Sxem 4.
qanunauyğunluqla baş verməlidir. Lakin ayrılıqda yanaşdıqda keçid mərhələsinin kəmiyyət xarakteristikalarını müəyyənləşdirmək olduqca çətindir və buna görə də, əvvəlcə hər iki müntəzəm dövrü əhatə edən ümumi inkişaf qanunu tapmaq lazımdır. Bu halda uyğun riyazi qrafik keçid hissəsini də əhatə edəcək ki, əyrinin həmin hissədəki xarakteri ən çox ehtimala görə, keçid mərhələsindəki qanunauyğunluğu əks etdirəcəkdir. Modelləşdirmənin ən yüksək vəziyyəti də bundan ibarətdir ki, aralıq mərhələlərin qiymətləndirilməsinə imkan yaradır.
Beləliklə, birinci müntəzəm mərhələni eksponensial, ikincini isə yuxarı sərhəddin inkişaf qanuna uyğun şəkildə götürməklə elmin istənilən konkret tərəfinin inkişaf qrafikini qurmaq mümkündür.
Sxem 3-də elmi işçilər sayının ümumi inkişaf mənzərəsini təsvir etməyə çalışmışıq. Burada φ(t) əyrisi ümumiyyətlə adamlar sayının artma qanunauyğunluğunu göstərir. Sxemdə adamların və elmi işçilərin sayı arasında daimi interval saxlanmışdır və bizim fikrimizcə, bu cür fərqin qalması labüddür. Yeri gəlmişkən, qeyd edək ki, bəzi tədqiqatçılar elmin ictimai xarakterini və elm ilə sənət arasındakı fərqi lazımınca qiymətləndirməyərək iddia edirlər ki, gələcəkdə «hər kəs elm sferasında xidmət edəcəkdir».1 Bu fikirlə heç cür razılaşmaq mümkün deyil; bütün adamlar elmi bilik əldə edə bilər və öz fəaliyyətində ondan istifadə edə bilər, həmçinin peşə vərdişlərinin formalaşmasında da elmin nailiyyətlərindən istifadə edilə bilər və bu labüddür, lakin nəzərə alınmır ki, elmi biliklərin və peşə vərdişlərinin öyrənilməsi və istifadə olunması heç də elm sferasında xidmət etdiyini göstərmir.
Elmin yuxarıda təhlil etdiyimiz digər elementləri üçün də analoji qrafiklər qurmaq olar. Lakin məntiqi mülahizələr əsasında verdiyimiz düzəlişi yalnız o vaxt rasionallaşdıra bilərik ki, onu riyazi ifadə edə Bilək. Bunun üçün (2) tənliyində b sabitinin əvəzində sərhəddin dəyişmə qanununu ifadə edən
; z = φ(t); (3)
baxdığımız məsələnin şərtlərini düzgün əhatə edir.*
Elm sisteminin baxılan konkret elementləri üçün mövcud olan yuxarı sərhədlərin də inkişaf etməsi faktı mütləq məhdudiyyətlərin olmaması haqdakı təlimə tamamilə müvafiq gəlir. İnkişafın xarakteri, sürəti, həyatakeçmə formaları dəyişə bilər, inkişaf prosesində bir qanunauyğunlun başqası ilə əvəz oluna bilər, lakin inkişaf bütövlükdə kəsilə bilməz. Əgər bir qrup tədqiqatçı1 elmin müxtəlif komponentlərinin inkişaf sürətinə olan məhdudiyyəti inkişafın özünə olan məhdudiyyət kimi qələmə verirsə, bu yalnız metodoloji qüsurun nəticəsidir, metafizik yanaşma tərzinin təzahürüdür.
Bundan başqa, bütün faktiki materiallar elmin yalnız ayrı-ayrı komponentlərinin (elmi işçi kütləsi, informasiyanın ötürülməsi vasitələri, elm üçün lazım olan xərclər və s.) inkişaf xüsusiyyətlərini əks etdirdiyi halda, tədqiqatçılar aldığı nəticələrin nə üçünsə – heç bir məntiqi əsas göstərmədən, bütövlükdə elm sisteminə aid edirlər. Belə əsərlərdə anlayışlardan o dərəcədə qeyri-müəyyən şəkildə istifadə edilir ki, elm ilə onun müxtəlif tərkib elementləri arasında ümumiyyətlə fərq qoyulmur; guya sistemin hər konkret elementinə xas olan cəhətlər sistemin özünə də xas olmalı imiş. Belə nəticə müasir sistemli yanaşma nəzəriyyəsində müəyyənləşdirilmiş olan metodoloji prinsiplərlə, sistem və onun elementləri haqdakı təsəvvürlə bir araya sığa bilməz.
Elmin ayrı-ayrı elementlərinin saturasiyasına (doyma, sabitləşmə halı) dair fikirlər nəticə etibarilə qüsurlu olsa da (bunun belə olduğunu biz yuxarıda göstərmişik), müəyyən qnoseoloji əsaslara malikdir və bu məsələ haqqında danışılması elmi cəhətdən bəlkə maraq doğura bilər. Lakin bütöv elm sisteminin saturasiyası haqqındakı fikirlər o qədər qüsurlu nəticələrə gətirir ki, bizcə, bu haqda mübahisə etməyə belə dəyməz. Belə ki, elmi inkişafda doyma halı istər-istəməz ümumiyyətlə ictimai tərəqqidə öz əksini tapmış olardı ki, sonuncuda durğunluğun yaranmasını qəbul etmək mövcud dialektik təsəvvürlərə heç cür uyğun gəlmir. Şübhəsiz ki, elmi inkişafda doyma halı elə həmin dövrdə ictimai tərəqqinin dayanmasına ekvivalent deyil, zira ictimai tərəqqi çoxaspektli proses olmaqla cəmiyyətin daxili qrupları arasındakı münasibətlərin də inkişafını əks etdirir. Lakin elmi inkişafda durğunluq yaranmış ictimai inkişafın digər istiqamətlərdə davam etməsinə də mane olardı, zira ictimai qruplar arasındakı ziddiyyətlərin həllinə aparan ən vacib və ilkin hadisələrdən biri məhz elmi-texniki tərəqqidir. Elmin saturasiyası haqdakı fikirlər isə, istər-istəməz gələcəkdə elmi-texniki tərəqqinin də durğunlaşmasını, tükənməsini qəbul etməyə ekvivalentdir, çünki müasir dövrdə elmi-texniki tərəqqidə aparıcı rol oynayan məhz elmin inkişafıdır.
Digər tərəfdən, cəmiyyətin bütün tarixi inkişaf yolu göstərir ki, elmə olan tələbat getdikcə daha çox dərəcədə artmaqdadır və mövcud sosial ziddiyyətlər həll olunduqdan sonra ictimai tərəqqidə ağırlıq mərkəzi qlobal inkişaf xəttinə – elmi tərəqqiyə keçəcəkdir. Hələ bir əsrdən də qabaq K.Marks yazırdı ki, gələcəkdə yekun istehsalın effektivliyi istehsal sferasına sərf edilən əməklə yox, elm sferasına sərf edilən əməklə, elmin ümumi inkişafı və onun texnoloji tətbiq səviyyəsi ilə təmin olunacaqdır. Belə bir dövr hələ tam mənasında gəlib çatmamışdır, lakin ictimai həyatda baş verən bütün dəyişilmələr tarixin məhz həmin istiqamətdə getdiyini göstərir. Və əgər belədirsə, heç bir tutarlı əsas olmadan, yalnız elmin bəzi komponentlərinin inkişafındakı məhdudiyyətlərə – həm də doyma halına yox, yalnız inkişafdakı məhdudiyyətlərə – əsaslanmaqla gələcəkdə elmi inkişafın dayana bilməsi haqqında danışmaq nə dərəcədə qanunauyğundur?
Maraqlı burasıdır ki, başqa aspektdə tədqiqat aparan alimlər də eyni bir səhv nəticəyə – elmin saturasiyasının labüdlüyü qənaətinə gəliblər. Bu cür fikrə ən çox elm sisteminin vacib tərkib hissələrindən olan elmi biliyin tədqiqində rast gəlirik. Yuxarıda araşdırdığımız hallarda olduğu kimi, yenə də bəzi konkret elementlərə aid olan məhdudiyyət bütövlükdə elmi biliyə, hətta elm sisteminin inkişafına şamil edilir: «Daha mürəkkəb hadisə və şeylər sisteminə aid olan faktları topladıqca və onları qanunauyğunluq şəklində ümumiləşdirdikcə, elm (kursiv bizimkidir – S.X.) mürəkkəblik astanasına çatır».1
Elmi bilik səviyyəsinin inkişafında ikinci müntəzəm mərhələnin «doyma» xarakteri daşıması fikri dialektik inkişaf prinsipi ilə uzlaşmır və aşağıdakı qüsurlu mövqelərdən birinə uyğun gəlir:
Cəmiyyət kainatın bütün qanunlarını öyrənir və kainat üzərinə tam hökmran olur ki, daha yeni öyrənmə obyekti qalmır.
Lakin təkcə kainatın sonsuzluğu faktından da məlumdur ki, bu cür öyrənmə mümkün olsa belə, yalnız sonsuz zaman ərzində həyata keçə bilər. Hər hansı sonlu zaman hissəsindəki inkişafa isə qrafikin yalnız ilkin hissəsi – ekponensial hissəsi də uyğun gələ bilər (sxem 3, 4).
Kainatdakı hadisə və qanunauyğunluqların yalnız bir hissəsi dərk edildikdən sonra yerdə qalan hadisələrin öyrənilməsi mümkün olmur.
Bu cür təsəvvür kainatın dərkolunanlığı haqda materialist dünyagörüşünə ziddir və aqnostisizm mövqeyinə uyğun gəlir.
Elmin strategiyası haqda fikirlərin səhv nəticələrə gətirməsi bir sıra tədqiqatçıların nəzərindən heç də yayınmamışdır və ədəbiyyatda bu fikirlərin tənqidinə tez-tez rast gəlmək olar. Bizcə, belə tənqidlərdə əsas məqsəd qüsurlu nəticəyə gətirən səbəbləri araşdırmaqdan və tədqiqatçıların nədə yanıldıqlarını açıb göstərməkdən ibarət olmalıdır.
Lakin, çox təəssüf ki, bu sahədəki tənqidlər olduqca səthi xarakter daşıyır və tədqiqatçıların şəxsi münasibətindən başqa bir şey deyil. Məsələn, M.M.Karpov yazır: «Elmi inkişafda» «sərhəd nəzəriyyəsi» olduqca qüsurludur. İdrak prosesi sonsuzdur, o nə dayana, nə də yavaşıya bilər. Çətinliklər yarandıqda onların aradan qaldırılması yollarını elmin özü tapır…”.1 Yaxud İ.Leyman bu məsələyə münasibətini belə şərh edir: «Bütün bunlar* fərz etməyə imkan verir ki, elmin xalis eksponensial artımı sonsuz olaraq mümkün deyilsə də, doyma halı olmayacaqdır».2 Göründüyü kimi, müəlliflərin etirazı olduqca ümumi xarakter daşıyır və elmin daimi inkişafına sadəcə olaraq ümid bəsləmək kimi səslənir.
İstər elmin yuxarıda tədqiq etdiyimiz komponentlərinin, istərsə də elmi bilik səviyyəsinin sərhəddə malik olması haqdakı fikirlər heç də təsadüfən meydana çıxmamışdır. Müasir tədqiqatlar göstərir ki, insan beyninin informasiya tutumu sonludur və hadisələrin, qanunauyğunluqların çox cüzi hissəsini əks etdirə bilər. Bu haqda L.A.Xursin yazır: «Mürəkkəblik astanasının mövcud olması insan beyninin informasiya tutumu 27 bitlə xarakterizə edilən qısamüddətli hafizəsinə qoyulan məhdudiyyətlərin nəticəsidir».3
Əgər elmi bilik səviyyəsi ayrıca adamların daxili aləmi ilə müəyyənləşmiş olsa idi, elmi biliyin məhdud olduğunu iddia edənlər tamamilə düzgün mövqedə durmuş olardılar. Lakin elmi biliyin inkişafı ümumi istiqamətli inkişafın bir hissəsi olmaqla ictimai prosesdir və hər bir dövrdəki elmi bilik səviyyəsi ayrıca insanın yox, ümumiyyətlə insanın daxili aləmi ilə (cəmiyyətin əldə etdiyi bütün elmi nailiyyətlərlə) müəyyənləşir. Bu barədə K.Marks yazır: «hər cür elmi iş, hər cür kəşf, hər cür ixtira ümumi əməkdir. O qismən müasirlərin əməkdaşlığı, qismən də sələflərin əməklərindən istifadə olunması ilə şərtlənir».1
Dialektik təhlil göstərir ki, ayrıca bir sahədə təkcə ümumiyə nəzərən qabağa gedə bilər və daha dəqiq desək, ümuminin inkişafı məhz ayrı-ayrı təkcələrin irəli çıxması hesabına baş verir. Təkcənin qabağa çıxması heç də əvvəlcə onun ümumiyə çevrilməsini tələb etmir və bu mümkün də deyil. Eləcə də, ümumi insan anlayışına nəzərən təkcə rolunu oynayan konkret insanın hər hansı dar elmi sahədə yenilik etməsi üçün heç də bütün mövcud bilikləri beynində cəmləşdirməsi tələb olunmur.
Qeyd edək ki, hər bir konkret elmin inkişaf aktı yeni biliklərin qazanılması və onların ictimailəşməsi kimi iki müstəqim mərhələyə bölünə bilər və biz bu mərhələlərin hər birində məhdudluq ehtimalını ayrı-ayrı yoxlamağa çalışacağıq.
Yenilikgətirmə (konkretlik üçün birinci mərhələni belə adlandıracağıq) iki yolla olur:
Hələ məlum olmayan (ümumiyyətlə insanın daxili aləmində əks olunmamış) təbiət hissəsi* müəyyən şəraitdə ayrıca insanın daxili aləmində əks olunur ki, sonuncunu mövcud qaydalarla (informasiya vasitələri nəzərdə tutulur) şərhi elmi biliyin ümumi inkişafına gətirir. Belə yeniliklər, bir qayda olaraq, müşahidə və eksperiment yolu ilə əldə edilir və elmin ekstensiv, eninə inkişafını təmin edir.
İnsan özünün, eləcə də cəmiyyətin intellektual bazasında, ictimai hafizədə artıq mövcud olan elementlər arasında əvvəllər məlum olmayan elə əlaqələr yaradır ki, bunların şərhi elmin dərininə inkişafını təmin edir. Belə yeniliklər nəzəri tədqiqat yolu ilə əldə edilir.
Birinci halda müşahidə edilən halın yeniliyini, əhəmiyyətini görə bilmək və onu nümayiş etdirmək üçün ikinci halda isə, analoji əlaqələrdən istifadə edə bilmək və tapılmış münasibəti elmi şəkildə şərh edə bilmək üçün insan uyğun sahələrdə lazımi informasiyaya malik olmalıdır. Hər bir konkret elmi təhlil üçün tələb olunan bu cür sahələr isə insanın ümumi informasiya tutumuna nəzərən çox-çox kiçikdir və deməli, yenilik gətirmək üçün heç də informasiya çoxluğu yox, nəticə çıxarmaq qabiliyyəti – məntiqi təfəkkür tələb olunur.
Məlum fizioloji faktlar da gəldiyimiz nəticəni təsdiq edir. Məsələn, A.Q.Mıslivçenko yazır: «…Əsas məsələ beyinin çəkisində və ya hətta hüceyrələrinin sayında yox, onların arasındakı əlaqənin kəmiyyət və keyfiyyətindədir… Fizioloqların fikrincə, müasir insanın qəbul edə bildiyi informasiya seli və onun araşdırılması məsələsinin həllolunma səviyyəsi yaxın keçmişin müvafiq parametrlərini xeyli aşsa da, insan beyinin imkanlarının yalnız onda birini istifadə edir».1
Sxem 5.
Müəyyən konkret sahədə yenilik gətirmək üçün həmin sahədə artıq əldə edilmiş olan bütün elmi nailiyyətləri, xarakterik terminləri və s. bilmək lazım gəlir ki, buna uyğun gələn məlumat çoxluğu insan beyninin informasiya tutumuna nəzərən xeyli kiçik olsa da, həmin sahədə tam ixtisaslaşmış bilik təşkil edir. İnsanın malik olduğu informasiya ümumi həcminə görə nə qədər böyük olsa belə, heç olmazsa bir yenilikgətirmə aktı üçün lazım olan məlumat çoxluğunu və analoji elementlərini tam şəkildə özündə saxlamırsa, insan elmi inkişafda bilavasitə heç bir rol oynaya bilməz.
Aydınlıq xatirinə fikrimizi sxematik şəkildə də göstərməyə çalışacağıq. Model ikiölçülü məkan fəzasında qurulur, çünki əyani təsəvvürü yalnız bu vaxt yaratmaq mümkündür. Biz də insanın bilik aləminin baxdığımız məsələni təsəvvür etmək üçün kifayət edən sadələşmiş mücərrəd sxemini məhz ikiölçülü fəzada qurmuşuq (Bax: Sxem 5). Sxemdən göründüyü kimi, I insanın məlumat əhatəliliyi geniş olsa da, heç bir elementlər çoxluğunu (nə tipli, nə x tipli, nə də 0 tipli) özündə tam saxlamır. II insanın bilik aləmi isə nisbətən məhdud olsa da () tipli elementləri tam şəkildə əhatə edir və bu ona ekvivalentdir ki, II insan həmin sahədə mütəxəssisdir və ya yaradıcılıqla məşğul olmaq, düzgün elmi nəticələr çıxarmaq üçün yetərli informasiyaya malikdir.
Ayrı-ayrı konkret elmi sahələrdə yenilikgətirmənin mümkünlüyü üçün elmi işçilərin getdikcə daha məhdud sahələrdə ixtisaslaşması prosesi gedir ki, bu da elmin diferensiasiyası adlanır. Yuxarıda göstərdiyimiz kimi, hər bir elmi sahə üçün zəruri olan məlumatlar çoxluğu öz ümümi həcminə görə insan beyninin informasiya tutumunun çox cüzi hissəsini təşkil edir və deməli, sonuncunun məhdudluğu elmi yenilikgətirmə işinə mane ola bilməz.
Digər tərəfdən, elmin diferensiasiyası nəticəsində yaranan çoxlu miqdarda müxtəlif biliklər yekun bir elmi nəticənin əldə olunmasına xidmət edir və bundan sonra onların yadda saxlanmasına ehtiyac qalmır. «Elmin tədrici inkişaf mərhələsi inqilabi çevrilişlə əvəz olunur və bu vaxt yığılmış informasiya çoxluğu tamamilə yeni bir bilik səviyyəsi ilə əvəz olunur».1 Ümumiləşdirici kəşflər əsasında qazanılan yeni biliklər ilkin biliklər silsiləsindən qat-qat yığcam olur. Bu hadisə elmin inteqrasiyasını ifadə edir və elmi informasiyanın konkretləşməsinə səbəb olur.
İnformasiya tutumunun sonluluğundan doğan məhdudiyyət, bəlkə elmi biliklərin artması prosesinin ikinci mərhələsində – qazanılmış yeni məlumatların ictimailəşdirilməsi və nəsildən-nəslə ötürülməsi işində təzahür edir? Hər bir insan üçün maksimal informasiya tutumunun sonlu olması faktı bütövlükdə cəmiyyətə də şamil edilə bilməzmi? Axı, cəmiyyəti təşkil edən adamların sayı da sonludur və iki sonlu vuruğun hasili mütləq sonlu ədəd verməlidir. Onu da qeyd edək ki, bütövlükdə cəmiyyət üçün də informasiya tutumu məhdud olsaydı, elmi biliyin saturasiyası haqqındakı fikir təsdiq edilmiş olardı, çünki elmi yenilikgətirmənin müntəzəm surətdə davam etməsi sayəsində qazanılmış elmi biliklərin miqdarı əvvəl ya axır, istənilən sonlu səviyyəyə gəlib çatmalıdır.
Lakin bu cür mühakimədə belə bir cəhət unudulur ki, cəmiyyət üçün informasiyanın saxlanması vasitələri heç də ayrı-ayrı adamların hafizələrinin məcmuyu ilə kifayətlənmir və bir sıra tamamilə yeni keyfiyyətli tərəfləri də əhatə edir. Bu yeni tərəflər sonsuz tutuma malik olmaqla cəmiyyəti informasiya qəbulunda güman olunan hər cür məhdudiyyətdən xilas edir. Elmi biliyin bu cür saxlanma formalarını məxsusi keyfiyyətlərinə görə iki əsas qrupa bölmək olar:
Cəmiyyət inkişafının ətraf mühitdəki inikası. – Yeni bilik – əldə edilməsindən məqsəd məhz təbiətin məqsədəuyğun surətdə dəyişdirilməsidir ki, bunun sayəsində həmin biliklərin özü olmasa da, nəticələri hazır şəkildə gələcək nəslə çatdırılmış olur*. Beləliklə, dəyişdirilmiş təbiət hissələri elmi biliyin saxlanma formasına çevrilir.
Elmi biliyin məxsusi saxlanma formaları. Buraya biliklərin rəmzləşdirilmiş şəklinin maddi inikasları daxildir. Məsələn, yazı və şərti (həmçinin riyazi) işarələrin (kitab, qəzet, jurnal və müxtəlif cür yazılı əsərlər), model və sxemlərin (müxtəlif qrafiklər, maddiləşmiş modellər), danışıq səslərinin (mühazirə yazılmış vallar, lentlər), surətlərin (foto-kino lentləri) və s.-in maddi şəkildə çoxaldılıb saxlanması bilavasitə biliklərin gələcək nəslə ötürülməsinə xidmət edir. Bundan başqa, bəzi məqsədlər üçün hesablama maşınlarının, kompüterlərin də informasiya tutumundan istifadə edilir ki, bu saxlanma forması konkret elmi tədqiqatlar üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Son dövrlərdə bütövlükdə texnika da elmi biliyin saxlanma formalarından birinə çevrilmişdir və bizcə, bu hadisə elmi-texniki inqilabın ən əsas xüsusiyyətlərindən birini ifadə edir.
Qeyd edək ki, göstərilən vasitələr elmi biliklərin gələcək nəsillərə çatdırılması – saxlanması funksiyasından başqa, həmin dövrdə müxtəlif ölkə və ərazilərin elm işçiləri arasında yayılmasına da xidmət edir ki, elmin ictimai xarakteri məhz bu sonuncunun hesabına mümkündür.
Elmin bütün bəşəriyyət miqyasında öz spesifik virtual məkanının formalaşması eyni problemlər üzrə tədqiqatlar aparan adamların internet vasitəsilə, yaxud beynəlxalq konfranslarda yaradılan əlaqə sayəsində, yaxud həmin dar ixtisas üzrə nəşr olunan elmi jurnal ətrafında “toplanmaq” yolu ilə həyata keçir. Amma hələ ki, elmi ictimaiyyətin real məkanları və bilavasitə əlaqə formaları üstünlük təşkil edir. Biz ilk növbədə elmi kollektivləri nəzərdə tuturuq. Müəyyən ixtisas sahəsi üzrə tədqiqat aparan şəxslərin “real məkanda” birgə fəaliyyəti əsasən “tədqiqat institutları” çərçivəsində həyata keçir.
Elmi tədqiqat institutlarını səciyyələndirən və müqayisə üçün imkan verən cəhətlərdən biri işçilərin sayıdır. Belə elmilikdən kənar bir dəyərləndirmə ənənəsi yaranıb: elmi müəssisələrin, elmi kadrların kəmiyyət göstəriciləri dedikdə, ən çox hallandırılan şöbələrin, laboratoriyaların, eksperimental avadanlığın, elmi işçilərin və köməkçi heyətin, elmi jurnalların, yazılan kitabların və məqalələrin sayı və ya həcmi nəzərdə tutulur. «Keyfiyyət» göstəricisi olaraq isə laboratoriyanın müasir cihazlarla təchizatı, elmi işçilərin arasında elmi dərəcəsi olanların nisbi sayı, yəni faiz göstəricisi önə çəkilir. Halbuki bu sonuncu da sadəcə statistikadır və başqa şkalada kəmiyyət göstəricisidir.
Bu kəmiyyət o zaman keyfiyyət göstəricisinə çevrilir ki, sistem işləyə bilsin. Yəni söhbət müəyyən bir yekun sistemin effektivliyindən gedirsə, burada statistik göstəricilər və ayrı-ayrı lokal proseslər yox, bütöv sistemin iş qabiliyyəti, əvvəldən axıradək baş tutan elmi tədqiqat prosesləri və ən başlıcası, alınan elmi nəticələr və onlara verilən dəyər önəmlidir.
Statistik göstəricisi, daha doğrusu, görüntü çox yüksək ola bilər. Tutaq ki, bir elmi-tədqiqat müəssisəsində 100 nəfər elmi işçi çalışır; bunlardan 60 nəfəri PhD, 25 nəfəri elmlər doktorudur, hətta 5 nəfər də akademik vardır. Bizim meyarlara görə bu – yüksək keyfiyyət göstəricisidir. Amma məsələyə daha konkret yanaşanda, məlum olur ki, əvvəla, institutun hansı problem üzərində çalışdığı bəlli deyil. Elmi işçilərin biri, tutaq ki, Dubnada, o biri Novosibirskdə, üçüncüsü – Tokio Universitetində, dördüncüsü – Malayziya ET Mərkəzində təcrübə keçib və hərə öz mövzusu, tədqiqat metodları və iş üslubu ilə qayıdıb, burada da onu davam etdirməyə çalışır. Amma buna nail ola bilmir: çünki həmin elmi mühit burda yoxdur, ordakı iş üsulu burda işləyə bilmir, ordakı elmi auranı, elmi infrastrukturu burda yaratmaq mümkün olmur. Hərə öz inersiyası ilə bir müddət çalışıb, sonra yavaş-yavaş yumşalır, yerli mühitə qatışır. Əksəriyyət isə Bakıda təhsil alıb müdafiə edənlərdir: onların da öz ənənələri, metodları var: AAK tələblərini daha yaxşı mənimsədikləri üçün formal göstəricilərə əməl etməklə vaxtında dissertasiya işi yazıb müdafiə edib, elmi dərəcə alıblar. Və bu bir nəticə sayılır. Halbuki, elmi dərəcə əlahiddə bir amil olaraq institutda elmi tədqiqat işinin keyfiyyəti üçün göstərici sayıla bilməz. Kimin elmi iş vərdişi daha yüksəkdir və s. bu kimi suallar isə qoyulmur.
Dissertasiya müdafiəsi naminə tədqiqat mövzuları çox vaxt institutun əsas tədqiqat probleminə uyğun gəlmir. Deməli, həm xarici ölkələrdən gələnlər, həm də ölkəmizdə elmi iş yazanların hər biri nə isə bir iş görsə də, onlar vahid bir prosesin hissələrinə çevrilmir, ümumiləşdirici ideyaların yoxluğu üzündən böyük miqyaslı elmi fəaliyyətdən söhbət açmaq mümkün olmur. Pərakəndə tədqiqatlar isə fundamental və ya tətbiqi elmlər üçün faydalı ola biləcək dərəcədə səmərə verə bilmir. Böyük tətbiqlər üçün müəyyən bir mövzu ətrafında bütün spektri əhatə edən böyük miqyasda elmi-nəzəri strukturların canlandırılması lazımdır. Buna isə hər bir tədqiqatçının ayrılıqda gücü çatmaz. Elmi-tədqiqat institutu ayrı-ayrı elmi işlərin və işçilərin sadəcə olaraq toplusu deyil. Elmin səmərəsi o zaman artır ki, daha böyük miqyaslı elmi tədqiqat mexanizmləri işə düşür.
Ümumbəşəri elmin, yaxud lokal elmi strukturların inkişaf mexanizmləri vahid qanunauyğunluq əsasında öyrənilə bilməz. Ona görə də, müasir dövrdə elm sisteminin gerçək sosial-təşkilati formalarının öyrənilməsi və hər bir strukturlaşma üçün müvafiq inkişaf qanunauyğunluğundan bəhs edilməsi daha məqsədəuyğun olardı. Bütövlükdə elm isə hələ ki, abstrakt bir modeldir və biz ən ümumi tendensiyaları ancaq virtual ümumbəşəri elm məkanı üçün aşkar edə bilərik.
Hələ ki, daha çox dərəcədə bir abstraksiya olan vahid ümumbəşəri elm sistemi əvəzinə ayrı-ayrı sahələr üzrə və müxtəlif ölkələrdə elmin real vəziyyətini araşdırmaq və müqayisəli təhlil aparmağa ehtiyac vardır. Lakin elmin inkişaf səviyyəsinə görə ölkələr arasında müqayisə aparılması bir sıra çətinliklərlə bağlıdır. Çünki elm qəti sərhəd bilmədiyinə görə, siyasi sərhədlər oriyentir ola bilmir. Ona görə də müqayisə əsasən elmi ictimaiyyətlər və elmi institutlar arasında daha rahat aparılır. Bəli, müasir dövrün elmi rəqabəti alimlər arasında deyil, “elmi ictimaiyyətlər” arasında gedir. Daha doğrusu, ictimai miqyas almış elmi-tədqiqat prosesləri bu və ya digər bir ölkənin bu proseslərə verdiyi siyasi və iqtisadi dəstəklə də sıx surətdə bağlı olur. Ona görə də elm sanki müxtəlif ölkələrdə müxtəlif miqyas və templə inkişaf edir və elmin sosial inteqrasiyası iki müxtəlif miqyasda həyata keçir. Belə ki, əgər bir tərəfdən müxtəlif ölkələrdəki elmi tədqiqatların əlaqələndirilməsi və nəticələrin “toplanmasına” ehtiyac yaranırsa, digər tərəfdən hər bir ölkə daxilində belə əlaqələndirmənin daha mobil və dayanıqlı formaları yaradılmalı olur. Bu cür proseslər həm də elmin təşkilatlanması və institutlaşması baxımından maraq doğurur. Hər bir ölkədə təşkilatlanmanın optimallığı, effektivliyi, habelə bu təşkilati strukturların – institutların təmin və təchiz olunması işi müvafiq dövlət siyasətinin tərkib hissəsinə çevrilir. Elmin ictimai həyatda rolu artdıqca bütün qabaqcıl ölkələrdə onun prioritetliyi nəzərə alınır. Bu münasibət özünü həm kəmiyyət, həm də keyfiyyət parametrlərində göstərir. Elmin keyfiyyətcə dəyərləndirilməsi çətin olduğundan elmşünaslar çox vaxt müqayisəni kəmiyyət göstəriciləri əsasında aparırlar. Məsələn, ABŞ və Rusiyada elmin vəziyyətini səciyyələndirmək üçün aşağıdakı parametrlər müqayisə olunur: “bu gün Rusiyada 422 min, ABŞ-da isə 3 milyondan artıq alim vardır”.1 Yaxud keçmiş SSRİ ilə müqayisə aparılır: “Sovet İttifaqında 1 milyon 600 min elmi işçi fəaliyyət göstərirdi ki, bunlardan 376 mininin elmi dərəcəsi var idi”2. (Yeri gəlmişkən, bu rəqəm bütün dünyadakı elmi işçilərin 25%-ni təşkil edirdi3). Beləliklə, cəmi 20 il ərzində elmi işçilərin ümumi sayı 1,6 milyon səviyyəsindən xeyli aşağı (Rusiyada – 422 mindir; başqa MDB ölkələrini üstünə gəldikdə, cəm yenə də xeyli kiçik alınır) düşmüşdür. Yaxud: “1990-cı ildə Sovet İttifaqında 8000-ə yaxın elmi təşkilat, o cümlədən 4700 elmi-tədqiqat institutu və konstruktor bürosu olmuşdur. Bunlardan 64%-i sahə elmlərinin, 16% -i akademik institutların, 11 %-i ali məktəb daxilindəki tədqiqat müəssisələrinin və 9%-i zavoddaxili laboratoriyaların payına düşür”4. SSRİ dağıldıqdan sonra elmin səviyyəsinin aşağı düşməsi yenə də rəqəmlərlə ifadə olunur. Belə ki, elmi işçilərin xeyli qisminin inkişaf etmiş qabaqcıl ölkələrə miqrasiya etdiyi göstərilir. Nə qədər təəccüblü olsa da, ABŞ elm fondunun məlumatına görə, oradakı riyaziyyatçıların və nəzəriyyəçi fiziklərin nə az, nə çox, 80%-i keçmiş SSRİ-dən köçənlərdir5.
Professor O.L.Fiqofskinin araşdırmalarına görə, Rusiyanın xarici ölkələrdəki intellektual potensialı bu gün də kifayət qədər böyük bir qüvvədir ki, Rusiya ondan faydalana bilmir.1 2010-cu ildə fizika üzrə Nobel mükafatlarına da rus mühacir alimlərininlayiq görülməsi nəinki təsadüfi deyil, hətta biz deyərdik ki, intellektual miqrasiyanın, “beyin köçünün” və yeni demokrafik vəziyyətin qanunauyğun göstəricisidir.
Vaxtilə SSRİ-də nə kimi bir elmi inkişaf siyasəti aparıldığı haqqında təsəvvürə malik olmaq üçün belə bir statistikanı da xatırlatmaq yerinə düşərdi: “İkinci Dünya Müharibəsindən sonra elmi işçilərin sayının ikiqat atması prosesi Avropada – 15 ildən, ABŞ-da – 10 ildən, SSRİ-də isə – 7 ildən bir həyata keçmişdir.2
Rəqəm göstəriciləri təkcə elmi institutların və elmi kadrların yox, elmi jurnalların və məqalələrin sayında da ifadə olunur. Məsələn, statistik göstəricilərə görə, dünyada təqribən 100 min elmi və elmi-tətbiqi yönlü jurnal nəşr olunur. Bunlardan cəmi 155-i Rusiya Elmlər Akademiyasının payına düşür. Əlbəttə, elmi jurnalların sayı da əhəmiyyətlidir, lakin elmi statistikada daha çox dərəcədə məqalələrin sayı əsas götürülür. Keyfiyyət göstəricisini də müəyyən dərəcədə rəqəmlərlə ifadə edə bilmək üçün bu məqalələrə verilən iqtibasların sayı əsas götürülür. Məsələn, 1993-2003-cü illər arasında ABŞ-da elmi məqalələrin sayı 2 milyon 600 min, İngiltərədə 712 min, Yaponiyada 686 min, Rusiyada isə cəmi 277 min olmuşdur. Göründüyü kimi, Rusiyada məqalələrin sayı qabaqcıl ölkələrələ müqayisədə xeyli aşağı olmuşdur. Biz bu rəqəmləri Y.Qarfild (ABŞ) tərəfindən əsası qoyulmuş Elmi İnformasiya İnstitutu (İnstitute for Scientific İnformation) tərəfindən hazırlanmış məlumatlardan götürmüşük. Daha doğrusu, Rusiyalı tədqiqatçı A.L.Drozdov həmin mənbəyə istinad edir.1 Həmin məlumatdan görünür ki, iqtibasların sayına və hər 10 min nəfərə düşən paya görə müqayisə Rusiya üçün daha acınacaqlıdır. Belə ki, ABŞ-da iqtibasların sayı 31 min, İngiltərədə – 7 min, Yaponiyada – 4.700, Rusiyada isə cəmi 800-dür. Hər 10 min nəfərə görə bu rəqəmlər müvafiq olaraq 1400, 1200, 400 və, nəhayət, Rusiyada 54-dür.2 Azərbaycan isə bu siyahıya ümumiyyətlə daxil edilməmişdir.
Eİİ-nin başqa bir araşdırması da diqqəti cəlb edir: adambaşına düşən illik gəlir ilə müqayisədə məqalələrin və iqtibasların nisbəti aşağıdakı nəticələrə gətirir. Adambaşına illik gəlirin ən çox olduğu ölkələrdə bir qayda olaraq elmi göstəricilər də yüksəkdir. Məsələn, İsveçrə, Kanada, İsveç, İsrail kimi ölkələr də elmi göstəricilərinə görə ABŞ və Yaponiyadan geri qalmırlar. Amma maraqlıdır ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt kimi varlı ölkələr elmi göstəricilərinə görə çox aşağı yer tuturlar.3 Deməli, məsələ təkcə maddi imkanda yox, elmə verilən qiymətdə, düzgün elmi siyasət aparılmasındadır.
Bir cəhət də nəzərə alınmalıdır ki, iqtibas göstəricilərinin elmi işlərin keyfiyyətinə uyğunluğuna tam əmin olmaq mümkün deyil. Belə ki, Eİİ-nin məlumatları əsasən ingilis dilində nəşr olunan jurnalları əhatə edir. Məhz həmin institutun məlumat bazası əsasında hazırlanan dəqiq elmlər üzrə indekslər (SCİ – Science Citiation Index) müəyyən mənada daha etibarlı olsa da, ictimai elmlər üzrə (Social Science Citiation Index) və humanitar elmlər üzrə (Arts& Humanities Citiation Index) indekslər gerçək elmi səviyyələrin müqayisəsini vermək üçün yetərli deyil. Belə ki, ictimai və humanitar elm sahələrində jurnallar çox vaxt milli problematikaya həsr olunur və milli dillərdə çap olunur. Yəni onların elmi dəyəri də daha çox ölkə və bölgə miqyasında aşkar edilə bilər. Bu çatışmazlığı aradan qaldırmaq üçün beynəlxalq miqyasda bir sıra alternativ indeksasiya sistemləri tətbiq olunur. Məsələn, Copernicus İndex sistemi milli dillərdə nəşr olunan jurnalları da ehtiva etməyə çalışır. Fəlsəfi elmlərin xüsusiyyətini nəzərə almaq üçün ayrıca Philosophy İndex sistemi mövcuddur.
Beynəlxalq elmi meyarlar əsasında müəyyənləşdirilən “elmilik səviyyəsi” yenə də ancaq ən qabaqcıl elmi müəssisələr, jurnallar və məqalələr üçündür. Amma bu meyarlar hər bir ölkədə beynəlxalq miqyasa çıxa bilməyən, dünya elminə qatıla bilməyən, bununla belə, ölkənin təhsil sisteminə və maarifçilik işinə dəstək verə bilən və böyük elm üçün kadrların yetişdirilməsində mühüm rol oynayan yerli şəraitin xüsusiyyətlərini nəzərə ala bilmir. Ona görə də, qabaqcıl ölkələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin öz meyarlarına, ekspertiza sisteminə və yerli elmi mühit üçün keçərli ola bilən elmi statistikaya ehtiyac vardır. Yəni elmşünaslıq ikinci eşalon üçün bir qədər fərqli təşkilati formalar və dəyərləndirmə sistemləri təklif etməlidir. Lakin bəzi ölkələrdə real inkişaf səviyyəsinə məhəl qoymadan birbaşa beynəlxalq meyarları tətbiq etməyə təşəbbüs göstərilir ki, bu da gerçəkliyə adekvat nəticələr alınmasına imkan vermir.
Bizim ölkəmizdə elmin vəziyyəti də dünyanın qabaqcıl elm mərkəzləri ilə müqayisə oluna bilmədiyindən, biz ancaq öz səviyyəmizə uyğun ölkələrlə müqayisə oluna bilərik. Buraya məsələn, MDB ölkələri, yaxud türk dünyası cümhuriyyətləri aid edilə bilər. Ya da beynəlxalq statistikadan çıxış etməklə, müəyyən parametrlərinə görə bizim ölkə ilə müqayisə oluna biləcək digər ölkələrdə elmin real durumunun təhlili aparıla bilər.
Bu sahədə indiyədək heç bir addım atılmadığından, bizimkilər kortəbii olaraq özlərini Rusiya ilə müqayisə edir və daha pisi isə budur ki, Rusiyanı özünə nümunə kimi qəbul edir. Halbuki, Rusiyada görkəmli elm mütəxəssisləri elmin günü-gündən tənəzzülə getdiyini, vəziyyətdən çıxış yolu üçün təcili tədbirlər görülməli olduğunu yazırlar.1
İstənilən halda elmin bütün dünya miqyasında ümumi inkişaf tendensiyasını nəzərə almaq lazım gəlir. Biz elmin planetar xəritəsində, habelə inkişaf xətti üzərində öz yerimizi heç olmasa müəyyən təxminiliklə bilməsək, ölkəmiz üçün optimal inkişaf modeli də hazırlaya bilmərik.
Elmin idarə olunması
Dostları ilə paylaş: |