– Əzizim, bilirsən nə var, mən hələ indiyədək elə adam görməmişəm ki, musiqi təhsili almaq, ya
da solfecio dərsi xoşuna gəlsin.
Nə bilirsən, bəlkə bir vaxt musiqiçi olmaq fikrinə düşəcəksən...
Bax, onda bu məşğələlər sənin köməyinə gələcək.
– İstəmirəm, əmimə də deyəcəyəm. Lap günü bu gün! Qoy nə eləyir-eləsin.
– Nə olub sənə?
Cavab verə bilmədim, qəhər məni boğurdu. Püpitrə baxa-baxa qalmışdım. O mənim başımı
sığalladı, sonra da köks ötürüb sağ əlilə məni qucaqladı.
– Nə olub sənə? Səndən soruşuram!
Əmidostum qapının astanasından görünən kimi yerindəcə donub qaldı. Elmira ilə yanaşı
oturmuşuq royalın qarşısında, mən başımı onun çiyninə söykəmişəm, ikimiz də susuruq.
Elmira əmidostuma deyir:
– Bu gün məşğələmiz olmadı.
O, bircə söz deyə bildi:
289
– Hə?
Demək, o, möhkəmcə heyrətlənib...
Adilin atası saat beşdə evə gəlib çıxdı. Üzü bomboz bozarmışdı; zarafat deyil, dünəndən
yuxusuzdu.
O, bayırda baş-başa verib susan qonşuların yanından keçib pillələri qalxdı. Şura dayı Adil
sarıdan bir şey öyrənib-öyrənmədiyini soruşanda, o, sakitcə başını buladı.
Adillə aramızdakı o söhbətə görə necə peşman olmuşdum!.. İki saat otaqda aramsız var-gəl
elədim, bir fikir elə hey beynimi döyəclədi: “Axırı necə olacaq?” Birdən barama qurdlarının
qutusu gözümə dəydi, yaxınlaşan kimi hamısı başını qaldırıb mənə baxdı.
Yazıqlar səhərdən ac idilər. Heç bir çimdik yarpaq da qalmamışdı, tumurcuqların yupyuxa
çəhrayı qabıqlarını da yemişdilər. Tez-tələsik evdən çıxıb yarpaq dalınca yüyürdüm. Raysovetin
yanında milisioner məni görən kimi qışqırdı:
– Ehey, itil burdan, sənə dedim axı, bir də görsəm, tutub aparacağam, – o mənim üstümə gələndə
götürüldüm, tinə qədər qaçıb dayandım. O, həmin yerdəcə dayanıb qalmışdı. Tindən başımı
çıxarıb başladım, nə başladım:
– Görüm səni o dünyalıq olasan! Nə istəyirsən məndən? Eşşək!
Qanmaz heyvan! Sənin, – qışqırıram, – başın işləmir. – Söyürəm, ürəyim soyumur...
Düz iki tin dalımca qaçdı, amma bir şey çıxmadı; ayağında ağır çəkmələr, əynində şinel... əli də
koburun üstündə... Mən tramvay xəttini keçib onu yenə də yamanladım. O, acıqlı-acıqlı məni
yanıdı:
– Onsuz da səni tapacağam, bu rayonda yaşayırsan, baxarıq!..
Yenə ağzıma gələni deyib 2-ci Paralel küçəsinə sarı götürüldüm.
Gedə-gedə fikirləşirəm, yəqin qurdlar qırılacaq, bütün günü ac qalıblar... sonra da milisioneri
yamanlamağıma görə özümözümə məəttəl qaldım. Evlər idarəsinə kimi qaçdım, gördüm tutun
yanında heç kəs yoxdu. Dörd yanıma boylandım, o zəhmli kişi gözümə dəymədi, tez-tez
dırmaşdım ağaca, başladım tumurcuq yığmağa.
Aşağıdakı budaqlarda əlimə bir şey keçmədi – hamısını Adillə yığmışdıq – yuxarı dırmaşdım.
Onca dəqiqəyə cibimi doldurdum.
Aşağı düşmək istəyəndə... gördüm, ağacın altında dayanıb mənə baxır. Üz-gözündən zəhrimar
yağır, qapqara saqqal basıb, gözünü mənə zilləyib hər addımımı izləyir. Ağaca söykənib
dodaqaltı nə isə deyinir, mənim düşməyimi gözləyir. Baxdım, küçədə heç kəs yox idi. Bir adam
olsaydı belə, inanmıram köməyə gələ – bizim məhəllədə hamı ondan qorxur. Ayaqlarım
titrəyirdi. İri budaqların birindən əllərimlə tutub, ayaqlarımla yapışıb üzüaşağı sürüşməklə təkan
versəydim, aralı düşərdim, onda məni tutsun görüm necə tutur.
Elə də elədim... sürüşə-sürüşə bircə onun üzünü görürdüm.
290
Tappıltı ilə nəyəsə dəyib yerə düşdüyümü bildim, vəssalam...
Evimizdə, dəhlizdə gözümü açanda başımın üstündə həmin dəlini gördüm. Qorxudan necə
qışqırdımsa, özümdən getdim. Asfalta tappıltı ilə düşəndə beynim yerindən oynamışdı... O məni
yerimdən qaldırıb, birbaşa aparıb evimizə. Xəstəxanadan gəldilər, onun qoluna girib ehmal-
ehmal apardılar. Yolboyu elə hey qışqırırdı.
Ukrayna dilində, nə isə anlaşılmaz sözlər deyirdi. Dediyi nə imiş – uşaqları öldürmək olmaz,
öldürmək olmaz uşaqları! Sanitarlar gələndə evdə mənim yanımdan aralanmaq istəmirmiş...
Dedilər ki, ağlını itirsə də, ziyansız adamdı. Lvovda, gözünün qabağında bomba partlayışından
bütün ailəsi məhv olandan sonra bu kökə düşüb. Sən demə, bu günə kimi susurmuş, heç bir söz
də demirmiş...
İki gün başım hərləndi, azca səndələyirdim, sonra keçib getdi.
Həkim, sonra da əmimin gətirdiyi professor – o, babamın dostu imiş – qətiyyətlə tapşırdılar ki,
yerindən tərpənmək olmaz, hətta uzananda belə... Oxumağı da qadağan elədilər. Darıxırdım,
bağrım çatlayırdı.
Yaxşı ki, bir həftədən sonra kreslonu eyvana çıxardılar, əyləşib başladım həyətə tamaşa eləməyə.
Elmira hər gün mənə baş çəkirdi, məktəbdən, sonra da konservatoriyada işlərindən danışırdı. O,
məndən söz aldı ki, ayağa duranda musiqi pyesi yazım. Bilmirəm, pyes onun nəyinə lazım idi.
Mən xəstə olanda yarpaq dərməyə əmim gedirdi. Görəsən necə yığırdı, hardan yığırdı, axı o, çıxa
bilməzdi ağaca! Adildən xəbər-ətər yox idi, amma atası axtarışından qalmırdı, özü də günlərlə
evə baş çəkmirdi.
Gözlənilmədən Adil gəlib çıxanda anası evdə idi. Validə onu görəndə dəli kimi qışqırdı: “Adil
gəldi!..” Gündüz, bir də onu gördüm ki, Adil pillələrlə qalxır yuxarı. Anası balkona çıxdı, elə
baxa-baxa qaldı. Adil ona yaxınlaşdı, anası onu qucaqlayıb ağlaya-ağlaya deyirdi:
“Sən niyə belə elədin, oğul? Niyə belə elədin sən?!” O, sakitcə mızıldandı: “Bağışla məni,
bağışla...” Yarım saatdan sonra anası mənim yanıma gəldi – anası onsuz da əvvəllər Adili
gözdən qoymurdu, indi isə addımbaaddım izləyirdi.
Başıma gələnlərin hamısını danışdım ona, elə mən sözümü qurtaranda atası gəlib çıxdı. Adili
görən kimi çöküb pilləkəndə oturdu, bir kəlmə də demədi ona. Güclə qalxdı yerindən, Adilin
əlindən tutub apardı, anası da dallarınca...
Onu görəndə çox sevindim. Həm də ona görə sevindim ki, anasına məndən heç nə deməmişdi.
Elə bilirdim ki, mənimlə dostluğu kəsəcək, heç inciməzdim də; axı mənim üstümdə gör nələr
olmuşdu, aləm bir-birinə dəymişdi...
Axır ki, ayağa qalxmağa mənə icazə verdilər. Babamın dostu gəldi, dizimə balaca çəkiclə
döyəclədi, çubuğu gözümün qabağına tutub ora-bura hərlədi...
* * * Qurdlar yeməkdən kəsildilər, hamısı da birdən... Otağa sükut çökdü.
İrilənmiş, çeçələ barmağa dönmüş qurdlar yeşiyin dibində elə bil nə isə axtarırdılar. Axır günlər
onların rəngi də dəyişmişdi; elə bil üfürülüb doldurulmuşdu onlar, elə bil qonur yağ çəkilmişdi
bədənlərinə.
291
Başlarını ora-bura döndərdikcə son dərəcə zərif qızılı, ağımtıl saplar düzülürdü havaya. Əmim
məsləhət gördü ki, süpürgədən bir çəngə qoparıb yeşiyə atım. Bir neçə saatdan sonra yeşiyin
yuxarısı və süpürgə çəngəsi par-par yanan ipək sapla örtülmüşdü.
Qurdlar, ara vermədən, başlarını sağa-sola tərpədə-tərpədə öz dövrəsində zərif bir duvaq
toxuyurdular...
Elektrik işığında da, gecə qaranlığında da qurdlar öz işində idi; aramsız tərpənən başlar barama
pərdəsi arxasında yavaş-yavaş görünməz olurdu...
Təkcə bir qurd yeşiyin içində ora-bura veyllənməkdə idi, arxasınca qızılı cığır salıb gedirdi. O da
başqaları kimi, iri-iri ləkələrlə örtülmüş başını ehmal-ehmal sağa-sola tərpədirdi, o da iplik toxu-
yurdu, amma bir yerdə dayanmırdı, yoluna çıxan hər nə vardısa, hətta qurdların özünü belə, zərif
ipliyə qərq eləyirdi.
– Yəqin bunu qəsdən, başlı-başına buraxıblar ki, onlar üçün yeşiyi bəzəyib-düzəsin, – Adil pıçıltı
ilə dilləndi. Biz yarım saat olardı, beləcə yeşiyin yanını kəsdirib tamaşa eləyirdik. –
Bəzəyibdüzəsin ki, baramadan çıxan kəpənəklər yeşiyin içində bu zərif tellərin arasında yaşasın.
– Onların beyni var ki, fikirləşələr?..
– Bəs o birilər kimi, niyə özünə barama toxumur. Bəlkə özünə yaxşı yer axtarır, sonra
başlayacaq toxumağa?
– Bəlkə bu, qurdların xüsusi növüdü, – dedim, – öz ipəyini hamısının yolunda səpməlidi?
– Görünür, bu qurdun əsəb sistemi pozulub, – başımın üstündə dayanan əmimin səsi gəldi.
Başımız elə qarışmışdı ki, əmimlə Mənzər xanımın nə vaxt yaxınlaşdığını hiss eləməmişdik.
– Bu qurd avaranın biridi, – əmidostum əmimi başa salmaq istədi, – hədər yerə gör nə qədər iplik
buraxıb, bu başdan o başa çatardı...
– Adamın ona yazığı gəlir, – dedi Adil, – hamısı kəpənəyə dönəcək, amma bu bədbəxt elə qurd
kimi də öləcək.
Əmidostum özündən razılıqla dilləndi:
– Yaxşı deyiblər: səadət hər kəsin öz əlindədi...
Bilirdim ki, bu sözü bədbəxt qurda demir, mənə deyir, ona yox, mənə baxır... Bezmişdim bu
atmacalardan!
– Gedək, yeməyin vaxtıdı, – əmim yaxşı yerdə sözünü dedi...
Gecə yuxudan oyanıb mətbəxə getdim.
Elə bil yeşiyə qızılı ipək örtük çəkmişdilər. Onun da üstündən, lampa işığında işım-işım
işıldayan saplardan rəngbərəng baramalar asılmışdı. Necə gözəl idi, ilahi! Elə bil zala xalça
döşənmişdi, üstündən də qızıl, gümüş, büllur çilçıraqlar asılmışdı.
