PolAnriKolbax (1723-1789) göstərirdi ki, şəxsi xeyir insanları dövlət yaratmağa sövq edir. İnsanın təbiətindən irəli gələn qanunlar təbii qanunlardır. Onlar insan münasibətlərinin çox mühüm prinsiplərini müəyyən edirlər. Təbii hüquqlar (azadlıq, mülkiyyət və təhlükəsizlik) əbədi və ayrılmazdır. Onlar qanundan yüksəkdə dururlar. Cəmiyyətdə ictimai müqavilə ilə müəyyən olunan qanunlar fəaliyyət göstərir. Onların vəzifəsi hökmdarın hakimiyyətini məhdudlaşdırmaqdan ibarətdir. Əsas məsələ idarə forması deyil, cəmiyyətdə yaxşı qanunların olmasıdır. Öz təlimində monarxiyaya üstünlük verir, ancaq məhdud monarxiyanı (xalq nümayəndəliyi olan monarxiyanı) üstün tutur, tirana qarşı çıxmağı xalqın ayrılmaz hüququ hesab edir.
KlodAdrianHelvetsi (1715-1771) insan xarakterini onu əhatə edən mühitin məhsulu hesab edirdi. “İnsanlar doğulmurlar, necə varlarsa, elə də formalaşırlar", - deyir. Onun fikrincə, insanın xarakterini formalaşdıran mühit hər şeydən əvvəl siyasi və hüquqi təsisatlardır. Buradan cıxış edərək, coğrafi mühit haqqında Monteskyenin fikrini rədd edirdi. Helvetsiyə görə, şəxsi mənafe, təbiət qüvvələrinə qarşı birgə mübarizə aparmaq zərurəti, habelə qarşılqlı anlaşılmazlıqları aradan qaldırmaq səyləri insanları ictimai müqavilə imzalamağa, qanunlar verməyə sövq edir. Bu qanunlar xüsusi mülkiyyəti qorumaq üçün vacibdir. Bununla belə, xüsusi
mülkiyyətin yaranması ictimai bərabərsizliyə aparır, ziddiyyətləri artırır. Bu isə dövlət hakimiyyətini gücləndirməyi tələb edir. Dövlətin yaranması qanunauyğun hadisədir. İdeal ictimai quruluş - xüsusi mülkiyyətə əsaslanan cəmiyyətdir. İdeal dövlətin vəzifəsi əmlakı ədalətlə bölüşdürmək yolu ilə mülkiyyətçilərin sayını artırmaqdır.
Onun fikrincə, dövlət quruluşunda əsas məsələ hakimiyyətin formasında deyil, məzmunundadır, yəni onun ümumi rifaha xidmət edib-etməməsindədir. Mahiyyətcə hakimiyyətin iki forması var: yaxşı və pis. Demokratik respublikaya rəğbət bəsləyir. Siyasi idealı 30 əyalətdən, yaxud respublikadan ibarət olan federativ respublikadır.
Görkəmli nəzəriyyəçi J.J.Russo(1712-1778) "İctimai müqavilə haqqında", "Adamlar arasında bərabərsizliyin meydana gəlməsinin mənşəyi və əsasları haqqında mühakimələr" və s. əsərlərin müəllifidir. O, xırda burjuaziyanın, geniş xalq kütlələrinin, hər şeydən əvvəl kəndlilərin ideoloqu olmuş, radikal mövqe tutmuşdur. Onun nəzəriyyəsinin əsas ideyası xalq suverenliyidir. Russo açıq plebey demokratiyasının tərəfdarı kimi çıxış edirdi. Onun fikrincə, ictimai bərabərsizliyin səbəbi xüsusi mülkiyyətdə və insanların fəaliyyətindəki səhvlərdədir. Siyasi fikir tarixində onun xidməti ondan ibarət olmuşdur ki, o, xüsusi mülkiyyətlə eyni vaxtda meydana gəlmiş vətəndaş cəmiyyətilə, bunun ardınca ictimai müqavilə əsasında yaranan dövlət arasındakı fərqi izah edir. Onun fikrincə, cəmiyyət inkişaf etdikcə, bərabərsizlik də dərinləşir. Onun birinci pilləsi əmlak bərabərsizliyi və xüsusi mülkiyyət hüququ, ikinci pilləsi dövlət hakimiyyətinin yaranmasıdır. Üçüncü pillədə hakimiyyət despotik xarakter alır.
Russo belə hesab edirdi ki, insanların razılığa gəlməsi hər cür hakimiyyətin mənbəyidir; onun ifadəsi ictimai müqavilədir. Onun mənası ondan ibarətdir ki, hər bir insan öz səlahiyyətlərinin bir hissəsini ümumi iradənin yüksək rəhbərliyinə verir və bununla da onun iştirakçısı olur. Hakimiyyət iştirakçılardan biri olan suverenə keçir. Bu zaman suverenlik xalqa məxsus olur. Russonun fikrincə qanunlar ümumi iradə aktlarıdır, hökmdar onlardan yüksəkdə dura bilməz. Ancaq xalqın bəyəndiyi akt qanun hesab edilə bilər.
Onun siyasi idealı demokratiyaya əsaslanan kiçik dövlətdir (O bunu Cenevrə respublikası kimi təsəvvür edirdi). Bu zaman o, qanunverici və icraedici hakimiyyəti fərqləndirir. Onun fikrincə, qanunverici hakimiyyət siyasi orqanizmin, icraedici hakimiyyət isə onun gücünün ifadəsidir.
Nəhayət, o belə hesab edirdi ki, əgər hakimiyyətdən sui- istifadə olunarsa, onda insanlar ictimai müqaviləni poza bilərlər.
Alman klassik fəlsəfəsinin banisi İ.Kantın (1724- 1804) siyasi fikrin inkişafında özünəməxsus rolu olmuşdur. Onun siyasi baxışları "Kosmopolitizm baxımından ümumi tarix ideyası", "Əbədi sülhə doğru", "Hüquq haqqında təlimin metafizik əsasları" adlı əsərlərində öz əksini tapmışdır.
Kantın fikrincə, qanun apriordur, o heç bir xarici təsirə məruz qalmır və ona görə şərtsizdir. Kant onu "qəti imperativ" adlandırır; qəti imperativin tələbini yalnız o zaman yerinə yetirmək olar ki, fərdlər "praktik zəkanın" səsinə sərbəst əməl etmək vəziyyətində olsunlar. Praktik zəka həm etika, həm də hüquq sferasını əhatə edir. Onun fikrincə, hüquq insanların davranışının xarici hallarını tənzim etməlidir. Subyektiv motivlər, fikirlər, həyəcanlar hüququ maraqlandırmır, onlarla əxlaq məşğul olur. Hüququn əsas vəzifəsi əxlaq üçün elə bir sosial məkan tapmaqdır ki, o özünü normal surətdə üzə çıxara bilsin. Hüquq ona məcburetmə qüvvəsi verməklə həyata
keçirilir.
Kantın fikrincə, dövlət "hüquqi qanunlara tabe olan insanlar çoxluğudur". Dövlətin rifahı dedikdə, vətəndaşların rifahı deyil, konstitusiyanın hüquq prinsipləri ilə daha çox əlaqələndirilməsi başa düşülür. Dövlətin rifahı, onun əqidəsincə, mükəmməl hüquqdur. Bu məqam Kantı "hüquqi dövlət" ideyasının banilərindən biri hesab etmək üçün əsas vermişdir.
Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi G.V.Hegel (1770-1831) siyasi elmin inkişafına güclü təkan vermiş bir sıra fundamental ideyaların müəllifi kimi də məşhurdur. Onun siyasi təlimi bütöv şəkildə "Hüquq fəlsəfəsi' əsərində şərh olunmuşdur.
Onun fikrincə, hüquq fəlsəfəsinin vəzifəsi dövlət və hüququn necə olduqlarını göstərmək deyil, onları elmi surətdə dərk etməkdir.
Hegelin siyasi baxışlarında bir sıra ümumiləşmiş ideyalar əks olunmuşdur. Əvvəla, o belə hesab edirdi ki, o dövrün ideal dövlət forması konstitusiyalı monarxiyadır. Onu güclü bürokratik icra aparatı, vətəndaşların idarəetməyə optimal şəkildə cəlb edilməsi kimi əlamətlər səciyyələndirir. İkincisi, nəzəri müddəalar ənənəvi şəraitdə tətbiq edildikcə dövlətin hüquqi və təşkilati strukturu dəyişikliyə uğrayır. Üçüncüsü, hər bir dövrün siyasi həyatını həmin dövrün maddi və mənəvi amilləri, mədəniyyəti və sivilizasiyası şərtləndirir. Dördüncüsü, hər bir dövrün xarakterini və bir dövrdən digərinə keçidin səbəblərini qəti şəkildə izah etmək üçün Ruh adlanan metafizik varlığa müraciət edilməlidir.
Hegelin siyasi baxışlarında "vətəndaş cəmiyyəti" anlayışının şərhi geniş yer tutur. Onun təliminə görə, "vətəndaş cəmiyyəti" dövlətin bir aspektidir. "Vətəndaş cəmiyyəti" şəxsiyyətin və qrupların mənafeyini müdafiə etməli olan siyasi təsisatlar və muxtar orqanların, habelə insanlar arasında kortəbii şəkildə formalaşan hüquqi münasibətlərin sistemidir. Hegel "vətəndaş cəmiyyətinin" belə anlamından siyasi plüralizm konsepsiyasını, yəni fərdlə dövlət arasında vasitəçi rolunu oynayan mütəşəkkil qrup konsepsiyasını təbliğ etmək üçün istifadə edirdi. Onun "vətəndaş cəmiyyəti" konsepsiyasında irəli sürülən ideyalardan biri xalqın dövlətin əsası olması haqqında fikridir. "Vətəndaş cəmiyyəti" müxtəlif fərdi və qrup mənafelərinin vəhdətinə əsaslandığı halda, dövlət etnik birliyə, millətə, xalqa əsaslanır.
Hegel vətəndaş cəmiyyətinin üç əsas məqamını qeyd edir: tələbatlar sistemi, ədalət mühakiməsinin həyata keçirilməsi, polis və şirkətlər. Vətəndaş cəmiyyətinin strukturunda üç silki ayırır: 1) substansional (torpaq sahibləri - zadəganlar və kəndlilər); 2) sənaye- fabrikantlar, tacirlər, kəndlilər; 3) ümumi silk (məmurlar). Onun fikrincə, vətəndaş cəmiyyətinin inkişafı artıq onun əsası kimi dövlətin olmasını nəzərdə tutur.
Hegelin nəzəri xidmətlərindən biri ondan ibarətdir ki, o,
cəmiyyətin sosial-iqtisadi və siyasi sferalarının, vətəndaş cəmiyyəti və siyasi dövlətin qarşılıqlı əlaqəsi və nisbəti (sadəcə olaraq fərqi deyil), bu əlaqələrin və nisbətin zəruri, qanunauyğun, dialektik xarakteri haqqında məsələni prinsipial şəkildə qoymuşdur. Onun fikrincə, "dövlətin mövcudluğu Allahın yer üzündə təntənəsidir; Özünü iradə kimi həyata keçirən zəkanın gücü onun əsasıdır. Dövlət zəka, azadlıq və hüquq ideyasıdır. Dövlət ideyası üç cür təzahür edir:
bilavasitə gerçəklik kimi fərdi dövlət şəklində; burada söhbət dövlət quruluşu, daxili dövlət hüququndan gedir;
xarici dövlət hüququ kimi dövlətlərarası münasibətlərdə;
ümumdünya tarixində. Hegelin fikrincə, dövlət ideyasının yüksək təzahürü suverenliyin ideal olmasıdır.