Elm yarandıqdan sonra hər şey zaman-zaman onun qiyafətinə bürünüb səliqə-sahman tapdı və günlərin birində o özünə də öz donluğundan paltar biçmək fikrinə düşdü.
Əbu Turxan
Səlahəddin Xəlilov
Elmşünaslığa
giriş
Bakı – 2010
Elmi redaktor
və ön sözün müəllifi:
akademik
Arif MEHDİYEV
S.Xəlilov. Elmşünaslığa giriş. Bakı, Çaşıoğlu, 2010, 446 səh.
Kitab Azərbaycanda elmşünaslığa dair ilk sistemli tətqiqat əsəridir. Burada elmin mahiyyəti, inkişaf qanunauyğunluqları, bir sosial sistem olaraq xüsusiyyətləri, təşkilati formaları haqqında məlumat verilir. Elmin təsnifat prinsipləri şərh edilir və bir sıra beynəlxalq təsnifat sistemləri təqdim olunur.
Elm adamları üçün nəzərdə tutulmuşdur.
Xəlilov S., 2010
Ön söz
Azərbaycan elmin inkişafına görə islam dünyasında öncül mövqelərdən birini tutsa da, onun inkişaf qanunauyğunluqları, sosial funksiyaları, daha optimal təşkilatlanması haqqında tədqiqat işləri çox azdır. Sovet dövründə Respublikamızın kifayət qədər formalaşmış elmi-təşkilati strukturları olmuşdur və onların əksəriyyəti indi də davam etməkdədir. Bununla belə, elmi tədqiqat işlərinin daha səmərəli olması, ölkəmizin real ehtiyaclarına uyğunlaşdırılması və onların optimal dəyərləndirilməsi üçün elmin özünün elmi əsaslarla öyrənilməsi və bu məqsədlə ilkin sosioloji tədqiqatlar aparılması ən aktual vəzifələrdən biri kimi qalmaqdadır.
Prof. Dr. Səlahəddin Xəlilovun “Elmşünaslığa giriş” kitabı bu sahədə ilk mühüm addımlardan biridir. Əsərin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Belə ki, kitabda, bir tərəfdən, elm ümumi nəzəri müstəvidə təhlil edilir və onun optimal modelləşdirilməsi ilə əlaqədar nəzəri mülahizələr irəli sürülür, digər tərəfdən də, beynəlxalq miqyasda müxtəlif qabaqcıl ölkələrin praktikası əsasında ümumiləşdirmələr aparılır, ölkəmizin spesifikasını nəzərə almaqla konkret tövsiyələr verilir.
Elmin inkişaf qanunauyğunluqlarının araşdırılması onun daxili hərəkətverici qüvvələrinin necə bir təkamül yolu keçdiyini təsəvvür etməyə imkan yaradır. Müasir mərhələdə elm və ictimai həyat arasında əlaqələrin daha məqsədyönlü şəkildə qurulması və tənzimlənməsi, habelə elmi tədqiqat işlərinin stimullaşdırılması, elmin humanitar aspektlərinin nəzərə alınması çox vacibdir. Ona görə də müəllif bütün bu məsələlər barədə mövcud ədəbiyyatın qısa icmalını verməklə yanaşı öz şəxsi tədqiqatlarının nəticələrini də təqdim edir.
Kitabda elmlərin təsnifatına dair irəli sürülən fikirlər, habelə YUNESKO-nun nomenklaturasında öz əksini tapmış olan bir sıra ixtisasların müasir dövrdə kəsb etdiyi yeni məna ilə bağlı verilən tənqidi təhlil də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ali Attestasiya Komissiyasının istinad etdiyi təsnifat sisteminin vaxtaşırı olaraq təkmilləşdirilməsinə də ehtiyac yaranır. Bu baxımdan, dünya praktikasında yayılmış bəzi təsnifatların kitaba əlavə edilməsi də təqdirə layiqdir.
Məlum olduğu kimi, elm insanın şəxsi mənəvi həyatında bilavasitə iştirak etməsə də, onun ictimai həyatını şərtləndirən ən mühüm hadisələrdən biridir. Elmi fəaliyyətin kimlərinsə fərdi intellektual maraqlarını ödəmək üçün əlavə məşğuliyyətdən yüksək dərəcədə təşkilatlanmış sosial sistemə çevrilməsi uzun sürən tarixi bir prosesdir.
Müasir dövrdə elm demək olar ki, bütün digər fəaliyyət sahələri üçün də zəruri bir vasitəyə çevrilmişdir və bu baxımdan onun təsir dairəsi çox genişdir. Bununla belə, təsir sferasının genişliyinə baxmayaraq, elmin özü məxsusi bir fəaliyyət sahəsi kimi lokal səciyyə daşıyır və daha böyük miqyaslı ictimai proseslərlə müqayisədə ancaq kiçik bir sosial qrupu, bilavasitə elmi yaradıcılıqla məşğul olan insanları əhatə edir. Amma elm adamlarının optimal təşkilatlanması üçün bu spesifik fəaliyyətin xarakterinə uyğun olan spesifik təşkilati formalar tapılmalıdır. Bunun üçün isə əvvəlcə elmi fəaliyyətin təbiətini, özünəməxsus cəhətlərini nəzərə almaq tələb olunur. Başqa sözlə desək, həm elmi yaradıcılığın, həm bu yaradıcı fəaliyyətin məhsulu olan yeni elmi biliklərin, həm də elmi fəaliyyətə cəlb olunmuş adamların sosial strukturunun elmin öz metodları ilə öyrənilməsinə böyük ehtiyac vardır.
Kitab məhz bu ehtiyacı ödəmək məqsədinə xidmət edir. Burada elmşünaslığın müstəqil bir fənn kimi formalaşması tarixi izlənir, onun predmeti və məzmununun təkamül yolu nəzərdən keçirilir. Elm haqqında elmin təməlinin qoyulması və bu sahədəki ilk tədqiqatların əsas istiqamətləri nəzərdən keçirilir, ilk mənbələr və onların müəllifləri haqqında geniş məlumat verilir. Qərb alimlərinin bu sahədəki başlıca əsərlərinin və keçmiş Sovet İttifaqında aparılan tədqiqatların qısa məzmunu şərh edilir.
Kitabda indiyədək Azərbaycanda bu sahədə aparılan işlərə də münasibət bildirilmiş və müəllif əvvəlki tədqiqatların nəticələrini də nəzərə almağa çalışmışdır. Lakin təəssüf ki, elmşünaslıq məsələləri ölkəmizdə çox az öyrənilmişdir. 70-80-ci illərdə bu sahədə ilk addımlar məhz bu kitabın müəllifi tərəfindən atılmışdır. Amma sonrakı illərdə o, tədqiqat istiqamətini dəyişmiş və indi yenidən bu problemə müraciət etmişdir.
Əlamətdar haldır ki, bu kitabda müəllif elmşünaslığın əsasını qoyan və onun müstəqil bir fənn kimi formalaşmasında böyük rol oynayan Qərb alimlərinin, keçmiş sovet mütəxəssislərinin əsərləri ilə yanaşı, öz ilkin tədqiqatlarını və digər azərbaycanlı alimlərin bu mövzuya dair araşdırmalarını da nəzərə almaqla, bir növ milli elmşünaslığın təkamül mənzərəsini də canlandırmışdır.
Əsər elmi-tədqiqat müəssisələri, ali məktəblər, sahə institutları və elmlə bağlılığı olan bütün təşkilatların öz işlərini müasir tələblərlə, elmi prinsiplər əsasında qurmaları üçün dəyərli vəsait olmaqla yanaşı, həm də ciddi bir tədqiqat işidir. Belə ki, bu problemlə uzun illərdən bəri məşğul olan prof. S.Xəlilovun tövsiyələri təkcə Azərbaycan üçün deyil, bütün MDB məkanı üçün postsosialist cəmiyyətlərində elmin yeri və rolunun müəyyənləşdirilməsində, elm sahəsində islahatlar aparılmasında qiymətli mənbə hesab oluna bilər.
Dostları ilə paylaş: |