1. Türkiyədə ədəbiyyata aid vaqe olan əski nəşriyyatda bizim ləhcəmiz ədəbiyyatına təmas edən qism haman-haman Füzuli ətrafında vücudə gələn tədqiqlərdir. Əbülziya Tofiqin 1293-cü il tarixində yazdığı “Nümuneye-ədəbiyyate-Osmaniyyə” də Füzulidən qayət qısa bəhs edər. Kitaba Füzulinin “Şikayətnamə”si kopiyə edilmişdir.
2. Şəhabəddin Süleyman “Tarixe-ədəbiyyate-Osmaniyyə” adlı kitabında (İstanbul, Sxcaqiyan mətbəəsi,1328) Füzuliyə bir çox səhifələr ayırmışdır (səhifə 72-110). Şəhabəddin Süleyman ədəbiyyat müvərrixi olmadığından təhlilləri şairanə hissiyatın ifadəsi şəklindədir.
3. Məhəmməd Fuad Köprülüzadə ilə Şəhabəddin Süleymanın müştərək yazdıqları “Yeni Osmanlı tarixe-ədəbiyyatı” (İstanbul, şirkəti-mürəssibə mətbəəsi – 1334) adlı əsərlərində Qazi Bürhanəddin (səhifə 169-173), Füzuli (səhifə 263-275) haqqındakı izahat romantik bir qiymətə haizdir.
4. Faiq Rəşadın “Tarixe-ədəbiyyate-Osmaniyyə”sindəki Nəsimi (səhifə 114-119) ilə Füzuli haqqında (səhifə 346-369) məlumat verərək şeirlərindən nümunələr alıyor. Məlumatı təzkirə mahiyyətindədir.
“Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” nüsxəsinin fotoqrafı alınaraq İstanbulda Kilisli Müəllim Rifətin müsəhhəhligi ilə basılmışdır (İstanbul, mətbəəyi-Amirə 1332). Müəllim Rifətin istinsax əsnasında oxuyamadığı bir çox kəlmə və ifadələrin yanında yapdığı təshihlərin bir çoxu yanlışdır. Çünki Qorqud kitabının dili bizim şərqi oğuz ləhcəsi olduğundan xalqımızın indi belə qollanmaqda olduğu bir çox kəlmə və ifadələri Müəllim Rifət ləhcəmizi bilmədigi üçün bunları yanlış olmadığı halda Osmanlı ləhcəsinə görə təshih etmişdir. Bu isə elmə doğru bir hərəkət sayılamaz.
5. Qorqudun kitabı haqqında müdəqqiq müəllim M.Cövdətin 1334-cü il nəşr etdigi (Yeni məcmuənin fövqəladə nüsxəsi, səhifə 1338-ci ildə çıxmış bir tədqiqnaməsi olduğu kibi, 1338-ci ildə çıxmış olan “Dərgah” məcmuəsində yenə bu mövzuya aid ikinci bir məqaləsi var. M.Cövdət bu məqalələrində Qorqud kitabının “Oğuznamə” ilə olan münasibəti və Qorqudun şəxsiyyətini tədqiq ediyor; verdigi məlumat, mövzunun yalnız bəzi cəhətlərini aydınlaşdırıyor.
6. İstanbul Darülfünunda türk lisaniyyatı professoru Nəcib Asim “Misirdə yazılmış bir türkcə kitab” sərlövhəsini daşıyan bir məqaləsində dərəbəglik dövrü şairlərindən Zəririn əsərləri haqqında küçük ölçüdə məlumat veriyor. (Darülfünunun ədəbiyyat fakültəsi məcmuəsi, sayı I, İstanbul, 1334). Müəllif Zəririn əsərlərinin şərqi oğuzlara aid olduğunu bəzi lüğətlərdən çıxarıyor. Bu məqalə lisaniyyat nöqteyi nəzərindən yapılmış bir tədqiqdir.
7. Ədəbiyyatımızın tarixini çox əlaqədar edən yeganə mənbə akademik Köprülüzadə Məhəmməd Fuadın nəşriyyatıdır. Köprülüzadə ilk elmi əsəri olan “Türk ədəbiyyatında ilk mütəsəvviflər” (İstanbul,1918) adındakı kitabında məhdud sətirlə bizim ləhcəmizin yayıldığı sahədən Dövlətşah Səmərqəndi təzkirəsinə istinadən şair-mütəsəvvif Həsənoğludan bəhs etmişdir (səhifə 200-201 mətn və haşiyə).
Bundan sonra Köprülüzadə “Azəri ədəbiyyatı tarixi” adı altında altı məqalə nəşr etdi (İstanbul, “Türk dünyası” qəzetəsi, 1919). Bu məqalələrdə məmləkətimizin coğrafiyası, xalqımızın qövmi-mahiyyəti və ləhcəsi haqqında qısa məlumat veriliyor. Ədəbi şəxsiyyətlərdən Həsənoğlu və Qazi Bürhanəddindən müxtəsər bir surətdə bəhs ediliyor.
Bu məqalələrin Həsənoğlu və Bürhanəddin qismlər ufaq bir dəgişikliklə “Dərgah” məcmuəsində təkrar basıldı (“Dərgah, İstanbul, 1337, səhifə 8, 1338, səhifə 180)
Köprülüzadənin “İqdam” qəzetəsində (İstanbul, 1338) Həbibiyə aid iki məqaləsi var. Sonradan bu məqalələr böyüdülərək Həsənoğlu haqqındakı məqaləsi ilə bərabər təkrar nəşr olunmuşdur (Ədəbiyyat fakültəsi məcmuəsi, nisan 1925).
1924-cü ildə Şərq kitabxanası tərəfindən basılan Füzuli divanında professorun bir müqəddiməsi var. Burada dil və ədəbiyyatımızın Füzuliyə qədər olan təkamülünə və Füzulinin xüsusi və ədəbi həyatından qısaca bəhs ediliyor.
Köprülüzadə bütün bu yazılarını Nami adlı bir şair haqqındakı tədqiqi ilə bərabər “Azəri ədəbiyyatına aid tədqiqlər” sərlövhəsi altında “Azərnəşr”in ehtimami ilə təb” etdirdi (Bakı, 1926).
1918-ci ildən 1926-cı ilə qədər professorun ədəbiyyatımız haqqında yapdığı tədqiqlər yalnız 56 küçük səhifə tutuyor.
Türkoloji cəbhəsində cahanşümul bir şöhrəti olan Köprülüzadənin tərkibi mahiyyətdə olan bu əsəri çox qiymətlidir.
8. Müəllifi Qafqaslı olmaqla bərabər İstanbulda yazıldığı üçün, qüdrətli hekayəçilərimizdən Yusif Vəzirovun “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı risaləsini Türkiyədə yapılan tədqiqlər arasında yad etmək lazım gəldi.
Vəzirov əsərini İstanbulda ikən Köprülüzadənin “Türk dünyası”ndakı yazılarının nəşrindən sonra yazdı (1337). Əsər üç hissəyə bölünmüşdür:
Birinci hissə: müqəddimə, şifahi və yazılı ədəbiyyatımız şifahi ədəbiyyatımız ilə Nəsimi, Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Zakir, Şirvanlı Seyid Əzim,Sabir, yeni dövr.
İkinci hissə: “Osmanlıda (?) yetişmiş azərbaycanlı müəlliflər”.
Üçüncü hissə: “Rusiyada yetişmiş azərbaycanlı müəlliflər”.
Risalənin sonuna “Osmanlı oxucuları üçün müxtəsər lüğət” əlavə etmişdir. “Bir neçə söz” sərlövhəli birinci müqəddimə siyasi bir mahiyyətdədir. İkinci müqəddimə tarixi və biblioqrafik bir çöhrə göstərir. Bundakı qərib mühakimələri ayrı-ayrı şərh edəcək degiliz; yalnız bəzi ana xətlər üzərində durmaq məcburiyyətindəyiz. Müqəddimənin bir yerində belə bir cümlə var: “İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var. Əcaba, əsl azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı?” (səh.6). Müəllif bu sualına “Şifahi və yazılı ədəbiyyatımız”ın sonunda cavab veriyor: “Zənnimizcə Azərbaycan ədəbiyyatının başlanğıcını əhəmiyyətsiz məlumatlara istinadən təyin etmək olmaz. Bizcə yazılı ədəbiyyatın başlanması yazılı əsərlərin meydana gəlməsində degil, ədəbiyyatı qüvvətli bir sima, iqtidarlı bir qələm başlaya bilər. Bunun üçün madam ki, əldə etdigimiz məlumat lazımı dərəcə ədəbi tariximizin əvvəllərini təsvir edə bilmir, yazılı ədəbiyyatımızın banisi olaraq ancaq Nəsimini göstərə bilərik” (səhifə 11).
“Şifahi ədəbiyyatımız” haqqında beş səhifəlik ibtidai məlumatdan sonra müəllif yazılı ədəbiyyatımızı Nəsimidən yəni hicri VIII əsrdən başlayır; bu surətlə oğuz ləhcəsinin vücudə gəlməsindən hicri VIII əsrə qədər keçən çox böyük zaman içində vücudə gələn ədəbi məhsulatı yox ədd ediyor. Görülüyor ki, əsər tamamilə keyfi bir hərəkətin səmərəsidir.
Bu günkü türkoloji sistemlərin bizə göstərdiginə görə ədəbiyyat tarixi bir mühərririn malı degildir ki, onu istədigi kibi alıb-satsın. Elm bir xalqın ədəbiyyatı tarixini, arzu etdigi zamandan və ya şəxsdən başlamaq səlahiyyətini hənuz heç bir müəllifə verməmişdir; ictimai bəniyyənin təşkili ilə ədəbiyyat da doğmuş deməkdir.
Vəzirov Nəsimi ilə Xətai, Füzuli ilə Vaqif arasındakı əsrlərin ədəbi simasını təyin için də nəfəs tükətmək istəməyərək bir “heyfa ki” ilə “idareyi-məsləhət” üsulunu təqib ediyor. Bulundigi hissələrdən belə əhl-mütəxəssis tərəfindən yazılmış bir əsər olmadığı açıqca anlaşılan “Azərbaycan ədəbiyyatına bir nəzər” zehni şaşıracaq yalan-yanlış bir taqım ibtidai məlumat külçəsidir.
Professor Nəcib Asimin dərəbəgilk dövrü şairlərindən Hamidi haqqında yazdığı “Məchul bir şair: Molla Hamidi” sərlövhəli məqaləsi (“İqdam” qəzetəsi, 1921) “Qaraman” tarixində verilən məlumatdan xülasə”dir (Bu tarixin verdigi məlumat kitabımızın gələcək bəhslərindəndir).
1922-ci ildə İstanbulda yenə dərəbəglik dövrü şairlərimizdən – Bürhanəddinin bir qism mənzumələri “Divani-Qazi Bürhanəddin” ünvanı altında basılmışdır. Bu kitab İngiltərə müştəriqlər Cəmiyyəti üzvlərindən professor Zuvian tərəfindən “Bürhanəddin” Britiş muzeyindəki yeganə yazma divanından kopiyə edilmiş parçalardan ibarətdir ki, İstanbulda Amerikan Dil Məktəbi müdiri Fredfild Qursel tərəfindən nəşr olunmuşdur. “Mətbu” nüsxə üç qismdir:
“Əl-qəzəliyyat”də səkkiz dənə (tamam və yarım olaraq) qəzəl,
“Əl-rübaiyyat” qismində igirmi dənə rübai,
“Əl-tuyuğat”də yüz on səkkiz dənə tuyuq vardır.
Yapraqların bir tərəfində mətn, köhnə imlası ilə o biri tərəfində indiki imla ilə basılmışdır. Bu əsərdə Bürhanəddinin həyat və sənəti cənab Şəhabəddin tərəfindən doqquz səhifəlik bir müqəddimə də təhlil edilmişdir ki, bir çox yanlışlıqla doludur. Mətnin dəyərli yerləri lüzumi qədər oxunmamışdır.
İstanbul orta məktəb müəllimlərindən Rafət Evəni adında bir zat “Azərbaycan şairləri” sərlövhəsi ilə iki məqalə nəşr etdi (“Türk yurdu” məcmuəsi, 1341, eylül və tişrini əvvəl nüsxələr). Başlıca Berjenin əsəri ilə “Riyazül-aşiqin”, “Təzkireyi-Nəvvab”dən istifadə etmişdir. Metod bilmədigi və məlumatı olmadığı halda bir ədəbiyyat tarixi yazmaq qəbul olacağını zənn edəcək dərəcədə zavallı olan bu müəllim Xorasandan Bayburda qədər geniş bir ərazi tutan ləhcəmizi və dolayısı ilə ədəbiyyatımızı çox kiçildərək “Qarabağ, Şirvan, Şəki” olmaq üzrə üç yerə ayırıb. Məqalələrdə Vidadi, Vaqif, Ağabəgim ağadan qayət ibtidai bir surətdə bəhs ediliyor. Uzaqlarda oturub də bir qaç kitab oxumaqla bir millətin ədəbiyyatı tarixi yazılmıyacağı fikrini bu hərəkət də bütün gülünclüyü ilə göstəriyor.
Türkiyənin məşhur naşirlərindən Süleyman Nazif: əvvəlcə “Pəyam-sabah” qəzetəsi ilə “Sərvət-fünun” məcmuəsində nəşr etdigi Füzulinin həyat və əsəri haqqında bəzi məlumat və tədqiqatını “Füzuli” sərlövhəsi altında ayrıca bir kitab halında basdırdı (İstanbul, yeni mətbəə, 1926). Füzulinin məzhəbinə aid Türkiyədə yapılan münaqişənin bir qütbü olan Süleyman Nazifin bu kitabı eyni zamanda bir cavabnamə mahiyyətindədir.
İstanbul “Məktəbi-bəhriyyə” müəllimlərindən İbrahim Eşqinin Füzuliyə aid kiçik risaləsi 1338-ci ildə İstanbulda Füzulinin “şiə-sünni”liyi haqqında açılan münaqişə əsnasında yazılmış və Füzulidə məzhəb qeydi aramaqlığın mənasız olduğunu iddia edər.
İstanbul Darülfünununda təhsil edərkən son əsrin 1925-ci il tarixinə qədər bütün fikri və ədəbi cərəyanlarını mühitin müsaidəsi nisbətində – iqtisadi, ictimai nöqteyi-nəzərdən təhlil edərək 400 səhifəlik böyükcə bir cild halında verdigimiz “Lisaniyyə-tezi”ni də yapılan tədqiqlər arasında göstərə biliriz (İstanbul Darülfünunu, ədəbiyyat fakültəsi rəyasəti nəzdindəki yazmalar arasında məhfuzdur). O vaxta qədər ədəbiyyatımızın bu dövrünə aid Türkiyədə başqa bir tədqiq nəşr edilməmişdir.
Yenə son cərəyanları haqqında İstanbulda nəşr olunmuş iki tətəbbönaməmiz var (“Türk yurdu” məcmuəsi, on beşinci* sənə, numero 15-16). Bunlar bir tədqiq silsiləsinin müqəddiməsidir. Sonrakı qismlərin – kommunistlik töhmətilə məcmuədə basılmasına izn verilmədiyi için yarımçıq qaldı.
“Sərvət-fünun” məcmuəsində ədəbiyyatımızın son cərəyanlarına aid iki məqaləmiz daha var: biri Fətəli Axundov dövründən Bakı türkoloji qurultayına qədər davam edən fikri cərəyanları xülasə edər (“Qafqas türklərində fikri cərəyanlar”, “Sərvət-fünun” 23 eylül 1926). İkinci məqalə “1905 inqilabının ədəbiyyatımıza yapdığı əkslərə aiddir (“Misralarında bombalar daşıyan bir şer” – “Sərvət-fünun, 16 Kanuni-əvvəl; 1926). Ankarada çıxan “Həyat” (1927, numero 16) məcmuəsindəki Füzulinin bu vaxta qədər məchul olan “Söhbətül-əsmar” adındakı əsərinə aid məqaləmiz də bu cinsdən küçük bir tədqiqdir.