Yüksək mənəvi məsuliyyət şəraitində tərbiyə. Kiçik yaşlarından uşağın beyninə belə bir fikir yeridilir ki, o, mütləq valideynlərin çoxsaylı arzularını, inamlarını doğrultmalıdır. Yaxud da valideynlər ona nəinki uşaq kimi baxır, həm də onun üzərinə daha böyük qayğılar, məsuliyyət düşür. Nəticədə uşaqlarda daim özünün və yaxınlarının rahatlığı ilə bağlı həyəcan, qorxu hiss olunur. Uşağın qeyri-düzgün tərbiyəsi onun xarakterini zəiflədir, onun ətrafdakılara münasibətini çətinləşdirir. Ailədə yolverilməz tərbiyə metodlarından biri fiziki cəza metodudur.
7. Yeniləşmə və qloballaşma şəraitində informasiyaların sürətli inkişafı, kütləvi kommunikasiya və təbliğatın genişlənməsi, cəmiyyətdə özünü göstərən bu və ya digər proseslər ailədaxili məsələlərə də təsir göstərir. Bu kontekstdə ailədaxili və şəxsiyyətlərarası münasibətlər məsələsi də müasir pedaqogika və psixologiyanın aktual problemlərindən birinə çevrilmişdir. Ailədaxili münasibətlərin sağlam peadqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Ailədaxili münasibətlər əsasən ata və ananın ailədəki rolu və münasibəti ilə şərtlənir. Bu münasibətlər həm ailənin möhkəmliyinə, həm də uşaqların tərbiyəsinə xüsusi təsir göstərir. V.A.Suxomlinski qeyd edirdi ki, “Uşaqların əsas tərbiyə məktəbi ər və arvad, ata və ana arasındakı qarşılıqlı münasibətdir”. Odur ki, ailədə tərəflərin əsas, başlıca rolu bir-birini qavramaq və anlamaqdır. Bu anlama və münasibət ailənin gələcək planlarını qurmaqda vacibdir. Ailə münasibətlərinin əsasını ər və arvad münasibətləri təşkil edir. Onlar ailənin qoşa qanadlarıdır. Ailədaxili münasibətlər kontekstində valideynlərin uşaqları ilə münasibəti də önəmli əhəmiyyət kəsb edir. Bu məsələ hələ lap kiçik yaşlarından, məktəbəqədər dövrdən başlayır. Uşaqların şəxsiyyətinin formalaşmasında, psixi inkişafında, ətrafdakılarla rəftar və davranışında, idrak fəallığının inkişafında valideyn-övlad münasibətləri mühüm rol oynayır. Bu münasibətlər uşağın öz yerini, ailədəki rolunu müəyyənləşdirməkdə və özünü dərk etməsində, qabiliyyət və bacarıqlarını inkişaf etdirməkdə önəmlidir. Ailədaxili münasibətlər kontekstində valideyn-uşaq münasibətləri tarixən milli xüsusiyyətlərin tələblərinə uyğun olaraq, eyni zamanda valideynlərin özlərinin düçüncə tərzinə, fərdi xüsusiyyətlərinə uyğun əsaslar üzərində qurulur. Uşaqların şəxsiyyətinin formalaşmasında və psixi inkişafında aparıcı rol oynayan ünsiyyət tələbatı da məhz bu münasibətlərin gedişində bu və ya digər dərəcədə ödənilir. Qeyd etdiyimiz kimi sağlam, düzgün münasibət sağlam, formalaşmış gələcəyə yol açır. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi vaxtlarda ailədaxili münasibətlərin (ər-arvad) nizamsızlığı uşaqların taleyində neqativ izlər buraxır. Uşaqlarla rəftar və davranış zamanı valideynlər bəzi vaxtlarda birtərəfli iştirak edirlər. Valideynlərdən birinin uşağı çox əzizlə-məsi, yaxud tez-tez onun üçün “havadarlıq” etməsi, “hələ uşaqdır düzələr” və s. bu kimi mühafizəkar mövqeləri uşaqların tərbiyəsində birtərəfli ölçülərə gətirib çıxarır. Çünki ailənin tərbiyə imkanları valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Bu kontekstdə ailədə intizam tərbiyəsi vacibdir. Qeyd etdiyimiz kimi ailələrdə çox vaxt uşaqların həddindən artıq əzizlənməsi buna mane olur. Uşağını kor-koranə sevən ata, yaxud ana onun bütün tələblərini yerinə yetirməyə çalışır. Hətta kiçik yaşlı uşaqlar söyüş söyəndə belə valideyn onu müdafiə edir. Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirin “Uşaqdır” satirası bu xüsusda şeiri diqqəti cəlb edir.
“Ay başı daşdı kişi, dinmə uşaqdır, uşağım!