71
Krupoz pnevmaniyanın inkişafı dörd mərhələdən ibarətdir.
1. Hiperemiya mərhələsi – ağciyər toxumasının hiperemiyası, iltihabi ödemin artması və
kapillyarların keçiriciliyinin pozulması ilə xarakterizə olunur. Ödem mayesində çoxlu miqdarda
mikroorqanizmlər tapılır. Bu mərhələ 12 saatdan 3 sutkaya qədər davam edir.
2. Qırmızı qaraciyərləşmə mərhələsi – formalı elementlərin, əsasən, eritrositlərin tamlığı
pozulur, plazma zülalları alveollara və kiçik bronxlara yığılır, nəticədə zədələnmiş sahə havasız,
bərk, qırmızı rəngli, kəsikdə dənəvər xarakterli olur. Bu mərhələ 1 sutkadan 3 sutkaya qədər
davam edir.
3. Boz qaraciyərləşmə mərhələsi – alveollar çoxlu miqdarda neytrofillərlə dolur (eritrositlər
nadir halda rast gəlinir, buna görə də ağciyər toxuması kəsikdə boz-sarı rəng alır), nəzərə çarpan
dənəvərlik qeyd olunur. Bu mərhələ 2 sutkadan 6 sutkaya qədər davam edir.
4. Həlledici mərhələ – fibrinlərin tədricən əriməsilə xarakterizə olunur. Alveollardan epitellər
ayrılır. Dənəvərlik tədricən yox olur. Ekssudat tam sorulduqdan sonra ağciyər yumşalır, ancaq
onun elastikliyi tam bərpa olunmur. Bu mərhələnin davametmə müddəti prosesin yayılmasından,
aparılmış müalicədən, orqanizmin reaktivliyindən, törədicinin virulentliyindən və başqa
səbəblərdən asılı olur.
Antibakterial maddələrin geniş tətbiq edilməsi nəticəsində hazırda krupoz pnevmoniyanın paylı
formasına az rast gəlinir, daha çox bir və ya bir neçə seqmentlərin zədələnməsi müşahidə olunur.
Ocaqlı pnevmoniyada proses paycıq və ya seqment daxilində məhdudlaşır. Adətən,
ekssudat
seroz xarakter daşıyır, lakin irinli, hemorragik və ya qarışıq ola bilər. Krupoz pnevmoniyadan
fərqli olaraq ekssudatda fibrin olmur və ya onun miqdarı əhəmiyyətsizdir.
Klinik mənzərəsi. Klinik əlamətlərə, gedişin ağırlığına və fəsadların xarakterinə görə, krupoz
pnevmoniya ocaqlı pnevmoniyadan fərqlənir.
Ağırlıq dərəcəsinə görə, pnevmoniya aşağıdakı formalara bölünür:
ağır (ağır intoksikasiya ilə, xarici tənəffüs və qan dövranının pozulması ilə);
orta ağır (orta dərəcə də funksional dəyişikliklərlə);
yüngül (funksional dəyişiklik olmadan).
Kəskin pnevmoniya fəsadsız və fəsadlı ola bilər (plevrit, abses).
Krupoz pnevmoniya. Xəstəlik adətən kəskin, qəflətən başlayır. Əksərən, soyuqdəymədən sonra
kəskin zəiflik, baş ağrısı, temperaturun 390-400 C-yə qədər yüksəlməsi, bəzən isə titrətmə
müşahidə olunur. Döş qəfəsində öskürək və dərin nəfəs almada güclənən ağrılar yaranır. Əvvəl
quru, sonralar selikli, qatı, çətin ifraz edilə bilən bəlğəmli öskürək meydana çıxır, bəzən
bəlğəmdə qan da müşahidə olunur. Qısa müddət ərzində bəlğəm qəhvəyi-qırmızı rəng alır (paslı
bəlğəm), buna isə qırmızı qaraciyərləşmə sahəsində eritrositlərin parçalanması səbəb olur. İfraz
olunan bəlğəmin miqdarı artır, lakin sutkada 50-100 ml-dən artıq olmur.
Boz qaraciyərləşmə
mərhələsində, xüsusən də, həlledici mərhələdə bəlğəm durulaşır, asan ifraz olunur. Xəstəliyin
artıq birinci günündən yanaqların hiperemiyası, xüsusən də proses olan tərəfdə, dodaqların
sianozu, akrosianoz qeyd olunur, bəzən herpes labialis səpgiləri meydana çıxır, tənəffüs zamanı
burun qanadlarının hərəkəti nəzərə çarpır. Tənəffüs səthi, tezləşmiş olur, döş qəfəsinin
zədələnmiş tərəfi çox vaxt tənəffüsdə geri qalır, həmin tərəfdə ağciyərin aşağı kənarının
hərəkətliliyi məhdudlaşır.
Perkussiyada proses olan pay üzərində perkutor səs qısalır, tədricən isə kütləşmiş xarakter alır.
Səs titrəməsi normal və ya qüvvətlənmiş olur. Auskultasiyada tənəffüs əvvəllər bir qədər
zəifləmiş, lakin vezikulyar olur, sonralar isə bronxial xarakter alır. Xəstəliyin ilk günlərindən
krepitasiya çırtıltılı az sayda yayılmış quru və yaş xırıltılar eşidilir. Proses plevraya keçərsə,
plevranın sürtünmə küyü, plevra boşluğuna maye yığılarsa, tam zəifləmiş tənəffüs qeyd olunur.
Həlledici mərhələdə kütlük azalır, tənəffüs sərtləşir, daha sonra isə vezikulyar olur:
kiçik
qabarcıqlı xırıltılar eşidilir, getdikcə belə xırıltaların sayı azalır. Xəstəliyin ağır formasında
taxikardiya, ağciyər arteriyası üzərində II tonun aksenti eşidilir. Arterial təzyiqin enməsi, daha
ağır formada, hətta, kollaps da müşahidə olunur. Ahıl yaşlarda və ya yanaşı, ürəyin işemik
xəstəlikləri olarsa, ürək və koronar çatışmazlıq halları və ürək ritminin pozulması inkişaf edir.
EKQ-
də ürəyin sağ şöbəsinin hiperfunksiyası qeyd olunur.
Əksər xəstələrdə sinir sisteminin zədələnməsi əlamətləri: baş ağrıları, əsəbilik, yuxunun
pozulması, oyanma, huşun itməsi, psixikanın dəyişməsi simptomları müşahidə olunur. Bəzən isə
meningial əlamətlər meydana çıxır.
Rentgenoloji olaraq krupoz pnevmoniya üçün bu və ya digər payın və ya onun seqmentinin
homogen kölgəlikləri xarakterdir, xəstəliyin ilk günlərində zəif, yelpikşəkilli kölgəlik qeyd
olunur. Sonradan ağciyər toxumasının qalınlaşmasının və ekssudasiyanın artması
nəticəsində
tədricən daha çox nəzərə çarpan kölgəliklər aşkar olunur. Həlledici mərhələdə kölgəliyin
homogenliyi itərək ləkəli xarakter alır. Proses çox vaxt sağ ağciyərdə yerləşmiş olur. Çox vaxt
aşağı payın pnevmoniyası müşahidə olunur, yuxarı və orta payların iltihabına nadir hallarda
təsadüf olunur.
Qanda neytrofil leykositoz, bəzən isə toksik dənəvər leykositlər tapılır. Bəzi hallarda
leykositlərin miqdarı normal və ya azalmış olur. Adətən, nisbi limfopeniya olur, xəstəliyin
başlanğıcında eozinofillərin sayı azalır, EÇS yüksəlir, bəzən 50-60 mm/saata çatır, proses
sorulduqda isə tədricən normaya düşür.
Xəstəliyin yüksək temperaturlu dövründə sidiyin analizində proteinuriya, silindruriya və tək-tək
eritrositlər aşkar edilir.
Kəskin pnevmoniya zamanı bəzən kəskin tənəffüs və ürək-damar çatışmazlığı, para və
metapnevmonik plevrit, plevranın empieması, ağciyərin abses və qanqrenası, infeksion-toksik
şok, disseminəedici damardaxili laxtalanma sindromu və digər fəsadlar müşahidə edilir.
Xəstəliyin gedişi xoş keçərsə, pnevmonik ocaq 3-4 həftə ərzində tam sorulur. Bəzi hallarda isə,
proses uzun çəkərsə
sorulma tam keçmir, həmin sahədə pnevmoskleroz yaranır və ya xronik
pnevmoniya inkişaf edir.
Ocaqlı pnevmoniya. Ocaqlı pnevmoniyada iltihabi proses bir və ya bir neçə seqment daxilində
paycıqları əhatə edir. Çox vaxt proses bronxlardan başladığından, ocaqlı pnevmoniyanı həm də
bronxopnevmoniya adlandırırlar. İltihablaşmış ocaqların həcmindən asılı olaraq aşağıdakı
pnevmoniyalar ayırd edilir:
kiçik ocaqlı;
iri ocaqlı;
birləşmiş.
Ocaqlı pnevmoniyaların klinik əlamətləri çox dəyişkənliyi ilə xarakterizə olunur. Bu isə onların
etiologiyasının müxtəlifliyi ilə (bakteriyalar, viruslar, mikoplazmalar, xlamidozlar, rikketsiyalar)
əlaqədardır. Xəstəlik ya kəskin titrətmə, temperaturun yüksəlməsi ilə, ya da prodromal əlamətlər
fonunda tədricən başlayır. Xəstələrin şikayətlərinin əsasını quru və ya bəlğəmli öskürək, döş
qəfəsində ağrı, ümumi zəiflik, baş ağrısı təşkil edir. Xəstələrin çoxunda temperaturun 380-390 C-
yə qədər yüksəlməsi müşahidə olunur, qoca yaşlarda və zəifləmiş xəstələrdə temperatur normal
və ya subfebril ola bilər. Müasir antibiotikoterapiyanın təsirindən yüksək temperatur 3-5 gün
davam edir. İri ocaqlı pnevmoniyada çox vaxt təngnəfəslik və dodaqların sianozu müşahidən
olunur.
İltihab ocağı mərkəzdə yerləşdikdə obyektiv məlumat çox zəif olur. Periferik yerləşmə zamanı
isə perkussiyada səsin normal ağciyər səsi fonunda kütləşmə sahələri aşkar olunur.
Auskultasiyada isə sərt tənəffüs fonunda məhdud sahələrdə yaş xırıltılar eşidilir.
Rentgenoloji müayinədə əksər xəstələrdə orta və ya kiçik intensivli ləkəli kölgəliklər
aşkar
olunur. Qanın müayinəsində krupoz pnevmoniyaya nisbətən az dərəcədə müşahidə olunan
leykositoz və sola meyllilik müəyyən edilir. EÇS çox vaxt yüksəlir. Hazırda pnevmoniyanın
fəsadlarına (quru və ekssudativ plevrit, ağciyər absesi və qanqrenası) çox nadir halda rast gəlinir.
Antibiotikoterapiya qısa müddətdə temperaturun enməsinə və intoksikasiya əlamətlərinin
itməsinə gətirib çıxarır. Yaşlı şəxslərdə və yanaşı ürək-damar sistemi xəstəlikləri olan xəstələrdə
ocaqlı pnevmoniyanın gedişi ağır keçə bilər.
Törədicilərdən asılı olaraq, kəskin pnevmoniyanın simptomları müxtəlif ola bilər.
Diaqnozu. Etioloji diaqnozun təyini üçün bəlğəmi bakterioskopik və bakterioloji müayinə etmək
lazımdır, əsnək və udlaqdan alınan yaxma bakteriyaya, virusa, mikoplazmaya, rikketsiyaya qarşı
yoxlanılır.
Müalicə və profilaktikası. Kəskin pnevmoniyanın kompleks müalicəsi törədicilərə təsirdən,
intoksikasiyanın aradan qaldırılmasından, fəsadların qarşısını almaqdan və simptomatik
maddələrin tətbiqindən ibarətdir. Müalicə xəstəxana şəraitində aparılmalıdır.
Kəskin pnevmoniyanın müalicəsində antibiotiklər, sulfanilamidlər, nitrofuran preparatları tətbiq
edilir. Antibiotikoterapiya müalicəsinin əsas prinsipi, onun erkən başlanması, törədicilərin
preparata həssaslığını təyin etmək və effektli dozada tətbiq etməkdən ibarətdir. Əksər hallarda
polisintetik penisillin və sefalosporin işlədilir. Yüngül formada pnevmokokklu pnevmoniya
zamanı sutkada 3 milyon vahid əzələ daxilinə benzil-penisillin təyin edilir. Ağır
formada isə
doza 10-
15 milyon vahidə qədər artırılır, preparat vena daxilinə yeridilir.
Penisillin sırası preparatları orqanizm qəbul etməyən hallarda sefalosporin, eritromisin,
linkomisin təyin edilir. Pnevmokokk, streptokokk, bağırsaq çöplərinə uzun müddət
(sulfadimetoksin) və ultra uzun müddət (sulfalen) təsir edən sulfanilamid preparatlarından
istifadə etmək olar. Kombinəolunmuş preparatların (baktrim, biseptol) təyini də yaxşı effekt
verir. Bir-
iki gün müddətində təsir olmadıqda antibiotiki dəyişmək məsləhətdir.
Antibiotikoterapiya effektli olduqda, müalicə intoksikasiya əlamətlərinin qurtarmasına qədər
73
aparılır. Böyrək çatışmazlığı və qaraciyər funksiyasının pozulması müşahidə olunarsa, doza
azaldılır va preparatların yeridilməsi arasındakı müddət uzadılır.
İntoksikasiyaya qarşı hemodez, reopoliqlükin, plazma tətbiq edilir. Ürək çatışmazlığı müşahidə
olunduqda ürək qlikozidləri, diuretiklər, damar çatışmazlığında isə kamfora, sulfokamfokain,
kardiamin tətbiq edilir. İnfeksion-toksik şok törənərsə, infuzion terapiya (hemodez, 5%-li
albumin məhlulu), vena daxilinə prednizolon və başqa qlükokortikoidlərdən, həmçinin dofamin
və ya mezatondan istifadə etmək məsləhətdir.
Ağır hallarda hiperkapnik koma qorxusu olarsa, ağciyərlərin süni ventilyasiyası göstərişdir.
Bronxların drenaj funksiyasını yaxşılaşdırmaq məqsədilə bəlğəmgətirici preparatlar təyin edilir
(kalium-
yodid, mukaltin, bromheksin, termopsis). İltihabi prosesin sorulmasını sürətləndirmək
məqsədilə fizioterapevtik müalicə təyin edilir: qələvi inhalyasiyası, kalsium-xloridlə, askorbin
turşusu, heparinlə elektroforez,
ultrayüksək tezlikli cərəyan, mikrodalğalı terapiya, iynəbatırma,
müalicəvi bədən tərbiyəsi.
Pnevmoniyanın kəskin mərhələsinin müalicəsi başa çatdıqdan sonra bərpaedici müalicə təyin
edilir. Bərpaedici müalicə (reabilitasiya) bu ardıcıllıqla aparıla bilər: stasionar-poliklinika,
stasionar-
sanatoriyanın reabilitasiya şöbəsi. Adətən, kompleks müalicədən sonra xəstə tam
sağalır, iş qabiliyyəti bərpa olunur.
Dostları ilə paylaş: