə, bütün sahələrdə olduğu kimi burada da biz öz mil­li mentali­tetimizə uyğun olaraq genişqəl­b­lilik nü­mayiş etdirə bi­lərik. Lakin hər şeyin bir hə­ddi vardır. Biz özümüzün ən yüksək sər­vətimiz olan intellektual potensialımızdan praqmatik düşün­cə ilə isti­fadə etməyi bacarmalıyıq. Bunun üçün dün­ya elm prak­tikasında mə­lum modellər vardır ki, müstəqil dövlət olduqdan sonra bu barə­də də dü­şünməliyik. Biz is­tedadlı gənclərimizə qrantlar ve­rə­rək on­la­rın elmi fəaliyyət layihələrini maliyyə­ləş­dirən bey­nəlxalq fond­­la­rın “səxavətinə” də, nəhayət, səmimiyyət və sa­dəlövhlük müstə­vi­sin­­dən fərqli bir müstəvidə qiy­mət ver­məliyik. Biz intellektual mül­­ki­yyət haqqında, patent haq­qında sadəcə qanunlar qəbul et­mək­lə ki­fayətlənməyərək, on­ların Azərbay­can gerçəkliyində həqiqətən iş­ləməsinə nail olmalı­yıq. Bütün bu de­yi­lənlər ilk növbədə funda­men­tal elmlər sahəsindəki tədqiqat­larımıza aiddir.
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu və ya digər sa­həsində tətbiq olunaraq gəlir vermə­sələr də, bizim milli ma­raq­la­rı­mızla bilavasitə bağlı­dırlar və onların inkişaf etdirilməsi müstəqil Azər­baycan Respublikasının ən böyük vəzifələrindən bi­ridir. Bu elmlər dünya elmi prosesinə, ümum­bəşəri dəyərlər komp­lek­sinə do­layısı ilə daxil olsa­lar da, bilavasitə Azərbaycan­la, xalqımızın, mil­lətimizin ta­­rixi və bu günü ilə, milli dünyagörüşümüzlə, fəl­səfi fik­­rimizlə, milli iqtisadiyyatımızın təşkilati prob­lem­ləri ilə və nə­ha­yət, dinimiz, dilimiz, mədə-niy­yə­ti­miz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu sahə­lər insanla, cəmiyyətlə bağlı oldu­ğuna görə elm­lərin təsnifa­tında ya humanitar elmlər, ya da ictimai elm­lər adı al­tında qruplaşdırılır.
Fundamental elmlərdən fərqli olaraq ictimai elmlər ümum­bə­şəri miqyas daşımaqla bərabər, hər bir millət miqyasında həmin mil­lətin maraq dairə­si­nə uyğun ikinci, regional mövcudluğa malik­dir. Yə­ni, ümumdünya tarixi ilə yanaşı Azərbaycan ta­rixi də vardır. Ümu­mi iqtisadi nəzə­riyyə ilə yanaşı, Azər­­baycan iqtisadiyyatı da nisbi müstəqil şəkildə təd­qiq olunur və s.
İctimai elmlər sahəsində də dün­ya miqyasında ge­dən pro­ses­lə­ri öyrənənlər çoxdur. Biz məşğul ol­masaq da, tarixi, fəlsəfəni, iq­ti­sadi nə­zəriyyəni öy­rənib inkişaf etdirənlər olacaqdır. Lakin məhz Azər­baycanın tarixini, fəlsəfi fikrini, iqtisa­diy­yatını, icti­mai-siyasi prob­lem­lərini, dilini, ədə­biyyatını və s. baş­qaları bizim qədər təfər­rü­atlı öy­rən­məyəcəklər və ya əgər öyrənsələr də obyek­tivliyi göz­lə­mək­lə, ya­xud bizim milli maraqlar prizma­sın­dan öyrən­mə­yə­cəklər.
Fundamental, tətbiqi və ictimai elm sahələrinin hər birinin öz xüsusiyyətləri vardır və elmin inkişaf konsepsiyası hazırla­nar­kən və bu konsepsiyaya uy­ğun təşkilati formalar müəy­yən­ləş­di­ri­lər­kən bu xü­susiyyətlər mütləq nə­zərə alınmalıdır. Nəzərə alın­ma­lı­dır ki, inkişaf etmiş ölkələrdə ictimai-siyasi qu­ruluş və iqtisadi mü­na­si­bətlər sistemi artıq qərar­laş­dığından, onların bu sa­hədə ciddi prob­lemləri yox­dur. Bu ölkələr elm de­dikdə, əsasən təbiət elmlərini nə­zərdə tuturlar. Bu­rada prioritetlik də ola bilsin ki, məhz təbiət elm­­lərinə verilir. Lakin biz, yeni iqtisadi münasi­bətlərə keçən, yeni cə­miyyət və yeni dövlət qu­ran, milli özünüdərk prosesinə yeni qə­dəm qoy­muş olan bir xalq keçid dövründə prioritetliyi məhz bu qu­ru­culuq proseslərinin elmi-nəzəri əsaslarına ver­mək məcbu­riy­­yə­tin­dəyik. Amma bu, əlbəttə, digər elmlərin sı­xış­dırılması hesabına hə­yata keçiril­məməlidir.
Elmi fəaliyyət çox ağır və baha başa gələn, böyük resurslar tələb edən bir sahədir. Hətta ən bö­yük ölkə belə, elmin bütün sahə­lərində müasir tə­ləb­lər səviyyəsində tədqiqat işləri apara bilməz.
Hər bir ölkədə tətbiqi elmlər bir qayda olaraq onun öz iqtisadiyyatının ehtiyaclarına uyğun istiqa­mətlərdə inki­şaf etdirilir. Bu baxımdan, təbii ki, Azər­baycan iqtisadiyyatının da elm tutumlu sahələri müəyyənləşdirilməli və tədqiqatlar əsasən bu isti­qamətlərə yönəldilməlidir.
Lakin tətbiqi elmlərlə yanaşı fundamental elm­­lər də vardır və onlar bir qayda olaraq bütün öl­kələrdə deyil, yalnız ən böyük, ən qabaqcıl ölkə­lərdə inkişaf etdirilir. Azərbaycanda elmə, o cüm­lə­­dən, fundamental elmlərə praqmatik müna­sibət hələ for­malaş­ma­dı­ğından çoxları bu sahəyə sadəcə milli imi­ci yüksəldən bir amil kimi baxır.
Həm fundamental, həm də tətbiqi elmlər iki müx­­təlif pa­ra­metr­lə səciyyələnir. Sözün dar məna­sında, həqiqi mənasında böyük elm – elmi yaradı­cılığın ön cəbhəsi, bilavasitə yeni elmi biliklərin əl­­də edilməsi, elmi nəzəriy­yələrin formalaşması pro­se­si ver­tikal öl­çü­də, dərinlik göstəricisi ilə müəy­yənləşir. Lakin elm piramidası həm də oturacaq müstəvisinin sahəsi ilə, artıq məlum elmi bilik­lə­rin və nəzə­riy­yə­lərin mənimsənilməsi və yayılma dərə­cəsi ilə öl­çü­lür.
Hər hansı bir ölkədə əhalinin maariflənməsi, savadlılıq də­rə­cəsi, klassik elmi biliklərin tədris proq­ramlarına daxil edilməsi və ya­yılması prosesi, daha geniş kütlələrin müxtəlif çeşidli elmi b­i­lik­lərlə zənginləşməsi, elmi biliklərin əhali arasında paylan­ması və ya da­ha doğrusu, elmi biliklərin adi şüurun strukturuna daxil olması – bə­li, bütün bunlar da gös­tə­ricidir. Lakin bunun böyük elmlə bila­va­si­tə əlaqə­si yoxdur.
Müasir dövrdə Azərbaycanda elmi potensial­dan səmərəli is­ti­­fadə etmək və onu ictimai tərəqqi­nin mühüm hərəkətverici qüv­və­lə­rindən birinə çe­virmək üçün qarşıda duran vəzifələrdən biri elmin təş­kilati strukturunu yeni tələblərə uyğun surətdə qurmaqdan, onu op­timallaşdırmaqdan ibarətdir. Əlbəttə, biz bü­tün dün­ya alimlə­ri­nin birgə səyi ilə yaradılan və in­kişaf etdirilən və bütün sahələri əha­tə edən böyük elmdən danışmırıq. Hər bir ölkə elmin inkişafı və is­ti­­fadəsi prosesinə öz xüsusiyyətlərinə və imkanlarına uyğun ola­raq qoşulur.
Əsas məsələ məqsədin düzgün seçilməsidir. Elm bizə nədən ötrü lazımdır? Biz elmin hansı sa­hələrindəki nailiyyətləri öz ölkə­miz­də tətbiq etmək imkanlarına malikik? Bizim sənayenin və kənd tə­sər­rüfatının texnoloji inkişaf səviyyəsi və burada is­tifadə olunan qurğuların elmi tutum dərəcəsi öy­rə­nilibmi? Yəni bir tərəfdən, biz­im üçün hansı elm sa­hələrinin üstün əhəmiyyət kəsb etdiyi, digər tə­­rəf­dən, bizim texnologiyanın elmin hansı inkişaf sə­viy­yəsinə ade­kvat olduğu nəzərə alınmalıdır.
Məsələ burasındadır ki, fundamental elmlərin inkişaf səviy­yə­si ilə tətbiq üçün uyğunlaşdırılmış sə­viyyə arasın­da xeyli böyük fərq vardır. Başqa sözlə, tətbiqi elmlər fundamental elmlərin təq­ri­bən 5-10 il, bəzi sahələrdə isə hətta 20-30 il bundan əvvəlki nailiy­­yət­lərindən istifadə edir. Ancaq o öl­kələr fun­da­mental elmlərin in­ki­şa­fında xüsusilə ma­raqlıdır ki, onlar yeni elmi kəşflərin hamıdan əv­vəl tətbiq olun­masına qadirdirlər. Dünyada cəmi bir neçə belə su­perdövlət vardır və bu ölkələrdə yeni elmi biliklərin qorunması, yad əllərə düşməməsi üçün xüsusi təşki­lati mexanizmlərə böyük əhə­miyyət verilir. Bu sı­rada elmi ideyaların, kəşflərin patentləşdi­ril­məsi xüsusi yer tutur.
Əlbəttə, elm ilə istehsal arasındakı münasi­bət­lərin düzgün tən­zimləndiyi cəmiyyətlərdə elmə qo­yulan vəsaitin artması olduqca sə­mərəli olur. İnkişaf etmiş ölkələrdə elm ən çox gəlir gətirən sa­hə­lər­dən biridir. Elmə qoyulan hər mana­tın gətirdiyi gəlir faizlərlə de­yil, misillərlə ölçülür. Lakin bunun üçün əv­vəlcə elmi poten­sialın səfərbər olunması və məq­sədli surətdə yönəldilməsi lazımdır.
Dünyada elmin təşkili praktikasında Elmlər Akademiyası hə­qiqətən ən diqqətəlayiq formalardan biridir. Elmi tədqiqatların mər­kəzləşdirilmiş surətdə həyata keçirilməsinin böyük üstünlükləri vardır. La­kin nəzərə alınmalıdır ki, bu cür mərkəzləşmiş sis­tem da­ha çox dərəcədə sosializm cəmiyyəti üçün sə­ciyyəvi idi. Bəli, sosi­a­lizmin bu sahədə kapitalizm cə­miyyətinə nisbətən həqiqətən üs­tün­lükləri var idi. Lakin iqtisadiyyat sahəsin­də dövlət monopoli­ya­sın­­dan imtina edilməsi və bazar münasibətlərinə ke­çil­məsi şərai­tin­də elmin mərkəzləşmiş qaydada fəaliy­yəti bir sıra çətinliklərlə bağ­lıd­ır. Biz bu ma­hiyyət fərqini nəzərə almadan, guya hər şeyin əv­vəl­ki qay­dada qala biləcəyi fikri ilə özümüzü al­dada bilmə­rik. Bu­rada əvvəlcə iki müxtəlif ictimai-iqti­sa­di sis­te­min üstün cəhətlə­ri­nin inteqrasiyası ki­mi çox mü­rək­kəb bir prosesin elmi-metodoloji əsas­­ları işlənib hazır­lan­malıdır.

Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin