Səlahəddin Xəlilov



Yüklə 2,76 Mb.
səhifə7/51
tarix26.12.2023
ölçüsü2,76 Mb.
#197525
1   2   3   4   5   6   7   8   9   10   ...   51
242 jmw0lzyycp.....

Fundamentaltətbiqi bölgüsü əslində nəinki fənn da­xi­lində, hər bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dis­sertasiya işlərinin çoxu, hət­ta tətbiqi məsələlərə həsr olunsa da, gi­riş his­sə­sində problemin nəzəri-fundamental tərəfləri işıq­lan­dı­rıl­mış olur. Bu cür fəndaxili və tədqiqatdaxili bölgülərlə yanaşı, bəzi fən­ləri bütövlükdə funda­men­tal elmlərə, digərlərini isə tətbiqi elm­lə­rə aid etmək praktikası da yayılmışdır. Məsələn, ümumi bir fənn ki­mi fizika, kimya, biologiya, coğrafiya və s.-dən bəhs olunarkən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fənlərdən ay­rıl­mış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca ad­lar al­tında təsnif olunurlar; məsələn, elektrotexnika, tət­bi­qi me­xa­nika, spektroskopiya, aşkarlar kimyası və s. Akademik D.İ. Blo­xin­tsev belə hesab edir ki, alimin fəaliyyətini fundamental və tət­bi­qi sahəyə ayırmaq praktiki olaraq qeyri-mümkündür. Əslində kon­kret elmi fəaliyyətin tərkibində onlar bir-birini tamam­layırlar.1 A.Zo­tov və M.Xolmyanski də belə hesab edirlər ki, tətbiqi elmlər bü­töv elmin üzvi tərkib his­səsidir və onu fundamental tədqiqatlar­dan ayır­maq olmaz.2 V.V. Çeşev də həmin mövqedə duraraq ya­zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər bir təd­qiqatın idraki əsasları kimi dəyər­lən­dirmək olar. “Fundamental elm­də baş verən pro­ses­lər həm texnoloji, həm də sosial-mədəni əla­qələrlə vasitələnirlər”.1
“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elm­ləri”nə yaxın mənada iş­lə­nir. Lakin fərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edil­diyindən daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm sahələrində də riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sı­rada ilk növbədə iqtisadi nəzəriyyələri göstərmək mümkündür. Gö­rü­nür, buna görə də, iq­tisadi fənlərin də dəqiq elmlər sırasına daxil edil­məsi təklif olunur. Həm də belə təkliflər indi Azər­bay­can­da da səs­lənməkdədir.2
Dəqiq elm nümayəndələri öz tədqiqatlarını an­caq öz dar ixti­sas sahələrinin bazasında apar­dıq­la­rı­na görə və elmi biliklərin ciddi de­terminasiyasından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xüsusən ictimai və humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn da­xi­lin­də formalaşmış ənənəvi dü­şün­cə tərzindən, meto­do­logiya və metodlardan kənara çıxmaq və prob­lem­lərə başqa bucaq altında baxa bilmək üçün digər elm sahə­lə­ri ilə əlaqə qurmaq, onların bilik bazasından və metodlarından da ya­rar­lanmaq, ən başlıcası isə öz fənlərinin labirintindən xilas ol­maq tələb olunur. Düz­dür, böyük elm adamları heç vaxt məhdud el­mi dünyagörüşü içərisində qalmır, fəlsəfi və humanitar düşüncə tər­zindən qidalanmaqla elmdə qərarlaşmış şablonlardan xilas ola bi­lirlər. Bu kontekstdə adətən A.Eynşteynin “mürəkkəb prob­lem­lə­rin həllində F.Dos­­to­yevski mənə Qausdan daha çox kömək et­miş­dir” fikrini misal çəkirlər. Belə misallar əslində çoxdur. Hətta müa­sir elmşünaslığın yaradılmasında da humanitar düşüncənin az rolu ol­mamışdır. İx­ti­sas­ca fizik olan Tomas Kun özünün məşhur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəldiyi barədə yazar­kən, belə bir hadisəni xüsusilə vur­ğu­la­yır ki, 1958–59-cu tədris ilin­də onu “davranış haq­qında elm mərkəzi”nə təcrübə keçməyə gön­dərirlər. Və bu zaman Kun belə bir cəhətin şahidi olur ki, ic­ti­mai elm adamlarının məsələlərə yanaşması və düş­üncə tərzləri xey­li dərəcədə fərqlidir və onlar ha­di­sələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adamlarının heç ağlına da gəlmir. Bax, bu fərqli ya­naşmaların bir araya gətirilməsi “elmi paradiqma” anlayışının formalaşmasına da təkan vermişdir.1
Daha sonra Kun ümumiyyətlə mühitdən, tex­niki tərəqqinin, xa­rici sosial-iqtisadi və intellektual şəraitin elmlərin inkişafına tə­si­rin­dən bəhs edir. Onun fikrinə görə, elmin inkişaf qanunauyğun­luq­ları təkcə onun daxili epistemoloji təhlili ilə öyrənilə bilməz və bu­rada mütləq humanitar, sosial-iqtisadi və texniki şərait və onların el­min daxili məz­mu­nu­nun araşdırılmasına təsiri də nəzərə alın­ma­lı­dır.1
Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanuna­uyğunluqları elm adamları tərə­findən deyil, əsasən şərqşü­nas­lar tərəfindən öyrənil­miş­dir. Amma bildiyimiz kimi, şərqşü­nas­lıq özü hu­manitar elmlərə daxil edilir, çünki bu problemlərlə əsa­sən dilçilər və tarixçilər məşğul olur. Bu baxım­dan Şərqdə elmin öy­rənilməsi bir qayda olaraq hu­manitar düşüncə prizmasından keç­miş­dir. Bu para­dok­sallıq L.Reysner tərəfindən hətta müsbət mə­qam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və Şərq” ki­tabına yazdığı ön sözdə bu əsərin əsas məziyyətlərindən biri kimi məhz elmşünaslığa hu­manitar düşüncə aspektindən yanaşılması fak­tını qeyd edir.2 Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tap­maq olar. Bəli, biz bu hadisəyə məhz pis bir ənənə kimi baxırıq. Be­lə ki, Şərqdə əldə olunmuş bir sıra böyük elmi nailiyyətlərlə ya­na­şı, elmin bir tam halında dəyərləndirilməsi, ictimai fəaliyyət sa­hə­ləri arasında elmi fəaliyyətin yerinin müəyyənləş­diril­mə­si, bir söz­lə, ümumi planda baxılması və adekvat mü­­nasibət bəslənməsi hal­ları da az olmamışdır. Bir sistem halında olmasa da, belə fikirlər və də­yər­lən­dirmələr Şərq elmşünaslığının rüşeymləri kimi gö­türülə bi­lər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi məhz Avropada formalaş­dı­ğın­dan elmin özünüdərki də məhz bu öl­kələrdə getmiş və elmşünaslıq da burada formalaşmışdır. Y.Raş­kov­skinin yazdığına görə, müasir dövrdə elmşünaslıq Şərq ölkələri içə­risində ancaq Hindistanda geniş yayılmışdır.1 Bu da görünür Hindistanın uzun müd­dət ingilis müstəmləkəsi olmasından irəli gə­lir. Və bu mənada əslində söhbət hind yox, ingilis elm­şü­naslığın­dan getməlidir. Təəssüflər olsun ki, Ya­po­ni­ya da daxil olmaqla, Şərq ölkələrinin heç birində müs­təqil bir elm konsepsiyası ortaya çıx­mamışdır. Yə­ni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq ənənələrinin davamı kimi deyil, Qərb elminin trans­feri və inkişafı kimi mövcuddur.
Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki as­pektdə həyata keçir. Elmə məntiqi-epis­temoloji rakursda, biliklər sistemi və elmi ya­ra­dıcılıq aktlarının cəmi kimi baxan elm adam­la­rı elmi özünüdərk sistemlərində də riyaziyyatın və dəqiq elm­lərin me­tod­larından istifadə edirlər. Onlar təbii ki, ictimai elmlərin bura­ya qatılması haqqında heç dü­şünmürlər də. Halbuki, özünüdərk ha­di­səsi əslində fəlsəfənin predmetinə daxildir. Və dəqiq elm adam­la­rı da bu məsələlərə toxunarkən əslində fəlsəfi qat­da bulunduqla­rı­nın fərqində olmurlar. Məsələyə fi­lo­soflar müdaxilə etdikdə isə, on­lar dəqiq elm və ic­ti­mai elm arasında ayrıseçkilik etmədən, daha uni­versal yanaşma üsulundan çıxış edirlər. Ona görə də, elm fəl­sə­fə­sinin ictimai elmləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə təd­qiqatçıları və sosio­loq­lar tərəfindən həyata keçirilmişdir.1 Həm də belə bir mövqe mövcuddur ki, ictimai gerçəkliyin dərk olun­ması tə­biətin dərkinə nisbətən spesifik xüsusiy­yət­lərə malikdir və ona gö­­rə də, “ictimai idrak”, “sosial idrak”, “tarixi idrak” kimi termin­lər­dən istifadə olu­nur.2 T.Haff həm təbiət, həm də cəmiyyət elmləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin tə­rəfdarı olan Q.Men­­delin “naturalistik monizm” möv­qeyi ilə V.Dilteyin iki fərq­li metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kom­pro­mis yarat­mağa, ortaq bir variant tapmağa çalışır.1 Həm də bu fik­ri T.Haff M.Veberin sosial elmlərin metodo­lo­gi-yasına dair təlimini şərh edərkən söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öy­rən­məyin tərəf­darıdır. O, yazır: “Fizika heyrətamizdir, amma fi­zik­lə­rin qiymət vermədiyi ictimai elmlər bəzən daha heyrətamiz olur”.2
İctimai elmlər həqiqətən xeyli dərəcədə spe­si­fik sahədir. On­la­rın ümumi cəhətləri çoxdur. Amma buna baxmayaraq, mü­va­fiq elm sahələri qarşısında qoyulan və­zifələri daha kon­­kret dərk edə bil­mək üçün bu sahə­lərin özünə də dife­rensial ya­na­şa bil­mə­li, on­ları fərq­ləndir­mə­li­yik.
Humanitar və ictimai elmlər ilk baxışda nə qə­dər ya­xın gö­rün­sələr də, əslində xeyli dərəcədə fərqli mahiy­yət və məzmuna ma­likdirlər.
Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.
İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – hu­manitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incə­sə­nət də humanitar sa­hə­yə aiddir. Bu başqa məsələ ki, göstərilən hu­ma­­nitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də var­dır. Tarix, tarix­şünaslıq («tarix elmi» – bəzən sadəcə «tarix» də de­yi­lir; yəni hər iki məna eyni söz­lə ifadə olunur) və tarix fəl­səfəsi, bə­dii ədəbiy­yat, ədə­biyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl­sə­fə­si (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi mə­lum­dur), incə­sə­nət, sənətşünaslıq və sənət fəlsə­fə­si (es­tetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə­nəvi tər­biyə, pedaqogika və etika geniş planda gö­tür­­dükdə humanitar sahəyə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşünaslıqdan, bə­zən də ant­ro­pologi­ya­dan bəhs olu­nur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.
Sovet dövründə insan özü də ilk növbədə so­sial varlıq kimi götürüldüyünə görə, insanşünaslıq da cəmiy­yət­şünaslığın içərisində əri­dilmişdi. İnsan fər­diy­yətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dün­yası, kapitalist ölkələri üçün səciyyəvi idi. Ona görədir ki, hu­manitar təfəkkür də, insan haqları möv­­zusu da, irsiyyət məsə­lə­ləri də, fərdi-psixoloji prob­lem­lər də daha çox Qərbdə öyrənilirdi. İn­sanın so­siallaşması hətta bədii ədəbiyyatda da öz əksini tap­mışdı. İn­di kommunist ideologiyasından ayrıl­dıq­­dan sonra, qarşımızda du­ran vəzifələrdən biri də in­sanşünaslığı bərpa etmək, fərdin cə­miy­yətdə it­mək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al­maqdır.
Din də humanitar sahəyə aiddir. Çünki in­sanın mə­nəvi aləmi ilə bilavasitə bağlıdır. Lakin müx­təlif din­lərdə bu bağlılıq bir qədər fərqlidir. Mə­sələn is­lamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xris­tianlıqda kil­sələr insanla Allah ara­sında vasitəçilik mis­siyasını üzə­rinə götürərək dini ictimailəş­dir­miş­lər. Ona görə də, is­lam alə­min­də ilahiyyat və din­şü­naslıq əsasən humanitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera­sına aiddir. Amma islam­da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qay­da­la­rı (fiqh) dini yönlü dövlətlərdə cə­miyyət və dövlət səviyyəsində təs­bit olun­maqla hü­quq sisteminin əsasını təşkil edir və beləliklə ic­­ti­mailəşmiş olur.
İstənilən halda bütün dinlər həm humanitar, həm də cə­miy­yət sferası ilə sıx surətdə bağlıdır.
Tarix də həmçinin. Tarix özü və tarixlə tər­bi­yə daha çox hu­ma­nitar sahəyə aid olsa da, ta­rix­şü­naslıq və tarix fəlsəfəsi daha çox ic­timai elmlərə aiddir.
Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə hu­ma­nitar sa­hə­yə aid edilir. “Özünü dərk et” prin­si­pindən çıxış edildikdə, bu doğ­rudan da belədir. Am­ma insan fəl­səfəsindən fərqli olaraq tarix fəl­səfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun pred­me­ti­ni insan yox, cə­miyyət; fərdi ruh yox, ic­ti­mai ruh təşkil edir. İnsa­nın özünüdərki, millətin özü­nüdərki və nəhayət, bəşəriyyətin özü­nü­dərki fəl­səfənin strukturunda fərqli səviyyələrdir.
Göründüyü kimi, biz humanitar və ictimai elm­­lər böl­gü­sün­də insan və cəmiyyət bölgüsünə əsas­lanırıq.
Lakin sual olunur ki, insan problematikasına onun fiziki var­lı­ğı, bədəni ilə bağlı məsələlər də aid­dirmi, yox­sa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara gö­rə, in­san bədəni bir təbiət hadisəsi olmaqla, təbiət­şü­nas­lığın pred­me­tinə daxil edi­lir.
Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, di­gər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mü­hüm bir rol oyna­dı­ğı­na görə, həm də humanitar sahəyə aiddir. Bu mə­na­da insanın fi­ziki sağlamlığına xidmət edən sə­hiy­yə sistemi və idman da humanitar sahəyə aid edilə bilər. Maraqlı haldır ki, sə­hiy­yə özü insana xidmət et­mək­lə humanitar mahiyyət daşısa da, tə­babət bir elm sa­hə­si kimi humanitar elmlərə deyil, daha çox də­rə­cə­də təbiətşünaslığa aiddir. Lakin son dövrün prak­ti­kası göstərir ki, təbabət hər halda sa­dəcə təbiət elmi ki­mi qəbul edilə bilməz, çün­ki burada insanın ruhu, psi­xikası ilə və deməli, ümumiyyətlə, hu­ma­­nitar sa­hə ilə sıx bağlılıq vardır.
K.Marks və F.Engels yazırdı: “Harada ki, spe­kulyativ təfək­kür həqiqi həyatla üzləşərək kəsilir, ora­da həqiqi müsbət elm, prak­tik fəaliyyətin, insan­ların praktik inkişaf prosesinin təsviri baş­la­yır”.1 Bəli, antik fəlsəfədən, nəzəri fəlsəfi təfəkkürdən baş­lanmış bö­yük idrak marafonu harada isə gerçək hə­yatın daşlı-kəsəkli yol­la­rında finişə yaxınlaşır, nəzəri modellərlə həyatın reallıqları ara­sın­dakı uyğunsuz­luqlar getdikcə daha çox dərəcədə özünü büruzə ve­rir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in­san hər şeyə san­ki yenidən – sıfırdan başlayır. Bu də­fə insan öz empirik düşün­cə­sini işə salır və sadə həyat məsələlərinin təcrübi dərkindən baş­la­ya­raq nə­zəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.
Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni dərəcədə istifadə etmirlər. Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf səviyyəsi müasir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-təşkilatı infrastruktur, həm iqtisadiy­ya­tın texnoloji strukturu müasir elmin “dilində” yazıl­mış – qurulmuş olmalıdır.
Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazır­lan­­maların texnoloji mənimsənilməsi on­la­rın yeni texnikanın real nümunələrində, yeni tex­no­loji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimental istehsal məhz elmi prosesi sənaye pro­sesinə çevirən halqa olur; həm də elə bir halqa ki, özündə həm el­mi tədqiqatın, həm də isteh­salın elementlərini birləşdirir”.1 Əl­bət­tə, müəllifin elm­dən istehsala gedən yolu keyfiyyətcə fərqli mər­hə­lə­lərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qlaqoleva bu mə­sə­lə­də ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nü­mu­nə­si” və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa söz­lə desək, “nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə istehsal akt­la­rına aiddir.
Elmi kəşfin tətbiq üçün hazırlanması isə əs­lində elmi fəa­liyy­ətdə­n fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv ger­­çək­likdə, təbiətdə olan qaydanın, ahəngin, strukturun aşkar edil­mə­­si və terminlərlə, yaxud riyazi dillə ifadə olunmasıdır. Hal­buki, tət­­biq üçün hazırlanma prosesində insan özünün bildiklərini təbii ma­te­riala transfer etməyə çalışır. Elmi inkişafın ilk dövrlərində alim­­lər hər iki mərhələni özündə birləşdirir və özlərinin hansı isə ide­­yasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır: “Əv­vəl­ki vaxtlarda nəinki Nyuton və Hyu­gens, hətta Maksvell kimi nəzə­riy­­yə­çilər də öz nə­zəri mülahizələrinin eksperimental yoxlanmasını öz­ləri həyata keçirirdilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq üçün təcrübə qoyur”.1 Yəni artıq elmin öz daxilində əmək böl­gü­sü, diferensiallaşma getmiş, yeni bir qayda for­ma­laş­mışdır.
Müasir dövrdə qloballaşmanın və dayanıqlı in­kişaf konsepsi­ya­sının tələblərinə uyğun olaraq müx­təlif elm sahələri arasında qar­şı­lıqlı əlaqə getdikcə ge­nişlənir və elmdaxili inteqrativ proseslər ge­dir. A.D.Ursul “dayanıqlı inkişaf problemlərinin təbii-el­mi, hu­ma­­­nitar, texniki, kənd təsərrüfatı, tibbi və fən­lərarası sahələrin təd­qi­­qat cəbhəsinin genişlənməsi­ni, bioloji və sosial sistemlərin taraz­laş­­ması, habelə yer və kosmosun bütöv sisteminin ayrı-ayrı ele­ment­ləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqa­mətlərdə bir­ləşməsini” yeni dövrün əsas tələbləri ki­mi qeyd edir.1 Onun fik­ri­nə görə, müasir inkişaf mər­­hələsində elm, texnika və texnologiya no­osfer ori­yentasiyasına keçməlidir.2 Belə ki, Yerin təbiətinə ant­ro­­pogen təzyiq azalmalı, noosferogenezin kosmik magistralı for­ma­laşmalıdır.3 Əlbəttə, noosfer ideyası gələcək elmin əsas inte­qra­tiv prinsiplərindən biri ola bilər. Amma elmin məhz hansı isti­qa­mət­də inkişaf edəcəyini birqiymətli şəkildə proqnozlaşdırmaq hələ müm­kün deyil.
İndi bizim elm kimi qəbul etdiyimiz biliklər sistemi, əslində vahid bütöv bir sistem olmayıb, ayrı-ayrı fənlərdə təmərküzləşmiş, strukturlaşmış nisbi müstəqil epistemoloji sistemlər çoxluğu heç də ye­ga­nə mümkün variant deyil.
Əvvəla, bir daha vurğulamaq istəyirik ki, hansı isə vahid elm­dən danışmaq üçün hələ də kafi əsas yoxdur. İndi olsa-olsa ay­rı-ayrı elmlər var ki, bun­la­rın bir qismi o dərəcədə yaxınlaşmışdır ki, on­lar­dan vahid bir sistem kimi bəhs etmək bəlkə də mümkün­dür. Amma bəzən bu elmlərin öz daxilində də elə ay­­rılmalar baş verir ki, dünyanın vahid elmi mən­zə­rə­sindən danışmağın hələ tez olduğu aydınlaşır. Bununla belə, bizi maraqlandıran elmin inkişa­fı­nın indiki məqamında onun bütöv olub-olmaması yox, belə bir bü­tövlüyün, belə bir vahid modelin prin­sipcə mümkün olub-olmaması məsələsidir. Dünya­nın vahid elmi mənzərəsi, “bütöv elm” modeli tə­şəb­büsləri həmişə olmuşdur. Hər bir inkişaf mərhə­ləsin­də alimlər obyektiv gerçəkliyi adekvat əks elətdirən bir model qurduqlarını zənn ediblər. Bəzən hətta bu­nu bir model kimi yox, həqiqət kimi, gerçəyin adek­vat obrazı kimi qəbul ediblər.
Lakin alimlərin “özünü aldatması” sonlu bir ob­razın sonsuz­lu­ğu ifadə edə bilmək iddiası ilə bağ­lıdır. Əslində isə bizim bütün biliklərimiz və min il­lər ərzində elmin əldə etdiyi nailiyyətlər gerçək dün­ya­nın ancaq mücərrəd, ümumiləşmiş, digər tərəfdən isə ad­da-budda, hissələrlə dərkidir. Yəni hələ neçə-neçə elmlər yaranacaq və onlar dünyanın elmi mən­zərəsini nəinki yeni adalar və yarımadalarla, hətta ola bilsin ki, bütöv materiklərlə zənginləşdirəcəklər.
Nəzərə alınmalıdır ki, elm bu dünya­nın də­yi­ş­kənliyini, konkret təzahürlərini yox, ümumilər ara­sında münasibəti, sabit, universal əla­qə­lər sistemini, kon­fiqurasiyanı, maketi öyrənir!
Amma bu, sözün yüksək mənasında və məh­dud çərçivədə elm­dir. Sözün geniş mənasında elm an­­layışına fərqli məzmunlar da da­xil edilir. El­mi­li­yin əsas meyarını ödəməyən, amma insanlar üçün gərəkli olan müəyyən sahədəki biliklərin sistem­ləş­di­rilmiş təq­dimatı da çox vaxt elmlər sırasına daxil edilir. Məsələn, tarix, coğ­rafiya, geologiya, arxeolo­giya, dilçilik (xüsusi dilçilik), ədə­biy­yat tarixi və s. elmin mahiyyəti, elmi həqiqət və elmiliyin meyarları baxımından klassik elmlərdən (fizika, kimya və s.) köklü surətdə fərqlənirlər. Məsələ burasındadır ki, bu tədqiqat sahələri çox vaxt ümumiləri, universal kə­miyyətləri deyil, məkan-zaman baxımından kon­kret hadisələri öyrənir və bu sahədə sadəcə faktiki material (empirik bilik) toplamaqla məşğul olurlar. Məsələn, coğrafi ekspedisiyalar planetimizin insan­la­rın naməlum qalmış guşələrini aşkar etmək və on­ların faktiki təsvirini verməklə məşğul olur. Bu­ra­da­kı kəşflər təbiətin hansısa universal qanun­larının deyil, onun konkret təzahürlərinin müşahidə olun­ma­sı və aşkar edilməsi mənasında kəşflərdir. Eləcə də, əgər geoloqlar hansı isə ərazidə neft, qaz və ya filiz yataqları aşkar edirsə, bu, konkret bir obyektin, bəlli bir kontinium çərçivəsində öyrənilməsidir. Ümu­miləşdirmələr və bu sahədəki ümumi metod­lardan istifadə edilməsi sonrakı mərhələdir. Amma halbuki, geoloji kəşfiyyatla elmi müstəvidəki araş­dır­malar arasında demarkasiya aparılmır. Nəticədə çox vaxt empirik-faktiki yeniliklərlə həqiqi elmi ye­niliklər eyni bir fənnin bərabərhüquqlu tərkib his­sələri kimi dəyərləndirilir. Onu da qeyd edək ki, coğ­rafiyada, geologiyada və təbiətin bilavasitə öy­rə­nilməsi ilə məşğul olan digər sahələrdə elmilik fa­za­sına keçid istər-istəməz fizika, kimya, biologiya ki­mi klassik elmlərlə kəsişmə sahəsində mümkün olur.
Əlbəttə, fəlsəfə, riyaziyyat, məntiq kimi sa­hə­lər də məxsusi mə­nada elmə daxil deyil, lakin on­ların fərqləndirilməsi zərurəti baş­qa səbəbdən ortaya çıxır və biz bu fərqi ayrıca nəzərdən ke­çi­rə­cə­yik. Coğ­rafiyada, arxeologiyada, tarixdə isə ayrıca götü­rül­müş ərazidən, konkret dağdan, çay­dan, şəhərdən, öl­kədən söhbət gedir. Za­man-məkan müəy­yən­li­yi olan bir hadisə təsvir olunur. Bu hələ elm deyil, am­ma öz­lü­yün­də bir dəyərdir. Çünki bu məlumatlar in­san­­lara lazımdır. Müasir nəq­liyyat-kommunikasiya şəraitində bu mə­lu­matlar adi görünə bi­lər; yəni on­suz da hamının bildiyi bir şey ki­mi. Amma vaxtilə bu və ya digər coğrafi obyektin – ərazinin, gö­lün, ça­yın, dənizin kəş­fin­dən söhbət gedirdi. Və bu “kəşf­lər” elmə aid edilməyib, özgə han­sı sahəyə aid edilə bi­lər. Eləcə də bo­ta­ni­ka­da, zoologiyada – ay­rı-ayrı bitki və ya heyvanların “kəşfi”; bu mər­hə­lədə hələ ümumi­lər­dən, növlərdən, hansı isə tendensiya­dan, qa­­nu­nauyğunluqdan söh­bət getmir. Və müasir elmi meyarlar ba­xı­mın­dan bunlar heç biri el­mə aid deyil. Sadəcə faktiki biliklərin top­la­nması mərhələsidir. Son­­ra isə bunların qruplaşdırılması, növ­ləş­di­rilməsi, təsnifatı baş­la­nır ki, bu, artıq ümumiləşdirmədir və bu mə­nada elmə girişdir.
Eləcə də geoloji kəşflər. Söhbət hansı isə kon­kret neft ya­ta­ğı­­nın, qaz və ya qızıl ehtiyatlarının aş­karlanmasından gedir. Yəni ün­­­vanı bəlli olan, kon­kret bir təbii-maddi şəraitdə üzə çıxarılan (başqa bir şəraitdə isə dəyişilməsi prinsipcə mümkün olan), hansı isə iqtisadi və ya siyasi mülahizələrdən, sub­yektiv amil­lərdən asılı olaraq istismar edilən və ya dincə qoyulan yataq­ların texniki şərt­lərinin öyrənil­məsi – bütün bunlar böyük elmin özü yox, elmlə ic­ti­­mai həyat arasında yer alan və yenə də faktiki biliklər əsasında qu­ru­lan elmi-texniki və texnoloji iş­ləmələrdir. Yə­ni bu “kəşflər” əs­lin­də bir o qədər də el­mə aid deyil. Elmə aid olan bu konkret fak­ti­ki materialın ümumiləşdirilməsi əsasında (əgər faktlar ümumiləş­dir­mə üçün yetərli olacaq qədər çoxdursa) əldə edi­lən qanunauy­ğun­luqlardır. Deməli, geoloji kəşfiyyat özü bir elm olmayıb, elm ilə praktika ara­sında, təkcə ilə ümumi arasında mövqe tutur. Tək bir geologiya timsalında da biz dar mənada elmlə onun böyük əhatəsi arasında fərqi görə bilərik. Maraqlı bir analogiya ya­da düşür: şə­hər­lərin əhalisi siyahıya alı­nanda, sözün dar mənasında şəhərin özün­də (metro­polis) və şəhərətrafılarla birlikdə (meqapolis) əhali xey­li dərəcədə fərqli olur. Elmdə “şəhərətrafı”na uy­ğun gələn elmi­lik meyarlarını ödəməsə də, müəy­yən bir elmin yaranmasında işti­rak edən və onun həndə­vərində olan faktiki biliklərdir. Orta mək­təb pro­qram­larında əhatə olunan: coğrafiya, botanika, zo­olo­gi­ya, tarix, ədə­biyyat, dil (konkret bir dil – mə­sələn, ingilis dili və s.), astro­no­miya və demək olar ki, bütün fənlər üzrə ve­ri­lən biliklər bir qay­da ola­raq, müvafiq elmlərin özünü yox, bu “el­mətrafı”, da­ha doğ­rusu, elməqədərki biliklər sistemini əhatə edir. Ancaq yuxarı si­niflərdə “ümumi biologiya”, “ədəbiyyat nəzəriyyəsi” və s. bu kimi fənlər əvvəl keçilənlərin nəzəri ümumiləşməsi kimi təqdim edilir və burada müvafiq elmlərin də əsasları öyrədilmiş olur.
Astronomiyada göy cisimləri; ayrı-ayrı pla­net­lər və onların hərəkəti haqqında müəyyən məlumat­larla yanaşı, həm də müvafiq hərəkət qanuna­uy­ğun­luqlarına dair biliklər verilir ki, bu da elmi əsaslarla elməqədərki biliklərin qatışıq təqdimatıdır. Eləcə də fizika və kimya fənlərində xalis elm yox, bu cür qa­tı­şıq təqdim olunur.
Biz bu misalları ona görə gətirmirik ki, orta mək­təbdə ancaq elm öyrədilsin, əksinə, el­mətrafı bi­liklərin də xüsusi dəyərə malik olduğu və elmin mə­nimsənilməsinə də məhz onlardan başlamaq zə­rurətini vurğulayırıq. Bəzən tarixin, riyaziyyatın, fəl­sə­fənin elm ol­maması haqqında iddia müvafiq sahə­lərin nümayəndələri tərə­fin­dən narazılıqla qarşılanır. Buraya botanikanın, zoologiyanın, coğ­ra­­fi­yanın, ge­o­logiyanın el­mətrafı biliklər sistemini də əlavə edə­rək, su­al qoymaq olar ki, bütün bu biliklərin xalis elm anlayışına uyğun ol­maması onların dəyərini azal­dırmı? Poeziya elm olmadığı üçün heç xiffət eləmir. Eləcə də fəlsəfə. Elmdən daha yüksək olmaq, ya­xud elməqədərki zəruri biliklər sistemi olmaq, ya­xud elmlə yanaşı, in­sanın mənəvi-intellektual dün­ya­sında ayrıca lövbər salmaq nəyə görə əskiklik sa­yılmalıdır? Kim tarixin elmdən daha az əhəmiyyətli ol­duğunu iddia edə bilər? Amma bu başqa məsələ ki, ayrı-ayrı ta­ri­xi hadisələr deyil, bütövlükdə tarixi in­kişafın ümumi qanunauyğun­lu­ğundan söhbət gedə; bu, artıq elmdir, amma ictimai şüur üçün, ye­ni nəslin tərbiyəsi üçün tarixin özü qədər zəruri deyil. Daha doğ­ru­su, elmin belə funksiyaları yoxdur. Biliklər an­caq şəxssizləş­dik­dən, milli-mənəvi dəyərlərdən “tə­miz­ləndikdən” sonra elmə çevrilə bi­lər.
Düzdür, Kun konsepsiyası elmin inkişafında so­sial-mədəni amillərin rolunu nəzərə almaqla fərq­lə­nir. Lakin bu amillər əslində nə­yə təsir göstərir: el­min özünə, elmi yaradıcılıq prosesinə, onun in­fra­strukturuna, təşkilati formalarına, yoxsa daha nələ­rə?!
Elmin inkişafının ictimai mühitlə, siyasi, iqti­sadi və mədəni-mənəvi amillərlə bağlılığı bu inkişaf prosesinin özünə, tempinə tə­sir göstərsə də, onun da­xili məzmununa heç bir təsir göstərmir. Bu mə­na­da neopozitivizmin, postpozitivizmin, tənqidi rea­liz­min və s. Kun tərəfindən məhz sosial determinasiyanın nəzərə alınmaması it­tihamı ilə tənqid olunmasının heç bir elmi əsası yoxdur. R.Karnap, K.Popper və s. elmi biliklərin, təlimlərin və ümumiyyətlə elmin da­xili məzmununun araşdırılması ilə məşğuldur. Sosial amillər isə sta­sionar elmə, Popperin “üçüncü dünya” adlandırdığı elmi biliklər sis­teminə yox, onun hələ formalaşmamış ön cəbhəsinə, elm adam­la­­rına və onların vasitəsilə elmi yaradıcılığın gedişatına təsir göstə­rir. Bu fərqi daha düzgün təsəvvür etmək üçün Əbu Turxanın dün­ya inkişafı üçün irəli sürdüyü daha fundamental bir qanunauyğun­luq­dan çıxış etsək ye­rinə düşər. Belə ki, onun təliminə görə, təbii mü­hit can­lı aləmin təkamülünə təsir edərkən, onların daxili məz­mu­nuna toxunmur. Bir bitki cücərirsə, ona tor­paq, hava, su, işıq la­zım­dır. Yəni bitki onlar vasi­tə­silə təbiətdən qida alır. Lakin bitki­nin daxili məz­mu­nu inkişaf edib nəyə çevriləcəyi bu mühitin ver­di­yi qidadan, onun nə dərəcədə münbit olmasından az asılıdır və ya heç asılı deyil. Çünki bitki öncədən proqramlaşdırılmış daxili məz­mu­na malikdir. Mühit bu proqramın məzmununa deyil, ancaq reali­za­si­ya­sına, daha tez və daha mükəmməl surətdə açılmasına təsir edir. Eləcə də elmin insanlardan asılı olmayan öz ilkin proqramı vardır. Bu proqram əslində təbiətin proqramına adekvatdır. Ona gö­rə də, alimlərin bir qismi onu təbiətdən (təbiətin özündən) oxu­ma­­ğa ça­lışır. Digər qisim alimlər isə onu elm kitabının özün­dən oxu­yurlar. Amma hissə-hissə, ayrı-ayrı cümlə və ya uzaq başı ab­zas həcmində. Amma nəinki bütöv fəsil, heç bir paraqrafı da bir­ba­şa bu kitabdan oxu­maq heç kimə müyəssər olmur. Alimlər ayrı-ay­rı fraq­mentlərdən bütöv mətni özləri quraşdırırlar. La­kin bunun üçün öncə bütöv mətnin ideya istiqa­məti bəlli olmalıdır. Böyük ide­ya və təfərrüatları arasında rabitə yaradılması, hissi təcrübə ilə tə­biətin öyrənil­məsindən qazanılmış biliklərin insanın fəhmlə bir­ba­şa Elm kitabından götürdüyü struktur əsasında dü­zül­məsi və bu za­man ortaya çıxan ziddiyyətlər, uy­uşmazlıqlar və elmi ictimaiy­yə­tin onların aradan qaldırılmasında cəhdləri.
Elm əvvəlcədən yazılmış kitabdır. Və alimlər onu yazmağa deyil, oxumağa çalışmalıdırlar.

Beynəlxalq təsnifat sistemləri


İstənilən əhəmiyyətli bir hadisə və müvafiq an­layış elmin inkişafının müəyyən mərhələsində prob­lemə – düyünə çevrilə bilər və bu düyünün yetişmə­sin­­dən yeni tədqiqat istiqamətləri yarana bilər. Yəni hər bir anlayış potensial düyün olmaqla fənlərarası məkanda yerləşir. 1988-ci ildə YUNESKO tərə­fin­dən qəbul olunmuş fənlərin nomenklatu­rasında1 in­di çox aktual olan bir sıra tədqiqat istiqamətlərinin müstəqil elm sahəsi kimi göstərilməməsi əslində on­ların məhz fənlərarası statusu ilə əlaqədardır. Hə­min təsnifatda ekologiya, sinergetika, kultu­ro­­lo­giya kimi adlara rast gəlməsək də, onları bu və ya digər kon­kret tədqiqat istiqamətinin sistemaltı böl­məsi ki­mi gör­mək mümkündür.
Son illərin bəzi təs­nifatlarında isə bu sahələr müs­təqil elm kimi gös­tə­rilir və şaxə­lən­mə onların öz içə­risində gedir. Mə­sə­lən, “insan eko­­­lo­giyası” daxili bölmə kimi “insan bio­logiyası”­nın, “hey­­­van ekologi­ya­sı” – “zoologiya”­nın içərisinə da­­­­xil edilmiş, ayrıca eko­logiya adında elm isə gös­tər­il­məmişdir.1 Lakin bə­zi başqa sahələr, məsələn, de­moqrafiya böyük el­mi tədqiqat istiqaməti kimi ve­ri­lir və onun müxtəlif elmlərlə kəsişməsində ixtisas­laş­mış demoqrafik prob­lemlər öz əksini tapır. Yəni de­moqrafiya bir ra­kursda tarixin, başqa rakursda iq­ti­sa­diyyatın, yaxud sosiologiyanın və s. alt sahəsi ki­mi göstərilir.2
2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təş­kilatının (OECD) Elmi və Texnoloji Siyasət üzrə Ko­mitəsi (CSTP) elmlərin yeni təsnifat sistemini ha­zırladı.3 Bu təsnifatda elmin son illərdə sürətlə inki­şaf edən bir sıra yeni sahələri nəzərə alınmaqla ya­naşı, əvvəlki fənlərin çoxu yenidən qruplaşdırılmış və müasir zamanla səsləşən yeni versiya hazırlan­mış­dır. Lakin müxtəlif ölkələrin inkişaf səviyyəsi fərq­li olduğundan, hər bir ölkənin öz real sə­viy­yə­si­nə uyğun təsnifatdan və terminologiyadan istifadə et­­məsi əslində daha məqsədəuyğundur. Bununla be­lə, beynəlxalq təcrübə də mütləq nəzərə alınmalıdır. Lap bu yaxınlara qədər Azərbaycanda elmlərin təs­ni­fat sistemləri bir qayda olaraq Rusiyanınkına uy­ğun­­laşdırılırdı. Məsələn, Elmlər Akademiyasında hə­lə də 1986-cı ildə keçmiş SSRİ Elmlər Akademi­ya­­sının qəbul etdiyi “1986-1990-cı illərdə və 2000-ci ilə qədər təbiətşünaslıq və ictimai elmlərin əsas inkişaf istiqamətləri”-nə Əlavə kimi çap olunan “El­mi istiqamətlərin təsnifatı”ndan istifadə olunur.1 Ali At­testasiya Komissiyasında ixtisasların siyahısı da Ru­siyanın AAK-ı tərəfindən qəbul olunmuş si­ya­hı­ya uyğunlaşdırılmışdır.2
Elmin İnkişafı Fondunun istifadə etdiyi təs­ni­fat da Rusiya nümunələri əsasında hazırlanmışdır.3
Lakin biz bəzən elmi istiqamətlərlə elmi sahə­lərin fərqini nəzərə almırıq. Nəticədə “kulturo­lo­gi­ya”­nın elmlər siyahısında olması onun bir elmi is­ti­qa­mət olması ilə qarışıq salınır və hətta “kul­tu­ro­lo­gi­ya elmləri doktoru” kimi heç bir tənqidə döz­məyən elmi dərəcələr verilməsi halları ilə rast­laşırıq. Bizdə bu sahədə olan dolaşıqlıq əslində Ru­siyanın təsiri ilə yaranmışdır. Amma ruslar özü bu adda elmi dərəcə vermir.4
Hazırda Rusiyada elm­lərin və ixtisasların təs­nifatı bir neçə təşkilat tə­rəfindən həyata keçirilir. Bu sırada Rusiya Elmlər Aka­de­mi­ya­sının Ümumru­si­ya Elmi və Texniki İnformasiya İnstitutunun (VİNİTİ)5, Rusiya Fundamental Təd­qi­­qat­lar Fondunun təsnifatı, federal dövlət müəssi­sə­­si olan “Res­publika Tədqiqat Ekspertizası­nın Elmi Məs­­­lə­hət Mərkəzi – Elmi Təd­qi­qat İnstitutu”nun mü­­­­əy­yən etdiyi “Elmi İşçilərin İx­tisas Nomenklatu­ra­sı”, Ali Attestasiya Ko­mis­si­ya­sı – Elmi-texniki in­for­masiyanın Dövlət Rubrikatoru və s. – bunlar ha­mısı 2009-cu ildə Rusiya Federa­si­ya­sının Təhsil və Elm Nazirliyinin təsdiq etdiyi son təs­nifat siste­mində öz əksini tapmışdır.1
Bir daha vurğulamaq istərdik ki, elmi-tədqiqat istiqamətləri və konkret elmi sahələr qarışdırılma­ma­lı­dır. Məsələn, Rusiyanın təsnifat sistemində fizika-riya­ziyyat elmləri ümumi bir istiqamət kimi göstə­ri­lir. Onun nəzdində əvvəlcə riyaziyyat, mexanika və fizika, daha sonra isə hər bir elmin öz daxili sahələri sadalanır.2
Bütün dünyada müxtəlif sahələr üzrə çoxlu say­da nəşr olunan kitabları, jurnalları, dissertasi­ya­la­rı və bir çox digər informasiya daşıyıcılarını (CD, DVD, musiqi, rəsm albomları, xəritələr və s.) qrup­laş­dırmaq, təsnifat etmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Adətən bunun üçün əsasən rəqəmlər­dən, hərflərdən və bəzi simvollardan ibarət kodlar­dan, məsələn, ISBN (International Standard Book Number), ISSN (international standard serial number), УДК, ББК istifadə olunur. Birinci 2 kod beynəlxalq səciyyə daşıyır. Son 2 kod isə so­vet və post-sovet məkanında işlədilən УДК (Уни­вер­сальная десятичная классификация), ББК (Биб­лиотечно-библиографическая классифика­ция) kodlarıdır. УДК bütün dünyada istifadə edilən Universal onluq təsnifat (UOT, yaxud ingiliscə UDCUniversal Decimal Classification) sis­te­minin rus dilində olan variantıdır. Rəsmi nəşr mütləq UDC-ya malik olmalıdır. Bu klassifikatoru olmayan nəşr heç bir qlobal məlumat bazasına daxil edilmir.
Universal onluq təsnifat sistemi XX əsrin əv­və­lində Belçikalı biblioqraflar Pol Otlet və Henri La­fon­ten tərəfindən yaradılmışdır. Bu sistemin əsa­sın­da 1876-cı ildə ABŞ-ın Konqres kitabxansı üçün Mel­vil Diyu (Dewey) tərəfindən işlənib-hazırlanmış Onluq Təsnifat (DDC) sistemi durur. Lakin elm və texnikanın bəzi spesifik sahələrini və onlar ara­sın­da­kı münasibətləri daha dolğun ifadə etmək üçün bu sis­temdə əlavə simvollardan istifadə edilmişdir. UDC sistemi uzun illər boyu beynəlxalq miqyasda tə­kmilləşdirilmişdir.
Hal-hazırda müxtəlif dillərdə hazırlanan UDC-ların çapı ilə məşğul olunan qurumlar Bey­nəlxalq UDC konsorsiumu1 tərəfindən koordinasiya olunur və Elmi və Texniki informasiya üzrə bey­nəl­xalq Şura (International Council for Scientific and Technical İnformation1) ilə sıx əməkdaşlıq edir. Hər bir ölkədə müəyyən qurum UDC cədvəllərinin ha­zır­lan­ması və çapı üzrə eksklyuziv səlahiyyətlərə ma­lik­dir. Məsələn, rus dilində bu materiallar üzrə mo­no­poliya VİNİTİ-yə,2 yapon dilində Yaponiya kitab­xa­nalar assosiasiyasına (Japan Library Associa­tion3), ingilis dilində isə Britaniya Standartlar ins­ti­tu­tuna (BSI GroupBritish Standards Institu­tion4) məxsusdur. İndiyə qədər UDC konsorsiumu elm və texnika üzrə dünyanın 130-dan çox ölkəsini əhatə edən informasiyanı 40 dildə tam və ya qismən şəkildə çap etmişdir.
UDC sisteminin əsasında əsas cədvəl durur. Bu cədvəlin əsas kateqoriyaları bunlardır:



  • 0 Ümumi şöbə

  • 1 Fəlsəfə, psixologiya

  • 2 Din, teologiya

  • 3 Sosial elmlər

  • 5 Təbiət elmləri

  • 6 Texnologiya

  • 7 (İncə)sənət

  • 8 Dil, linqvistika, ədəbiyyat

  • 9 Coğrafiya, bioqrafiya, tarix

UDC sisteminin iyerarxik quruluş prinsipi on­dan ibarətdir ki, yuxarıda göstərilən hər bir bölmə on ye­ni cədvələ bölünə bilər. Hər bir yeni bölgü ərəb rə­qəmləri ilə işarə olunur. Bu iyerarxiya davam et­dikcə insan fəaliyyətinin daha dar sahələrini de­tal­la­rı ilə xarakterizə edə bilən kifayət qədər uzun kodlar yarana bilir.


ISBN (International Standard Book Number) – Ki­­tabın beynəlxalq standart nömrəsidir. Hər bir ki­tab nəş­rinin uni­kal nömrəsi olan bu kod, nəşrin satış şə­bəkələrində ya­yı­mı, kitabxanalar sistemində sax­la­nıl­­ması işini avto­ma­tik­ləşdirməyə, asanlaşdır­ma­ğa xid­­­mət edir. 1966-cı ildə ya­radılan və sonuncu dəfə 2007-ci ildə təkmilləşdirilən ISBN sistemi 13 rə­qəm­­­­li koda malikdir və bu kod ştrix-kod­la uyğunlaş­dı­rılmışdır. 2007-ci ilə qədər nəşr olunmuş kitablar 10 rəqəmli ISBN kodu (ISBN-10), sonra nəşr olu­­nan­­­lar isə 13 rəqəmli (ISBN-13) kod ilə təchiz olu­nurlar.
ISBN nömrələri ISBN abreviaturasından sonra gə­lən defis və ya boş yerlərlə aralanmış 4 və ya 5 hissədən ibarətdir:

  1. GS1 (Global Standard1, əv­vəl­lər EAN International) prefiksi 978 və ya 979 (978 – kitab nəşrinə aiddir);

  2. Qrup (mənsubiyyəti) identifikatoru (dil ey­niy­yəti ilə bağlı dövlətlər qrupu). Beynəlxalq ISBN agent­liyi2 tərəfindən ve­rilir. Bu identifikator 1-dən 5-ə qədər rəqəmlərdən iba­rət ola bilər. Məsələn, 0 və ya 1 – ingilisdilli ölkələri; 2 – fran­sızdilli ölkələri; 3 – almandilli ölkələri; 4 – Yaponi­ya; 5 – rusdilli öl­kə­lə­ri və s. xarakterizə edir; Çoxrəqəmli identifi­kator­la­ra misal kimi qeyd edək ki, Azərbaycanda nəşr olunan ədəbiyyat üçün prefiks – 9952-dir;

  3. Nəşriyyatın kodu. Beynəlxalq ISBN agent­li­yi tərəfindən verilir; Haradasa 628000 nəşriyyat və lokal ISBN agentlikləri Beynəlxalq ISBN agent­li­yin­də qeydiyyatdan keçmişdir; Məsələn, 19 – “Oxford University Press” nəşriyyatına uy­ğun gəlir; “El­sevier”, “Springer” kimi nəş­riy­yatlar isə bir neçə ana­loji kodlara malikdir; Adətən lokal ISBN agent­lik­lərinə və böyük nəşriyyatlara onların ehtiyaclarına uyğun ola­raq ISBN blokları (kodları) verilir;

  4. Nəşrin unikal kodu;

  5. Nəzarət rəqəmi (0-dan 9-a qədər ərəb rə­qəm­ləri və ya X (10-un əvəzinə) rum rəqəmi); Bu, ISBN nömrəsindəki rəqəmlərin düzgünlüyünü yox­la­maq üçün ISBN agentliyi tərəfindən ha­zırlanmış xüsusi alqoritm vasitəsilə alınan top­lum-yoxlama (checksum) rəqəmidir.

Qeyd etmək lazımdır ki, eyni bir kitabın bərk­üzl­ü (hardback) və yumşaqüzlü (paperback) nəşrləri müxtəlif ISBN kodlarına malik ola bilər. Məsələn, bu sətirlərin müəllifinin Stok­holmda 2008-ci ildə çap edilmiş “Philosophy, Science, Culture. Their Peculiarities in the East and the West” kita­bının iki kodu var: ISBN 978-91-976993-2-7 (hard­back) və ISBN 978-91-976993-3-4 (paperback).
Azərbaycanda ISBN agentliyi “Xəzər” univer­si­tetinin nəzdində yerləşir.1
ISSN (International Standard Serial Number) – dövri, davamlı nəşrlərin beynəlxalq standart nömrə­si­dir. Səkkiz unikal rəqəmdən ibarət olan bu nöm­rə­lər həm çap edilmiş, həm də elektron versiyada olan dövri ədəbiyyata aiddir. Həm çap, həm də elektron versiyada olan eyni bir dövri nəşr iki ISSN koda malik olur: print ISSN (p-ISSN) və electronic ISSN (e-ISSN).
Parisdə yerləşən Beynəlxalq ISSN Mərkəzi tə­rə­­fin­dən dövri nəşrlərə verilən ISSN nömrələri defislə ay­rıl­mış iki dörd rəqəmli hissədən ibarətdir.2 Axırıncı rəqəm nə­zarət üçün olan toplum-yoxlama (checksum) rəqəmidir (0-dan 9-a qədər ərəb rəqəm­lə­ri və ya X (10-un əvəzinə) rum rəqəmi) və o da xü­susi alqoritm vasitəsilə hesablana bilər. ISSN kodu beynəlxalq miqyasda yayıla bilən is­tə­ni­lən dövrü mət­buata (jurnal, qəzet, almanax və hətta, elek­tron nəşrlərə – CD, Veb-səhifələrə və s.) şamil edilə bilər.
Baxmayaraq ki, ISBN və ISSN konseptual baxım­dan bir-birinə oxşayır, lakin bunlar arasında fərqlər də var. Belə ki, ISBN kodu ayrıca kitaba və ya dövrü nəşrin konkret nüsxələrinə verildiyi halda, ISSN bütün dövrü nəşrə tam şəkildə şamil edilir. ISBN-dən fərqli olaraq, ISSN kodu anonim xarakter daşıyır: o, nəşrin hansı öl­kədə və ya dildə olduğu və hansı nəşriyyatda çap edildiyi haqda informasiya vermir.
ISSN-ə misal üçün Azərbaycanda “Copernicus Index” tərəfindən qeydə alınmış və “Philosophy Index” tərəfindən referat­laşdırılan humanitar sahədə yeganə jurnal olan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının ISSN nöm­rəsi 1810-9047 -dir.
Qeyd etmək lazımdır ki, Beynəlxalq ISSN Mərkəzi indi dövri nəşrləri yeni formada –ISSN-L (L – linked, yə­ni əlaqəli, bağlı mənasını verir) da qeydiyyatdan ke­çi­rir. Bu onunla əlaqədardır ki, son vaxtlar eyni bir dövrü nəşr mənbəyi müxtəlif üsullarla realizə oluna bilər.

Elmin


inkişaf qanunauyğunluğu

Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin