Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə46/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   42   43   44   45   46   47   48   49   ...   99
Heykəllər də canlıdır,
Doğulur, 
Yaşayır,
Ölür.
Heykəli dərd-qəm deyil,
Zaman özü öldürür.
Doğrudan  da  belədir.  Bir  zamanlar  Leninin  heykəllərilə  bəzənmiş 
Azərbaycanda indi bir dənə də olsun onun heykəlinə rast gəlmək müm-
kün deyil. Mənim hərdən bir heykəltəraşlara elə ürəyim yanır ki... Axı bu 
heykəllər onların yaradıcılıq işidir. Öz ürəklərini, öz vaxtlarını qoyublar 
bu heykəllərə, amma axırda müəllif şeri gözəl, tutarlı bir sonluqla bitirir:
Nə yaxşı ki, Nizami, 
Füzulimiz yaşayır,
Yenə dərisi soyulan,
Cilalanan, yonulan,
Nəsiminin heykəli,
Avropalaşmış Şərqdə,
Günəş kimi parlayır.
Doğrudan da kimlər at oynatmayıb bu ölkədə, amma Nizami, Füzuli, 
Nəsimi öz müdrikliyilə zirvədən boylanır, dünya durduqca da boylanacaqdır. 
Müəllifin  bir-birindən  dəyərli,  bir-birindən  maraqlı  şeirlərini  oxuyarkən 
oxucu  bu  mövzulardan  bir  çox  məlumatlar  toplayır,  tarixin  görümlü-
baxımlı, ölümlü-qalımlı günlərinə çıraq tutur. Onun “Hitlerin uşaqları və 
yaxud qana boyanmış röya”, “İşıq idarəsinin rəisi haqqında ballada”, “Mən 
hansı bir insana” şeirlərini maraqla oxumamış keçə bilmirsən. Beləliklə, 
dəyərli oxuculara diləyim budur ki, Elman Rüstəmov yaradıcılığına diqqət 
kəsilsinlər.
Ümumiyyətlə,  mütaliədən,  kitabdan,  kitabxanadan  gen  düşməsinlər, 
çünki nə internet mütaliənin yerini verə bilər, nə televiziya, nə də radio. 


159
Mütaliə insanın mənəvi aləmini zənginləşdirir, onda bəşəri hissləri cilalayır, 
onu ilahi eşqə munis edir. Mənə elə gəlir ki, son vaxtlar cəmiyyətimizdə 
mənəvi  kasadlıq  yaranıb.  Bu,  insanların  geyimindən  tutmuş  hər  bir 
məsələdə özünü açıq-aydın büruzə verməkdədir. İnsanların simasında bir 
soyuqluq, bir biganəlik yaranıb. Mütaliə – insanın öz ruhuna qayıdışıdır, 
insani  hisslərinin  həyat  toplusudur.  Mütaliə  edən  şəxs  heç  zaman  şər-
şeytana ulaşmaz, xeyirxah, həyatsevər, vətənsevər olar.
“Xoşbəxt günlərimin acı göz yaşı” və yuxarıda haqqında söhbət açdı-
ğımız  “Başkəsənlər”  kitabı  ilə  oxuculara  yaxşı  tanış  olan  Elman  Rüs-
təmovun  (Qəmginin)  2011-ci  ildə  çapdan  çıxmış  “Anama  məktub” 
kitabı öz oxunaqlığı ilə heç də o biri kitablarından geridə qalmır. Kitabda 
“Səfirin  telefonu”  tragikomediyasında  başdan-başa  cəmiyyətimizdə  baş 
verən bir çox iyrəncliklər qələmin qüdrətilə sətirlər içində ay-haray salır. 
Müəllif  bu  əsərdə  pulla  təhsil  alan,  ancaq  biliyi  heç  bir  qəpiklik  olma-
yan, əslində bədbəxt insanları kəskin tənqid atəşinə tutur. Əsərdə iştirak 
edən surətlərin adları artıq oxucuya çox mətləbləri aşkar edir. Qiyamzadə, 
Bərbərzadə,  Dəllalzadə,  Mollazadə  və  sair.  Müəllif  əsərdə  cəmiyyətin 
görünməyən tərəflərini önə çəkir və əslində insanlığa, inkişafa, yüksəlişə 
zidd adamları üz-üzə qoyur və özü də bir yazıçı ustalığı ilə bu obrazlarla 
söz döyüşünə çıxır. O, əsərdə baş qəhrəmanlardan biri olan Qiyamzadənin 
dili ilə deyir: “Çoxunuz Akademiya qurtarmısınız, ancaq bir ünvanı ox-
uyub müəyyənləşdirə bilmirsiniz...” Doğrudan da ətrafımızda valideynləri 
tərəfindən min bir əziyyətlə oxudulan, amma sonda heç bir iş yerinə yara-
mayan onlarla ali təhsilli cavanlara rast gəlirsən, işsiz, bekar, bacarığı ol-
mayan belə gəncləri görəndə adamın ürəyi ağrıyır. 
Elman Rüstəmovun “Anama məktub” kitabında hekayələr bölməsi də 
var. Hekayələr bölməsində “Məhsətili qul”, “Göz yaşı ilə isladılmış “Triaksion”, 
“Çaşbaş  Əhmədin  sərgüzəştləri”,  “Anama  məktub”  və  digər  hekayələri 
rəvanlığı və axıcılığı ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müəllif cəmiyyətin 
içində baş verən gerçəklikləri bir yazıçı dəqiqliyilə görüb qiymətləndirməyi 
bacarır və onu sözün qüdrətilə gah nəzmə, gah nəsrə çəkir.
Elman bəyin kitabları ilə tanış olduqda Vətən təəssübü çəkən yaşadığı 
cəmiyyətin ağrı-acılarını çox düzgün qiymətləndirməyi bacaran vicdanlı, 
millətinə, yurduna vəfalı bir qələm əhli göz önündə canlanır. O, məhz gül-
bülbülü  deyil,  qəlbini  titrədən  məqamları  qələmə  alır.  O,  “Məhsəti  qul” 
hekayəsində Bakıda neçə illərdi xalqımızın dilindən düşməyən qul bazarından 


160
bəhs edir. Burada ali təhsilli adamlardan tutmuş bütün zümrələrdən olan in-
sanlara rast gəlmək olar. Onların bircə amacı axşama evlərinə beş-on manat 
çörək  pulu  apara  bilməkdir.  Oğurluq,  əyrilik,  haram,  rüşvət  əllərindən 
gəlməyən bu zavallı insanlar onun-bunun qapısında günəmuzd işləməyə 
məcburdurlar, məhz hörmətli yazarımız da cəmiyyətimizin üzqarası olan 
bu acınacaqlı vəziyyəti qələmə alır. Hekayənin əvvəlində yazıçının qeyd 
etdiyi kimi, “Qul bazarına sükut çökmüşdü, imkanlı ağalar yayın istisindən 
Antalyaya, “Atlanta”, dənizkənarı villalarına qaçdıqları üçün qullar işsiz 
qalmışdı...” Bu yaxınlarda bizə də işlə əlaqədar bu qullardan ikisi gəlib 
çıxmışdı. Bu ana qədər öz gözümlə görməmişdim onları... Doğrusu, çox 
ürəyim ağrıdı və bir neçə gün özümə gələ bilmədim, çünki mən millətimizi 
bu vəziyyətdə görmək istəmirəm... 
Müəllifin “Anama məktub” hekayəsi xüsusilə öyüdverici, ürəkağrıdıcı 
bir həqiqətlə oxucunu baş-başa qoyur. O, 20 il Vətəndən Hollandiyaya iş 
dalınca getmiş bir vətən insanından söz açır. 20 ildə anasına bir dəfə də 
məktub  yazmayan  oğul,  hətta  anasının  adını  da  unudub.  Bu  gün  nəinki 
Hollandiyaya,  dünyanın  dörd  bir  tərəfinə  səpələnmiş  vətən  övladları  bir 
parça  çörək  üçün  yurd-yuvasından  uzaq  düşmüş  və  yol  gözləyən  əziz-
lərini intizarda qoymuşlar, amma təəssüf ki, öz ölkəmizin içində də yaşlı 
valideynlərini qocalar evinə atan, onların varlığını öz süfrəsinin qırağında 
görmək  istəməyən  neçə-neçə  adı  bilinməz  soydaşlarımız  var  ki,  onlar 
cəmiyyətimizə  üz  qarasıdırlar.  Çünki  bu  gün  atdığımız  yanlışlıqlar  sabahın 
bünövrəsində titrəyişlərə, çəkişmələrə, özümüzdən uzaqlaşmağa, yadlaşmaya 
aparıb  çıxarır.  Öz  kökünə  yad  olan  insanların  isə  aqibəti  dünyaya  çoxdan 
bəllidir.  Dünya  belə  insan  topluluqlarını  tarix  səhnəsindən  silib  arxivlərə 
asanlıqla atır, çox vaxt isə onlar hətta arxivlərdə də it-bata düşürlər. 
Bizim  millətdə  də  kökünə-soyuna  yadlaşma  göz  önündədir.  Quzey 
Azərbaycanın  paytaxtı  Bakı  indi  görünməz-tanınmaz  dərəcədə  dilini 
dəyişməklə məşğuldur. Bu, küçələrdə vurulan reklamlardan tutmuş, dükan-
ların adlarına qədər hər yerdə müşahidə olunmaqdadır. Biz artıq sürətlə 
ruslaşmadan ingilisləşməyə doğru gedirik. Əlqərəz, hansı dildə danışırıq 
danışaq, təki bircə öz dilimiz olmasın. Əslində heç camaatı da qınamaq 
olmaz, rus dili, ingilis dili bilməyəni heç bir idarəyə işə götürmürlər. Balam, 
bu ingilisdən, rusdan soruşan yoxmu ki, mənim öz gözəl, mükəmməl dilim 
ola-ola mən sənin dilində niyə danışım? Dəyərli oxucular elə güman edərlər 
ki, mən dil öyrənməyə qarşı çıxıram. Əsla, neçə dil istəyirsən öyrən, amma 


161
öz dilin də öz vətənində işlək olsun. Axı bu bizim Vətənimizdi, nə ingili-
sin, nə də rusun deyil, hətta televiziya aparıcılarının bəziləri də tez-tez gah 
ingilis, gah rus sözlərinə müraciət edir. Mənim “Əhsən” sözümə nə olub 
ki, tez-tez “bravo” deyirlər? Atalar demişkən: “Yağışdan çıxıb, yağmura 
düşdük”.  Əlqərəz,  Allah  bizim  axırımızı  xeyrə  calasın...  Mətləbdən 
uzaqlaşmayaq,  sözünü,  sözə  söykənmiş  qələminin  qədrini  bilən  Elman 
Rüstəmov da hekayədə özünü-sözünü unudan, hətta onu dünyaya gətirən 
doğmaca anasının da adını yaddaşından silən dırnaqarası oğulları kəskin 
tənqid atəşinə tutur.
Müəllifin “Anama məktub” kitabında müxtəlif illərdə dövri mətbuatda 
çap olunmuş məqalələri də yer alıb. Onun “İngilisin it siyasəti” məqaləsi 
bugünümüzün ikili dünyasının acı mənzərələrinin gerçək təsviridir. Məqalə 
ev şəraitində bəslənən, əzizlənən itlərdən bəhs edir. Heyvanı təbiətin qoy-
nundan qoparıb evə salan və onu uşaq kimi əzizləyən insanların əslində 
faciəvi həyat mənzərəsini gözlərimiz önünə gətirir. İtləri adamlardan çox 
sevən  qərblilər  bütün  dünyaya  ədəb  dərsi  keçirlər.  Demokratiya  pərdəsi 
adı  altında  insanları  öz  kök-soyundan  uzaqlaşdırır,  kosmopolit  mühitin 
qurbanı edirlər. Tarix bizə diktə edir ki, öz dəyərləri ilə yaşayan xalqlar 
uzunömürlü olublar, yəni tarix səhnəsində əsrlərlə zirvələr fəth ediblər.
Dəyərli yazarımız Elman Rüstəmovun kitabının sonu “Hüseyn Cavidin 
antimanqurtlaşma peyvəndi” məqaləsi ilə bitir. Bəlkə müəllifin bu yazını 
axıra saxlamasının bir rəmzi mənası da var. Kitab başdan-başa cəmiyyətin 
ağrı-acıları ilə doludur, o yenidən oxucularının yaddaşlarını çözələməyə, 
olub-keçənləri göz önünə gətirməyə çağırır. Yazının əvvəli belə başlayır: 
“Ey  türk,  niyə  məhv  etdilər  Hüseyn  Cavidi  və  Cavidkimiləri,  Hüseyn 
Cavidləri, Əhməd Cavadları, Ruhulla Axundovları, Heydər Hüseynovları, 
Salman Mümtazları? Nə idi günahları?” Əslində cəmiyyətdə baş verənlər 
həmin  cəmiyyətin  sakinləri  ilə  birbaşa  əlaqədardır.  Manqurtlaşma,  soy-
kökdən  uzaqlaşma,  əslinə  xor  baxma  sonda  insanları  bir  çox  çaxnaş-
malarla, fəlakətlərlə, ağrı-acılarla baş-başa qoyur. Ağac öz kökünün üstə 
bitər deyirlər. Elə müəllifin də dediyi kimi “odur ki, nə qədər gec deyil, 
gəlin  unutqanlığa  qarşı  vaksin  tapaq,  millətimizi  vaksinasiya  edək.  Öz 
keçmişlərini unutmamaq üçün”.
 Sonda dəyərli qələmdaşım – Elman Rüstəmova demək istəyirəm ki, 
sizin iki kitabınızı oxuyandan sonra belə qənaətə gəldim ki, sizə heç də 
Qəmgin  adı  yaraşmır,  çünki  siz  qəmginliyi  həyat  devizi  edib  bir  küncə 


162
sıxılıb  qalan  adam  təsiri  bağışlamadınız  mənə.  Əksinə,  sizin  ağlınızdan 
zərrə-zərrə  qopub  düşən  hekayələriniz,  şeirləriniz,  məqalələriniz  cəmiy-
yətin  bəlalarını  üzə  çıxarıb  onu  sərt  qamçıyla  döyəcləyən  Mirzə  Cəlil 
babamı, Mirzə Ələkbər Sabir babamı xatırlatdı mənə... 
Bilirsiniz, sözü vaxtında deməyi bacaranlar sözün amaldaşına və əməl-
daşına çevrilirlər, həm vətənə xidmətdə, həm də oxucuya dəyərli əsərlər 
bəxş etməkdə seçilirlər. Sizin yazılarınızda çaşbaş içində qalan insanların 
dünya tutmaz əzablarını gördüm. Bu əsərlərdə öz müsbəti-mənfiliyi ilə bir-
biriylə çarpışmada olan talelər gəldi mənim gözümün önünə. Çox təəssüf ki, 
cəmiyyətimizdə oxucu boşluğu var. Əgər cəmiyyətdə insanlarımız bir-iki 
manatından keçib kitab almış olsaydı, siz də bu dəyərli kitablarınızı 300 nüsxə 
ilə yox, daha çox nüsxə ilə buraxa bilərdiniz. Əfsuslar olsun ki, insanlarımız 
təkcə maddi yox, mənəvi aclıq içindədir. Dünən Cəlil Məmmədquluzadələr 
bundan əzab çəkirdi, bu gün isə biz... Allah bizi o gündən saxlasın ki, qələm 
əhli əlindən qələmi birdəfəlik yerə qoysun və qarışsın bu mütaliəsiz camaata!.. 
Bax o gün bizim mənəvi çöküşümüz olar, Allah bizi o gündən qorusun. Bizə 
elmimizi artırmaq lazımdır, elmimizi, soydaşlar!
Sizə  isə  dəyərli  həmkarım,  yeni-yeni  yaradıcılıq  uğurları  diləyirəm. 
Tanrı ürəyinizi qorusun.
  24.12.2011

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin