Şərti işarələr: I – Elm; II – Təhsil; III – Mədəniyyət; IV – Maddi istehsal.
Sxem 1.
Elmin bir ictimai sistem kimi cəmiyyətdə tutduğu yeri araşdırmaq istəsək onun ən çox qarşılıqlı əlaqə və vəhdətdə olduğu tərəf-müqabillərinin təhsil, mədəniyyət və maddi istehsal olduğunu görmək çətin deyil. Bu üç sahə öz aralarında da sıx surətdə bağlıdır. Lakin elmin onların məhz əlaqələndiyi sosial məkanda, yəni kəsişmə sahəsində axtarmaq düzgün olmazdı. Çünki elmin özünün də yuxarıda adlarını çəkdiyimiz fəaliyyət sahələrindən heç birinə aid olmayan spesifik, özəl tərəfləri vardır və onun əsl mahiyyəti məhz burada təzahür edir.
Elmin təhsillə əlaqəsinə biz ayrıca bir fəsil həsr etsək də, burada iki müxtəlif əlaqə formasını fərqləndirmək istərdik. Birincisi, təhsil müasir elmin təməlində dayanır; ikincisi, təhsil oturuşmuş elmi biliklərin mənimsədilməsini nəzərdə tutur. Elm üçün təhsil nisbətən məhdud xarakter daşıyır. Belə ki, təhsil alanların ancaq çox az bir qismi gələcəkdə özünü elmə həsr etmək, alim olmaq istəyir. Daha doğrusu burada istəkdən öncə xüsusi istedaddan söhbət getməlidir. Yəni ancaq yaradıcı təfəkkür qabiliyyəti olanlar elmlə məşğul ola bilərlər. Düzdür, elm üçün kadrların seçilməsində konkret meyarlar müəyyənləşdirmək çox çətindir. Ona görə də, bu prosesdə istək amili və onu şərtləndirən sosial mühit də mühüm rol oynayır. Bu mənada elmin sosiallaşması, ictimai mühitdən asılı vəziyyəti ilk növbədə elmi kadrların seçilməsi prosesindən başlanır. Lakin bu prosesə təsir edən amillər içərisində yuxarıda adlarını çəkdiyimiz iki sosial hadisənin: mədəniyyət və iqtisadiyyatın da rolu böyükdür. Maddi istehsal prosesinin səviyyəsi, onun texniki təchizat dərəcəsi, ölkədə yeridilən iqtisadi siyasətin xarakteri elmə sosial sifarişi şərtləndirən əsas amillər sırasındadır. Digər tərəfdən, mədəni-mənəvi mühit, ictimai şüurun səviyyəsi əhalinin mədəni inkişaf səviyyəsində intellektual komponentin nisbi payı və s. bu kimi amillər də elm üçün əlverişli mühitin göstəriciləridir.
İndi nəinki doktorantura və magistraturada, ali təhsilin bakalavr pilləsində, hətta orta məktəbdə də təlimin əsasında elmi biliklər dayanır. Nə vaxtsa usta yanında şagird kimi əməli bilikləri vərdiş hesabına mənimsətməkdən fərqli olaraq müasir məktəblərdə hətta ən adi biliklər də elm prizmasından keçmək şərti ilə öyrədilir. Yəni elm ixtisasdan asılı olmayaraq bütün sahələrdə təhsil üçün baza rolunu oynayır.
Orta məktəbdə mənimsədilən biliklər və düşüncə vərdişləri eyni zamanda intellektual mədəniyyətin formalaşmasına xidmət edir. Bütövlükdə elm sistemi yox, elmi biliklərin ictimai həyatda və müxtəlif fəaliyyət sahələrində yararlı ola biləcək aşağı pilləsi – təməl biliklər mədəniyyətin də tərkib hissəsi olmaqla elm və mədəniyyətin ortaq sahəsini təşkil edir. Buraya biliklərdən başqa düşüncə tərzi də aiddir. Belə ki, elmin artıq neçə əsrlərdir ki, formalaşmış metodları mənimsənilərkən insanlar bu metodlardan öz peşə sahələrində və hətta məişətdə də problemlərin çözülməsində istifadə edə bilirlər. Söhbət düşüncənin daha dəqiq, daha rasional olmasından, mövqeyin əsaslandırılması, arqumentli surətdə izah olunmasından, seçimlərin birtərəfli, mücərrəd, emosional təsirlərdən uzaqlaşaraq kompleks münasibət formasında həyata keçirilməsindən gedir.
Təəssüf ki, elm və mədəniyyət arasında münasibət hələ də yetərincə tədqiq olunmamışdır. Ona görə də bu münasibət özü çox vaxt qeyri-elmi müddəalarla ifadə olunur. Tədqiqatçıların bir qismi elmi bütövlükdə mədəniyyətə daxil etmək, onun komponentlərindən biri kimi öyrənmək mövqeyindən çıxış edirlər ki, bu da məsələnin mahiyyətini düzgün anlamamaqdan irəli gəlir. Məsələn, kulturologiya üzrə Rusiyada buraxılan ensiklopedik lüğətdə elmin tərifi belə verilir: “Elm – təbiət, cəmiyyət və insan haqqında biliklər sisteminin yaradılması üzrə ixtisaslaşmış fəaliyyətlə bağlı olan mədəniyyət sahəsidir.”0 Bu tərifdən belə çıxır ki, elm nə biliklər sistemi, nə də onları əldə etmək üçün fəaliyyət sahəsi olmayıb, sadəcə bu fəaliyyətlə bağlı olan mədəniyyət sahəsidir. Yəni elmi onun elmşünaslıqda qəbul olunmuş anlayışından fərqli olaraq, elmin mahiyyəti ilə bağlı bütün əsas amillər xaricində “izah etmək” təşəbbüsü göstərilir. Halbuki Rusiyanın filosof alimləri bir qədər başqa fikirdədirlər. Yeni fəlsəfə ensiklopediyasında akademik V.S.Styopinin elmə verdiyi tərifdə onun mahiyyəti kimi məhz yeni elmi biliklərin əldə edilməsinə yönəldilmiş idraki fəaliyyətin özü götürülür.0 Kulturoloqların tərifindəki “bununla bağlı mədəniyyət hadisəsi” ifadəsi isə heç nəyi izah etmir.
Yaxud Novosibirskdə buraxılmış “Elm və onun mədəniyyətdə yeri” adlı kollektiv monoqrafiyanın əksər müəllifləri elmi ancaq mədəniyyət çərçivəsində, onun bir komponenti kimi təqdim etməyə çalışırlar. A.N. Koçerginin yazdığına görə, elm də din və əxlaq kimi mədəniyyət hadisəsi olmaqla onun tərkibinə daxildir0. N. N. Semyonova da elmdən bir mədəniyyət hadisəsi kimi bəhs edir və elmi müasir dövrdə mədəniyyətin aparıcı komponenti kimi dəyərləndirir.0 V. P. Tışenko isə elmi mədəniyyətin mərkəzi elementi hesab etməklə yanaşı məsələyə dialektikcəsinə yanaşaraq, mədəniyyətin də elmin mərkəzində olması zərurətini bir prinsip kimi irəli sürür.0
Bütün bu yaxınlaşmalar elm, mədəniyyət və sivilizasiya anlayışlarının müəlliflər tərəfindən düzgün anlaşılmadığını göstərir. Yəni elm olsa-olsa sivilizasiyanın mərkəzi ünsürü və aparıcı qüvvəsi sayıla bilər. Mədəniyyət isə insan həyatının və onun bütün əməli fəaliyyət sahələrinin vacib tərəfi olaraq qazanılmış vərdişlər, avtomatlaşmış (yəni qeyri-şüuri struktur səviyyəsində yerləşərək simasızlaşmış) və ya ictimai şüur səviyyəsində oturuşmuş biliklər kompleksini ehtiva edir. Onun elmlə ümumi cəhəti olsa-olsa bu dərəcədədir. Elmi yaradıcılıq prosesi, elmin metodları və formaları, elmin ön cəbhəsində olan yeni elmi biliklər və s. – bütün bunların mədəniyyətə heç bir aidiyyəti yoxdur. Yaxud məsələyə başqa planda baxsaq, çox böyük bir elm adamı mədəniyyətsiz (yəni, həyatda, məişətdə, sənətə münasibətdə, siyasətdə və s.) və əksinə, elm sferasında çalışmayan, yəni elm sisteminə daxil olmayan hansı isə bir şəxs yüksək dərəcədə mədəni ola bilər. Sonuncuya bütövlükdə elm yox, onun sıravi adam üçün zəruri olan bir sıra nəticələri, adətən humanitar biliklər kifayət edir.
Elmin geniş miqyasda: mədəniyyət və sivilizasiya kontekstində öyrənilməsi elmşünaslığın predmetinə daxil deyil. Belə ki, ictimai şüur səviyyəsində kütləviləşən, intellektual mədəniyyətin tərkib hissəsinə çevrilən oturuşmuş bilik və düşüncə formaları nə vaxtsa elmin məhsulu olsalar da, indi daha elm sisteminə daxil edilmir. Elmşünaslıq daha çox dərəcədə məxsusi elm sistemini öyrənir ki, bura da əsasən elmi yaradıcılığın ön cəbhəsində istifadə olunan biliklər daxildir. Bunlara ixtisaslaşmış elmi biliklər deyilir. Yəni ancaq müəyyən bir dar ixtisas sahəsində bütün bilikləri mənimsəmiş olan və bu bazada yeni elmi biliklərin əldə edilməsi istiqamətində iş görən şəxslər elmi işçi hesab olunurlar. Elmi yaradıcılıq fəaliyyəti də ancaq yeni elmi bilik axtarışı ilə bağlıdır. Məlum elmi biliklərin mənimsənilməsi hələ elm adamı olmaq üçün yetərli deyil. Hər bir alim, əgər o, həqiqi elm adamıdırsa, elmin ümumi xəzinəsinə öz payını verməlidir.
Elm anlayışı
Müasir dövrdə elmin böyük rolunu hamı etiraf edir. Hər bir insan öz şəxsi həyatında elmin bu və ya digər nəticələrindən istifadə edir və elmiləşmiş texnogen mühitsiz insanı təsəvvür etmək mümkün deyil. Lakin bununla belə, insanların böyük əksəriyyəti bilavasitə elmdən uzaqdırlar və hətta elmə qarşı tam bir etinasızlıq şəraitində yaşayırlar. Bu mühit artıq bizimdir. Yeni nəsil bu mühiti hazır şəkildə mənimsəyir və onun üçün o, bir növ təbii mühitdir. Ancaq tarixi aspektdə yanaşdıqda, həyata retrospektiv münasibət zamanı aydın olur ki, vaxtilə nə televizor, nə telefon, nə avtomobil olub. İnsanlar hətta ən böyük məsafələri də ayaqla və ya ən yaxşı halda at və dəvə ilə qət ediblər. Bircə gün elektrik olmayanda, insan həyatı öz normal ritmindən çıxır və dözülməz hala gəlir. Amma biz heç düşünmürük də ki, bu “norma” ancaq son əsrlərdə formalaşıb. Ona qədər isə neçə minilliklər ərzində həyatın başqa normativləri mövcud olub.
Bəli, elmin nəticələri həyatımıza o dərəcədə üzvi surətdə daxil olub ki, biz onlardan istifadə edərkən nə onların əsasında duran elmi ideyaları, nə də bu kəşflərin müəllifi olan elm adamlarını xatırlayırıq. Yəni əslində elm harada isə arxa plandadır. Görüb qurtardığı işləri insanların ixtiyarına buraxıb, indi yeni işlərlə məşğuldur. Cəmiyyət bu yeni işlərdən xəbərsizdir; bu yeni işlər ancaq kiçik bir qisim insanların – elm adamlarının maraq dairəsindədir. Yəqin bir vaxt gələcək, bugünkü elmin nəticələri də ictimai həyatda realizasiya olunaraq elm çevrəsindən kənara çıxacaq və ictimai-təbii mühitin, ikinci təbiətin ayrılmaz tərkib hissəsinə çevriləcəkdir. Və onda bu “yeni işlər” də köhnələcək, elmin ön cəbhəsindən uzaqlaşaraq özünün elmdən kənar həyatını yaşayacaqdır. Yəni texnikada, texnologiyada, istehsalatda və ya hər hansı bir xidmət sahəsində realizasiya olunacaq, özgələşmiş hala düşəcəkdir. Yaxud potensial imkan kimi, sadəcə elmin hələ tətbiq olunmamış, reallaşmamış məhsulu – elmi bilik kimi saxlanılacaqdır.
Necə ki, bulaq qaynayır və getdikcə artan sular axıb dağ çaylarına çevrilir, həm təsərrüfatda istifadə olunur, həm də axıb hansı isə bir göldə və ya dənizdə qərar tapır, eləcə də elmi yaradıcılıq prosesi çağlayan bulağa bənzədilsə, alınan biliklər qismən istehsalatda, təsərrüfatda tətbiq olunur və bununla yanaşı elmi biliklər sisteminə, bilik anbarına qatılaraq gələcək tətbiqlərini gözləyir. K.Popper belə obyektivləşmiş biliklər sistemini “badya” və ya “üçüncü dünya” adlandırır. Daha ümumi şəkildə elmi biliyin saxlanma formalarından söhbət gedir. Amma sual olunur ki, hansı model bunları elm sisteminə daxil etməyə imkan verir? Belə ki, elm dedikdə ancaq elmi yaradıcılıq və yeni elmi biliklərin alınması prosesini nəzərdə tutsaq, elmin nəticələri, obyektivləşmiş elmi biliklər və onların tətbiqi, realizasiyası və s. bu kimi məsələlər elmə daxil olmayacaqdır.
Elmin hansı miqyasda öyrənilməsi “elm” anlayışının hansı mənada götürülməsindən, elm sisteminə hansı struktur səviyyəsinin daxil edilməsindən asılıdır. Belə ki, əgər ancaq müstəqim mənada elmdən, yəni elmi yaradıcılıq prosesindən, yeni elmi biliklərin əldə edilməsindən, elmi kəşflərdən danışırıqsa, onda elmin həm məntiqi-epistemoloji, həm də sosial sistem kimi həcmi minimal olacaqdır. Burada ancaq yaradıcı elm adamlarının, elmi yeni ideyalarla zənginləşdirən alimlərin fəaliyyəti əhatə olunacaqdır. Lakin ilkin elmi biliklər bazası olmasa, elmi kadrların yetişdirilməsi prosesi, yəni elmə yönəli təhsil olmasa, cəmiyyətin elmə sosial sifarişi, elm ilə istehsal arasında körpü olmasa, yüksək dərəcədə təchiz edilmiş laboratoriyalar və zəngin kitabxanalar olmasa heç bir yaradıcı alim tədqiqatla məşğul ola bilməz, yeni elmi kəşflər baş verməz. Deməli, elm sisteminin həcmi ilk baxışda göründüyündən daha genişdir, təkcə yerdən qaynayan bulaq yox, bu suyun yığılıb artması və çaylardan, dənizlərdən buxarlanaraq buludlarda toplanması və daha sonra yağaraq torpağı islatması bütöv bir dövri proses kimi baş tutmasa, bulaq da daha yerin təkindən qaynaya bilməz. Əlbəttə, elmin dövri proses kimi nəzərdən keçirilməsinin suyun dövranı ilə müqayisəsini davam etdirsək, belə bir məqam da diqqəti cəlb edir ki, yağış bilavasitə bulağa, çaya və dənizə də tökülür, amma bunlar su dövranının üzdə görünən qatıdır. Yağış suyu ilə bulaq suyu eyni deyil və onun hasil olması üçün su ancaq yerin dibindən süzülərək və minerallarla zənginləşərək qayıtmalıdır. Məlum biliklərin mənimsənilməsi üçün də nisbətən məhdud bir dövri sistem yetərlidir. Yəni biliklər hansı formada və səviyyədə mənimsənilirsə, həmin forma və səviyyədə də başqalarına ötürülür.
Yeni biliklər əvvəlkiləri sadəcə mənimsəmək, sistemləşdirmək və yenidən qablaşdırmaq hesabına əmələ gələ bilməz. Nə isə yeni bir ideyanın, qanunun, təlimin yaranması üçün onun insan daxili aləminin dərin qatlarından keçərək yeni məzmun və mahiyyətdə üzə çıxması tələb olunur. Burada yenə də dövri prosesin iki müxtəlif qatından danışmaq mümkündür. Biri – problemin insanın intellektual dünyasından keçərək işıqlanması, o biri – kosmik düşüncə sisteminə qatılaraq işıqlanmasıdır. Daha böyük bir dövri prosesin iştirakçısına çevrilmək və bunun sayəsində problemə kosmik zəkanın işığında baxmaq, məlum biliklərin məntiqi təhlili və ümumiləşdirməsi ilə deyil, ilham və vəcd məqamlarında bilavasitə mənimsəmə yolu ilə yeni biliklər qazanmaq. Bu zaman dövri prosesin dərinlik dərəcəsi qeyri-müəyyən olur, çünki rasional idrakın hüdudlarından kənara çıxır.
İndiyəqədərki elmşünaslıq elmi məhz rasional idrak hüdudlarında araşdırmış və müvafiq dövri prosesin sosial strukturunu təhlil etmişdir. Lakin istər təhsil sistemi ilə, istərsə də sənaye və ya xidmət sahələri ilə ortaq sahələrin məhz hansı sistemə aid olması məsələsi açıq qalmışdır.
Elmin müstəqil bir sahə kimi institutlaşması, yoxsa təhsil sisteminin və ya istehsal sahəsinin strukturunda yer alması onun daxili məzmununa təsir etməsə də, tədqiqatların yönünə və xarakterinə təsir göstərir. Fundamental, yoxsa tətbiqi elmlərə üstünlük verilməsi müvafiq sosial struktur və təşkilati birlik formaları tələb edir. Universitetlərin nəzdində əsasən fundamental elmlərə üstünlük verildiyi halda, biznes strukturlarının, istehsal müəssisələrinin strukturunda tətbiqi elmlər üstünlük təşkil edir. Başqa sözlə desək, elmin məzmunu ilə onun təşkilati forması arasında bir uyğunluq olur. Ona görə də, elmin daha optimal təşkili üçün əvvəlcə onun təkcə epistemoloji müstəvidə deyil, həm də sosial müstəvidə öyrənilməsi lazımdır.
Elm anlayışının tədqiqi, elmin bir sistem kimi nəzərdən keçirilməsi, onun inkişaf qanunauyğunluğunun öyrənilməsi son dövrlərdə xüsusi aktuallıq kəsb etmişdir ki, bu da elmin sosial və iqtisadi rolunun müqayisə olunmaz dərəcədə artması ilə əlaqədardır. Təbii ki, bu sahədəki tədqiqat elə ilk mərhələdən sistemli xarakter daşıya bilməzdi və buna ehtiyac da olmamışdı. Bu sahənin tədqiqinə hər dəfə elmin və elmi inkişafın bu və ya digər cəhətini öyrənmək zərurəti yaranarkən, qarşıya çıxan cari tələblərin xüsusiyyətlərinə spesifikasiyasına uyğun olaraq müraciət edilmişdir. Buna görə də müxtəlif aspektlərdəki tədqiqatlar genetik əlaqə ilə birləşməmişdir və xeyli dərəcədə rabitəsiz xarakter daşıyır. Bununla belə, hələ yeganə bütöv tədqiqat şəbəkəsi formalaşmasa da, bu sahədəki mövcud elmi işləri bir neçə başlıca tədqiqat istiqamətində qruplaşdırmaq olar; elmin tarixi, metodoloji, sosioloji, iqtisadi, qnoseoloji və s. aspektlərdəki tədqiqi, həmçinin onun planlaşdırılması və proqnozu probleminin öyrənilməsi – hər biri ayrılıqda nisbi müstəqil tədqiqat sahəsi kimi götürülə bilər. Bu sahələrdən hər birinin inkişafı da nisbi qapalı çərçivə daxilində həyata keçir və digər aspektlərdəki tədqiqatlarla yalnız zahiri tellərlə bağlana bilər. Əslində isə bütöv sistem təşkil edən elmin və elmi inkişaf prosesinin müxtəlif aspektlərdəki tədqiqi də bütöv və sistemli xarakter daşımalıdır. Zira ayrı-ayrı diferensial tədqiqatların istiqamətləndirilə bilməsi üçün tədqiqat predmeti haqqında vaxtaşırı da olsa bütöv təsəvvür əldə edilməsi vacibdir.
Məhz buna görədir ki, son vaxtlarda elmin müxtəlif aspektlərdə öyrənilməsindən alınan nəticələri vahid tədqiqat sahəsində – «elmşünaslıq» (yaxud «elm haqqında elm») adı altında birləşdirməyə çalışırlar.
Elmşünaslıqda daxili tamlıq əldə edilməsi üçün əsas şərt metodoloji əsasların hazırlanması və başlıca fəlsəfi problemlərin həllidir. Çünki elə konkret məsələlər vardır ki, ümumi fəlsəfi təsəvvür əldə etmədən onların həlli qeyri-mümkündür. V.A.Dmitriyenko məhz belə hallardan birini nəzərə alaraq yazır: «Elmin tabe olduğu qanunauyğunluqları aydınlaşdırmadan onun idarə olunması problemini həll etmək ağlasığmazdır»; ona görə də, nə qədər ki, elmin inkişaf qanunları dəqiqləşdirilməyib, onun idarə olunması və planlaşdırılması da tamamlanmamış qalacaq».0
Müasir dövrdə elmin mahiyyətini və inkişaf qanunauyğunluğunu müəyyənləşdirmək zərurəti bütün aydınlığı ilə hiss olunsa da, problem öz ümumi həllini hələ də tapmamışdır. Bununla belə, elmin müxtəlif konkret cəhətlərinin müəyyənləşdirilməsi, onun inkişaf xüsusiyyətlərini əks etdirən çoxlu məlumatlar toplanması qısa dövrdə böyük nailiyyətdir.
Tədqiqat işlərinin bir hissəsi (zahirən fəlsəfi aspekt) bilavasitə elmin mahiyyətinin öyrənilməsinə yönəldilmişdir. Lakin bu tədqiqatlar elmin müxtəlif aspektlərdə öyrənilməsindən alınan nəticələrə əsaslanmaq, onları ümumiləşdirmək əvəzinə, bir-biri ilə əlaqəsiz olan aspektlərdən yalnız birinə çevrilmişdir. Bu cür vəziyyət fəlsəfə ilə digər konkret elmi sahələr arasındakı məlum münasibətə qətiyyən uyğun gəlmir.
Burada əsas tədqiqat prinsipi elmin müəyyən bir xüsusiyyətlərini ön plana çəkmək və onun digər sistemlərlə əlaqəsini bu baxımdan izah etməyə çalışmaqdır. Lakin aşağıda göstərəcəyimiz kimi, elm qeyri-bircins fenomenoloji sistem olduğundan onun mahiyyəti təsadüfi seçilmiş hər hansı xüsusiyyətə görə – bu xüsusiyyət nə qədər əsas olursa olsun – müəyyənləşdirilə bilməz.
Sərlövhəsinə görə elmin metodoloji prinsiplərinə həsr olunmuş əsərlərdə adətən heç də bütövlükdə «elm» sistemi yox, onun tərkib elementləri olan tədqiqat üsulları və elmi yaradıcılıq xüsusiyyətləri öyrənilir. Bununla belə, metodologiyanın müxtəlif elmi sahələr üçün eyni xarakter daşıması elmin müvafiq cəhətləri üçün bəzi ümumiləşdirmələr aparmağa və alınmış nəticələrdən elmşünaslıqda istifadə etməyə geniş imkan yaradır. Lakin çox təəssüf ki, metodoloji tədqiqatların nəticələrindən bütöv elm sisteminə xas olan cəhətlərin müəyyənləşdirilməsi üçün olduqca az istifadə edilir.
Mövcud tədqiqatlar içərisində elmin metodoloji məsələlərinə ən çox yaxın olan sahə onun sistemli baxımdan tədqiqidir. Bundan başqa, elmin tədqiqində tarixilik prinsipinin, həm də tarixi və məntiqi yanaşma üsullarının öyrənilməsi də metodoloji xarakter daşıyır.
Elmin sistemli tədqiqi hazırkı tədqiqat istiqamətləri içərisində nəzəri xarakter daşıması və eklektiklikdən uzaq olması ilə fərqlənir. Əgər bu sahədə elmin mahiyyətinin müəyyənləşdirilməsi üçün hələ ciddi addımlar atılmamışdırsa, bu yalnız həmin sahənin özünün və onun spesifik tətbiq xüsusiyyətlərinin kifayət qədər öyrənilməməsi nəticəsidir.
Sistemli tədqiqat elmin digər aspektlərdəki tədqiqində buraxılan metodoloji qüsurları aşkara çıxarmaq baxımından rasional meyar rolunu oynayır. Məsələn, E.M.Mirski elmin indiyə qədərki təyinlərindən bir qismini sistemli yanaşma ilə müqayisə edərək yazır: «Biz «elm...(biliklərdən, məlumatlardan, birgə axtarışlardan, institutlardan və s. ibarət) sistemdir» tipli çoxlu tərifləri, onlar sistemli yanaşmaya müraciətlə müşayiət olunsa belə, nəzərə almaya bilərik. Məsələ burasındadır ki, bu təriflərdə əslində elementlər təyin olunur və «sistem» termini onlar arasında ümumiyyətlə hansı isə əlaqənin olduğunu göstərir: buna görə də, belə təriflərin quruluşu, sistemli yanaşma haqdakı təsəvvürlərimizə uyğun gəlmir».0 Doğrudan da, müəllif prinsip etibarı ilə tamamilə haqlıdır. Lakin sitatda göstərilən tərif növünü və bu növə daxil olan müxtəlif yanaşma variantlarını təkzib etmək və atmaq üçün təkcə onun sistemli tədqiqatın prinsiplərinə uyğun gəlməməsi faktı kifayət deyildir. Qəti nəticə çıxara bilmək üçün, birincisi tərif növünün formasının qüsurluluğu ilə bərabər belə forma ilə ifadə olunan müxtəlif yanaşma variantlarından hər birinin məzmunca da natamam və birtərəfli olduğu sübut edilməlidir, əks təqdirdə tədqiqatçıların eyni mövqeyi yenidən, başqa formada təkrar etmələri üçün əsas qalmış olur. İkincisi, sistemli yanaşmanın öz ümumi nəzəriyyəsi kifayət qədər dəqiqləşdirilmədiyindən və bu yanaşma bir çox tətbiq sahələrində hələ yoxlanılmadığından təkcə ona istinad edən mühakimələr tam etibarlı sayıla bilməz. Əksinə, hazırkı dövrdə elmə sistemli yanaşmadan alınan nəticələr ümumi məntiqi və tarixi tədqiqatların nəticəsi ilə üst-üstə düşərsə, bu fakt sistemli yanaşmanı yeni bir sahədə də özünü doğrultması baxımından daha çox əhəmiyyət daşımış olar.
Elmin tədqiqindəki birtərəfli mövqelər sadəcə olaraq atılmamalıdır: sistemli tədqiqatda müxtəlif aspektlərdə əldə olunmuş nəticələrin hamısından istifadə edilməlidir. Ayrıca tədqiqat istiqamətlərində bütövlükdə elmin özü olmasa da, onun müxtəlif cəhətləri öyrənilib ki, bunları bilmədən «elm» sisteminin elementlərini təyin etmək mümkün deyil. Elementlər məlum olmadıqda isə həqiqi sistemli tədqiqatdan heç söhbət də gedə bilməz.
Bir sıra tədqiqat aspektlərini və onlardan alınan nəticələri tamamilə nəzərdən atdığına görədir ki, E.M.Mirski «elm» sistemindən danışarkən yalnız bəzi aspektlərin tədqiqat obyektlərini birləşdirməklə kifayətlənir və bununla da, özü birtərəfliliyə yol vermiş olur: «Elm dedikdə bilik və... fəaliyyət nəzərdə tutulacaqdır».0 Buraya, məsələn, elmin material bazası, elmi biliyin saxlanma formaları və sair ünsürlər daxil edilmir, halbuki, yarımçıq əsas üzərində sistemli təsəvvür zəruri tamlıq tələbini ödəyə bilməz.
Bundan başqa, baxdığımız birtərəfli sistemli tədqiqat cəhdində daha bir tədqiqat aspektinin nəzərə alınmaması zəruri sayılır: «...Elmi daha yüksək səviyyəli bir tamın yalnız hissəsi (variantı) kimi götürən modellər də bizim təhlil sərhədlərindən kənarda qalır».0 Belə olduqda elmi bütöv sistem kimi səciyyələndirən xüsusiyyətlər necə öyrənilə bilər? Axı, tədqiqat sistemin təkcə elementlərinin yox, özünün də xassələrinin müəyyənləşdirilməsinə imkan verməlidir.
Tədqiqatımızın sonrakı mərhələsində istifadə edə bilmək üçün yuxarıdakı mühakimələrimizdən alınan iki nəticəni xüsusilə qeyd etmək istəyirik:
a) Sistemli yanaşma metodunun həqiqi tətbiqi zamanı əvvəlcə elmin əhatə etdiyi elementlər müəyyənləşdirilməlidir ki, bu da müxtəlif aspektlərdəki tədqiqatların hamısını nəzərə almaq sayəsində mümkün ola bilər.
b) Bir yox, iki cür sistem öyrənilməlidir: əvvəla «elm» sisteminin özü – onun elementlərindən təşkil olunmuş sistem, ikincisi, elmin bir element kimi daxil olduğu sistem və burada elmin yeri.
Elmin ayrı-ayrı aspektlərdəki tədqiqində bir qayda olaraq onun yalnız müəyyən bir cəhəti öyrənilir; bütöv elm sisteminin tədqiqi isə kölgədə qalmış olur. Məsələn, «elmin tarixi tədqiqi» adı altında, adətən elmin tarixi əvəzinə elmi biliyin tarixi öyrənilir; halbuki, elmi bilik qlobal «elm» sisteminin tərkib elementlərindən yalnız biridir. Və nəzərə alınmalıdır ki, sistemin və onun tərkib elementlərinin nisbi müstəqil surətdə keçirdikləri müxtəlif kəmiyyət və keyfiyyət dəyişiklikləri, inqilabi momentlər və s. zamanca uzlaşmaya da bilər və çox vaxt belə də olur. Nəzərə alınmalıdır ki, sistem üçün ən əsas cəhət məhz onun öz tərkib elementlərindən fərqli olaraq, yeni inteqrativ xassələrə malik olması şərtidir.0
Bununla belə, bu sahədə əldə edilən nəticələr olduqca qiymətlidir və lazımi nəzəri ümumiləşdirmələrdən sonra «elm» sisteminin tədqiqi üçün də zəruri olan bir sıra nəticələr alına bilər. Belə ki, bütöv «elm» sisteminin keçdiyi əsas tarixi mərhələlər yalnız konkret elmi yaradıcılıq xüsusiyyətlərinin, istifadə edilən elmi idrak metodlarının, elmi biliyini toplanma və saxlanması vasitələrinin, informasiya mübadiləsi və s. Cəhətləri müxtəlif dövrlərdə və müxtəlif ictimai-iqtisadi şəraitlərdəki vəziyyətlərinə görə müəyyənləşdirilə bilər.
«Elm» sistemində başlıca özək elementlərindən (sistemin komponentlərini şərti olaraq «özək elementləri» və «əlaqə elementləri» kimi iki qrupa ayıracağıq) birini elmi yaradıcılıq – yenilikgətirmə aktları təşkil edir. Tədqiqatçıların böyük bir qismi məhz bu cəhəti elmin mahiyyəti kimi götürür və elmi öyrənmək istərkən onun yalnız bir tərkib hissəsi olan «qnoseoloji momentləri» («elmi idrak», «elmi yaradıcılıq», «elmi tədqiqat» və s. Bu kimi anlayışların spesifikası, dəqiq məxsusi sərhədləri müəyyənləşdirilmədiyindən biz onların hamısını «elmdə qnoseoloji momentlər» adlandırırıq) tədqiq olurlar. Bu aspektdə olduqca müxtəlif mövqelər vardır və onları elmin tərifi kimi qəbul etmək mənasızdır, lakin bu yanaşmaların hər birində müəyyən bir qnoseoloji moment ön plana çəkilir və onların təhlili bütöv «elm» sistemində və ayrıca elmi yaradıcılıq aktlarında bu momentlərdən hər birinin dəqiq yerini müəyyənləşdirməyə şərait yaratmış olur.
«Elm» sisteminin dəqiq mənzərəsinin məlum olmaması elmi idrak kateqoriyalarının mahiyyətinin müəyyənləşdirilməsi üçün də çətinlik törədir. Məsələn, P.V.Kopnin yazır: «Hipotez – elmin inkişaf formasıdır».0 Aydın məsələdir ki, burada «elm» sözü bir istilah kimi işlənmiş və yalnız «konkret yaradıcılıq aktında «elmi fikir» ifadəsini əvəz etmişdir. Belə misallardan çox gətirmək olar. Lakin, nə qədər ki, elm bir sistem kimi müəyyənləşdirilməyib, bu cür qeyri-müəyyən şərhlər müəlliflərin təqsiri kimi deyil, obyektiv zərurət kimi qiymətləndirilməlidir.
«Elm» sisteminin hər hansı bir cəhətinin başqa sərlövhələr altında da olsa öyrənilməsi elmin kompleks tədqiqi üçün material verdiyindən kitabda elmin qnoseoloji aspektinin tədqiqindən alınan bəzi nəticələri də nəzərə alacağıq.
“Elm” anlayışının mahiyyətinin tədqiqində birtərəfliliyə yol verməmək üçün yeganə düzgün üsul məsələnin kompleks surətdə öyrənilməsidir. Bu zaman əsas tutacağımız metodoloji prinsip elmi mürəkkəb, qeyri-bircins sistem kimi qəbul etməkdir. Bu cür yanaşma halında sistemin mahiyyəti onun daxili strukturu ilə paralel şəkildə öyrənilməli olur; belə ki, bu amillərdən birinin məlumluğu digərinin tədqiqi üçün başlıca şərtdir. Elmin strukturunun müəyyənləşdirilməsi sahəsində əldə edilmiş ən kiçik nailiyyət onun mahiyyətinin tədqiqi işinə böyük təkan vermiş olur və əksinə.
İstənilən məsələnin tədqiqi iki zahiri yolla şərh oluna bilər: 1) baxılan hadisəni öz obyektiv gedişində təsəvvür etmək, tədqiqatçının müdaxiləsini “nəzərə almaq”; 2) hadisədəki qanunauyğunluqları onların öyrənilməsinə uyğun gələn idrak prosesi ilə birlikdə şərh etmək.
Bu iki üsul arasındakı fərqi biz ona görə zahiri adlandırırıq ki, tədqiqatın öz xüsusiyyətlərini, istifadə olunan metodları şüurlu surətdə dərk etmədən məsələni müvəffəqiyyətlə öyrənmək mümkün deyil.
Bizcə, hər iki şərh üsulunda nəticələrin üst-üstə düşməsini yoxlamaq tədqiqat işi üçün əsas meyarlardan biridir. Buna görə də, “elm” sisteminin mahiyyətinin öyrənilməsini “elm” anlayışına tərif verilməsi ilə, onun strukturunun tədqiqini isə anlayışın əhatə dairəsinin təyini ilə müqayisə etmək olduqca maraqlıdır. Hər bir anlayış digər anlayışlarla ortaq əhatə sahələrinə malik ola bilər. Bu isə o deməkdir ki, “elm” sisteminin əhatə etdiyi elementlərdən bəziləri digər sistemlərə də aid ola bilər. Məsələn, “elmi bilik” anlayışı “elm” və “bilik” anlayışlarının əhatə dairəsinin kəsişmə sahəsinə müvafiq gəlirsə bu faktdan “elm” və “bilik” sistemlərinin qarşılıqlı münasibətinin tədqiqində istifadə etmək olar və lazımdır. Məhz bu cür yanaşma halında elmin birtərəfli qiymətləndirilməsi halları aradan qalxmış olur. “Elmi bilik” anlayışından başqa, onlarca ortaq əhatəli anlayışlar vardır ki, onların hər biri “elm” sisteminin müvafiq qarşı sistemlə birlikdə malik olduğu ümumi sahəni göstərir. “Elmi tədqiqat”, “elmi idrak”, “elmi əsər”, “elmi müəssisə”, “elmi laboratoriya” və s. bu kimi anlayışlara “elm” sisteminin çox vacib tərkib elementləri uyğun gəlir. Lakin sistemin strukturunu müəyyən edərkən bir cənnəti də nəzərə almaq lazımdır ki, “elmi” predikatı ilə müəyyənləşən bu cür hadisələrin bəziləri bir-birini əhatə edir. Buna görə də, sistemin makrostrukturu və mikrostrukturu təyin edilərkən eynitərtibli elementlər kompleksi seçmək lazım gəlir və ya quruluşun çoxpilləli xarakteri nəzərə alınmalıdır.
“Elm” – mürəkkəb sosial sistemlər qrupuna daxil olmaqla müxtəlif mənşəli elementlərin dialektik məcmuyunu əks etdirir. Buna görə də yəqin ki, elmin tədqiqi də çoxaspektli olmalıdır. Lakin “elm” sisteminin makrostrukturunu müəyyənləşdirmək və onun əhatə dairəsini təxminən də olsa sərhədləndirə bilmək üçün indiyə qədər öyrənilmiş olan faktlar da yetərli ola bilər.
Yuxarıdakı təhlildən göründüyü kimi, “elm” anlayışının mövcud təriflərindən heç biri sosioloji nəticələrin genetik yolla alınmasını əhatə etmir və buna görə də, elmdə sosioloji rakurs yalnız zahiri əlamətlərə görə və ya faktlar toplusu kimi müəyyənləşdirilir. Elmə təkcə qnoseoloji aspektdə yanaşanlar yox, onu ictimai fəaliyyətin bir növü kimi qəbul edənlər də elmin sosioloji problemlərinin genetik mahiyyətini öyrənməyə nail ola bilməmişlər. Buna səbəb isə belə yanaşmanın birtərəfli olmasından daha çox, həddindən artıq qeyri-müəyyən olmasıdır. Elmdə sosioloji məqamların genetik şəkildə müəyyənləşdirilə bilməsi üçün elmi fəaliyyət bütün konkretliyi ilə, həm də bütün inkişaf tarixi boyunca öyrənilməlidir. Bu cəhət elmin sosioloji və tarixi aspektlərdəki tədqiqinin ayrılmazlığını ifadə edir.
Tarixi tədqiqat baxılan hadisənin ictimai tərəqqi fonunda öyrənilməsini tələb edir. Əks halda bu cür tədqiqatın heç bir faydası olmazdı, zira bizə lazım olan yalnız səbəbiyyət əlaqəsini öyrənməkdir. Konkret faktların xronoloji ardıcıllığını öyrənmək tarixi tədqiqat üçün yalnız hazırlıq mərhələsi ola bilər: “Texnika tarixinin xronoloji və coğrafi ardıcıllıqla incəliklərinə qədər, çoxcəhətli və maksimum dərəcədə konkret şərhi tarixi hadisələrin düzgün araşdırılması və ümumiləşdirilməsi üçün əsas bazadır”.0
Tarixi yanaşma metodunun məğzi də məhz bu “araşdırma və ümumiləşdirmə” mərhələlərində öz əksini tapır. Faktların xronoloji düzülüşündən ibarət olan tarix sonrakı tarixi tədqiqat üçün yalnız ilkin hazırlıq rolunu oynamış olur.
Beləliklə, elm və texnika tarixi baxımdan, yəni onların əhatə etdiyi müxtəlif konkret hadisələrin xronoloji düzülüşü ilə yox, bütöv “elm” və “texnika” sistemlərinin özlərinin müxtəlif dövrlərdəki vəziyyətlərinə, daha geniş əhatəli proseslərdə bir tərkib elementi kimi tutduqları mövqelərə görə öyrənilməlidir. Elmin tarixi tədqiqində nə Kepler qanunlarından, nə Darvinin təkamül nəzəriyyəsindən, nə radioaktivliyin kəşfindən, nə də Eynşteynin nisbilik nəzəriyyəsindən danışmağa ehtiyac vardır.
Ziddiyyətli görünmürmü? Sistemin daxili quruluşunu nəzərə almadan onun inkişaf prosesini necə öyrənmək olar? Belə çıxmırmı ki, bu cür yanaşma inkişaf prosesini yalnız xarici əlamətlərə görə təyin edərək, daxili hərəkətverici qüvvəni, baxılan sistemin daxili quruluşunu nəzərə almamaq deməkdir? – Xeyr, əsas məsələ sistemin quruluşunu və onun inkişaf mənbəyini düzgün təyin etməkdədir. Elm və texnikanın inkişaf tarixi bu sistemlərdəki daxili ziddiyyətlərin həlli prosesi kimi başa düşülür. Qüsurlu olan isə elm və texnikanın daxili quruluşunu, məntiqi strukturunu ayrı-ayrı elmi və texniki nailiyyətlərin məcmuyu kimi başa düşməkdir.
Tarixi tədqiqat üçün ilkin zəruri amillərdən biri də baxılan sistemin məntiqi strukturunun məlumluğudur. Bu tələb dialektikada yaxşı məlum olan tarixi ilə məntiqinin vəhdəti prinsipini ifadə edir. Nə elmi, nə texnikanı, nə də onların qarşılıqlı münasibətini bu metodlardan təkcə biri ilə öyrənmək olmaz. Tarixi tədqiqat hadisəni ictimai tərəqqi fondunda öyrənməyə imkan verdiyi kimi, məntiqi təhlil də onun ümumi mənzərəsini yaratmağa, daxili quruluşunu və hərəkətverici qüvvələrini müəyyənləşdirməyə imkan verir.
Elm və texnikanın tarixi rolunu, sosial-genetik mənşəyini və inkişaf xüsusiyyətlərini təyin etmək üçün onlara biliklərin və qurğuların stasionar məcmuyu kimi deyil, fəaliyyətdə olan sistem kimi baxmaq lazım gəlir. Bu sistemlərin əsas hərəkətverici qüvvəsi isə insandır; həm də müəyyən zəruri biliyə, əmək və tədqiqat vərdişlərinə malik olan insan – elmi işçi və ya texnik. Elmi və texniki inkişaf heç də səlt proses olmayıb, ayrı-ayrı konkret fəaliyyət aktlarının toplusu kimi mövcuddur. Belə konkret fəaliyyətlərin hər biri isə müəyyən bir fərdin və ya fərdlər qrupunun hesabına mümkün olur. Fərd özlüyündə elmi işçi və ya texniki işçi olmaqdan başqa, eyni zamanda insandır, şəxsiyyətdir. O, öz bioloji varlığını saxlamaq üçün yeməli və geyməlidir, bir şəxsiyyət kimi isə ictimai münasibətlər sferasına daxildir. Məhz buna görə də, elm və texnikanın inkişaf xüsusiyyətləri ictimai tərəqqinin müvafiq mərhələdəki vəziyyəti ilə şərtlənir.
Sosial mühitin təsiri təkcə elmi və texniki işçilərin ictimai vəziyyətlərinə olan təsir ilə kifayətlənmir. “Elm” və “texnika” sistemlərinin daxili quruluşuna həm də müxtəlif təchizat vasitələri (binalar, laboratoriyalar, eksperimental vasitələr, kitab və jurnal buraxılışı üçün ləvazimat – bütün bunlar üçün isə milli gəlirdən pay) daxildir ki, onların təşkili və idarə olunması bilavasitə mövcud sosial şəraitlə bağlıdır. Bundan başqa sistemdə əsas ünsürlərlə yanaşı əlaqə ünsürlərinin də olması vacibdir, zira sistemin daxili tamlıq şərti yalnız bu vaxt ödənilə bilər. Doğrudan da, “elm” və “texnika” sistemlərində əsas ünsür rolunu oynayan elmi və texniki işçilərlə yanaşı, çoxlu sayda köməkçi, əlavə işçilər (məsələn, inzibati işçilər, xidmətçilər, təsərrüfat, mühasibət və dəftərxana işçiləri və s.) də mövcuddur ki, sistemin sosial tamlığı yalnız bu ünsürlərin vasitəsilə mümkün olur.
Köməkçi işçilərdən heç biri konkret elmi və texniki nailiyyətlərin əldə olunmasında iştirak etmir. Və yəqin buna görədir ki, indiyə qədər onların müvafiq sistemlərdəki mövqeləri tədqiq olunmamışdır. Lakin təcrübə göstərir ki, köməkçi işçiləri – əlaqə ünsürlərini daxil etmədən elm və texnika sistem kimi öyrənilə bilməz.
Köməkçi işçilərə tələbat müasir dövrün xüsusiyyəti olsa da, mahiyyət etibarilə xeyli qədim köklərə malik olub, zehni və fiziki əmək bölgüsü ilə sıx surətdə bağlıdır.
Konkret elmi və texniki fəaliyyət zehni və fiziki əmək bölgüsündən əvvəl də mövcud olmuşdur. Bu dövr üçün xarakterik olan cəhət ondan ibarətdir ki, adamlar elmi və texniki işlə əlavə bir iş kimi – öz maddi ehtiyaclarını ödədikdən sonra məşğul olmuşlar. Zehni və fiziki əmək bölgüsü hər bir fərdin öz daxilində getmişdir. O dövrdə elm fərdlərdə qapanan sistemlərin rabitəsiz toplusu kimi təsəvvür oluna bilər.
Lakin o vaxtdan ki, bəzilərinin topladığı məhsul başqalarının da təminatı üçün kifayət edibdir, həmin başqaları «əlavə işlərlə» məşğul olmaq imkanı əldə ediblər. «Əlavə işlər» isə ən çox elmdən, incəsənətdən və texniki vasitələr hazırlanmasından ibarət olub. Bu hal yeni əmək bölgüsünə uyğun gəlir və “elm” və “texnika” sistemləri də müvafiq keyfiyyət dəyişilmələri keçirirlər. Məsələn, konkret elmi və ya texniki fəaliyyət indi artıq bir fərd çərçivəsində tamamilə qapana bilmir, belə ki, elmi işlə məşğul olan hər bir fərd öz maddi təminatı baxımından başqasından asılı olur. Deməli, elmi və ya texniki fəaliyyət sosial xarakter alır.
Müasir dövrdə – kollektiv fəaliyyət dövründə elmi iş daha bir sıra yeni keyfiyyətlər kəsb edir. Artıq işçilər nəinki təkcə maddi təminat və ya hər hansı kənar amillər baxımından başqalarının fəaliyyətlərindən asılı olurlar (bilavasitə istehlak şeyləri istehsalı və dolayısı istehsal), həm də konkret fəaliyyət özü də fərdlər çərçivəsindən kənara çıxır, “başqalarından” asılı olur. Sistem adamlara nəzərən tam qapanma imkanını tədricən itirir. Daha yalnız nisbi qapalılıqdan söhbət gedə bilər.
“Elm” və “texnika” sistemlərinin getdikcə genişlənməsi əsasən iki başlıca amil hesabına baş vermişdir:
1. Konkret tədqiqat işləri artıq əməli bilik çərçivəsində aparıla bilmir və digər tədqiqatların əldə etdiyi ilkin elmi nəticələrə əsaslanmaq lazım gəlir. İnformasiyanın yayılması prosesi sürətləndikcə ilkin məlumat toplusunu getdikcə daha geniş ərazilərdən və daha çox təfərrüatı ilə öyrənmək mümkün olur və bu proses, nəhayət, bütün planet miqyasında yayılır (indiki dövr).
2. Mövcud elmi məlumatlar əsasında belə, müəyyən nisbi qapalı fəaliyyət aktını həyata keçirmək mümkün olmur və bu hal kollektiv tədqiqatı zəruriləşdirir.
Kollektiv tədqiqatın (laboratoriyalar, institutlar, müxtəlif elmi təşkilatlar və s.) «elm» sisteminə gətirdiyi yeni tipli keyfiyyət dəyişikliyi sistemin nisbi tamlığını qorumaq üçün elmi fəaliyyətdə iştirak etməyən «köməkçi işçilərin» də bu sistemə daxil olmasıdır. Bu cəhəti biz ona görə xüsusilə qeyd edirik ki, o nəinki təkcə elmin və ya texnikanın, həm də ümumiyyətlə bütün mücərrəd sistemlərin ictimai aspektdə öyrənilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Konkretlik üçün yalnız elmi institutlardakı vəziyyəti təhlil etməyə çalışaq. Burada elmi işçilər yalnız elmi fəaliyyətdə bulunurlar. Bəs qalan işlər? İnstitut binasını başqaları tikir, cihazları başqaları qəbul edir, başqaları yerləşdirir, işə götürmək, işdən çıxarmaq, ezamiyyət vermək, müxtəlif sənədləri tərtib etmək, maaşları gətirmək, paylamaq və s. bu kimi işləri başqaları görür… Bütün bu «başqalarsız» kollektiv fəaliyyət mümkün deyil. Lakin bu hal başqalarının baxdığımız elmi tədqiqat sistemi ilə yanaşı «elm» sisteminə də daxil olmasınımı göstərir? Bizcə, hələlik buna tam əsas yoxdur. «Başqaların» «elmi tədqiqat» sisteminə, baxdığımız halda instituta, daxil olması ən çox onların elmi işçilərlə bilavasitə qarşılıqlı münasibətdə olması ilə bağlıdır. Bu halda sistem həm də nisbi qapalı münasibətlər sferası ilə müəyyənləşir. Əgər belə olmasaydı, onda elmi tədqiqat sisteminə daha çox elementlər daxil etmək lazım gələrdi və əslində bəlkə də heç bir sistemdən söhbət gedə bilməzdi, zira sistem təşkil etmək müəyyən tələblərlə şərtlənir.
Məsələn, elmi işçilər üçün zəruri olan istehlak şeyləri olmasa, elmi tədqiqat da əsla mövcud ola bilməzdi. Lakin biz bu istehlak şeylərinin istehsalı prosesini və ya müvafiq istehsalçıları elmi tədqiqat sisteminə daxil etmirik və bu zaman qəbul olunur ki, elmi işçilər pul qazanmaqla özlərini təmin etmiş olurlar. Konkret elmi tədqiqat sisteminə daxil olan cəmi bir element – maaş bütün istehlak məsələlərini təmsil edir ki, bu da baxdığımız sistemin başqa əlaqədar sistemlərə nəzərən nisbi müstəqilliyini təmin etmiş olur.
Zehni və fiziki əmək bölgüsü ümumi şəkildə xeyli qədim tarixə malik olsa da, konkret elmi fəaliyyətlərin nisbi qapalı sistem səviyyəsinə qədər yüksəlməsi prosesi hələ heç də bütövlükdə həyata keçməmişdir. Optimal elmi siyasət yeridildikdə alimin şəxsi və ictimai həyatda ehtiyacları ilə əlaqədar məsələləri dövlət özü həll edir və elmi işçilərin bu məsələlərə vaxt itirməsinə ehtiyac qalmır. Əks halda elmi işçilər, incəsənət xadimləri və s. öz əsas peşələrindən başqa, həm də özlərini dolandırmaq haqqında düşünməli olurlar. Bu hal indi kapitalizmdə qismən mövcuddur. Belə ki, elmi işçi öz yaşayışı üçün lazım olan gəliri başqa sahələrdə yox, məhz elmi sahədəki fəaliyyəti ilə qazana bilər. Lakin bu qazanc haqqında hər halda düşünmək lazım gəlir və o həmişə eyni miqdarda olmayıb, bəzən təsadüflərdən də asılı olur. Nəticədə elmə müstəqil sistem kimi baxmaq mümkün olmur. Tarixi tədqiqat göstərir ki, indiki dövrdə konkret elmi fəaliyyətin iki müxtəlif inkişaf səviyyə-sinə uyğun olan formaları paralel şəkildə mövcuddur. Yəni elmi iş həm peşə, vəzifə kimi, həm də ancaq mənəvi-intellektual ehtiyac kimi bəzi alimlər, məsələn, Vayskopf, elmi fəaliyyətin missiyadan peşəyə çevrilməsini yaxşı hal hesab etmir.
Ümumiyyətlə, elm və texnikanın inkişafı ictimai tərəqqidə qlobal mövqe tutsa da, onların konkret mövcudluq formaları müxtəlif quruluş xüsusiyyətlərinə malikdir və bu müxtəlifliyi elm və texnikanın ümumi qlobal inkişafının nəticəsi kimi izah etmək olur; sistemin tam qapalı olmaması və digər əlaqədar sistemlərdə baş verən dəyişilmələrin təsiri bütün aşkarlığı ilə özünü məhz burada göstərir.
Yuxarıdakı mühakimələrdən aydın olur ki, elmin konkret mövcudluq formalarını öyrənmədən, onun hərəkətverici qüvvələrini, onunla bilavasitə əlaqədar olan maddi elementlər çoxluğunu (qeyri-maddi ünsürlər olan elmi bilik və elmi idrakdan fərqli olaraq) təhlil etmədən “elm” anlayışının mahiyyətini müəyyənləşdirmək cəhdləri, doğrudan da, müvəffəqiyyətsizliklə nəticələnməli imiş. Elmi yalnız bilik kimi, onun tərkib hissəsi kimi öyrənmək və ya onu təkcə qnoseoloji aspektdə təqdim etmək bir sıra dəfolunmaz çətinliklər törədir ki, bunların da ən əsası inkişafın və ya elmi-texniki tərəqqinin sosioloji problemlərini düzgün qoya bilməməkdir.
Fəlsəfi ədəbiyyatda elmin sosiologiyasına dair yazılmış bir sıra əsərlərdə bu problemin bəzi cəhətləri öz ətraflı və düzgün elmi izahını tapsa da, elmin daxili sosial ünsürləri, bu ünsürlərin formalaşma xüsusiyyətləri və tarixi inkişaf qanunauyğunluqları çox az öyrənilmiş və ya heç tədqiq olunmamışdır. Halbuki elmin sosial bir sistem kimi öyrənilməsi onun əsas və köməkçi sosial komponentlərinin müəyyənləşdirilməsini tələb edir. Belə ki, müasir mənada ümumictimai elmi tərəqqidən danışmaq üçün ilk növbədə elmi fəaliyyətin mümkünlüyünü təmin edən sosial mövcudluq şərtlərini öyrənmək tələb olunur. Yalnız bunun sayəsində ayrı-ayrı elmi işçilərin fərdi elmi fəaliyyətinin birləşərək qlobal, ümumictimai elmi fəaliyyət prosesini necə əmələ gətirdiyini düzgün təsəvvür etmək olar. Yalnız elmdə sosial ünsürlərin rolunu və funksiyasını düzgün qiymətləndirmək sayəsində elmi fəaliyyətin zəruri tərkib hissəsi olan elmi idrak prosesi ilə bu proseslərin toplusu, həm də sadə toplu deyil, üstəlik özünəməxsus rabitə vasitələrini də əhatə edən sosial sistem arasındakı əlaqəni düzgün başa düşmək olar.
“Elm” sisteminin sosial ünsürlərə malik olması elmin sosiologiyasında əsas sahələrdən birini təşkil etsə də, bu məsələ elmin problemlərindən yalnız biridir. Ümumiyyətlə elmin ictimai həyatla bağlılığı üç ardıcıl mərhələyə bölünə bilər.
1. İctimai həyatın, mövcud mədəni səviyyənin, texnikanın elmin mövzusuna, onun müvafiq dövr üçün səciyyəvi olan problemlərinin müəyyənləşməsinə təsiri. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ictimai tələbat elmin inkişafında istənilən başqa amilə nəzərən daha böyük rol oynayır. F.Engelsin yazdığı kimi, “əgər texnika xeyli dərəcədə elmin vəziyyətindən asılıdırsa, onda elm texnikanın vəziyyət və tələblərindən daha çox asılıdır. Əgər cəmiyyətdə texnikaya tələb meydana gəlirsə, bu tələb elmi onlarca universitetin irəlilədə biləcəyindən daha çox irəlilədir».0
2. İctimai amillərin elmi fəaliyyətin həyata keçirilməsinə təsiri. Bu amillər özü aşağıdakı kimi təsnif edilə bilər:
a) Elmi fəaliyyətin icraçıları olan elmi işçilərin sosial vəziyyəti; onların həyat tərzi və sosial-psixoloji mövqeyinin elmi işin intensivliyi və keyfiyyətinə təsiri.
b) Elmi işçilərin sosial mövqeyinin onların ideologiyası və dünyagörüşləri vasitəsilə elmi tədqiqatın nəticələrinin müxtəlif tətbiq variantlarının seçilməsinə, onların müxtəlif cür şərh olunmasına – interpretasiyasına təsiri.
v) Elmi fəaliyyətin maddi təchizatı üçün zəruri olan maliyyə məsələlərinin ictimai quruluşun spesifikasından asılılığı.
q) Eksperimental elmi fəaliyyətin təşkilinin mövcud texniki inkişafı səviyyəsindən asılılığı.
d) Elmdə kommunikativ fəaliyyətin mümkünlüyünü təmin edən köməkçi əlaqə ünsürlərinin zəruriliyindən irəli gələn məsələlər; kommunikativ sistemin təşkil xüsusiyyətlərinin, köməkçi heyətin yerləşdirilməsi və maddi təminatı məsələlərinin mövcud sosial quruluşun yaratdığı imkanlar və qoyduğu məhdudiyyətlərlə şərtlənməsi.
3. Elmi fəaliyyətin nəticələrinin – elmi biliklərin praktik istifadəsinin mövcud sosial şəraitdən və mədəni-texniki inkişaf səviyyəsindən asılılığı. Buraya ilk növbədə biliklərin bilavasitə məhsuldar qüvvəyə çevrilməsi prosesi daxildir ki, bu proses müxtəlif sosial-iqtisadi şəraitlərdə müxtəlif istiqamətlərdə həyata keçir; yəni sosial quruluşdan asılı olaraq ya ümumi ictimai tərəqqinin təkanverici amili kimi, ya da bu prosesin tormozlanması üçün bir vasitə kimi çıxış edir.
Lakin göstərilən mərhələlərdəki sosial əlaqələrin heç də hamısı elm sisteminə şamil edilə bilməz. Burada bilavasitə elmi fəaliyyətin öz daxili tərəfləri ilə bağlı olan sosial münasibətləri çıxdıqdan sonra qalan münasibətlər əslində elmin digər fəaliyyət sahələri ilə əlaqəsini təmin etməyə yönəldilmişdir. Yalnız bu əlaqələrin hesabına elm tam müstəqil, ictimai mühitdən təcrid edilmiş sahə olmayıb, vahid bütöv ictimai tərəqqi prosesinin ayrılmaz tərkib hissəsini təşkil edir. Doğrudur, “elmin sosiologiyası” adı altında baxılan mərhələlərin hamısı tədqiq olunur. P.A.Raçkovun yazdığı kimi “elmin sosiologiyasının əsas məsələləri, hər şeydən əvvəl elmin ictimai təbiətini, onun sosial quruluşunun spesifikasını, habelə müxtəlif ictimai-iqtisadi formasiya şəraitində onun cəmiyyətə əks-təsirinin xarakterini açmaqdan ibarətdir”.0 Lakin bu məsələlər təkcə sosial “elm” sisteminin deyil, habelə bu sistemin başqa sosial sistemlərlə əlaqələrinin, aralıq sahələrin və s.-in də öyrənilməsini əhatə edir. Bizcə, elmin özünün sosial aspektdə tədqiqi, sosial sərhədlərinin və tərkib elementlərinin müəyyənləşdirilməsi problemi elmin sosiologiyası miqyasında aparılan tədqiqatlara nəzərən xeyli konkretdir və buraya yuxarıda təsnif etdiyimiz mərhələlərdən yalnız ikincisi daxil ola bilər.
İstər elmin predmetinin ictimai inkişaf səviyyəsinin tələblərinə uyğun surətdə dəyişilməsi, istərsə də elmin nəticələrinin ictimai-iqtisadi tətbiqləri ayrıca, nisbi müstəqil tədqiqat sahələrinin mövzusunu təşkil edir.
Sosial “elm” sisteminin və ya başqa sözlə “elm” sisteminin sosial quruluşunun öyrənilməsi isə ümumiyyətlə götürdükdə elmi fəaliyyət sahəsində müxtəlif sosial təbəqə və qrupların çalışması və bunlar arasındakı qarşılıqlı əlaqə, habelə bu daxili ictimai ünsürlərin ictimai-iqtisadi quruluşla əlaqəsi və s. bu kimi problemləri əhatə edir, Burada bir cəhəti xüsusilə fərqləndirmək lazımdır ki, “sosial” sözünün geniş və konkret mənalarda işlədilməsi və bu müxtəlif mənaların eyni sözlə ifadə olması baxılan problemin şərhində bəzi dolaşıqlıqlar yaradır. Məsələ burasındadır ki, “elm” sisteminin sosial quruluşundan danışarkən biz “sosial” sözünü konkret mənada işlədirik və buraya elmin öz ictimai təbiətindən doğan problemləri daxil etmirik. Lakin bir sıra ədəbiyyatlarda “sosial” və «ictimai» sözləri qarışdırıldığından məsələnin qoyuluşu xeyli dərəcədə dolaşıq xarakter daşıyır. Məsələn, P.A.Raçkovdan yuxarıda gətirdiyimiz iqtibasda elmin ictimai təbiətindən danışılırdısa həmin əsərdəcə eyni mənada elmin sosial təbiətindən danışılır. Halbuki, “sosial” anlayışı konkret mənada başa düşülərsə elm heç vaxt belə bir mahiyyətə malik olmamışdır. Doğrudur, müxtəlif dövrlərdə, müxtəlif ictimai-iqtisadi formasiyalarda elmi fəaliyyət sahəsində çalışan adamların sosial tərkibi və s. müxtəlif olmuşdur. Lakin bu heç də elmin təbiətini müəyyən edən əsas cəhət deyil. Elmin ictimai təbiəti isə onun nailiyyətlərinin ayrıca fərdlərin deyil, onların birgə fəaliyyətinin, elmi kommunikasiyaların (eyni bir problemi tədqiq edən elmi işçilər qrupunun əməkdaşlığı, biri digərinin nəticələrindən istifadə etməsi və s.), habelə bir nəslin əldə etdiyi elmi nəticələrin digər nəsillərə ötürülməsi prosesinin sayəsində əldə edildiyini göstərir. Göründüyü kimi, elm üçün zəruri şərt olan bu cəhətlər heç də sosial xarakter daşımayıb, ictimai münasibətlərin digər, özünəməxsus sahəsini əks etdirir.
Elmlərin təsnifatı
Elmlərin təsnifatı və onun təşkilatlanması prosesi sıx surətdə əlaqədardır. Belə ki, elm vahid, bütöv koqnitiv sistem kimi formalaşmadığına, bir çox xüsusi elmləri, fənləri, ixtisasları tədqiqat istiqamətlərini özündə birləşdirdiyinə görə və bu sahələr arasında hələ kifayət dərəcədə məsafə olduğuna görə, əvvəlcə onların hər birinin ayrılıqda strukturlaşmasına və institutlaşmasına ehtiyac olur. Təbii ki, bir kimyaçının ədəbiyyatçı və ya astronomların işindən xəbər tutmasına ehtiyac olmaya da bilər, amma kimyaçıların hazırda nə ilə məşğul olduğunu, hansı problemlərin gündəmdə olduğunu bilməsi tələb olunur. Xüsusən, hər bir elm adamının özünün tədqiqat apardığı dar ixtisas sahəsində bütün dünya miqyasında görülən işlərdən xəbərdar olması şərtdir. Yəni o, virtual şəkildə də olsa həmin ixtisas üzrə alimlər birliyinin üzvü olmalıdır.
Hər bir yeni elmi nəticə müvafiq sahədəki biliklər sisteminə daxil edilməli və bu birlik daxilində hamının ümumi sərvətinə çevrilməlidir. Əslində söhbət elmlərin və ya fənlərin, ixtisasların koqnitiv institutlaşması prosesindən gedir. Lakin bu proses gec-tez müvafiq sosial institutlaşma ilə tamamlanmalıdır. Çünki elmi məzmun müstəvisində kommunikasiyanın təmin edilməsi üçün hər hansı problem və ya ixtisas üzrə mütəxəssisləri formal surətdə birləşdirən və onların əlaqəsini təmin edən sosial vasitələr olmalıdır. Alimlər adətən müəyyən bir jurnal ətrafında birləşir. Dünya miqyasında eyni ixtisas üzrə bir neçə jurnal çap olunursa onların hamısı birləşdirici amil kimi çıxış edir. Bundan başqa elm və ixtisas sahələri üzrə assosiasiyalar, ictimai təşkilatlar, dərnəklər, seminarlar da bu funksiyaya xidmət edir. Amma ən vacib olan və daha sıx birliyin təmin olunmasına xidmət edən müvafiq ixtisas üzrə fakültələr, kafedralar, laboratoriyalardır. Keçmiş SSRİ-dən qalan ənənəni davam etdirən bəzi ölkələrdə Elmlər Akademiyaları və müvafiq institutlar, bölmələr fəaliyyət göstərir ki, əslində bunlar müvafiq ixtisas sahələri üzrə alimlərin daha sıx surətdə təmərküzləşməsinə imkan yaradır. Amma bir ölkə daxilində sıx birləşmək yetərli olmur. Ona görə də elmi institutlaşma beynəlxalq miqyasda həyata keçməli, bütün dünyadakı müvafiq institutlar, fakültələr və kafedralarla əlaqə yaradılmalıdır. Bu problemi təhlil edən R.Uitli diqqəti koqnitiv institutlaşma ilə sosial institutlaşma arasında əlaqəyə yönəldir. Onun fikrinə görə, sosial təşkilatlanma olmasa, alimlər öz aralarında elmi informasiya mübadiləsi apara bilməsələr, elmin koqnitiv müstəvidə institutlaşması və müstəqil fənlərin yaranması da mümkün olmaz.1 Uitli belə hesab edir ki, Kun hər bir elmdə vahid bir paradiqmanın olduğunu iddia etsə də, əslində fərqli koqnitiv strukturlar mövcud olur və onlar arasında eninə və dərininə əlaqələr yaranır. Yəni müxtəlif struktur səviyyələrindən danışmaq mümkündür.2
Lakin elmin fənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox şərti və bəzən mübahisəli olduğu kimi, sosial institutlaşma və təşkilati forma məsələlərində də uyğun problemlər yaranır. Əslində vahid dəyişməz təsnifat aparıla bilməz, çünki elmin daxili dinamikası buna imkan vermir. Zaman keçdikcə bəzi ixtisas sahələri arxa plana keçir və yeniləri yaranır. Bu proses müxtəlif bilik sahələrinin yaxınlaşması və kəsişmə bölgəsində yeni problemlərin üzə çıxması sayəsində həyata keçə bildiyi kimi, eyni bir sahənin nəzəri və tətbiqi səviyyələri arasında körpü atılması sayəsində də həyata keçə bilər. Məsələn, psixiatriyanın nisbi müstəqil şəkildə institutlaşmasını M.Fuko belə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əsrin sonu - XIX əsrin əvvəllərində psixiatriya ümumi təbabətin ixtisaslaşmış sahəsi deyildi. XIX əsrin əvvəllərində, elə sonralar da, bəlkə lap XX əsrin ortalarınadək psixiatriya tibbi biliyin və ya nəzəriyyənin xüsusi bir sahəsindən çox, ictimai gigiyena sahəsi kimi fəaliyyət göstərirdi. Təbabətin bir bölməsinə çevrilməzdən əvvəl, psixiatriya sosial müdafiə, xəstəlik və ya xəstəliklə birbaşa, ya da dolayı surətdə bağlı olan hadisələr üzündən cəmiyyətin qarşılaşa biləcəyi hər hansı bir təhlükədən müdafiə sahəsi kimi institutlaşmışdır. Psixiatriya bir növ sosial profilaktika, bütövlükdə ictimai bədənin gigiyenası kimi institutlaşırdı”.1 M.Fuko psixiatriyanın elm kimi formalaşması yolunda bu sahədə elmi jurnal nəşr olunmasını mühüm bir mərhələ kimi qeyd edir. O yazır ki, psixiatriyanın əsaslı tibbi bilik sahəsi kimi formalaşması və elmi instituta çevrilməsi üçün, bir tərəfdən, onun predmetinin, yəni əqli xəstəliklərin çeşidinin müəyyənləşdirilməsi, digər tərəfdən də, müvafiq sosial təşkilatlanma tələb olunur.2
Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat obyektinə çevrilməsi düyün nöqtəsində sıxlığın artmasına gətirir. Sanki bir mənzərə fərqli dillərdə və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Fərqli elmlərin eyni predmeti müxtəlif rakurslarda və struktur səviyyələrində öyrənməsi bir şeydir, həmin predmetin elmdən fərqli sahələr tərəfindən mənimsənilməsi – başqa bir şey. Bu halda metodlar da fərqli olur.
Eyni bir hadisə haqqında alimin, rəssamın, bəstəkarın və şairin yaratdığı təəssüratların toplanmasından əldə edilən yekun təsəvvür heç də daha mükəmməl olmayıb, əslində eklektik səciyyə daşıyır; yəni onun vahid ahəngi yoxdur. Ona görə də, qarşıda duran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili ehtiva edən universal bir modelin yaradılmasından ibarət olur. İnsanın idrak fəaliyyəti eyni vaxtda psixologiyanın, qnoseologiyanın və neyrofiziologiyanın predmeti olmaqla bərabər, sanki onun kənardakı bir modelini, süni intellekti öyrənən informatika və kibernetikanın da predmeti olur. Bu fərqli elm sahələri nəinki vahid bir elmdə birləşmir, əksinə, birləşmə yerində, düyün nöqtəsində yeni bir elm sahəsinin yaranma tendensiyası hiss olunur. Pensilvaniya Universitetinin professoru Gary Hatfield bunu “beyin haqqında yeni elm”1, Dr. Brian L.Keeley isə neyroetologiya 2 adlandırır. V.F.Venda isə təbii və süni intellekti bir müstəvidə öyrənən elmin predmetini “hibrid intellekt” termini ilə ifadə edir.3 Bir sözlə, intellekt özü intellektin predmeti kimi, çoxşaxəli bir problem kimi çoxlu müxtəlif fənlərin kəsişmə nöqtəsində dayanaraq elmin düyünlərindən birinə çevrilmişdir. İndi bu düyündən haçalanan yeni fənlərin kontekstində müvafiq olaraq intellektin intensivliyini ölçmək üçün İQ, emosional intellektin səviyyəsini ölçmək üçün EQ və yaradıcı intellektuallığın qiymətləndirilməsi üçün CQ testləri hazırlanır.4 Yəni intellekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöqtələrində nəzərdən keçirilir. Kibernetikanın əsasını qoyan N.Viner elə kitabının adındaca həm maşınların, həm də canlıların idarə olunması sistemini əhatə edir.5 Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən yaranan yeni tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olunmaqdadır.1
Ənənəvi elmlər, fizika, kimya, biologiya və s.-in predmeti çox geniş sahələri əhatə edir. Amma zaman keçdikcə, elmlər diferensiallaşır, budaqlar şaxələnir, sahələr daralır. Müəyyən problemlər aktuallaşır və onların tədqiqi üçün kifayət qədər alimlər qrupu cəmləşir, müvafiq institutlaşma, sosial təşkilatlanmalar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöqtələrində problemlər üzrə tədqiqat mərkəzləri yaranır. Biz yuxarıda “intellekt” mövzusunu belə fənlərarası bir problem kimi nəzərdən keçirdik. Eləcə də, “insan” bir bütöv obyekt kimi müxtəlif elmlərin predmetinə daxil olur, insanşünaslıq mərkəzləri yaranır. İnsan fenomenini bir küll halında öyrənmək cəhdləri göstərilir.2 Lakin insan haqqında biliklərin bir yerə cəmlənməsi hələ bütöv fənnin formalaşması deyil. Bu cür məcmuələr olsa-olsa kollektiv monoqrafiya1, toplu2, lüğət və ya ensiklopediya3 halında olur. İnsanın ayrı-ayrı rakurslarda deyil, bütövlükdə, vahid funksional bir sistem kimi nəzərdən keçirilməsi nəticə etibarilə yeni bir fənnin yaranmasına gətirə bilərdi. V.A.Lektorski yazır: “Elmlər sistemi içərisində insan problemindən danışarkən etiraf etmək lazımdır ki, insan haqqında vahid termin hələ yoxdur; olsa-olsa mozaik, bir-birilə heç də həmişə əlaqələnməyən tədqiqatlardan söhbət gedə bilər. Biz hələ indi-indi üzərində insan haqqında gələcək elmi qurmaq üçün vahid ümumi əsaslar yaratmağa cəhd göstəririk”.1 Doğrudan da, bu sahədəki elmi tədqiqatların inkişaf dinamikasının izlənməsi göstərir ki, sistem bütövləşmədən parçalanır. “Şəxsiyyət” problemi ayrılaraq fəlsəfə, sosiologiya və psixologiyanın kəsişmə xəttində nisbi müstəqillik kəsb edir.2 Amma bu sahə də bütövləşmədən parçalanır və bəzi istiqamətlər, məsələn, “şəxsiyyətin psixologiyası”, nisbi müstəqil fənn, yaxud Lakatosun termini ilə desək, tədqiqat proqramı kimi formalaşır.3
Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və hətta onun öz daxili tədqiqat istiqamətləri də nisbi müstəqillik əldə etmişdir. Bölgüyə görə, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nəzərdən keçirən sahələr sosial-kulturoloji antropologiya fənnində birləşir. İnsanı fiziki varlıq kimi öyrənən sahələr – fiziki antropologiyada, daha geniş planda, ruh və bədənin vəhdəti kimi öyrənən sahə isə – fəlsəfi antropologiya adlanır. Amma bu sahələr özü də, bir tərəfdən, təmərküzləşərək vahid antropologiya elmini təşkil etsə də, bu düyündən daha geniş şəbəkəli budaqlanma gedir və çoxlu sayda konkret antropoloji fənlər yaranır: linqvistik, koqnitiv, tarixi, iqtisadi, siyasi, hüquqi və s. antropologiyalar.1 Düzdür, Azərbaycanda və azərbaycanlı oxucuların bələd olduğu Rusiya mətbuatında sosial (kulturoloji) antropologiyaya aid məsələlər əsasən “kulturologiya” adı altında araşdırılır, amma son vaxtlarda dünyada qəbul olunmuş təsnifata uyğun olaraq antropologiya terminindən də istifadə olunur və bu adda kitablar da yazılır.2 Lakin təəssüf ki, ölkəmizdə hələ də ancaq kulturologiya adı istifadə, çox vaxt da sui-istifadə olunur, antropologiya kölgədə qalır, bu sahədəki bir sıra fundamental problemlər tədqiqatdan kənarda qalır.
Belə düyün sahələrindən biri də təhsildir. Təhsil sisteminin cəmiyyətdə yerinin və özünəməxsus funksiyalarının öyrənilməsi sosial fəlsəfənin və sosiologiyanın predmetinə aiddir. Təhsil sistemində idarəetmə məsələləri menecmentin sahələrindən biridir. Təhsilin maddi-texniki baza ilə təmin olunması, təhsil müəssisələrinin infrastrukturunun formalaşdırılması, təhsilin maliyyələşdirilməsi və s. bu kimi problemlər də əslində iqtisadiyyatın predmetinə daxildir.
Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologiyası, təhsil menecmenti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sahələri formalaşır ki, bunlar da müstəqil bir elm olmayaraq, fəlsəfə, sosiologiya, menecment və iqtisadiyyat fənlərinin strukturuna daxildir. Lakin bütün bu tədqiqatlar başqa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə, nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də nəzərdən keçirilə bilər.
Elmin özü də müxtəlif fənlərin, tədqiqat istiqamətlərinin kəsişmə sahəsindəki düyünlərdən biridir. Biz elmin tarixi, sosiologiyası, iqtisadiyyatı, metodologiyası, fəlsəfi və epistemoloji rakursları haqqında artıq danışmışıq. Hətta məhz elmin tədqiqi ilə əlaqədar yaranmış yeni sahələrdən bəhs etmişik.1 Bu da “elm” hadisəsinin özünün də bir düyün halına gəldiyinə dəlalət edir.
Müasir kimyada maddənin quruluşu ilə bağlı müxtəlif struktur səviyyələrinin hər birində fizika tətbiq olunmağa başlamışdır. Yəni kimya problemlərinin araşdırılmasında riyazi və fiziki biliklərin və qanunauyğunluqların tətbiq olunması əvvəlcə fiziki kimyanın, daha sonra riyazi kimyanın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi formalaşmasına gətirib çıxarmışdır. Ənənəvi kimya məsələlərinin daha dərindən və dəqiq tətbiq olunması onların fiziki problemlər müstəvisinə keçirilməsi ilə nəticələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fiziki problemlər arasında həmişə bir sərhəd olduğu qənaətində idi və kimya məsələlərinin fizikalaşdırılmasının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə akademik B.M.Kedrov da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv təbiətə malik olduğunu iddia edir. Amma zaman keçdikcə tarixən kimyaya aid olan məsələlər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil olur. Başqa sözlə desək, fiziklər kimyanın bölgəsinə daxil olaraq, sanki onu özününküləşdirməyə çalışırlar. Amma elmlərin bir-birinə nüfuz etməsi qaçılmaz prosesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar yaranır.1 T.Kun belə hesab edir ki, hər bir yeni fənnin yaranması ancaq müvafiq paradiqmanın yaranması sayəsində mümkündür.2 Amma fizikada elə nəzəriyyələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çıxaraq bir çox fənlərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir paradiqmanın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə inqilab kimi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün başlanğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inkişaf trayektoriyasından döndərmədən, başqa bir səmtdə də inkişafın təməlinin qoyulması prosesi gedir. Bu mənada düyün nöqtələri iki cür olur. Birincisi, əvvəlki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid. İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax, bu ikinci yol Kun təlimində nəzərə alınmamışdır. Bizim təklif etdiyimiz düyün nöqtələri və haçalanmalar təlimi daha universal modeldir.
Müxtəlif elm sahələri nə zaman eyni düyün nöqtəsində birləşir? Bu suala cavab vermək üçün öncə pozitiv və neqativ təbiətli düyünlərin fərqləndirilməsi lazımdır. Neqativ düyünlər adətən metod çatışmazlığında və ya dilin məhdudluğunda özünü göstərir. Müxtəlif elmlər çox vaxt eyni metodlardan, eyni riyazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ kəşf olunmamış bir universal əlaqə, qanun, düstur və ya metodun çatışmazlığı, boşluğu özünü fərqli vaxtlarda da olsa, bu elmlərin hamısında göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqaməti gec-tez bu çatışmazlığı, boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində axtarıb-tapmağa çalışır. Düzdür, burada bir vaxt sürüşməsi, asinxronluq da olur, amma məsələnin həllini tapa bilməyən hər bir fənn gözləmə mövqeyi tutur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ilişirlər. Nəhayət, günlərin bir günü, hansı elminsə kontekstində problemin həll metodu tapılanda, gözləmədə olan digər elmlər də inkişaf üçün yeni impuls almış olurlar. Kun təlimində bu mənzərənin təsviri problem-bilməcə (puzzle-solving) termini vasitəsilə verilir. Amma bu termin elmin inkişafında daha universal prosesləri ifadə eləmək üçün nəinki yetərli deyil, hətta əsas konseptdən kənara çıxmaqla terminoloji sistemə daxil ola bilmir. Digər tərəfdən də, yuxarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi problem-bilməcə (puzzle-solving) ifadəsi düyün termininin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar üçün təməl olmaq funksiyasını ehtiva edə bilmir.
Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir. Amma hər halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər vardır. Söhbət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti hələ Platon və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər. Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də təsnifatların əsas sütunlarını təşkil edir.
Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə düşünmək olardı ki, qədimdə – elmlərin sayı az olanda təsnifat daha rahat aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsindən baxdıqda dərin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq formalaşmış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yaranır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olunur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mərhələsində üzə çıxan genetik əlaqələrdir. Məsələn, əgər Fərabi metod yaxınlığından çıxış edərək optikanı və göy cisimləri haqqında elmləri, habelə musiqini riyaziyyatla bir qrupa salırdısa, müasir dövrdə tamamilə fərqli meyarlar tətbiq olunur. Məntiq və riyaziyyat bütün elmlər üçün universal vasitə və metod kimi dəyərləndirildiyindən onları başqa elmlərdən fərqləndirmək lazım gəlir. Zatən Platon məhz belə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və ya az tətbiq olunması elmilik şərtini müəyyənləşdirmək üçün meyar olsa da, bölgü – təsnifat üçün meyar ola bilməz. Təəssüf ki, lap bu yaxınlara qədər, keçmiş SSRİ-də və daha sonra MDB ölkələrində fizika və riyaziyyat eyni elm blokuna daxil edilir və elmi dərəcə verilərkən fiziklərə və riyaziyyatçılara vahid bir ad verilirdi: fizika-riyaziyyat elmləri doktoru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri əlamətlərdən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, görünür, ənənələrdən yaxa qurtarmaq elə də asan məsələ deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə əksinə, bütöv elm sahəsi kimi dəyərləndirilirdi. Məsələn, kulturologiya kimi fənlərarası və inteqrativ bir fənnin ayrıca elmi istiqamət kimi götürülməsi elmşünaslığın tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mədəniyyətin tarixi öyrənilirsə, bu – tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəlsəfi elmlərə aiddir.
Digər tərəfdən, onda gərək kibernetika, sinergetika, biokimya, biofizika, fiziki kimya və s. fənlərarası ixtisas sahələri də riyaziyyatdan, fizikadan, kimyadan və s. ayrılsın və kimə isə “biokimya elmləri doktoru”, “kibernetika elmləri doktoru” və s. adı verilsin. Belə pərakəndəliyə yol verməmək üçün elmlərin fundamental təsnifatından çıxış edilməlidir.
Əgər elmlərin təsnifat tarixini nəzərdən keçirsək, hər şey fəlsəfənin daxili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təsnifatını fəlsəfənin daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə ayırırdı: nəzəri, praktiki və yaradıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və metafizikanı aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı və siyasəti aid edirdi. Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi göstərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bütün bu sahələr üzrə Aristotel ayrıca əsərlər yazmış, və elmin bütün sahələrini ehtiva etməyə çalışmışdır.
Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filosoflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma tendensiyası da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz təsnifatında elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elmlərin təsnifatı haqqında” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, birinci bölməyə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət verilməsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəlsəfə nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi yazır: “Dil haqqında elm iki hissədən ibarətdir. Birinci hissə – sözlərin yadda saxlanması və onların mənalarını bilmək. İkinci – bu sözləri idarə edən qanunları bilmək(yəni qrammatika – S.X.).”1 Daha sonra Fərabi dilçiliyin öz daxili təsnifatını verir, nitq hissələrindən, söz birləşmələrindən, yazı qaydalarından bəhs edir. Maraqlıdır ki o, poetikanı, şeirin daxili qaydalarını və formalarını da dilşünaslığın tərkibində nəzərdən keçirir.
Daha sonra Fərabi məntiq bölməsini açıqlayarkən bir daha qrammatika və poetika məsələlərinə qayıdır, mühakimələrin təsnifatında poetik mühakiməyə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, poetikanın da geniş tədqiqinə, habelə kateqoriyalara da ayrıca kitab həsr etməsi Fərabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riyaziyyatı Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün dəqiq elmləri bura daxil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi kimi qəbul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizikanı müstəqil bir bölmə kimi nəzərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birinci sahədə “təbiətin harmoniyasına” aid məsələlər toplanır. İkinci sahəyə aid problemlər “səma və kainat” adı altında toplanır. “Yaranma və məhvolma” bölməsində o, maddələrin əmələ gəlməsi və elementlərinə parçalanmasından bəhs edir ki, bu da əslində kimya elminə işarədir. Daha sonra Fərabi “mineralogiya”, “bitkilər haqqında”, “heyvanlar haqqında” və nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı guya Aristotelin kitablarının adına uyğun olaraq aparır, amma əslində Aristotelin real tədqiqat sferasından xeyli kənara çıxır. Daha sonra Fərabi insan haqqında elmdən (bu sahədə Fərabi əslində mədəniyyətşünaslıq və antropologiyaya dair bilikləri toplayır) bəhs edir. Daha sonra Fərabi hüquq və ilahiyyatı da öz təsnifatına daxil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sistemi təqdim edir.1
İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:
Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; c) insanın özünün idarə olunması.
Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat (hesab, həndəsə, astronomiya, musiqi) c) xalis fizika.
Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d) əlkimya.2
İbn Sina təsnifatında əlamətdar cəhətlərdən biri əməli elmlərlə tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri elmi biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi götürülür.
İbn Sina öz yaradıcılığında bütün elmləri ehtiva etməyə çalışmışdır. Buna tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun elmləri necə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan Şəfa külliyyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur1:
Məntiq elmləri
Dostları ilə paylaş: |