Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7.78 Mb.
PDF просмотр
səhifə92/115
tarix25.04.2017
ölçüsü7.78 Mb.
1   ...   88   89   90   91   92   93   94   95   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

513 


də vərəqlədi, sonra yerinə uzandı... Axşama yaxın dözmədi, pencəyini götürəndə anam ehtiyatla 

dilləndi: 

- Bəlkə lazım deyil, qapıda gözətçi qoyublar... 

İsmayıl bəy şkafa uzanan əlini çəkdi, çevrilib arvadının yanına gəldi, çiyinlərini qucaqladı, nə isə 

demək istədi, amma demədi; ya söz tapmadı, ya da fikirləşdi ki, belə yaxşıdır.  

Otaqda var-gəl etməkdən yorulub, nəhayət, şkafa yaxınlaşdı... 

Baş küçəni gəzib qayıdacaq. Bəlkə, kiməsə rast gəldi, bəlkə, dostlardan birinə qonaq getdi? 

Evin qabağında tənbəl-tənbəl gəzişən nəzarətçilərin yanından keçib, mərkəzə sarı addımladı. 

Küçə dünənki kimi bomboş idi. Uzaqda iki-bir, üç-bir toplaşan əsgərlər gözə dəyirdi. Küçənin 

çaya çıxan sonuna gəlib çatanda, geri boylandı və ürəyinə dolan narahatlıqdan təəccübləndi, 

evlərinin yanında bir dəstə adam toplaşmışdı. Aralarında biri atamı göstərib, nəsə deyirdi. Hiss 

olunmadan addımlarını sürətləndirdi. Onlara mən lazımamsa, bura gələcəklər, yox, əgər mənim 

gözümə görünüblərsə, şükür Allaha... 

Bir az toxtadı, elə bu vaxt, üfüqün tünd qırmızı rəngini görüb heyran oldu. Sərinləmişdi, amma 

ona elə gəldi ki, havanın soyuğu deyil bu. Xoşagəlməz fikirləri özündən uzaqlaşdırmağa 

çalışaraq, gürcü restoranını, onu bir işarədən başa düşən Sulikonu, subaylığını, dostlarını 

xatırladı. Tələsən yeri yox idi, ürəyinə dammışdı ki, evin yanında onu xoşagəlməz nəsə gözləyir. 

Çox adam ürəyə dammaya, öncəgörməyə inanmır. Mən inanıram. Dəfələrlə olub ki, məsələn, elə 

bil kimsə mənə pıçıldayır ki, bu gün mən nəşriyyata, ya harasa başqa yerə getməməliyəm keçib 

fikrimdən. İstəyirsiz inanın, istəyirsiniz yox, bu ürəyədamma məni heç vaxt aldatmayıb. 

Əlamətlər də eləcə... 

Qayıdaq atamın yanına. Ara küçələri dolaşa-dolaşa nə isə bir zəiflik hiss etdi, ayaqları sözünə 

baxmırdı. Qarşısına çıxan ilk skamyaya oturdu, siqaret çəkdi, özünü ələ almağa çalışdı. Birdən 

yadına bu yaxınlarda gürcü restoranının yanında rast gəldiyi tanımadığı adamla söhbəti düşdü. 

Sonra hiss etdi ki, bu söhbətin Suliko əhvalatına dəxli var... 

 

Məsələ bundadır ki, hiyləgər Manuk Gəncədə məhz gürcü restoranı açmağı boşuna 



fikirləşməmişdi, Samveli Şalvaya, Sureni Sulikoya məzələnmək üçün çevirməmişdi... Bir də 

burada haqq-hesab boşalmış butulkalara görə aparılırdı. Kabab, mer-meyvə, tabaka... o vaxt 

bunlar qəpik-quruş eləyirdi. Əsas şərabdı - əsl gürcü şərabı - katel, sinandali, xvançkara. Daimi 

müştərilərini təzə-təzə adlarla təəccübləndirən Manuk bundan xüsusi zövq alırdı. Az qala hər ay 

eyni mənzərə təkrarlanırdı.  

- Təzə nəyin var, Suliko? 

- O, bəy... 

- Uzatma görək.  

- Al qırmızı, tünd raçinskoye şərabı... təzə maldır... 

- Gətir, Suliko, gətir! 

Gələn dəfə "kindzmarauli", sonra "axmeta"... 

O gün də gözəl yay axşamı idi. Eyvandakı stol arxasında gözəl bir kampaniya yığışmışdı. 

Gəncəlilərdi, iki nəfərisə Bakıdan gəlmişdi. Xeyli sağlıq deyilmiş, xeyli şərab, Moskva arağı, 

məxsusi evdə hazırlanmış şustovski konyakı içilmişdi... Manuk bir sürpriz də hazırlamışdı; saat 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

514 


ona yaxın təsadüfi müştərilər gedəndən sonra birdən elan elədi ki, hörmətli cənablar, indisə, 

sizinçün məşhur gürcü müğənnisi madmuazel T. oxuyacaq... 

Bəli, madmuazel T. peyda oldu. Pianonun müşayiəti ilə dəbdə olan mahnılardan birini oxudu. 

Yer-yerdən alqış səsləri ucaldı, Mahmud ağa stulları itələyə-itələyə estradaya tərəf cumub 

madmuazel T...-nin ağ əllərini öpməyə başladı. 

Mahnının təsirindənmi, içkidənmi, Bakıdan gələnlərdən biri stoldan boş butulkanı götürüb, çaya 

tulladı. Kimsə əl çaldı, qonaq bundan ruhlanıb ikinci şüşəni də birincinin yanına göndərdi. Daha 

heç kəs əl çalmadı; hamı restoranın qayda-qanununa bələd idi. Qonaq tutulub günahkar-

günahkar yoldaşlarına baxdı. Gəncəlilərdən biri də vəziyyəti düzəltmək məqsədilə çaya butulka 

tolazladı... Qonağa deməyəcəkdilər ki, Manuk haqq-hesabı butulkaların sayına görə çəkir. 

Qısası, restoranda qoyulmuş qayda pozulmuşdu. Elə bu vaxt madmuazel T.-yə başı qarışan 

Mahmud ağa qayıtdı və məclis qızışdı... Hər sağlıq deyiləndə o, qalxıb müğənniyə yaxınlaşır, 

təzim edir, gözü onda, rumkanı başına çəkirdi...  

...Bir azdan Mahmud ağa ucadan Sulikonu çağırıb haqq-hesabı istədi. Nə qədər sərxoş olsa da, 

Mahmud ağa hesab kağızına baxıb dedi: 

- Suliko, çaşmısan, bir də say... 

- Bəy, siz çaya atılan butulkaları saymadınız? 

- Dəli olmusan, Suliko? Sən bizi nə hesab eləmisən?  

Və yağlı bir söyüş söydü. 

- Bəy, dostlarınızdan soruşa bilərsiniz, qaldı ki, söyüşə, mən onu sizin özünüzə qaytarıram! 

Aləm dəydi bir-birinə... Stullar uçdu, kimsə stolu aşırdı. Mahmud ağanın əlində brauninq peyda 

oldu. İki-üç saniyə çəkən bu anda İsmayıl bəy yerindən sıçrayıb Sulikonun qarşısını kəsdi, eyni 

vaxtda sağ əlini Mahmud ağanın çiyninə qoydu, sol ovcunu guya təsadüfən pistoletin üstünə 

gətirdi. Gözünü qan tutmuş Mahmud ağanı özünə tərəf çəkib, qulağına nəsə pıçıldadı və 

Mahmud ağanın ölü üzü kimi ağarmış sifəti bir anda qızardı, dodaqları təbəssümlə aralandı. 

Brauninq onun sağ əlindən İsmayıl bəyin sol əlinə keçdi, İsmayıl bəy Mahmud ağanı qapı tərəfə 

döndərib, dostyana küçəyə itələdi... 

Bir həftə sonra kampaniya yenə restoranda yığışanda İsmayıl bəy Mahmud ağanın icazəsi ilə 

"sirri" açdı: 

- Mahmud ağaya dedim ki, madmuazel T. küçədə onu gözləyir. Mahmud ağa, axı, onu 

mehmanxanaya ötürməyə söz vermişdi... 

O gecə Mahmud ağanı küçəyə çıxarandan sonra atam Sulikonu zalın bir küncünə çəkərək, cibinə 

pul basıb, üzr istəmişdi: 

- Ürəyinə salma, Suliko, anlaşılmazlıq oldu. İçgili adamdı, sözdü, ağzından...  

Sonra Mahmud ağa özünə gəlincə, İsmayıl bəy hamını küçəyə çıxardı. Qonaqlar faytonlara 

minib dağılışandan sonra, onu gözləyən faytona oturub dərindən nəfəs aldı. Qonaqların arasında 

hamıdan az içəni o olmuşdu, elə bil hiss etmişdi ki, məclisdə nə baş verəcək. Axı, Mahmud ağa 

tapançanı rəqibini yalnız qorxutmaqçün çıxarmazdı. Suliko da qabağından yeməyən oğlandı... 

Bəlkə də Manuk elə buna görə yalvarıb-yaxarıb onu Moskvadan, ya Peterburqdan Gəncəyə 

gəlməyə razı salmışdı.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

515 


İndi, üstündən neçə illər keçəndən sonra, bu hadisəni niyə xatırladı, özü də bilmədi. Qalxıb 

yavaş-yavaş evə tərəf getməyə başladı. Ürəyi nədənsə yenə də sıxıldı. Günəş qüruba enmişdi, 

amma hava qaralmamışdı. Kəsə yolla küçələrinə çatdı... Uzaqdan qapının yanında duran bir 

dəstə adamı gördü: biri əl-qolunu ölçə-ölçə nəsə danışır, qalanları qulaq asırdı. Dəstədəkilərdən 

biri atamı görüb sevinclə qışqırdı, qalanları da dönüb baxdılar.  

Bu adamları tanımasaydı, fikir verməzdi, qapını açıb sakitcə keçərdi içəri. Amma əmisi oğlunun 

təklif etdiyi işə qol qoyanı, çox şeyi ayırd etməyə başlamışdı. Ona görə də yüz addımlığında 

durmuş bu adamların niyyətini göydə tutmuşdu. Odur ki, heç nə olmamış kimi, əsasını oynada-

oynada yoluna davam etdi. Qaçası deyildi ki... Qapıdakılar iki-bir, iki-iki dağılışdılar, guya onu 

görmürlər.  

- Yəni mən yanılmışam? - fikirləşə-fikirləşə adətkar tərzdə qapını itələdi, elə bu vaxt çiyninə ağır 

əl qondu.  

- İsmayıl bəy, kak raz, o tərəfə! 

Bu səs ona tanışdı, amma harda eşitmişdi, xatırlamırdı.  

- Niyə o tərəfə? Bura kak raz mənim evimdir, sonra da, mən heç nə eləməmişəm, kimisə 

incitməmişəm, elə deyilmi? 

- Nə danışırsız, hər şey yaxşıdır. Mən yoldaşlara deyirdim ki, kak raz... 

İsmayıl bəy daha heç nə eşitmədi... Hə, yadına düşdü... İl yarım, iki il əvvəl bu adamı küçədə, 

evinin yanında görmüşdü.  

Əlində xurcun, əncir ağacına söykənmişdi, xurcundan da baltasının ucu görünürdü. Gözünü elə 

zilləmişdi ki, İsmayıl bəy istər-istəməz ayaq saxlayıb soruşmuşdu:  

- Nə olub, oğlan? Bəlkə, bir kömək-zad lazımdır? 

- Yox, ağa, kak raz kömək lazım deyil, - o bu sözləri rusca dedi, qalanını azərbaycanca. - 

Görürəm, qapınıza odun gətiriblər, kak raz doğramaq lazımdısa mən hazır... 

- Nə deyirəm. 

Bu əhvalatı xatırlayıb, nədənsə rahat oldu, gözünün ucuyla keçmiş odundoğrayana baxdı.  

Onu Həsən ağanın zirzəmisinə apardılar. İki nəfər yanında, bir nəfər qabağında... Allaha şükür, 

yaxşı ki, öz zirzəmisinə salmadılar. Sabah bütün Gəncənin dilinə düşərdi: "Eşitmisən? İsmayıl 

bəy yatır. Harda? Öz zirzəmisində". 

Məsti belə fikirləşməzdi, əksinə, deyərdi ki, yenə öz evindir, evdən arxayın olarsan, evdə 

bişəndən, məsələn, dolmadan, pitidən yeyərsən... Piti də, Məstiyə görə, mütləq üçyaşar qoyunun 

döş ətindən olmalıydı. Tapşırardı duzlamasınlar, duzu ayrıca, soğan-sumaxla versinlər. Məşədi 

Qulamın lavaşı da yanında.  