292
Tək-tənha barama qurdu çilçırağın altında hələ də başını tərpədətərpədə öz işində idi...
Üşüdüm. Odeyalı gətirib büründüm, balaca kətili çəkib yeşiyin yanında oturdum. Gözümü o
qurddan çəkə bilmirdim; yazıq arıqlayıb, nazilib-üzülmüşdü. Ağlıma qəribə fikirlər gəlirdi... Elə
o gecə qərara aldım ki, anamın yanına gedim. O zaman mənim oğulluğa götürülməyimə anam
bəlkə də heç razı olmayıb...
* * * Gözümü açdım, gördüm tamam işıqlanıb, başımın üstündə əmim dayanmışdı. O mənə heç
nə demədi, təkcə başını buladı. Mənzər xanım əynində xalat yüyürüb gəldi, əlini alnıma qoydu.
– Deyəsən istiliyi yoxdu, – səsində pərtlik vardı əmidostumun.
– Keç yatağına uzan, – dedi əmim.
– Mən yatmaq istəmirəm, – doğrudan da yuxum gəlmirdi. – Burda doyunca yatmışam.
– Mən səninlə necə danışım indi?
Əmim bunu deyib köksünü ötürdü, yanımda əyləşib çiyinlərimi qucaqladı.
Barama qurdu daha yerindən tərpənmirdi. İndi o, qurda oxşamırdı.
Qapqara qaralmışdı, fasol boyda qalmışdı, elə bil üstünə kömür atmışdılar...
– Sən gərək yatıb yuxunu alasan...
– Bəs məktəb?
– Eyibi yox, gecikərsən. Direktora zəng vuraram, icazə verər.
Əlbəttə, icazə verər, məktəb mənim babamın adını, əmimin atasının adını daşıyır. Elə buna görə
də məktəbdə nəfəsim kəsilir.
Mənə heç bir xeyri yoxdu, amma birinci sinifdən başlamış elə hey beynimə döyəcləyirlər: “Sən
ona layiq olmalısan! Sən ona layiq olmalısan!” Saat onun yarısında yuxudan oyanan kimi
əmidostumun “medosmotr” ından keçdim, bir stəkan süd içib qaçdım məktəbə. Gördüm Adil
tində dayanıb.
– Bir manatın var?.. Gedək kinoya. Məndə üç manatdı, düz iki biletin pulu düzəlir. İki dəfə sənə
zəng vurdum, əmidostun cavab verəndə dəstəyi asdım.
“Nizami” kinoteatrına çatdıq.
– “Toska”, – dedi Adil.
Mən əvvəlcə başa düşmədim.
– Nə olub ki?.. – Sonra afişanı gördüm. – Qəribə addı: “Toska”!..
– “Toska” yox, “Toska!”, bu, qadın adıdı, uşaqlar! – Yanımızda dayanan xala izahat verdi, yəqin
o da bizi kimi bir fikrə gələ bilmirdi – kinoya girsin, yoxsa girməsin...
293
– Kassanın qabağında heç bir adam yoxdu, – dedi Adil, – yəqin... o söz...
Hər nə idisə, bilet aldıq.
– Doğrudan da “Toska” yox, “Toska!” imiş, – bir neçə dəqiqədən sonra Adil köksünü ötürüb
dedi: – Elə hey oxuyurlar. Niyə oxuyurlar? Bəlkə çıxıb gedək?
Mən cavab vermədim, çiyinlərimi çəkdim. İndiyə kimi heç ağlıma gəlməzdi ki, adamlar bu cür
oxuya bilsinlər...
Adil bir az donquldandı, sonra deyəsən, səsini tamam kəsdi, ya da mən onu eşitmək hayında
deyildim. Kavardossi ariyanın birinci sözlərini deyəndə tüküm ürpəşdi. Qabaqkı stuldan bərk-
bərk yapışıb oturmuşdum, nə elədiyini heç özü də bilməyən Toskaya qarşı içimdə nifrət
qaynayırdı. Sonra, bizim gözümüz qabağında, sallaqxananın dalında öldürülən adamın cənazəsi
qarşısında diz çökəndə, ona yazığım gəldi.
Hiss elədim ki, Toska qaladan özünü atanda, aşağıda, həbsxananın divarları dibincə döşənmiş
daşların üstündə parça-parça olanda, Adik də qorxudan diksindi.
– Fikir vermə, – dedi Adik, – teatrdı, demək, hamısı yalandı...
Kinoteatrdan çıxıb yekə afişanın yanında ayaq saxladıq.
– Yan Kipura. Gör nə gözəl addı...
– O kimdir? – Soruşdu Adik.
– Kavardossini oynayan... Toskanı oynayan – İvan Kontidi, Milan operasının solisti.
Evə qayıdanda Adilə dedim ki, anamın yanına qayıtmağı qəti qərara almışam. O da mənimlə
getmək istəyirdi, razılıq vermədim.
Düzü, qorxurdum ki, anam məni tanımaz, elə bilər oğlu mən yox – Adildi; sonuncu dəfə məni
görəndə cəmi ikicə yaşım vardı... Mən onu şəkillərinə görə əlüstü tanıyardım, axı, böyüklər o
qədər də dəyişilmir. Amma bu barədə Adilə bir söz demədim.
Barama yeşiyini Mənzər xanım trelyaja qoydu; özü də elə elədi ki, qızılı-gümüşü ipək ipliklər
trelyajın üz qatında bərq vursun.
Hamıya deyirdi ki, bu yeşiyə baxanda əsəbləri sakitləşir. Amma onun əsəbləri axıra kimi
sakitləşmədi; bir neçə vaxtdan sonra baramalar uc tərəfdən qaralmağa başladı, sonra da deşildi, o
deşiklərdən bədənin güclə çəkib aparan qaramtıl həşəratlar çıxdı. Yarım saat keçməmiş onlar
işım-işım işıldayan ağ kəpənəklərə döndülər. Heç kəsin ağlına gəlməzdi ki, onlar baramaya
yerləşə bilərdilər, özləri də nə zamansa qurd olublar. Kəpənəklər zərif tozla örtülmüş qanadlarını
astaca-astaca çırpa-çırpa tək-tənha barama qurdunun toxuduğu ipək tül üstündə atılıb düşdülər,
sonra, yeşikdə uçmağın qeyrimümkünlüyünü hiss eləyib, hamısı birdən tərpəndilər, qoşalaşıb
bir-birindən sallaşdılar, qanadlarını aram-aram yellədilər... Bu, Mənzər xanımın heç xoşuna
gəlmədi; onun yanaqları allandı, elə bil kimsə onu aldatmışdı, təhqir eləmişdi. Karton götürdü,
yeşiyin ağzını örtüb trelyajdan çıxartdı, Adillə mənə də tapşırdı ki, gedib dərsimizlə məşğul
olaq... Əmidostum evdə olmayanda biz kartonu qaldırıb baxırdıq. Kəpənəklər bir gün də eləcə,
bir-birinə sarmaşmış halda qaldılar, sonra tənbəl-tənbəl aralanıb harasa çəkildilər...
294
Axşam bütün kəpənəklər ölmüşdü. Yeşiyin dibində, ipək tellərin üstündə onlardan yadigar
xırdaca ağımtıl toxumcuqlar qalmışdı.
Əmim dedi ki, qurdlar yazda vaxtından əvvəl baş qaldırmasın deyə bunları götürüb qaranlıq
yerdə gizlətmək lazımdır.
Mən ölü kəpənəklərə, onların qəbrinə oxşar baramalara baxanda, nədənsə, ötən yay Pirşağıya,
əmimin dostlarıgilə qonaq getməyimiz yadıma düşdü. Axşam təkbaşına sahilə yollandım, sahilə
çatar-çatmaz qaranlıq düşdü. Gecə qaranlığına bürünmüş dənizin qırağında dayanmışdım, nə ay
görünürdü, nə ulduz, elə əslində dənizin özü də görünmürdü. Qaranlığın içindən təkcə dalğaların
səsi eşidilirdi. Onda mənə elə gəldi ki, bu vahiməli qaranlıqdan və məndən başqa sahildə, bu
ətrafda heç kəs yoxdur, heç vaxt da olmayacaq. Bir az da dayandım, ona görə dayandım ki,
yerimdən tərpənməyə taqətim yox idi, sonra geri dönüb, yerimdən güllə kimi götürüldüm, bir də
düz qapıda ayaq saxladım. Yeşiyə baxa-baxa mən o axşamı yox, təkcə qaranlıq sahilin
vahiməsini xatırladım. Bu anlaşılmaz qorxu elə bil gözəgörünməz bir dəhşətdən xəbər verirdi...
– Sən niyə susursan? – Əmim mənə zəndlə baxıb soruşdu.
– Yazda peyda olacaq qurdlar da kəpənəyə dönüb öləcək, eləmi?
Onda bütün bunlar nəyə gərəkdi?..
Özüm də hiss elədim ki, istədiyimi soruşa bilmədim, amma istədiyimi soruşmaq üçün lazım olan
sözlər mənə tanış deyildi...
– Necə nəyə gərəkdi? – Əmim gülümsündü. – Onlar öz işlərini gördülər – nəsil qoyub getdilər.
Adamlara da xeyir oldu – ipəyi bu yolla alırlar.
– Mən onu demirdim...
Çıxıb getmək istəyirdim, əmimin sorğusu qabağımı kəsdi.
– Bəs nə deyirdin?
– Adamlara xeyrini soruşmuram, – dedim. – Bəs kəpənəklərin nəyinə gərəkdi bu? Bircə günlüyə
baramanın içindən çıxasan, toxum qoyub əlüstü öləsən... Bunun nə mənası var!..
– Onlardan soruşan yoxdu – gərəkdi, gərək deyil... Təbiət özü belə qurulub.
– Adamlar da elə? Bilirlər ki, gec-tez, onsuz da öləcəklər, amma yenə yaşayırlar. Niyə? – Yenə
hiss elədim ki, soruşmaq istədiyim bu deyil, amma başqa söz tapmaqda çətinlik çəkirdim. Elə
onu demişdim ki, əmidostum mətbəxə gəldi, gözümün içinə zəndlə baxa-baxa dedi:
– Sən əvvəlcə bir insan kimi yaşa...
– Dayan-dayan, – əmim onun sözünü kəsdi. – Sən də söz danışdın, adamları müqayisə eləməyə
başqa şey tapmadın? – Əmim gülümsündü, amma mənə aydın oldu ki, bu müqayisə onun
ürəyindən olmadı. – Kim istəyir ki, onu qurdlarla müqayisə eləsinlər – lap kənd təsərrüfatına
xeyri olsa belə?!
– Mən başqa söz demək istəyirdim, – söhbəti dəyişməyə çalışırdım, – sadəcə, özünə barama
toxuya bilməyən qurda yazığım gəldi. O fağır yeşiyi necə gözəl bəzəmişdi!
295
– Yaxşı, – əmim yenə gülümsündü. – Mən də o qurdun halına acıyıram. Bəsindi? Get bir gəz,
hava al, necə olsa, bu gün bazardı...
Mən çıxanda Mənzər xanım əmimlə susmuşdular, görməsəm də, hiss eləyirdim ki, fikirli-fikirli
hələ də bir-birinin üzünə baxabaxa qalıblar, əmidostum isə yenə köksünü ötürür... Bircə şey
mənə aydın deyildi: əmidostumun kimə daha çox yazığı gəlirdi, belə axmaq və zəhlətökən
olduğuma görə mənə, yoxsa, bütün bunlara dözdüyünə görə özünə və əmimə?
Evin damına qalxdım, Adil orda məni gözləyirdi. Çərpələng buraxdıq. Özümü saxlaya bilməyib
ipək qurdlarından ona da dedim.
– Eh... hamısı birdi, – dedi Adil, – qadınlarla kişilər də...
Elə bu vaxt Adilin atası da dama çıxdı. Böyüklərin belə həvəslə çərpələng buraxmasını birinci
dəfə görürdüm. Biz heç kəsə demirdik ki, “ilanı” – çərpələngi yapışqanlayan odur. Xüsusi qalın,
suburaxmayan kağızdan hazırlayırdı. Adillə mənə bircə iş qalırdı: kağızı rəngləmək, “quyruq”
düzəltmək... hamı bizə qibtə eləyirdi; heç kəsin – nə məktəbdə, nə də bizim küçədə belə nəhəng
çərpələngi olmazdı.
Gözlənilmədən soruşdu:
– Sən niyə mısmırığını sallamısan?
– Yoox... nə danışırsız... Mənim kefim yaxşıdı...
– Dayan, daha da yaxşı olacaq, – o, Adildən “ilanı” aldı, yelləyəyelləyə damın üstü ilə qaçdı və
küləyin əksinə tərəf buraxdı.
– İpi tez yığ! – Qışqırdı, mən onsuz da ipi bütün gücümlə çarxa yığırdım. Çərpələng getdikcə
daha yuxarılara qalxırdı, iki çarx ipi çəkib apardı. İp əvvəlcə dalğalana-dalğalana yellənirdi,
sonra havadaca donub qaldı. Elə bildim çərpələngimiz bulvara kimi süzüb getdi, indi dənizin
üstündədi, amma, Adilin atası dedi ki, yox, gözün alacalanır, ikiçarxlıq ip bulvara çatmaz. Evin
damının lap qırağında dayanmışdıq, sanki bütün şəhər ayağımızın altında idi. İpin ucunu əlimdə
mən tutmuşdum. Kefim yamanca durulmuşdu. Amma nə üçünsə mənə elə gəldi ki, Adil də, onun
yanında dayanıb çiynindən yapışan atası da daha çox sevinir...
Üçüncü fəsil Biz küləyin altında, aeroporta çıxış nöqtəsində dayanıb ordanburdan, daha çox
ürəkaçan şeylərdən danışırdıq. Rast gələn tanışlarımızla, dostlarımızla nəzakətlə, mehribanlıqla
salamlaşır, gözlədiyimiz suallarına – aeroporta nə üçün belə dəstə ilə gəlib çıxmağımıza –
laqeydliklə, üçaylıq yay tətilinə çıxmağımızın sevincini ört-basdır eləyə-eləyə cavab verirdik.
Bir saatdan sonra söz-söhbətimizə ara verdik, tanışlarımızla da elə belə, dilucu, xalaxətrin
qalmasın deyə salamlaşdıq ki, sorğusualın arası kəsilsin.
Qalaq-qalağa vurulmuş musiqi alətlərinin və çamadanlarımızın yanında sakitcə dayanmışdıq;
aeroportdakı gedişatı maraqla, diqqətlə izləyirdik. Burda, bircə bizim qrupdan başqa, hamı, hər
şey hərəkətdə idi...
Vaxtımız çox olduğundan hər şeyi dönə-dönə, necə lazımdı götür-qoy elədik. Üçüncü piştaxtanın
yanında, uçuşuna əllicə dəqiqə qalmış “Bakı-Simferopol” reysinə biletlərin və baqajın qeydiy-
yatdan keçirildiyi yerdə də canlanma vardı; biletlərimiz və pasportlarımız yanımızda
296
olmadığından təkcə biz qeydiyyatdan kənarda qalmışdıq; üç gün əvvəl, konsert proqramının
məşqindən sonra, Tağıyev yoldaş pasportlarımızı almışdı, dünən axşam da hamımıza bir-bir zəng
vurub dönə-dönə tapşırmışdı ki, düz vaxtında, bir dəqiqə belə gecikmədən, miniyə iki saat
qalmış aeroportda olaq...
O, birdən-birə, gözlənilmədən peyda oldu – ana və uşaq otağından çıxıb, narazı bir görkəmlə
bizə yaxınlaşdı.
– Neyləyirsiniz burda? – Acıqlı səslə soruşdu.
– Bilyard oynayırıq, partiyası üç manatdan, üstəlik – uduzanın hesabına marker pivəsi, – sözlər
Seymurun ağzından güllə kimi çıxırdı.
Bu yerdə onun cəsarətinə heyran qaldım, hərçənd, o, sözü həmişə “yumora büküb” deyər, fərqi
yoxdu, amma məncə, bu dəfə yumora ehtiyac da yox idi...
...Seymurdan fərqli olaraq, məndə zarafatlıq hal nə gəzirdi. Elə bil indicə bütün aydınlığı ilə hiss
elədim ki, mən bu qastrola necə böyük ümid bağlayıram.
Dostları ilə paylaş: |