Əski oğuzlar arasındə hakim olmuş dinlər2 Qərbi Asiyanı Şərqi Asiyaya bağlayan uzun yollar yalnız müxtəlif qovmlər, ya hökümətlər arasında ticarəti, yaxud müharibə və mühacirətləri təmin etmiyordı; bu yollar vasitəsi ilə ilk əsrlərin ictimai və mənəvi tələqqiləri, dinləri bol-bol yaratılan məzhəbləri də qəbilədən-qəbiləyə nüfuz ediyordı. Bu yolların köçəbə əşirətləri içinə soxulan din propağandıçılarısayəsində oğuzlar müxtəlif din dəgişdirmişlərdir. Şamanilik sıra ilə yerini başqa dinlərə vermişdir.
Bu dövrlər haqqında ən çox məlumat verən ərəb mənbələri də bu xüsusda qarışıq məlumat verməkdədir. Bununla bərabər Çin sərhədləri boyunca yayılan “doqquz oğuzlar” içində hicri VI əsrdə manixeizm dininin yayıldığını ərəb müəlliflərindən Məsudi xəbər veriyor. Bu məlumatə görə manixe izm doqquz oğuzların ancaq mərkəz və şəhərlərində hakimdi; əksəriyyəti təşkil edən köçəbə xəlq içində yenə əski şamanizm tələqqiləri yaşayordu.
Hətta bu aralıq oğuzlar içinə səyahət edən ərəb təmim ibn Bəhr əl-Mətinin nəqlinə baxılırsa şəhər mədəniyyəti xaricində qalan kənd xalqının çoxu mazdəizmi qəbul eyləmişdir.
İran mühərrirlərindən Qəzvininin kosmoqrafiyaya aid əsərinə istinadən V.D.Smirnovun verdigi məlumata görə Slav məmləkətinin cənubunda yaşayan kimaklar kibi oğuzlar da xristianlığı qəbul etmişlərdir. Eyni mənbəyə görə kimakların ölkəsində olan bir qayədə dizi üstünə oturmuş birisinin dizləri ilə ayaqlarının yeri və bir cocuğun ayaq ləpiri ilə bir mərkəb ayağının izi vardır. Oğuzlar bu işarətləri İsaya aid zənn edərək o izləri ziyarət edərlərmiş.
Müstəşriq Kovalson Bizans missionerlərinin oğuzlara qədər gəldiklərini nəzərə alaraq, xristianlığın buralarda intişarının nestorilər vasitəsi ilə olduğunu yazıyor.
Yuxarıdan bəri verilən izahatı təhlil edən Bartold, oğuzların bir zamanlar Yəqubi dinini də qəbul etdiklərini söylüyor1.
Oğuz qəbilələri bu surətlə mənasız din gurultularının içində oyuncaq kibi dönüb dolaşırkən, ərəb ordusu qılınclarının ağzında islam dinini gətirdilər. Ərəb mənbələrinə görə miladi VIII əsrin ikinci yarısında Şərqi Türküstan doqquz oğuzlarından ayrılıb da Xəzər sahilinə qədər enən oğuzlar bu əsrdən etibarən ərəb dinini qəbul etməgə başlamışlardır1.
Müsəlmanlığın oğuzlar arasına girişi birdən-birə olmamışdır; yeni gələn qəbilələr yeni dinlə təmasa gəldikcə köhnə dinlərini buraxmışlardır. Zatən oğuz köçü ərəb dininin sağa-sola saldırdığı zamanlar da davam ediyordı. Ərəb ordularının İranda təsadüf etdikləri oğuz boyları da İran qövmləri ilə bərabər islamiyyəti qəbul ediyordu. Oğuz ellərinin bir qismi çoxdan müsəlman olduğu halda sonradan gələn bütpərəst oğuzlar da yavaş-yavaş qardaşlarının qəbul etdigi dinə keçiyorlardı. Bartoldun oğuzların islam olmuş məmləkətlərə X əsrdə hicrət etdigi haqqındakı fikri, sonradan bu kibi qaçqın axınlara aid olmalıdır. Hətta bütpərəst oğuzlarla müsəlman olmuş oğuzların mənasız olaraq yeni din üçün boğuşduqları da çox olmuşdur.
Hicrətdən sonrakı əsrlərdə gələn bütpərəst oğuzlar Xəzərin cənub sahilindən keçən yolu təqib edərək o vaxt müsəlman olmuş Azərbaycan, Qafqasa gəlib yerləşdilər. Artıq burada qəti surətdə müsəlman olaraq yaşayorlardı.