Birinci istiqamətə elm tarixi, elmi biliklərin toplanaraq yeni fənlər əmələ gələnə qədər strukturlaşması və əvvəlcə fəlsəfədən, daha sonra isə ana elmdən ayrılaraq müstəqillik əldə etməsi – yəni elmin genezisi və inkişafı məsələləri aiddir.0 Elmi nə-zəriyyələrin yaranması, fundamental elmi təlimlərdən çıxan nəticələrin təcrübi yoxlanması, nəzəri və empirik biliklər arasında davamlı rabitənin qurulması və s. bu kimi məsələlər də birinci istiqamətə aiddir.
İkinci istiqamətə elmi biliklərin spesifikasının, yəni onun digər biliklərdən fərqinin və onlarla qarşılıqlı nisbətinin öyrənilməsi, biliklərin təsnifatı (müasir dövrdə elmlərin təsnifatı da bura daxil edilir), müxtəlif elmi bilik sahələri arasında qarşılıqlı əlaqə, fənlərarası münasibət məsələləri, elmlərin inteqrasiyası və diferensiallaşması və s. bu kimi məsələlər aiddir.0 Üçüncü istiqamətə elmi biliklə gerçəklik arasındakı münasibət, bilik və həqiqət problemi, həqiqi biliyin meyarları, elmilik şərtləri – demarkasiya məsələləri, elmi bilikdə obyektiv və subyektiv amillər və s. bu kimi fəlsəfi-epistemoloji və fəlsəfi-ontoloji məsələlər daxildir. Bunlar adətən elmin fəlsəfəsi adı altında öyrənilir.0 Dördüncü istiqamətə isə riyaziyyat və elm probleminin, ümumelmi və spesifik elmi-tədqiqat metodlarının, habelə bütövlükdə elm metodologiyasının öyrənilməsi aiddir.0 Lakin elmşünaslığın predmeti elmin daxili məzmunu ilə bitmir. Buraya elmin infrastrukturu, onun mədəniyyət sistemində yeri və bəlkə də ən başlıcası, ictimai-iqtisadi həyatda oynadığı rol da daxil edilməlidir.
Elmin bir mədəniyyət hadisəsi kimi, mədəniyyətlə qarşılıqlı əlaqədə öyrənilməsi həm onun mahiyyətinin daha düzgün anlaşılması üçün, həm də mədəniyyətin özünün bütöv mənzərəsinin yaradılması üçün xüsusi əhəmiyyətə malikdir.0 Mədəniyyətlə qarşılıqlı əlaqə başqa kontekstdə də özünü göstərir. Belə ki, mədəniyyət özü də elmin predmetinə daxil olur və mədəniyyətşünaslıq bir elm hadisəsi kimi ortaya çıxır. Klassik mənada elm (science) təbiətin öyrənilməsini ehtiva edir, mədəniyyətin elmi səviyyədə öyrənilməsi isə elmlərin təsnifatında xüsusi bir bölmədə əhatə olunur. H.Rikkert özünün məşhur “Təbiət haqqında elmlər və mədəniyyət haqqında elmlər” əsərində elmin əsasən təbiətşünaslıq kimi başa düşülməsini qəbul etməklə yanaşı, ona sanki əks qütb olan və insanın öz yaratdıqlarının tədqiqat predmetinə çevrilməsindən doğan mədəniyyət elmlərini də təsnifata daxil edir.0 Mədəniyyətin elmi və fəlsəfi aspektdə araşdırılmasına sovet elmşünaslığında da geniş yer verilmişdir.0 Elmin ictimai rolunun artması və ona getdikcə daha böyük diqqət göstərilməsi onun dəyərlər sistemində yerinin müəyyənləşdirilməsinə də ehtiyac yaradır.0 Digər tərəfdən, elmin insan həyatına daha aktiv müdaxiləsi, bu müdaxilənin hüdudları barədə düşünməyə, elmin etik aspektlərini müəyyən etməyə sövq edir.0 E.Aqassi belə hesab edir ki, elmə yalnız biliklər sistemi kimi baxılması və məntiqi ziddiyyətsizliyin əsas şərt kimi götürülməsi kifayət deyil; elmiliyin başqa şərtləri – «sadəlik, zəriflik” də vardır ki, bunlar elmin aksiologiyasını təşkil edirlər. Ona görə də, o, “intellektual dürüstlük” və “intellektual saflıq” anlayışlarını daxil edir.0 Elmşünaslığın müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmasında elmin ictimai sistem kimi nəzərdən keçirilməsinin də xüsusi rolu olmuşdur. Belə ki, elm bir sosial sistem olaraq sosiologiyanın predmetinə daxil olur və burada da artıq bilik və idrak məsələləri deyil, spesifik ictimai münasibətlər və onların obyektivləşməsindən doğan nisbi müstəqil, dayanıqlı sosial orqanizmlər önə çəkilir. Sosiologiyanın bir elm kimi formalaşdığı ilk dövrlərdən başlayaraq elmin və biliyin sosiallaşması məsələləri diqqətdə olmuşdur. Lakin bu mövzunun xüsusi tədqiqat obyektinə çevrilməsi nisbətən yaxın dövrə təsadüf edir. Düzdür, biliyin sosiologiyası məsələlərinə hələ Manxeymin0, Maks Veberin0 tədqiqatlarında rast gəlmək mümkündür, amma bilik və elmin sosioloji kontekstdə diferensial surətdə nəzərdən keçirilməsi XX əsrin ikinci yarısında aktuallaşmışdır.0 Türkiyədə hələ ötən əsrin 80-ci illərində elm sosiologiyasına dair ayrıca kitablar və məqalələr çap olunmuşdur.0 Elmin mahiyyətinin müəyyənləşdirilməsi, hətta onun genezisi ilə bağlı ruhi-intellektual mühitin düzgün təsəvvür edilməsi üçün elm ilə din arasında ümumi və fərqli cəhətlərin ayırd edilməsi, onların qarşılıqlı münasibətinin tarixi təkamülü və s. bu kimi məsələlər də böyük önəm daşıyır. Elmin ictimai şüur formaları ilə əlaqəsi, əlbəttə, elmi dünyagörüşü, elmi-kütləvi biliklərin yayılması ilə yanaşı, həm də alimlərin əqidəsi ilə sıx surətdə bağlıdır. Bütün bu məsələlər elmşünaslıq çərçivəsində və onun hüdudu xaricində geniş tədqiq olunmuşdur.0 Elmin ictimai-iqtisadi kontekstdə öyrənilməsi, Elm–Texnika–İstehsal zəncirində elmin yerinin müəyyənləşməsi də elmşünaslıq üçün mühüm qaynaq istiqamətlərindən biridir. Bu sahədə ən ciddi tədqiqatlar K.Marksa məxsusdur.0 K.Marks elmə iqtisadiyyat kontekstində baxmış və onu məhsuldar qüvvə kimi nəzərdən keçirmişdir. Amma XX əsrdə də elmin texnika və istehsalla qarşılıqlı münasibətlərinə dair geniş miqyaslı tədqiqatlar aparılmışdır.0 Elmin texnika ilə qarşılıqlı əlaqəsi və texniki elmlərin xüsusi statusu haqqında aparılan tədqiqatlar da elmşünaslığın mühüm mənbələri sırasına daxildir.0 Beləliklə, elmşünaslığın qarşısında duran vəzifə əslində sosioloqların, iqtisadçıların, fəlsəfəçilərin, elm təşkilatçılarının tədqiqat predmetinə və fəaliyyət sahələrinə daxil olan müxtəlif xarakterli biliklərin bir araya gətirilməsi və daha mürəkkəb bir sistemdə birləşdirilməsidir. Ancaq bu halda elmin inkişafını proqnozlaşdırmaq onu bir tərəfdən mədəniyyətin digər tərəfdən iqtisadiyyatın strukturunda yerini müəyyən etmək, bütöv elm sisteminin öz alt sistemlərinin əlaqəsini habelə hər bir alt sistemin öz daxili quruluşunu üzə çıxarmaq mümkün ola bilər.