Zirzəmilərin torpaq döşəməsi, dəmir barmaqlıqlı kiçik pəncərələri olardı. Necə deyərlər, işini 

ehtiyatlı tut, qonşunu oğru bilmə.  

İnsafən, şəhər rəhbərliyi təkcə Həsən ağanın zirzəmisini məhbəs eləməmişdi. Qapısından 

ikifuntluq qıfıl asılmış çoxlu zirzəmi vardı. İçəriyə də əl gəzdirilirdi, yonulmamış taxtalardan 

düzəldilmiş taxtda yatmaq rahatdı. Üstəlik nəzarətçilərin rəisi insaflı adamdısa, evdən yatacaq 

gətirməyə də imkan verirdi. İllər keçdikcə, həbsxana qaydaları sərtləşdirildi, düşmənlər daha 

ziyankar oldu.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

516 


Hündür, kürən oğlanın adı Nəsir idi. Nəsir zirzəminin ağzında keşik çəkən əsgərdən açarı alıb 

qapını açdı, İsmayıl bəyi içəri ötürüb, eyni qayda ilə tələsmədən arxadan qapını qıfılladı, açarı 

əsgərə qaytarıb getdi.  

Gözü içəriyə öyrəşənəcən İsmayıl bəy bir xeyli kandarda durub qaldı. Elə bu vaxt küncdən kimsə 

onu çağırdı.  

- İsmayıl bəy, sənsən? Gəl, gəl, burda yer var. - Bu, Kazım bəy idi.  

Kazım bəy anamın - İsmayıl bəyin arvadının dayısı idi. Onlar da ana tərəfdən 

Azadxanovlardandı. 

Özünə hörmət edən gəncəli heç bir şəraitdə əsas mövzudan başlamazdı söhbətə. Kazım bəy də 

əsl gəncəliydi.  

- Sənə ağıl vermək fikrində deyiləm, şükür Allaha, özün hamımızdan ağıllısan, həm də götür-qoy 

eləməyə xeyli vaxtın olacaq. Bircə onu deyim ki, bu xəmir çox su aparacaq. Soruşma necə

amma bizi çox ciddi sınaqlar gözləyir. Deyəsən, elə-belə əl çəkən deyillər bizdən. Tutublarsa, 

nəsə fikirləri var.  

Kazım bəy taxtın küncünə çəkilib, sandıqçada nəsə axtarmağa başladı, sonra süfrə sərdi, ortaya 

pendir-çörək, göyərti qoydu.  

- Qohum, yaxın otur, məncə, iyrənməzsən...  

İsmayıl bəyin iştahı olmasa da, yox demədi. Alçaq boylu, ilk baxışda cansız (diqqətlə baxanda 

əməlli-başlı enlikürək olduğu görünürdü), boyuna görə uzun əlləri olan 40 yaşlı Kazım bəy 

haqqında Gəncədə əfsanələr dolaşırdı, soyuqqanlı, iradəli, bir qədər də tərs adamdı.  

Anam narahat olmağa başlamışdı. Yarım saat əvvəl qonşunun oğlu İsmayıl bəyin gəldiyini, 

qapıdan girdiyini xəbər vermişdi: 

- İsmayıl dayı idi, əlində də əsası, mən səhv eləmirəm. 

Qonşudan su gətirməyə gedən anamın (əslində, ərinin gəlib-gəlmədiyini bilmək üçün çıxmışdı) 

yadından su çıxdı, tələsik Həsən ağagilə keçdi. 

Pilləkənə çatmamış Həsən ağa arxa otaqdan çıxdı: 

- İsmayıla nə olub? - səsindən hiss olunacaq dərəcədə həyəcanlı olduğu bilinirdi. - Nə olub 

İsmayıla? 

- Özüm də bilmirəm, nahardan sonra evdən çıxdı, dedi tez qayıdacağam, elə bir işi də yox idi. Bu 

vaxtacan gəlib çıxmayıb. Qonşunun oğlu deyir ki, İsmayılı həyətə girən görüb, alaqapıdan keçib.  

- Qapıda gözətçilər durub axı, onlar heç nə deməyiblər? 

- Bilmirəm, ancaq oğlan deyir, gözətçilərdən biri İsmayılın arxasınca keçib içəri. Ancaq...  

- Ancaq nə? 

Həsən ağa bir xeyli dinmədi. Eşitdikləri ona ağır gəlirdi. Birdən ayağını yerə vurub dedi: 

- Burdadır, o, burdadır. 

Həsən ağa qardaşının həbsinin səbəbini başa düşürdü. Ruslar gələn gündən gözləyirdi ki, 

qohumunun dilinə aldanıb təzə hökumətə işləməyə razı olmuş qardaşını bu gündə-sabahda elə 

belə aqibət gözləyir.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

517 


Milli hökumət yaradılması ilə işi yoxdu, onların bəzilərini şəxsən tanıyırdı, bəzilərinə sadəcə 

hörmət edirdi; onlardan bir pis söz də eşitməmişdi.  

Qardaşını da qınamırdı. Ancaq altıncı bir hiss, sövq-təbii, ona deyirdi ki, heç də hər şey yaxşı 

deyil. Amma bircə dəfə deyinmişdi: belə ciddi bir məsələdə tələsmək nəyə lazım? Min illərdi 

adamlar bir qanunla yaşayıblar. İndi birdən-birə dəyişməlidirlər? Yox, hər halda, belə olmaz.  

Həsən ağa bu fikirləri ucadan səsləndirmirdi, ürəyində götür-qoy edirdi, adətinə rəğmən. Səhv də 

eləmədi. Hər halda, onun bəxti az-çox gətirdi. Qocalanacan yaşadı, öz evində öldü, dədə-

babalarının uyuduğu yerdə - Azadxanovların sərdabəsində dəfn olundu.  

Əlbəttə, onun da çətinlikləri oldu, boş bir şeyin üstündə həbsdə yatdı, çıxandan sonra yaxınlarına 

demişdi ki, qardaşına görəydi bu. Bir dəfə də sürgün ağzından qayıtdı. Daha doğrusu, Sibir 

sürgününə göndərilməkçün ailəsiylə birgə paraxoda mindiriləndə, dirəndi, hay-küy saldı, iş 

böyüyüb lap yüksək çinlilərin yanına çıxdı, hər halda, Azərbaycanın dağ rayonlarından birinə 

dəyişdirilə bildi... Bunlar sonralar olacaqdı. Hələliksə... eyvanda durub qardaşını necə xilas 

etməyin yollarını fikirləşirdi. 

- Deyirdim axı, qarışmaq lazım deyil bu işə... Nə çox dünyada dinc işlər?! 

Haqlıydı. İsmayıl bəy hökumət rəhbərliyində mühüm post tutan qohumlarıyla görüşünü ona 

danışmışdı. Həsən ağa məsləhət görmüşdü ki, qarışmasın bu işlərə. İsmayıl bəysə hesab edirdi ki, 

insan yalnız özünün salamatlığını düşünməz, xalqının taleyüklü məsələlərində yaxasını kənara 

çəkmək yaramaz. Qardaşına da elə belə demişdi. Onun cavabı çox qısa və aydın olmuşdu:  

- Bəlkə də sən haqlısan, ancaq başa düşürsən, mən ona bütün bunları deyə bilməzdim. Məni düz 

başa düşməzdi.  

- Nə deyirəm, necə bilirsən elə elə... ancaq ürəyim mənə deyir ki, batacaqsan sən, Kəblə 

Zeynalın pulları da batacaq... 

Həsən ağanın peyğəmbərcəsinə dediyi sözlər düz çıxdı; o, qardaşının taleyini əvvəlcədən 

söyləyirmiş.  

İndi bunların yeri deyildi, əvvəl bilmək lazımdı ki, qardaşını nədə günahlandırırlar, 

hökumətdəkilərin fikri nədir. Bununçün lazımi adamları tapdı, sabahı gün axşama yaxın 

qardaşına yemək aparmağa icazə ala bildi. Anam 15 nəfəri doyuracaq dolma tədarükü gördü. 

Nişastalı süfrəyə bükdüyü bağlamanı Əhədə verdi.  

Dinməz-söyləməz bağlamanı alan Əhəd həyətin bir küncündəki hücrədə oturmuş türmə rəisinin 

yanına getdi. Bağlamanı diqqətlə yoxlayan rəis azərbaycanca danışsa da, başqa millətdəndi, 

ancaq nə millətdi, bilinmirdi.  

Günlər keçir, təzə bir xəbər gəlmirdi, Əhəd hər səhər böyük qardaşının dükanına gedir, bazarlıq 

edib anama verir, o da eyni qayda ilə hazırlıq görürdü.  

Atamsa, taleyin bu oyununa tez alışdı. Yoxsa o, İsmayıl bəy olmazdı ki... Onu bütün Gəncə belə 

tanıyırdı - xeyirxah, səxavətli, açıqürəkli, dostluğa sadiq. Sabahını düşünməzdi, qara günə pul 

saxlamaz, bu günlə yaşayardı. Qəribədir ki, onunku gətirirdi. Bəzən bir aya əməlli-başlı qazanır, 

biz burda iynəylə gor qazırıq, sağlığına qismət olsun e, istəməyənin gözü çıxsın e... Ancaq bu 

Allah niyə belə eləyir, görəsən? Elə burda da, qardaşının zirzəmisində də, günü yaxşı keçirdi.  

Bir gün Məsti bizə gəldi. Dolu zənbili eyvanın bir küncünə qoyub evə keçdi. Anam zənbili 

mətbəxə aparıb qayıtdı. Divanda bardaş qurub oturan əmim tələsmədən anama hesabat verdi; 

işlər nə yerdədir, bazarda nəyi neçəyə alıb, bundan sonra çay istədi... 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

518 


On dəqiqə sonra çay süfrəsi hazır oldu. Əmim gəlib stolun arxasında əyləşdi. Stəkanı qabağına 

çəkdi, amma içmədi.  

- Həsən ağa bir şey eləyə bilmədi. Allah da şahiddir ki, o, əlindən gələni eləyib. Ancaq yenə də 

bir əməlli-başlı xəbər yoxdur. Odur ki, biz Həsən ağa ilə qərara gəldik ki, sən burdan getməlisən, 

əlbəttə, müvəqqəti, özü də nə qədər tez getsən, bir o qədər yaxşıdır. Həsən deyir o, bu 

adamlardan bəzi şeylər öyrənə bilib, - özün bilirsən kimləri deyirəm. Hər iki nəfərdən birini, 

hələlik kişiləri, tuturlar. Ələlxüsus da sağlam cavanları. Deyir, sonra var-dövlətlərini də alacaqlar 

və elə indidən başlayıblar da. Özü də, gecə gəlirlər ki, hay-küy olmasın. Sən də elə 

vəziyyətdəsən ki... - əmim bic-bic gülümsədi, - nə isə, vaxt itirmə, hazırlaş... ÇK-nın gözü 

qabağında çarpayı, kamod, divan - böyük şeyləri aparmaq olmaz. Bir hamam boxçasına sığacaq 

qədər şey-şüy götür. Allah Ağabəyin balalarını saxlasın, sənə hər şey verib... Sən ən qiymətli 

şeyləri götür, bir-iki dəst yorğan-döşək, özünə pal-paltar-filan. 

- Bəs?.. 

Əmim anamı başa düşdü, ümidsizcəsinə əlini yellədi.  

- Hə... ərin bizi yaman işə salıb... birinci dəfə deyil, ancaq indi bilmirik neyləyək... Sən bilirsən, 

mənimki dükandı, hökumət işlərini Həsən yaxşı bilir, məktəbini də oxuyub. Həsən İsmayılın 

işinə görə böyüklərdən kiminləsə də görüşüb, İsrafilin də yanında olub... Tutaq ki, İsmayılın nə 

isə bir günahı var, sən ki, onun baldızına evlənəcəksən?!. Bütün Gəncə bilir bunu. Həsən deyir, 

kaş getməyəydim... Özünü hinduşka kimi çəkib oturub, ağız-burnunu əyir, od olmasa tüstü 

çıxmaz, boş yerə adam tutmurlar... Xalq düşmənlərinə qulluq niyə eliyirdi?  

Həsən də dözməyib, sən yaxşı tanıyırsan ki, onu, kürən İsrafilə deyib: "Qohum - qohum deyib e, 

gülümsüyüb də üzünə yumşaq-yumşaq. Hələ məlum deyil, biz qohum olacağıqmı, Ağabəy sənə 

qız verəcəkmi?.. 

- İsmayıl haradan bileydi ki, özlərini demokrat adlandıran bu adamlar onun düşməniydi. Qohum, 

sən Allah incimə, Gürcüstanda, Ermənistanda da həmin hökumət qurulmuşdu, yəni onlar bizdən 

axmaqdılar? Bir yandan da, hökumətsiz iş olar? Çarı devirdilər, yerinə gələnlərin başı özlərinə 

qarışdı. Biz də, bir növ, özbaşına qaldıq. Bu təzələrə çox da inanmayan mən də Xudadat bəy, 

Məmmədəmin, Fətəli xan, Nəsib bəy, nəhayət, əmioğlu Nağı bəy haqqında necə pis fikirləşə 

bilərdim? İndi sən deyirsənsə ki, onlar xalq düşməniydilər, mən şübhə eləmirəm buna, sən yaxşı 

bilərsən, ancaq bu gündən bizi ittiham edin.  

Başa düşdüm. Nə deyirsən de, bu Həsənin başı işləyir. Elə bilirsən, o tip İsmayılın həbsinə görə 

üzr istəyib, söz verib ki, gecikmədən onun buraxılmasına çalışacaq? Ay-hay. O elə hinduşka 

kimi dartıb özünü, oturub dediyini deyib: bütün bəylər, burjuylar xalqın düşmənidir. Həsən deyir 

ki, deməyə söz tapmadım. Belə - belə işlər. Vaxt azdı, sən yığış, ev-eşikdən nigaran olma. 

Qapıya qıfıl asacam. Qapısı bağlı evə soxulmayacaqlar ki... 

Məsti evə bir də göz gəzdirib çıxan kimi, anam oturub xeyli səssiz-səmirsiz ağladı. 

Qırmızı ağacdan olan divar saatı səslənməsəydi, bəlkə, axşamacan belə oturardı; saat 2-də Əhəd 

yemək aparmağa gələcəkdi. 

 

İsmayıl bəysə bu vaxt Kazım bəylə taxtda oturub onun söhbətinə qulaq asırdı.  



- Keçən il Bakıya getmişdim, hökumət Gəncədən təzə köçmüşdü. Hacı Zeynalabdinin toxuculuq 

fabrikində işim vardı. Lazımi adamlarla görüşüb danışdım, işimi qurtardım. Qapıdan çıxanda 

yadıma düşdü ki, səhərdən acam, qatardan düşən kimi fayton tutub bura gəlmişdim. Yaxınlıqda 

yeməkxana vardı, abırlı yerə oxşayırdı; təmiz, dadlı yemək ətri gəlirdi, nə bilim, bəlkə, ac idim 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

519 


deyə mənə elə gəldi? Nə isə, cız-bız sifariş verib əyləşdim. Gördüm, qonşu stolda siyasət söhbəti 

gedir. Maraq mənə güc gəldi, yaxınlaşdım bunlara, icazə alıb oturdum. Məlum oldu ki, 

kişilərdən biri mühəndisdimi, mühasibdimi, işlə bağlı iki həftəliyə Moskvada olub. Biz səninlə 

bilirdik ki, fabrik-zavodları sahibkardan alırdılar, ancaq torpağı alıb kəndliyə paylamaq... Mən 

başa düşmürdüm, daha doğrusu, haqq qazandırmırdım. Bu ki, əsl soyğunçuluqdu. Deyək ki, 

adam xirtdəyəcən borca girib, fabrik alıb, ya tikib, özgələri gəlib deyirlər ki, sən bu fabriki 

verməlisən, bunlar oğurluq pulla alınıb. Adam əlini sinəsinə qoyub Allaha and içir, Qurana əl 

basır ki, ömründə oğurluq eləməyib, zəhmətlə qazanıb... Sırtıqcasına dirənirlər ki, dəxli yoxdur, 

sən istismarçısan... 

Kazım bəy hirsini boğmaq üçün bir qədər susdu: - Sən demə, indi Rusiyada tacirləri də 

qolçomaq və oğru elan ediblər. Mən lap başımı itirmişəm, yaxşı, tutaq ki, sahibkar fəhləni 

istismar edib, əvəzində qəpik-quruş verir, hərçənd belə deyil. Torpağı da mülkədardan aldılar. 

Torpaq onu sevən, əkib-becərənin əlində olmalıdır. Bəs bu tacir niyə oğru-əclaf olur? Yəni o, 

özü-özünün düşmənidir? Ömür boyu tacirləri soyublar. Bu qədər yaşamışam, hələ eşitməmişəm 

ki, bir tacir hardasa soyğunçuluq edib. İndi belə çıxır ki, ömründə bir toyuq başı kəsməyən Məsti 

- sənin qardaşın - kimisə soya bilər? Yaxşı-yaxşı, incimə, zarafat elədim. 

Belə deyib Kazım bəy o yan-bu yana baxdı, yerindən sürüşüb durdu, yaxınlaşıb qapını döydü. 

Gözətçi onu çölə buraxdı. İsmayıl bəy hiss etdi ki, nəzarətçilər ancaq ona inanırlar; bütün Gəncə 

onu sözünün ağası kimi tanıyırdı; bir söz dedi, kiməsə nəsə vəd elədi, qurtardı-getdi. 

Beş-on dəqiqə sonra Kazım bəy içəri girdi, yerini rahatlayıb söhbətinə davam etdi.  

- Onlar yəni ticarətsiz ötüşməyi düşünürlər? İsmayıl bəy, düzünü deyim, onlar məni də pis 

vəziyyətlə qoyublar. Necə? Tutaq ki, kəndli mülkədarsız keçindi, fəhlələr də sahibkarsız 

işlədilər. Tacirsiz mal özü bir şəhərdən o birinə, özü də hara lazımdır ora gedə bilər, yüz il qala 

inanmaram. Tutaq ki, Hacının fabriki öz-özünə işlədi, anbarlar doldu, bəs biz bu çiti necə 

satacağıq? Hər fəhləyə bir rulon parça verdilər ki, ətə-yağa dəyişsin... 

İsmayıl bəy nəsə demək istədi, ancaq kəmhövsələ Kazım bəy əlini yellədi: 

- Bilirəm, bilirəm... Savadlı adamsan, ancaq yadda saxla, İsmayıl, hər halda onlar tacirləri nahaq 

ləğv edirlər, peşman olacaqlar, inan mənə. Kim öz xeyrinə çalışmır? Tacir də elə. Ancaq çoxuna 

elə gəlir ki, tacir yağ-bal içində üzür. Ya da taciri çəkəndə yekə qarnını piy basmış təsvir 

eləyirlər. Biri elə mənim qohumum, sənin qaynın Ağabəy, onun harası piylənib? Ayağı yanan it 

kimi, qulağından uzaq... 

Kazım bəy yenə xəyala daldı, bir azdan üzünü divara çevirib yatdı.  

Bayırda isə hər şey öz axarı ilə gedirdi. Məsti bir həftədən sonra yenə qardaşıgilə gəldi, anamı 

səslədi, həyətdən soruşdu ki, nə qərara gəlib? 

Anam dedi ki, o necə deyibsə elə, hər şey hazırdır. Qaynı yaxınlaşıb pıçıltıyla dedi ki, sabah, 

uzağı birigün yola düşürlər. Narahat olmasın, tək getməyəcək, böyük bacısı, bir də kimsə onunla 

olacaq...  

- Yorğan-döşək hazırladın? Lap yaxşı. Yemək-içmək tədarükü mənlikdir. Bacın da, Allah 

balalarını saxlasın, biş-düşə ustadır, ehtiyatsız yola çıxan deyil.  

Bu söhbətdən beş gün sonra sübh tezdən evimizin qarşısında iki araba, gəncəlilər demiş, iki 

arava dayandı. Xoşbəxtlikdən eşikdə heç kəs gözə dəymirdi. Əmimin zirzəmisində hər şey 

qaydasında olduğundan, silahlı nəzarəti götürmüşdülər. Deyəsən, başa düşmüşdülər ki, içəriyə 

saldıqları ciddi, dava-dalaşdan uzaq adamlardı. Arabanı döşədilər, az sonra yol paltarında olan 

anam, əlində bağlama, çıxdı. Məsti əmi bir-bir qabları yerbəyer elədi, hər şeyin qaydasında 


1   ...   88   89   90   91   92   93   94   95   ...   115


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə